USTAD AŞIQ MAHMUD MƏMMƏDOV (1935– 2020)

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad aşıq,  prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Mahmud Qasım oğlu Məmmədov  vəfat etmişdir.  Mahmud Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur. O, 1948-ci ildə ailəsi ilə birgə Tovuz rayonuna köçmüşdür.  Ustad Aşıq İmran Həsənov 1950-ci ildə onun zil səsini, saza  həvəsini nəzərə alıb yanına şagird götürmüşdür. Tovuzda aşıq sənətinin sirlərini ustadın yanında mənimsəmiş, bir sənətkar kimi formalaşmışdır. Ayrı-ayrı bölgələrdə məclislər aparmış, istedadlı aşıq kimi tanınmışdır. Rayon və respublika səviyyəli tədbirlərdə iştirak etmiş, müxtəlif müsabiqə və festivalların qalibi olmuşdur. Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975).

MAYİS GƏNCƏLİ (1947-2020)

Azərbayçan aşıq sənətinə ağır itki üz vermişdir.Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Mayis İsrail oğlu Sadıqov (Gəncəli) 73 yaşında qəflətən vəfat etmişdir.
Mayis Gəncəli Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir.O, 1962-ci ildə ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında “Xəstə Qasım”, “Qurbani”, “Abbas və Gülgəz”,”Tahir və Zöhrə”,”Valeh və Zərnigar”, “Koroğlu” dastanları mühüm yer tuturdu. Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cuma və Növrəs İmanın müəmma dolu şeirlərinin dərin bilicisi idi. Şaqraq və zil oxu manerası ilə secilirdi. Koroğlu havalarının dərin bilicisi və ustad ifaçısı idi.

“AŞIQ GÖZƏLLƏMƏLƏRİ”

Azərbaycan Aşıqlar Birliyində  “Aşıq gözəlləmələri”  (Bakı, 2020, 423s.) kitabı nəfis ərtibatla nəşr olunmuşdur.

Antalogiyada  ozan-aşıq poeziyasının mühüm qolunu təşkil edən gözəlləmələrin geniş oxucu auditoriyasına təqdim olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə Dədə Qorquddan üzü bəri gələn ustad sənətkarlarımızın yaradıcılığındakı  çeşidli gözəlləmə örnəkləri toplanıb bir araya gətirilmişdir. Kitabda  altmış iki aşığın və iyirmi altı el şairinin gözəlləmələri cəmləşmişdir.Bundan başqa on məhəbbət dastanından da  uyğun gözəlləmələr təqdim olunmuşdur. Gözəlləmə havaları üstündə oxunan bu nümunələr ulularımızın gözəllik təsəvvürlərini, əxlaq və mənəviyyat zənginliyini, saz-söz sinəsində daşınıb gələn bədii-estetik dəyərləri aydınlaşdırmaq baxımından mükəmməl poetik sərvətdir. Topluda ustad aşıqların yaratdığı gözəlləmələrlə yanaşı, dastanlardan, el şairlərinin yaradıcılığından seçilmiş poetik örnəklərə də yer verilmişdir.

“OZAN-AŞIQ ENSİKLOPEDİYASI”

Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən böyük və gərəkli işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Zəngin xalq yaradıcılığı, əzəmətli memarlıq tikililəri, cahanşümul dövlətçilik ənənələri, folkloru, tarixi, məişəti, ədəbiyyatı, musiqisi,  dili bunun danılmaz göstəricisidir. Çağdaş mərhələdə Azərbaycan dövlətinin yeritdiyi siyasət məhz bu zənginliyin dünyaya təqdim olunması məqsədini də daşıyır. Beynəlxalq səviyyədə keçirilən simpozium və konfranslar, müxtəlif səpkili sərgilərin təşkili, arxeoloji qazıntıların aparılması, folklor və etnoqrafik mədəniyyətin ayrı-ayrı nailiyyətlərinin təqdimi və s. bunun nümunəsidir. “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri (Bakı, Gənclik, 2019, 2020) də həmin böyük və gərəkli işlərin davamı kimi mükəmməl təsəvvür sərgiləyir. Azərbaycan Aşıqlar Birliyinin məqsədyönlü və həm də böyük əzmkarlıq fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin  - ozan-aşıq mədəniyyətinin geniş və dolğun təqdimatına  yönəldilmişdir.

Yeni kitab nəşrləri

“Məndən elə nə qaldı”

   Bu günlərdə “Elm və Təhsil” nəşriyyatında Babaxan Niyazlının (Babayev Babaxan İşıq oğlu) “Məndən elə nə qaldı” adlı şeirlər  kitabı  işıq  üzü  görüb. Azərbaycan Aşıqlar  Birliyinin  nəşri olan  kitabı  çapa  hazırlayan  Sarvan Kərimov, redaktoru Azərbaycan  Aşıqlar  Birliyinin  sədri, filologiya elmlər doktoru, professor, Əməkdar  elm  xadimi Məhərrəm Qasımlı, rəyçiləri  isə Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

Novruz Bayramınız mübarək!

Azərbaycan Aşıqlar Birliyi xalqımızı və saz-söz içtimaiyyətini yazın-Yeni günün gəlişi münasibəti ilə ürəkdən təbrik edir! Qoy qarşıdan gələn işıqlı, aydın yaz günləri hər kəsin gözünü-könlünü isitsin! Hamımıza müjdələr gətirən sağlam və xoş günlər ömrümüzü bəzəsin!

Aşıqlar Birliyi

Dəmir Vəliyev (1972-2020)

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir!

Xalq arasında Koroğlu aşığı kimi şöhrət tapmış Aşıq Dəmir Vəliyev sıralarımızı vaxtsız tərk etmişdir.

Zəngin repertuara malik aşıq Dəmir Vəliyev klassik saz havalarının və dastanların dərin bilicisi idi. Ustad İmran Həsənov ifaçılıq  məktəbinin layiqli davamçısı olan bu istedadlı aşıq Koroğlu havalarının da bənzərsiz ifaçılarından biri kimi taninirdı. Bir çox beynəlxalq festivalların diplomantı olan Dəmir Vəliyevin audio və video ifaları tele-radio fondunun qızıl arxivində yer almışdır.

OSMAN ƏHMƏDOĞLU (Dərviş)

(1948-2020)

Borçalı aşıq mühitinin tədqiqinə, təbliğinə və türk dünyasında tanıdılmasına böyük əmək sərf etmiş görkəmli aşıqşünas Osman Əhməd oğlu Əfəndiyev ömrünün 72-ci ilində dünyasını dəyişmişdir. O, “Dərviş Osman”, “Osman Əfəndi” və “Osman Əhmədoğlu” imzası ilə çoxsaylı kitab və məqalələr yazaraq Borçalı aşıqlığına üz ağardan tarixi xidmət göstərmişdir.

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

22 -dən səhifə 39