PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

USTAD AŞIQ HÜSEYN QOŞQARLI VƏFAT EDİB

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Aşıq sənətinin tanınmış nümayəndələrindən biri olan ustad aşıq Hüseyn Qoşqarlı – Hüseyn Hümbət oğlu İsmayılov 2019-cu il noyabrın 3-də vəfat edib.
Hüseyn Hümbət oğlu İsmayılov 1937-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. 1956-cı ildə həmin kənddəki orta məktəbi bitirib. 1957-1960-cı illərdə hərbi xidmətdə olub. 1973-1992-ci ilklərdə Daşkəsən rayon mədəniyyət şöbəsində birinci dərəcəli kinomexanik kimi fəaliyyət göstərib.

1950-ci ildən saz çalmağa başlayan Hüseyn Hümbət oğlu hansı sahədə çalışmasından asılı olmayaraq sazdan, sənətdən heç vaxt ayrılmayıb. Ustad aşıq kimi yaşadığı bölgədə və eləcə də respublika miqyasında keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirak edib, fəxri fərman və döş nişanları ilə təltif olunub.
O, həm də dastanlarımızın gözəl bilicisi kimi tanınırdı. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi “Xəstə Qasımın dastanı” (2018) və “Növrəs İmanın dastan-hekayəti” (2019) kitabları da onun təqdim etdiyi dastanlar əsasında hazırlanıb. Hüseyn Qoşqarlının ayrıca şeirlər kitabı da işıq üzü görüb.
Ustad aşıq kimi sənətdəki xidmətləri hər zaman yüksək dəyərləndirilən Hüseyn Qoşqarlı 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif olunub.
Ustad aşıq Hüseyn Qoşqarlının – Hüseyn Hümbət oğlu İsmayılovun əziz xatirəsi yaxınlarının, doğmalarının və sənət dostlarının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ