PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“OZAN-AŞIQ ENSİKLOPEDİYASI”

Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən böyük və gərəkli işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Zəngin xalq yaradıcılığı, əzəmətli memarlıq tikililəri, cahanşümul dövlətçilik ənənələri, folkloru, tarixi, məişəti, ədəbiyyatı, musiqisi,  dili bunun danılmaz göstəricisidir. Çağdaş mərhələdə Azərbaycan dövlətinin yeritdiyi siyasət məhz bu zənginliyin dünyaya təqdim olunması məqsədini də daşıyır. Beynəlxalq səviyyədə keçirilən simpozium və konfranslar, müxtəlif səpkili sərgilərin təşkili, arxeoloji qazıntıların aparılması, folklor və etnoqrafik mədəniyyətin ayrı-ayrı nailiyyətlərinin təqdimi və s. bunun nümunəsidir. “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri (Bakı, Gənclik, 2019, 2020) də həmin böyük və gərəkli işlərin davamı kimi mükəmməl təsəvvür sərgiləyir. Azərbaycan Aşıqlar Birliyinin məqsədyönlü və həm də böyük əzmkarlıq fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin  - ozan-aşıq mədəniyyətinin geniş və dolğun təqdimatına  yönəldilmişdir.

Bbilindiyi kimi, qüdrətli xalqlar böyük də mədiniyyətin yaradıcıları olurlar. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi eposları yaradan xalqın mənəvi zənginliyi, həyatını hansı ideallar üzərində kökləməsi tarix və mədəniyyət anlamında çox ciddi mətləblərə işıq tutur. “Kitabi-Dədə Qorqud dastanlarının 1300 illiyi ilə bağlı yubileyindəki tarixi çıxışında ulu öndər Heydər Əliyev (9 aprel 2000-ci il) vurğuladığı “biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik” tezisi konseptual olaraq elmi-nəzəri fikrin bu istiqamətə yönləndirilməsinin əsasını qoymuşdur.  O zamandan bu yana “Kitabi-Dədə Qorqud” və “Novruz”  ensiklopediyalarının hazırlanması, dövlət və hökumət səviyyəsində Novruz bayramının  keçirilməsi, müəyyənləşmiş strateji hədəflərin milli-mənəvi dəyərlərin qorunmasına köklənməsi humanitar siyasətin başlıca qayəsinə çevrilmişdir.

Bakıda “Dədə Qorqud” parkının, “Koroğlu” abidəsinin yaradılması və həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi çıxışları, I və II Beynəlxalq Aşıqlar Festivalının keçirilməsi, Beynəlxalq Muğam Mərkəzinin təşkili, Bakıda Milli Xalça Muzey-Mərkəzinin, Gədəbəydə Aşıq Musiqi məktəbinin açılması, Tovuzda Dövlət Aşıq Muzeyinin yaradılması və s.xalqımızın tarixinə və mədəniyyatinə sayğının nümunəsi olaraq həm də perspektivləri müəyyənləşdirir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanınm Əliyevanın  gördüyü əvəzsiz işlər, xalqımızın yaratdığı böyük mədəniyyət abidələrinin UNESKO-nun Qeyri maddi-mədəni irsi üzrə sənət şedevrləri siyahısına daxil edilməsi beynəlxalq arenada Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edir. Aşıq sənəti ilə bağlı görülən tədbirlər də bu sıradadır. Məsələn, Azərbaycan aşıq sənəti UNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısına (28 sentyabr – 2 oktyabr 2009-cu il) daxil edilmişdir.  Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkarların yaradıcılığı ilə bağlı gördüyü işlər, yubiley tədbirləri, çeşidli antoloji nəşrlərin hazırlanması, beynəlxalq səviyyəli tədbirlərin təşkili və s. məsələləri buraya əlavə etdikdə tarixi miqyasının mahiyyəti daha da aydınlaşmış olur.

“Ozan-aşıq ensiklopediyası” məhz bu mədəni-tarixi gedişatın  qanunauyğun nəticəsi olaraq ortaya çıxmışdır. Qədirşünaslıqla qeyd etnək lazımdır ki, 20019-cu ildə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin yaradıcılıq təşkilatlarına, o cümlədən də Aşıqlar Birliyinin fəaliyyətinə dəstək məqsədi ilə  ayırdığı vəsaitin  məyyən hissəsi hesabına hazırlanıb nəşr olunan “Ozan - aşıq ensiklopediyası”  dövlət qayğısına ləyaqətli bir cavabdır.  Azərbaycan Aşıqlar Birliyinin hazırladığı bu ensiklopediya böyük zəhmətin, həm də uzunmüddətli fəaliyyətin nəticəsi olaraq yaranmışdır. Zəngin elmi faktura ilə müəyyənləşən geniş əhatə dairəsinə malik ikicildlik əsərdə artıq əsaslı mənbə olaraq aşıq sənətinin tarixi, epos-dastan mədəniyyəti, musiqi və teatral istiqamətləri geniş yer alır.  Ozan-aşıq sənətinin mifoloji qaynaqları, onun ilkin elementləri, tarixi-mədəni axarı, qam-şaman mədəniyyəti, ozanlığa gəlişin ümumi axarı, türk şamançılığının yerinə yetirdiyi funksiya və s. ayrı-ayrı ocerklər şəklində ensiklopediyada özünə yer alır. Şamandan ozana transformasiyanın sənət və sənətkar baxımından sərgilədiyi məzmunun ənənə və özünəməxsusluq baxımından nələrlə əhatələnməsi, etnosun bədii-estetik, əxlaqi-mənəvi, dini-fəlsəfi təfəkkür hadisələrinin ozan-aşıq mədəniyyətində hansı səviyyədə təzahür etməsi ensiklopediyanın müxtəlif  oçerk-maddələrində sistemli şəkildə aydınlaşdırılır.

Ensiklopediyanın uğurlu alınmasında onun üzərində çalışan yaradıcı-elmi heyətin yüksək səviyyəli professional mütəxəssislər olması  mühüm rol oynamışdır. Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor M.Qasımlının baş redaktorluğu altında ortaya çıxan bu abidədə yaradıcı heyətin üzvləri professor M.Allahmanlı, professor İ.Köçərli, professor K.Dadaşzadənin əvəzsiz xidmətləri vardır. Onların zəngin biliyi, mənbələrə bələdliyi və həm də xalqın mənəvi mədəniyyətinə sonsuz sevgisi sayəsində belə bir işin ortaya çıxması reallaşmışdır. Onu da əlavə edək ki, bu cür işlər həmişə böyük kollektivlərin, institutların illərlə davam edən fəaliyyyətləri nəticəsində reallaşa bilir. Çünki hər hansı bir oçerkin ensiklopedik səviyyədə işlənməsi üçün  həmin mövzu ilə bağlı mənbələrin bir araya gətirilməsi və daha doğru olanın ortaya qoyulması bir prinsip olaraq əsas götürülür. Şifahi ənənəyə söykənən aşıq yaradıcılığı üçün isə bunun  çətinlikləri daha da artır. Söyləyici auditoriyasında mövcud olan çoxvariantlı bilgilərin, ustad repertuarında yer alan fərqli təqdimatların, elmi-nəzəri fikrin çeşidli qənaətlərinin (folklorşünasların, musiqişünasların, etnoqrafların, arxeoloqların, tarixçilərin, dilçilərin, aşıq yaradıcılığı tədqiqatçılarının  və s.) yaxın və fərqli yanaşmalarında  özünü göstərən müxtəliflik fonunda tarixi gerçəkliyi müəyyənləşdirmək o qədər də asan deyildir. Bütün bunlar məhz yaradıcı heyətin fakt və tarixi hadisələrə obyektiv yanaşması və mənbələrə dərindən bələdliyi sayəsində mümkün olmuşdur. Onu da əlavə edək ki, yaradıcı heyəti təmsil edənlər folklorşünaslıq, musiqişünaslıq sahəsində   Azərbaycan elminə, mədəniyyətinə təhfələr vermiş elmi simalardır.

Aşıq ədəbiyyatına məxsus poetik şeir biçimləri və çeşidləri ensiklopediyanın uyğun maddələrində elmi izahlarla oxucuya təqdim olunur. Ayrı-ayrı şeir biçimlərinin (gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) formal-texniki  qəlibləri ilə yanaşı, hansı saz havaları ilə uzlaşması məsələsi də təqdimatlarda diqqət önündə saxlanılır.   Türk xalqlarının zəngin şeir ənənəsi, xalq şeirinin ehtiva elədiyi məzmun və çalar rəngarənglikləri, həmin şeir biçimlərində tarixi-mədəni prosesin hansı səviyyədə gedişi, ozan söyləmələrindən, bayatıdan, gəraylıdan, qoşmadan, təcnisin çeşidli örnəklərinə, vücudnaməyə, cahannaməyə, müxəmməsə qədər olan çeşid müxtəlifliyini doğuran səbəblər üzərində aparılan tarixi-müqayisəli təhlillər də ensiklopediyanın diqqət çəkən məziyyətlərindəndir. Eləcə də qopuzdan üçtelli saza gəlişin tarixi-mədəni axarı, sonrakı mərhələlərdə sazın təkmilləşdirilməsi, pərdə və sim əlavələri, bu keyfiyyətlərin ifaçılıqda oynadığı rol da ensiklopediyanın səhifələrində öz dolğun əksini tapır. Xalq arasında qopuzun, sazın, ümumiyyətlə musiqi alətlərinin hazırlanması  ilə bağlı maraqlı söyləmələr, əhvalat və hekayətlər (özbək, türkmən, qırğız, qazax, kırım-tatar, kumık, Azərbaycan, yakut və s.)  özünə yer almaqdadır. XIX və XX əsr toplamalarında, eləcə də yazılı ədəbiyyatın görkəmli simalarının yaradıcılığında bu tip nümunələr kifayət qədərdir. Ensiklopediyada bunlara da lazımı qədər həssaslıq göstərilmişdir.

İkicildliyin səhifələrində özünə yer alan məsələlərdən birisi Azərbaycan elmi-nəzəri fikri ilə yanaşı, dünya folklorşünaslarının aşıq sənəti ilə bağlı irəli sürdükləri qənaət və fikirlərin də ön plana çəkilməsidir. Orta əsr səyyahlarının, coğrafiyaşünasların, etnoqrafların səfərlərində Azərbaycanla bağlı söylənən fikir və mülahizələrdə etnosun mənəvi mədəniyyəti ilə əlaqədar məsələlərə də həssaslıq göstərilmişdir. Məsələn, “Dədə Qorqud” dastanının elm aləminə təqdim edilməsi və haqqında yürüdülən ilk mülahizələr, sonrakı mərhələdə gedən proseslər, Y.Reyski, H.F.Dits, E.Rossi, T.Nyoldeke, V.Bartold, V.M.Jirmunski, A.İ. Şerbak, A.J.Yakubovski, A.Kononov və başqalarının  gördüyü gərəkli işlər, eləcə də “Koroğlu” dastanının Avropada yayılması prosesi, İ.Şopen, A.Xodzko, J.Sand, A.N.Pıpin, A.N.Samoyloviç və s. bir xətt olaraq ensiklopediyada diqqət mərkəzində saxlanır. Bununla yanaşı, ozan-aşıq mədəniyyəti ilə bağlı A.Somoyloviç, V.V.Bartold, A.Qordlevski, F.Köprülü, O.Ş.Gökyay və başqa türkoloqların dəyərli elmi mülahizələri üzərində də dayanılır.

Aşıq yaradıcılığının ana axarını müəyyənləşdirən istiqamətlərdən birini möhtəşəm dastan ənənəsi təşkil edir. Türk xalqlarının zəngin dastan yaradıcılığı tarixin çox dərin qatlarından gəlir, etnosun sənət və mədəniyyət təsəvvürlərini, məişətini, tarixini, bütünlükdə etnoqrafik yaddaşını əhatə eləmək imkanındadır.  Burada xalqın bahadırlıq, qəhrəmanlıq təsəvvüründən dövlətçilik düşüncəsinə, qopuzdan saza, ozan söyləyiciliyindən aşıq məclis ədəb-ərkanına, ailə həyatından sosial münasibətlərin nizamına qədər zəngin bilgilər cəmləşir. Mifdən eposa, eposdan dastan ənənəsinə qədər olan etnocoğrafi genişlik və bütövlük ozan-baxşı-akın-aşıq xətti ilə “Yaradılış”, “Bilqamıs”, “Törəyiş”, “Boz Qurd”, “Şu”, “Ərqənəkon”, “Köç”, “Manas”, “Alpamış”, “Uralbatır”, “Edige”, “Corabatır”, “Canqar”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. kimi abidələrin ehtiva etdiyi məzmun kimi ayrıca istiqamət olaraq ensiklopediyada özünə yer alır.

Aşıq yaradıcılığında epik ənənənin ana axarlardan birini məhəbbət dastanları tutur. Yüz illər boyu ustad sənətkarlar türk ellərinin məhəbbət və qəhrəmanlıq örnəklərini məclislərdə söyləmiş və buna etnosun ruhunun, milli-etnik düşüncənin, varlığının davam etməsi kimi baxmışlar. Görkəmli maarifçi ziyalı H.Zərdabinin “bir baxın aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara, ətini kəssən belə xəbərləri olmaz” qənaəti həmin düşüncə və ruhun yaşarlığıdır. “Tahir və Zöhrə”, “Yetim Aydın”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Xəstə Qasım və Mələksima”, “Yaxşı və Yaman”, “Valeh və Zərnigar” və s. məhəbbət dastanları aşıq dastançılıq ənənəsinin  mənəvi-fəlsəfi yöndəki zənginliyini və aşığın “el anası kimi”  dəyərləndirilməsinin səbəblərini aydınlaşdırır.

Ozan//aşıq sənəti kontekstində qopuz və sazla bağlı bilgilər və bu musiqi alətlərinin gerçəkləşdirdiyi mədəni-tarixi funksiya ətrafında da ensiklopediyada diqqətçəkici elmi məlumatlar vardır.  Qopuz və sazın növləri, saz havalarının çeşid və variativ bolluğunun səbəbləri, məşhur saz havalarının not yazıları akademik ardıcıllıqla verilir və təhlil edilir. “Koroğlu” dastanı timsalında “Koroğlu” havalar silsiləsi (“Cəngi Koroğlu”, “Misri Koroğlu”, “Sürütmə Koroğlu”, “Eyvazı”, “Atlı Koroğlu”, “Bozuğöu Koroğlu”, “Piyada Koroğlu” və s.), “Kərəmi” havalar silsiləsi (“Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Hicrani Kərəmi”, “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Quba Kərəmi” və s.),  “Müxəmməs” (“Baş müxəmməs”, “Orta müxəmməs”),  “Mansırı”, “Cəlili”, “Dilqəmi”, “Qaytağı”, “Qarabağ şikəstəsi”, “Dərbəndi”, “Faxralı gözəlləməsi”, “Çoban bayatı”, “Yurd yeri”, “Baş sarıtel” və s. havalar barədəki təqdimat və təhlillər öz yeniliyi və əhatəliliyi ilə seçilir. Onların ifa məqamları, not yazıları, saz havalarının nota alınmasının tarixi və müasir vəziyyəti ilə bağlı bilgilər sırf elmi-ensiklopedik səciyyə daşıyır.

Aşıq yaradıcılığının  tarixi-xronikal mənzərəsi də ayrı-ayrı ustad sənətkarların ömür və sənət yolunun müfəssəl təqdimatı ilə müəyyənləşir. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Ağ Aşıq, Xəstə Hasan, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Cəlil, Molla Cuma, Aşıq Şenlik, Şair Ağacan, Borçalı Şair Nəbi, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Avdı Qaymaqlı, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Mikayıl Azaflı, İmran Həsənov, Pənah Pənahov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Məmmədağa Babayev, Aşıq İsfəndiyar Rüstəmov və s. kimi ustad sənətkarların haqqında olan oçerklər günümüzə gələn yolun ümumi mənzərəsini açıqlayır. Ustad-şagird ənənəsinin bir meyar olaraq nələrlə səciyyələnməsi, aşıqlıqda yaradıcı aşıq, ifaçı aşıq və el şairləri qolunun məzmun və mündəricəsi, bu axarda təmsil olunan sənətkarların  gördüyü dəyərli işlər bir bütöv olaraq ikicildliyin uyğun bölmələrində öz ifadəsini tapır.

Aşıq sənətinin coğrafi areallar baxımından maraq doğuran problemlələrdən birisi lokal səviyyədəki saz-söz mühitlərinin tarixi-mədəni özəlliyinin araşdırılmasıdır. Bu baxımdan Göyçə aşıq mühiti, Dərələyəz aşıq mühiti, Təbriz-Qaradağ aşıq mühiti, İrəvan aşıq mühiti, Naxçıvan aşıq mühiti, Borçalı aşıq mühiti, Gəncəbasar aşıq mühiti, Şirvan aşıq mühiti,  Urmiya aşıq mühiti, Ağbaba-Çıldır aşıq mühiti və s. ensiklopediyanın ümumi elmi axarında diqqət mərkəzində olmuşdur. Mühit daxilindəki ifaçılıq məktəbləri, tarixi dastançılıq ənənəsi, sənətin yayılma coğrafiyasının ümumi mənzərəsi, çalğı və ifa rəngarəngliyi, muğam əlavələri, saz, balaban, zurna üçlüyü, aşıq dəstələri və solo saz ifaçılığı və s. üzərində də geniş dayanılmışdır. Ensiklopediyada bunların ayrı-ayrı maddələr şəklində qoyulması həm də gələcək problemlərin axtarış istiqamətlərini düşünməyə əsas verir.

“Ozan-aşıq ensiklopediyası” iki mindən yuxarı oçerk-maddəni öz əhatə dairəsində cəmləşdirir. Mindən çox aşığın yığcam bioqrafiyası əks olunduğu cildlərdə əlliyə yaxın saz havasının elmi  təqdimatı və not yazısı da verilmişdir. Aşıqların, elm və sənət adamlarının, bədii və rəsmi toplantıların, o cümlədən də aşıq qurultaylarının şəkil-rəsm qalareyası, arxiv sənədlərinin surəti və s. də ensiklopedik təqdimatın zənginliyini daha da artırmışdır.

Ozan aşıq mədəniyyətinin tarixi-xronoloji mənzərəsi, aşıq ədəbiyyatını yaradan ustad sənətkarların  bioqrafiyasını, dastan yaradıcılığı və dastançılıq ənənəsini, aşıq havalarının melodik sistemini, sənət sinkretizminin çoxçeşidli (musiqi, teatral, rəqs, söz) yönlərini yüksək elmi səriştə  ilə elmi-mədəni ictimaiyyətə çatdıran bu dəyərli ensiklopedik nəşr milil-mənəvi sərvətlərimizə diqqət və qayğını əks etdirən əhəmiyyətli elmi hadisədir.

 

Qüdrət UMUDLU

filologiya üzrə fəlsəfə doktoru, dosent