PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

MƏHƏRRƏM PAŞA OĞLU QASIMLI

meherrem qasimli.jpeg 05 avqust 1958-ci ildə Tovuzun Alakol kəndində anadan olmuşdur. 1975-ci ildə orada orta məktəbi bitirdikdən sonra 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1983-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuş, 1987-ci ildə "Şah İsmayıl Xətayinin poeziyası" mövzusunda namizədlik, 1997-ci ildə isə "Aşıq Sənəti: qaynaqları, təşəkkülü və mühitləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2003-cü ildən professordur. 1986-92-ci illərdə Ədəbiyyat İnstitutunda elmi əməkdaş olan Məhərrəm Qasımlı 1992-ci ildən həmin institutun elmi işlər üzrə direktor müavinidir. O, 1996-2002-ci illərdə "Xaricdə Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində də çalışmışdır. 2003-cü ildən həm də "Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr" şöbəsinə rəhbərlik edir.
2004-cü ildən fəaliyyət göstərən "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalının baş redaktoru olan M.Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. YUNESKO-nun qeyri-maddi irs üzrə "Aşıq Sənəti" layihəsinin elmi məsləhətçisi (2007-2008-ci illər) olan görkəmli alim beynəlxalq aləmdə nüfuzlu folklor tədqiqatçısı kimi tanınır. ABŞ, Rusiya, Almaniya, Türkiyə, İran və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən araşdırıcının aşıq sənəti sahəsindəki elmi-təşkilati fəaliyyəti haqqında 2006-ci ildə Türkiyənin Atatürk Universitetində dissertasiya işi müdafiə olunmuşdur. On bir kitabın, iki monoqrafiyanın və iki yüzə yaxın məqalənin müəllifi olan professor Məhərrəm Qasımlının rəhbərliyi altında otuz iki fəlsəfə doktoru yetişmişdir. O, beşcildlik "Azərbaycan ədəbiyyatı tari xi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor materiallarının toplanması  antoloji nəşrlərin hazırlanmasında da onun mühüm xidmətləri vardır. Elmi fəaliyyətlə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. M.Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində də çalış maqdadır.
2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin birinci katibidir.
“Ozan-Aşıq Ensiklopediyası”nın baş redaktorudur.(2015)
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Məhərrəm Qasımlı poetik yaradıcılıq və bədii-publisistik fəaliyyətlə yaxından məşğul olur. Bədii əsərlərində Orxan Paşa imzası da işlədir.
2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür.