PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNMUŞ FİLMİN TƏQDİMATI OLUB

Yanvarın 30-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyi və “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının keçdiyi ömür yoluna və yaradıcılığına həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı filmin təqdimatı olub.

Film “Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

Filmin quruluşçu rejissoru Elnurə Kazımova deyib: “Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda, Türkiyə, İran və başqa yerlərdə Mikayıl Azaflının aşıq sənətinə qarşı münasibətini əks etdirmişik. Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir. Bu filmlə onu göstərmək istədik ki, M. Azaflı tək aşıq deyil, dövrün dissident şairidir. O, sənətilə Türkiyə, İran  və Gürcüstanda məşhurluq qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.

Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu: “Ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”, - deyə M. Osmanoğlu bildirib.

Filmin elmi məsləhətçisi Qəzənfər Paşayev bildirib ki, ekran əsəri haqqında tənqidi sözlər demək çox çətindir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, burada Mikayıl Azaflının əfsanəvi obrazı canlanıb. Çünki M.Azaflının ömür yolu belədir və xalq bu obrazı sadəcə əfsanələşdirib. Qeyd edib ki, İranda onu çox yaxşı tanıyırlar. M. Azaflının qeyri-adiliyi onu əfsanəvi aşığa çevirib.

Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində çəkiliş qrupuna öz təşəkkürünü bildirib.

Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rol işıqlandırılıb.

Çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılan filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

Sonda  Mikayıl Azaflının şeirləri  və yaratdığı saz havaları təqdim olunub. Aşıqlardan Çingiz Mehdipur, Səyyad Musayev, Şəhriyar Kərimov, Ramin Cilovdarlı, Günel Qurbanova və Samir Allahverdiyevin, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun üzvlərinin, eləcə də  ustad aşığın övladları Hakim, Maral və Gülarə Azaflıların, nəvəsi Roman Azaflının və nəticəsi – ustadın adını daşıyan balaca Mikayılın  ifaları tədbirə əlavə rəng qatıb.