AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Featured

ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

16.02.2023

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Urfanın (Quliyev) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi kitabın məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

Kitabda ustad aşığın yaradcılıq nümunələri olan divani, təcnis, gəraylı və qoşmaları, deyişmələri ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamlarının Aşıq Əli Urfan haqqında müxtəlif vaxtlarda söylədikləri dəyərli fikirlər və ona ithaf olunmuş şeirlər də yer alıb.

Xatırladaq ki, Əli Urfan çağdaş Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan, sənətdə öz dəst-xətti ilə seçilən sənətkardır. Xalq şairi Zəlimxan Yaqubun da vaxtilə dediyi kimi, “onun saz ifaçılığı artıq sənətdə öz möhürünü vurub, öz yerini tutub”.  Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə deyir ki, Əli Urfan “söz-sənət sərrafı, musiqi və poeziya xiridarıdır”.

Ustad aşığı yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  

LƏNKƏRANLI ZİYALI AAB-NİN QONAĞI OLUB
Featured

LƏNKƏRANLI ZİYALI AAB-NİN QONAĞI OLUB

31.01.2023

Daim qonaq-qaralı olan Azərbaycan Aşıqlar Birliyinin növbəti qonağı Lənkəranın Boladi kəndində yaşayan ziyalı Heydər Nəzərov olub. İxtisaSca müəllim olan Heydər Nəzərov sazın-sözün bilicisi, təəssübkeşi və təbliğatçılarındandır.

Bundan əvvəl də AAB və onun sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə qiyabi də olsa müntəzəm əlaqə saxlayaraq xalqımızın çox qiymətli milli-mədəni sərvəti olan aşıq sənəti ilə bağlı fikir və mülahizələrini bildirən qonağın Birliyi ziyarəti daha məhsuldar və yaddaqalan olub. AAB sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə görüşdə aşıq sənətinin dünəni və bu günü ilə bağlı maraqlı fikir mübaduiləsi aparılıb, AAB-nin gördüyü və qarşıdakı dövrdə görəcəyi işlər barədə qonağa ətraflı məlumat verilib.

Sonda M.Qasımlı hörmətli qonağa son illərdə Birlik tərəfindən hazırlanmış kitablar və ustad aşıqların ifalarının yer aldığı video və audiodisklər hədiyyə edib, AAB-ni ziyarətinə görə ona təşəkkürünü bilditrib və xatirə şəkli çəkdirilib.

IMG 20230131 WA0010 copy 576x768

 IMG 20230131 WA0008 copy 576x768

 

 

 

 

 

 

 

 

Featured

Möhtərəm cənab Prezident!

24.12.2022

FB IMG 1671867982743 Azərbaycan Aşıqlar Birliyinin çoxsaylı üzvləri adından Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağılığı arzulayırıq!
Siz müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lideri Heydər Əliyevin layiqli varisi və davamçısı olaraq ölkəmizin hərtərəfli inkişafı üçün gördüyünüz xidmətlərlə xalqın sevimlisinə çevrilmiş, dünya liderləri sırasında layiqli yer tutmusunuz. Bu gün Sizi dünyada hər kəs inkişafın “Azərbaycan modeli”nin memarı kimi tanıyır. 
Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi istiqamətində həyata keçirdiyiniz müdrik və məqsədyönlü siyasət öz bəhrəsini verdi -  qurucusu olduğunuz müzəffər Ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin bilavasitə rəhbərliyiniz altında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu.   Ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə öz adınızı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə həkk etdirdiniz.
Əziz və çox hörmətli Prezidentimiz!
Sizi ad gününüzlə yanaşı, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, sağlam və uzun ömür,   xalqımızın rifahı naminə gördüyünüz işlərdə ən böyük uğurlar arzulayırıq!
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Mehriban Əliyevanın Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında bəşəri ideallara sadiqlik dayanır
Featured

Mehriban Əliyevanın Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında bəşəri ideallara sadiqlik dayanır

11.02.2023

Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti öz dəstəyini və həmrəyliyini göstərdi. Bu proses hazırda da davam etməkdədir. Hər zaman öz xeyirxahlığı, dara düşənlərə göstərdiyi dəstəyi, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu prosesdə ön sıradadır. Mehriban xanım Əliyevanın fəaliyyəti müasir tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını gələcək nəsillərə ötürür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

“Təsadüfi deyil ki, Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım eyni zamanda onlara yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib. Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb. Mehriban xanım Əliyevanın bu humanist addımının əsasında onun xalq sevgisi, vətənpərvərliyi, bəşəri ideallara sadiqliyi, zərif humanizmi durur. Bu gün Mehriban xanım özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Həmçinin biz onun simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük. Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında həm də, bəşəri ideallara sadiqliyik dayanır”, - deyə Məhərrəm Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidentinin Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımı bir daha onu göstərir ki, Mehriban xanım qardaş ölkədə baş verənləri çox böyük ürək yanğısı ilə izləyir və hər bir kəsin əməyini dəyərləndiməklə yanaşı, onları bu işə ciddi-səylə yanaşmağa çağırır. Mehriban xanım müraciətində insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir. Bütün bunlar bir daha sübut edir ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq, mərhəmətli, xeyirxah, humanist olan Azərbaycan qadınının yeni simasıdır.

Sonda Əməkdar elm xadimi zəlzələ zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib, yararlıların isə tezliklə sağalmasını arzu edib.

ALLAH RƏHMƏT ELƏSİN!
Featured

ALLAH RƏHMƏT ELƏSİN!

24.01.2023
Seyfəddin Həmzə oğlu Qəniyev

 

Azərbaycan filoloji elminə ağır itki üz verib – folklorşünas və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Seyfəddin Həmzə oğlu Qəniyev 2023-cü il yanvar ayının 17-də vəfat edib.

Seyfəddin Həmzə oğlu Qəniyev 1952-ci il mart ayının 28-də Şamaxı rayonunun Dağ-Kolanı kəndində anadan olub. Poladlı kənd 8-illik və Nərimankənd orta məktəblərini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin institutun aspiranturasında təhsil alıb.

O, Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisası üzrə pedaqoji fəaliyyət göstərib.  İşlədiyi müddətdə "metodist müəllim", SSRİ-nin “Maarif əlaçısı” adlarına layiq görülüb,  Azərbaycan müəllimlərinin IV-VI qurultaylarının nümayəndəsi olub.

S.Qəniyev Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri, direktor müavini, daha sonra isə  Azərbaycan MEA Folklor İnstitutunda aparıcı elmi işçisi vəzifələrində çalışıb. 

 Şirvan folkloru, ədəbi, dini və pedaqoji mühiti ilə bağlı çoxsaylı tədqiqat əsərlərinin müəllifi, ermənilərin Şamaxıda törətdikləri soyqırımının ilk tədqiqatçılarından olub. Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin sədri, Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olan Seyfəddin Qəniyev 60 kitabın (monoqrafiya, toplu, metodik tövsiyə və proqram), 150-dən çox elmi məqalə və tezisin müəllifi olub.

Professor Seyfəddin Qəniyev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2009-cu ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Seyfəddin Həmzə oğlu Qəniyevin əziz xatirəsi yaxınlarının və doğmalarının, respublikamızın elmi və ədəbi ictimaiyyətinin, eləcə də sənət adamlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Featured

İşıqlı zəka və geniş təfəkkür sahibi

24.12.2022

16718834832622624765 750x500

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də öz rolu və yeri var. Bunu ölkə başçısı çıxışlarının birində belə qiymətləndirib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.
AZƏRTAC bir sıra tanınmış mədəniyyət, incəsənət xadimlərinin, qələm adamlarının ölkəmizin qazandığı uğurlar, böyük mədəniyyət siyasəti, eləcə də əldə edilmiş tarixi Qələbə ilə bağlı fikirlərini bölüşür.


Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının hakimiyyətə gəldiyi 2003-cü ildən artıq Azərbaycan bütünlükdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə bütün sahələrdə - sosial-siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsinin inkişafı üçün genişmiqyaslı işlər görülməyə başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirildi. Eyni zamanda, mədəniyyət sferasının zənginləşməsi üçün Prezident ardıcıl olaraq sərəncamlar imzaladı və onların icrasını daim şəxsən diqqət mərkəzində saxladı”.
Bu gün Üzeyir bəyin, Xan Şuşinskinin, Seyidin, Sadıqcanın və görkəmli mədəniyyət xadimlərinin ruhunun şad olduğunu söyləyən professor xüsusi olaraq vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə xalqımıza, eləcə də bütün mədəniyyət, incəsənət xadimlərinə yeni yaradıcılıq ruhu bəxş edib. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi.
Ozan-aşıq mədəniyyətinin bizim milli-mənəvi varlığımızın əsas göstəricilərindən biri olduğunu söyləyən Əməkdar elm xadimi bildirib ki, Ulu Öndər Heydər Əliyev ozan-aşıq mədəniyyətini milli varlığımızın mötəbər qaynağı olduğunu xüsusi qeyd etmişdir. Bu söz Dədə Qorqud ensiklopediyasında qızıl hərflərlə keçir. Bu gün o ideya, o düşüncə öz əyaniliyini bir daha tapır. Bu gün Azərbaycanımızda təkcə iqtisadi sahədə deyil, mədəni-mənəvi sahədə də çox böyük quruculuq işləri gedir.
Məhərrəm Qasımlı Prezident İlham Əliyev tərəfindən ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsindən də danışıb. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan mehri-məhəbbətinin və diqqətinin göstəricisidir. Son illərdə sözün həqiqi mənasında milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir.
Qazanılan tarixi Qələbədən söz açan Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair Əkbər Qoşalı deyib ki, Prezident İlham Əliyevin dövlətçilik və ictimai-siyasi fəaliyyətində parlaq səhifələrə nəzər salsaq yenə bir həqiqətə şahidlik etmiş olarıq: dövlət başçısı zəkası ilə bütün sferaları aydınlatmışdır. İctimai-siyasi sabitlik, yeni iqtisadi modelin uğurları, mükəmməl diplomatiya, çevik və balanslaşdırılmış xarici siyasət kursu, daxili əmin-amanlıq, humanizmə söykənən sosial siyasət prezidentin gerçəkləşdirdiyi ağır, fəqət şərəfli və taleyüklü missiyanın uğurlu taleyindən xəbər verir.
O, fikirlərini belə ümumiləşdirib: “İlham Əliyev uğurlu, qurucu Prezidentdir, qalib Komandandır, ən müxtəlif milli, bəşəri dəyərlərə aid hadisələrin memarı, alovlu müdafiəçisi, sözü imzası qədər keçərli olan görkəmli ictimai-siyasi və dövlət xadimidir. İlham Əliyevə azərbaycanlıların dərin məhəbbətinin səbəbləri hər birimizə gün kimi aydındır. Bunun ilk səbəbi Azərbaycan Prezidentinin etibarlı sarsılmaz lider olmasıdır. Bəli, o mübarək sözü bir daha xatırlatmaq istərdim: “Sözümüz imzamız qədər keçərlidir” – bu, İlham Əliyevin şah kəlamlarındandır! Çünki dəfələrlə təsdiq olunub, öz həyatiliyini sübut edib. İlham Əliyev o liderdir ki, onun lideri olduğu ölkənin 20 faiz ərazisini 30 ilə yaxın işğal altında saxlayan düşmən ölkə rəhbərliyini və xalqını belə gələcəyə baxmağa çağıra bilir. Bilirsiniz, bu, qalib müdrikliyidir, öz dövlətinin qüdrətinə, öz ordusunun istənilən vaxt istənilən çətin vəzifəni yerinə yetirə biləcəyinə dərin əminliyin ifadəsidir. İlham Əliyev öz xalqının məhəbbətinə, xalq-dövlət birliyinə arxalanır, ona görə güclüdür, səmimidir, uzaqgörəndir. Bu sözlər Müzəffər Ali Baş Komandanımıza aiddir: “İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik”. – Prezident Əliyev cari ilin oktyabrında Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bu mövzuya toxunaraq çox təsirli sözlər dedi. Keçmiş işğalçı ilə barış anlaşmasının beynəlxalq hüququn fundamental prinsipinə əsaslanmalı olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, bu prinsiplərə -
ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi,
sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.
Bunları nəyə görə sadalayıram? – Bilirsiniz, yalnız bəşəriyyətin gələcəyini düşünə bilən böyük ürək sahibləri belə davrana bilər. Yeni dünya arxitekturasının qurulması liderlərdən, xalqlardan cəsur qərarlar, fədakarlıq tələb edir. Beləliklə, dardüşüncəli, dalan Ermənistanın böyük ürək göstərməsi qətiyyən mümkün olmayacağı üçün onun iç üzü dünyaya bir daha nümayiş edilmiş olur: Buyurun, Xocalı soyqırımına uğramış, 9 şəhəri, 300 kəndi viran edilmiş, tarixi-mədəni abidələri vandallığa məruz qalmış ölkənin lideri barış anlaşmasına çağırır. İlham Əliyevin barış anlaşması təklifi əsaslandığı 5 prinsipdən başqa ilkin şərt ehtiva etmir və diplomatik dildən sadə müstəviyə tərcüməsi ədalətli sülhdür! Biz Ermənistanı, dünya erməniliyini necə deyərlər, “Axilles dabanı”ndan tutmuşuq... Əvəzində Ermənistan nə edir? – iki daşın arasında vurnuxur, vurnuxur, yeni yanlışlıqlar edir. Hər dəfə də görür ki, “Dəmir yumruq” yerindədir! Məhz “Dəmir yumruq” yerində olduğu üçün biz böyük düşüncələrə meydan tanıdığımızı gur səslə açıqlaya bilirik. Yəni İlham Əliyev uzaqgörən, səbirli, təmkinli liderliyi ilə elə gerçəkliklər yaratdı, beynəlxalq aləmdə elə münasibətlər sistemi ayarlaya, düzənləyə bildi ki, həm 30 illik işğalı hərbi yolla həll etdi, həm də dünya erməniliyinin uzun illər apardığı anti-Azərbaycan təbliğatına ağır zərbə vurdu. İlahi ədalət İlham Əliyevin düşünülmüş, düzgün, yüz ölçülüb bir biçilmiş siyasəti ilə günümüzdə Günəş kimi parlayır – onu hər yerdən görmək olar...
Bəli, biz qalib ölkənin qürurlu vətəndaşlarıyıq! Bu mərtəbənin memarı olan Prezident İlham Əliyevi, bizə əziz Şuşa sevinci bəxş edən, qarşımıza Şuşadan aydın görünən yeni hədəflər qoyan Müzəffər Ali Baş Komandanı hər zaman öz işimizlə, əməllərimizlə sevindirməliyik”.
Həmsöhbətimiz Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev də ölkəmizin inkişafında, qazanılan uğurlardan ürək dolusu danışıb: “Azərbaycan tarixində ikinci elə bir siyasi xadim, elə bir dövlət rəhbəri yoxdur ki, Heydər Əliyev qədər əvəzsiz xidmətlər göstərmiş olsun. Bu fikir Heydər Əliyev haqqında söhbət açan hər kəsin ən çox söylədiyi fikirdir. Çünki bu, göz önümdə olan böyük həqiqətdir. Bu həqiqətin tərkib hissəsindən bir nümunəni diqqətə təqdim etmək istəyirəm. Ulu Öndər ömrünün son anlarında heç bir dövlət rəhbərinin cəsarət etmədiyi unikal bir addım atdı. Unudulmaz bir tövsiyə ilə xalqımıza tarixi müraciət etdi. İlham Əliyevə özü qədər inandığını və xalqımızın da inanmasını, özünün axıra çatdıra bilmədiyi tale yüklü məsələlərin həyata keçirilməsi üçün ona dəstək göstərməsini, köməklik etməsini tövsiyə etdi. Müdrik xalqımız Ümummilli Liderimizin bu tövsiyəni heç tərəddüd etmədən yerinə yetirdi. Çünki xalq yalnız Heydər Əliyevə inanır, onun tutduğu yolda daim işıq olduğunu bilirdi. Heydər Əliyev, eyni zamanda, İlham Əliyevə öz vəsiyyətini açıqlamağı da unutmadı. İlham Əliyev addım-addım, qədəm-qədəm həmin vəsiyyəti həyata keçirməyə başladı. Bu vəsiyyət bir dövlət proqramı idi. Həmin vəsiyyətə uyğun olaraq, İlham Əliyev bir an belə dayanmadan çalışdı, gecəsini gündüzünə qatdı və dövlətimizi inkişaf etdirdi, gücləndirdi. Ölkəmizi kasıb respublikadan varlı dövlətə çevirdi. Sovetlərdən qalmış xarabazarlıqları gülə-çiçəyə döndərdi. Xalqımızın rifahını yaxşılaşdırdı. Bütün sahələrdə inkişafı təmin etdi. Ölkəmizi dünya dövlətləri arasında sayılan dövlətlər sırasına yüksəltdi. Ən mötəbər salonlardan dərin ağlı, nurlu zəkası, geniş təfəkkürü, siyasi məntiqi, liderlik cəsarəti, natiqlik qabiliyyəti ilə özünü elə ifadə etdi ki, dünyanın siyasət meydanında özünü birinci hesab edən dövlət xadimlərini heyran qoydu. Günü-gündən nüfuzu artdı. Onun nüfuzu artdıqca, ölkəmizin də sayılıb-seçilən ölkələr sırasında yeri bərqərar oldu.
İllərlə səbir nümayiş etdirərək, sülh və barış tərəfdarı olduğunu dönə-dönə bəyan etdi. Təmkinlə davrandı. Tələsmədən elə cür incə siyasət yürütdü ki, bir də baxdılar, geosiyasi mənzərədə Azərbaycanın yeri öncüllər sırasındadır. Bütün parametrlərdən Cənubi Qafqazın lider dövləti olduğunu isbat etdi. Dünyanın ən güclü dövlətlərinin qarşısında dəyanətlə dayandı. İllərlə əmək sərf edərək, gücləndirdiyi ordumuza ən münasib zamanda torpaqlarımızın işğaldan azad edilməsi əmrini verdi. Bu tarixi əmrlə 30 il zillət çəkən vətənimizin bir parçası olan Qarabağımız, göz bəbəyimiz olan Şuşamız öz azadlığına qovuşdu. Tarixin sınaq meydanından üzü ağ, alnıaçıq çıxdı. Özünün də etiraf etdiyi kimi, “Ata vəsiyyəti”ni layiqincə, qəhrəmancasına həyata keçirdi.
Biz böyük xalqıq! Bizim çox böyük vətənimiz, tariximiz və ənənələrimiz var. Bizim ruhumuz Müstəqil Azərbaycan Respublikasının sərhədləri hüdudundan çox-çox uzaqlarda cövlan edir. Dünyada yaşayan və Müstəqil Azərbaycan eşqini ruhunda yaşadan milyonlarla soydaşımız İlham Əliyevin “Dəmir yumruğu”na inanır və birlik, həmrəylik nümayiş etdirir. İlham Əliyev isə öz soydaşlarının daim təəssübünü çəkir, həmişə də çəkəcəkdir. Bu gerçəklik biz sənət xadimlərinin stimul mənbəyidir. Biz bu gerçəkliklə durmadan motivasiya olunuruq. İnanırıq ki, xalqımızın, millətimizin çağdaş dövrdə əvəzsiz lideri, qəhrəman sərkərdəsi, böyük dəyanət sahibi olan siyasi xadimi İlham Əliyev bundan sonra da addım-addım, qədəm-qədəm ali hədəfimizə doğru irəliləyəcək və xalqımız da onun tutduğu parlaq yoldan heç vaxt sapmayacaqdır.
Fikirlərimin bu anında, 2011-ci ildə, möhtərəm Prezidentimizin 50 yaşı münasibəti ilə qələmə aldığım və səhnə həyatı verdiyim “İşıqlı, nurlu sabah” mənzum dram əsasında oynadığımız tamaşanın son səhnəsini xatırlayıram. Həmin səhnədə, xalqımızın xorla oxuduğu “Ucal!” marşının sədaları altında İlham Əliyev Mehriban xanımla bərabər, “Azərbaycan” adlı meydanın geniş ərazisində iri addımlarla yola çıxır. Onlar irəlilədikcə xalq da onlara qoşulur və bu yolu bərabər getməyə başlayır. Həmin yol bu gün bizi Qələbəyə gətirib çıxardı. Qələbəmizin isə qarşıda bizi daha böyük zəfərlərə aparacağına inandırır! Bizə bu inamı verən Heydər Əliyevin tövsiyəsi, vəsiyyəti və İlham Əliyevin dönməz və sarsılmaz iradəsidir! Mən heç tərəddüd etmədən inanıram ki, Ulu Öndərimizin bizə bəxş etdiyi işıqlı yoldan xalqımız heç vaxt sapmayacaq, bizi parlaq gələcəyə aparan İlham Əliyev fenomeninin addım izlərindən kənara çıxmayacağıq. Ona görə də yeni yazdığım və İrəvan Teatrının səhnəsində tamaşaya hazırlamaq niyyətində olduğumuz pyesi məhz “Ata vəsiyyəti” adlandırmışam. Biz xalq olaraq ənənələrimizə sadiqik. Bizim ənənələrimizdə isə ata yolu, dədə yolu müqəddəsdir. Müqəddəs yoldan dönməmək isə bizim övladlıq borcumuz və vəzifəmizdir”.

Bakı, 24 dekabr, AZƏRTAC

16718834832622624765 750x500 copy 800x448

16718834832384262010 750x500 copy 661x546

16718814553586651177 750x500 copy 800x546

1671881455993152607 750x500 copy 800x546

 16718814551485848232 750x500 copy 661x546

Featured

AŞIQLARIN REPERTUARINDA DASTANLARA MÜHÜM YER VERİLİR

03.02.2023

Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən mühüm layihələrdən biri də dastanlarla bağlıdır. Burada dastanların yeni təkmil variantda nəşri və aşıqların ifasında sənətsevərlərə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparılır. Klassik dastanların ustad aşıqların ifasında yenidən təqdim olunması ilə yanaşı, gənc aşıqların repertuarında yer almasına da ciddi önəm verilir, bunun üçün onlara mümkün olan şərait və imkan yaradılır.

Bu istiqamətdə görülən işlər çərçivəsində ustad aşıq Arif Əsgərov “Aşıq Qərib” dastanını, Məmməd Bozalqanlı və Şəmşəd Elmanoğlu isə “Alı xan və Pəri” dastanını hazırlayıblar. Aşıqların ifasına Aşıqlar Birliyində ilkin baxış olub və hər iki dastan yaxın vaxtlarda “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində sənətsevərlərə təqdim olunacaq.

Gənc aşıqlardan İmralı Fikrətoğlu və Nəcəf Kəlbəcərli “Abbas və Gülgəz”, Afil və Amil Bəxtiyar qardaşları isə “Novruz və Qəndab” dastanından bir parçanı təqdim edəcəklər.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ “OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB

10.01.2023

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2022-ci ili çevrələyən VI buraxılışı işıq üzü görüb. Toplu Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” məqaləsi ilə açılır. Daha sonra Millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynovun “Aşıq qanı” (Aşıq Mirzə Bilalın 150 illiyi münasibəti ilə), Xalq şairi Zəlimxan Yaqubun “Borçalı sazının Xan Kamandarı”, Aygün Qasımovanın “Şirvanın saz bülbülü” (aşıq Şakir Hacıyevin 100 illiyi münasibəti ilə), Avtandil Ağbabanın “Ustad aşıq Murad Çobanoğlu”, Orxan İsayevin “Salar baba Xaridari “Oğuznamə”si” və Nərmin Həsənovanın “Xəstə Qasım irsində İmadəddin Nəsimi elementləri” məqalələri yer alıb. Oxucular həmçinin bu sayda “Məhərrəm Qasımlı: Mən o taylı-bu taylı Azərbaycanımızın aşıq sənətini bir bütöv kimi elmi araşdırmaya gətirdim” sərlövhəli geniş müsahibə, Mirzə Bilal və Şakir Hacıyevin şeirləri və Heydər Nəzərovun AAB-nin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlıya məktubu ilə də tanış ola bilərlər.

Toplunun bu sayında 2022-ci ildə saz-söz aləmində baş verən hadisələrlə bağlı xəbər xronikasına da geniş yer ayrılıb – Azərbaycan Aşıqlar Birliyinin 2022-ci ildə həyata keçirdiyi tədbirlər geniş işıqlandırılıb. “Yeni nəşrlər” rubrikasında isə Birliyin ötən il nəşr etdirdiyi “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq təcnisləri” və “Aşıq deyişmələri” kitabları haqqında məlumat verilir.

ALLAHVERDİ QƏMKEŞİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

ALLAHVERDİ QƏMKEŞİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

22.12.2022

2022-ci il dekabrın 20-də Azərbaycan Aşıqlar Birliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində ustad aşıq, dəyərli saz şairi, Əməkdar mədəniyyət ișçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib. Tədbirdə öncə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib. Sonra çıxış üçün ilk söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı ustad aşıq Allahverdi Qəmkeşin həyat və yaradıcılıq yolundan geniş söhbət açaraq onun Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, özünəməxsus, bənzərsiz ifa tərzini vurğulayıb, saz havalarının  və dastanlarımızın da bilicisi olduğunu qeyd edib. AAB sədri eyni zamanda onu da vurğulayıb ki, Allahverdi Qəmkeş ustad aşıq olmaqla yanaşı, həm də istedadlı şair idi və bir neçə şeir kitabı işıq üzü görüb.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, fölklorşünas alim Elxan Məmmədli ustad sənətkarla bağlı xatirələrini dilə gətirib.

Ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb.

Aşıqlardan Əməkdar Mədəniyyət işçisi Əhliman Allahverdiyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Əli Zeynalabdinov, İlqar Əhmədov, Əfqan Məmmədov, Yaşar Məhərrəmov, Qənbər Allahverdiyev, Qalib Ramazanov, ustadın şagirdi, Fəxri mədəniyyət işçisi Nizami Şirinov, Taleh Abdullayev, İbadət Mehtiyev və Sevindik Quliyev çıxış edərək müxtəlif aşıq havaları üstündə ustadın öz sözlərini və repertuarından seçmə havaları səsləndiriblər. Onları balabanda Əməkdar mədəniyyət işçisi İbadət Allahverdiyev müşayiət edib. Ustadın nəticələri onun şeirlərini səsləndiriblər. Aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürlərini bildiriblər.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlıya və folklorşünas alim,  Əməkdar mədəniyyət işçisi Elxan Məmmədliyə, eləcə də tədbirdə çıxış edən aşıqlara təşəkkürnamələr təqdim edib.

Tədbirin keçirildiyi Kəlbəcər rayon Mədəniyyət sarayında ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.

2201220221.jpg

2201220222.jpg

2201220223.jpg

2201220224.jpg

2201220225.jpg

2201220226.jpg

220122022.jpg

2201220228.jpg

2201220227.jpg

Featured

“SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” YAXIN GÜNLƏRDƏ OXUCULARIN İXTİYARINA VERİLƏCƏK

01.02.2023

Son illərdə bir sıra uğurlu layihələrə imza atan, aşıq sənəti ilə bağlı dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində hazırlanmış növbəti kitab yaxın vaxtlarda oxucuların və elmi ictimaiyyətin ixtiyarına veriləcək.

Azərbaycan Aşıqlar Birliyinin hazırlayıb saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim etdiyi “Seçmə aşıq şeirləri antologiyası” adlanan bu toplu aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirlərini çevrələyir. Üç bölümdən ibarət olan toplunun birinci hissəsində Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Novrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və onlardan sonrakı dönəm klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur.

İkinci bölümə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və s. dastanlarında yer alan məşhur şeirlər daxil edilmişdir.

Antologiyanın üçüncü bölümünü isə aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

Saz-söz sənəti ilə yaxından məşğul olan aşıqların, araşdırıcıların, yeni nəsil saz-söz ifaçılarının, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulan antologiyanı hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadmi, professor Məhərrəm Qasımlı və redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

AĞDAMDA AŞIQ VALEHİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

AĞDAMDA AŞIQ VALEHİN 300 İLLİK YUBİLEYİ QEYD OLUNUB

06.01.2023

2022-Cİ il dekabrın 28-də Ağdam rayonundakı Muğam mərkəzində Ağdam rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin klassiklərindən biri – Qarabağ aşıq mühitinin ustad aşığı Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş elmi konfrans  keçirilib.

WhatsApp Image 2023-01-06 at 15.00.31.jpgYazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin aparıcılığı ilə keçən tədbirdə  ilk söz Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova verilib. Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, konfransda təqdim olunan “Qarabağdan səfər etdim” kitabının müəllifi, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun “Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyasının müdiri Almara Nəbiyeva, AMEA-nın Folklor institutunun əməkdaşları –  filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayilov, Azərbaycan Pedoqoji Universitetinin professoru Mahmud Allahmanlı, tibb elmləri üzrə fəlsəfə doktoru Zakir Əliyev, tədqiqatçı Nazim Vəlişov çıxış edərək Aşıq Valehin həyat yolundan, sənətindəki xidmətlərindən və yaradıcılığından söz açıblar.

Tədbirin bədii hissəsində aşıqlardan Nəbi Nağıyev, Nazim Quliyev, Mehdi Mənsimov, Şahin Süleymanov, Təbriz Vəliyev, Kərəm Təbrizoğlu, Jalə Əliyeva, Afil Bəxtiyarov  və  balabançı Ələkbər Ələkbərovun ifalarında müxtəlif aşıq havaları səsləndirilib.

Sonda RİH başçısı Vaqif Həsənov  tədbirin təşkilində fəal iştirak edən qonaqlara və aşıqlara təşəkkürnamələr təqdim edib. Asıq Valehin kötücəsi Heyruz Əziz oğlu Əliyev tədbir  istirakçılarına nəsil şəcərələri adından təşəkkür edib.

WhatsApp Image 2023-01-06 at 15.02.17.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.18.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.19.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.199.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.1999.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.20.jpg

WhatsApp Image 2023-01-06 at 15.02.200.jpg

 

 

AĞSUDA “SƏNƏTKAR ÖMRÜ” ADLI TƏDBİR KEÇİRİLİB
Featured

AĞSUDA “SƏNƏTKAR ÖMRÜ” ADLI TƏDBİR KEÇİRİLİB

08.12.2022

2022-ci il dekabr ayının 6-da Ağsu rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Ağsu şəhər Mədəniyyət evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Şirvan aşıq ifaçılıq məktəbinin babası ucalığında duran ustad sənətkar Aşıq Mirzə Bilalın anadan olmasının 150 illiyinə həsr olunmuş “Sənətkar ömrü” adlı yubiley tədbiri keçirilib.

Əməkdar müəllim, rayonun tanınmış ziyalısı Yaşar Qarayevin aparıcılığı ilə keçirilən tədbirdə ilk söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Şirvan aşıq mühitinin yetirməsi olsa da, təkcə bu bölgədə deyil, bütövlükdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan, bu gün bütün Şirvan aşıqlarının babası sayılan ustad sənətkar Mirzə Bilalın həyatından və yaradıcılıq yolundan geniş söhbət açıb. Qeyd edib ki, Mirzə Bilal yaradıcı aşıq, özünün məkətəbini yaradan sənətkar olub. Təsadüfi deyil ki, Şirvan aşıqlarının əksəriyyəti bu gün də onu özlərinə ustad sayır, sənət yolunu davam etdirirlər. O, aşıq şeirinin müxtəlif növlərində gözəl poeziya nümunələri yaradıb ki, bu gün də aşıqların repertuarından düşmür. M.Qasımlı eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, Mirzə Bilal da minlərlə ədəbiyyat və sənət adamı, tanınmış ziyalılarımız kimi, 1937-ci ilin repressiya qurbanlarından olub.

[bt_slider uid="1670497574-6391c5262e854" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/4a63d611-607f-4f74-9443-5af673da813e.jpg" title="4a63d611-607f-4f74-9443-5af673da813e.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/28b3534f-2c7f-4272-8803-c279d425f543.jpg" title="28b3534f-2c7f-4272-8803-c279d425f543.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/28b3534f-2c7f-4272-8803-c279d425f543_1.jpg" title="28b3534f-2c7f-4272-8803-c279d425f543_1.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/fab70cd9-0911-468d-a7cc-c76351b9fc18.jpg" title="fab70cd9-0911-468d-a7cc-c76351b9fc18.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/f53eb620-0859-4f26-813a-32f13bb17253.jpg" title="f53eb620-0859-4f26-813a-32f13bb17253.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/bbbc78a8-1c0f-4c7a-94bf-ea99cfde93e1.jpg" title="bbbc78a8-1c0f-4c7a-94bf-ea99cfde93e1.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/649dab9b-ca88-4b24-94e8-dba35b63605c.jpg" title="649dab9b-ca88-4b24-94e8-dba35b63605c.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/bf5d40e8-d3de-478d-a70b-09950e3537d5.jpg" title="bf5d40e8-d3de-478d-a70b-09950e3537d5.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/d6d8559d-712d-471d-bea4-8ff5df968f3a.jpg" title="d6d8559d-712d-471d-bea4-8ff5df968f3a.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/82bf393e-6e2f-4171-8105-484659fae3cb.jpg" title="82bf393e-6e2f-4171-8105-484659fae3cb.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/384b967c-ecc7-4403-ab0f-5ea9339dace5.jpg" title="384b967c-ecc7-4403-ab0f-5ea9339dace5.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/5cdc688b-f889-41b5-a53f-dca273ac9c7e.jpg" title="5cdc688b-f889-41b5-a53f-dca273ac9c7e.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/13a65b70-d7f6-47e3-b68c-6779a6f109fe.jpg" title="13a65b70-d7f6-47e3-b68c-6779a6f109fe.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov da öz çıxışında ustad sənətkar Mirzə Bilalın  aşıq sənətindəki böyük xidmətlərindən söz açıb, onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb. 

Aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Elman Mehdiyev, Rza Məmmədov, Babək Şakirli, Amil Çingizoğlu və digərləri Aşıq Mirzə Bilalın şeirlərini və bəstələdiyi saz havalarını səsləndiriblər. 

Sonda Aşıq Mirzə Bilalın nəvəsi Babək Mikayılov çıxış edərək, tədbirin yüksək səviyyədə təşkili üçün təşkilatçılara öz dərin təşəkkürünü                                                                                                                                                                                                                                                                                                                                                    bildirib.

13 -dən səhifə 36

  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ