AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
USTAD AŞIQ HAŞIM QUBALININ 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

USTAD AŞIQ HAŞIM QUBALININ 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

08.10.2026

Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Azərbaycan   Aşıqlar Birliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış sənətkarı, Əməkdar mədəniyyət işçisi, ustad Aşıq Haşım Qubalının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

ADPU-nun Quba filialında təşkil olunan yubiley tədbiri milli-mənəvi dəyərlərə, aşıq sənətinə və ustad sənətkara göstərilən ehtiramın parlaq ifadəsinə çevrilib.

Tədbiri giriş sözü ilə açan Quba Mədəniyyət Mərkəzinin rəhbəri, tanınmış mədəniyyət işçisi Ramiz Ramazanlı qonaqları salamlayaraq yubiley gecəsinin əhəmiyyətindən danışıb. O, Aşıq Haşım Qubalının Azərbaycan aşıq sənətinin inkişafında, xüsusilə Quba aşıq mühitinin formalaşması və yaşadılmasındakı xidmətlərini yüksək qiymətləndirib.

Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, ustad sənətkarın uzun illər ərzində bölgənin mədəni həyatına verdiyi töhfələrdən bəhs edib, Aşıq Haşım Qubalıya Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və xatirə hədiyyələrini təqdim edib.

Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev ali təhsil ocaqlarında milli-mədəni irsin təbliğinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə görüşlər gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə və tarixi-mədəni köklərə bağlı şəkildə formalaşmasına mühüm töhfə verir. Professor Yusif Alıyev Aşıq Haşım Qubalının sənət yolunu ustad-şagird ənənəsinin, saz və söz mədəniyyətinin yaşadılmasının dəyərli nümunəsi kimi səciyyələndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə Aşıq Haşım Qubalının yaradıcılıq yolunun özünəməxsus cəhətlərini təhlil edib, onun ozan-aşıq ənənələrini qoruyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən dəyərli sənətkarlardan biri olduğunu bildirib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Orucov çıxışında dövlətin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb, yubilyara xoş arzularını çatdırıb.

Aşıqlar Birliyinin Katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və digər   çıxış edənlər də  ustad sənətkara yubiley münasibətilə təbriklərini və səmimi arzularını ifadə ediblər.

Yubiley gecəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və sənət adamları, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli, Şahniyar Mikayıloğlu və digər  saz və söz ustalarının ifasında təqdim olunan aşıq havaları, poetik nümunələr və ədəbi-bədii çıxışlar gecəyə xüsusi rəng qatıb, tədbirin milli ruhunu daha da zənginləşdirib.

Aşıq Haşım Qubalının ailə üzvləri də çıxış edərək ustad sənətkara göstərilən yüksək diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.

Yubiley gecəsi ədəbi-bədii kompozisiya və musiqi proqramından sonra səmimi çay süfrəsi arxasında davam edib. Tədbir xoş xatirələr, ustad sənətkara ünvanlanan ürək sözləri və yüksək qonaqpərvərlik mühitində başa çatıb.

839201139_1550823186851929_3555937327979.jpg

825372441_1550823003518614_5978337600422169.jpg

825351807_1550823040185277_6727186059865160.jpg

MƏHƏRRƏM QASIMLININ KİTABLARI  NAXÇIVANDA TƏQDİM OLUNUB
Featured

MƏHƏRRƏM QASIMLININ KİTABLARI NAXÇIVANDA TƏQDİM OLUNUB

22.06.2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən  III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında Azərbaycan Aşıqlar Birliyi də layiqincə təmsil olunub. Tədbir çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının  müəllifi olduğu “Ozan-aşıq sənəti və ədəbiyyatı”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” və “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitablarının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında keçirilən tədbiri giriş sözü ilə NDU-nun rektoru Elbrus İsayev açdıqdan sonra, müəllif – Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı təqdim olunan kitablar haqqında ətaflı məlumat verib. Sonra Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Yusif Səfərov, Naxçıvan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli və Naxçıvan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova çıxış edərək M.Qasımlının Azərbaycan folklorşünaslığına verdiyi töhfələrdən söz açıb, təqdim olunan kitabların elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda bədii hissə olub, aşıqların ifasında müxtəlif saz havaları səsləndirilib.

Borçalı aşıq məktəbinin ünlü sənətkarı
Featured

Borçalı aşıq məktəbinin ünlü sənətkarı

15.04.2026

Hüseyn Saraçlı – 110

XX əsri, xüsusən də əsrin ikinci yarısını Borçalıda aşıq sənətinin inkişafının qızıl dövrü adlandıranlar haqlıdırlar. Bu dövr bütövlükdə Azərbaycan aşıq sənətində öz dəst-xəttinə görə seçilən çox böyük ustad saz-söz sənətkarları ilə fərqlənir. Şair Nəbi, Ağacan, Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Alxan Qarayazılı, Kamandar Əfəndiyev, fəaliyyətləri XXI əsrin ilk onilliklərində də davam etmiş Aslan Kosalı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nurəddin Qasımlı, Gülabı Xındı Məmmədoğlu və digərləri... Hər biri ayrıca bir məktəb olan ustad sənətkarlar.

Bu il sazının laylasında neçə-neçə aşıq böyüdən, neçə-neçə şairi xalqa tanıdan, insanların qəlbində sənət adlı sönməz işıq yandıran, ürəklərin dostu, könüllərin mehmanı olan Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illik yubiley ilidir. Hüseyn Saraçlı bu gün də bizimlədi – sazda, mizrabda, pərdədə, simdədi. Onun ömrü ozan ömrü, saz ömrüydü.

Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov) 1916-cı ildə Borçalıda – indiki Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. İlk dəfə kəndlisi Aşıq İsmayılın şəyirdi olub, Quşçu İbrahimdən sənətin sirlərini öyrənib, Şair Nəbi və Sarvan Bayram kimi (hər ikisi Borçalının Faxralı kəndindəndir) güclü saz-söz xiridarlarının yanında püxtələşərək, kamil el sənətkarına çevrilib.

Aşıq sənətinə əvəzsiz xidmətlərinə görə Gürcüstanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən ilk və hələlik yeganə aşıqdır.

Aşıq Hüseyn Saraçlının sənətdə öz dəst-xətti ilə seçilən 14 şəyirdi olub. Sonuncu şəyirdi aşıq-sazbənd Kövrək Muraddır. Özündən öncə və sonra gələn bütün sənət adamlarına hər zaman böyük ehtiram bəsləyən ustad sinəsində nə vardısa, əsirgəmədən, hamısını şəyirdlərinə öyrədib.

Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 16-da 71 yaşında dünyasını dəyişib. Doğulduğu Saraçlı kəndində büstü qoyulub.

Hüseyn Saraçlı klassik aşıqlardan Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər, Bozalqanlı Hüseyn və başqa sənətkarların zəngin ənənəsini ləyaqətlə davam etdirən sənətkar idi. Təsadüfi deyil ki, ondan ustadınız kim olub, – deyə soruşanda deyirdi, “ustadım birmi, ikimi, hansını deyim? Birinci ustadım Borçalı xalqı, ikinci ustadım aşıq Qurbani...”.

Onun çalğısı da söhbətləri kimi ürəyəyatımlı idi. Repertuarında “Dol hicranı”, “Qara kəhər”, “Koroğlu kürdüsü”, “Mansırı”, “Məmmədbağırı”, “Sultanı” və “Bəhməni” kimi qədim aşıq havaları mühüm yer tuturdu. Dastan söyləyən vaxt bu havalardan öz məqamına uyğun istifadə etməyi bacarırdı.

Xalq şairi Zəlimxan Yaqubun diliylə desək, o, “məhlə aşığı deyil, yurd-mahal aşığıydı, bal dilli millətimin dili bal aşığı, meydanda Qoç Koroğlu, Rüstəm Zal aşığıydı”. Onun varlığından nə qazandısa sazın ömrü qazandı, yoxluğundan isə “nə itirdi Azərbaycan itirdi”.

Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Qəmbər Hüseynli, Hüseyn Arif kimi görkəmli ədəbiyyat və incəsənət nümayəndələri zamanında Hüseyn Saraçlı yaradıcılığına yüksək qiymət vermişlər. Təsadüfi deyil ki, ona “Saraçlı” təxəllüsünü bəstəkar Qənbər Hüseynli verib. Ustad aşıq sənət zirvəsinə bu adla yüksəlib.

Şair İlyas Tapdıq ötən əsrin 70-ci illərində yazırdı: “Onun sənətkarlığı sazı, qoşma və müxəmməsləri, təcnis və gəraylıları daha yaxşı başa düşməyə, təhlil etməyə imkan verir. Məsələn, cığalı havalar adlanan “Cığalı təcnis” və “Cığalı müxəmməs” Saraçlı sazında o qədər gözəl səslənir ki, misraların düzümü, cığa misralar, “cığa səs enmələri” bütün büllurluğu, aydınlığı ilə duyulur. Bir sözlə, təcnis “Cığalı təcnis”dən, “Müxəmməs” “Cığalı müxəmməs”dən seçilir”.

İstər sağlığında, istərsə də bu gün Hüseyn Saraçlı deyəndə ilk yada düşən onun bənzərsiz dastan ifaçılığı olur. Məclislərdə dastan söyləyəndə sanki bir mahir aktyora çevrilirdi. Dastandakı personajların hərəsini öz ləhcəsində səsləndirir, dinləyicini həyəcanla intizarda saxlamağı bacarırdı. Şair İlyas Tapdığın da dediyi kimi, dastanları söyləyərkən “qəhrəmanın obrazını sazla, sözlə, səsinin müxtəlif dönümləri ilə canlandıran, xalq məsəllərindən, atalar sözlərindən yerli-yerində istifadə edən, tamaşaçı və dinləyicisində dərin hiss-həyəcan oyadan bir aşıq, sənətkar kimi əvəzsiz idi”. Çaldığı havaların ruhuna uyğun söz seçir, bəziləri kimi yersiz hərəkətlərə yol vermirdi.

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad aşıq elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil, gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda, o, həm libretto müəllifidir, həm də bəstəkar...”.

Sinəsi söz xəzinəsi olan Hüseyn Saraçlı həm də bədii yaradıcılıqla məşğul olur, aşıq şeirinin müxtəlif formalarında şeirlər qoşurdu. Sağlığında kitabı nəşr olunmasa da, onun şeirləri, söylədiyi dastan və qaravəllilər ilk dəfə 1992-ci ildə Süleyman Əfəndi (Süleymanov) tərəfindən nəşrə hazırlanaraq çap olunub. Anadan olmasının 100 illiyi ərəfəsində – 2016-cı ildə isə özünün bədii yaradıcılığı, dastan repertuarı və haqqında yazılan elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlərdən ibarət iki kitab (“Hüseyn Saraçlı” və “Nəğməli sinəmdə yüz dastan yatır”) tərəfimizdən hazırlanaraq nəşr olunub.

Bəli, o, bir dastan aşığıydı və elə bir ömür yaşadı ki, dünyasını dəyişəndən sonra özü də dillərdə dastan oldu. Haqqında məqalələr yazıldı, şəninə şeirlər qoşuldu. Ustadın vəfatı münasibətiylə yazdığı şeirdə Zəlimxan Yaqub deyirdi:

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar!
Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
Az sızılda, az inildə, az ağla!
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!!!

Zəlimxan Yaqub həmin dastanı yaratdı.

Bu il bu böyük sənətkarın anadan olmasının 110 illik yubileyidir. Bu münasibətlə doğma yurdu Gürcüstanda və Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ancaq sənətsevərlərin ustadla bağlı bir arzusu var: doğma kəndi Saraçlıda ev-muzeyinin yaradılması! Bu, ustadın ruhuna ehtiram olmaqla yanaşı, bütövlükdə ozan-aşıq sənətinə verilən qiymət, göstərilən diqqət və qayğı kimi əhəmiyyətli, həm də vacibdir.

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

https://xalqqazeti.az/az/medeniyyet/260265-borcali-asiq-mektebinin-unlu-senetkari

Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...

01.09.2026

Hər bir xalqın milli varlığını və tarixi yaddaşını yaşadan fundamental sütun onun şifahi xalq ədəbiyyatı və folklordur. Azərbaycan folklorşünaslıq məktəbində milli ruhun, ozan-aşıq ənənəsinin və etnik-mədəni yaddaşın elmi müstəvidə bərpası və təbliğində professor Məhərrəm Qasımlının müstəsna xidmətləri vardır. M.Qasımlının istər akademik-elmi fəaliyyətində, istərsə də poetik irsində milli ruh təkcə mövzu göstəricisi deyil, həm də tədqiqat və yaradıcılıq metodologiyasının əsasını təşkil edir.

Məhərrəm Qasımlının elmi fəaliyyətinin mərkəzində aşıq sənəti və ozan-aşıq təfəkkürünün öyrənilməsi dayanır. Müəllif "Ozan-aşıq sənəti" kimi monumental tədqiqatlarında aşıq yaradıcılığını sadəcə musiqi və poeziya sintezi kimi deyil, birbaşa türk millətinin dünyaqavrayış modeli kimi təqdim edir. Alimin elmi konsepsiyasında milli ruhun təzahür etdiyi əsas məqamlar bunlardır:

Etnik-mədəni yaddaşın bərpası: Qasımlı aşıq şeirinin formal göstəricilərini təhlil etməklə kifayətlənmir; qoşma, təcnis, geraylı kimi janrların arxasında dayanan qədim mifoloji və ritual yaddaşı üzə çıxarır. Türkçülük və vətənçilik ideyaları: Müəllif dastan yaradıcılığını və aşıq sənətini Azərbaycan dövlətçilik və milli kimlik şüurunun saxlayıcısı kimi qiymətləndirir. Milli dilin saflığı: Alim tədqiqatlarında folklorun Azərbaycan türkçəsinin leksik və semantik zənginliyini qoruyub saxlayan əsas mənbə olduğunu elmi faktlarla sübut edir.

Məhərrəm Qasımlı elmi fəaliyyəti ilə yanaşı, Orxan Paşa təxəllüsü ilə qələmə aldığı bədii əsərləri ilə də milli poeziyamızı zənginləşdirmişdir. Onun şeirlərindəki milli ruh folklordan gələn təbiiliklə müasir milli-azadlıq ruhunun sintezindən yaranır. Digər tərəfdən M. Qasımlının poetik yaradıcılığında milli ruhun əsas xüsusiyyətlərinin mərkəzində saz, söz müqəddəsliyi durur. Şeirlərində saz ruhun, mənəviyyatın və ilahi sevgini ifadə edən əsas vasitədir. Yurd və Vətən həsrəti, xüsusilə Qərbi Azərbaycan, Qarabağ və qədim türk torpaqlarına olan bağlılıq onun poeziyasında milli dirçəliş ideyası ilə qovuşur.

Nəticə olaraq qeyd edə ki, folklorşünas alim, professor Məhərrəm Qasımlının yaradıcılığı Azərbaycan milli ideologiyasının və elmi təfəkkürünün inkişafında mühüm mərhələdir. Onun elmi əsərləri folklorumuzu qorumaqla yanaşı, gənc nəslə milli kimlik şüurunun aşılanmasında mühüm rola malikdir. M.Qasımlı yaradıcılığındakı milli ruh xalqın keçmişi ilə gələcəyi arasında mənəvi körpü rolunu oynayır.

Rizvan Qarabağlı
Memarlıq üzrə fəlsəfə doktoru

Sumqayıtda Aşıqlar Birliyinin saz - söz tədbiri
Featured

Sumqayıtda Aşıqlar Birliyinin saz - söz tədbiri

22.05.2026

https://youtu.be/R2HTg3ddXS8

 

[bt_youtube url="https://youtu.be/R2HTg3ddXS8" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

“AZƏRBAYCAN AŞIQ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏCƏSSÜMÜ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Featured

“AZƏRBAYCAN AŞIQ YARADICILIĞINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏCƏSSÜMÜ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

15.04.2026

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə 2026-cı il aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan aşıq yaradıcılığında milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminar saz-söz ustadı Molla Cuma, görkəmli yubilyar aşıqlar Hüseyn Saraçlı (110) və Pənah Pənahovun (100) sənət yoluna həsr olunub.

Tədbir iştirakçıları əvvəlcə muzeyin aşıq sənəti guşəsi ilə tanış olublar. Qonaqlara burada nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeydə aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli saz-söz ustadları ilə bağlı guşələrin olduğunu, qiymətli eksponatların saxlanıldığını bildirib.

AAB-nin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı seminarın əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan Molla Cuma, Hüseyn Saraçlı və Pənah Pənahovun yaradıcılıq irsinin yaşadılması və təbliğinə töhfə olduğunu deyib.

MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov seminarın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, seminarın məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və vətənsevərliyi yaradıcılığında tərənnüm etmiş aşıqlarımızın irsinin tanıdılmasıdır. Vüqar Hümbətov MEMİM tərəfindən bu qəbildən tədbir və layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.

Sonra AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bənzərsiz dastan ustası – Hüseyn Saraçlı”, AAB-nin üzvü, tədqiqatçı, Molla Cumanın nəticəsi Elman Əzizovun “Molla Cumanın ədəbi irsi” və MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Pənah Pənahov yaradıcılığında aşıq və xalq mahnı üslubunun vəhdəti” mövzularında məruzələri dinlənilib.

Tədbir çərçivəsində həmçinin Əməkdar mədəniyyət işçisi, ustad aşıq Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun, eləcə də aşıqlardan Məharət Şəfili, Gəncəli Babayev, Ədalət Alməmmədov, Fikrət Cəfəroğlu və balaban ustası Ələkbər Ələkbərovun təqdimatında  bu ölməz ustadların repertuarlarından seçmə aşıq havaları tədbirə rəng qatıb. Bədii qiraətçi Azər İqrar Molla Cumanın şeirlərini səsləndirib.

WhatsApp Image 2026-04-15 at 13.10.16.jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(3).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(2).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.16(4).jpeg

WhatsApp Image 2026-04-15 at 13.10.17.jpeg

 “Aşığam, haqdan yanan çırağam”
Featured

“Aşığam, haqdan yanan çırağam”

13.07.2026

Azərbaycan Aşıqlar Birliyində daha bir layihə uğurla başa çatdırılıb. Son illərdə aşıq sənəti və ustad aşıqlarla bağlı bir çox dəyərli kitablar nəşr etdirən AAB-nin növbəti ikicildlik nəşri “Aşığam, Haqdan yanar çırağım” adlanır. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, irihəcmli toplunun birinci cildində aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin ustad aşıqlara həsr etdikləri şeirlərlə yanaşı, saz və aşıq havaları ilə bağlı da seçmə şeirlər, ikinci cilddə isə aşıqlar barədə qələmə alınmış epik şeir, nəsr və dram əsərləri yer alıb.

Burada S.Vurğun, A.Şaiq, M.Müşfiq, O.Sarıvəlli, M.H.Şəhriyar, B.Q.Səhənd, X.R.Ulutürk, B.Azəroğlu, Ə.Kərim, H.Arif, M.Günər, M.İsmayıl, Z.Yaqub və İ.Səfərli kimi görkəmli şairlərin poemaları, M.Y.Lermontov, H.Cavid, Ə.Vəliyev, M.İbrahimov, M.Hüseyn, İ.Şıxlı, İ.Muğanna, F.Kərimzadə, M.Süleymanlı, M.Aslan və digər ustad qələm sahiblərinin əsərlərindən seçmələr xronoloji ardıcıllıqla bir araya gətirilmişdir.

Antologiya bu istiqamətdə hazırlanmış ilk ədəbi qaynaqdır.

Hər iki cildin elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan nəşrin birinci cildini hazırlayanlar Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filolofiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə professor Məhərrəm Qasımlı, ikinci cildi hazırlayanlar isə professor Məhərrəm Qasımlı və tədqiqatçı Nərmin Həsənova, redaktorları Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzarə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

AŞIQ CABBAR CABBAROVUN  SƏNƏT YOLU VƏ UĞURLARI
Featured

AŞIQ CABBAR CABBAROVUN SƏNƏT YOLU VƏ UĞURLARI

18.05.2026

Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü,  IV, V və VI Aşıqlar qurultaylarının iştirakçısı, Ümumittifaq Yaradıcılıq Festivalınını laureatı, “Fəxri mədəniyyət işçisi” Cabbar Qasım oğlu Cabbarov 20 avqust 1950-ci ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib, 1969-cu ildə o zamankı V.İ.Lenin adına Pedaqoji instituta (indiki ADPU) daxil olub 1973-cü ildə həmin ali məktəbi bitirib. 

Özünün sazıyla-sözüylə 60 ilə yaxındır –  yəni 1969-cu ildən bu günə kimi  Azərbaycanın milli musiqi mədəniyyətinin təbliği sahəsində şərəflə  xidmət göstərir.       1972-ci ildə Respublika üzrə keçirilən “Oxu tar” festivalının iştirakçısı və qalibi olaraq institutun Həmkarlar Komitəsinin fəxri fərmanı və “Luç” qol saatı ilə mükafatlandırılıb.

Haqqında mətbuatda çox yazılıb. Hələ tələbə ikən – 1972-ci ildə Zahid Həmidoğlu onun barəsində “Gənc müəllim” qəzetində “Saz səsinə dayandım” sərlövhəli yazı yazıb.  “Laçın” qəzetinin 1975-ci il 12 iyun tarixli sayında isə Vəliş Əlişoğlu “Simlərin tufanı” məqaləsi dərc olunub.

1975-1977-ci illərdə keçirilən I Ümumittifaq Yaradıcılıq Festivalınını lauret diplomları (№1, №168) və laureat medalı ilə təltif olunub. Barəsində o zamankı “Kommunist” qəzetinini 1977-ci  il 26 yanvar tarixli sayında “Oxuyur aşıqlar”, məqaləsi “Azərbaycan müəllimi” qəzetinin 22 noyabr 1977-ci il tarixli sayında isə  “Telli sazın nəğməsi” adlı məqalələr dərc edilib.

Özfəaliyyət kollektivləri arasında fərqləndiyinə görə 1976-cı il aprelin 30-da Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunub. 1977-ci ildə I Ümumittifaq Yaradıcılıq festivalı laureatlarının Tacikistan Respublikasında 7 gün ərzində keçirilən yekun konsertində fəal iştirakına görə Tacikistan Maarif Nazirliyinin 22 iyun 1977-ci il 43 №-li əmri ilə Fəxri fərmanla təltif olunub və bu barədə “Laçın” qəzetinin 6 avqust 1977-ci il tarixli sayında məqalə dərc olunub.

1977 və 1980-ci illərdə ideoloji işdəki fəaliyyətimə görə  Laçın Rayon Partiya Komitəsinin fəxri fərmanları  ilə təltif olunub.

1977-ci ildə Laçın rayonunda ilk dəfə “İşıqlı” aşıqlar ansanbılını yaradıb və onun bədii rəhbərliyi ilə bu ansambl 1978-ci ildə Salyan rayonunda keçirilən gənc aşıqların II Respublika baxış müsaqibəsində (20 rayondan gəlmiş 100-ə qədər aşıqlar arasında)  və 1979-cu ildə Şəmkir rayonunda keçiirlən gənc aşıqların baxış müsabiqəsində respublika üzrə qaliblər sırasına çıxdığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyiniin və Azərbaycan Xalq Yaradıcılığı Evinin diplom və fəxri fərmanları ilə təltif olunub. Misdən döymə rəsm  əsərləri ilə mükafatlandırılıb. Bu haqda “Mədəni maarif işi” jurnalının 1979-cu ildə işıq üzü görən №1(46) sayında “Aşıq yaradıcılığına qayğı gərəkdir” sərlövhəli məqalə çap olunub. Eyni zamanda “Mədəni maarif işi” jurnalının 1980-ci il 1-ci sayında da işıqlandırılıb.

28 avqust 1980-ci ildə M.Maqamayev adına Azərbaycan Dövlət Flarmoniyasında aşıq Cabbar Cabbarovun  rəhbərliyi və iştirakı ilə Laçın aşıqlarının yaradıcılıq gecəsi keçirilib. “Sovet kəndi” qəzetinin  22 oktyabr 1980-ci il tarixli sayında bu haqda “Məclis quran aşıqlar” adlı məqalə dərc edilib.

Dəfələrlə “N” saylı hərbi hissələrdə ansamblla konsertlər verib. Bu barədə  “Laçın” qəzetinin 31 dekabr 2010-cu il tarixli sayında “Səngərdə çalınan “Cəngi” adlı məqalə dərc olunub. Onun  fəaliyyətilə  bağlı “Yeni Azərbaycan” qəzetinin 11 noyabr 2014-cü il  tarixli sayında və www.kaspi.az saytında (2010-cu il 25-27 dekabr) məqalələr verilib. Həftlik ictima-siyasi  “Diplomat” qəzetinin 16-22 və 23-29 mart 2015-ci il tarixli saylarında “Laçın rayonunun şöhrətli və ustad aşığı Cabbar Cabbarov” başlıqlı məqalələr də onun yaradıcılığına həsr olunub.

2021-ci ildə “Nəsildən-nəsilə” ədəbi-bədii, elmi-publisistik aylıq jurnalında Cabbar Cabbarovun aşıqlıq fəliyyətindən bəhs olunub, şerləri çap edilib.

2011-ci ildə “Pirsultan” elm və sənət dərgisində “Laçın rayonunun şərəfli və şöhrətli ustaq aşığı Cabbar Cabbarov” başlıqlı məqalə və müxtəlif fotoşəkilləri dərc edilib. (Müəllifi Gəncə Dövlət Univerisitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, mərhum Sədnik Paşa Pirsultanlı).

“Ədalət” qəzetinini 6 iyul 2017-ci il tarixli sayında “Aşıq Cabbarın sazı və sözü” başlıqlı məqalədə onun səmərəli fəaliyyəti işıqlandırılıb. Məqalənin müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Ozan-aşıq sənətinin bütün sahələr üzrə gənc nəslə aşılanmasında aşıq Cabbar Cabbarovun müstəsna xidmətləri var. Bunun ən başlıcası indiyə kimi 40 nəfərə qədər aşıq yetişdirməsidirki, onlardan da 20 nəfəri bu gün ustad aşıq kimi tanınır. Onlardan 3 nəfəri təssüflər olsun ki, dünyalarını vaxtsız dəyişiblər. 3 nəfər həm də Azərbaycan Yazıçılar Birliyinini üzvüdür: Adil Cəfakeş 6, Şakir Quliyev 3 və Azər Güləliyevin hərəsi 3 kitabın müəllifidir. “Qızıl Qələm” mükafatına da layıq görülüblər.

Aşıq Cabbar həm də sazbəndliklə məşğul olur, bu sənətin sirlərini 6 nəfərə  öyrədib. Onlardan Nəsimi Məmiyev, Adil Cəfakeş, Qulu Quluyev, Səfər Quluyevi, Atlıxan Alıxanovun adlarını çəkir. Onun sazbəndlik fəaliyyəti barədə Musa Nəbioğlunun “Sazımız – sazbəndimiz” kitabında  (Bakı, “Elm və  Təhsil”, 2011-ci il səh.71-73) geniş bəhs olunur.

Aşıq Cabbar  həm də  bir ustad aşıq kimi 2 saz havası bəstələmişdir: “Laçın fəryadı” və “Laçın marşı”.

Hərbi vətənpərvərlik ruhunda yazılan və tarixi həqiqətlərə söykənən  “Girov sazın dastanı” kitabı 2017-ci ildə Azərbaycan Aşıqlar Birliyinin məslhəti ilə işıq üzü görüb. AzTv-nin “Mədəniyyət” kanalında aparıcı Məhərrəm Qasımlının verilişində kitabın təqdimatı olub. Artıq 2 kitabı redaktə edilib. Birinci “Ömür yolu, ustad yolu”  kitabıdır.

Aşıq Cabbarın  şeirləri dəfələrlə AAB-nin nəşr etdirdiyi kitablarda və digər nəşrlərdə çap olunub.   Onlardan aşağıdakıları göstərmək olar:

“Aşıq ədəbiyyatı antologiyası”. Aşıq poeziyası, I cild, səh 554-557.

“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”;

“Aşıq təcnisləri”;

“Aşıq divaniləri və müxəmməsləri”

“İndi hünər meydanıdır”.

“Ozan dünyası” jurnalının 2014, 2015, 2018, 2019-cu illərdə işıq üzü görmüş müxtəlif saylarında haqqında məqalələr və şeirləri işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşr edilmiş  “Aşıq dastanları” antologiyasının 3-cü cilidində ustad aşıq Cabbarın  “Girov sazın dastanı” da yer alıb.

“Ozan” elm və sənət toplusunun IV buraxılışında (2020) Musa Nəbioğlunun  “Dərdimizin dastan düzümü” məqaləsi “Girov sazın dastanı” kitabına  həsr olunub.

2010-cu ildə dövlət səviyyəsində Taxta körpü qəsəbəsində 60 illik yubley tədbiri  mərhum Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin o zamankı sədri Zəlimxan Yaqubun,  millət vəkillərinin, Mədəniyyət nazirliyinin  məsul işçilərinin və  Laçın rayon ictimaiyyətinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub. Çoxillik səmərəli fəaliyyətinə görə Mədəniyyət nazirliyinin və Laçın rayon İcra Hakimiyyətinin fəxri fərmanına və pul mükafatına layiq görülüb. 

2014-cü ildə çoxillik səmərəli fəaliyyətinə “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif edilib.

Xatirə Bəşirli professor,  İLK AŞIQ ROMANI
Featured

Xatirə Bəşirli professor, İLK AŞIQ ROMANI

04.02.2026

Professor Məhərrəm Qasımlı mənə bir kitab təqdim etdi və soruşdu ki, sən heç aşıq haqqında roman görmüsən, oxumusan...?!

Həmən düşünürəm ki, “Koroğlu”, “Şah İsmayıl”, “Qurbani”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm” və s.və i. dastanlar əslində elə aşıqların özləri haqqında düzüb-qoşduqları aşıq romanlarıdır. Hələ böyük ozanımız Dədə Qorqudun düzüb qoşduqları bir ayrı...

Tahir Həsənli isə “Haqdan yanan çıraq” adlı romanında bilavasitə Xaltanlı Tağının həyatını romanlaşdırıb, yəni öz çapında bir ilkə imza atıb.

Xaltanlı Tağı – yəni aşıq Tağı XVIII əsrin sonu, XIX əsrin ortalarında Quba və Şamaxı şəhərləri arasında yerləşən Xaltan kəndində doğulub, Şirvan bölgəsində fəaliyyət göstərmiş bir el sənətkarıdır. Romanda aşıq Tağının babası, atası, özü və nəvəsinin həyatı Quba, Dərbənd xanlıqlarında yaşanmış ictimai-siyasi, qismən də mədəni hadisələr fonunda qələmə alınmışdır.

Əslində, bizim ədəbi ənənəmizdə az təsadüf edilsə və ya rastlanmasa da, Orta Asiya eposlarında baş qəhrəmanın hekayəsi – ömür tarixçəsi baba, ata, özü, oğul, nəvə xəttilə təsvir edilir, yəni bir soyun taleyi silsilə şəkildə təqdim edilir. T.Həsənli bu metodla, düşünürəm, Aşıq Tağının özündən əvvəl, sonra yaşamış insanların taleyi, ömrü fonunda, əslində, Dərbənd, Quba, Şamaxı, Gəncə, Ərdəbil, Amasiya və s. yerlərdə baş vermiş tarixi hadisələri, o dövrün görkəmli şəxsiyyətlərini, çarizmin yerlərdəki amansız siyasətinin yerli xalqların taleyinə faciəvi təsirlərini həm də sərgiləmək üçün gərəkli tutalqa olmuşdur.

Mütləq qeyd edilməlidir ki, roman tarixi hadisə və tarixi şəxsiyyətlərlə yanaşı, Dərbənddən Ərdəbilə, Tehrana, Gəncə, Amasiya və s. şəhərlərin coğrafiyası, etnoqrafiyası haqqında məlumat, adət-ənənə, dil və s. təsviri, tanıtımı baxımından zəngin məxəz kimi maraq doğurur. Romandakı hadisələrin vüsəti epik genişlik, romançılığa xas səbirli təhkiyə, təbiət təsvirləri, obrazların lirik, psixoloji aləmi diqqətlə izlənilir.

Aşıq Tağının Haqq aşığı olduğuna oxucusunu inandırmağa çalışan roman müəllifi epos qəhrəmanlarına xas, xarakterik olan buta alma, yuxugörmə, ürəyə damma-öncəgörmə kimi motivlərdən ustalıqla istifadə edə bilmişdir.

Romanın bir yerində müəllif yazır ki, kiçik Tağı uzun müddət yuxu yatır, nənəsinə yuxu gördüyünü söyləyir: “Nənə, yuxu gördüm, uzun bir yol gedirəm. Babamdan da qoca, ağ saqqallı bir kişi mənə dedi ki, oğul, qorxma, get oxu, ucadan oxu, qoy səsini hamı eşitsin, səsin səni qoruyacaq. Mən bilmədiyim, əzbərləmədiyim sözlər oxuyurdum...” (s. 38) babası Tağınını yadına salır ki... “Yadındadır, balaca olanda bir gecə tapılmadın, tapılanda dedin ki, ağ saqqallı, ağ donlu bir kişi mənə sazı uzadıb dedi ki, al çal, oğul, xalqını düz yola çağır...” (s. 73)

Aşıq Tağının ömür hekayəsinə həsr olunmuş kitabda epos ənənəsindən gələn digər motivlərə də sıx-sıx rast gəlinir. Belə motivlərdən biri baş qəhrəmanın ölümünü hiss etməsidir: “Tağı kədərlə dolmuş ürəyini sözlərlə boşalda bilməyəcəyini görüb, son dəfə yanıqlı bir nalə çəkərək oxudu... Molla Osmanı çağırtdırıb dedi: – Osman, mən də gedirəm... bu körpələri göydə Allaha, yerdə sənə tapşırıram... Bu sözlərdən sonra o, yerinə uzandı... bir neçə dəfə kəlmeyi-şəhadətini təkrarladı. Yuxuya gedirmiş kimi, gözlərini yumdu”. (s. 182)

Romanda epos, dastanlarımızda yer alan aşığın sınağa çəkilməsi motivindən məzəli bir şəkildə bəhrələnmə var: “Qudyalda toy məclisindən əvvəl qızlar aşıqla əylənib, onu sınağa çəkmək istəyirlər: – “Aşıq, bu, mənim nənəmdir, gəlsənə, ona bir tərif deyəsən?

Aşıq Tağı bu üz-gözünü qaraldan, çadraya bürünən qadını duruşundan, bədən quruluşundan nənəyə oxşatmır, hiss elədi ki, qız onu sınağa çəkir. Aşıq işini bildi, oxudu:

O hilal qaşların bəndəvanıyam,

Gözlərin məstanı üzdü canımı.

Əqlimi başımdan tarimar edər,

Baxdı yanı-yanı, üzdü canımı.

– Aşıq, mən bilməmişəm, nənəm belə gözəldir.

Aşıq Tağı çadralı qızın daha da büründüyünü görüb, oxudu:

Mən sevmişəm gözlərinin ağını,

Onunçun çəkirəm iştiyaqını.

Necə bulud kəsə Ay qabağını,

Yar oldu pünhanı, üzdü canımı...” (s. 78-79)

Çadrası açılanın, doğrudan da, nənə deyil, gözəl bir qız olduğu bəlli olur.

Romanı canlı, oxunaqlı edən məqamlardan biri də toylarda aşıqların deyişməsidir. Aşıq Tağının oğlunun məclisində aşıq Haşım və aşıq Orucun, elə Aşıq Tağının “Arvadların bəhsi”nə aid şeir ətrafındakı şeirləşmələri maraq doğurur:

Aşıq Haşım:

Adəm övladıyam, sayılar adım,

Ucaldar ərini ağıllı qadın.

Rəhmətlə anılar nəslim, övladım,

Ata-anama hörmətim var mənim.

Aşıq Oruc:

Mən bəlayam, yaxşılığım deyilməz,

Əskik etdim əri, adı sayılmaz.

Tay tayını tapar, heç vaxt ayrılmaz,

Şər böhtanlı soz-sohbətim var mənim.

Aşıq Tağı:

Tağı deyər, boş höcətdən hay olmaz,

Hər çirkindən yaxşılara tay olmaz.

Arvad pissə, kişisindən bəy olmaz,

Yüz də desə, aş-çörəyim var mənim. (s. 173-174)

 Tahir Həsənlinin “Haqdan yanan çıraq” romanı, Xaltanlı Tağının yaşadığı dövrün şəxsiyyətləri, onların həyatı, fəaliyyəti, el qarşısında xidmətlərini bədii üslübda tanıtdırmaq yöndən də qiymətli məlumatlar sunmaqdadır. Molla Qasım, Abbasqulu ağa Bakıxanov, Şeyx Şamil, Molla Nur, Kürdəmirli Mövlanə İsmayıl Şirvani, həmin dövrdə Dərbənd, Quba, Şamaxı şəhərlərində yaşayan, mədrəsələrdə dərs deyən, el arasında böyük hörməti, nüfuzu olan Abdulla Əfəndi, Mirzə Əli Əfəndi, Əmir Əli kimi müəllim və üləmalar, Quba xanı Şeyxəli xan, Məhəmməd Yaraqlı və b. Çox maraqlı faktdır ki, mədrəsədə aşıq Tağı, Şamil (Şeyx Şamil), Məhəmməd, Həmzət, Abdulla kimi məşhur şəxsiyyətlərlə bir təhsil almışdır. Romanda aşıq Tağının Şeyx Şamillə bağlı maraqlı xatirələri də qələmə alınmışdır. Diqqətə çatdıraq ki, bu xatirələr nə qədər xəyal ürünü olsa da, müəllifin o coğrafiyadan olması, ağsaqqallarla, yaşlı ziyalılarla tanışlığı, eşitdikləri bu böyük şəxsiyyətlər haqqında yazdıqlarını həqiqət donunda təqdim etməsinə mötəbər tutalqa rolu oynamışdır.

 Romanda Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq mübarizəsinin yerli xalqlar arasında nə qədər dəstəklənməsi, o azadlıq mücahidinin parlaq həyatının müxtəlif dönəmləri, müridləri böyük sevgi, vətənsevərliliklə təsvir edilir. “Dərbənd Dağıstanının müxtəlif dillərdə danışan kəndlərinin əhalisi azadlıq eşqi ilə Şeyx Şamilin ətrafında birləşərək, azğın düşmənə qarşı cəsarət və mərdliklə vuruşurdu. Rusları dəfələrlə məğlubiyyətə uğradıb, iyirmi minlik qoşun yarada bilmişdilər...” (s. 98). “Şamil çox savadlı adamdır, böyük kitabxanası var” (s.99).

Şamilin adı ilə bağlı T.Həsənli maraqlı bir detalı da romanında nağıl edir. Qədim türk inanclarında, (nağıl, dastanlarımızda tez-tez rast gəldiyimiz) bir ailənin yeni doğulan uşaqları ard-arda dünyasını dəyişəndə sonradan doğulan uşağın əsl adını gizlədib, ona və ya tez-tez xəstələnən uşağa ikinci ad verərmişlər ki, Əzrayıl, pis ruhlar onu tanıya bilməsin... “Şamilin əsl adı Əli olub, uşaqlıqda ağır xəstələndiyi üçün adını dəyişib Şamil qoyublar (s. 99).

“Haqdan yanan çıraq” romanında Abbasqulu ağa Bakıxanovun təşəbbüsü ilə yaradılmış “Gülüstan” şeir məclisləri, orada iştirak edən həmin coğrafiyanın ünlü, yeni başlayan şairlərinin fəaliyyətləri xatırlanır. Eyni zamanda A.Bakıxanovun “Əmir Əli əfəndi ilə birlikdə Kəbə ziyarətindən qayıdarkən fani dünyanı tərk etməsi” yada salınır (s. 137).

“Abbasqulu ağa ilə birgə bir məclis təşkil etmişik. Adını da qoymuşuq: “Gülüstan”. Məlum olur ki, məclisin adı elə A.Bakıxanovun “Gülüstani-İrəm” tarixi əsərinə uyğun seçilib. “Eşitmiş olarsan, Abbasqulu ağanın bu yerlərin tarixinə aid qiymətli kitabı var: “Gülüstani-İrəm”. Biz tez-tez yığışıb dini, elmi mövzuda söhbətlər edirik” (s. 81).

Bu məclislərdə aşıq Tağı, Abdulla Əfəndi, Əmir Əli, Məhəmməd Yaraqlı, Mirzə Əli Əfəndi və başqaları şeirlərini oxuyardılar, fikirlərini bölüşərdilər. Romandan öyrənirik ki, belə məclislərin birində Abdulla Əfəndi aşıq Tağıya bir bükülü hədiyyə edir: “Tağı, bu kitabı sənə hədiyyə gətirmişik. Abbasqulu ağanın “Gülüstani-İrəm” əsəridir. Üzünü mən köçürmüşəm, bizdən yadigar olsun”(s. 126).

Romanda dövrlə, dövrün tarixi, ədəbi şəxsiyyətləri, hadisələri ilə bağlı maraqlı, diqqətəlayiq məqamlar boldur. Oxucularda maraq yaradacaq bir detalı da təqdim etmək yerinə düşər. Dərbənddən Şamaxı ellərinə qədər məşhur olan Molla Nur haqqında romanda çox dəyərli məlumatlar yer alır. Müəllif onun dürüst, qoçaq, ədalətli, əliaçıq olduğunu sərgiləyən əhvalatlarla da oxucunu tanış edir. Onu, on qızıla satan Bağırı, tapançasına qızıl pul qoyub öldürməsi, Təngə dərəsində Molla Sadığı ifşa edərkən onun dondan-dona düşməsi, rus yazıçısı Bestujev-Marlinski ilə görüşməsini maraqlı dillə nağıl edir, qeyd edir ki, bu hekayələr indiyə qədər xalqın yaddaşında yaşamaqdadır (s. 117).

Maraqlıdır ki, yazıçı, Molla Nurla Tağını da əsərində qarşılaşdırır. Çar hökümətindən gizlənən Molla Nur sevimli xanımı Gülşadla dağlarda gizlin yaşayırlar: “Al bu xəncəri, məndən sənə yadigar olsun. Bunu mənə bir azadlıqsevər rus yazıçısı vermişdi... Qoy bu xəncər həmişə bizim görüşümüzü xatırtlatsın” (s. 120).

Məlum olur ki, vaxtilə Molla Nur Bestujev-Marlinski ilə görüşmüş, yazıçı, onun haqq mücadiləsini dəstəkləməyin nişanəsi kimi, ona gözəl bir xəncər bağışlayıbmış. Molla Nur da həmin xəncəri o dövrdə aşıqlığı ilə ətraf bölgələrə səs salan, hörmət qazanan aşıq Tağıya ərməğan edir. Həmin görüşdə aşıq Tağı Molla Nurun həyat yoldaşı Gülşad xanımı belə tərif edir:

“Başına döndüyüm, a Gülşən xanım,

Can içində cana vermərəm səni.

Yığsalar dünyanın varın, dövlətin,

Qoysalar bir yana, vermərəm səni.

– Aşıq, dediklərin düzdür, amma Gülşən yox, Gülşad xanım. Eybi yox, davam elə.

Dağlar maralısan, düzlərə ceyran,

Ordubad, Naxçıvan boyuna qurban.

Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan,

Küllü Dağıstana vermərəm səni. və s. və i. (s. 122, 123)

Aşıq Tağının yaradıcılığından gözəl örnək olan bu qoşma nümunəsi aşığın xalq yaradıcılığına, dastanlara bələdliyini, el ədəbiyyatından yaradıcı bəhrələndiyini sübut edir. Bu yerdə “Vermərəm səni” rədifli qoşma “Koroğlu” eposunda Qıratın tərifi səhnəsini yada salır.

Romanda önəmli tarixli şəxsiyyət olan Kürdəmirli Mövlanə İsmayıl Şirvani haqqında məlumat da dəyərlidir. Çar Rusiyasının sürgünə məcbur etdiyi böyük şəxsiyyət Türkiyəyə köçmək, sonra da Almaniyada yaşamaq zorunda qalır. Tahir Həsənli, “Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvanini, İslam tarixində fəlsəfi fikrin formalaşmasında mühüm rol oynamış, Nəqşibəndiyyə məktəbini təlim edən ilk Şeyx” kimi təqdim edir (səh. 134).

Aşıq Tağının Amasiyaya gəlib, bu böyük düşüncə adamı ilə görüşmə səhnələri romanın ən yaddaqalan hissələrindən biridir. Məlum olur ki, Qafqaz canişini Yermolov, Şeyxin özünü, sayı günbəgün artan müridlərini Rusiyanın ucqarlarına, digər ölkələrə sürgün etmişdir. Şeyxin dililə yazıçı oxucusuna belə bir fikir də təlqin edir ki, müridizm proqramı, əslində, Nəqşbəndiyyə təriqəti əsasında yaradılmışdır. (səh. 136).

Romandan bəlli olur ki, Xaltanlı Tağını – aşıq Tağını yetişdirən mühit, tarixi-siyasi hadisələr, ədəbi-tarixi simalar, səyahət etdiyi diyarlar əlbəttə ki, onun dünyagörüşünün, ədəbi zövqünün formalaşmasında əsas göstəricilərdəndir. Aşıq Tağı kimdir? Özü belə deyir ki, “mənim atam türk, anam tatdır” (s. 147). O, mollaxana təhsili ilə kifayətlənməyib, dövrünün, bölgənin ən ünlü mədrəsəsində dini təhsillə yanaşı, dünyəvi fənləri mükəmməl mənimsəyib. Molla Qasımı sevib, əsərləri ilə tanış olub, hətta aşıq şeirlərini onun təsiri ilə yazdığını söyləyənlər də var. Dövrünün elm adamı, nüfuzlu şəxs Abdulla əfəndi Tağıya deyir ki: “Tağı, səndə Molla Qasımın təsiri də görünür.” (s. 127)

Əsərdə yazıçı, Tağının dili ilə, Şirvan aşıq mühitini – onun nümayəndələrini tanıdığını, Şirvan aşıq ənənələrindən bəhrələndiyini yazır. “Mən və bizdən əvvəl fəaliyyət göstərmiş şirvanlı Dədə Kərəm, Dədə Yedgar, Mövlanə Şirvani, Sədi Şirvanlı, Ağahəsən Pirsaatlı, Sübhan xan Alpanlı və başqaları da Molla Qasım ənənələrini yaşatmışlar” (s. 129). Yəni dolayısıyla aşıq Tağı da Şirvan aşıq mühitindən, məktəbindən su içmiş, o ənənələr üzərində boy atmışdır:

Hanı mülkün, hanı malın,

Hanı etdiyin xəyalın?

İndi necə keçir halın,

Təki-tənha bu mənzildə?

Kimi alim, kimi hafiz,

Kimi xətib, kimi vaiz,

Kimi müxlis, qəlbi təmiz,

Pak müsəlman bu mənzildə (s.128).

 Yeri gəlmişkən, oxucuların diqqətinə çatdırım ki, dəyərli müəllim, ziyalı və araşdırmaçı Tahir Həsənlinin “Xaltanlı Tağı” adlı monoqrafiyası da var. Bu məlumatı professor Ramazan Qafarlı həmin kitaba yazdığı Ön sözdə vurğulayır.

Tahir Həsənli və professor R.Qafarlı da təsdiq edir ki, aşıq Tağı – (XVIII əsrin sonları – XIX əsrdə) Qubada doğulub (1776-1890), fəaliyyət göstərmiş, orada da vəfat etmişdir. “Şirvan aşıq məktəbinin qurucusudur.” Romandan yuxarıda sitat gətirdiyim mətndən də bəlli olduğu kimi, Şirvan diyarında – Dəmirqapı Dərbənddən Gəncə qapılarınadək böyük bir coğrafiyada uzun əsrlər aşıqlar mövcud olmuş, xalq içində tanınmış, sevilmişdir.

Ən azından Molla Qasımı xatırlamaq, onun təsiri ilə çoxsaylı Şirvan aşıqlarının yetişdiyini yada salmaq vacibdir. T.Həsənli də, Xaltanlı Tağının Molla Qasımın ənənəsindən yararlandığını, əsərlərinə təsirinin böyük olmasını iftixarla söyləyir. Deməyim onda ki, Xaltanlı Tağıya qədər artıq Şirvan aşıq məktəbi – mühiti (bilirəm fərqli məvhumlardır – X.B.) mövcud idi. Olanı yenidən inşa etmək necə ola bilər? Əlbəttə, əsrlərlə mövcud olmuş və var olan Şirvan aşıq məktəbinin görkəmli, istedadlı nümayəndələrindən biri də elə aşıq Xaltanlı Tağıdır. Aşıq şeirinin əllidən artıq növündə istedadını sınayan aşıq Tağı bu məktəbin gəlişməsində, yaşamasında, mövzu baxımından yenilənməsində dəyərli əmək sərf etmişdir. Aşıq Tağının qoşmalarının daha çox yaşadığı Quba və ətraf bölgələrdə yayğın olduğunu, sevildiyini vaxtilə folklorşünas alim professor Azad Nəbiyev, ayrıca aşıq Xaltanlının həyatı, yaradıcılığına elmi iş həsr etmiş folklorşünas Ağalar Mirzə də qeyd etmişdir.

Doğma dili – Azərbaycan dili kimi, tat, ləzgi dillərini də mükəmməl bilən aşıq Tağı əsərlərini Azərbaycan türkcəsində qələmə almışdır. Bir çox şeirlərində ləzgi, tat sözlərindən də istifadə etmişdir. Romandan aydın olur ki: “Babası türkcə, nənəsi ləzgicə, anası tatca şeirlər öyrətməyə çalışırdılar... Tağı çətinlik çəkmədən öyrənirdi” (səh. 36).

Yeri gəlmişkən, romanda, Dərbənddən Şamaxıya qədər əhalinin ortaq danışıq dilinin Azərbaycan dili olduğunu yazıçı qeyd edir: “Dağlıların müxtəlif dillərdə danışmalarına baxmayaraq, hamı bir-biri ilə türkcə ünsiyyət qururdu” (səh. 99). Şamil (Şeyx Şamil – X.B.), Həmzət, Abdulla və b. ünlülərin təhsil aldığı mədrəsədə şeir məclisləri keçirirdilər. Tağı da aşıqsayağı şeirlərini söyləyərdi. Mədrəsədə ümumi anlaşma dili kimi türkcədən istifadə olunurdu. Şeirlər daha çox türk dilində söylənilirdi (səh. 53).

T.Həsənlinin romanı XIX əsr Azərbaycanın, əsasən, şimal coğrafiyasının tarixi, etnoqrafiyası, mədəniyyəti, əhalisi haqqında müəllifin əldə etdiyi məlumatların, oxuduqlarının daha çox bədii təxəyyülüdür. T.Həsənli romanında Aşıq Xaltanlı Tağının səyahət coğrafiyası xəttilə Amasiya, Həştərxan, Dərbənd, Ərdəbil, Gəncə, Şamaxı şəhərlərinin tarixi, mədəniyyətinin dövrü üçün durumunu nağıl edir. Ərdəbili belə canlandırır: “Ərdəbilin bazar meydanının qarşısında yerləşən Şeyx Səfi türbəsi uzaqdan öz gözəlliyi, əzəməti ilə diqqəti cəlb edirdi... türbənin fasadının nəfis kaşı işləmələrlə bəzədilməsi, bəzəkli baş tağları və daşlarla döşənmiş hovuz, səkkizbucaqlı məscid, onun yanındakı Şeyx Səfi türbəsini görəndə Tağını anlaşılmaz bir hiss bürüyürdü. ... Məscidə bitişik “Çinixana”dakı zəngin kitabxana, dövründə çox məşhur idi. Üç əsr əvvəl toxunmuş və böyüklüyü, gözəlliyi ilə bərq vuran “Şeyx Səfi” xalçası Tağını heyrətləndirdi” və s. və i. (səh. 142; 149).

Aydındır ki, müəllif roman qəhrəmanı aşıq Tağının dili, gözü ilə Ərdəbilin tarixi, dəyərli memarlıq incisi olan Şeyx Şəfi məqbərəsini, xalçasını bir daha, bir daha oxucusunun yadına salır.

Romanda Həştərxan şəhərinin tarixi ilə bağlı məlumatlar da maraq doğurur: “Üç yüz il əvvəl (aşıq Tağı 1800-cü illərdə Həştərxanda olub, yerlilərdən bu məlumatları toplaya bilib) ruslar tərəfindən işğal olunmuş bu vilayət uzun müddət Həştərxan xanlığı olmuşdur. İşğaldan sonra da hakimiyyət tatarlarda olmuşdur... Hələ 500 il əvvəl indiki şəhərin yaxınlığında tatar kəndi Hacı Tərxan olmuş, ticarətin genişlənməsi kəndi böyük şəhərə çevirmişdir. Hacı Tərxan da gəlmələrin dilində Həştərxan kimi səslənmişdir” (səh. 87).

Aşıq Tağı istər aşıqlığı, istər digər işləri ilə bağlı dəvət edildiyi, yolu düşdüyü şəhərlərdə olarkən, o yörələrin tarixi və mədəniyyəti ilə maraqlanmış, öyrənmiş, yeri gələndə şeirlərində vəsf və təsvir etmişdir:

“Şirvanın şöhrəti, şirin dili var,

Şəkinin mancanaq mədaxili var.

Salyanın aləmə bəlli kürü var,

Suda cələ qurur, ilişir heyvan...

Hər yerdə sayılır Gəncənin daşı,

Qarabağın çayı, çörəyi, aşı,

Zübtədün əyan, gələndə mehman”. (s. 133)

Və ya Qubanı belə vəsf edir:

Xaliq xəlq edəndə cümlə-cahanı,

Xoş yaradıb bu torpağı, nə gözəl!

Dəlisov çayları, şərbət suları,

Çəməni, çölləri, dağı nə gözəl! (s. 171).

Romanı oxuyarkən oxucunun sürəkli qarşılaşdığı məqamlardan biri də obrazların dilində bolluca yer alan atalar sözləri və məsəllərdir. Bir cəhəti xatırladım ki, yazıçının obrazları istər türk, ləzgi, tat, tatar olsun, Azərbaycan folkloruna xas atalar sözləri və məsəllərlə danışırlar, bu elementlər romanın dilini bəzəyir, hadisələrin düzgün qavranılmasına yardımçı olur:

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya zurnaçıya”, “Könül sevən göyçək olar”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Axmaq küçük qaysamadan pay umar”, “Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar, gedər”, “Özgə danası saxlayanın çatısı əlində qalar”, “Sən saydığını say, gör fələk nə sayır”, “Yetimə bir verərsən, bir də dilər, yatmağa yer də dilər”, “Qız yükü, duz yükü”, “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir, deyiblər”, “Mollanınkı vayla, aşığınkı toyla, deyiblər”, “Gəlin ocağa, dana bıçağa”, “Səhərin qızartısı axşama vaydır, axşamın qızartısı sabaha toydur, deyiblər”, “Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol”, “Min dərd varsa, min bir dərman da var”, “Ərlə arvadın torpağı bir yerdən götürülür”, “Su çanağı suda sınar”, “Taylı tayın tapmasa, günü ah-vayla keçər”, “qonağı olmayan evin bərəkəti olmaz”, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”, “Yüz fikir bir borcu ödəməz” və s. və i. kimi onlarla xalq deyim və hikmətli sözləri roman boyu mətni maraqlı, oxunaqlı edir.

Romanda eyni zamanda el adət-ənənələri – toy, qız bəyənmə, elçilik, nişan, xına, gəlin aparma, üzəçıxma və s. və i. rəngli, maraqlı səhnələrlə təsvir edilmişdir. Bu mərasimlərin diqqətçəkən mühüm xüsusiyyəti, o bölgələrdə yaşayan dil ayrılığı olmasına rəğmən xalq adətlərinin, xeyir-şər məclislərinin eyni format və məzmunda olmasıdır: “Şirinçaylar süfrəyə gətirildi... tərkibi, rəngi müxtəlif olsa da, qarışandan sonra ayrılması mümkün olmayan bir hala gətirib içərək bu qohumluğu bir daha şirinliklə qəbul etdiyini bildirdi” (s. 68).

Gəlinin bəy evinə gətirilməsindən sonra “Üzəçıxdı”, il tamamında gəlinin ata-anasının “Ayaqaçdı” süfrəsi ilə qonaqlanması kimi rəmzi, amma mənalı əxlaq yükü daşıyan ailə sisteminin təsiri və təbliği razılıq doğurur. Gəlinin ata-anasının da bu evə bir il tamamında gəlişi, yeni gəlinin yeni gəldiyi evə uyuşması, uyğunlaşması üçündür (s. 69).

Ailədə yenidoğulan uşaqla bağlı qurban kəsilib, qohum-qonşuya paylanması, uşağın yeddisi çıxan günü, evin ağsaqqalının – babanın ad qoyması kimi el adətləri sadə, amma ehtiramla nağıl edilir. XIX-XX əsrin əvvəllərinə qədər toylarımızın bəzəyi olan bəy süfrəsinin açılması, pəhləvanların güləşməsi, igidlərin at yarışına çıxmaları ötən-keçən milli toylarımızın əks-sədaları kimi canlandırılır.

Toyların dəm-dəsgahla keçirilməsi romanda geniş təfərrüatla təsvir edilməkdədir: “Yeyib-içib doyan adamlar gecə, aşıqdan dastan dinləməyə yığışmışdılar. Həyətin bir tərəfində... palaz, xalça atıb qadınlar, kiçik uşaqlar əyləşmişdilər. Aşıq Xaltanlı Tağı sazı qoltuğunda məclisə girdi... üzünü ağsaqqallara tutub salamlaşdı” (s. 104).

Müəllif Tahir Həsənli qeyd etdiyim kimi, milli toy adət-ənənələrimizin ən kiçik detallarını, ritual-mərasimlərini böyük həvəs, səbirlə oxucusunun diqqətinə çatdırmağa, yada salmağa, köklərimizi unutmamağa səsləyir, bir növ dünənlə bu günə körpü olmaq missiyasında çıxış edir.

Romanda aşıqların toylarda dastan söyləməsi, toyda sazəndələrə nisbətdə aşıqlara xüsusi önəm verilməsi diqqətdən yayınmır. Aşıqların yarışması, sınağa çəkilməsi, bir gəncin aşıqlığa addımında kamil aşıqlardan xeyir-dua alması da yada salınır. Maraqlı detal kimi T.Həsənli, Tağı Xaltanlının 70 yaşlarında ikən oğlu Sədinin adına “Sədi və Güllü” dastanını bağladığını diqqətə çatdırır (s. 176). Romanda Xaltanlı Tağının oğlu Sədiyə kömək məqsədilə Şeyx Şamilə məktub formasında yazdığı şeir də, fikrimcə, dəyərli örnəklərdəndir:

Sahibi-dövlətsən, əhli-səxavət,

Qurbanı olduğum, Şamil əfəndi.

Sərdarı-vilayət, əhli-qazavat,

Nəcabətli sultan, Şamil əfəndi.

Dilin zikirdədir, töhfi-taətdə,

Həmi mərifətdə, həm nəcabətdə,

Şəri-şəriətdə, ürfü-adətdə

Olmaz sənin kimi kamil, əfəndi (səh. 109).

Beləliklə, romandan alınan əhəmiyyətli sonuc odur ki, bir ailənin timsalında – baba – Mövlamqulu, oğul İsmayıl, nəvə – Tağı (aşıq Tağı Xaltanlı); nəticə – Sədi; kötücə – kiçik Tağı – yazıçı, XVIII-XIX əsr Azərbaycanın Şirvan mahalının əsasən şimal bölgələrindəki kəndlərin, əhalinin yaşamını, o dövrün siyasi, ictimai, mədəni hadisələri fonunda ustalıqla qələmə almışdır. Çar Rusiyasının yerlərdəki işıqlı, savadlı, nüfuzlu ailələri, adamları min bir bəhanə ilə məhv etməsi, sürgünlərə göndərməsi və el içində irticaya qarşı yaradılan xalq etirazlarının, üsyanların, baş verməsini diqqətə çatdırır. O dövrün nəinki Dağıstan ərazisində, ümumən çar imperiyasının sınırları daxilində bu üsul-idarəyə qarşı uzun illər mübarizə aparan, geniş etirazçıları, üsyançıları əhatə edən möhtəşəm Şamil hərəkatı, onun qəhrəman müridlərinin xatirəsinin, igidliklərinin anılması da romanın dəyərli məziyyətlərindəndir. Bu coğrafiyada iç-içə yaşayan, müxtəlif dillərdə danışıb bir dinə tapınan millətlərin xeyir-şərdə, mübarizələrdə yumruq kimi birləşmələri, qız alıb, qız vermələri, qaynayıb-qarışmaları, özəlliklə canlı hadisələr, obrazlar timsalında qələmə alınmışdır.

Dəyərli müəllim, gözəl ziyalı, yazar Tahir Həsənlinin Şirvanlı – Xaltanlı Aşıq Tağıya həsr etdiyi “Haqdan yanan çıraq” romanı yuxarıda sadaladığım dəyərli məziyyətlər və “Bir əlimdə sazdır, birində qələm”, deyən Xaltanlı Tağını tanıtmaq, yaşatmaq baxımından dəyərli bədii əsərdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
Featured

ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB

09.07.2026

2026-cı il iyulun 8-də Azərbaycan Aşıqlar Birliyində “Ədalət” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Faiq Qismətoğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Faiq Qismətoğlunun keçdiyi ömür yolundan və yaradıcılığından söz açıb, yubilyarı 50 il bundan əvvəldən – hələ tələbəlik illərindən tanıdığını, elə o zamandan da aralarında səmimi və doğma münasibət yarandığını vurğulayıb, onu yüksək insani keyfiyyətləri ilə fərqlənən bir qələm adamı, işıqlı ziyalı kimi dəyərləndirib.

Aşıqlar Birliyinin katibi və eyni zamanda “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu 70 illik ömrünün əlli ildən çoxunu Azərbaycan mətbuatının inkişafına həsr edən yubilyarın bir jurnalist kimi peşəkarlığını və jurnalist etikasına böyük önəm verməsini,  aralarındakı dostluq münasibətlərini xüsusi ilə vurğulayaraq onu bu günkü mətbuatımızın abırı kimi dəyərləndirib.

AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Altay  Məmmədli də yubilyarı təbrik edərək ünvanına xoş sözlər söyləyib.

Çıxışlarda həmçinin o da vurğulanıb ki, Faiq Qismətoğlunun aşıq sənətinin təbliği istiqamətində də böyük xidmətləri var. Həm Azərbaycan Aşıqlar Birliyi, həm də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi ilə davamlı əməkdaşlıq edərək hər iki təşkilatın həyata keçirdiyi tədbirlərin respublika mətbuatında işıqlandırılmasında yaxından iştirak edir.

Sonda AAB-nin sədri Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin fəxri üzvlüyünə qəbul olunması münasibəti ilə Faiq Qismətoğlunu təbrik edərək üzvlük biletini təqdim edib.

Yubilyar həmçinin həm Azərbaycan Aşıqlar Birliyi, həm də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin “Fəxri diplom”ları ilə təltif olunub.

Faiq Qismətoğlu ünvanına deyilən xoş sözlərə və “Fəxri diplom”lara layiq görüldüyünə görə hər iki təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib.

WhatsApp Image 2026-07-09 at 09.16.07(2).jpeg

WhatsApp Image 2026-07-09 at 09.16.07(3).jpeg

WhatsApp Image 2026-07-09 at 09.16.07.jpeg

“CƏNGİ” SAZÇI FOLKLOR QRUPUNUN NÖVBƏTİ UĞURU
Featured

“CƏNGİ” SAZÇI FOLKLOR QRUPUNUN NÖVBƏTİ UĞURU

16.04.2026

Abşeron-Xızı Regional Mədəniyyət idarəsi, Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin saz ixtisası üzrə müəllimi Nurlan Məmmədlinin bədii rəhbəri olduğu “Cəngi” sazçı folklor qrupu son illərdə beynəlxalq və respublika miqyaslı bir sıra festivallarda uğurla çıxış edir.

Qrupun son uğurlu çıxışı Öszbəkistanda olub. 2026-cı il mart ayının üçüncü ongünlüyündə bu ölkənin Xarəzm vilayətindəki Xivə şəhərində keçirilən “Khiva art fest-2026” beynəlxalq müsabiqədə iştirak edən “Cəngi” sazçı folklor qrupu Qran-pri mükafatı ilə,   həmin məktəbdə saz ixtisası üzrə təhsil alan 1-ci sinif şagirdi Nuray Əliyeva və 3-cü sinif şagirdi Səməndər Qurbanzadə isə 1-ci dərəcəli diplomla təltif olunub.

 

WhatsApp Image 2026-04-16 at 11.39.03(3).jpeg

WhatsApp Image 2026-04-16 at 11.39.03(2).jpeg

WhatsApp Image 2026-04-16 at 11.39.03.jpeg

16042626.jpg

USTAD AŞIQ HÜSEYN ƏZİZOĞLU VƏFAT EDİB
Featured

USTAD AŞIQ HÜSEYN ƏZİZOĞLU VƏFAT EDİB

29.01.2026

Azərbaycan aşıq sənətinin çağdaş ustad sənətkarlarından olan Hüseyn Əzizoğlu vəfat edib.

Hüseyn Əziz oğlu Hüseynov 1947-ci ildə Ağstafa rayonunun Göyçəli kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən aşıq sənətinə böyük maraq göstərib, rayonda keçirilən tədbirlərdə çıxış edərək fəxri diplom və qiymətli hədiyyələrlə təltif olunub. Sənətin sirlərinə dərindən bələd olmaq üçün 1965-1968-ci illərdə ustad aşıq Aslan Aslanovun yanında şəyird olub. Ağstafada fəaliyyət göstərən Aşıq Alı adına “Dastan” ansamblında çıxış edib. Klassik aşıq sənətinin mükəmməl bilicilərindən biri kimi tanınıb.

Ustadların yaradıcılığını, klassik saz havalarını və dastanlarımızı mükəmməl bilən Hüseyn Əzizoğlu 1983-cü ildən Ağstafa mədəniyyət evində saz müəllimi və metodist kimi də fəaliyyət göstərib, 10 şəyird yetirib. 2017-ci ildə Mədəniyyət nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.

Hüseyn Əzizoğlu eyni zamanda sazbəndliklə də məşğul olub, bu sənətin sirlərini usta Məhəmmədəli, Usta Xudu və Kamildən öyrənib.

Ustad sənətkar Hüseyn Əzizoğlunun əziz xatirəsi sənət dostlarının, onu tanıyanların və doğmalarının yaddaşında əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

 

 

1 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ