AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Ustad aşığın şeirlər kitabı nəşr olunub
Featured

Ustad aşığın şeirlər kitabı nəşr olunub

30.10.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur.

AAB-dən AZƏRTAC-a bildirilib ki, bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. Belə ki, ustad aşığın saz-söz ictimaiyyətinə sənət ərməğanı kimi bu günlərdə işıq üzü görən “Könüllər oxşayar sözü aşığın” adlı kitabda ustad aşığın gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr də yer alıb.

Xatırladaq ki, Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi olan aşıq məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilməsi ilə yanaşı, həm də çoxlu dastan və rəvayətlər bilməsi ilə məşhurdur, kamil bir sənətkar kimi tanınır, bədii yaradıcılıqla məşğul olur.

Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

https://azertag.az/xeber/ustad_asigin_seirler_kitabi_nesr_olunub-2806267

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır
Featured

“Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

04.10.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) yeni layihəyə başlayıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.

XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaqdır.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılacaq.

https://azertag.az/xeber/qerbi_azerbaycan_asiqlari_adli_seir_antologiyasi_hazirlanir-2774260

ALLAH RƏHMƏT ELƏSİN!
Featured

ALLAH RƏHMƏT ELƏSİN!

14.09.2023

Azərbaycan aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi olan ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü  il sentyabrın 13-də vəfat edib.

Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli  kəndində sənətkar ailəsində dünyaya gəlib – onun atası Musaxan öz dövrünün ustad aşıqlarından olub.

1972-ci ildə orta məktəbi bitirən Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub.

Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, eyni zamanda muğam sənətinin də bilicisi olan A. Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızn mahir bilicilərindən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq  2010 və  2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə,  müxtəlif yubiley tədbirlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Rusiyada, Qazaxıstanda, İranda və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

Abbas Musaxanoğlu Güləliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Dəyərli sənətkar, ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi respublikamızın ozan-aşıq mədəniyyəti ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Azərbaycan Aşıqlar Birliyində hazırlanmış daha bir kitab işıq üzü görüb
Featured

Azərbaycan Aşıqlar Birliyində hazırlanmış daha bir kitab işıq üzü görüb

30.10.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı bu kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərindəki sovet repressiya maşınının qurbanlarından olan Şair Ağacanın həyat və yaradıcılığına həsr olunub.

Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Qərbi Azərbaycanın Şorayıl mahalındakı Qarakilsə (Qaraisə) kəndində anadan olub. Erməni zülmündən yaxa qurtarmaq üçün sonradan Borçalıda (Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində) məskunlaşıb, ömrünün çox hissəsini burada yaşayıb-yaradıb. Borçalıda aşıq sənətinin inkişafında böyük xidmətləri olan Ağacan Cabbar oğlu 1943-cü ildə sovet hökuməti əleyhinə təbliğatda günahlandırılaraq həbs olunub, yalnız Səməd Vurğunun köməkliyi ilə həbsdən yaxasını qurtara bilib. 1949-cu ildə ikinci dəfə həbs olunub və Sibirə sürgün edilib. 1951-ci ildə Sibirdə sürgündə ikən vəfat edən Şair Ağacanın nəşinin qalıqlarını 1956-cı ildə bəraət aldıqdan sonra Borçalıya qayıdan həyat yoldaşı məzardan çıxararaq Vətənə gətirib və burada yenidən torpağa tapşırılıb.

Şair Ağacanın yaradıcılığı indiyədək əsaslı şəkildə tədqiq olunmasa da, bu böyük saz-söz ustadının şeirləri və yaratdığı dastanlar bu gün də aşıqların repertuarında mühüm yer tutur.

“Bakı Mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, rəyçi folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, tərtib edən isə Şakir Qurbandır.

https://azertag.az/xeber/azerbaycan_asiqlar_birliyinde_hazirlanmis_daha_bir_kitab_isiq_uzu_gorub-2804938

Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi - “Aşıq, bağrına bas sədəfli sazı”
Featured

Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi - “Aşıq, bağrına bas sədəfli sazı”

26.09.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” kitabı işıq üzü görüb. Bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

Bu barədə AZƏRTAC-a məlumat verən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirilib ki, oxucular bu topluda aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azman nümayəndələri – ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər.

Onun sözlərinə görə, bütövlükdə toplu qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzü bəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanıb.

Musa Nəbioğlu deyib ki, Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların saza və aşığa həsr etdikləri şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər də topluda geniş yer alıb.

Kitabda diqqətçəkən məqamlardan biri də odur ki, ustad aşıqlara ithaf olunmuş şeirlər əsasən XX yüzillikdə daha çox olub. Bu sırada Dədə Qorquda, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Ədalət Nəsibova, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevə ithaflar xüsusilə diqqəti çəkir.

Topluda, həmçinin saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın, xüsusən də Osman Sarıvəlli, Hüseyn Arif və Zəlimxan Yaqub kimi Xalq şairləri və digər böyük söz ustadlarının şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçaları da nəşrin uyğun bölməsinə yeləşdirilib.

Antoloji nəşrin bir özəlliyi də ondan ibarətdir ki, burada aşıq sənəti və saza, eləcə də sazbəndlik və usta sazbəndlərə həsr olunmuş şeirlərlə yanaşı, aşıq və şairlərin saz havalarına həsr etdikləri qoşma və gəraylıların da mühüm bir qismi yer alıb.

“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi kimi, qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir”,-deyə Musa Nəbioğlu bildirib.

Qeyd edək ki, toplunun elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Antoloji nəşr geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulub.

https://azertag.az/xeber/saz_ve_asiq_obrazina_hesr_olunmus_ilk_antoloji_nesr_isi___asiq_bagrina_bas_sedefli_sazi-2763166

Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb
Featured

Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb

12.09.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.

Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Yaxın günlərdə audiodiskin geniş ictimaiyyətə təqdimatı olacaq.

MOSKVADA YAŞAYAN SOYDAŞIMIZ AAB-NİN QONAĞI OLUB
Featured

MOSKVADA YAŞAYAN SOYDAŞIMIZ AAB-NİN QONAĞI OLUB

19.10.2023

Əslən Qərbi Azərbaycandan – sazın-sözün beşiyi Göyçə mahalından olan və hazırda Moskva şəhərində yaşayıb fəaliyyət göstərən iş adamı Şakir Ələsgərov   Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşdə aşıq sənətinin bu günü və sabahı ilə bağlı fikir mübadiləsi aparılıb, bu sənətin daha geniş coğrafiyada təbliğ edilməsi istiqamətində fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, xalqımızın qədim və ölməz sənəti olan aşıq sənətinin inkiaşfına qayğı və diqqət göstərilməsi, əslində, cəmiyyətdə hər kəsin borcudur.

Ş.Ələsgərov, Moskvada yaşasa da, Azərbaycanla heç vaxt əlaqəsini kəsmədiyini diqqətə çatdırıb, mədəniyyətimizin, xüsusilə də aşıq sənətinin bu ölkədə təbliğ olunması yolunda gördüyü işlərdən danışıb, gələcəkdə bu istiqamətdə fəaliyyətini daha da genişləndiricəyini deyib. Görüşdə həmçinin qərara alınıb  ki, Rusiyanın ayrı-ayrı şəhərlərində aşıqların konsertləri təşkil olunsun.

Sonunda M.Qasımlı aşıq sənətinin təbliği sahəsindəki yorulmaz fəaliyyətinə görə Şakir Ələsgərovu Azərbaycan Aşıqlar Birliyinin “Fəxri diplom”u ilə təltif edib, ona AAB-nin üzvlük vəsiqəsini təqdim edib. Qonağa AAB-nin nəşri olan kitablar hədiyyə olunub.

WhatsApp Image 2023-10-19 at 15.12.34.jpeg

WhatsApp Image 2023-10-19 at 15.11.39.jpeg

 Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb
Featured

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

24.09.2023

Gürcüstanın Bolnisi şəhərində ənənəvi "Bolniskalakoba" bayramı (Bolnisi şəhər günü) keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin qədim və böyük küçələrindən birində açıq hava altında təşkil olunmuş bayram tədbirində Bolnsi şəhəri ilə yanaşı, bələdiyyənin bütün kəndləri üçün ayrılıqda guşələr ayrılıb. Gürcü xalqı ilə yanaşı burada Azərbaycan xalqına məxsus qədim milli-mədəniyyət nümunələri və milli mətbəximiz də nümayiş olunub.

Tədbirdə çıxış edən Bolnisi rayonun meri Davit Şerazadaşvili və Gürcüstan parlamentinin üzvü Qoqi Meşveliani çıxış edərək rayonda son illərdə görülən işlərdən danışıb, bayram münasibətilə əhalini təbrik ediblər.

Hər il olduğu kimi, bu il də rayon bələdiyyəsinin qərarı ilə bir neçə nəfər Bolnisi şəhərinin fəxri vətəndaşlığına layiq görülüb.

Bu fəxri titula layiq görülənlərdən biri də Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. M.Nəbioğlu bu ada Azərbaycan ilə Gürcüstan arasında, eləcə də hər iki ölkənin bölgələri arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq bilinib.

Tədbirdə çıxış edən Musa Nəbioğlu onu rayonun fəxri vətəndaşlığına layiq gördüklərinə görə Bolnisi rayonunun merinə minnətdarlıq edib. Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri daim inkişaf edir. Bu cür tədbirlər bizi daha da yaxınlaşdırır, təkcə mədəni əlaqələrimizin deyil, bütün sahələrdə münasibətlərimizin məhkəmlənməsinə xidmət edir.

2509202302.jpg

2509202303.jpg

2509202305.jpg

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

“SAZ-SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR
Featured

“SAZ-SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR

11.09.2023

Neçə illərdir ki, “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin yaradıcı heyəti yeni mövsümə hazırlıq işlərini başa çatdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən verilişn ilk buraxılışı Qərbi Azərbaycan aşıq mühitlərinə, bu bölgənin aşıqlarına həsr olunub. Qərbi Azərbaycan aşıqlarına həsr olunmuş əvvəlki verilişlərdən fərqli olaraq bu dəfə əsasən gənc aşıqlara yer ayrılıb. Tamaşaçılar veriliş boyu İmralı Fikrətoğlu (“Baş sarıtel”, “Qəhrəmanı”), Nərmin Salahova (“Cəlili”, “Orta müxəmməs”), Elməddin Bayramlı (“Baş dübeyti”, “Ağır şərili”), Ayaz Əzizoğlu (“Göyçəgülü”, “Ovşarı”), Urfan Qurbanov (“Ruhani”) və Ləman Mirzəyevanın ifasında (“Hüseyni”, “Gəraylı”) müxtəlif aşıq havalarını dinləyə biləcəklər.

Verlişin növbəti buraxılışları isə dastanlarımıza həsr olunub. Ustad aşıq Elman Talıstanlı və Elçin İsmayıllı “Seyfəlmülk”, Ələddin Göyçəli və İxtiyar Qocayev isə “Aşıq Musa və Mələknisə xanım” dastanlarını təqdim edəcəklər. Hazırda hər iki dastanın teatral təqdimatı üzərində son hazırlıq işləri görülür.

ŞAİR NƏBİ BORÇALININ 150 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

ŞAİR NƏBİ BORÇALININ 150 İLLİK YUBİLEYİ QEYD OLUNUB

18.10.2023

Oktyabrın 17-də  Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Nəbi Borçalının anadan olmasının 150 illik yubiley tədbiri keçirilib. Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aparıcılığı ilə keçən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz  AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Borçalı aşıq mühtinin yetşdirdiyi görkəmli ədəbi simalardan olan şair Nəbi Borçalının həyatı və yaradıcılığı haqqında geniş məlumat verib, bu böyük söz ustadının şeirlərinin vaxtilə ölməz Xalq şairi Səməd Vurğunun da diqqətini çəkdiyini və məhz onun tövsiyəsi ilə mərhum folklorşünas alim  Hüseynqulu Məmmədli, sonralar isə onun oğlu – tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli  tərəfəindən əsərlərinin toplanıb nəşr etdirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Nəbi Borçalının şeirləri təkcə Borçalı aşıqlarının deyil, digər aşıq mühitlərindən olan sənətkarların repertuarında da mühüm yer tutur.

Sonra söz “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşova verilib. Ə.Amaşov son illərdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan, Azərbaycan Aşıqlar Birliyinin bu istiqamətdə həyat keçirdiyi tədbirlərin əhəmiyyətindən və Nəbi Borçalı kimi böyük saz-söz ustadlarının daim diqqətdə saxlanılmasının vacibliyindən danışıb.

Tədbirin bədii hissəsində aşıqlardan Cahangir Quliyev, İmran Xəlilov, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Ramin Qarayev, Avdı Musayev, Əşrəf Qəriboğlu,  Əli Pənahoğlu, Sahil Laçınlı, Qabil Abduyev, Nüsrət Nəsiboğlu və Fikrət Borçalı “Göyçəgülü”, “Məmmədbağırı”, “Naxçıvanı”, “Ovşarı”, “Yurd yeri”, “Bayramı”, “Dərvişi”, Dilqəmi” və digər aşıq havaları üsttündə şair Nəbi Borçalının şeirlərini ifa ediblər. Aşıqları balaban ustası Ələkbər Ələkbərov müşayiət edib. Bədii qiraətçilər – pedaqogika üzrə fəlsəfə doktoru, şairə Aynur Qafarlı və Azər İqrar şairin şeirlərini səsləndiriblər.

Sonda  ağsaqqal ziyalı, iqisad elmləri namizədi Əmirxan Babaşov yubilyarın yaxınları və doğmaları adından tədbirin təşkilatçılarına təşəkkür edib.

“Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub
Featured

“Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub

19.09.2023

Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən bildirilib.

Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Bakı, 19 sentyabr, AZƏRTAC

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə
Featured

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə

01.09.2023

Müstəqillik dövründə ölkəmizdə milli mətbuatın, demokratik cəmiyyətin və vətəndaş cəmiyyətinin inkişafında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir mətbuatımızın öncüllərindən olan  “Bakı-Xəbər” qəzetinin  xidmətləri danılmazdır. Fəaliyyət göstərdiyiniz 20 il ərzində “Bakı-Xəbər” qəzeti şərəfli bir yol keçərək daim Azərbaycan dövlətçiliyinə xidmət edərək müstəqilliyimizi və bu yoldakı uğurlarımızı tərənnüm etmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında mühüm rol oynamışdır. Qəzetin fəaliyyətində mədəniyyətimizin, xüsusilə də onun mühüm tərkib hissəsi olan ozan-aşıq mədəniyyətinin təbliğinə də böyük yer verilməsini isə ayrıca minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm.

Hörmətli Aydın müəllim! “Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə Sizi və başçılıq etdiyiniz kollektivin bütün əməkdaşlarını Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı ozan-aşıq ictimaiyyətinin adından təbrik edir, milli jurnalistikamızın zəngin ənənələrini davam etdirmək yolundakı fəaliyyətinizdə bundan sonra da böyük uğurlar əldə etməyinizi arzulayıram!

Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar elm xadimi, professor.

10 -dən səhifə 36

  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ