AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“ÇAĞDAŞ QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ  MUSİQİ  REPERTUARI”  ADLI AUDİODİSKİN TƏQDİMATI OLUB
Featured

“ÇAĞDAŞ QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ MUSİQİ REPERTUARI” ADLI AUDİODİSKİN TƏQDİMATI OLUB

05.09.2024

2024-cü il sentyabrın 5-də Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə   Birliyin həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olub.  

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq layihənin həyata keçirilməsinin əhəmiyyətindən söz açıb, hazırlanmış audiodiskin aşıq sənətinin tədqiqatçıları və gənc aşıqlar üçün dəyərli bir vəsait olduğunu qeyd edib, Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsinə və təbliğinə bundan sonra da böyük diqqət yetirləcəyini vurğulayıb. Layihənin həyata keçirilməsində göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə rəhbərlik etdiyi qurumun adından minnətdarlıq edib.

 Aşıqlar Birliyinin katibi, layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında qeyd edib ki, layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetirilib, onların ifalarından ibarət audiodisk hazırlanıb. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yer-yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzər, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib: “Audiodiskdə 24 müxtəlif aşıq havası yer alıb ki, bunları da əslən Qərbi Azərbaycandan olan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadlı aşıqlar ifa ediblər”.    

Qeyd olunub ki, hazırlanmış audidisklər əsasən aşıq sənətinin tədris olunduğu universitet və kolleclərə pulsuz olaraq veriləcək ki, bu da sənətə yeni gələn yeniyetmə və gənclərin Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarına daha yaxından bələd olmalarına imkan yaradacaq. Layihədən eləcə də aşıq sənətinin tədqiqatçıları və musiqişünaslar da bəhrələnə biləcəklər.

Moskvada yaşayıb fəaliyyət göstərən  professor, əslən Göyçədən olan Şakir Səmədoğlu,  ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli və Göyçədən olan digər ziyalı Yusif Ağbulaqlı bu layihənin Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində və bu mhitlərin sənət ənənəsinin qorunub yaşadılmasında müstəsna rol oynayacağını vurğulayıblar.

Sonra aşıqlardan İmran Xəlilov (“Göyçəgülü”), Toğrul Ataxallı (“Qədim Naxçıvanı”), Urmiyadan qonaq gəlmiş Qurban Əliyar (“İrəvan çuxuru”) və onun oğlu Səhənd Əliyar (“Meydan divanisi”), Ləman Mirzəyeva (“Hüseyni”), Xanlar Alqayıt (“Kərəm gözəlləməsi”), Faxfur İsgəndəroğlu (“Köşəbaşı”), Sumqayıt şəhərindəki Bülbül adına 2 saylı Uşaq incəsənət məktəbinin şagirdləri Nuran Məhərrəmov və Röyal Məmmədov  (“Dubeyti”)   və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında (“Gəraylı” və “Cumagülü”) müxtəlif aşıq havaları səsləndirlib.

Sonda iştirakçılara “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı audiodisk hədiyyə olunub.

IMG_0040.JPG

IMG_4087.jpg

IMG_0049.JPG

IMG_0050.JPG

IMG_0057.JPG

IMG_0058.JPG

IMG_0036.JPG

Featured

“AŞIQ DASTANLARI”NIN 2-Cİ CİLDİ NƏŞRƏ HAZIRDIR

25.07.2024

Azərbaycan Aşıqlar Birliyinin (AAB) son illərdə həyata keçirdiyi uğurlu layihələrdən olan “Aşıq dastanları” antologiyasının 2-ci cildi üzrətində iş yekunlaşmaq üzrədir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, antologiyanın bu cildində “Əsli və Kərəm”, “Yetim Aydın”, “Qul Mahmud vəı Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” və “Aşıq Hüseyn və Reyhan xanım” dastanları yer alacaq.

 Bu dastanların hamısı əvvəlcə çağdaş aşıqlarımızın ifasında səsləndirilib, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq kitaba daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza bir növ yeni həyat, yeni nəfəs gətirməkdir.  

Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Antologiyanın bu ilin payızında elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulur.

 Azərbaycan Aşıqlar Birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir
Featured

Azərbaycan Aşıqlar Birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir

12.07.2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər uğurla davam etdirilir.

Birlikdən AZƏRTAC-a bildirilib ki, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihədə əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra respublikamızın müxtəlif guşələrində məskunlaşmış aşıqlarımızın musiqi repertuarına diqqət yetiriləcək, onların ifalarından ibarət audiodisk hazırlanacaq.

Azərbaycan Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, layihənin icra planına uyğun olaraq artıq bu istiqamətdə müəyyən işlər görülüb. İfaları audiodiskə daxil ediləcək aşıqların hər birinin ifası ayrılıqda dinlənilərək ustad sənətkarlar tərəfindən dəyərləndirilib, onların ifa edəcəkləri saz havası və şeir mətni dəqiqləşdirilib. Bu zaman Qərbi Azərbaycanda yaradılmış və bu bölgənin aşıq mühitləri ilə bağlı olan havalara, mətn seçimində isə Vətən və vətənpərvərlik, Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib, Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi bütün aşıq mühitlərinin əhatə olunmasına xüsusi diqqət yetirilib.

Audioskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musa oğlu, Xanlar Xəlilov, İmran Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmralı Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alacaq.

Layihənin avqustun sonunda başa çatdırılması nəzərdə tutulur.

https://azertag.az/xeber/azerbaycan_asiqlar_birliyinde_yeni_layihe_uzerinde_is_ugurla_davam_etdirilir-3093934

"ÇAĞDAŞ QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ MUSİQİ REPERTUARI" ADLI AUDİODİSKİN TƏQDİMATI OLACAQ
Featured

"ÇAĞDAŞ QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ MUSİQİ REPERTUARI" ADLI AUDİODİSKİN TƏQDİMATI OLACAQ

30.08.2024

Azərbaycan Aşıqlar Birliyində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı" adlı layihə çərçivəsində hazırlanmış audiodiskin təqdimatı olacaq. Tədbirdə folklorşünas alimlər, ustad və gənc aşıqlar çıxış edəcəklər. İştirakçılara audiodisklər təqdim olunacaq. Arzu edənlər iştirak edə bilərlər.

Tədbir 2024-cü il sentyabrın 5-də saat 12-də baş tutacaq.

Ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi 38.

Featured

GƏNCLƏRİN DASTAN İFAÇILIĞINA XÜSUSİ DİQQƏT YETİRİLİR

18.07.2024

Son illərdə Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi uğurlu layihələrdən biri də aşıqalrın repertuarında dastançılıq ənənəsinin yaşadılmasına böyük önəm verilməsidir. Bir növ, dastanlarımıza ikinci həyat verilir – çağdaş aşıqlarımızın söylədiyi dastanlar lentə alınaraq televiziya vasitəsi ilə geniş ictimaiyyətə təqdim olunur, eyni zamanda kitab halında nəşr olunur.

Bu, aşıqalrın repertuarının zənginləşməsinə kömək etməklə yanaşı, həm də dastanların unudulmaması, aşıq sənətinə yeni gələn gənclərdə dastançılığa marağın artırılması baxımından  böyük əhəmiyyət kəsb edir. Elə gənc aşıqların dastan ifaçlığına sövq edilməsi də bu məqsədi daşıyır. Ustad aşıqlarla yanaşı, gənc aşıqlar da Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində vaxtaşırı dastan söyləyirlər. Gənc aşıqların dastançılıq ənənəsini yaşatmaları üzərində iş bu gün də uğurla davam etdirilməkdədir. Hazırda Elməddin Hacıbayramlı və İlham Məmmədli “Əmrah”, Qəlbinur İbrahimli və Elnur Babayev isə “Mirzə Bilal” dastanları üzərində çalışırlar. Hər iki dastan üzərində iş başa çatdıqdan sonra geniş ictimaiyyətə təqdim olunacaq.

Featured

“SAZ-SÖZ AXŞAMI”NDA MƏZAHİR BORSUNLU ANILACAQ

28.06.2024

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti verilişlərindən biri bütövlükdə tanınmış saz-söz ustadı Məzahir Borsunluya həsr olunacaq. Verilişdə ustadın həyat və yaradıcılığından söhbət açılacaq, aşıqlardan Sahib Süleymanov, Həbib Musayev, Saleh Tağıyev, Ədalət Alməmmədov, İsmayıl İncəli və Fəqan Cavadov  müxtəlif saz havaları üstündə onun şeirlərini ifa edəcəklər.

Xatırladaq ki, Məzahir Borsunlu – Məzahir Məşədi Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Onun şair və aşıq kimi formalaşmasında Gəncə ədəbi mühiti mühüm rol oynayıb. İkinci Dünya müharibəsi illərində sovet qoşunlarının tərkibində İranda olub, sonra isə Almaniyada Fətəli xan Düdənginskinin yaratdığı legiona daxil olub. Müharibə qurtardıqdan sonra isə vətən xaini kimi həbs olunaraq Sibirə sürgün edilib.

1979-cu ildə Gəncə şəhərində vəfat edən Məzahir Borsunlunun poetik irsi araşdırılıb, haqqında monoqrafiya yazılıb.

MOLLA CUMANIN 170 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Featured

MOLLA CUMANIN 170 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

30.08.2024

Bu il böyük saz-söz ustadı Molla Cumanın anadan olmasının 170 illik yubiley ilidir. Bu əlamətdar tarixin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində bir sıra tədbirlər nəzərdə tutulub.  Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Sz-söz məclisi” verilişinin yeni mövsümdə bir buraxılışı bütünlükdə Molla Cumaya həsr olunacaq. Verilişdə ustadın həyat və yaradıcılığından söz açılacaq, aşıqlardan Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Eldar Bağırov, Nuranə Cəfərli, Uğur Nəcəfli, Sahil Qurbanov və Toğrul İbrahimov müxtəlif aşıq havaları üstündə Molla Cumanın şeirləri səsləndirəcəklər.

Xatırladaq ki, Molla Cuma (Süleyman Saleh oğlu Molla Oruc) 1854-cü ildə Şəki diyarının Layiski kəndində anadan olub. İlk təhsilini Aşağı Göynük kəndində Hacı İbrahim Əfəndinin mədrəsəsində alıb. Mədrəsədə ərəb, fars dillərini, islam təlimini öyrənib, bir neçə il sonra mədrəsədən uzaqlaşıb.

Atası Saleh əkinçiliklə məşğul olduğundan Süleyman da gəncliyindən əkinçiliyi və təsərrüfatı özünün əsas peşəsi seçib. Bununla belə, Süleymanda gəncliyindən özünü büruzə verən fitri istedad, şeirə vurğunluq tədricən onun ruhunda, qəlbində yuva qurub, onu el arasında hazırcavab, sinədəftər aşıq kimi tanıdıb.

O, tezliklə el arasında Molla Cuma kimi məşhurlaşıb, Süleyman adı unudulub.

Molla Cuma 1920-ci ilin may ayında rus ordusu Şəkinin kəndlərinə hücum edərkən öldürülüb.

USTAD BALABANÇI DÜNYASINI DƏYİŞDİ
Featured

USTAD BALABANÇI DÜNYASINI DƏYİŞDİ

16.07.2024

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad balabançı, Fəxri mədəniyyət işçisi, Nizami Abbasov 78 yaşında vəfat edib.

Nizami Əli oğlu Abbasov 1946-cı il iyul ayının 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Sənətin sirlərini dövrünün tanınmış balabançılarından olan atası Əli Abbasovdan öyrənib.

O, 1970-ci illərdən Parakənd kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb.

Nizami Abbasov uzun illər Gədəbəy rayonunda ustad sənətkar İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi “Xalq aşığı” ansamblında balabançı kimi çıxış edib, rayon və respublika miqyaslı tədbirlərdə, folklor festivallarında iştirak edib, bir çox beynəlxalq tədbirlərdə aşıqları uğurla müşayiət edib. Moskva, Ankara və Təbrizdə unudulmaz ifaları ilə yadda qalıb. Nizami Abbasov eyni zamanda milli musiqi alətlərinin, o cümlədən də balabanın hazırlanmasında böyük zəhmət sərf edib. Gənc ifaçılara ustad və müəllim kimi, hər cür köməklik göstərib.

O, Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyinin “Fəxri diplom”u ilə təltif olunub.

Ustad sənətkar Nizami Əli oğlu Abbasovun əziz xatirəsi doğmalarının, əzizlərinin və sənət yoldaşlarının qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

Featured

“ƏSLİ VƏ KƏRƏM” DASTANI YENİ TƏQDİMATDA

21.06.2024

Azərbaycan dastanları arasında daha populyar olan, zaman-zaman ustad aşıqların repertuarından düşməyən “Əsli və Kərəm” dastanına maraq bu gün də böyükdür. Gənc aşıqlar bu dastanı böyük həvəslə öz repertuarlarına daxil edirlər. Təbii ki, burada Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin də böyük rolu var. Belə ki, hörmətli professor həmin verilişdə dastanlara böyük önəm verir, xüsusilə də gənc aşıqalrın ifa etdikləri dastanlara ayrıca verilişlər həsr edir.

Gənc olmasına rəğmən bu gün kifayət qədər tanınan istedadlı aşıq Toğrul İbrahimov dastan ifaçılığı ilə seçilən aşıqdır. Onun ifasında indiyədək bir neçə dastan lentə alınıb. Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyində Toğrulun ifasında “Əsli və Kərəm” dastanının yeni təqdimatına baxış keçirlib. Aşığı istedadlı balabançı Ələkbər Ələkbərov müşayiət edib.

Dastan yaxın vaxtlarda “Mədəniyyət” kanalının “Saz-söz axşamı” verilişində geniş ictimaiyyətə təqdim olunacaq.

“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir
Featured

“Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir

12.08.2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azərbaycan Aşıqlar Birliyində (AAB) “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a məlumat verən AAB sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli bildirib ki, birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihənin həyata keçirilməsində əsas məqsəd əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaq, onların ifalarından ibarət audiodisk hazırlayıb geniş ictimaiyyətə təqdim etməkdir.

Vurğulanıb ki, layihə üzərində işlər icra planında nəzərdə tutulmuş qrafikə uyğun olaraq həyata keçirilir. Artıq ifaları audiodiskdə yer alacaq əslən Qərbi Azərbaycandan olan ustad və gənc aşıqların dəqiqləşdirilməsi, onların ifa edəcəkləri aşıq musiqisi və mətnin müəyyənləşdirilməsi, ifaların ayrı-ayrılıqda yazıya alınması kimi işlər arxada qalıb, yaxın günlərdə isə audiodiskin çoxaldılması işləri yekunlaşaq. Bu zaman Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitlərinin əhatə olunması diqqət mərkəzində olub. İfa olunan musiqi və mətn seçiminə də xüsusi diqqət yetirilib – Qərbi Azərbaycan aşıq mühitləri ilə bağlı olan saz havalarına və vətənpərvərlik, tarixi torpaqlarımızdakı yurd yerlərimizlə bağlı şeirlərə üstünlük verilib.

Audiodiskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmran Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alır.

USTAD AŞIQ CAMOY QURBANOVUN YUBİLEYİ QEYD OLUNACAQ
Featured

USTAD AŞIQ CAMOY QURBANOVUN YUBİLEYİ QEYD OLUNACAQ

16.07.2024

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Camoy Qurbanovun 70 yaşı tamam olur. Hər zaman ustad aşıqlara böyük qayğı və diqqət göstərən Azərbaycan Aşıqlar Birliyində C.Qurbanovun yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı da bir sıra tədbirlər nəzərdə tutulur. Bu silsilədən ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu ustad sənətkara həsr ollunması nəzərdə tutulub. İyul ayının sonlarında ustadın özünün iştirakı ilə efirə gedəcək həmin verilişdə onun ömür və sənət yolundan söhbət açılacaq, ifaları səsləndiriləcək. Yubilayarın sənət dostları Hüsən və Kifayət Dəryahquliyevlər, Mahal İncəli kimi ustad aşıqlarla yanaşı, gənc aşıqlar Şahin Süleymanov, Coşqun Rəhimov və Ruslan Qazaxlı da öz ifaları ilə ustad sənətakrı təbrik edəcəklər.

Xatırladaq ki, Camoy Qurbanov 1954-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olub, Bakıda neft texnikumunda təhsil alıb. Kiçik yaşlarından aşıq sənətinə böyük maraq göstərib, 1980-ci ildən müstəqil olaraq aşıqlığa başlayıb. 1993-cü ildən isə həm də Qazax musiqi məktəbində saz müəllimi kimi fəaliyyət göstərib. Dastançı aşıq kimi tanınır, gənclərin aşıq sənətinə gəlməsində böyük xidmətləri var.

Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib. Hazırda Azərbaycan Aşıqlar Birlyin idarə heyətinin üzvü, birliyin Qazax-Ağstafa bölməsinin rəhbəridir.

Ağstafada Xalq şairi Hüseyn Arifin 100 illiyi
Featured

Ağstafada Xalq şairi Hüseyn Arifin 100 illiyi

20.06.2024

Ağstafa Rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilaçılığı ilə keçirilən yubiley tədbirində Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin nəvələri, yaxınları, şəhid ailələrinin üzvləri, Bakı və Gəncə şəhərlərindən, eləcə də digər bölgələrdən gəlmiş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xalq şairinin büstü və Ev Muzeyi ziyarət olunub.

Tədbir iştirakçıları daha sonra Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında, eləcə də özünün kitablarına, Ağstafa Dövlət Rəsm Qalereyasının təqdim etdiyi rəsm sərgilərinə tamaşa ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçən yubiley tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, Hüseyn Arifin nəvəsi Günel Məmmədova, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, professor, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, BDU-nun professoru, tənqidçi-ədəbiyyatşünas Məti Osmanoğlu, Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru Gülgün Kərimov, “Hüseyn Arif ədəbi məclisinin” sədri, şair Saqif Qaratorpaq, şairələr - Güləmayıl Murad, Cığatel İsaqızı, miniatürçü rəssam Fərman Hüseynov, Qazax Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfail İncəyurd çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, xalq şairi Hüseyin Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və Azərbaycan milli ədəbiyyatına yeni tövhələr verib. Hüseyn Arif müasir Azərbaycan poeziyasında özünəməxsus yeri və mövqeyi olan şairlərdəndir. Onun əsərləri və şeirləri xalqımız tərəfindən sevilə-sevilə oxunur.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin bütün sahələrində yüksək nailiyyətlər əldə edilməsində göstərdiyi müstəsna xidmətlərdən, hazırda bu siyasi xətti layiqincə davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyət və incəsənət sahəsinə, sənət adamlarına göstərilən xüsusi diqqət və qayğıdan geniş bəhs olunub.

Böyük ekranda Oruc Mansırovun təqdimatında Xalq şairinin həyat və yaradıcılığından bəhs edən video reportaj nümayiş etdirilib.

Yubiley gecəsində mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları, eyni zamanda, Hüseyn Arif adına Ağstafa şəhər Uşaq Musiqi məktəbinin təqdimatında Xalq şairinin sözlərinə bəstələnmiş mahnılar və saz havaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Xalq Şairi Hüseyn Arifin 100 illiyi münasibəti ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Ağstafa şəhəri

 













6 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ