AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK
Featured

AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK

27.05.2025

…Aşıq sənəti Azərbaycan xalq ədəbiy­ya­tının, bütövlükdə mə­dəniy­yə­ti­mizin qədim ta­ri­xə və zəngin ənənələrə malik qol­­la­rından biridir. Min illərdir xalqı sevgiyə, mübarizəyə səsləyən ozan-aşıq sənəti sadə, xəlqi olduğu qədər də  zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. 

Bu sənət elə bir ecazkar dünyadır ki, onu qoruyub  inkişaf etdirərək dünya miqyasında Azərbycanın milli varlığının bir parçası kimi təqdim etmək bu gün təkcə bir yaradıcılıq təşkilatının, müvafiq nazirliyin deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün qarşısında duran mühüm vəzifədir.

Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini tutması sahəsində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də 2009-cu ilin oktyabrında aşıq sənətinin də xal­qı­mı­zın milli mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil  edilməsi  təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açdı.

Azərbaycan aşıqlarının ilk Qurultayı 1928-ci ildə (II qurultay 1938, III Qurultay isə 1961-ci ildə keçirilib) keçirilsə də, Azərbaycan Aşıqlar Birliyi 1984-cü ildə aşıqların IV Qurultayında yaradılıb və mərhum Xalq şairi Hüseyn Arif Birliyin ilk sədri seçilib. 1992-ci ildə Hüseyn Arif rəhmətə getdikdən sonra isə Birliyin normal fəaliyyət ahəngi bir qədər pozulub, yalnız 2008-ci ildə keçirilən V Qurultaydan sonra (Xalq şairi Zəlimxan Yaqub Birliyin sədri seçilib) xalqımızın milli sərvəti olan ozan-aşıq sənətinə dövlət səviyyəsində qayğı daha da artıb ki, bu da həm bu sənətin daşıyıcıları, həm də bütövlükdə xalqımız tərəfindən çox böyük minnətdarlıqla qarşılanıb, bu sənətin daşıyıcılarına yeni stimul verib.

V Qurultaydan sonra Aşıqlar Birliyi həm də aşıq sənəti ilə bağlı bir növ tədqiqat mərkəzinə çevrilib. Birliyin əməkdaşları tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilir. İndiyədək “Ustad aşıqlarımız” və “Günümüzün ustad aşıqları” seiyasından kitablar, eləcə də “Ozan-aşıq dünyası”, üçcildlik “Aşıq dastanıları”, “Qərbi Azərbaycan aşıqları (poeziya antologiyası)”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, “Aşıq, bağrına bas sədəfli sazı”, “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq deyişmələri”, “Aşıq təcnisləri”, Seçmə aşıq şeirləri antologiyası” və s. toplular nəşr olunub.

“Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir”, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı”, eləcə də ayrı-ayrı ustad aşıqların ifalarından ibarət video-audiodisklər hazırlanıb, hər il ustad aşıqların yubileyləri tənətənəli şəkildə qeyd olunur ki, bütün bunlar təşkilatın daxili imkanları hesabına həyata keçirilir. Bu layihələr klassiklərə və günümüzün ustad aşıqlarının yaradıcılığına diqqət və sayğı olmaqla yanaşı, həm də sənətə yeni gələn gənclər üçün qiymətli bir mənbədir.

Ozan-aşıq sənətinin dünəni və bu günü, təkcə Azərbaycanda deyil, eyni zamanda İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada (Dağıstanda) və digər ölkələrdə yaşayıb fəaliyyət göstərmiş ustad aşıqlar, onların həyat və yaradıcılığı, aşıq sənətinin bu günkü uğurları və problemləri və s. məsələlərlə bağlı tanınmış folkorşünas alimlərin, saz-söz ustalarının, məşhur şair və yazıçıların, ictimai xadimlərin elmi məqalələrinin yer aldığı toplu nəşr olunur.

Musiqi mədəniyyətimizin bünövrəsini təşkil edən aşıq sənətinin daha da inkişaf etdirilməsi, onun beynəlxalq aləmdə təbliği, ustad sənətkarlarımızın yaradıcılıq yolunun öyrənilməsi, yeniyetmə və gənclərdə bu sənətə meylin gücləndirilməsi istiqamətində həyata keçirmək  istədiyimiz tədbirlər planı isə daha genişdir. Ancaq təəssüf ki, bəzi səbəblərdən bu işlərin hamısını həyata keçirə bilmirik.

Bu gün Aşıqlar Birliyinin ən böyük problemi özünün ayrıca ofisinin olmaması, digər yaradıcılıq təşkilatları ilə müqayisədə bu sahədə bir növ ögey münasibətlə qarşılaşmasıdır. Belə ki, bütün yaradıcılıq təşkilatlarının Bakıda (hamısı da şəhərin mərkəzində, bir-birindən bir neçə addımlıq məsafədə) möhtəşəm iqamətgahları olduğu halda, yaradılmasından qırx ildən artıq vaxt keçməsinə baxmayaraq, 500 nəfərədək üzvü olan Azərbaycan Aşıqlar Birliyinin hələ də özünün ayrıca ofisi yoxdur, digər yaradıcılıq təşkilatları ilə müqayisədə mərkəzdən bir qədər aralıda kirayə olunmuş darısqal bir mənzildə yerləşir. O qədər darısqal ki, nəinki əməkdaşların normal fəaliyyət göstərmələri, hətta heç olmasa 30 nəfərlə bir iclas keçirmək üçün belə burada normal şərait yoxdur. Bununla bağlı hələ illər öncə dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, təəssüf ki, heç bir nəticəsi olmayıb. Belə bir şəraitdə genişmiqyaslı fəaliyyət göstərmək isə, təbii ki, işimizdə əlavə çətinliklər törədir. Üstəlik maddi durumumuzun da o qədər də qənaətbəxş olmaması üzündən hər hansı bir kiçik tədbir keçirəndə belə, yer problemi ilə üzləşir, ayrı-ayrı mədəniyyət ocaqlarına ağız açır, yaxud da kömək üçün Mədəniyyət nazirliyinə üz tutmalı oluruq.

Birliyin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda və digər ölkələrdə yaşayan aşıqlar da bizə üz tutur, bizimlə əlaqə saxlayır, tez-tez qonağımız olur, bizdən elmi-metodiki, mənəvi kömək umurlar və biz onları qarşılayıb-yola salmaqda, görüşlər keçirməkdə bir sıra çətinliklərlə üzləşirik. Nəzərə alsaq ki, ölkəmizə tez-tez xaricdən qonaqlar gəlir və onlar xalqımızın qədim sənəti olan ozan-aşıq sənəti ilə də maraqlanır, bu sənətlə daha yaxından tanış olmaq, aşıqlarımızla canlı ünsiyyət qurmaq istəyirlər, o zaman üzləşdiyimiz çətinlikləri daha aydın təsəvvür etmək olar.

2008-ci ilin avqustunda Azərbaycan aşıqlarının V Qurultayında səsləndirilmiş aşıqlar üçün şəhərin mərkəzində “Ozan evi” tikilməsi bu gün də elə arzu olaraq qalmaqdadır. On il bundan əvvəl paytaxda “Beynəlxalq Muğam Mərkəzi” kimi, ayrıca bir möhtəşəm “Aşıq Mərkəzi”nin tikilməsindən söhbət getsə də, hətta tikiləcək binanın layihələndirmə işləri görülsə də, nədənsə, sonradan unuduldu.  Halbuki aşıqlar üçün belə bir şəraitin yaradılması burada geniş tədbirlər keçirməklə yanaşı, həm də aşıq muzeyinin, aşıqlar üçün səsyazma studiyasının təşkil olunmasına, məşhur usatd aşıqlarla bağlı ayrıca guşələrin yaradılmasına, onların heç olmasa bu binada barelyeflərinin qoyulmasına imkan verərdi. Axı, sirr deyil ki, bu gün Bakıda ayrıca Ozan-aşıq muzeyi də yoxdur. 

Aşıqlar Birliyinə Bakıda yer ayrılmaması bir yana, Şabranda yaradıcılıq təşkilatları (bəstəkar, rəssam və yazıçılar) üçün şəhərcik salınarkən də xalqımızın ən qiymətli milli-mənəvi sərvəti kimi tarixi minilliklərin o üzündən gələn ozan-aşıq sənətinin daşıyıcıları olan aşıqlar niyəsə yada düşməyib, burada da onlara yer ayrılmayıb.

Vacib məsələlərdən biri də aşıqların yaradıcılığının stimullaşdırılması, onların sosial müdafiəsi ilə bağlıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün aşıqların sosial müdafiəsi ilə bağlı, demək olar ki, heç bir iş görülmür. Digər yaradıcılıq təşkilatları ilə müqayisədə, Aşıqlar Birliyinin üzvləri bu sahədə də niyəsə unudulub. Baxın, Azərbaycan Yazıçılar Birliyinin möhtəşəm iqamətgahı, ayrıca polklinikası, yaradıcılıq evi var,  hər il Birliyin üzvlərinindən 50 nəfərdən çoxuna birillik Prezident təqaüdü proqramı mövcuddur, son illərdə bir neçə dəfə bu təşkilatdan mənzil alanlar da olub. Əlbəttə, bu, yaxşı haldır və təqdir edirik, yaradıcı insanlara qayğı göstərilməlidir. Bəs, eyni münasibət aşıqlara niyə göstərilmir? Aşıqlara mənzil vermək bir yana, niyə bu gün Aşıqlar Birliyinin özü kirayələrdə qalıb?

Doğrudanmı, ildə heç olmasa 15-20 nəfər aşığa da eyni qaydada təqaüd ayırmaq çətindir?  Axı, şair və yazıçıların əksəriyyətinin daimi iş yerləri olsa da, aşıqlardan  daimi iş yeri olanı olduqca azdır və bu səbəbdən də qocalanda pensiya almaqda da çətinliklə üzləşirlər.

Fəxri adlar və Prezident təqaüdünə layiq görülmə məsələsində də aşıqların bəxti gətirməyib. Bu gün fəxri adı (“Əməkdar mədəniyyət işçisi”) olan aşıqların sayı olduqca azdır, son beş ildə isə bu ada layiq görülən aşıq olmayıb. Bu gün Prezident təqaüdü alan aşıq isə bircə nəfərdir.

Aşıq sənətinin beşiyi sayılan Azərbaycanda niyə dövlət musiqi qurumlarından birini nəzdində (məsələn, Dövlət Filarmoniyasında) ayrıca aşıqlar ansamblı və yaradılmayıb bu günədək? Belə bir ansamblın yaradılması təkcə bir neçə aşığın işlə təmin olunması yox, həm də sənətin incəliklərinin dövlət səviyyəsində qorunub saxlanılması, sənət ənənələrinin etibarlı şəkildə gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. “Dastan teatrı”nın yaradılması isə dastanlarımızın yaşadılması üçün yeni imkanlar açmış olardı.

Diqqət yetirilməsi vacib olan başqa bir məsələ isə, Bakının mərkəzi hissəsində, yaxşı olar ki, xarici qonaqların daha çox ziyarət etdiyi İçərişəhərdə “Ozan-aşıq” muzeyinin yaradılmasıdır.

Bu gün diqqətdən kənarda qalan həm də aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik sənəti və bu sənəti fərdi qaydada yaşadan sazbəndlərdir. Sazbəndlik aşıq sənəti ilə qoşa addımlayıb həmişə. Aşıq varsa, deməli, sazbənd də var. Daha doğrusu, sazbəndsiz aşıq sənətini təsəvvür etmək olmaz. Sazbəndlik bir sənət sahəsi kimi, ayrı-ayrı sənətkarlar tərəfindən bu gün də qorunub yaşadılmaqdadır. Hazırda Bakıda və respublikamızın digər rayonlarında, eləcə də soydaş­la­rı­mı­zın kompakt halda yaşadıqları digər ölkələrdə pe­şəkar el sənətkarları bu sənət ənənəsini uğurla davam davam etdirirlər. Sazbəndlik nəsildən-nəsilə yalnız fərdi qaydada, əsasən atadan oğula ötürülməklə günümüzə gəlib çatıb. Bu səbəbdəndir ki, bu gün usta sazbəndləri barmaqla saymaq olar. Onların heç birinin normal emalatxanası yoxdur, bu sazbəndlərin hamısı özlərinə birtəhər iş şəraiti  yardıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə də emalatxana üçün yer ayırmaq olar və lazımdır. Onların sayı elə də çox deyil və şərait yaradılması da çətin olmaz. Bu, həm də sənətin qorunub saxlanılması, yaşadılması üçün vacibdir.

Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ də usta sazbəndlərin potensialından istifadə etməklə, heç olmasa bir peşə liseyində bu sənətin tədris olunması, gənclərə öyrədilməsidir ki, bu sənət gələcək nəsillərə daha etibarlı şəkildə ötürülsün.

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin katibi,

Əməkdar mədəniyyət işçisi

Həmişəyaşar aşıq dastanları
Featured

Həmişəyaşar aşıq dastanları

09.06.2024

Qədim türk-oğuz epik ənənəsi ilkin ibtidai çağlardan erkən orta yüzilliklərəcən poetik düşüncə və bədii təxəyyülün gücüylə türk mənəvi-mədəni sisteminin, atlı həyat tərzindən doğan etnik yaşam biçiminin, bahadırlıq, cəngavərlik ruhunun daşınması və yaşaması işinə xidmət etmişdir. Qədim türk epos mədəniyyəti içərisində önəmli yer tutan oğuznamələrdəki etnik yaşantılar bu tarixi gerçəkliyin danılmaz görüntüsüdür.

Epik ənənəni ozan oğuznaməçiliyin­dən qəbul edən aşıq dastançılığı ide­ya-estetik axarlarda bir çox yeniliklər etməklə bərabər, mövcud folklor ənənə­sinin təhkiyə prinsiplərini, poetik-üslubi maneralarını, bədii nüfuzetmə imkanla­rını, təsvir və ifadə üsullarını, nəsr-nəzm növbələşməsini və s. yaşatmaqda davam etdi. Ozan epik mətni ilə, məsələn, “Ki­tabi-Dədə Qorqud” boyları ilə aşıq epik mətni (“Aşıq Qərib”, “Əsli-Kərəm”, “Nov­ruz-Qəndab”, “Qurbani”, “Koroğlu”, “Ab­bas-Gülgəz” və s.) arasında bu baxımdan tutuşdurma aparıldıqda təhkiyə və təsvir üsulları arasında fərqlənmədən daha çox yaxınlaşma, bir-birinə bənzəmə müşahidə edilməsi təbiidir. 

İstər yazılı, istərsə də şifahi ədəbiy­yatımızda “dastan” daha çox ədəbi istilah kimi işlədilmiş və əhvalat, hekayə, rə­vayət, macəra, tərifnamə, tərcümeyi-hal, hətta tarix anlamları daşımışdır. Nizami Gəncəvi öz məsnəvilərini də “dastan” ad­landırmışdır.

Azərbaycan folklorunda “dastan” an­layışı aşıq yaradıcılığının məhsulu olan epik-lirik əsərləri ehtiva edir. Tarixən “Oğuznamə”, “Boy”, “Səfər” adı ilə ozan yaradıcılığında yer alan bu epik mətnlər ozan-aşıq keçidindən sonra (XVI-XVII əs­rlərdən başlayaraq) “aşıq nağılı” və “das­tan” adları altına girir. Qəhrəmanların lirik duyğulanmaları, iztirab və həyəcanları, kədər və sevincləri, həsrət və nisgilləri, deyişmə və bağlaşmaları isə aşıq şeirləri ilə verilir.

Yüzillər boyunca türkün həyat tərzinin, duyum və düşüncə biçiminin əsas axarını bahadırlıq, cəngavərlik təşkil etdiyindən etnik-mənəvi sistemin güzgüsü olan folk­lorda, o cümlədən də dastançılıq ənənə­sində qəhrəmanlıq motivinin geniş və qa­barıq yer alması təbii-tarixi zərurətdən irəli gəlmişdir. Alplıq – bahadırlıq təbliğ-tərən­nüm edən nəhəng oğuznamə silsiləsin­dən (mərkəzdə “Kitabi-Dədə Qorqud” boyları olmaqla!) “Koroğlu” eposuna, qa­çaq dastanlarınacan öz aparıcı mövqeyini qoruyub saxlayan qəhrəmanlıq motivi qə­dim türk-oğuz cəmiyyətindəki etnik-irsi da­şıyıcı funksiyasını yerinə yetirmişdir. Qə­dim türk cəmiyyətində dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhələyə məxsus epik ənənənin özəyin­də qəhrəmanlıq motivi və bu motivin ifadə­si olan çeşidli qəhrəmanlıq süjetləri durur. Bu baxımdan qədim türk epik ənənəsin­də sırf bahadırlıq məzmunu daşıyan epik mətnlər “dastan” sayılmışdır: “Koroğlu”, “Manas”, “Alpamış”, “Maday Qara” əski klassik dastan örnəkləridir. Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təmayül də müəyyən yer tutmağa başlayır, bu zaman məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan, bir növ hər iki motivin qovuşu­ğunu əks etdirən dastanlar (“Şahisma­yıl-Gülzar”, “Novruz-Qəndab”, “Şahzadə Əbülfəz” və s.) ortaya çıxır. 

Azərbaycan xalq dastançılığı özü­nün çiçəklənmə mərhələsini orta yüzil­liklərdə keçirmişdir. Bu mərhələnin şah əsərləri olan “Aşıq Qərib”, “Tahir-Zöhrə”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şahisma­yıl-Gülzar” kimi möhtəşəm dastanlar Azər­baycan hüdudlarından çıxaraq ümumən Qafqaz, Anadolu, Orta Asiya ərazilərində də geniş yayılmış, eyni soydan olan türk xalqları ilə yanaşı, erməni, gürcü, osetin, tacik və s. etnosların folklor arealına da yerləşmişdir.

XVIII-XIX yüzilliklərdə dastan yaradıcı­lığı əvvəlki tempini yavaş-yavaş azaltmış və dastan ifaçılığına diqqət artırılmışdır. Dastanların ayrı-ayrı aşıq mühitlərində dəyişikliklərə məruz qalaraq variantlaş­ması prosesi də əsasən bu tarixi mərhələ­də getmişdir. XIX-XX yüzilliklərdə Aşıq Alı, Şəmkirli Aşıq Hüseyn, Aşıq Ələsgər, Bo­zalqanlı Aşıq Hüseyn, Molla Cümə, Xal­tanlı Tağı və başqa onlarla yaradıcı ustad aşıqlar zəngin poeziya irsi qoyub getsələr də, dastan yaradıcılığında elə bir ciddi keyfiyyət göstəricisi qazana bilməmişlər. Dastanvarı söyləmə-rəvayətlər yaradılsa da, onlar dastanlaşma prosesi keçirə bil­məmişlər. 

Azərbaycan xalq dastanlarının ümu­mi sayı 100-dən yuxarıdır. Variantlar da nəzərə alınsa, bu say 300-ə yaxın ola bilər. Dastanların ümumi sayından fərqli olaraq onların ayrı-ayrı aşıq mühitlərin­dəki sayı nisbətən azdır. Məsələn, Təb­riz-Qaradağ aşıq mühitində 70-ə yaxın, Urmiya aşıq mühitində 60-dan yuxarı, Borçalı və Gəncəbasar aşıq mühitlərində 50-dən çox, Şirvan aşıq mühitində 30-a qədər dastan müşahidə olunur.

Aşıqlıq ənənəsində 3 dastan öz mükəmməllik keyfiyyətinə görə aparıcı mövqedə dayanır. Ustadların qənaətinə görə, “aşıqlığın padşahı “Abbas-Gülgəz”, vəziri “Qurbani”, vəkili isə “Xəstə Qasım” dastanıdır”. Bu dastanların nizama düş­məsində Xəstə Qasımın (XVIII əsr) böyük rolu olduğu barədə də çeşidli aşıq mü­hitlərində maraqlı mülahizələr gəzib do­laşmaqdadır. Sözügedən hər 3 dastanın süjet gedişatında təsəvvüf dünyagörüşü ilə bağlı rəmzi-məcazi mətləblər də xüsusi yer tutur ki, bu da orta çağ eşq dastanları­nın tarixi-fəlsəfi mahiyyətini dərindən əks etdirən bir keyfiyyətdir.

İndiyə qədər Azərbaycan dastanları dəfələrlə nəşr olunmuş, bu yolda xidmət­ləri olan Vəli Xuluflu, Hümmət Əlizadə, Hüseyn İsgəndərov, M.H.Təhmasib və Əhliman Axundovun fəaliyyətləri unu­dulmazdır. Əvvəlki dönəmlərdə işıq üzü görən çoxcildlik dastanları toplayıb ortaya çıxaran bu fədakar folklorçuları hər zaman qədirşünaslıqla yad etməliyik.

Azərbaycan Aşıqlar Birliyinin son on ildə bu məsələyə yenidən qayıtması, XXI əsrin ilk rübündə bir çox ustad aşıqların repertuarından klassik dastanların yeni prinsip və metodlarla yazıya alınaraq (au­dio və videolentlər şəklində) qorunması cəhdi belə bir çoxcildli antologiyanın or­taya çıxmasına imkan aça bildi. Bu gün artıq Haqqın rəhmətinə qovuşan ustad aşıqlar Mahmud Məmmədov, Ədalət Nə­sibov, İsfəndiyar Rüstəmov və Xanmu­sa Musayevin xeyir-duası və məsləhəti ilə günümüzün dəyərli aşıqları Urfan Əli, Arif Əsgərov, Gəncəli Babayev, Məmməd Bozalqanlı, Nizami Şirinov, Elman Talıs­tanlı, Altay Məmmədli, Elbrus Hüseynov, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Vüqar Şəmkirli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Babək Şakir­li kimi dastançı aşıqlar “Abbas-Gülgəz”, “Qurbani”, “Xəstə Qasım”, “Vaqif”, “Şa­hismayıl-Gülzar”, “Alıxan və Pəri xanım”, “Hüseyn və Reyhan”, “Ordubadlı Kərim”, “Tahir-Zöhrə”, “Abdulla-Cahan” dastanları yazıya alındı və Azərbaycan televiziyası­nın “Mədəniyyət” kanalındakı “Saz-söz axşamı” verilişində efirə çıxarıldı.

Oxuculara təqdim olunan “Aşıq das­tanları” çoxcildlik antologiyası həmin mətnlər əsasında hazırlanmışdır. Bu baxımdan sözügedən materiallar canlı aşıq repertuarından yazıya alınmış orijinal dastan örnəkləridir. Qeyd etmək lazım­dır ki, bu çoxcildlik antologiyada yer alan dastanlar indiyə qədər nəşr olunan dastan kitablarındakı mətnlərdən ciddi şəkildə fərqlənməkdədir. Bunlar çağdaş aşıqla­rın dastan repertuarının mənzərəsini əks etdirməklə bərabər, süjet, kompozisiya və poetik mətn örnəklərinin çoxluğuna, zənginliyinə və mükəmməlliyinə görə in­diyə qədərki nəşrlərdən daha dolğun və əhatəlidir. Çoxsaylı şeir və saz havaları­nın əks oldunduğu bu mətnlər aşıq dilinin canlı danışıq dinamikası və xəlqi koloritinə söykənən epik, poetik və dramaturji səciy­yə daşıyır. Təqdimatda canlı ünsiyyət və teatral keyfiyyətlər də olduqca qabarıqdır. 

Bu antologiya dastan ifaçılığına maraq göstərən yeni nəsil aşıqlar, eləcə də folk­lor araşdırıcıları, aşıqşünas, musiqişünas və dastanşünaslar üçün dəyərli bir mənbə olacaqdır.

Məhərrəm QASIMLI,
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor

https://xalqqazeti.az/az/medeniyyet/182650-hemiseyasar-asiq-dastanlari

Aşıq yaradıcılığı
Featured

Aşıq yaradıcılığı

07.12.2021

Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır

Azərbaycan xalqı özünün zəngin tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Eyni zamanda, həyata keçirilən uğurlu dövlət siyasəti mədəni irsimizin qorunmasını, dünyada geniş təbliğini təmin edir. Prezident İlham Əliyev müvafiq Sərəncamı əsasında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin  qeyd olunması da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bundan başqa, İlham Əliyev noyabrın 30-da “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkarın abidəsi ucaldılacaq.

Ekspertlərin fikrincə, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı çoxşaxəli tədbirlərin keçirilməsi Azərbaycanda tarixi şəxsiyyətlərə, söz və sənət adamlarının əməyinə verilən yüksək dəyərin göstəricisidir. Görülən işləri tarixi şəxsiyyətlərin irsinə və milli yaradıcılığa göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib: “Ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətləri olan Aşıq Ələsgərin yubileyi çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin göstərişi ilə Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olundu. Bu il Prezident İlham Əliyevin imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı da Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirmək olar”.

Ustad aşığın yaradıcılığı ədəbiyyat nümunələri ilə zəngindir

Professor Məhərrəm Qasımlı bildirib ki, Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar: “Ustad aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələri ilə zəngindir. Onun şeirlərini təhlil etdikdə də bunu görmək olar. Xalqın əxlaq kodeksi, etnoqrafiyasından gələn milli-mənəvi keyfiyyətlər sənətkarın yaradıcılığında öz əksini tapıb. “Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Bu verilişlərdə ustad aşığın dastan və rəvayətləri təqdim olunub, musiqiləri səsləndirilib. Həmin dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Yubiley ili ilə bağlı klassik irsimizin gənclərə mənimsədilməsi məqsədilə “Aşıq Ələsgər və gənclik” mövzusuna həsr olunan işlər də görürük. Aşıq Ələsgər irsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı da işlərimiz olacaq. Biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Şərq ölkələrində, Avropada, Amerikada, tanıdılsın. Bu istiqamətdə artıq işlərə başlamışıq”,- deyə M.Qasımlı vurğulayıb.

Xalqdan öyrənən və xalqa öyrədən aşıq

“Aşıq Ələsgər Azərbaycan aşıqlığının sənət pasportudur”,-deyən professor bildirib ki, həm tələbələrə, həm də bu sənətə yönələn gənc aşıqlara Aşıq Ələsgəri bir sənət pasportu kimi sinələrində daşımağı vacib bilir.  “Xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgər yalnız qüdrətli bir şair-aşıq kimi yox, həm də tanıyanların qəlbində bir ocaq, övliya kimi heykəlləşmişdi. Xalqdan öyrənən və xalqa öyrədən Aşıq Ələsgər “Olmaz” şeirində deyir:

Bu dünyada mən təcrübə еlədim,

Nakəs körpüsündə hеç bünyad olmaz.

Bir mərd ilə acı yеsən, şirindi,

Yüz namərdlə şəkər yеsən, dad olmaz”.

Müşfiqə BAYRAMLI

/ww.yeniazerbaycan.com/

Babaların əmanətini əsrin saxlancında qoruyaq
Featured

Babaların əmanətini əsrin saxlancında qoruyaq

22.05.2025

Artıq UNESCO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edən Azərbaycanda aşıq sənəti özünün tarixi kökləri və milli ruh aşılaması ilə öyünə bilər. Dövlət səviyyəsində qayğı göstərilən sahələrdən biri də məhz ozan-aşıq sənətidir.

Kollektiv mahiyyətli el yaradıcılığı, xalq istedadı hər zaman sevilib. Qopuz çalıb, dastan bağlayan, söz qoşub, mahnı oxuyan, ürəkləri, zehinləri işıqlandıran ozanlıq özünün yetkin mərhələsinə Dədə Qorqudun timsalında çatıb. “Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir, elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...”

Məna etibarı ilə “ozan-aşıq-aşiq” kəlmələri eşq yolçusu, ilahi eşqə tapınan kimi ehtiva olunur. Ulu Göyçə, Borçalı, Gəncəbasar, Şirvan elləri Azərbaycan aşıq sənətinin mərkəzləri kimi tanınır. Bu mahalların aşıqları hər zaman ürəkləri nurlandıran çıraq olublar. Təsadüfi deyil ki, anadan olmasının 140 illiyini qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəyli “Aşıq sənəti” məqaləsində yazırdı: “Aşıq xalqın ən sevimli nəğməkarıdır. Aşıq sənəti... xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını, xalq musiqisinin başqa növlərinə nisbətən daha parlaq əks etdirir; aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır... Aşıq sənəti xalqın öz yaradıcılığıdır”. 150 illiyi yaxınlaşan ilk anadilli qəzetimiz “Əkinçi”nin yaradıcısı, böyük maarifçi Həsən bəy Zərdabi isə “Bizim nəğmələrimiz” məqaləsində azərbaycançılıq ruhunun aşılanmasında aşıq sənətini belə səciyyələndirib: “Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Ələlxüsus, nəğmələr ilə ki, xoş sövq ilə oxunur... Aşıqlar toylarda oxuyanda, onlara qulaq asanlara baxın. Bu zaman qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətin kəssən də, xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, 5–10 gün uşaqlar gecə-gündüz oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər”.

Folklorşünas alimlərimiz də aşıqları təkcə qoşma, gəraylı oxuyan, dastan söyləyən sənətkarlar kimi deyil, həm də müdrik və zəkalı ustad, “el anası” kimi dəyərləndiriblər. Radiomuzun, televiziyamızın fondlarında aşıq musiqisinə dair çoxsaylı nümunələr saxlanır. Amma zaman keçdikcə bunların qorunması müşkülə çevrilir. Lentlər quruyub xarab olur, keyfiyyətini itirir. Bu isə həmin sərvətin itirilməsi ilə bağlı əndişələr yaratmaya bilməz.

Bu da var ki, gənc həvəskarlar arasında aşıqlığın aşiqləri çox olsa da, bu sənətin tədrisi pərakəndə aparılır, ustad dərsləri daha çox fərdi qaydada, klub dərnəklərində olur. Odur ki, yazıya köçürülmüş dastanların, havacatların, mahnıların əyani vasitə kimi uzunmüddətli, ciddi şəkildə mühafizəsi zərurəti ortaya çıxır. Bu sahənin qənimət örnəkləri də tezliklə rəqəmsallaşdırılmalı, etibarlı mirasa çevrilməlidir. Yoxsa, ustadların ifasında yazılmış “Koroğlu”, Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib”, Abbas və Gülgəz”, “Rüstəm və Söhrab” kimi monumental abidələr, ruh oxşayan qədim havalar bir də hardan ələ düşər? Çalışmalıyıq ki, ustadnamələrlə başlayan, duvaqqapmalarla sona yetən bu milli-mədəni irs nümunələrini də axırda əliçıraqlı axtarmayaq. Elə edək ki, sonda deməyək:

Alp Ər Tunqa öldümü?
Yaman dünya qaldımı?
Fələk öcün aldımı?
İndi ürək dağlanır...

Bu sahədə son illərdə görülən işlər də yox deyil. Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası” – “Azərbaycan xanəndələri”, “Azərbaycan muğamı” kimi CD və DVD disklərdən ibarət albomlar əlamətdardır. Həmçinin, “Azərbaycan diskoqrafiyası” (1900–1940-cı illər), “Muğam ensiklopediyası” kimi internet saytlarının varlığı diqqətəlayiqdir. Hələ 2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun “İrs” folklor ansamblının, xalq musiqisi ilə bağlı digər diskləri toplu halında buraxılıb, muğamlar, aşıq havaları, şikəstələr, xalq mahnılarının ömrünə ömür calanıb. Onlayn-kataloqlar, kiberməkanda multimediya platformaları, hiperyönəltmələr “ümumdünya şəbəkəsinin yaddaşında” həkk olunur və şübhəsiz ki, Azərbaycan musiqisinin dünyada tanınmasında mühüm rol oynayır.

Azərbaycan Aşıqlar Birliyinini sədri, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru Məhərrəm Qasımlının bu barədə dedikləri:

– Rəqəmsallaşma çox vacib məsələdir. Biz öz gücümüzlə son zamanların mətnlərini bu yöndə müəyyən qədər gerçəkləşdirmişik. Deyərdim ki, bir qədər də gecikmiş məsələdir. Sürətlə bunu ortaya gətirmək lazımdır. Çünki dünya bu sistemin üzərinə gedir və aşıq havalarının, aşıq sənəti ilə bağlı görüntülü və audio mətnlərin bu şəklə gətirilməsi günün tələbidir. Düşünürəm ki, ortaya dövlət səviyyəsində bir layihə qoyulmalıdır. Həmin layihə Mədəniyyət Nazirliyinin, AzTV-nin, Azərbaycan Dövlət Arxivinin və digər əlaqəli qurumların xətti ilə də ola bilər. Layihə üzrə işçi qrupunun tərkibində işi səmərəli icra etmək üçün musiqişünaslardan, folklorşünaslardan, jurnalistlərdən ibarət heyət olmalıdır. Bu, müəyyən vaxt tələb edir. 1 il–3 il vaxt lazımdır. 20-ci illərdən bəri mətnləri yığıb sistemləşdirmək gərəkdir. Bu zaman daha əvvəlki dönəmlər də axtarılmalıdır. Hətta bu məsələlərin bir hissəsi Moskvaya, Sankt-Peterburqa da gedib çıxa bilər. Bu mənada genişmiqyaslı iş getməlidir.

Sonda bir daha deyək ki, yaradan əllərin, dillərin, avazların yaddaşını çağdaş rəqəmsallaşma yolu ilə yaşatmaq son dərəcə zəruridir.

Ə.ƏLİYEV
XQ

 
https://xalqqazeti.az/az/medeniyyet/226577-babalarin-emanetini-esrin-saxlancinda-qoruyaq
Qərbi Azərbaycan – aşıqlar yurdu
Featured

Qərbi Azərbaycan – aşıqlar yurdu

04.06.2024

Türk xalqlarının milli-mənəvi zənginliyində Qərbi Azərbaycanın bir mədəniyyət ocağı olaraq rolu böyükdür. Bu qədim yurd yerlərimiz ucu-bucağı görünməyən bir rəngarəngliklə səciyyələnir. Əfsanə, rəvayət, nağıl, dastan, atalar sözü, məsəl, tapmaca, mərasim folkloru, etnoqrafik əsrarəngizlik səviyyəsində Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı mükəmməldir.

Aşıq yaradıcılığı bu möhtəşəmliyin ana axarını müəyyənləşdirməklə, həm də onun mədəniyyət kodu olaraq etnopo­tensiya səviyyəsində yaranış və ötürülmə formulasını diqqət önünə gətirir. Azərbay­can Aşıqlar Birliyinin bu yaxınlarda geniş ictimaiyyətə təqdim etdiyi “Qərbi Azərbay­can aşıqları (poeziya antologiyası)” kitabı bunun göstəricisidir. 

Ümumiyyətlə, son dövrlərdə Azərbay­can Aşıqlar Birliyinin bir-birinin ardınca nəşr olunan “Ozan-aşıq ensiklopediyası” (iki cilddə), “Aşıq deyişmələri”, “Aşıq təc­nisləri”, “Aşıq gözəlləmələri”, “Aşıq Ələs­gərlə bağlı dastan-rəvayətlər”, “Aşıq diva­niləri və müxəmməsləri”, “Ustad nəfəsli saz-söz ərməğanı” və s. kitabları qədim milli varlığımızın təsdiqi kimi dəyərlidir. “Qərbi Azərbaycan aşıqları (poeziya an­tologiyası)”nın giriş yazısında bu məqam xüsusi olaraq vurğulanır. Xatırlanır ki, ozan-aşıq mədəniyyətinin mühüm bir qanadı tarixən indiki Qərbi Azərbaycan mahallarından boy göstərib. İrəvan, Zən­gəzur, Göyçə, Dərələyəz, Ağbaba, Qa­raqoyunlu və Dərəçiçək-Loru-Pəmbəkdə 100 illər boyunca ustad sənətkarlar, az­man aşıqlar dilimizin, ruhumuzun, mədə­niyyətimizin güc-qüdrətini Azərbaycan və oğuz-türk dünyası boyunca yaşadaraq şöhrətləniblər. Qərbi Azərbaycanın mad­di və mənəvi atlası bütün parametrlərdə arxaik qatdan üzübəri gələn proseslərin zənginləşməsinə, etnik müəyyənliyin bir normativ olaraq prinsipləşməsinə bağla­nır. 

Qərbi Azərbaycan aşıqları şeir an­tologiyası ayrı-ayrı aşıq mühitləri və ocaqları səviyyəsində tarixi axarın mən­zərəsini bütün gücü ilə əks etdirmək təsəvvürünə xidmət edir. Coğrafi ərazi olaraq on doqquzuncu yüzilliyin başlan­ğıcından bu yana imperiya siyasətinin tendensiyalı yanaşmaları ilə üzləşən bu region türkün qədim mədəniyyət mərkəz­lərindən biri kimi özündə çox mətləblərə işıq tuta bilmək gücündədir. Regionun tarixi abidələri, qayaüstü yazılar, müxtəlif daş heykəllər, sərdabələr, coğrafi adlar və onların ehtiva etdiyi məzmun bunun bariz nümunəsidir. 

Azərbaycan Aşıqlar Birliyinin gördü­yü gərəkli iş həmin zənginliyin bir başqa mənzərəsidir və daha çox faktura ilə diqqət önünə gəlir. 

“Qərbi Azərbaycan aşıq mühitləri” başlığı altında antologiyanın bir araya gətirilərək nəşri folklorşünaslıqda ilk ad­dımdır. Düzdür, Göyçə, Dərələyəz aşıq mühitləri ilə bağlı müəyyən toplular nəşr olunaraq geniş auditoriyaya çatdırılmış­dır. Və müəyyən sənətkarların şeir toplu­ları ayrı-ayrı zaman kəsiklərində işıq üzü görmüşdür. Mühitin ümumi aurası, sənət ənənəsi haqqında Əməkdar elm xadimi, professor M.Qasımlı konseptual təhlillər aparmışdır. Bu toplu isə özlüyündə son­rakı araşdırmalar üçün davamlı qaynaq funksiyasını yerinə yetirir. 

Folklorşünas alimlər – Əməkdar elm xadimi M.Qasımlı, prof. M.Allahmanlı, Əməkdar mədəniyyət işçisi M.Nəbioğ­lu və dosent A.Məmmədlinin fədakarlı­ğı sayəsində geniş ictimaiyyətə təqdim olunan yeni toplu ilk dəfə olaraq əhatəli­liyi və mühitləri bir araya gətirmək cəhdi ilə mühüm əhəmiyyət kəsb edir. Burada əksini tapan bir sıra sənətkarların adları müəyyən folklorşünasların təhlillərində xatırlanmalarla diqqət önünə gəlsə də, bir qismi haqqında, demək olar, elə bir bilgi də yox idi. Hətta mühit timsalında da bu vəziyyət özünə yer alır. Məsələn, İrəvan aşıq mühiti, Zəngəzur aşıq mühiti, Dərə­çiçək-Lori-Pəmbək aşıq mühiti bunun örnəyidir. Çar Rusiyasının Azərbaycanı işğal etməsi ilə başlayan tənəzzül bu və ya digər şəkildə bu mühitlərin bir mə­dəniyyət ocağı olaraq tədrici səviyyədə sıradan çıxarılmasına yönlənmişdi. So­vetlər dönəmində bu məkrli siyasət daha kəskin, həm də nümayişkaranə şəkildə aparılmışdır. 

Aşıq yaradıcılığı ayrı-ayrı mühit və şəxsiyyətlərin timsalında həmin proses­ləri izləmək və ümumiyyətlə, toplumun tarixi yaşam tərzini əks etdirmək baxı­mından dəyərli qaynaqdır. Mühitin qaynar söz axarı və kitabdakı İrəvan aşıq mühiti timsalında verilən bilgilər zaman-zaman böyük itkilərin də yaşandığını diqqət önünə gətirir. Dədə Gözlü, Dədə Heykəl, Dədə Qürbət kimi ustadlar yetirən İrə­van aşıqlığı 20-ci yüzilliyin əvvəllərindən öləzimələrlə, aşıqlıq timsalında sıradan çıxma ilə səciyyələnib. İctimai-siyasi mü­hitin məkrli tendensiyası 19-cu əsr boyu müxtəlif aspektdə aşınmaları qaçılmaz etmişdi. “Qərbi Azərbayan aşıqları” anto­logiyası da sərgilədiyi mənzərə ilə bunu nümayiş etdirir. Zəngəzur, Qaraqoyunlu, Dərəçiçək-Lori-Pənbək aşıq mühiti timsa­lında bu təsəvvürü faktlaşdırır.

Göyçə, Dərələyəz və Ağbaba mühit­ləri timsalında görülən işlər, sənətkarlarla bağlı bilgilər həm də sistemli təhlillər üçün əsaslı material verir. Son dövrlərdə ay­rı-ayrı bölgələrlə əlaqədar işıq üzü görən antologiyalar, məsələn, “Göyçə folklor antologiyası”, “Ağbaba folklor antologi­yası”, “Dərələyəz folklor antologiyası” və s. geniş müstəvidə prosesin dönməzliyini diqqət önünə gətirir. Tarixçilərin, dilçilərin, folklorşünasların, etnoqrafların, musiqişü­nasların gördüyü gərəkli işlər özlüyündə həmin coğrafi bölgəyə, qədim sakinlərin öz dədə-baba yurdlarına qayıdış konsep­siyasını strateji xətt olaraq səciyyələndirir. “Qərbi Azərbaycan aşıqları” antologiyası da həmin mühitlərə həssaslığın örnəyi olaraq meydana çıxmışdır.

“İrəvan çuxuru”, “Göyçəgülü”, “Dərələyəz gəraylısı”, “Cəlili”, “Ağbaba gözəlləməsi” və bu sıradan olan başqa möhtəşəm saz havaları milli-tarixi dü­şüncə və yaddaşımızı oyaq saxlayan çox mühüm, vacib qaynaqlardır. Çünki bu ha­vaların melodik ruhu kimi, adı – toponimik ovqatı da bizi Qərbi Azərbaycanımıza – İrəvanımıza, Zəngəzurumuza, Dərələyə­zimizə, Göyçəmizə, Vedibasarımıza səs­ləyir, oradakı dağın-daşın, yer-yurd ətrinin bizim könlümüzdəki, damarlarımızdakı tarixi-genetik dalğalanma ilə dopdoğma olduğundan xəbər verir. 

Miskin Abdal, Ozan Heydər, Ozan Cəlil, Ozan İbrahim, Xəstə Hasan, Qa­rani, Ululu Kərim, Şenlik Çıldırlı, Çorlu Məhəmməd, Ağ Aşıq, Aşıq Alı, Məhər­rəm Alçalı, Ağkilsəli Musa, Əsəd Rzayev, Məhəmməd Rzayev, Sadıq Sultanov, Ço­bankərəli Aşıq Cəfər, Sallı Aşıq Cəlil, Aşıq Qəhrəman və s. ayrı-ayrı sənətkarlar timsalında özünü göstərən sənət ənənəsi Qərbi Azərbaycan aşıqlığının mədəniy­yətə verdiyi əvəzsiz töhfələrdir. Bütünlük­də, bunlar tarixi axarın aşıqlıq timsalında sərgilədiyi mənzərədir və əvəzsiz nəsnə olaraq yaddaşlarda qorunmaqla gedilə­cək yolun dönməzliyinə həssaslığı nüma­yiş etdirir. 

Mənsurə İSMAYILOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

https://www.xalqqazeti.az/az/medeniyyet/178949-qerbi-azerbaycan-asiqlar-yurdu

 “O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”
Featured

“O mahnıdan sonra “Gedək Təbrizə-Təbrizə”ni hazırlayırdıq ki, Yaqub bəy dünyadan köçdü...”

20.09.2021
“Azərbaycan” şeirimi təxminən iyirmi il öncə yazmışam. Amma 15 il bundan qabaq bu şeirə bəstəkar Nazim Əliyev mahnı bəstələyib mənə təqdim etdi. Bu isə mənim çox xoşuma gəldi. Sonra bir dəfə Yaqub Zurufçuya bunu dedim və o, Nazim müəllimlə tanış olmaq istədi”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. O, Yaqub bəylə yeni mahnılar üzərində işlədiklərini, amma çox təəssüf ki, bunun yarımçıq qaldığını bildirib: 
 
“Elə oldu ki, filarmoniyada konsertdə rastlaşdıq və mən Nazimlə Yaqub bəyi görüşdürdüm. Nazim mahnını Yaqub müəllimə təqdim etdi və bir neçə gün sonra Yaqub müəllim mənə zəng vurub dedi ki, “mahnı çox xoşuma gəldi, istəyirəm mahnını ifa edəm”. Dedim ki, mən də, Nazim bəy də razıdır. Amma mahnının hazırlanması bir neçə ay çəkdi və bu müddətdə ərzində Nazim Türkiyəyə getdi, indi orda yaşayır və yazıb- yaradır. Yaqub bəy isə bu mahnını oxumağa başladı. Bir dəfə bunu televiziyada görəndə diksindim. Mahnı çox güclü vətənpərvərlik ruhunda hazırlanıb və bir az da marş tərzində olan mahnıdır. Yaqub bəyə zəng vurub buna görə təşəkkür etdim. Doğrusu mən Nazimi neçə müddətdir görmürəm və bilmirəm ki, bu mahnıdan xəbəri var, yoxsa yox. Yaqub bəy bunu televiziyada və bir çox səhnələrdə ifa edib. Amma çox adam bilmir ki, mahnının sözlərini Orxan Paşa imzasıyla mən yazmışam. Bəstəsi isə Nazim Əliyevindir. 
 
Yaqub bəy dünyasını dəyişəndə ona həsr olunan verilişdə bu mahnını verdilər və mən də çox təsirləndim. Çünki Yaqub bəylə bizim bir neçə başqa mahnılarımız da var idi və üstündə işləyirdik. “Gedək Təbrizə-Təbrizə” şeirimə mahnı bəstələmişdi və bunu da marş ruhunda hazırlamışdı. Mahnını artıq yazdıracaqdıq ki, bu hadisə baş verdi və Yaqub bəy Təbrizə getmək əvəzinə o biri dünyaya getdi. Ruhu şad olsun”.
 
Vasif Əlihüseyn
 
https://moderator.az/cemiyyet/394456/o-mahnidan-sonra-gedek-tebrize-tebrizeni-hazirlayirdiq-ki-yaqub-bey-dunyadan-kcdu/
Aşıq sənətinin uğurları və qayğıları
Featured

Aşıq sənətinin uğurları və qayğıları

17.03.2025

Azərbaycan xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri ozan-aşıq sənətidir. Min illərdir ki, xalqı sevgiyə, mübarizəyə səsləyən bu sənət sadə, xəlqi olduğu qədər də zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir.

Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini tutması sahəsində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də 2009-cu ilin oktyabrında aşıq sənətinin də xalqımızın milli mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə söhbətimiz qazanılan uğurlar və cari qayğılar barədə oldu. O, əvvəlcə birliyin tarixindən bəhs etdi:

– Azərbaycan aşıqlarının ilk Qurultayı 1928-ci ildə (II qurultay 1938, III Qurultay isə 1961-ci ildə keçirilib) keçirilsə də, Azərbaycan Aşıqlar Birliyi 1984-cü ildə aşıqların IV Qurultayında yaradılıb və mərhum Xalq şairi Hüseyn Arif birliyin ilk sədri seçilib. 1992-ci ildə Hüseyn Arif rəhmətə getdikdən sonra isə birliyin normal fəaliyyət ahəngi bir qədər pozulub, yalnız 2008-ci ildə keçirilən V qurultaydan sonra xalqımızın milli sərvəti olan ozan-aşıq sənətinə dövlət səviyyəsində qayğı daha da artıb ki, bu da həm bu sənətin daşıyıcıları tərəfindən böyük minnətdarlıqla qarşılanıb, bu sənətin daşıyıcılarına yeni stimul verib.

Müsahibimiz daha sonra qurultaydan ötən dövr ərzində Aşıqlar Birliyinin həm də aşıq sənəti ilə bağlı bir növ tədqiqat mərkəzinə çevrildiyini vurğuladı:

– Əməkdaşlarımız bu istiqamətdə mühüm layihələr həyata keçiriblər. İndiyədək “Ustad aşıqlarımız” və “Günümüzün ustad aşıqları” seriyasından kitablar, eləcə də “Ozan-aşıq dünyası”, üçcildlik “Aşıq dastanları”, “Qərbi Azərbaycan aşıqları (poeziya antologiyası)”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, “Aşıq, bağrına bas sədəfli sazı”, “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq deyişmələri”, “Aşıq təcnisləri”, Seçmə aşıq şeirləri antologiyası” və s. toplular nəşr etdirmişik. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir”, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı”, eləcə də ayrı-ayrı ustad aşıqların ifalarından ibarət video-audiodisklər hazırlanıb. Bundan başqa, hər il ustad aşıqların yubileyi tənətənəli şəkildə qeyd olunur. Bu layihələr klassiklərə və günümüzün ustad aşıqlarının yaradıcılığına diqqət və sayğı olmaqla yanaşı, sənətə yeni gələn gənclər üçün də qiymətli bir mənbə rolunu oynayır.

Eyni zamanda, ozan-aşıq sənətinin dünəni və bu günü, təkcə Azərbaycanda deyil, eyni zamanda İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada (Dağıstanda) və digər ölkələrdə yaşayıb yaratmış ustad aşıqlar, onların həyat və yaradıcılığı, aşıq sənətinin bugünkü uğurları və problemləri və s. məsələlərlə bağlı tanınmış folklorşünas alimlərin, saz-söz ustalarının, ictimai xadimlərin elmi məqalələrinin yer aldığı toplu da nəşr olunur.

Musiqi mədəniyyətimizin bünövrəsini təşkil edən aşıq sənətinin daha da inkişaf etdirilməsi, onun beynəlxalq aləmdə təbliği, ustad sənətkarlarımızın yaradıcılıq yolunun öyrənilməsi, yeniyetmə və gənclərdə bu sənətə meylin gücləndirilməsi istiqamətində həyata keçirmək istədiyimiz tədbirlər planı isə daha genişdir. Ancaq təəssüf ki, bəzi səbəblərdən bu işlərin hamısını həyata keçirə bilmirik.

– Bu səbəblər hansılardır?

– Bu gün birliyin əsas müşkülü özünün ayrıca ofisinin olmamasıdır. Belə ki, bütün yaradıcılıq təşkilatlarının Bakıda məkanları olduğu halda, yaradılmasından 40 ildən artıq vaxt keçən, 500 nəfərədək üzvü olan Azərbaycan Aşıqlar Birliyinin hələ də mərkəzdən bir qədər aralıda kirayə olunmuş darısqal bir mənzildə yerləşir. Orada heç 30 nəfərlik bir iclas keçirmək üçün normal şərait yoxdur. Bununla bağlı illər öncə dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, nəticəsi olmayıb. Belə bir şəraitdə genişmiqyaslı fəaliyyət göstərmək isə, təbii ki, çətindir. Üstəlik, hər hansı bir tədbir keçirəndə maddi durumla bağlı olaraq yer problemi ilə üzləşir, ayrı-ayrı mədəniyyət ocaqlarına ağız açır, yaxud da kömək üçün Mədəniyyət Nazirliyinə üz tutmalı oluruq.

Birliyin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda və digər ölkələrdə yaşayan aşıqlar da bizimlə əlaqə saxlayır, tez-tez qonağımız olur, bizdən elmi-metodiki, mənəvi kömək umurlar və biz onları qarşılayıb-yola salmaqda, görüşlər keçirməkdə çətinlik çəkirik. Nəzərə alsaq ki, ölkəmizə tez-tez xaricdən qonaqlar gəlir və onlar xalqımızın qədim sənəti olan ozan-aşıq sənəti ilə də maraqlanır, bu sənətlə daha yaxından tanış olmaq, aşıqlarımızla canlı ünsiyyət qurmaq istəyirlər, o zaman üzləşdiyimiz çətinlikləri daha aydın təsəvvür etmək olar.

2008-ci ilin avqustunda Azərbaycan aşıqlarının V qurultayında səsləndirilmiş “Ozan evi”nin tikilməsi məsələsi arzu olaraq qalmaqdadır. Təxminən 10 il əvvəl paytaxda “Beynəlxalq Muğam Mərkəzi” kimi, ayrıca “Aşıq Mərkəzi”nin tikilməsindən söhbət getsə də, hətta layihələndirmə işləri görülsə də, nədənsə, sonradan unuduldu. Halbuki aşıqlar üçün belə bir şəraitin yaradılması burada geniş tədbirlər keçirməklə yanaşı, həm də aşıq muzeyinin, aşıqlar üçün səsyazma studiyasının təşkil olunmasına, məşhur aşıqlarla bağlı ayrıca guşələrin yaradılmasına, onların heç olmasa bu binada barelyeflərinin qoyulmasına imkan verərdi.

– Birliyi narahat edən məsələlərdən birinin də aşıqların yaradıcılığının stimullaşdırılması, onların sosial müdafiəsi olduğunu söyləyən Musa Nəbioğlu dedi:

– Təəssüf ki, bu məsələ də lazımi səviyyədə deyil. Digər yaradıcılıq təşkilatları ilə müqayisədə, Aşıqlar Birliyinin üzvləri bu sahədə də niyəsə unudulub. İldə, heç olmasa, 15-20 nəfər aşığa da stimul olaraq təqaüd ayrılsa, yaxşı olar. Axı, daimi iş yeri olan aşıqlar çox azdır və bu səbəbdən də sənətə ömür sərf edənlər qocalanda pensiya almaqda çətinliklə üzləşirlər. Fəxri adlara və Prezident təqaüdünə layiq görülmə məsələsində də aşıqların bəxti gətirməyib. “Əməkdar mədəniyyət işçisi” olan aşıqların sayı azdır.

Aşıq sənətinin beşiyi sayılan Azərbaycanda, məsələn, Dövlət Filarmoniyasında ayrıca aşıqlar ansamblı yaradılması da yubanır. Bu, təkcə bir neçə aşığın işlə təmin olunması yox, həm də sənətin incəliklərinin qorunub saxlanılması, sənət ənənələrinin etibarlı şəkildə gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olardı.

– Bəs, sazbəndlik sənəti nə yerdədir?

– Sazbəndlik aşıq sənətinin ayrılmaz tərkib hissəsidir, onu sənətkarlar fərdi qaydada yaşadırlar. Hazırda Bakıda və respublikamızın digər rayonlarında, eləcə də soydaşlarımızın kompakt yaşadıqları digər ölkələrdə peşəkar el sənətkarları bu ənənəni uğurla davam etdirirlər. Amma bu gün usta sazbəndləri barmaqla saymaq olar, çünki onların heç birinin normal emalatxanası yoxdur, hamısı özlərinə birtəhər iş şəraiti yaradıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə də emalatxana üçün yer ayırmaq olar və lazımdır. Bu, həm də sənətin qorunub saxlanılması, yaşadılması üçün vacibdir.

Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ də usta sazbəndlərin potensialından istifadə etməklə, heç olmasa, bir peşə liseyində bu sənətin tədris olunması, gənclərə öyrədilməsidir ki, bu sənət gələcək nəsillərə daha etibarlı şəkildə ötürülsün.

– Ümid edirik ki, söylənilənlər lazımi qurumlarda eşidiləcək və ozan-aşıq sənətimizin daha da inkişafı naminə təsirli addımlar atılacaq.

Söhbəti qələmə aldı:
Ə.DOSTƏLİ
/https://xalqqazeti.az/az/medeniyyet/218690-asiq-senetinin-ugurlari-ve-qaygilari?fbclid=IwY2xjawJElghleHRuA2FlbQIxMAABHWQygHTePzQ4wzOz4-a6oRfaVev7gIRRe6YCdPlx2b3MXOvx9i0wIQ15pw_aem_Hxlm4a_IalLEiqac78zPDw/

Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi
Featured

Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

19.09.2023

Məhərrəm Qasımlı – 65

Bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti görkəmli folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illiyini sevgi-sayğı ilə qeyd edir.

65 yaş insan üçün çox olmasa da, Tanrının sənə bəxş etdiyi bu ömür payı­nı mənalı və məzmunlu yaşaya bilmək, Vətən, millət və dövlət üçün faydalı ola bilmək baxımından az zaman da deyil. Bu mənada, haqqında söhbət açmaq istədiyim Məhərrəm Paşa oğlu Qasımlı arxada qoyduğu 65 ildə həm özü, həm də cəmiyyət üçün faydalı və məhsul­dar bir ömür yaşaması ilə öyünə bilər. Bu ömür yolunu qısaca xarakrerizə et­miş olsaq, sadəcə, bu kəlmələr kifayət edər: alim, şair və ozan ömrü! 

Bir ömürdə 3 missiyanı eyni məsu­liyyətlə daşımaq hər kəsə nəsib olan bir hal deyil: Alim Məhərrəm Qasımlını bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da müvafiq sahənin adamları nüfuzlu folklorşünas kimi yaxşı tanıyır, tez-tez əsərlərinə is­tinad edirlər; Şair Orxan Paşa isə po­eziya həvəskarlarının şeirlərini sevə-sevə oxuduğu, qoşma və gəraylılarının aşıqların repertuarını bəzədiyi qiymətli söz adamıdır. Bütün bunlarla yanaşı, məncə onu daha çox məşhur edən, sevdirən ozan-aşıq mədəniyyətinin ən yaxşı tədqiqatçısı və təbliğatçısı olma­sıdır ki, bu səbəbdən də onu həm də ozan adlandırsaq, yanılmarıq. 

Onun həm alimliyinin, həm də şa­irliyinin mayasında ozan-aşıq sənətinə bağlılığı dayanır. Hərdən adamda elə təsəvvür yaranır ki, alim Məhərrəm Qasımlı olmasaydı, şair Orxan Paşa da olmazdı. Yaxud əksinə, şair-ozan Orxan Paşa olmasaydı, alim Məhər­rəm Qasımlı bu qədər şöhrət tapmaz­dı. Şöhrət demişkən, onun şöhrəti dövlətimiz tərəfindən də rəsmiləşdirilib: 2018-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bun­dan 3 il əvvəl isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Dövlət müka­fatı laureatıdır. 

İlk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alim olaraq qeyri-maddi mədəni irs nü­munələrimizin tədqiqatında müstəsna xidmətləri ilə yanaşı, uzun illərdir Azər­baycan Dövlət televiziyasında aşıq sənəti, bütövlükdə, ozan-aşıq mədə­niyyəti ilə bağlı apardığı verilişlər onun ziyalı obrazını daha da kamilləşdirir. Bu obrazı daha dolğun əks etdirmək üçün özünün həmin zümrə ilə bağlı fikirlə­rinə diqqət yetirək: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin sən də Dər­bənddənsən, lənkəranlı səni Lənkə­randan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçə­dən, şirvanlı Şirvandan bilsin. Sevgin­lə, əməlinlə Vətən boyda görünəsən. Vətənin hər yerindən görünəsən”. 

Bu kəlmələrlə Məhərrəm müəllim özü də fərqinə varmadan özünün zi­yalı obrazını yaradıb. Neçə illərdir ki, hər həftə mavi ekrandan sazın səsi duyulan, saz ruhlu insanlar yaşayan bölgələrdə, ölkələrdə hər evin qona­ğı olur. Saz-söz vurğunları onun hər verilişini səbirsizliklə gözləyir, qiymət­li söhbətlərini heyranlıqla dinləyirlər. Ekran-efir yaradıcılığı, tamaşaçılarla ünsiyyəti onu Azərbaycanın hər evinin sevimlisinə çevirməklə yanaşı, qonşu ölkələrdə də məşhurlaşdırıb.

Məhərrəm Qasımlıya görə, sazın səsi dağların səsidir, “saf suların ağ səsidir”, bu səs Koroğlunu oyaq saxlar, çünki “ər səsi, qoçaq səsidir”. Deyir, bu səs ulu dərgaha bağlıdır, ona görə də “daim ölümsüzdür – sağların səsidir”. Nur içində nurdan gələn bu səs Haqqın səsidir. Bir alim və şair kimi qənaəti də budur: “Bu gün dünənə ona görə işıq tutmalıdır ki, sabah daha aydın görünə bilsin!” Sadəcə bunu deməklə kifayət­lənmir, dediklərini əməli işə çevirir. Yaradıcı fəaliyyətinin ana xəttini təşkil edən ozan-aşıq mədəniyyətini araşdır­ması mədəniyyətimizin bu qədim sahə­sinə ayna tutmaqla yanaşı, onun işıqlı sabahının yolgöstərənidir. 

“Poeziya bütün başqa göstəricilə­ri ilə yanaşı, birinci növbədə, istedad və dil hadisəsidir”, – deyən Məhərrəm Qasımlı haqlı olaraq bu qənaətdədir ki: “Bizim bu günkü şeir dilimiz folklor və ozan-aşıq ədəbiyyatından süzülüb gə­lir”. Və bir vətəndaş-alim təəssübkeşli­yi və ürəkağrısı ilə qeyd edir ki: “Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qılıncının statu­su səviyyəsinə qaldıra bilməməyimiz oldu”.

Müxtəlif ölkələrədə tədqiqatları nəşr edilən, əsərləri Azərbaycan folk­lorşünaslığının əhəmiyyətli hissəsini təşkil edən, beynəlxalq elmi konfrans­larda məruzə və çıxışları böyük maraq­la dinlənilən, aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilati fəaliyyəti ilə bir sıra uğurlu layihələrə imza atan, çox­saylı kitab, monoqrafiya və məqalələri Azərbaycanın elmi və ədəbi xəzinəsi­ni zənginləşdirən, başdan-başa özü bir kitab olan Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının kitab­la bağlı fikirləri də maraqlıdır: “Bizim günlərin təzadlı mənzərəsi: bir yandan “kitab” adı daşıyan cildli, bər-bəzəkli kağız yığınlarının əlindən tərpənmək olmur, o biri yandan da, demək olar ki, oxumağa abırlı bir kitab tapmaq müş­külə çevrilib”.

Məqamında və çox sərrast ifadə olunmuş bu fikri ilə isə barışmamaq sadəcə mümkün deyil: “Kitab kimi adamlar azaldıqca, adam kimi kitablar da yoxa çıxır”.

Tanınmış tənqidçi-ədəbiyyatşünas alim Qurban Bayramov yazır: “Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyət­lə, inandıraraq ictimailəşdirməyi baca­rır və bu, onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq mə­ziyyətidir...” 

Ədəbiyyatşünas alimin bu fikirlərini təsdiqləyən onlarla şeirindən nümunə gətirmək olar Orxan Paşanın. Hər bən­di, hər misrası xalq yaradıcılığından, folklorumuzdan güc alan şeirləri könü­loxşayan gözəl poeziya nümunəsi ol­maqla yanaşı, həm də öyüd-nəsihətdir, hikmətdir. 

Azərbaycan folklorşünaslığında özünəmxsus yeri və rolu olan, ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan görkəmli alim, Əməkdar elm xadmi, professor, aşıq sənətinin yorul­maz tədqiqatçısı və təbliğatçısı Məhər­rəm Qasımlını – xalq yaradıcılığı və aşıq şeiri formalarının kamil bilicisi, kö­nüloxşayan poeziya nümunələri müəlli­fi şair Orxan Paşanı – dəyərli ozanımı­zı 65 illik yubileyi münasibəti ilə təbrik edir, Azərbaycan elminin və mədəniy­yətinin daha da inkişafı naminə yoru­ulmaz və səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

Ömür yolu məşəqqətlərdən keçən saz-söz ustadı
Featured

Ömür yolu məşəqqətlərdən keçən saz-söz ustadı

02.08.2024

Bu il ustad aşıqlarımızdan Əsəd Rzayevin (1874–1951) anadan olmasının 150 illik yubileyidir. Saz-söz sənətimizdə öz dəst-xətti ilə seçilən aşığın bədii yaradıcılığı ilə yanaşı, maraqlı həyat hekayəsi var. Onun ömür yolu və yaradıcılığı haqqında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə həmsöhbət olduq.

Dədə Ələsgərin güvəndiyi şəyirdlərindən biri

“XX əsr Azərbaycan aşıqlığında çox nəhəng simalar var. Bu sırada öndə duran aşıqlardan biri də Əsəd Rzayevdir” deyə sözə başlayan AAB sədri qeyd edir ki, Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olan aşıq Əsəd bir müddət sonra Tovuz rayonunun Bozalqanlı kəndində məskunlaşıb. Elə burada ömrünü başa vurub.

Aşıq Əsədin özündən 10 yaş kiçik qardaşı Məhəmməd Rzayev də bu sənətin nümayəndəsi olub. Ona aşıq sənətinin sirlərini məhz qardaşı Əsəd öyrədib. Əsədin isə müəllimi ustadlar ustadı Aşıq Ələsgər olub: “Dədə Ələsgərdən 10 ilə yaxın aşıqlığın sirlərini əxz edən sənətkar ustadının ən çox güvəndiyi, sevdiyi şəyirdlərindən biri olub. Dədə Ələsgərin digər tanınmış şəyirdlərindən biri də 1919-cu ildə erməni daşnaklar tərəfindən kürəyinə odlu samovar bağlanaraq qətlə yetirilən Aşıq Nəcəf Daşkəndli idi. O dövrdə Aşıq Əsəd və Nəcəf Daşkəndlinin səs-sorağı Göyçəyə, Gəncəbasara və digər bölgələrə yayılmışdı.

1918-ci ildə Əsəd Rzayev erməni zabit Selikovu güllə ilə öldürür. Bir müddət sonra bu işin üstü açılır. O, qardaşı Məhəmmədlə birgə həbs edilərək Kəvər həbsxanasına aparılır. Müsavat Partiyası Göyçə təşkilatının köməyi ilə həbsdən qaçırılır. Bundan sonra qardaşlar özlərinin təhlükəsiz olmadıqlarını hiss etdiklərindən Göyçədən uzaqlaşırlar. Daşkəsəndə, Gəncədə, Qazaxda, ən son isə ata-baba yurdu – Tovuz rayonunun Bozalqanlı kəndində yurd salırlar. Aşıq Əsəd burada tanınmış şair-aşıq Mirzə Bayramovla birgə məşhurlaşır. Onların sənəti dahi bəstəkar Üzeyir Hacıbəyli və Xalq şairi Səməd Vurğunun da diqqətini çəkir. Üzeyir bəy aşıqları dinləyir, onların ifalarından müxtəlif havaları yazıya alır. Hətta “Koroğlu” operasının bir sıra mətnlərinin yazıya alınmasında onların ifa etdiyi havalardan istifadə edir. Bakıda və Moskva şəhərlərində keçirilən bir çox tədbirlərə aşıqları dəvət edir”.

Öz sazını Aşıq Nabata bağışlayıb

Aşıq Əsədin yüksək səs imkanlarına malik olduğunu bildirən Məhərrəm Qasımlı deyir: “Məclislərin birində otuzluq lampanı qururlar. Aşıq Əsəd zilə qalxaraq şaqraq səslə “Koroğlu” havasını oxuyanda lampa sönür. Yəni sənətkar o dərəcədə qeyri-adi yüksək səsə malik imiş. Hətta deyilənə görə, onun 3 oktavaya qədər səsi olub.

1938-ci ildə Moskvada ilk dəfə Azərbaycan incəsənəti ongünlüyü keçirilir. Həmin dekadaya ölkəmizdən bir çox məşhur insan qatılır. Onların arasında Əsəd Rzayev də yer alır. Əsəd səhnəyə çıxan zaman vaxtilə Selikovun öldürülməsinə görə onu həbs etdirən erməni Anastas Mikoyanı (SSRİ Xalq Komissarları Soveti sədrinin müavini – red.) görür. Əsəd fikirləşir ki, Mikoyan mənim burada olduğumu bilsə, məni güllələyəcəklər. Üzeyir bəy Əsədə səhnəyə çıxıb oxumağını təklif edəndə o, vəziyyət barədə dahi bəstəkara məlumat verir. Özünün yerinə səhnəyə Aşıq Nabatın (Nabat Paşa qızı Cavadova; 1914–1973) çıxaraq “Osmanlı divanisi”ni oxumağı təklif edir. Üzeyir bəy Əsədə havanın adını dəyişdirməsini söyləyir. Əsəd “Osmanlı divanisi”ni “Meydan divanisi” adlandırır və bu havanın adı o zamandan belə tanınır. Beləliklə, Nabat səhnəyə çıxaraq divanini oxuyur. Bütün zal, o cümlədən Stalin bu ifaya heyran qalır. Stalin Nabatın ifasını ayaq üstə alqışlayır...

Əsədin məşhur bir sazı olub. O həmin sazı Nabata bağışlayaraq deyir ki, sən məni ölümdən xilas etdin. Aşıq Nabat ömrünün son gününə qədər o sazda ifa edib. Onu da deyim ki, Səməd Vurğun bu əhvalatdan sonra Aşıq Nabatı öz zəmanəti ilə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edib. Aşıq Əsəd də bu qurumun üzvü olub”.

Aşıq Əsədin yubileyi necə qeyd olunacaq?

Ustad aşığın 150 illiyi ilə bağlı keçiriləcək layihələr haqqında məlumat verən həmsöhbətim qeyd etdi ki, bu ilin aprel ayında Azərbaycan Televiziyasının  “Mədəniyyət” kanalında “Saz-söz axşamı” verilişinin Əsəd Rzayevə həsr olunmuş bölümü yayımlanıb. Qarşıdakı aylarda Tovuz rayonunda Aşıq Əsədin 150 illiyi ilə bağlı tədbir keçiriləcək. Aşıqlar Birliyi də yubileylə bağlı tədbir təşkil edəcək.

AAB-nin sədri deyir ki, folklorşünas alim Vəli Xuluflu tərəfindən toplanılaraq 1927 və 1929-cu illərdə çap edilən “Koroğlu” dastanının 2 qolu Hüseyn Bozalqanlının, 13 qolu (əvvəlcə 4, sonra 9) isə Əsəd Rzayevin dilindən yazıya alınıb. Folklorşünas Hümmət Əlizadə də “Koroğlu” dastanının bir neçə qolunu, xalq dastanlarından bir çoxunu Aşıq Əsədin dilindən qeydə alıb. Aşığın ilk şeirlər kitabı da onun yaxından köməkliyi sayəsində işıq üzü görüb. İkinci şeirlər kitabı isə çox sonralar, 1979-cu ildə çap olunub. Koroğlu havalarını heç kim Aşıq Əsəd qədər yaxşı oxumayıb.

AAB-nin fəaliyyətində nə kimi yeniliklər var?

Məhərrəm Qasımlı Aşıqlar Birliyinin cari fəaliyyəti haqqında da məlumat verdi, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışdı. Vurğuladı ki, “Gənc aşıqlar” layihəsində 30-a qədər gənc aşığın ifası yazıya alınıb: “Həmin aşıqları mərhələ-mərhələ efirə dəvət etdik. Qərbi Azərbaycandan olan aşıqlar, o cümlədən gənc aşıqların ifaları hazırlanıb, avqustun sonlarında albom şəklində işıq üzü görəcək. Hazırda gənc aşıqlara ayrıca istiqamət kimi dastanları öyrədirik. Bu aşıqlardan bir neçəsi maraqlı dastan örnəkləri ortaya qoyur. Məsələn, Toğrul Ataxallının danışdığı “Yetim Aydın” dastanı efirə gedərək böyük rezonans doğurub. Gənc aşıqlardan Mehman Tovuzlunun üzərində işlədiyi “Novruz və Qəndab”, Qəlbinur İbrahimlinin “Mirzə Bilal” dastanları payız aylarında efirə gedəcək. Bu, çox əhəmiyyətli bir layihədir. Bundan başqa, bu ilin may ayında “Aşıq dastanları” adlı üçcildlik antologiyanın I cildi çap olunub. II cild oktyabr ayında nəşrə göndəriləcək. III cildin isə dekabrda nəşri planlaşdırılır”.

Bəs Orxan Paşa nə yazır?

Məlum olduğu kimi, Məhərrəm Qasımlı həm də bədii yaradıcılıqla məşğul olur, “Orxan Paşa” imzası ilə şeirlər qələmə alır. İndiyədək şeirlərindən ibarət beş kitabı işıq üzü görüb. Kitabları ölkəmizlə yanaşı, Türkiyə, İran və Gürcüstanda da çap olunub. Sonuncu nəşr olunan şeir kitabı “Əllərini uzat mənə” adlanır. Kitabda müxtəlif mövzuda qələmə aldığı şeirlər, o cümlədən azad Şuşaya həsr etdiyi “Gəlmişəm, Şuşam, gəlmişəm” şeiri də yer alır:

Dağıt başından dumanı,
Gəlmişəm, Şuşa, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm...

Müəllif bu şeiri Şuşada olarkən bir gecədə yazıb...

***

Avqustun 5-də Məhərrəm Qasımlının ad günüdür, 66 yaşı tamam olur. Görkəmli alimə cansağlığı, uzun ömür, elmi və bədii yaradıcılığında, ictimai fəaliyyətində uğurlar arzulayırıq.

Nurəddin Məmmədli

https://www.medeniyyet.az/page/news/75055/Omur-yolu-meseqqetlerden-kecen-sazsoz-ustadi.html

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı
Featured

Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı

20.10.2022

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başladı. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ümummilli Liderin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Bu fikirlər Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlının “Heydər Əliyev və Azərbaycanın milli-mənəvi intibahı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1969-cu il iyulun 14-də Sovet Azərbaycanının ictimai-siyasi həyatında baş vermiş tarixi dəyişiklik – ömrünü bütünlüklə öz xalqının köklü maraqlarının gerçəkləşməsinə xidmətə həsr etmiş yurdsevər soydaşımız, təşəbbüskar və yüksək enerjili milli kadr Heydər Əliyevin respublikanın ali siyasi rəhbəri vəzifəsinə gəlməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə bağlı elmi və mədəni-təşkilati fəaliyyətin sürətli və genişmiqyaslı canlanmasına səbəb oldu.

Ana dili, ədəbiyyat, tarix, musiqi, rəssamlıq, memarlıq, xalçaçılıq, xalq yaradıcılığı və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi o vaxtdan ümummilli lider missiyası ilə fəaliyyətə başlayan Heydər Əliyevin ən yüksək qayğı və diqqəti ilə himayə olundu. Aradan keçən yarım əsrlik dövr çoxminillik tariximizə yeni tipli milli-mənəvi intibah kimi daxil oldu.

Ötən əsrin 70–80-ci illərində müdrik və uzaqgörən bir rəhbər kimi Heydər Əliyevin Azərbaycanda yeritdiyi siyasətin tərkibində xüsusi yer tutan humanitar istiqamət məhz belə bir iqlimin yaranmasına səbəb oldu. Onun xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan verdi. O illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərəçarpacaq bir dalğalanma yaratdı. Heydər Əliyevin siyasi himayədarlığı və öndərliyi ilə həyata keçirilən bu ilkin tərpəniş uzunmüddətli bir mübarizə və mücadilənin əsasını qoyaraq, öncə Azərbaycan ziyalılarını, daha sonra isə bütün xalqı strateji məqsədlər üçün səfərbər etdi.

Yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəlki onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları respublikada yaranmış münbit zəmindən nəşət taparaq, elmi toplantılarda, ədəbi-mədəni yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi.

Mənəvi yaddaşın və milli özümlülüyün bərpası İçərişəhər, Şuşa, Ordubad, Gəncə memarlıq komplekslərinin milli qoruq elan edilməsindən, qədim xalçaların muzey-qoruğa ("Xalça muzeyi"nə) cəmləşdirilməsindən, sazı-sözü, muğam sənətini, xalq mahnılarını və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların (Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Pəri Məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, "Muğam teatrı", "Dastan teatrı" , "Ozan-Aşıq Muzeyi") yaradılmasından, kütləvi folklor nəşrlərindən, folklorun geniş miqyasda təbliğindən (folklor festivalları, saz bayramları, "Bulaq" və "Ozan" verilişləri, qəzet və jurnallarda folklor səhifələri) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi. Artıq 70-ci illərin ortalarından soy-kökə, milli kimlik məsələlərinə, tarixi qaynaqlarla bağlı problemlərə təkcə alim, müəllim və tələbələrə məxsus ixtisas auditoriyalarının yox, bütün ziyalı təbəqələrinin, o cümlədən gənclərin xüsusi həssaslıq göstərdiyi duyulmaqda idi.

Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1978-ci ildə akademik Həmid Araslının nəşrə hazırladığı "Kitabi-Dədə Qorqud" kitabı böyük tirajla çapdan çıxdıqdan az sonra sürətlə satılıb qurtarmışdı. Eyni sözləri həmin illərin digər elmi və kütləvi folklor nəşrləri ("Koroğlu", "Azərbaycan dastanları", "Aşıq Ələsgər" və s.) haqqında da söyləmək mümkündür. Kütləvi informasiya vasitələrində folklor irsimizin təbliğinin xalq tərəfindən böyük maraq və rəğbətlə qarşılanması o illərdə radio və telepoçta gələn məktubların sayından da görünməkdə idi. Belə ki, 1975-ci ildə radionun "Bulaq" verilişinin ünvanına həftə ərzində 100–150 məktub daxil olmuşdur. 1979-cu ildə "Ozan" verilişinin həftəlik poçtu daha yüksək göstərici (150– 200 məktub) nümayiş etdirmişdir.

“Kommunist”, "Ədəbiyyat və incəsənət", "Sovet kəndi", "Azərbaycan gəncləri" qəzetlərinin, "Azərbaycan", "Qobustan", "Ulduz", "Kənd həyatı" jurnallarının poçtunda da xalq yaradıcılığı ilə bağlı materiallar xeyli yer almışdır. Bütün bunlar 70-ci illərdə folklor işinə ümumxalq miqyasında həssaslığın səviyyəsini müəyyənləşdirmək baxımından böyük tarixi-mədəni əhəmiyyətə malikdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində (1969–1982) folklorun təbliği, nəşri və tədqiqi istiqamətində həyata keçirilən iri miqyaslı tədbirlər bır qayda olaraq onun şəxsi təşəbbüsü, birbaşa sərəncamı və qayğısı sayəsində mümkün olmuşdur.

Ulu Öndərin respublikaya rəhbərliyini birinci dövrü bir tərəfdən sistemli və sanballı folklor nəşrlərinin vüsət alması ilə səciyyəvidirsə, başqa bir tərəfdən də xalq yaradıcılığı ilə bağlı təşkilati tədbirlərin – aşıqların qurultaylarının çağırılması, "Koroğluya qayıdaq" rubrikası altında silsilə ozan-aşıq tədbirlərinin, dastan axşamlarının təşkil edilməsi, böyük xalq sənətkarlarının yubileylərinin keçirilməsi, xalq istedadlarını üzə çıxaran folklor festivallarının, sonralar ənənə halını alan və Azərbaycan musiqi mədəniyyətinə bir çox istedadlar bəxş edən məşhur "Xan bülbül" müsabiqələrinin təşkil edilməsi və s. ilə əlamətdardır. Azərbaycan Respublikasının mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük əksəriyyətində Heydər Əliyev vaxt taparaq özü şəxsən iştirak etmiş, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən ürək sözlərini söyləmiş, xeyir-duasını vermişdir.

Şübhəsiz ki, respublikanın başında duran birinci şəxsin belə bir mövqe nümayiş etdirməsi həm bu tədbirlərin təşkilatçı və iştirakçılarını, həm də sözün geniş mənasında, xalqı ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı gücləndirmişdir. O illərdə respublika rəhbəri tərəfindən "Xalqın istedadı, onun yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm tapmışdır” – fikrinin söylənilməsi heç də təsadüfi deyildi. Heydər Əliyevin söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi.

Həmin illərdən başlayaraq folklor problematikası elm və bədii yaradıcılıq təşkilatlarının fəaliyyətində aktiv şəkildə gündəmə daxil oldu. Elə buna görə də o vaxtdan etibarən elmi idarə və tədris müəssisələrində türk mifologiyası və qədim türk epos mədəniyyəti, xüsusən də “Kitabi-Dədə Qorqud”la bağlı elmi müzakirələr keçirilməyə başlandı, problematik məqalələrdən ibarət toplular nəşr edildi, eposun elmi-tənqidi mətninin hazırlanması ilə əlaqədar vacib elmi-nəzəri işlər görüldü. H.Araslı, M.H.Təhmasib, M.Seyidov, F.Zeynalov, T.Hacıyev, S.Əlizadə, Ş.Cəmşidov, E.Əlibəyzadə, B.Abdulla və başqa tədqiqatçıların bu sahədəki elmi fəaliyyəti gücləndi. Azərbaycan folklorşünaslığının ən mötəbər tədqiqatçılarından olan M.H.Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" (Bakı, Elm, 1972) adlı sanballı monoqrafiyası da bu dövrün məhsulu oldu.

"Qobustan", "Azərbaycan", "Ulduz" jurnallarında, "Azərbaycan filologiyası", "Filologiya məsələləri" məcmuələrində türk mifoloji düşüncə sistemi, tarixi-etnik yaddaş, soykökə qayıdış, milli kimlik probleminin folklor və etnoqrafiya mədəniyyətimizdə inikası məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin ardıcıl şəkildə çap olunması da elmi-mədəni həyatın milli ovqatını əks etdirirdi. 70-ci illərdən start götürən Dədə Qorqud hərəkatı qarşıdan gələn onilliklərin Qorqud elmi məkanına çevrilməsini təmin edə bildi: Azərbaycan qorqudşünaslığı bir-birinin ardınca abidənin kamil mətnlərini nəşr etdi, Dədə Qorqudla bağlı sistemli araşdırmalar ortaya çıxdı.

Qorqudşünaslığın ən nüfuzlu elmi toplantıları təkcə keçmiş Sovetlər İttifaqı miqyasında deyil, beynəlxalq səviyyədə də Azərbaycanda mərkəzləşdi. Qorqudçuluq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltaraşlar, kinematoqrafçılar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu "Dədə Qorqud" filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan bu gözəl kino əsəri Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.

Qorqud ruhunun, milli ideyaların, oğuz mənəvi-estetik dünyasının yenidən xalqa mənimsədilməsində "Dədə Qorqud" filmi ilə yanaşı, M.Abdullayev, F.Əliyev, M.Avşar və başqa tanınmış rəssamların Dədə Qorqud motivləri əsasında çəkdikləri silsilə rəsm əsərləri, xalça ustalarının hazırladıqları Qorqud xalçaları, çağdaş heykəltaraşlıqda yer alan çeşidli Qorqud motivləri də əhəmiyyətli iş gördü. Qorqud ruhuna qayıdış İ.Şıxlı, Ə.Cəfərzadə, İ.Hüseynov, Anar, Elçin, M.Süleymanlı, F.Kərimzadə, Ə.Muğanlı, S.Oğuz, V.Nəsib, M.Oruc kimi yazıçıların yaradıcılıq axtarışlarında öz əksini tapdı: onların qələmə aldıqları müxtəlif səpkili nəsr əsərlərinin dil və üslub keyfiyyətlərində “Kitabi-Dədə Qorqud” eposuna məxsus poetik-üslubi maneralar, bədii-estetik cizgilər qabarıq yer aldı.

O illərdə R. Rza, O. Sarıvəlli, H. Arif, B. Vahabzadə, N. Xəzri, X.R.Ulutürk, M.Araz, M.Günər, M.İsmayıl, M.Yaqub, N.Həsənzadə, S.Rüstəmxanlı, Dilsuz, A.Abdullazadə kimi istedadlı şairlərin şeirlərində Qorqud motiv və obrazları milli-tarixi özümlüyün poetik ifadəsinə çevrildi. Ötən əsrin 80-ci illərində azadlıq hərəkatının xüsusi bir vüsətlə dalğalanmasında, 90-cı illərin əvvəllərində milli istiqlal mücadiləsi və Vətən torpaqlarının bölünməzliyi, bütövlüyü uğrunda mübarizə prosesində "Qorqud" və qorqudçuluğun müstəsna mənəvi dəstəyi oldu.

Müstəqilliyin ilk illərində Azərbaycanın üzlədiyi faciəli böhranı xalqın tələbi ilə 1993-cü ilin yayında hakimiyyətə qayıdıb müdriklik və qətiyyətlə aradan qaldıran ümummilli lider Heydər Əliyev yeni şəraitdə milli-mənəvi dəyərlərin qorunub zənginləşdirilməsini suveren dövlətin prioritetləri səviyyəsinə yüksəltdi. Bu mənada 1996-cı ildə Xəzər dənizində müstəqil Azərbaycanın ilk nəhəng üzən qazma qurğusunun "Dədə Qorqud" adı ilə fəaliyyətə başlaması da çox təbii göründü. Nəhəng qurğunun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz çıxışında "Dədə Qorqud" adının tarixi simvolikasında yer alan müdriklik və uzaqgörənlik anlamlarını xüsusi vurğuladı.

Ən nəhayət bütün bunların məntiqi nəticəsi kimi 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə tarixi Fərman imzaladı. "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illik yubileyinin UNESCO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Prezident Heydər Əliyev qaldırdı və az sonra həmin beynəlxalq qurum yubileylə bağlı təklifi qəbul etdi.

Ulu öndər klassik irsin, keçmişin ən yaxşı dəyərlərinin çağdaş nəsillərin milli ruhda tərbiyəsində önəmini vurğulayaraq deyirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyim tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir".

Məhz dövlətçilik düşüncəsi kontekstində yanaşma və dəyərləndirmə nəticəsində Heydər Əliyev dünyası "Kitabi-Dədə Qorqud"un bir qəhrəmanlıq eposu olaraq əsas mahiyyətində duran alp-ərənlik, cəngavərlik motivini yeni, özünəməxsus biçimdə şərh edib mənalandırdı: "Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox, bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük ideyası baş sərkərdədən tutmuş böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını göstərməkdir".

Tarixi keçmişimizə, əsrlərin daş sınağından keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara həqiqi qədirbilənliklə yanaşdığındandı ki, onun təşəbbüsü və sərəncamı ilə böyük xalq ozanlarımız Aşıq Ələsgərin 150 illik (1972-ci il), Aşıq Alının 180 illik (1981-ci il) yubileyləri böyük təntənə ilə, ümumxalq bayramı səviyyəsində qeyd olunmuşdur. 1972-ci ildə Heydər Əliyevin qeyri-adi təşkilatçılıq bacarığı və həm də böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi.

İstər Bakıda, istərsə də Moskvada keçirilmiş Aşıq Ələsgər yubileyinə keçmiş sovetlər birliyinin bütün respublikalarında ən tanınmış elm, mədəniyyət və incəsənət xadimləri toplanmışdılar. Müxtəlif millətlərdən olan natiqlər Kremlin Qurultaylar Sarayında Aşıq Ələsgərin timsalında Azərbaycan saz-söz sənətinin ecazkar qüdrətindən söz açdılar. Yubiley tədbirlərinin İttifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu. Ermənistan SSR ərazisində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. 2001-ci ildə isə dövlət başçımızın Sərəncamı əsasında Aşıq Ələsgərin 180 illiyi təntənə ilə qeyd olundu. Aşığın adının əbədiləşdirilməsi, poetik irsinin tədqiq və təbliği istiqamətində irimiqyaslı iş aparıldı.

1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin respublikamız-da təntənə ilə qeyd olunması da Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi idi. Məhz həmin yubiley qərarından sonra Aşıq Alının poetik irsinin toplanılması, nəşri və təbliği sahəsində geniş miqyaslı elmi-təcrübi işlər aparılmış, böyük el sənətkarının yaratmış olduğu bənzərsiz və zərif söz inciləri itib-batmaqdan qorunmuşdur.

Ötən əsrin 70-ci illərindən başlayaraq istedadlı el sənətkarlarının yaradıcılıq və ifaçılıq sahəsində qazandıqları uğur və nailiyyətlərə görə bir çox dövlət təltiflərinə layiq görülməsi də Heydər Əliyevin xalq yaradıcılığına, folklora qayğıkeş münasibətinin əyani ifadəsi olmuşdur. Həmin illərdə tanınmış el sənətkarları Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq İmran Həsənov "Əməkdar incəsənət xadimi", musiqi folklorunun əvəzsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər Şəkili və Əli Kərimov isə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldülər.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu ənənə müstəqillik illərində də davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov kimi qocaman ustadlara fəxri Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və Ədalət Dəlidağlının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi buna sübutdur. İstedadlı saz-söz ifaçıları və folklor kollektivləri ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyevin yaratdığı imkanlar sayəsində dəfələrlə beynəlxalq festivallara göndərilmişdi. Azərbaycan rəhbərliyinin ruh yüksəkliyi ilə uğurladığı xalq istedadları Fransa, İspaniya, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Hollandiya, Monqolustan, Çin, Almaniya və Avstriyada keçirilmiş Beynəlxalq Folklor festivallarından respublikamıza laureat adı ilə qayıtmışdılar.

Qazanılmış uğurlar həmin dövrdə respublikada folklor istedadlarına yaradılmış gözəl şəraitin məntiqi nəticəsi idi. Təkcə belə bir faktı xatırlatmaq yetərlidir ki, 70–80-ci illərdə başqa respublikalarda folklor kollektivləri ictimai əsaslarla fəaliyyət göstərdikləri halda, Azərbaycanda belə qurumlar mədəniyyət sarayları strukturuna yerləşdirilərək büdcədən maliyyələşdirilirdi.

1980-ci ildə respublika rəhbərliyinin göstərişi ilə Ağstafada "Saz məktəbi"nin açılması, daha sonra Tovuzda Hüseyn Bozalqanlı adına "Ozan–Aşıq Muzeyi"nin yaradılması folklorla bağlı görülən böyük tədbirlər cərgəsindədir. Bu dövrdə folklor işinə maraq o qədər güclənmişdi ki, respublika və rayon qəzetlərində folklor səhifə və guşələrinin verilməsi, ali və orta məktəblərdə folklor mərasimlərinin təşkil edilməsi adi hal almışdı. Hətta bir sıra yerlərdə folklor bayramları – "Qurbani saz bayramı" (Cəbrayıl, 1978), "Bayatı bayramı" (Laçın, 1979), "Dastan gecəsi" (Tovuz, 1980), "Koroğluya qayıdaq" (Bakı, 1982) və s. keçirilirdi. Azərbaycan Dövlət Filarmoniyasında ardıcıl şəkildə Borçalı, Göyçə, Tovuz, Gədəbəy, Şirvan, Gəncə aşıqlarının konsertləri təşkil edilirdi.

Azərbaycan Respublikası hüdudlarından kənarda – qonşu Gürcüstan və Ermənistan respublikalarında yaşayan Borçalı və Göyçə aşıqları – Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Fətulla Göyçəli, Hacı Bayramov kimi ustad sənətkarlar tez-tez Bakıya dəvət olunur, konsertləri təşkil edilir, repertuarları yazıya alınırdı. Göründüyü kimi, milli mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü.

Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma işinə xidmət edirdi. Heydər Əliyevin yetmiş-səksəninci illərdə milli-mənəvi sərvətlərimizə verdiyi qiymət, göstərdiyi qayğı və diqqət onun doxsanıncı illərdəki fəaliyyətinin də ayrılmaz tərkib hissəsi olaraq qalırdı. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra o, həyatımızın digər sahələri kimi, mənəvi-mədəni dəyərlər istiqamətini də daim diqqət mərkəzində saxlayaraq, bu sahənin perspektivi üçün sistemli tədbirlər həyata keçirdi.

Azərbaycanda folklor işinin yüksək səviyyəli təşkilini həyata keçirmək üçün 1994-cü ildə Milli Elmlər Akademiyasında xüsusi elmi statusa malik Folklor Elmi-Mədəni Mərkəzinin yaradılması həmin dövr üçün çox mühüm bir addım idi. Folklorun toplanması, nəşri, tədqiqi və təbliği sahəsindəki fəaliyyətin köklü şəkildə yenidən qurulması və mənəvi quruculuqda aparıcı istiqamətlərdən birinə çevrilməsi ölkə Prezidentinin humanitar sahədəki strateji siyasətinin tələbi idi. 2003-cü ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzinin müstəqil elmi-tədqiqat qurumuna - Folklor İnstitutuna çevrilməsi bu sahəyə qayğı və himayənin nə qədər güclü olduğunu bir daha təsdiqlədi.

2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində "Folklor haqqında Qanun"un qəbul edilməsi və Prezident Heydər Əliyev tərəfindən təsdiqlənməsi faktı da müstəqil Azərbaycan dövlətçiliyinin mənəvi humanitar həyatında folklor mədəniyyətinə diqqət və qayğının əyani təzahürü idi. Bu həssas münasibətin nəticəsi olaraq elmi-tədqiqat müəssisələrində, universitetlərdə, konservatoriyada, eləcə də kütləvi informasiya vasitələrində folklor işinə xüsusi maraq göstərilməyə başlandı. Azərbaycan folklor və etnoqrafiya mədəniyyətinin geniş arenada tanıdılması məqsəd ilə "Folklor və etnoqrafiya" beynəlxalq elmi jurnalı işıq üzü gördü. Ümummilli Liderin mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanındı. Onun bu sahəyə görsətdiyi böyük diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.

Vaxtilə yasaqlara məruz qalmış Novruz bayramının Azərbaycanda hər il dövlət səviyyəli tədbir kimi keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə sıx şəkildə bağlıdır. 1979-cu ildə İçərişəhərdə keçirilən Novruz şənlikləri onun göstərişi əsasında Azərbaycan televiziyası ilə birbaşa translyasiya edilmişdir. Bu, həmin dövr üçün böyük cəsarət tələb edən bir hərəkət idi. Şübhəsiz ki, belə bir addımın atılmasında böyük siyasi avtoritet kimi Heydər Əliyev şəxsiyyəti mühüm rol oynamışdı. XX əsrin 70–80-ci illərində milli-etnoqrafik həyatımızla bağlı bayram mərasimlərinin keçirilməsini mümkün ola biləcək imkanlar daxilin təşkil və himayə edən Heydər Əliyev doxsanıncı illərdə - hakimiyyətinin ikinci dönəmində Novruz bayramının dövlət statuslu bayramlar sırasına daxil edilməsini gerçəkləşdirmişdir.

Göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz tarixi fenomenliyi onun dünya miqyaslı böyük siyasi xadim olmaqla yanaşı, doğma xalqına məxsus adət-ənənələri dərindən bilməsi, onları öz şəxsi həyatının nümunəsində qoruması və yaşatması amili ilə də çıx bağlı idi. Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi-mədəni abidələrimizə müdrik meyarlar və dəqiq elmi-nəzəri ölçülərlə qiymət verən Heydər Əliyev təkcə Azərbaycan hüdudlarında dəyərləndirmələr aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi, ümumtürk konteksti daxilində təqdim və təhlil edirdi.

Ulu öndər Heydər Əliyevin təkcə Bakıda yox, dünyanın ən müxtəlif yerlərində, ən mötəbər mədəniyyət və siyasət kürsülərində tarixi keçmişimizlə, mənəvi dəyərlərimizlə bağlı söylədiyi fikir və mülahizələr bu baxımdan öz konseptuallığı ilə seçilirdi. Mənəvi mədəniyyətlərimizin tarixi köklərinin türk xalqlarının ortaq keçmişində – vahid etnik-mədəni sistem daxilində təşəkkül tapması fikrini Heydər Əliyev özünəməxsus məntiq və faktlar əsasında açıqlayırdı. “Biz, adətən, böyük tariximiz haqqında, xalqlarımızın böyük tarixi mədəniyyəti haqqında danışarkən, birinci növbədə, onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edirik, onları nümunə gətiririk”.

Heydər Əliyevin nitqinin səlistliyi onun xalqının şifahi və yazılı ədəbiyyata vurğunluğundan irəli gəlirdi. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini onun sevdiyi qədər heç kəs mütaliə etmirdi. Dünyada bütün zamanlar üçün natiqliyin yeganə ustası Demosfen sayılır. O, öz çıxışları ilə Makedoniyalı İsgəndər kimi dünya fatehini qorxuya salırdı. Heydər Əliyev ondan fərqli olaraq iki dildə böyük söz ehtiyatına malik idi, elə bir jurnalist sorğusu və problem yox idi ki, onun qarşısında aciz qalsın. Elmin, incəsənətin, ədəbiyyatın, texnikanın və istehsalın elə bir sahəsini tapmaq mümkün deyildi ki, onun barəsində ən bacarıqlı tədqiqatçı, sənətşünas və mütəxəssis kimi söz açmasın. Natiqliyinə görə Heydər Əliyevi ancaq Siseron və Demosfenlə müqayisə etmək olar. Onun dövlət rəhbərliyindən əvvəl işlədiyi yüksək vəzifələrdə ancaq rus dili işlənirdi. Lakin həmişə xalqla – zəhmət və sənət adamları ilə təmasda olan ölkə başçısı daim ana dilinin inkişafına çalışırdı. O, gülərüzlüyü, səmimiliyi, bir də saf söhbətləri ilə əbədilik yaddaşlara həkk edilib.

Sevindirici haldır ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Xalqımız öz Ulu Öndərinin anadan olmasının 100-cü ildönümünü fərqli ovqatla qeyd etməyə hazırlaşır. 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir, Milli Xalça Muzeyi inşa olunub, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq və toplantılarda tez-tez diqqəti çəkən "Heydər – Xalq" şüarında çox dəqiq ifadə edilmişdir. Xalq öz Ümummilli Liderini ruhunun, varlığının yenilməz ifadəçisi və əvəzolunmaz tərcümanı kimi görür.

/AZƏRTAC/

 

1 -dən səhifə 4

  • 1
  • 2
  • 3
  • 4
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ