AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
100 yaşlı iki saz və söz sənətkarı
Featured

100 yaşlı iki saz və söz sənətkarı

19.04.2024

Hüseyn Arif və Mikayıl Azaflının yubileyləri necə qeyd olunacaq?

Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə; 1924–1992) və ustad aşıq-şair Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924–1990) anadan olmasının 100 illik yubileyləridir.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Hüseyn Arif eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin yaradıcısıdır.

Mikayıl Azaflı isə böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad sənətkar kimi tanınıb. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, həm də qaynar şair təbi ilə seçilib.

Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə söhbətimizin əsas mövzusu da hər iki sənətkarın yubileyi ilə bağlı idi. Həmsöhbətim il ərzində nəzərdə tutulan tədbirlər barədə ətraflı bəhs etdi.

 1713432668

 1713432688

“İşə gələndə elə bilirəm qarşıma Hüseyn Arif çıxacaq...”

“Hüseyn Arif Azərbaycanın unudulmaz saz-söz sərraflarındandır” deyən Məhərrəm Qasımlı şairin zəngin yaradıcılığından, Aşıqlar Birliyinin yaradılmasındakı xidmətlərindən danışdı: “Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qeyrətkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaradılıb. Birliyin ilk sədri də Hüseyn Arif olub. O vaxt qurumun sədr müavini isə Mikayıl Azaflı idi. Birlik fəaliyyətə başlayandan sonra ilk olaraq Qazax, Tovuz, Şirvan, Borçalı və digər bölgələr üzrə aşıqlarla görüşlər keçirilərək onların ilkin siyahısı hazırlanıb. Təəssüf ki, Hüseyn Arifin fəaliyyətinin maraqlı bir dövrü gərgin bir vəziyyətə təsadüf etdi. 80-ci illərin sonunda SSRİ-nin içərisinə bir çaxnaşma düşdü və bu çaxnaşmadan Azərbaycan aşıqları da öz xoşagəlməz nəsibini aldı. Birinci növbədə, ata-baba yurdlarımız Göyçə və Dərələyəzdə ermənilər soydaşlarımızı doğma ocaqlarından didərgin saldılar. Nəticədə həmin ellərimizdə yaşayıb-yaradan bir çox aşıqlarımız da ellərindən uzaq düşdülər. Azərbaycan aşıqlarına ilk zərbə burdan dəydi. Həmin dövrdə Qarabağda müharibənin başlanması da Hüseyn Arifin səhhətinə çox mənfi təsir göstərdi. Buna baxmayaraq o, Qazax, Gədəbəy və Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edib, camaatı sərhəddə möhkəm durmağa, bütün gücü ilə torpaqları qorumağa çağırıb. Mən xatırlayıram ki, o zaman İmran Həsənov, Ədalət Nəsibov, Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov kimi ustad aşıqlar Hüseyn Ariflə birlikdə yeni formalaşan Odumuzda əhvali-ruhiyyəni yüksəltmək üçün yorulmadan çalışır, hərbçilərimizi qələbəyə səsləyirdilər. Hüseyn Arifin “Bir ovuc torpaqdan dönən deyiləm, Bir ovuc torpağa dönənə kimi” misraları da o zaman yaranmışdı. Yəni şair burda demək istəyir ki, düşmənin istədiyi bir ovuc torpaqdan da dönmərəm. Ta özüm əriyib torpağın içərisində bir ovuc torpağa dönənə kimi... Həqiqətən də, bunlar qeyri-adi misralardır. Bu fikirlərin ortaya gəlməsinin səbəbi Dədə Qorqud dünyasıdır, ozan dünyasıdır. Qurbaninin, Koroğlunun, Abbas Tufarqanlının, Xəstə Qasımın, Aşıq Ələsgərin düşüncəsi bu misraları ortaya gətirib. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu. Onlarla aşığa şeirlər yazdı:

Ağır toylar gördün, nişanlar gördün,
Mahaldan-mahala atını sürdün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı.

Şairin Aşıq Mirzə Bayramova həsr etdiyi “Ay Mirzə dayı” şeirindəki bu bənd Azərbaycan ozan-aşıq mədəniyyəti, bütövlükdə Hüseyn Arifin könül və saz dünyasının tam mənzərəsini ortaya qoyur”.

Məhərrəm Qasımlının şairlə görüşlərindən xoş xatirələri var: “Hüseyn Arif Aşıqlar Birliyinin sədri olarkən onunla tez-tez görüşürdüm. O, adamla üzbəüz qaldığı zaman elə danışırdı, saz-sözlə bağlı duyğularını elə təqdim edirdi ki, adam öz-özünə aşıq, ozan olmaq istəyirdi...”.

AAB tərəfindən şairin 100 illiyi ilə bağlı keçiriləcək layihələr haqqında məlumat verən həmsöhbətim qeyd etdi ki, bir müddət öncə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Saz-söz axşamı” adlı verilişinin Hüseyn Arifə həsr olunmuş bölümü yayımlanıb. Verilişdə 10-dan çox aşıq şairin yaradıcılığından nümunələr  səsləndiriblər: “Yubiley ilində Ağstafada və Tovuzda Hüseyn Arif günləri keçiriləcək. Son olaraq da payız fəslinə yaxın mərkəzi mədəniyyət ocaqlarının birində Hüseyn Arifin 100 illiyik yubiley gecəsi keçiriləcək. Ancaq onu deyim ki, Hüseyn Arif yubileydən-yubileyə yada düşən sənətkar deyil. Mən bu gün birliyin sədriyəm. Tam səmimiyyətlə deyirəm, hər gün işə gələndə elə bilirəm ki, qarşıma Hüseyn Arif çıxacaq, Zəlimxan Yaqub çıxacaq. Mən bir növ onların estafetini davam etdirirəm”.

Söhbət zamanı onu da öyrəndik ki, bu yaxınlarda AAB tərəfindən “Aşıq, bağrına bas sədəfli sazı” adlı saz və aşıqlarla bağlı şeir antologiyası nəşr olunub. Kitabda bir sıra görkəmli sənətkarlar, o cümlədən Hüseyn Arifin əsərləri yer alıb.

Azərbaycan aşıqlığının qoca qartalı

Mikayıl Azaflının saz-söz sənətindəki yerini qiymətləndirən Məhərrəm Qasımlı onu Azərbaycan aşıqlığının qoca qartalı kimi səciyyələndirdi: “Bu obraz ona aiddir. Mikayıl Azaflı illər boyu Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış mücahid aşıqdır. Bu yolda o hətta həbs olunsa da, öz yolundan dönməyib. “Elə bir dərd varmı ki, çəkməmiş olam, Təbrizdə qardaşım, Sibirdə balam...” bu misralar ustad sənətkarın xalqa, Vətənə münasibətini ortaya qoyur. Müəllif “Təbrizdə qardaşım” deyəndə ikiyə bölünmüş Azərbaycanı, “Sibirdə balam” deyərkən isə 30-cu illər repressiyası zamanı sürgün olunan soydaşlarımızı nəzərdə tuturdu. Yəni bu baxış Mikayıl Azaflı yaradıcılığının ana xəttidir. Bu gün Türkiyəyə, Cənubi Azərbaycana getdiyimiz zaman aşıqların dilində bir ad xüsusi vurğulanır. O, aşıq Mikayıl Azaflıdır. Aşıq Ələsgər, Abbas Tufarqanlı, Qurbani də böyük sənətkarlarımızdır. Əfsanəvi obraz kimi dillərdə gəzənlərdən biri də Mikayıl Azaflıdır. Sənətkarın üzündən, sözündən nur yağırdı. O, camaatın içində elə gəzib-dolaşırdı ki, sanki canlı bir Dədə Qorquddur. Mən ilk dəfə onu görəndə sənətkarın təqribən 45 yaşı olardı. Mənə elə gəldi ki, qabağımdakı adamın 70-80 yaşı var. Zindan həyatı saçlarını vaxtından əvvəl ağartmışdı. Təsadüfi deyil ki, 1979-cu ildə Bakıda keçirilən Novruz bayramı şənliklərində xalqımızın müdriklik simvolu Dədə Qorqud obrazını ona həvalə etmişdilər”.

AAB-nin rəhbəri deyir ki, Mikayıl Azaflının mindən çox şeiri var. Təcnisin 30-a yaxın şəkli və 15-dək isə saz havası onun adı ilə bağlıdır. Sənətkarın yaratdığı “Azaflı dübeyti”, “Azaflı gəraylısı”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi” və s. kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi var. Onun musiqi təhsili olmasa da, Allahın verdiyi istedad nəticəsində qeyri-adi mahnılar, havalar hazırlayıb. Azərbaycan aşıqlığının XX yüzillikdəki ən böyük simalarından biri istisnasız olaraq Mikayıl Azaflıdır.

AAB tərəfindən sənətkarın 100 illiyi ilə bağlı “Ağarma, ay saçlarım, ağarma” adlı kitab hazırlanıb. TÜRKSOY-un dəstəyi ilə Türkiyədə çap olunacaq kitabda aşığın 100 seçmə şeiri toplanıb. Kitab nəşr olunduqdan sonra TÜRKSOY tərəfindən əsərin Türkiyədə və ölkəmizdə təqdimatı nəzərdə tutulub. Bundan əvvəl isə TÜRKSOY-un xətti ilə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı kitab nəşr olunmuşdu: “Mədəniyyət” kanalında Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə ayrıca veriliş hazırlanıb nümayiş olundu. İyun ayında isə Tovuz Xeyriyyə Cəmiyyəti tərəfindən aşığın doğulduğu Azaflı kəndində büstünün qoyulması nəzərdə tutulub. Həmçinin Tovuzda və Bakıda sənətkara həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır”.

Aşıqların növbəti qurultayı nə vaxt olacaq?

AAB-nin cari fəaliyyəti haqqında da məlumat verən müsahibim vurğuladı ki, hər həftə “Mədəniyyət” kanalında birliyin xətti ilə “Saz-söz axşamı” adlı veriliş efirə gedir. Birlik tərəfindən yaxın vaxtlarda “Qərbi Azərbaycan aşıqları” adlı antologiya çap olunub. 500 səhifəlik kitabda İrəvan, Zəngəzur, Göyçə və Dərələyəz aşıqları haqqında məlumat yer alıb.

Bundan başqa, “Aşıq dastanları” adlı üçcildlik antologiya nəşrə hazırlanır. Kitabın I cildi üzərində işlər başa çatmaq üzrədir. Təqdim olunan dastanlar son illərdə ustad aşıqların dilindən və repertuarından yazıya alınıb. Təqribən otuza yaxın dastanın yer alacağı bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində xidmətləri olan Arif Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Şəhriyar Qaraxanlı və başqalarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunacaq. Antologiyanın birinci cildində doqquz dastan yer alır. Bu dastanlar təkcə sözlə yazıya alınmayıblar, hər birinin audio və video mətnləri var.

Bu il anadan olmasının 150 illiyi tamam olan Aşıq Əsəd Rzayevə (1874–1951) həsr olunan televiziya verilişi də hazırlanıb və yaxın günlərdə efirə gedəcək.

Azərbaycan aşıqlarının qurultayı məsələsinə toxunan AAB sədri söylədi ki, qurultay beş ildən bir keçirilir: “Pandemiyaya görə qurultay ləngiyib. Bu il və ya gələn il aşıqların növbəti qurultayının təşkili nəzərdə tutulur. Yaxşı olardı ki, qurultay ərəfəsində bir sıra aşıqların əməyi qiymətləndirilsin”.

Son olaraq AAB-nin üzvləri haqqında məlumat verən Məhərrəm Qasımlı dedi ki, hazırda qurumun 450-dən çox üzvü var. Birliyə üzv olmaq üçün namizədə ustad sənətkarlardan iki nəfər zəmanət verir. O zəmanət əsasında komissiya tərəfindən müraciətə baxılır və onlara üzvlük verilir.

Nurəddin Məmmədli

ƏSƏD RZAYEVİN 150 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Featured

ƏSƏD RZAYEVİN 150 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

03.04.2024

Bu il Azərbaycan aşqı sənətinin çox ünlü simalarından biri olmuş ustad sənətkar Əsəd Rzayevin anadan olmasının 150 illik yubileyi tamam olur. Ustadın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu sıradan ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə bu böyük ustada həsr olunacaq. Verilişdə ustadın keçdiyi ömür yolu və yaradıcılığından söhbət açılacaq, aşıqlardan Xanlar Xəlilov, Kəmalə Qubadlı, Elməddin Məmmədli, İlham Məmmədli, Elməddin Bayramlı, Nemət Əliyev, Tural Mehdiyev və Şəhriyar Qaraxanlı müxtəlif aşıq havaları üstündə yubilyara həsr olunmuş şeirləri və özünün poetik yaradıcılığından nümunələri səsləndirəcəklər.

Xatırladaq ki, Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Göyçənin Qaraqoyunlu kəndində anadan olub. Əslən Tovuzun Bozalqanlı kəndindəndir. 12 yaşında ikən atasını itirən Əsəd bir neçə il muzdurluq etdikdən sonra 4 il Aşıq Ələsgərin şəyirdi olub, 5 il isə onunla birlikdə aşıqlıq edib.

1918-ci ildə daşnak ordusunun zabiti Selikovun öldürülməsində suçlandırılaraq qardaşı Məhəmmədlə birlikdə həbs edilib. Göyçədə Müsavat özəyinin köməyi ilə həbsxanadan qaçırıldıqdan sonra uzun müddət Tovuz və Qazax qəzalarında yaşayıb, 1932-ci ildə isə Bozalqanlı kəndində məskən salıb.

1928-ci ildə aşıqların I qurultayında iştirak edən Aşıq Əsəd 1930-1940-cı illərdə respublika səviyyəsində incəsənətlə bağlı tədbirlərdə həmişə fəallıq göstərib, müsabiqələrin qalibi olub. Göyçə, Tovuz, Qazax və Şəmkirdə bir çox aşıqların yetişməsində böyük rolu olub.

Aşıq Əsəd 1950-ci ildə vəfat edib.

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NOVRUZ BURAXILIŞI

12.03.2024

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən və milyonlarla tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı Novruz bayramına həsr olunacaq. Bayram ərəfəsində - mart ayının 23-də efirə gedəcək verilişdə aşıqlardan Elman Talıstanlı, Elməddin Məmmədli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Babək Şakirli, Nəcəf Uğurlu, Azər Fərmanoğlu, İmralı Fikrətoğlu, Famil Laçınlı, Sehran Əbülfəzqızı və Sahil Laçınlı “Baş yayma”, “İncəgülü”, “Yüngül şərili”, “Şirvan gözəlləməsi”, “Sulduzu”, “Gözəlləmə”, “Orta sarıtel”, “Aran gözəlləməsi”, “Şahsevəni” və “Mirzəcanı” aşıq havaları üstündə bahar təravətli ifaları ilə könüllər oxşayacaqlar.

 “Misri” folklor qrupu isə “Novruz” kompozisiyası ilə çıxış edəcək.

AZƏRBAYCANLI ALİMİN MƏQALƏSİ  QAZAXISTANDA ELMİ TOPLUDA NƏŞR OLUNUB
Featured

AZƏRBAYCANLI ALİMİN MƏQALƏSİ QAZAXISTANDA ELMİ TOPLUDA NƏŞR OLUNUB

18.04.2024

Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetində hazırlanıb 2024-cü ilin mart ayında Almatıda nəşr olunan “Türk xalqlarının folklor poeziyası və ədəbi əlaqələr (məqalələr toplusu)” adlı mötəbər elmi topluda Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da elmi məqaləsi çap olunub. Dünyanın bir çox ölklərinin nüfuzlu alimlərinin türk xalqlarının mədəniyyətində şifahi ədəbiyyat, onun genezisi, tipologiyası və poetikasına həsr olunmuş məqalələrinin yer aldığı bu elmi nəşrin “Folklor, şifahi ənənə və yazılı ədəbiyyat” bölməsində M.Qasımlının qədim musiqi alətlərinin (zərb, nəfəs, simli) yaranma tarixi, mənşəyi və keçdiyi inkişaf yolunun türk xalqlarının şaman ənənəsinə bağlılığından, ozanın və onun müqəddəs aləti olan qopuzun tarixi-mifoloji xüsusiyyətlərindən, ozanın çoxşaxəli fəaliyyətində söz və musiqi sehrinin mühüm əhəmiyyət kəsb etməsindən bəhs edən “Ozan və qopuz ənənəsi” adlı fundamental elmi məqaləsi toplunun ilk səhifələrində mötəbər bir elmi araşdırma kimi çap olunub.

Toplunu tərtib edən Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şərifdir.

“Aşıq dastanları” adlı çoxcildlik nəşrə hazırlanır
Featured

“Aşıq dastanları” adlı çoxcildlik nəşrə hazırlanır

02.04.2024

Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə həyata keçirilir. Bu dəfə aşıq dastanlarına üstünlük verən AAB-də nəşrə hazırlanan “Aşıq dastanları” adlı çoxcildlik antologiyanın birinci cildi artıq yaxın günlərdə çap olunacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu, yeni səciyyəli bir nəşridir. Burada əsas məqsəd klassik aşıq dastanlarının çağdaş aşıqların repertuarında hansı səciyyədə yaşadığını və gələcəyə daşındığını göstərməkdir. Təqdim olunan dastanlar son illərdə ustad aşıqların dilindən və repertuarından yazıya alınıb. Təqribən otuza yaxın dastanın yer alacağı bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində dəyərli xidmətləri olan Arif Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Şəhriyar Qaraxanlı və bu sıradan olan başqa dəyərli saz-söz sənətkarlarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunur.

Antologiyanın birinci cildində doqquz dastan yer alıb.

Saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor araşdırıcılarına dəyərli bir töhfə olan antologiyanın elmi məsləhətçisi AAB-nin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

https://azertag.az/xeber/asiq_dastanlari_adli_choxcildlik_nesre_hazirlanir-2960489

İSMAYILLIDA BAYRAM KONSERTİ
Featured

İSMAYILLIDA BAYRAM KONSERTİ

07.03.2024

Qarşıdan Novruz bayramı gəlir. Artıq ölkəmizin hər yerində bayram şənliklərinə start verilib. Bu ilki bayramın özəlliyi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin hər yerində bayram tonqalları alovlanır.  

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki İsmayıllı rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Yanvar Bədəlov adına Aşıqlar ansamblı da bu bayram münasibəti ilə özəl proqram hazırlayıb. Ustad aşıq Elman Mehdiyevin rəhbərlik etdiyi ansambl bu günlərdə İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Tədbirdə iştirak edənlər aşıqlardan Elman Mehdiyev, Cavid Əmiraslanov və Elçin Məmmədovun, solo saz ifaçısı Əliyar Bünyatovun, xanəndələrdən Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva və Şamil Mustafayevin çıxışlarını böyük rəğbətlə qarşılayıblar.

Aşıqları balabanda Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov müşayiət edib.

 WhatsApp Image 2024-03-07 at 12.08.0311.jpeg

WhatsApp Image 2024-03-07 111at 12.08.03.jpeg

Featured

AŞIQ NABATIN 100 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

18.04.2024

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Nabatın anadan olmasının 100 illik yubileyi tamam olur. Xatırladaq ki, Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Parçı kən­dində anadan olub. 1932-ci ildə dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. Burada Aşıq Ələs­gərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musanın yanında şəyird olaraq sənətin sirlərini öyrənib. 1947-ci ildə həmin kənddə ailə qurub və elə həmin ildən Yevlax şəhərində yaşamağa başlayıb.

 

1939-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında Səməd Vurğun, Üzeyir Hacıbəyov, Bülbül, Əsəd Rzayev, Mirzə Bayramov və İslam Yusifov kimi məşhur ədəbiyyat və sənət adamları ilə birlikdə Aşıq Nabat da iştirak edib.

Aşıq Nabat 1973-cü ildə vəfat edib və öz vəsiyyətinə görə, Siyaqut kəndində anasının yanında dəfn olunub.

Görkəmli sənətkarın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində tədbirlər hazırlanır. Bu sıradan ilk tədbir kimi, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu xanım aşığa həsr olunması nəzərdə tutulur. Yaxın günlərdə efirə gedəcək verilişdə aşıqlardan Təşəkkül Laçınlı, Nərmin Salahova, Ayaz Əzizoğlu, Eldar Bağırov, Əfsanə Kərimli, Sahil Laçınlı, Müşfiq Həşimov, Gülbəyaz Dadaşova, Nəcəf Uğurlu və Qəlbinur İbrahimli müxtəlif aşıq havaları üstündə Aşıq Nabatın şeirlərini və ona ithaf olunmuş şeirləri səsələndirəcəklər.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Featured

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

18.03.2024

Əziz həmvətənlər! Əziz soydaşlar!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.

Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.

Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı birgünlük antiterror əməliyyatı zamanı qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Bayramınız mübarək!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

Featured

GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDA AŞIQ ƏLƏSGƏRƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLİB

04.03.2024

2024-cü il mart ayının 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan “Musiqi kimliyimiz” layihəsi çərçivəsində “Azərbaycan aşıqları” adlı elmi-konfrans  və Aşıq Ələsgərə həsr olunmuş təntənəli gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın və konsertin keçirilməsində məqsəd tarixi ənənələrimizi təbliğ etmək, müasir dövrə gəlib çatmış aşıq sənətini bugünkü nəslə çatdırmaqdır. Vurğulanıb ki, layihə çərçivəsində mütəmadi olaraq müxtəlif aşıqların da gecələrinin keçiriləcəyi nəzərdə tutulur. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı öz çıxışında layihənin böyük əhəmiyyətindən söhbət açıb, qeyd edib ki, ilk dəfə keçirilən bu layihə aşıq sənəti, aşıq yaradıcılığı üçün böyük töhfədir. M.Qasımlı gələcəkdə aşıq sənətinin təbliği üçün mütəmadi olaraq bu cür layihələrin keçirilməsinin arzuedilən olduğunu bildirib.

Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecədə ustad sənətkarlar – Əməkdar  mədəniyyət işçiləri Fətulla Göyçəli, Əhliman və İbadət Allahverdiyevlər, aşıqlardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Ələddin Göyçəli, Qənbər Allahverdiyev, Əfqan Məmmədov, Vüqar Şəmkirli, Anar Abdullayev, Mirəli Mehdiyev və başqaları müxtəlif aşıq havaları üstündə Aşıq Ələsgərin sözlərini ifa ediblər.

Gecədə Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” ictimai birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.

LƏNKƏRANLI ZİYALI HEYDƏR NƏZƏROV AAB-YƏ ÜZV QƏBUL OLUNDU VƏ TƏŞKİLATA XANIM AŞIQ GEYİMLƏRİ ƏRMƏĞAN  ETDİ
Featured

LƏNKƏRANLI ZİYALI HEYDƏR NƏZƏROV AAB-YƏ ÜZV QƏBUL OLUNDU VƏ TƏŞKİLATA XANIM AŞIQ GEYİMLƏRİ ƏRMƏĞAN ETDİ

15.04.2024

Lənkəranlı ziyalı Heydər Nəzərov 2024-cü il aprelin 15-də Azərbaycan Aşlqlar Birliyində növbəti dəfə qonaq olub. Lənkəranın Boladi kəndində yaşayan Heydər müəllim ixtisasca pedaqoqdur, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, eyni zamanda respublikamızın cənub bölgəsində sazın-sözün bilicisi, təəssübkeşi və ən fəal təbliğatçılarından biri kimi tanınır. Klassik ustad aşıqlarımızın həyat və yaradıcılığına yaxından bələd olan Heydər müəllim AAB-nin fəaliyyətini və çağdaş aşıqlarımızın yaradıcılığını da yaxından izləyir, dastanlarımıza bələddir, özü də sazda ifa etməyi bacarır.

Onun AAB-nin  sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlını bu dəfəki ziyarəti də xalqımızın çox qiymətli milli-mədəni sərvəti olan aşıq sənəti ilə bağlı geniş  fikir mübadiləsi ilə məhsuldar və yaddaqalan olub.

Heydər Nəzərov AAB-yə əliboş gəlməyib – Birliyin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun üzvləri üçün milli geyim hədiyyə edib. Paltarları onun gəlini, rəssam-dizayner Xəyalə Nəzərova tikib. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qiymətli hədiyyəyə görə hörmətli qonağa özünün və rəhbərlik etdiyi təşkilatın adından minnətdarlıq edib, ona AAB-nin üzvlük vəsiqəsini təqdim edib. Sonda Heydər Nəzərovun ifasında bir neçə saz havası dinlənilib və xatirə şəkli çəkdirilib.

WhatsApp Image 2024-04-15 at 13.08.11(1).jpg

WhatsApp Image 2024-04-15 at 13.08.11(2).jpg

WhatsApp Image 2024-04-15 at 13.08.12.jpg

WhatsApp Image 2024-04-15 at 13.08.11.jpg

WhatsApp Image 2024-04-15 at 13.08.10.jpg

 

Featured

AAB-NİN “KOROĞLU HAVALARI” ADLI LAYİHƏSİ DAVAM EDİR

18.03.2024

Azərbaycan Aşıqlar Birliyində ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılığının öyrənilməsi və təbliği ilə yanaşı, saz havalarının təbliğinə də böyük önəm verilir. Xüsusilə də qəhrəmanlıq ruhu aşılayan havaların aşıqların repertuarında üstün yer tutması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə xüsusi layihələr həyata keçirİlir.

Bu mənada, “Koroğlu havaları” kimi tanınan saz havalarına diqqət yetirilməsi təsadüfi deyil. İndiyədək Gədəbəy, Kəlbəcər, Şirvan, Qazax, Tovuz və digər bölgələrdən olan aşıqların ifasında “Koroğlu” dastanından ayrı-ayrı qolların lentə alınaraq geniş ictimaiyyətə çatdırılması da bu havaların təbliğində böyük rol oynayır. Bir neçə il əvvəl isə Azərbaycan Aşıqlar Birliyi tərəfindən böyük tirajla “Koroğlu havaları” adlı ayrıca audiodisk buraxılıb.

“Koroğlıu havaları” adlı layihə çərçivəsində növbəti addım “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti buraxılışının bütövlükdə bu havalara həsr olunmasıdır. 2024-cü il mart ayının 30-da efirə gedəcək həmin verilişdə aşıqlardan Mirəli Mehdiyev, Nəbi Nağıyev, elməddin Məmmədli, Təbriz Vəliyev, Əli Pənahoğlu və Vüqar Şəmkirlinin ifasında “Bozuğu Koroğlu”, “Qəhrəmanı”, “Meydan Koroğlusu”, “Koroğlu dubeyti”, “Nəfəsalmaz Koroğlu”, “Türkü Koroğlu”, “Cəngi Koroğlu”, “Şahsevəni”, “İrəvan çüxuru” və “Misri” aşıq havaları təqdim olunacaq.

 

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NDA “KƏRƏM HAVALARI” TƏQDİM OLUNACAQ

27.02.2024

Fəaliyyətində klassik aşıq ənənələrinin qorunması mühüm yer tutan Azərbaycan Aşıqlar Birliyində bu gün az işlənən aşıq havalarına yeni nəfəs verilməsi, belə havaların aşıqların, xüsusilə də gənclərin repertuarında öz yerini tutması işinə də daim böyük diqqət yetirilir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftənin şənbə günü efirə gedən “Saz-söz axşamı” verilişi bu yöndə əvəzsiz xidmət göstərir. Bu verilişdə ayrı-ayrı ustad aşıqların həyat və yaradıcılıqları barədə ətraflı məlumat geniş ictimaiyyətə təqdim olunmaqla yanaşı, dastanlarımıza və az öncə qeyd etdiyimiz kimi, klassik aşıq havalarına da ayrıca yer ayrılır. “Saz-söz axşamı”nın növbəti buraxılışının aşıqlar arasında “Kərəm havaları” kimi tanınan saz havalarına həsr olunması da bunun əyani sübutudur. Verilişdə “Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Qürbəti Kərəmi”, “Zarıncı Kərəmi”, “Atüstü Kərəmi”, “Ceyranı Kərəmi”, “Hicran Kərəmi”, “Kərəmköçdü”, “Kərəm gözəlləməsi”, “ Zil Kərəmi”, “Kərəm dübeyti” və “Döymə Kərəmi” kimi havalardan bəhs olunacaq. Tamaşaçılar həmin havaları aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Cahangir Sənanoğlu, Gəncəli Babayev, Yaşar Məhərrəmli, Qorqud Məhərrəmli və Ədalət Alməmmədovun ifasında dinləyə biləcəklər. 

8 -dən səhifə 36

  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ