AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib
Featured

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib

23.01.2026

2026-cı il yanvarın 22-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu konsert rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Bu layihə Azərbaycan xalq musiqisinin köklərinə işıq salmaqla, aşıq sənətinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayır, onu müasir auditoriyaya, xüsusilə gənc nəslə daha dolğun şəkildə təqdim etməyi hədəfləyir. Ramil Qasımov bildirib ki, layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur. O, “Dastan axşamları”nın təşkili üzərində işlədiklərini də diqqətə çatdırıb, bu proqramlar canlı ifa, dastan söyləmə, musiqi müşayiəti və bədii təqdimat formatında olacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Agentliyin təşkil etdiyi müsabiqələrdə Qərbi Azərbaycana qayıdış mövzusunun son illərdə prioritetə çevrildiyini bildirib. Qeyd edib ki,  Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər, dinc yolla qayıdış təməl insan hüquqlarıdır. A.Əliyeva təxminən 1 ildir fəaliyyətə başlayan “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin qısa müddət ərzində bir sıra nümunəvi layihələrlə çıxış etməsini yüksək qiymətləndirib. O, Agentliyin bu cür peşəkar, aktual layihələrə bundan sonra da dəstək olacağını vurğulayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq sənətinin milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2025-ci ildə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr etdiklərini bildirib.

Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev və Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli, sözləri İsa Körpülüyə məxsus “Göyçə gözəlləməsi”ni İmralı Fikrətoğlu, sözləri Müşgül Musaya məxsus “Göyçəgülü”nü Ələddin Göyçəli, sözləri İsgəndər Ağbabalıya məxsus “Çalpapaq”ı Dərya Mərdanzadə, sözləri Alqayıt Xəlilova məxsus “Gəraylı”nı Xanlar Alqayıt ifa ediblər. Bundan başqa, Fətulla Göyçəli, İxtiyar Qocayev, Ləman Mirzəyeva, Elməddin Hacı  və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.

QHT Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusunda mühüm təşəbbüsləri dəstəkləməkdə davam edəcək.

WhatsApp Image 2026-01-23 at 11.05.00.jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(1).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(2).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.00(3).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.01(1).jpeg

WhatsApp Image 2026-01-23 at 11.05.01.jpeg

 

AŞIQ MÜSLÜM  ƏSGƏRİ VƏFAT EDİB
Featured

AŞIQ MÜSLÜM ƏSGƏRİ VƏFAT EDİB

02.12.2025

Azərbaycan aşıq sənətinə daha bir ağır itki üz verib – Cənubi Azərbaycanda aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olan ustad aşıq Müslüm Söhrab oğlu Əsgəri 2025-ci il noyabrın 28-də dünyasını dəyişib.

Zəncan aşıq mühitinin ustad nümayəndələrindən olan Müslüm Söhrab oğlu Əsgəri 1938-ci il iyulun 1-də Zəncanın Badamıstan kəndində anadan olub, atası Hacı Söhrab mahalın adlı-sanlı aşıqalrından biri kimi tanınıb. Kənddə məktəbi bitirdikdən sonra 1955-ci ildə Zəncana gələrək dini təhsil almağa başlayıb.

Sənətin sirlərini atası Aşıq Söhrabdan öyrənərək 1968-ci ildən müstəqil aşıqlığa başlayıb. Tez bir zamanda Zəncanda tanınıb, toylarda və el şənliklərində iştirak edib. Zəncanla yanaşı, İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində, Gilan, Xalxal, Tehran və Qum şəhərlərində də toylara dəvət alıb.

Zəngin dastan repertuarı olan Aşıq Müslümün söylədiyi dastanlar lentə alınaraq qorunur. Onun söylədiyi dastanlardan 30-nu Məhəmməd Rəzzaqi yazıya alıb.

Aşıq Müslüm 2006-cı ildə Bakıda olub, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda folklorşünas alimlərlə görüşüb. 2007-ci ildə Türkiyənin Qazi Universitetində keçirilən simpoziumda İran aşıqlarını təmsil edib. Sonrakı illərdə də dəfələrlə Türkiyədə müxtəlif aşıq festivallarında iştirak edib.

Aşıq Müslüm eyni zamandan bədii yaardıcılıqla da məşğul olub, vətənə, el-obaya, ana dilinə, təbiətə və həyatın müxtəlif sahələrinə məhəbbətdən doğan şeirlər yazıb.

Aşıq Müslüm Əsgərinin əziz xatirəsi o taylı-bu taylı sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

 

 

 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabının təqdimatı olub
Featured

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabının təqdimatı olub

24.09.2025

Sentyabrın 24-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatı olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, layihənin rəhbəri Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışın. Qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd, günümüzdə aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaq, Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir. Layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldilib ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də tədqiqatçılar, aşıqlar, xüsusilə də gənc aşıqlar bu dastanlarla yaxından tanış olmaq imkanı qazansınlar. Layihə çərçivəsində Qərbi Azərbaycan aşıqlarının repertuarında mühüm yer tutan dastanlardan ibarət kitab hazırlanıb.

Kitabı nəşrə hazırlayan Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu öz çıxışında bildirib ki, 3 ay müddətində həyata keçirilən layihə çərçivəsində Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı əsaslı şəkildə öyrənildikdən sonra kitaba daxil ediləcək dastanlar dəqiqləşdirilib. Bu zaman hazırda yaşayıb fəaliyyət göstərən Qərbi Azərbaycan aşıqları ilə yanaşı, əvvəllər fəaliyyət göstərmiş ustad aşıqların repertuarına da yer verilib. Əsas diqqət ona yönəldilib ki, kitaba əsasən Qərbi Azərbaycan aşıqlarının repertuarında daha çox yer tutan, eyni zamanda Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış və bu yerlərə bağlı olan dastanlar daxil edilsin.

[bt_youtube url="https://youtu.be/3OCNHkr4MnA" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

Kitabda “Ağ Aşıq və Süsənbər xanım”, “Aşıq Alının Osmanlı səfəri, “Aşıq Ələsgərlə Həcər xanımın əhvalatı”, “Daşkəndli Nəcəfin hekayəti”, “Növrəs İmanın dastan-hekayəti” və digər dastanlar yer alıb.

M.Nəbioğlu layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə Azərbaycan Aşıqlar Birliyi və təşkilatın çoxsaylı üzvləri adından minnətdarlıq edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Aşıq sənəti” kafedrasının müdiri, dosent, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun “Aşıq sənəti” kafedrasının dosenti, kitabın rəyçilərindən biri olan ustad aşıq Altay Məmmədli, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt filialının rəhbəri Çərkəz Qurbanov və digərləri çıxış edərək bu kitabın Qərbi Azərbaycan aşıq mühitlərinin öyrənilməsində, günümüzdə dastan ifaçılığının yaşadılmasında və bu ənənənin gənc aşıqlar tərəfindən qorunub saxlanılmasında böyük rol oynayacağını vurğulayıblar.

Tədbirin sonunda aşıqlardan Xanlar Xəlilov, Gəncəli Babayev, Ədalət Alməmmədov, Hətəm Həsənov, Xanım Göyçəli, Əfsanə Cəlilova və İbrahim Gədəbəyli müxtəlif aşıq havaları ilə çıxış ediblər.

Xatırladaq ki, həyata keçirilən layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Hüseynova, kitabı nəşrə hazırlayan Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli və ADMİU-nun dosenti Altay Məmmədlidir.

Kitab tədbir iştirakçılarına hədiyyə olunub. Yeni nəşr aşıq sənətinin tədris olunduğu ali və orta ixtisas məktəblərinə, müvafiq təşkilatlara və kitabxanalara pulsuz olaraq paylanılacaq.

24092025 (3).jpg

24092025 (4).jpg

24092025 (5).jpg

24092025 (6).jpg

https://azertag.az/xeber/qerbi_azerbaycan_asiqlarinin_dastan_repertuari_kitabinin_teqdimati_olub-3763735

CƏFƏR XAKİPUR AAB-NİN QONAĞI OLUB
Featured

CƏFƏR XAKİPUR AAB-NİN QONAĞI OLUB

29.12.2025

2025-ci ilin son günləri AAB-də daha bir əlamətdar hadisə ilə yaddaq alıb. Belə ki, Təbrizli ustad aşıq Cəfər Xakipur Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə olan görüşdə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və AAB-nin əməkdaşı, ustad aşıq, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı da iştirak ediblər.

Azərbaycanda sənətsevərlərin yaxşı tanıdığı ustad aşıq Cəfər Xakipur dəfələrlə respublikamızda olaraq müxtəlif rəsmi tədbirlərə qatılıb, el şənliklərində iştirak edib. Dəfələrlə AzTV və digər televiziya kanallarında, radio verilişlərində çıxış edib və hər çıxışı ilə sənətsevərlərin rəğbətini qazanıb.

Ustad aşığın bu dəfəki gəlişi də yaddaqalan olub. Görüş zamanı Azərbaycan Aşıqlar Birliyinin Cənubdakı aşıqlarla qayğısından, qarşılıqlı yaradıcılıq əlaqəsindən söhbət açılıb, bu istiqamətdə görülməli olan işlərə diqqət yönəldilib.

Görüş zamanı Cəfər Xakipur eyni zamanda bir neçə aşıq havası ifa edərək o taylı-bu taylı söz adamlarının şeirlərini səsləndirib. Həmin ifalar AAB-nin Youtube kanalındakı səhifəsində yayımlanmaq üçün lentə alınıb.

Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad aşıq Cəfər Hüseyn oğlu Xakipuru aşıq sənətinin inkişafındakı xidmətlərinə görə AAB-nin fəxri diplomu ilə təltif edib.

Sonda xatirə şəkilləri çəksirilib.

IMG 20251229 151948

IMG 20251229 151934

 

 

 

 

AŞIQ DEHQAN VƏFAT EDİB
Featured

AŞIQ DEHQAN VƏFAT EDİB

24.11.2025

Azərbaycan aşqı sənətinə böyük itki üz verib. Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi,   sağlığında ikən aşıq sənətinin canlı əfsanəsinə çevrilən   ustad Aşıq Məhəmməd Hüseyn Dehqan 2025-ci il noyabrın 22-də vəfat edib.

Məhəmməd Hüseyn Qulam oğlu Dehqan  1934-cü ildə Cənubi Azərbaycanda – Urmiyada anadan olub. Erkən yaşlarından aşıq sənətinə maraq göstərib. Yeniyetmə vaxtlarından Aşıq Fərhadın yanında şəyird olaraq sənətin sirlərini, klassiklərin yaradıcılığını, dastanları öyrənib. Bir sənətkar kimi püxtələşdikdən sonra müstəqil şəkildə aşıqlığa başlayıb.

Urmiya aşıq mühitinin inkişafında böyük xidmətləri olan Aşıq Dehqan özünəməxsus ifaçılıq məktəbi yaradan, Urmiya aşıq ifaçılığında mühüm yer tutan  ustad səınətkarlardandır. O, klassik saz havalarının mahir ifaçısı kimi tanınıb, zəngin repertuarı ilə seçilib. Özünəməxsus çalğı tərzi ilə məşhur olub. 80-dən çox saz havasını mükəmməl ifa edir, 40-dan çox dastan bilirdi. Xüsusilə də Xəstə Qasımla bağlı dastanları və onun poetik irsini dərindən bilirdi.

2010-cu ildə UNESCO tərəfindən onun ayrıca diski buraxılıb. Dəfələrlə Azərbaycanda olub, Bakıda konsert proqramı ilə çıxış edib.

Aşıq Dehqanın çox sayda şəyirdi olub,  neçə-neçə sənətkar yetişdirib.

Böyük sənətkr, ustad aşıq Dehqanın əziz xatirəsi o taylı-bu taylı sənətsevərlərin qəlbində əziz xatirə kimi daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

USTAD AŞIQ MAHMUD HAQQINDA KİTAB NƏŞR OLUNUB
Featured

USTAD AŞIQ MAHMUD HAQQINDA KİTAB NƏŞR OLUNUB

19.09.2025

Ustad aşıq, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü olmuş Mahmud Məmmədovla (1935-2020) bağlı “Ustadlığa gedən ömrün akkordları” (xatirələr, duyğular, düşüncələr) adlı kitab işıq üzü görüb.

Kitabda respublikamızın tanınmış elm və mədəniyyət xadimlərinin, ustadın sənət dostlarının xatirə yazıları, ona həsr olunmuş şeirlər, eyni zamanda özünün vaxtilə müxtəlif mətbuat orqanlarında dərc olunmuş məqalə və müsahibələri, eləcə də poetik yaradıcılığından seçmələr yer alıb.

Kitabı araya-ərsəyə gətirən Həqiqət Xəlilxanlıdır.

USTAD  AŞIQ  SƏDAQƏT  RƏSULOVU  DA  İTİRDİK
Featured

USTAD AŞIQ SƏDAQƏT RƏSULOVU DA İTİRDİK

12.12.2025
Ustad aşıq Sədaqət Rəsulov ömrünün 78-ci ilində vəfat etmişdir. Gədəbəy rayonunun Gərgər kəndində doğulan aşıq Sədaqət 14 yaşından aşıq sənətini öyrənməyə başlamış, 20 yaşında İsfəndiyar Rüstəmovun yanında şagird olmuş, sənətin sirlərini ondan öyrənmişdir. Aşıq İsfəndiyarla birlikdə on il məclislər keçirmişdir. Mahir saz-söz ifaçısı kimi tanınmışdır.
Gədəbəy aşıqlar ansamblının ən fəal üzvlərindən biri olmuşdur. (1975-1992). Ayrı-ayrı rayonlarda və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir. Birinci dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyində (1972) yüksək səviyyəli ifaçılığa görə ali mükafat almışdır. Yüksək ifaçılığa malik sənətkar kimi IV və V Aşıqlar qurultaylarının nümayəndəsi olmuşdur.
Allah rəhmət eləsin!
 
   Azərbaycan Aşıqlar Birliyi
USTAD AŞIQ MAHMUD MƏMMƏDOVA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI OLUB
Featured

USTAD AŞIQ MAHMUD MƏMMƏDOVA HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI OLUB

23.10.2025

2025-ci il oktyabrın 23-də Azərbaycan Aşıqlar Birliyində ustad aşıq, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud Məmmədovun (1935-2020) xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Mahmud Məmmədovun ömür yolundan, bir sənətkar kimi özünəməxsusluğundan, aşıq sənətinə verdiyi töhfələrdən söz açıb.

Qeyd olundu ki, bu ustad sənətkara, onun yaradıcılığına hörmət və məhəbbətdən yaranan kitabı Həqiqət Xəlilxanlı ərsəyə gətirib.  Kitabda Aşıq Mahmud haqqında elm və sənət adamlarının xatirə yazıları, vaxtilə mətbuata verdiyi müsahibələr,  ona ithaf olunmuş şeirlər və özünün poetik yaradıcılığından müxtəlif nümunələr yer alıb.

Həqiqət Xəlilxanlı kitabın hazırlanması prosesindən, Aşıq Mahmudla bağlı xatirələrindən danışıb.

Tədbirdə iştirak edənlərdən “Tovuz” Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Musayev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyt işçisi Musa Nəbioğlu, AAB-nin  sədr müavini Altay Məmmədli, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı, Ramilə Əliyeva, ustad aşıqlardan Cahangir Quliyev və Azər Fərmayıloğlu və digərləri çıxış edərək ustad aşıq Mahmud Məmmədovla bağlı xatirələrini söylədilər. Aşıqlar ona ithaf etdikləri şeirləri ifa ediblər.

Sonda ustadın oğlu Nəriman Mahmudoğlu kitabın hazırlanmasında zəhməti olanlara və təqdimat tədbirinin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Sənin alın yazındı bu Vətən...
Featured

Sənin alın yazındı bu Vətən...

08.09.2025

Hər bir yeni kitab bir işıqdır, bir nurdur. Və yer üzünü, insanların qəlbini , ürəyini işıqlandırır! Adam var ki, bir gün kitab oxumasa, ürəyi partlayar. Bu mənada kitab bizə hava, su, çörək kimi çox lazımdır.

"Sənin alın yazındı bu Vətən... " kitabı da belə dəyərli, unikal bir kitabdır. Bu kitab Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı,  " Şöhrət" ordenli, professor Məhərrəm Qasımlıya həsr olunmuş elmi məqalələr, filoloji dəyərləndirmələr, publisist yazılar, müsahibələr, müəllifə həsr olunmuş şeirlər və təbriklər toplusudur.

Topludakı yazılar təqribən son qırx ildə Məhərrəm Qasımlı- Orxan Paşa haqqında mətbuatda gedən , ekran- efirdə yer alan materialların seçilmiş örnəkləridir. Bu kitab görkəmli alim və şairin ömür yolu, elm və sənət axtarışlarının əsas istiqamətləri , folklora, ozan- aşıq mədəniyyətinə qeyrətkeş və qədirşünas münasibəti barədə dəyərli bir qaynaqdır.Onun da qeyd edək ki, kitabda bu yazının müəllifinin də professor Məhərrəm Qasımlı barədə beş məqaləsi çap olunub.

Kitabı hazırlayan Əməkdar  mədəniyyət işçisi Musa Nəbioğlu, elmi  redaktorları filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir. Yazımızı professor Məhərrəm Qasımlının ( Orxan Paşanın) bu fikirləri ilə tamamlayırıq:" Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməllər, hərəkət və davranışlarını görən Dərbənd  camaatı elə bilsin  sən də Dərbəndlisən , lənkəranlı sən Lənkərandan, gəncəli səni Gəncədən, naxçıvanlı səni Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan , zəncanlı Zəncandan, borçalı Borçalıdan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin.

Sevginlə , əməlinlə  Vətən  boyda görünəsən , Vətənin hər yerindən görünəsən ".

Emil Faiqoğlu

/https://adalet.az/az/posts/detail/t-1757349331/

USTAD SƏNƏTKAR AŞIQ YAŞAR MƏHƏRRƏMOV HAQQA QOVUŞDU
Featured

USTAD SƏNƏTKAR AŞIQ YAŞAR MƏHƏRRƏMOV HAQQA QOVUŞDU

12.12.2025

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad sənətkar, Aşıqlar Birliyi idarə heyətinin üzvü aşıq Yaşar Məhərrəmov 47 yaşında ağır xəstəlikdən sonra qəfil vəfat etmişdir. O, Azərbaycan aşıqlığının zəngin repertuarına malik nadir və nəhəng simalarından biri idi. 200-dən artıq saz havasını sinəsində yaşadan aşıq Yaşarın repetuarı olduqca zəngin və təkrarsız idi. O həm gözəl ifaçı, həm də saz bəstəcisi idi. Beş saz havası yaratmışdı. Zəngin musiqi və söz repertuarı ilə Aşıqlar Birliyinin insan xəzinəsi statuslu sənətkarı idi. Onun repertuarı Aşıqlar Birliyi, Azərbaycan TV və Radionun qızıl fondunda qorunmaqdadır.

Əslən Kəlbəcərdən olan aşıq Yaşar son illərdə azad olunmuş Dəlidağa, İstisuya və digər səfalı yaylaqlara tez-tez səfərlər edir və bu gözəl diyarla nəfəs alırdı, həmin mövzu ilə bağlı şeirlər, mahnılar yaradırdı. Kəlbəcərə köçüb orada yaşamaq-yaratmaq arzusundaydı. Amansız xəstəlik imkan vermədi...

Onun itkisi Aşıqlar Birliyini dərindən sarsıtmışdır. Bir neçə ay öncə “Ustad sənətkar” fəxri nişanına layiq görülmüş aşıq Yaşar daha böyük adlara layiq idi. Gözəl insan, istedadlı aşıq, şair və bəstəçinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Saz-söz dünyası onu daim yaşadacaqdır.

Ruhu şad olsun.

Azərbaycan Aşıqlar Birliyi

 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub
Featured

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub

01.10.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, folklorşünas alimlərinin, universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova kitabla bağlı geniş məlumat verib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən tutmu günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb. Qeyd olunub ki, ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyası mənzərəsi, bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması, tarixi yer-yurd adları ilə zəngin olması, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri, erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.

M.Hüseynova vurğulayıb ki, kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib.

[bt_youtube url="https://www.youtube.com/watch?v=xApN8PYByks" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

Akademik Muxtar İmanov “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin və onun sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənəti ilə bağlı indiyədək gördüyü işləri yüksək qiymətləndirib, kitabın əhəmiyyətini qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün tövsiyələrini verib.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasınnı dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxış edənlər kitabı İctimai Birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər.

Sonda Musa Nəbioğlu çıxış edərək layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə, xüsusilə də bu işdə böyük əməyi olan Mahirə Hüseynovaya təşəkkür edib.

Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çxışları ilə yekunlaşıb.

011025-1.jpg

011025-2.jpg

011025-4.jpg

011025-5.jpg

011025-3.jpg

https://azertag.az/xeber/asiqlar_qerbi_azerbaycani_terennum_edir_kitabinin_teqdimati_olub-3778415

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI”
Featured

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI”

08.09.2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb.

“Bakı Mətbəəsi” ASC-də nəfis tərtibatla çap olunmuş kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb. 

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birlyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli və ADMİU-nun Aşıq sənəti kafedrasının dosenti Altay Məmmədlidir.

Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək və müvafiq təşkilatlara pulsuz paylanılacaq.

Emin Faiqoğlu

2 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ