AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
USTAD AŞIQ MAHMUD MƏMMƏDOVUN  90 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Featured

USTAD AŞIQ MAHMUD MƏMMƏDOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

28.03.2025

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan ustad sənətkar Mahmud Məmmədovun (1935-2020) anadan olmasının 90 illik yubiley ilidir. XX əsrin ortalarından sənətə gələn M.Məmmədov ömrünün 70 ilini aşıq sənətinin yaşadılmasına və təbliğinə həsr edib, ustad aşıq kimi tanınıb, neçə-neçə gəncə bu sənətin sirlərini öyrədib. Dəfələrlə xarici ölkələrdə keçirilən folklor festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, fəxri fərmanlara və müxtəlif mükafatlara layiq görülüb. Onun sənət qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də layiqincə dəyərləndirilib – Prezident təqaüdünə və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ustad sənətkarın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində tədbirlər planı hazırlanıb. Bu silsilədən ilk tədbir kimi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” telekanalında hər həftə efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə Mahmud Məmmədova həsr olunması nəzərdə tutulur. Aprel ayının əvvəllərində efirə gedəcək verilişdə bu unudulmaz sənətkarın keçdiyi ömür yoluna nəzər salınacaq, həyat və yaradıcılığından söhbət açılacaq və aşıqlardan Azər Fərmayıloğlu, Elməddin Məmmədli, Nazim Nəbiyev, İmralı Fikrətoğlu, Nəbi Nağıyev, Gəncəli Babayev, İmran Göyçəli və Nəcəf Uğurlu ustadın repertuarından müxtəlif aşıq havalarını ifa edəcəklər.  

AAB-NİN SUMQAYIT REGİONAL BÖLMƏSİNİN OFİSİNİN AÇILIŞI OLUB
Featured

AAB-NİN SUMQAYIT REGİONAL BÖLMƏSİNİN OFİSİNİN AÇILIŞI OLUB

17.03.2025

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təşəbbüsü ilə 2025-ci il mart ayının 15-də Sumqayıt şəhərində AAB-nin Sumqayıt Regional Bölməsinin yeni ofisinin açılışı olub. Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, dosent Altay Məmmədli və şöbə müdiri Şahniyar Əliyev iştirak ediblər.

Aşıqlar Birliyinin üzvü Aygün xanım Hacıyevanın aparıcılığı ilə keçən tədbirdə ilk söz AAB-nin Sumqayıt Regional Bolməsinin sədri Çərkəz Qurbanova verilib. Sonra Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslı çıxış edərək Sumqayıt ədəbi mühitində aşıqların xüsusi rolu olduğunu qeyd edib.

Tədbirdə iştirak edənlər arasında şəhid valideynləri Ruhiyyə  Əhmədova, Məhərrəm İbadov, eləcə də jurnalist Nuridə Kərimova, Yasəmən Möhübbətqızı və digər qonaqlar da  olub.

Rəsmi çıxışlarından sonra  sonra aşıqlardan Zərgər Abbas, Nəriman, Mərkəz, Ələsgər Məmmədli, Tacəddin, Elçin, Azər Fərmayıloğlu, Ceyhun Nağıyev, Elbrus Qayalı, Əfsanə, Həvva Nəsibli, Zəminə Lacınlı, Şəhriyar Şahverdiyev, Cəmil, Əlsəfa Zərbalıyev və İlqar Şirinovun ifasında  müxtəlif aşıq havaları səsləndirilib.

WhatsApp Image 2025-03-17 at 16.55.40(2).jpegWhatsApp Image 2025-03-17 at 16.55.42.jpegWhatsApp Image 2025-03-17 at 16.55.41.jpegWhatsApp Image 2025-03-17 at 16.55.41(2).jpegWhatsApp Image 2025-03-17 at 16.55.41(1).jpegWhatsApp Image 2025-03-17 at 16.55.40.jpegWhatsApp Image 2025-03-17 at 16.55.40(1).jpegWhatsApp Image 2025-03-17 at 16.55.39(1).jpegWhatsApp Image 2025-03-17 at 16.55.39.jpegWhatsApp Image 2025-03-17 at 16.55.39(2).jpeg

 

 

 

 

 

 

 

 

 

 

 

MİKAYIL AZAFLININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

MİKAYIL AZAFLININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

16.01.2025

2025-ci il yanvarın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Qeyd olunub ki, 1924-cü ildə Tovuz rayonunda anadan olan Mikayıl Azaflı ustad aşıq olmaqla yanaşı, həm də bir şair kimi tanınıb, bir sıra yeni aşıq havaları yaradıb.

Onun şöhrəti təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda – Gürcüstanda, Türkiyədə, Cənubi Azərbaycanda, Dağıstanda və Orta Asiya respublikalarında da geniş yayılıb. M.Qasımlı həmçinin qeyd edib ki, M.Azaflı şair kimi də məşhur olub, onun şeirləri aşıqların repertuarında bu gün də mühüm yer tutur. Bu böyük saz-söz ustadının 100 illik yubileyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyinin silsilə tədbirlər həyata keçiridiyini, yüz illiyə yüz şeir ərməğanı olan kitabının nəşr olunmasını vurğulayan natiq qeyd edib ki, ustadın sənət yolu bu gün təkcə şəyirdləri tərəfindən yox, həm də övladları və nəvə-nəticələri tərəfindən də uğurla davam etdirilir.

Sonra söz Mikayıl Azaflının ədəbi irsinin toplanıb nəşr etdirilməsində  böyük xidmətləri olan Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. O, M.Azaflının ustad aşıq kimi Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini qeyd edib, eyni zamanda xüsusi olaraq vurğulayıb ki, o, həm də dövrünün məşhur şairi olub. İctimai-siyasi mövzuda yazdığı kəskin şeirləri onun sovet repressiya maşınının təzyiqləri ilə üzləşməsinə səbəb olub. Professor, M.Azaflının indiyədək çap olunmuş əsərlərindən söhbət açıb, 100 illik yubileyi ərəfəsində nəşr etdirdiyi yeni bir kitabı haqqında məlumat verib.  

Zərgər Abbas öz çıxıçında Mikayıl Azaflı ilə bağlı xatirələrindən danışıb.

Tədbirin bədii hissəsində Xalq artisti Nazpəri Dostəliyeva, müğənnilərdən Xəlil Qaraçöp və Eldar Ələkbərov, aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Nizami Cəlaloğlu, Vüqar Şəmkirli,  Əli Pənahoğlu, Nəcəf Uğurlu, Asudə Şınıxlı, Vüqar Şamilov, Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı, “Çeşmə” folklor qrupu, eləcə də Mikayıl Azaflı ocağının nümayəndələri Gülarə Azaflı, Roman Azaflı, Məzahir Azaflı, babasının adını daşıyan yeniyetmə Mikayıl Azflı və Məhsəti Cabbarlı əsasən ustadın özünün yaratdığı və digər aşıq havaları üstündə onun sözlərini ifa ediblər.

Tədbirin sonunda Mikayıl Azaflı ədəbi irsinin tədqiqində və təbliğində, eləcə də yubiley tədbirinin keçirilməsində yaxından iştirak edən bir qrup şəxs Tovuz Xeyriyyə Cəmiyyətinin “Mikayıl Azaflı – 100” yubiley nişanı ilə təltif olunub. Mükafatları Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov təqdim edib.

Yubilyarın oğlu Hakim Azaflı tədbirin təşkilatçılarına Azaflı ailəsi adından minnətdarlıq edib.

WhatsApp Image 2025-01-16 at 06.04.32.jpeg

WhatsApp Image 2025-01-16 at 06.04.30.jpeg

WhatsApp Image 2025-01-16 at 06.04.30(2).jpeg

WhatsApp Image 2025-01-16 at 06.04.31.jpeg

WhatsApp Image 2025-01-16 at 06.04.31(1).jpeg

WhatsApp Image 2025-01-16 at 06.04.30(1).jpeg

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ  VƏFAT EDİB
Featured

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB

21.03.2025

Tanınmış folklorşünas alim, AMEA Folklor İnstitutu Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli 21 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının (Gürcüstan) Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib.

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olan Elxan Məmmədli 1979-cu ildən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində elmi fəaliyyətə başlayıb. 1994-cü ildə böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində (AMEA-nın indiki Folklor İnstitutu) fəaliyyətini davam etdirib. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.

“Təcnis sənətkarlığı” (1998) və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” (2014) adlı monoqrafiyaların müəllifi olan alimin toplayıb tərtib etdiyi 10-dan çox kitabı işıq üzü görüb.

Elxan Məmmədli 1969-2009-cu illər ərzində Azərbaycan Radio və Televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı kimi tanınıb. O, eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü idi.

Folklorşünas-alim Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

ALTAY MƏMMƏDLİ ELMİ-PRAKTİK SEMİNARDA ÇIXIŞ EDİB
Featured

ALTAY MƏMMƏDLİ ELMİ-PRAKTİK SEMİNARDA ÇIXIŞ EDİB

21.02.2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2025-ci il fevralın 19-da “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən seminarda əsas məqsəd Qərbi Azərbaycanda yaranıb formalaşan folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, milli mətbəximiz kimi zəngin dəyərləri özündə əks etdirən mövzuların tədqiqi və onların gənc nəslə daha dolğun şəkildə çatdırılması olub.
Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovun da iştirak etdiyi tədbirdə bir sıra alimlərlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti Altay Məmmədli də “Göyçə aşıq mühiti” adlı məruzə ilə çıxış edib.
Seminarda Aşıq İmran Göyçəlinin ifasında “Göyçəgülü” havası, “İrəvan” ansamblının ifasında (solistlər Nərmin Mirzəyeva və Rəis Niftəliyev) bəstəkar və xalq mahnıları izləyicilərə təqdim olunub.

GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR
Featured

GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR

16.01.2025

Hər il olduğu kimi, bu il də Azərbaycan Aşıqlar Birliyində Gənclər günü münasibəti ilə bir sıra tədbirlər nəzərdə tutulur. Bunlardan biri də AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə  “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə gənclərə həsr olunmasıdır. Gənclər günü ərəfəsində yayımlanacaq həmin verilişdə “Qarabağ”, “Cəngi”, “Şirvan” və “Səda” sazçı folklor qrupları ilə yanaşı gənc aşıqlardan Vüqar Sadıqov, Zamin Sərdaroğlu, Məhəmməd Quliyev, Xəyal İbrahimov və Əli Əsgərlinin ifasında müxtəlif aşıq havaları təqdim olunacaq.

NOVRUZ TƏBRİKİ
Featured

NOVRUZ TƏBRİKİ

19.03.2025

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan Aşıqlar birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya Novruz Bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:  
“Hörmətli Məhərrəm müəllim, Sizi milli ənənə və birlik rəmzi olan Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edir, rifah, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, Adil Kərimli
Azərbaycan Respublikasının mədəniyyət naziri.
”

USTAD AŞIQ ZİYƏDDİN KEŞƏLİ VƏFAT EDİB
Featured

USTAD AŞIQ ZİYƏDDİN KEŞƏLİ VƏFAT EDİB

22.01.2025

Azərbaycan aşıq sənətinə böyük itki üz verib. Borçalı aşıq mühitinin görkəmli nümayəndəsi, təkcə Borçalıda deyil, onun hüdudlarından kənarda da bir sənətkar kimi sevilən ustad aşıq Ziyəddin Keşəli uzun sürən xəstəlikdən sonra 2025-ci il yanvarın 17-də vəfat edib.

Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci il sentyabrın 20-də Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində anadan olub. Məşhur ustad sənətkar Xındı Məmməddən sənət dərsi alaraq    ustad aşığı kimi tanınıb. 

1983-cü ildən Marneuli şəhər mədəniyyət evində fəaliyyət göstərib, bir çox incəsənət festivallarında iştirak edib və laureat adına layiq görülüb. 2001-ci ildə Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə təltif olunub.  

Ziyəddin Keşəli 2025-ci ilin yanvarın 18-də doğulduğu Keşəli kəndində torpağa tapşırılıb.

Ustad aşıq Ziyəddin Keşəlinin əziz xatirəsi doğmalarının, əzizlərinin və sənət dostlarının qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

ZƏLİMXAN YAQUB – 75
Featured

ZƏLİMXAN YAQUB – 75

11.01.2025

Bu il dövrümüzün böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 ili tamam olur. Yaradıcılıqda özünəməxsus dəst-xətti olan, ölməz əsərləri ilə milyonların qəlbində özünə heykəl quran şairin yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır.

Bununla bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sıradan ilk tədbir kimi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi olaraq hər həftə “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə Zəlimxan Yaquba həsr olunması nəzərdə tulub. Yanvarın 16-da efirə gedəcək verilişdə aşıqlardan Avdı Musayev, Nargilə Mehdiyeva, Kamandar Lətifoğlu, Elməddin Məmmədli, Qabil Abduyev və xanəndə Xəlil Qaraçöp müxtəlif aşıq havaları üstündə bu böyük söz ustadının şeirlərini ifa edəcəklər.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalıda – Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər isə “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

 

ALMANİYADAKI TÜRK İŞ ADAMI AAB-nin QONAĞI OLUB
Featured

ALMANİYADAKI TÜRK İŞ ADAMI AAB-nin QONAĞI OLUB

19.03.2025

1990-cı ildən Almaniyada yaşayıb fəaliyyət göstərən türkiyəli iş adamı Hasan Babur 2025-ci il martın 18-də Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonağı salamlayaraq ona rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Novruz bayramı ərəfəsində baş tutan bu görüşün əhəmiyyətini vurğulayıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda hörmətli qonağa Tovuz Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “Mikayıl Azaflı – 100 yubiley nişanı” təqdim olunub. Sonda qonaqla xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, Hasan Babur Azərbaycanla sıx əlaqə saxlayan türk iş adamlarındandır. Azərbaycana ilk dəfə 1992-ci ildə gəlib və Berlində fəaliyyət göstərən İmam Cəfər Sadiq camisinin göndərdiyi 50000 (əlli min) alman markasını Qarabağa yardım məqsədilə Azərbaycan Daxili işlər nazirliyinə təqdim edib.

Hasan Babur Almaniyada vətəndaş cəmiyyəti təşkilatlarının tədbirlərində yaxından iştirak edir.

WhatsApp Image 2025-03-19 at 12.53.42.jpeg

WhatsApp Image 2025-03-19 at 12.53.43.jpeg

WhatsApp Image 2025-03-19 at 12.53.43(2).jpeg

Featured

Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının 100 illik yubileyi qeyd olunub

17.01.2025

[bt_youtube url="https://youtu.be/T0J9aQ925_E" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ  100 İLLİYİ QEYD OLUNUB
Featured

XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ 100 İLLİYİ QEYD OLUNUB

12.12.2024

Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı - dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İdrisli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Hüseyn Arifin bənzərsiz poeziyasından danışaraq vurğulayıblar ki, şairin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bildirib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırıb. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş̧ əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

Natiqlər vurğulayıb ki, Hüseyn Arifdən söz açanda "təbiət şairi" ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. O mənada ki, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindir. Ancaq Hüseyn Arif poeziyasını yalnız insan-təbiət dairəsi ilə məhdudlaşdırmaq doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik dünyası ilə qovuşurdu.

Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qayğıkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu.

Diqqətə çatdırılıb ki, Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1989-cu il ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən çıxışçılar qeyd edib ki, söz sərrafının vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub. Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Gecədə qiraətçilər şairin şeirlərini, tanınmış və gənc ifaçılar isə sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

***

 

 

AAB-NİN SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ,

PROFESSOR MƏHƏRRƏM  QASIMLININ 

HÜSEYN  ARİFİN 100 İLLİK

YUBİLEY  GECƏSİNDƏKİ  ÇIXIŞI

Mən bu çıxışa hazırlaşanda xeyli düşündüm ki, mətləbi haradan başlamaq lazımdır. Elə görürəm ki, ümumiyyətlə, həqiqi poeziya elə bir sirli-sehirli aləmdir ki, burada şairlər özlərinin sirli bir portretini yaradırlar.  Bu mənada Hüseyn Arifin poeziyası da maraqlı obarazlar verir. Məsələn, palıd obrazı Hüseyn Arifi təmsil eləmək gücündədir yaxud durna obrazı, qartal obrazı. Digər mətnlərlə tanış olanda görürsən ki, yox, ustad özü ayrı bir qərardadır:

“Eşq ilə yaşayıb yaradan kəsin,

Adı Hüseyndir, özü ürəkdir”.

Yəni Hüseyn Arifin obrazı, əslində, ürək obrazıdır. Poetik ürək obrazıdır və bu ürək obrazını bir çox şeirlərində deyib və ulu usatdımız Əlibaba Məmmədov da oxuyurdu ki:

“Ömür deyir qocalmışam,

ürək deyir yaşa hələ”.

bilirsiniz ki, bu sıradan onlarla şeir var ki, yenə də ürək anlayışının içərisindən keçir. Belə görünür ki, Hüseyn Arifin əsl obrazı, yəni sənət obrazı, poetik simvolu elə ürəkdir. Hüseyn Arifin bütün yaradıcılığı bir kövrək ürəkdir, kövrək könül çırpıntılarıdır. Bir çox məqamlarda hətta onun şeirləri ürək, könül göynərtisi və nisgildir. Bayaq şeiri onun öz səsində dinlədik. Onun səsində də bu həzinlik, kövrəklik var idi. Baxışlarına baxın, arxadakı portretdə, nisgil var, kədər var, göynərti var. Bu mənada Hüseyn Arif özünün könül kövrəkliyinnən bizi oyaq saxlayır, dik saxlayır, poeziyaya doğru duyğulandırır. O, bənzərsiz bir sənkardır. Onun sazdan gələn dünyası var, sazdan gələn dünya Dədə Qorqud dünyasından gəlir. Onun şeir dili Dədə Qorqud dilidir. Onun şeir dili böyük ozanlar ruhundan gəlir və  poetik cizgiləriylə bir portret yaradır. Analarla bağlı misralara fikir verin:

Alnında zamanın açdığı qırış,

Başına qar töküb, qar ələyir qış.

Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçib analar.

Bu, bizim hamımızın anasıdır, analarımızdır. Bu xəlqi ruhlu obrazı Hüseyn Arif yaradıb. Onun bu səpgidə yaratdığı nə qədər unudulmaz obrazlar var.

Onun böyük sənətkarlarla bağlı yazdığı şeirlərdə də   görürsən ki, əsl sehirbaz bir fırça işləyir. “Ay Mirzə dayı”nı “Kərəm gözəlləməsi” havası üstə böyük ustadlar oxuyublar. Heç vaxt adamlar deməyiblər ki, mənə bir “Kərəm gözəlləməsi” oxu. Aşığa deyirlər ki, “Ay Mirzə dayı”  oxu. Bunu Hüseyn Arif yaradıbdır. Yəni Hüseyn Arif sənətə sıradan daxil olan bir sənərkar deyil. O Haqq dərgahından, İlahi Tanrı dünyasından gələn bir şair idi və onun şeirlərinin hər bir nöqtəsində şaman dualarından gələn incəliklər, şaman çırpıntıları  görünməkdədir.

Hüseyn Arif dönə-dönə saza müraciət eləyib, saznan bağlı poemalar yazıbdır. Onun ruhunu, varlığını təmsil edən bir obraz da saz idi. Hətta bir dəfə bir istedadlı adam şeirlərini ona təqdim edəndə ki, necə yazıram, deyib, gedək deyəcəm necə yazırsan. Gedib oturublar, başlayıb saz çalmağa.  Adam deyib, qağa, bəs necə oldu şeir? Şair saz çala-çala: “Belə yaz, belə yaz!” – deyir.   Yəni xalqın ruhunu yazmaq lazımdır, xalqın ruhunu təmsil eləmək lazımdır.

Bir mətləbi də demək istəyirəm. Hüseyn Arif kökə-köməcə çox bağlı bir sənətkar idi. Onun şeirlərinin içərisində bəzən sətiraltı mənada elə mətləblərdən danışılır ki, görürsən, çox uzaqlardan gəlir və çox uzaqlara gedən addımlardır, poetik nəfəsdir. O mənada, Hüseyn Arif dövlətçi şair idi, vətənçi təfəkkürüylə yaşayan bir şair idi. Onun şeirlərinə baxın: Təbrizdən başlayır Naxçıvana, Naxçıvandan başlayır Şuşaya, Qubaya, Qazaxa, Gəncəyə, Göyçəyə, Dərbəndə qədər ən müxtəlif yerlər tərənnüm olunur. Şerilərində, bəlkə də, yüzə qədər tarixi məkan adı var. Bu, elə belə, sıradan bir məsələ deyildir.

Hüseyn Arif sözün həqiqi mənasında xalqın içərisindən çıxmış nəhəng bir şair idi və onun bütün düşüncəsinin içərisində Azərbaycanın birliyi, bütünlüyü, toxunulmazlığı, ucalığı dayanırdı. Yaxşı xatırlayıram ki, səksəninci illərin sonlarında bir şeirini tez-tez oxuyardı. Niyə? Çünki mənfur qonşularımız üstümüzə bizdən torpaq istəyirdilər. Hüseyn Arif Göyçəyə daim gedib-gəlir, orada böyük ustadların qəbirlərini tapır, onlarla bağlı məsələlər qaldırırdı. 

Hüseyn Arifin yaradıcılığından danışan zaman onun əsas manifest misralarını da mütləq xatırlamalıyıq:

“Bir ovuc torpaqdan dönən deyiləm,

Bir ovuc torpağa dönənə kimi!”

Azərbaycanın şanlı  ordusu və müzəffər Ali Baş Komandanının möhkəm iradəsi sayəsində Hüseyn Arifin bu poetik vəsiyyəti və yeritmək istədiyi missiya da gerçəkləşdi. Qoy onun ruhu şad olsun, sizlərə də can sağlığı. Var olun!

     

4 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ