AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub
Featured

Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub

02.09.2025

 [bt_youtube url="https://youtu.be/Hul11UtnDyU?feature=shared" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

 

AAB-nin SUMQAYIT REGİONAL BÖLMƏSİNDƏ AŞIQLARIN KONSERTİ OLUB
Featured

AAB-nin SUMQAYIT REGİONAL BÖLMƏSİNDƏ AŞIQLARIN KONSERTİ OLUB

24.06.2025

Sumqayıt Muğam Mərkəzində 22- İyun 2025-ci il tarixdə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regional Bölməsində aşıqların konserti keçirilmişdir. Aşıqlar Birliyinin üzvü Aygün Hacıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xdimi, professor Məhərrəm Qasımlı ,sədir müavini filologiya üzrə fəlsəfə doktoru,dosent Altay Məmmədli, şöbə müdüri Şahniyar Əliyev iştirak etmişlər.

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbir iştirakçılarını salamlayaraq Birliyin fəaliyyətinin daha geniş olmağı üçün Sumqayıt Bölməsinin çoxdan yaradılmasının vacibliyini qeyd etmiş, bu işdə dəstəyini əsirgəməyən Sumüayıt Şəhər İcra başçısı Zakir Fərəcov cənablarına və digər zəhməti keçən şəxslərə təşəkkürünü bildirmişdir. Daha sonra bir neçə aşıq sədr tərəfindən "Ustad aşıq" medalı ilə təltif olunmuşlar.Tədbirdə Əməkdar mədəniyyət işçisi Aşıq-balabançı Sərdar Məmmədov,Zərgər Abbas,Cahangir Quliyev,Nəriman Aslanoğlu,Şəhriyar Laçınlı,Azər Fərmayıloğlu,Həvva Nəsibli,Zəminə Laçınlı,Səyyad Qubadlı,Təbriz Vəliyev,Kəmalə Qubadlı,Mehman Gədəbəyli, Ələsgər Məmmədli ,Ələkbər Ələkbərov,Sahil Laçınlı,Famil Mikayılov,İlqar Şirinov, Nəcəf Uğurlu,Xəqani Zeynalabdinov,Ceyhun Nağıyev, Əfsanə,Xanım Göyçəli və digər aşıqlar iştirak etmişlər.
Tədbirin sonunda Aşıqlar Birliyinin Sumqayıt Reğional Bölməsinin sədri Çərkəz Qurbanov tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.Konsert proqramı aşıqların birgə ifa etdiyi "Müxəmməs" havası və tamaşaçıların gurultulu alqışları ilə yekunlaşmışdır.

WhatsApp Image 2025-06-24 at 09.05.33_2.jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.33.jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.33(2).jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.33(3).jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.33(4).jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.32.jpeg

WhatsApp Image 2025-06-24 at 09.05.32(1).jpeg

 

“Saz üstündə köklənmişəm...”
Featured

“Saz üstündə köklənmişəm...”

30.04.2025

Onun ömrü maraqlı bir kitaba bənzəyir. Həyat və yaradıcılığı haqqında oxunaqlı bir kitab yazmaq olar. Amma bir məqalədə onun bütün yaradıcılığı haqqında oxucuda geniş təsəvvür yaratmaq mümkünsüzdür. Ömür kitabına vurduğu naxışlar, yaradıcılığında qoyduğu izlər bir qəzet məqaləsinə sığan deyil. Elxan Məmmədlinin özü də yerə, göyə sığan adam deyildi, axı!

O, əvvəlcə Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcı müəlliflərindən biri kimi fəaliyyətə başladı. Yaradıcı ömrünün on ildən çoxunu “Bulağ”a həsr etdi. Sonra isə fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində davam etdirdi. Həmin dövrdə tədqiqatçı-alim kimi bir sıra folklor nümunələrinin işıq üzü görməsində yorulmadan çalışdı. İki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri”, “Azərbaycan bayatıları”, “Cinaslar”, “Bayatı, qoşma, təcnis”, “Borçalı şair Nəbi” adlı kitabların tərtibi və toplanması da onun əməyinin məhsuludur. Daha sonra üçcildlik “Borçalı folkloru” kitablarını nəşr etdirdi.

O, aşıq sənətinin təbliğinə bir ömür həsr etdi. Ona görə insanların ürəyinə yol tapa bildi. Folklorumuzun gözəl bilicisi idi. "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Ömrünün sonunadək – uzun illər AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiri işlədi.

...İllər ötəcək, özü həyatda olmasa da, onun nəcib insani sifətləri çoxlarının yadında qalacaq. Bu da Elxan müəllimin özündən sonra övladları üçün qoyub getdiyi dəyərli bir irsdir. Sadəliyi, səmimiyyəti, təvazökarlığı, dostcanlılığı və yaxşı işi ilə çalışdığı kollektivin və əhatəsində olan insanların hörmətini qazandı. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çağdaş Azərbaycan folklorçuları içərisində Elxan Məmmədli qədər xalqla yaxın ünsiyyətdə olan ikinci bir araşdırmaçının olmadığını qeyd edir: “Sazdan-sözdən söhbət gedən elə bir məclis olmaz ki, orada Elxan Məmmədli xatırlanmasın. Bu sahənin ən mübahisəli, qa¬ran¬lıq problem¬lə¬ri¬nin aydınlaşmasında onun faktoloji biliyi hər zaman həlledici olur. Elxan sazı və bütövlükdə aşıqlığı ustad aşıqların özü səviyyəsində bilir. Mən dəfələrlə müşahidə etmişəm ki, onun olduğu saz-söz məclislərində aşıqlar öz çalğı və oxumalarına xüsusi həssaslıqla yanaşırlar”.

O, təbiəti etibarilə mehriban və ünsiyyətcil idi. Saz sənətinin sirlərinə bələdliyi gendən, qandan və Borçalı kökənli olmasından irəli gəlirdi. Bir tərəfdən yaşadığı şəhər mühiti ilə, bir tərəfdən də köksündə boy atdığı Borçalı mahalı ilə sıx təmasda olurdu. Bu da bir həqiqətdir ki, o, gözünü açıb Borçalının Aşıq Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev kimi ustad aşıqlarını görmüşdü. Həm də öz atası Hüseynqulu Məmmədlidən ustad dərsi almışdı. Hüseynqulu müəllimin Qorqudşünaslığa dair kitabı və çoxsaylı məqalələri də nadir estetik fölklor nümunələridir. Elxan Məmmədlinin folklorşünas alim kimi yetişməsində Hüseynqulu müəllimin təsiri az olmamışdır desək, yanılmarıq.

Dünyadan köçüb gedən hər adamdan nişanə qalmır. Xoş o insanın halına ki, özündən sonra ondan qiymətli bir nişanə qalır. Elxan Məmmədlidən qalan nişanələr 40 illik bir tarixə söykənir. Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı idi. Onun “Sarıtel” verilişi daha çox dinləyicilərin ürəyindən xəbər verirdi. Mən “Sarıtel”i maraqla izləyir, hər verilişi intizarla gözləyirdim. “Sarıtel” Elxan Məmmədlinin yaradıcılığının əsas qollarından biri idi. Bu, onun yaradıcılığına yaxından bələd olmaq üçün bir açardır. Onun verilişləri də özü kimi, sözü kimi bəzəksiz, düzəksiz olurdu. Verilişboyu ürəyindəkiləri dilə gətirirdi. “Sarıtel” sərin sulu, şəffaf bir dağ çeşməsinə bənzəyirdi. Qayaların arasından sızaraq üzə çıxan, qaynayan bu çeşmənin suyundan min-min insanlar “içirdi”. Ömrünün sonuna kimi bu çeşmənin suyundan dinləyicilərə pay verdi. Sözü-söhbəti könüllərdən bahar nəğmələri kimi süzülüb keçdi.

Elxan Məmmədlini lap uşaq vaxtlarımdan tanıyırdım. Doğmalığımızın yaşı qədimdir desəm, yalan olmaz. O, rəhmətlik şəhid qardaşım Almazın uşaqlıq dostu idi. Yaxşı yadımdadır, qardaşımla bizim kənd evimizə gələrdi. Qardaşımın qarmonunda gözəl saz havaları ifa edərdi. Məni harada görsə, həmişə kiçik qardaş kimi isti ürəklə dindirirdi. Aramızda qırılmaz könül bağları vardı. Son illərdə ünsiyyətimiz daha sıx olurdu.

Aşıq sənəti ilə bağlı ülvi xidmətləri həmişə xalq tərəfindən yüksək qiymətləndirilirdi. Dövlətimiz tərəfindən də “Əməkdar mədəniyyət işçisi” kimi fəxri ada layiq görüldü.

Elxan Məmmədli xaraktercə nikbin adam idi. Daim üzü gülərdi, xoş danışar, xoş dillənərdi. Amma vəfalı və cəfalı ömür-gün yoldaşı Səfiyyə xanımın vəfatından sonra qəhər dilində düyün saldı. Ona həm bir ömür-gün yoldaşı, həm də bir həkim kimi qayğı göstərən Səfiyyə xanımın ayrılığına dözə bilmirdi, xiffət edirdi. Doğru deyiblər ki, su axar, çuxuru tapar. Elxan müəllimlə Səfiyyə xanım bir-birinə çox gözəl yaraşırdı. Uzun illərin əzab-əziyyətindən, çətinliklərindən keçib gəlmişdilər. Mən tələbəlik illərində dəfələrlə onların evində qonaq olmuşdum. Səfiyyə xanımın çayından içmişdim, süfrəsində çörək kəsmişdim. Onların ailə ocağını həyat ətri, insan nəfəsi, körpə gülüşü bəzəyirdi. Övladları Xuramanın, Elnurun uşaqlıq çağları hələ də gözlərim önündə canlanır. İndi Xuraman həkim, Elnur isə böyük bir kollektivin rəhbəridir. Özlərinin də nümunəvi ailələri var.

Səfiyyə xanımın vəfatından sonra övladları, nəvələri hər zaman Elxan müəllimin yanında olsalar da, təkliyin qüssəsini özü təkcə çəkirdi. Bunu övladlarına və nəvələrinə hiss etdirmirdi. Səksən yaşına yenicə qədəm qoyanda dostlarına deyirmiş ki, bəlkə də səksəni tamamlamaq mənə qismət olmayacaq...

...Bəd xəbər quş qanadlı olur, deyirlər. Elxan Məmmədlinin qəfil ölümü doğmalarını, dostlarını çox kədərləndirdi. O, 1946-cı ilin soyuq bir qış günündə Borçalının Faxralı kəndində dünyaya gəlmişdi. Dünyadan köçməyi isə Bakıda, bir bahar günündə oldu, bahar nəğməsi kimi oldu... Beləcə, ilk baharda bir yaz mehi kimi bizdən ayrıldı, sazdan ayrıldı Elxan Məmmədli.

Bu günlərdə qardaşı Eldar müəllim Elxan Məmmədlinin öz səsində bir neçə şeirini mənə göndərdi, dinlədim. Deyirdi:

Saz üstündə köklənmişəm,
Özgə kökə yatammaram...

Doğrudan da, Elxan Məmmədlinin ruhu saz üstündə köklənmişdi. Saz-söz məclislərinin yaraşığı idi. Harda saz vardı, orda Elxan müəllim məclislərin başında olardı. Sözü-söhbəti nağıllara, dastanlara sığmazdi. Ədəb-ərkan məclislərindəki danışığı özündə dərin mənaları, müqəddəs hissləri ehtiva edirdi.

Sazla baş-başa yaşayıb ömrünün səksəninci baharına qədəm qoymuşdu. Onun ömrü gələcək nəsillərə örnək ola bilən bir ömür idi.

P.S. Bu gün vəfatından 40 gün ötür, saz üstündə köklənən ruhuna min rəhmət, Elxan Məmmədli!..

Həzi HƏSƏNLİ,
şair-publisist

https://xalqqazeti.az/az/sosial-heyat/223728-saz-ustunde-koklenmisem

 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq
Featured

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” kitabı çap olunacaq

14.08.2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə uğurla davam etdirilir. Rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan layihə çərçivəsində hazırlanan kitab çap olunması üçün artıq nəşriyyata təhvil verilib. Çap prosesinin sentyabrın əvvəllərində yekunlaşması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı bu kitabı nəşrə hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Bildirib ki, bu layihəni həyata keçirməkdə qarşıya qoyduğumuz əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir: “Əsas diqqəti Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Göyçə, Dərələyəz, Ağbaba-Amasiya, İrəvan kimi Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəltmişik. Bu kitabla tanışlıq imkan verəcək ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə də gənc aşıqlar dastanlarımızla yaxından tanış olmaq imkanı qazansınlar. Ustad aşıqların dastan repertuarına üstünlük verilib və kitaba əsasən Qərbi Azərbaycanla bağlı olan və günümüzdə də dastançılıq ənənəsinin yaşadılmasında böyük əhəmiyyət kəsb edən dastanlar daxil edilib. Bu dastanları söyləyən, yaşadan ustad aşıqların müəyyən hissəsi dünyasını dəyişsə də, Aşıq Fətulla Göyçəli, Ələddin Göyçəli, Faxfur Ağbabalı, Oktay Hüseynov, İmran Xəlilov kimi tanınmış sənətkarlar bu gün də dastançılıq ənənəsini uğurla yaşadırlar”.

https://azertag.az/xeber/qerbi_azerbaycan_asiqlarinin_dastan_repertuari_kitabi_chap_olunacaq-3700683

 Aşıq Ulduz Quliyeva Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub
Featured

Aşıq Ulduz Quliyeva Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

20.06.2025

İyunun 19-da Mədəniyyət Nazirliyində çağdaş aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Ulduz Quliyeva (Aşıq Ulduz Sönməz) ilə görüş olub.

Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.

Qeyd olunub ki, Ulduz Quliyeva uğurlu yaradıcılıq yolu keçməklə yanaşı, yeni qadın aşıqlar nəslinin yetişdirilməsində də xüsusi xidmətlər göstərib. Bildirilib ki, ustad aşığın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.

Adil Kərimli Ulduz Quliyevanın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və diplomu sənətkara təqdim edib.

Ulduz Quliyeva yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və aşıq Ramin Qarayev də iştirak ediblər.

Sonda yubilyar sənətkarla xatirə şəkli çəkdirilib.

_1750400476.jpg

_1750400456.jpg

_1750400466.jpg

_1750400471.jpg

 “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb
Featured

“Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb

21.04.2025

Xalq şairi Zəlimxan Yaqubun məqalə, poema və şeirlərin toplandığı “Zəlimxan nə desə saz dilindədi...” adlı kitab işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, çap olunan kitab 2008-ci ildən 2016-cı ilədək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etmiş Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyinə həsr olunub.

Kitaba yazdığı “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair” adlı geniş “Ön söz”də Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun da qeyd etdiyi kimi, aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıq şairin yaradıcılığında mühüm yer tutur: “Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır”.

Kitabda şairin aşıq sənəti və ustad sənətkarlarla bağlı yazdığı məqalələr, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, eləcə də, bu sənətə və ustad sənətkarlara həsr etdiyi şeir və poemaları yer alıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab aşıq sənətinin tədqiqi və tədrisi ilə məşğul olan mütəxəssislər, aşıqlar, eləcə də bu sənətə maraq göstərən, ali və orta ixtisas məktəblərində müvafiq ixtisasa yiyələnən gənclər üçün də əhəmiyyətlidir.

Kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
Featured

“Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025

Son illərdə aşıq sənəti və ustad aşıqlarımızla bağlı bir sıra dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində daha bir kitab üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan bu kitab “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, ustad aşıq Altay Məmmədli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.

Onun sözlərinə görə, layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına və bu mühitdə yaradılmış dastanlara yönəldiləcək. Qərbi Azərbaycanda yaradılmış və aşıqların repertuarında zaman-zaman mühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq. Bu, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaradacaq, həm də aşıqlar, xüsusilə də gənc aşıqlara bu dastanlarla yaxından tanış olmaq imkanı qazandıracaq.

Bildirilib ki, kitaba əsasən Qərbi Azərbaycanla bağlı olan və zaman-zaman bu bölgənin aşıqlarının repertuarında yer tutmuş dastan və dastan-hekayətləri daxil ediləcək.

Kitabın sentyabr ayında geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

https://azertag.az/xeber/qerbi_azerbaycan_asiqlarin_dastan_repertuari_adli_kitab_hazirlanir-3670787

 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
Featured

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb

12.06.2025

Ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı adlı layihəni uğurla həyata keçirən Azərbaycan Aşıqlar Birliyi Agentliyin 2025-ci il üçün kiçik qrant müsabiqəsində də qalib olanlar sırasındadır. Bu il həyata keçirilməsi nəzərdə tutulan layihənin mövzusu yenə Qərbi Azərbaycanla bağlıdır. Üç ay ərzində yekunlaşdırılması nəzərdə tutulan layihənin icrasına başlanılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən məlumat verilib.

Bildirilib ki, ötənilki layihənin bir növ davamı olan hazırkı layihə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.

“Layihədə əsas diqqətin Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldilməsi nəzərdə tutulur. Bu tarixi torpaqlarımızda yaradılmış və aşıqların repertuarında zaman-zaman mühüm yer tutmuş dastanlar kitab halında nəşr olunaraq saz-söz ictimaiyyətinə çatdırılacaq ki, həm aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin nə qədər böyük rol oynadığı barədə daha geniş təsəvvür yaransın, həm də aşıqlar, xüsusilə də gənc aşıqlar bu dastanlarla yaxından tanış olmaq imkanı qazansınlar”,-deyə məlumatda bildirilir.

https://azertag.az/xeber/qerbi_azerbaycan_asiqlarinin_dastan_repertuari_adli_layiheye_baslanilib-3606267

"Arif Acaloğlu: Uzaq yolların adamı"
Featured

"Arif Acaloğlu: Uzaq yolların adamı"

10.04.2025

Görkəmli türkoloq-alimin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında görkəmli türkoloq-alim, filologiya elmlər doktoru, folklorşünas, antropoloq, türk xalqları mifologiyasının tanınmış araşdırmaçısı, tərcüməçi Arif Acaloğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Arif Acaloğlu ilə yaxın münasibətləri olan elm adamları, tarixçilər, filoloqlar və ictimai xadimlər iştirak ediblər. Azərbaycan Türk Ocaqları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış nasir, publisist və tərcüməçi Nəriman Əbdürrəhmanlının Arif Acaloğlunun məqalələri və dostlarının xatirələrindən ərsəyə gətirdiyi "Arif Acaloğlu: Uzaq yolların adamı" kitabının təqdimatı baş tutub.

 “Qanun” nəşriyyatında işıq üzü görmüş topluda Arif Acaloğlunun keçdiyi ömür yolu haqqında xatirələr, yaradıcılığına həsr edilmiş məqalələr və tədqiqatlarından nümunələr, müsahibə və dialoqları toplanılıb. Qeyd olunub ki, bu materialların nəşrdə bir araya gətirilməsi onun həyatı və yaradıcılığı haqqında təsəvvür yaratmaq məqsədi güdür. Kitabın məsləhətçiləri A.Acaloğlunun həyat yoldaşı Sevda Acaloğlu, övladları Turxan Acaloğlu və Türkan Acaloğlu, texnik redaktoru qardaşı Akif Acaloğludur. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk Ocaqları başqanı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, 1912-ci ildə İstanbulda, 1918-ci ildə Azərbaycanda yaradılan Türk Ocaqları hər zaman türk düşüncə sisteminə, milli şüurun oyanışı prosesinə, türk birliyinin vəhdəti ideyasına öz töhfəsini verib. A.Aşırlı bildirib ki, Türk Ocaqları ideyasının əsas qaynaqlarından bir neçəsi Rusiyadan Türkiyəyə köç edən böyük fikir insanları idi: 

"Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusuf Akçura kimi böyük şəxsiyyətlər Osmanlı dövlətinin çöküşünün qarşısını almaq üçün böyük mübarizə aparıblar. Bugün xatirəsini yad etmək üçün toplandığımız böyük türkoloq-alim Arif Acaloğlu da məhz böyük düşüncə insanlarının yolunu davam etdirib. XX əsrin sonlarında Azərbaycanda və ümumiyyətlə Türküstanda başlanan milli azadlıq hərəkatında onun iştirakını şərtlərindən vacib faktorlardan biri o idi ki, həmin insanlar öz fikirləri ilə yeni tarixi şəraitdə böyüklərin qoyduğu yolu təqib edirdilər. Nəriman Əbdürrəhmanlının ərsəyə gətirdiyi kitabda Arif Acaloğlunun məqalələrinin kiçik qismi çap olunub. Bu kitab işin başlanğıcıdır. Gələcəkdə böyük düşüncə insanın elmi fəaliyyəti, elmi irsi də tədqiq olunmalıdır. Arif Acaloğlu Borçalı türkü idi. Örnək Acaloğlular nəslinin nümayəndəsi idi. Bu nəslin nümayəndəsi olan Emin ağa Borçalının adını çəkmək kifayət edir ki, Arif Acaloğlunun hansı kökdən, soydan qidalandığı aydın olsun". 

A.Aşırlı qeyd edib ki, Arif Acaloğlunun 1988-ci ildən sonra Cümhuriyyət ideyasını Azərbaycan toplumunda ön plana çəkməsi, proseslərdə iştirakı onun Cümhuriyyətçi ideyalara bağlılığından doğurdu. 

Kitabın müəllifi, tanınmış yazar, tərcüməçi Nəriman Əbdürrəhmanlı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Yazıçı kitabın ərsəyə gəlməsində dəstəyinə görə, A.Acaloğlunun həyat yoldaşı Sevda xanıma da minnətdarlığını ifadə edib: "Sevda xanım, kitabın nəşrinin ağırlığını öz üzərinə götürdü. Həmçinin, oğlu Turxan Acaloğluna təşəkkür edirəm ki, hər zaman atasının mirasına böyük qayğı ilə yanaşır. O da atasının yolunu davam etdirir, türk xalqlarının mifologiyasını öyrənir. Arif Acaloğlunun qardaşı Akif Acaloğlu da sağolsun ki, kitabın ərsəyə gəlməsinə yardımçı oldu. Arif Acaloğlunun taleyi kimi doğum günü də çox kosmopolitdir. Əslində martın 27-də anadan olub, sənəddə iyulun 21 yazılıb, başqa sənədlərdə isə aprelin 10-dur. Yəni dünyaya gəlmə tarixi də onun ruhuna, xarakterinə uyğundur. Arif Acaloğlunun fəaliyyəti barədə bir neçə kitab da hazırlıq mərhələsindədir, çapa hazırlanır. Amma hesab edirəm ki, bunlar hələ görülən işlərin yarısıdır. Əsərlərin Türkiyə türkcəsinə çevrilməsinə də ehtiyac var, çünki bu əsərlər bütün türk dünyası üçün faydalıdır. Bu, türk düşüncəsinə, mifologiyasına, türkologiyanın öyrənilməsinə böyük töhfə olardı". 

Filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, folklorşünas Məhərrəm Qasımlı Arif Acaloğlu ilə bir yerdə böyüdüklərini deyib. Alim bildirib ki, onunla uzun illər birlikdə təhsil alıb, müzakirələr aparıb: "Arifi belə tez itirəcəyimi təsəvvür etməzdim. Heç inanmazdım ki, günün birində qəfildən qeyb olar. Düşünürəm ki, günün birində Bakıda, Ankarada, İstanbulda qarşılaşacağıq. Arif mif dünyasının adamıydı. Arif mənim tələbə yoldaşımdır. Üç Arif var idi. Arif Rəhimoğlu, Arif Əmrahoğlu, Arif Acaloğlu. Onlar təkcə tələbə yoldaşlarım yox, həm də müəllimlərim idilər. Arif Acaloğlu folklorumuzun, türkologiyanın, etnoqrafiyanın dərin bilicisi idi. Arif təkcə Azərbaycan yox, bütün türk dünyası səviyyəsində, Turan miqyasında unikal bir adam idi. Onun əsərləri, danışığı, təhlilləri sıradan alimlər kimi deyildi. Mücadiləçi bir alim, Turanın elm adamı idi. 20-25 yaşlarında da, 40-50 yaşlarında da eyni düşüncədə olub. Dayısı Abbas Abdulladan dərs almışdı. Onu da ehtiramla yad edirik. Milli düşüncəni, tarixi yaddaşı bizlərə mənimsədən adamlardan biri Abbas Abdulla idi və Arifi də o yetişdirmişdi. Arif Acaloğlu milli-mənəvi gücünün sadəcə 15-20 faizindən istifadə etdi. Ondan artığını reallaşdırmaq qisməti olmadı. O adamın içində böyük enerji var idi. Yeriyən bir akademiya, universitet idi. Çox nəhəng bir adamı itirdik. Yoxluğu çox hiss olunacaq". 

 

Tarixçi-alim Cəmil Həsənli deyib ki, Arifin böyüklüyü həm də ondadır ki, ölümündən sonra əsərləri çap olunur: "Arif Acaloğlu xoşbəxt taleli alimlərdən idi. Çoxdan tanıyırdım Arif bəyi. Həm Bakıda olanda, həm Türkiyədə yaşadığı vaxtlarda əlaqəmiz var idi. İstanbulda uzun-uzadı söhbətlərimiz olurdu. Əminlikə deyim ki, Arif Acaloğlunun qeyri-rəsmi söhbətlərdə irəli sürdüyü elmi müddəalar , fikirlər, mülahizələr gələcək tədqiqatların subyekti olmalıydı. Arif Acaloğlu mifoloji təfəkkürdə yeni bir yol açdı. Onda ümumiləşdirmək imkanları o qədər böyük idi ki, o, türk mifologiyasına lokal, məhdud ərazidən deyil, böyük bir coğrafiyadan yanaşmağı bacarırdı. Arif Acaloğlunun "Kitabi Dədə Qorqud"la bağlı yazdıqları yazılanların təkrarı deyildi, tamamilə yeni baxış bucağı ortaya qoyurdu. Onun Orta Asiya, Sibir, Qafqaz, Türkiyə türkləri ilə bağlı, mifoloji dəyərləri ilə bağlı apardığı tədqiqatlar onun dünyagörüşünün genişliyindən, miqyasından xəbər verirdi. Xoşgörülü, xeyirxah bir adam idi. Öz elmi türk xalqlarına xidmət edən bir ziyalı idi. Təəssüf ki, onu çox tez itirdik". 

Folklorşünas-alim, publisist Əli Şamil bildirib ki, Arif Acaloğlu ilə cəmi bir il birlikdə təhsil alıb: "Yaşda ondan böyük olduğuma görə, biz 5-ci kursda oxuyanda, Arif bəy 1-ci kursda təhsil alırdı. Bizi yaxınlaşdıran aşıq yaradıcılığı oldu. O Borçalıdan, mən Göyçədən olduğumuza görə yaxınlaşmışdıq. Sonra zaman və hadisələr dəyişdi. Arif mifologiyaya yönəldi. Arif bəyin başqa bir xətti də var idi. O, bizim milli azadlıq hərəkatının qurucularından biri oldu. Xalq hərəkatının tarixini yazdıqda bəlkə də Arifin adına rast gəlməyəcəksiz. Çünki onun xalq hərəkatında fəaliyyəti barəsində çox az danışılıb, yazılıb. Arif 1988-ci ildə, Meydan hərəkatı başlayandan əvvəl də gizli təşkilatlarda var idi. Həmin dövrdə milli azadlıq hərəkatına gələnlərin böyük qismi əsasən Güney Azərbaycan problemindən gəlmişdi. Əhval-ruhiyyə o idi. Amma Arif Acaloğlu həmin dövrdə türkçülük məsələsini önə sürən adam idi. Türk dünyasında müxalif fikirli adamlarla görüşərdi, onların arasında körpü yaradardı. 

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli deyib ki, Arif Acaloğlu kimi böyük bir alimə sadəcə qısa bir çıxışla qiymət vermək, onun bütün yaradıcılığını dəyərləndirmək çox çətindir: "Arif Acaloğlu haqqında düşünəndə hər zaman XX əsrinə əvvəllərini xatırlayıram. O zaman türkçülük yenicə ideya kimi ortaya çıxırdı. Türkiyədə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusuf Akçura kimi türkçülər orada türkçülüyün gələcək məhək daşını formalaşdırırdılar. Bu, öz əhəmiyyətini göstərdi və türk respublikaları öz müstəqilliklərini qazandılar. Ancaq bolşeviklərin gəlişindən sonra sovet ittifaqı türkçülüyü demək olar ki, unutdu. Bir də 1980-ci illərin ortalarından ideya kimi səslənməyə başlandı. Azərbaycandakı gənc türklər ortaya çıxdı ki, onlardan biri də Arif Acaloğlu idi. Təsəvvür edin, 1980-ci illərdə professor Mirəli Seyidov kimi mifoloq və onun yetirməsi Arif Acaloğlu ortaya çıxdı. Mifologiyaya münasibət xalqların öz keçmişinə münasibətini formalaşdırdı. Azərbaycan xalqı da öz mifoloji düşüncəsini formalaşdırdı. 1988-ci ildə Arif Acaloğlu "Azərbaycan mifologiyası antologiyası" adlı kitab çap etdi. Bu kitab sonrakı bütün mifoloqların stolüstü kitabı oldu".

Professor bildirib ki, A.Acaloğlu haqqında danışarkən üç məsələyə diqqət yetirmək lazımdır: "Birincisi, onun insanlığı, ikincisi elmi fəaliyyəti, üçüncüsü vətəndaşlığıdır. Çox az adamlarda bu üç prinsip bir-birini tamamlayır".

Yazıçı, publisist Əlabbas Bağırov qeyd edib ki, o, Arif Acaoğlunu 1973-cü ildən tanıyır: "Beş il birlikdə oxumuşuq. Tələbə dostlarımızın hamısı ona "Acal" deyə müraciət edərdi. Səbəbi o idi ki, bizimlə təhsil alan başqa Arif (Arif Əmrahoğlu -red) var idi, onları fərqləndirmək üçün elə deyirdik". Ə.Bağırov vurğulayıb ki, onun universitetdə qalmasında və doğru istiqamətdə təhsil almasında Arif Acaloğlunun böyük rolu olub: "Arifin ömrü mənim üçün dumanlar içində keçib". 

Tanınmış şair İbrahim İlyaslı bildirib ki, Arif Acaloğlunun İncə dərəsinə özəl münasibəti var idi: "Məmməd İlqarın ona yazdığı şeri vardı. Ağamalı Sadiq və Akif Səmədlə dostluq edirdi. Yaşca onlardan kiçik olsam da, onların çevrəsi çox marağımı çəkirdi. Məmməd İlqarın evində təşkil olunmuş sazlı-sözlü məclisdə bir araya gəldik, daha yaxından tanış olduq".

QHT sədri Qorxmaz İbrahimli deyib ki, Arif Acaloğlunun yoxluğu hamını çox sarsdı: "Arif bəylə ölümündən bir neçə gün qabaq danışmışdıq. Turanla bağlı çox böyük planlarımız var idi. Təəssüf ki, ani bir qəza ilə itirdik. Onun kimi insanların itkisi çox ağır olur. Yüz yaşında da dünyasını dəyişsəydi, yenə bizim üçün böyük itki olacaqdı". 

Folklorşünas Əfzələddin Əsgər 1982-ci ildə aspiranturaya daxil olandan Arif Acaloğlunu tanıdığını deyib: "Ondan sonra dostluğumuz, münasibətlərimiz başlayıb. Arif haqqında deyilənlər haqdır və azdır. O, türk dünyasında kifayət qədər tanınırdı. Yakutiyadan Türkiyəyə qədər hər kəs tanıyırdı".  

 Dövlət xadimi Siyavuş Mustafa bildirib ki, Arif Acaloğlu bir döyüşçü idi, akademik səviyyədə hərbçi idi: "Arif bəy çox sərbəst adam idi. Çox səmimi münasibətləri var idi və əsl türk idi. Türk oğlu türk idi. Bir çox sahədə bilgiləri vardı. Aramızdan getməsi bizi çox məyus etdi". 

 

Siyasi-ictimai xadim Rüfət Muradlı vurğulayıb ki, Arif Acaloğlu haqqında danışmaq bir borcdur: "Müasir dönəmdə elə şəxsiyyətlər var ki, onlar haqqında xatirələri danışmaq həm də vəfa borcudur. Arif bəyi çox erkən itirdik. Onun elmi, ictimai fəaliyyəti yarımçıq qaldı". 

Tədbirdə, ədəbiyyatşünas alim Nikpur Cabbarlı, şair İlqar İlkin, “Soydaş” İctimai Birlyinin sədri Kamran Ramazanlı, yazar Həmid Ormanlı və digərləri də çıxış edərək Arif Acaloğlu barədə öz fikirlərini, xatirələrini paylaşıblar. 

Sonda A.Acaloğlunun qardaş Akif Acaloğlu çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. /Soydas.az/

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

09.07.2025

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2025-ci ildə ilk buraxılışı işıq üzü görüb. Oxucular toplunun bu sayında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Ay işığının şairi” (şair Məstan Günərə həsr olunub), Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Ömrü, həyatı nağıl, dastan, ünvanı saz olan şair” 

(Xalq şairi Zəlimxan Yaquba həsr olunub), professor Yədulla Ağazadənin  “Türk-Azərbaycan dünyasının əzəli-əbədi mənəvi bütövlüyünün elmi həqiqətləri”, Fəzail Vəli İmranoğlunun Aşıq Ələsgər yaradıcılığında Azərbaycan qonaqpərvərliyi”, Rafael   Əliyevin “Osman Sarıvəlli və ozan-aşıq yaradıcılığı”, Həzi Həsənlinin tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin xatirəsinə həsr etdiyi  “Saz üstündə köklənmişəm...”,  Türkiyəli alim Eyup Akmanın  “Duası kabul olan aşik: Azerbaycanlı Dede Şemşir ve yayımlanmamış şiirleri”, professor İradə  Köçərlinin  “Azərbaycan milli xalq rəqslərinin qorunması və bərpası məsələləri”, Bilal Alarlı Hüseynovun  “Yardımlı aşıqları” və “Azərbaycan dastanlarının yeni nəşri”, Leyla İsayevanın  “Biz nəsillərə ünvanlanmış kilim-məktublar”, Məti Osmanoğlunun “Gilənar havası üstündə düşündüklərim” (Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın 70 illik yubileyinə həsr olunub), Şərif Ağayarın “Belə sevinən görməmişəm” (aşıq Cabbar Cabbarovun 75 illik yubileyinə həsr olunub), Mənsurə İsmayılovanın “Aşıq dastanları: Milli-mənəvi dəyərlər toplusu”, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlinin “Vətən oldu andın, Kərəm” (aşıq Kərəm İncəlinin 80 illik yubileyinə həsr olunub) və digər elmi və elmi-publisistik məqalələri, eləcə də  Azərbaycan Aşıqlar Bbirliyinin 2025-ci ilin birinci yarısında həyata keçirdiyi tədbirlər və yeni nəşrlərlə bağlı xəbər xronikası ilə tanış ola bilərlər.  

 Azərbaycan Aşıqlar Birliyində yeni layihənin icrasına hazırlıq işləri görülür
Featured

Azərbaycan Aşıqlar Birliyində yeni layihənin icrasına hazırlıq işləri görülür

06.05.2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan Azərbaycan Aşıqlar Birliyində “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı yeni layihənin icrasına hazırlıq işləri görülür.

Birlikdən AZƏRTAC-a bildirilib ki, layihədə əsas diqqət Qərbi Azərbaycan aşıqlarının dastan repertuarına, Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəldiləcək.

Ötən il uğurla həyata keçirilmiş “Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihənin bir növ davamı kimi nəzərdə tutulan bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm rol oynamasına diqqət yönəltmək, öz dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir.

https://azertag.az/xeber/azerbaycan_asiqlar_birliyinde_yeni_layihenin_icrasina_hazirliq_isleri_gorulur-3541347

“Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb
Featured

“Aşıq dastanları”nın 3-cü cildi işıq üzü görüb

01.04.2025

Azərbaycan Aşıqlar Birliyində (AAB) nəşrə hazırlanan “Aşıq dastanları” çoxcildliyinin 3-cü cildi işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

O bildirib ki, bu cild də Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi olan “Saz-söz məclisi” (əvvəllər “Saz-söz axşamı”) verilişində 2022-2024-cü illər arasında canlandırılan dastanların seçmə örnəkləri əsasında hazırlanıb. Ustad aşıqların və yeni nəsil ifaçıların repertuarından videoyazıya alınan dastanları və dastan-rəvayətləri çevrələyən bu cild özündən əvvəlki cildlər kimi, kənar müdaxilələrdən uzaq olmaqla yanaşı, dastançıların təhkiyə tərzini, eləcə də dil-üslub özəlliklərini qoruyan epik mətnlərdir.

AAB-nin sədri, Əməkdar elm xadimi professor Məhərrəm Qasımlının kitaba yazdığı “Ön söz”də vurğuladığı kimi, bu üçcildliyin indiyə qədərki dastan nəşrlərindən çoxsaylı üstünlükləri və fərqləri vardır. Təhkiyə və oxu-çalğı tərzinin orijinala sədaqəti, mətnin elmi qaydada pasportlaşdırılması, izaha ehtiyacı olan fakt, hadisə və məfhumların açıqlamalı təqdimatı çox mühüm göstəricilərdir. Gərgin zəhmətin bəhrəsi olan bu keyfiyyətlər zaman-zaman bir çox yeni elmi araşdırmaların aparılmasına yol açacaqdır.

“Aşıq dastanları” üçcildliyi gələcək dastan nəşrlərinin ortaya çıxması üçün sanballı bir töhfə olmaqla yanaşı, yeni nəsil aşıqlar, folklorçular, aşıqşünas və musiqişünaslar üçün faydalı qaynaqdır.

Əvvəlki cildlərdə olduğu kimi, bu cildin də elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru dosent Altay Məmmədli, redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Aynur Xəlilovadır.

/https://azertag.az/xeber/asiq_dastanlarinin_3_cu_cildi_isiq_uzu_gorub-3480659/

3 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ