AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI  HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI HÜSEYN ARİFƏ HƏSR OLUNACAQ

20.02.2024

Bu il Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin qurucusu və ilk sədri Hüseyn Arifin anadan olmasının 100 illik yubileyi tamam olur. Görkəmli söz ustadının yubileyinin layiqincə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq yubiley tədbirlərinə start verilib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti buraxılışı btünlüklə Hüseyn Arifə həsr olunacaq. Xalq şairinin həyat və yaradıcılığına ayna tutacaq verilişdə aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Əfsanə Kərimli, Şahin Süleymanov, Azər Əkbərov, Nemət Əliyev, Sehran Əbülfəzqızı, Ruslan İbrahimoğlu, Mehdi İncəli və Əlizamin Kəlbəcərli “Mina gəraylı”, “Hüseyni”, “Aran gözəlləməsi”, “Kərəm gözəlləməsi”, “İncəgülü”, “Ağır şərili”, ”Cəlili”, “Ovşarı” və digər aşıq havaları üstündə Hüseyn Arifin şeirlərini ifa edəcəklər. 

Featured

DASTANLARA YENİ NƏFƏS VERİLIR

23.01.2024

Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verilib. Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.

İki cilddə çap olunması nəzərdə tutulan antologiyada hazırda da aşıqlarımızın repertuarında mühüm yer tutan dastanlara yer veriləcək. Belə ki, günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nasğıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından lentə alınmış “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tututulur.

Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

 

ŞAİR SƏFƏRİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

ŞAİR SƏFƏRİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

30.11.2023

Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin və Gəncə-Daşkəsən regional mədəniyyət mərkəzi Goranboy rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə tanınmış el sənətkarı Şair Səfərin – Səfər Həsənovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanlıyam, Azər səsiyəm...” adli ədəbi-bədii gecə keçirilib. Tədbirdə respublikanın ədəbi mühitini təmsil edən tanınmış simalar, aşıqlar, həmçinin mərhum şairi yaxından tanımış şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə gecənin aparıcısı Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin sədr müavini Elnur Baxış açıb. Qeyd olunub ki, Şair Səfər daim öz yaradıcılıq ənənəsinə sadiq qalan sənətkar olub.

Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının təbrik məktubu oxunub. Çernobl əlilələr cəmiyyətinin sədri Namiq Məmmədov çıxış edərək Şair Səfər haqqında xatirələrini söyləyib, onun şeirlərindən nümunələlər səsləndirib.

 Rəngarəng musiqi nümunələri ilə müşayiət olunan gecədə Gəncə Dövlət filarmoniyasının solisti, xanəndə Məzahir Əliyev, Xanqərvənd musiqi məktəbinin müəllimi, el sənətkarı xanəndə Hafiz Həsənov, xanəndə Məhərrəm Məhərrəmov, Qızılhacılı uşaq musiqi məktəbinin şagirdi, gənc xanəndə, respublika muğam müsabiqəsinin qalibi Tunar Salahov, el sənətkarı Qurban Yusifoğlu (Təcnis Qurban), el ağsaqqalı Adil Abbasov, xanəndə-pedaqoq, Qızılhacılı uşaq musiqi məktəbinin müəllimi İlqar Qasımov, Eyvazalılar tam orta məktəbinin direktoru Göyüş Nağıyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin sədri Aşıq Elburus, aşıqlardan Şöhrət Kəlbəcərli, Əhliman Kəlbəcərli, Rasim Gədəbəyli və digərləri çıxış ediblər.

IMG 20231130 WA0014

IMG 20231130 WA0015

 

 

 

Ustad Aşıq Mikayıl Azaflının yeni kitabı nəşrə hazırlanır
Featured

Ustad Aşıq Mikayıl Azaflının yeni kitabı nəşrə hazırlanır

19.02.2024

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Həyata keçiriləcək tədbirlər planı çərçivəsində aşığın şeirlərindən ibarət kitabın nəşr olunmasının nəzərdə tutulduğunu bildirən M.Nəbioğlu deyib: “Saz-söz ictimaiyyətinə “100 illiyə 100 şeir ərməğanı” kimi təqdim olunacaq kitabda Mikayıl Azaflının yaradıcılığından seçmə şeirlər – əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olan poeziya nümunələri yer alacaq. Hər şeirin sonunda həmin poetik nümunəni müşayiət edə biləcək saz havalarının, o cümlədən də ustadın özünün bəstələdiyi havaların verilməsinin isə sənətsevərlər, xüsusilə də gənc aşıqlar üçün böyük əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Kitab üzərində iş, demək olar ki, tamamlanmaq üzrədir və yaxın günlərdə nəşriyyata təqdim olunacaq”.

Kitabın elmi məsləhətçisi və redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar isə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Musa Nəbioğlu, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

https://azertag.az/xeber/ustad_asiq_mikayil_azaflinin_yeni_kitabi_nesre_hazirlanir-2928023

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

08.01.2024

Ötən ilin son günlərində Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun  yeni sayı – 2023-cü ildəki ikinci buraxılışı işıq üzü görüb. Toplu Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibəti ilə Mədəniyyət nazirliyinin təbrik məktubu və yubilyarla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun  “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri  ilə açılır.  

Toplunun bu sayında həmçinin professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun  “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın  “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin,  Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın  ““Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin  “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri  yer alıb.

Oxucular eyni zamanda toplunun bu buraxılışında Azərbaycan Aşıqalr Birliyinin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər və görüşlər barədə xəbərlərlə tanış olacaq, ozan-aşıq sənəti ilə bağlı yeni nəşrlər haqqında nməlumat əldə edə biləcəklər. Həmişə olduğu kimi, toplunun bu sayında da dastanlarımıza yer ayrılıb, bu dəfə  “Qurbani” dastanı təqdim olunub.    

Featured

GƏNC AŞIQLARLA BAĞLI YENİ LAYİHƏ

28.11.2023

Son illərdə bir-birindən maraqlı layihələr həyata keçirən Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Gənc aşıqlarla bağlı olan bu layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yeniyetmə və gənclər arasında aşıq sənətinə marağı gücləndirmək və dəstək olmaqdır. Bu məqsədlə aşıq sənətinin daha güclü inkişaf etdiyi ayrı-ayrı bölgələrdən olan gənc aşıqlarla ayrıca iş aparılır, ustad aşıqların onlarla görüşləri təşkil olunur, sənətin incəliklərini daha dərindən mənimsəmələrinə yardım göstərilir. Bu gənclərin arasından gələcəyinə daha çox ümid bəslənilənlərə isə xüsusi diqqət yetirilir, onların televiziya verilişlərində çıxış etmələrinə şərait yaradılır.

Artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Qərbi Azərbaycan, Qazax və Gədəbəydən olan gənc aşıqların ifaları Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictiamiyyətə çatdırılıb. Qarşıdakı həftələrdə isə Borçalı, Şirvan, Kəlbəcər, Laçın və digər bölgələrin gənc aşıqları ilə bağlı belə verilişlərin hazırlanması nəzərdə tutulur.

TƏBRİZLİ AŞIQLAR AAB-DƏ
Featured

TƏBRİZLİ AŞIQLAR AAB-DƏ

12.02.2024

Bu günlərdə Təbrizdən gəlmiş bir qrup aşıq Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Son illərdə dünyanı ağuşuna almış pandemiya səbəbindən Azərbaycana gələ bilməyən cənublu aşıq qardaşlarımızın bu gəlişi əsl saz-söz bayramına çevrilib. Qonaqları salamlayan Azərbayacan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Cənubi Azərbaycandakı aşıqlarla AAB-nin daim sıx əlaqə saxladığını diqqətə çatdırıb, bu əlaqələrin yenidən əvvəlki qaydada davam edəcəyinə inamını ifadə edib.

Təbrizli qonaqlar – aşıqlar Əli İbadi, Əmir Məhəmmədi və Şahbaz Süleymani, balaban və nağara ustaları Əkbər Sərbazi və Bəhmən Mühiti səmimi qəbul və aşıq sənətinin bu günü və gələcəyi ilə bağlı dəyərli fikir mübadiləsinə görə minnətdarlıqlarını bildiriblər, o taylı-bu taylı ustad aşıqların sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Görüşdə Azərbaycan Aşıqlar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu iştirak edib.

WhatsApp Image 2024-02-12 at 12.20.371.jpeg

WhatsApp Image 2024-02-12 at 12.20.381.jpeg

 

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARI” ADLI  ŞEİR ANTOLOGİYASI NƏŞR OLUNUB
Featured

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARI” ADLI ŞEİR ANTOLOGİYASI NƏŞR OLUNUB

18.12.2023

Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə uğurla başa çatdırılıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanıb.

Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələrin yer aldığı “Qərbi Azərbycan aşıqları” adlı toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaqdır.

Antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzübəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılıb.

Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, layihənin koordinatoru Nigar Helmi Abbasbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanlar isə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

QAZAXISTANLI ALİM, PROFESSOR AMANTAY ŞƏRİFLƏ  AAB-də GÖRÜŞ OLUB
Featured

QAZAXISTANLI ALİM, PROFESSOR AMANTAY ŞƏRİFLƏ AAB-də GÖRÜŞ OLUB

23.11.2023

Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şəriflə Azərbaycan Aşıqlar Birliyində görüş olub. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə olan səmimi görüşdə əsasən Türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan söhbət açılıb. Ayrı-ayrı türk xalqlarında müxtəlif cür adlansa da (aşıq, baxşı, akın, jırav və s.) bu sənətin, əslində, eyni kökə bağlılığı vurğulanıb, həm tədqiqatçıların, həm də sənətkarların yaradıcılıq əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqət önünə gətirilib.

Qazaxıstanlı qonaq, aşıqlardan Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və Şahniyar Mikayıloğlunun ifasında müxtəlif aşıq havalarını dinləyib, eyni zamanda həmin ifaları lentin yaddaşına köçürüb. Professor Məhərrəm Qasımlı qonağa Azərbaycan aşıq sənətinin özünəmxsus özəllikləri, Azərbaycan Aşıqlar Birliyinin yaranması tarixi və fəaliyyət istiqamətləri haqında geniş məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə AMEA-nın professoru Nizami Tağısoy və AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da iştirak edib.

Sonda hörmətli qonağa AAB-nin nəşri olan qiymətli kitablar və ustad aşıqlarından ifalarından ibarət video və audiodisklər hədiyyə olunub. Xatirə şəkli çəkdirilib.

97b7dd75 75c3 4336 a551 6be70b6a370b

IMG 20231123 154804

 

 

Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MİKAYIL AZAFLIYA HƏSR OLUNACAQ

05.02.2024

Bu il böyük saz-söz ustadı Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi tamam olur. Ustadın yubileyinin geniş şəkildə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Artıq yubiley tədbirlərinə strat verilib. Azərbaycan Aşıqalr Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə Mikayıl Azaflıya həsr olunacaq. Yaxın günlərdə efirə gedəcək verilişdə çıxış edən aşıqlar – Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Nizami Cəlaloğlu, Roman Azaflı, Şahniyar Əliyev, Elməddin Məmmədli, Əli Pənahoğlu, Vüqar Şəmkirli, İlham Məmmədli, Ruslan İbrahimoğlu və “Çeşmə” folklor qrupunun üzvləri ustad sənətkarın sözlərini və bəstələdiyi aşıq havalarını ifa edəcəklər.

USTAD AŞIQ AAB-NİN QONAĞI OLUB
Featured

USTAD AŞIQ AAB-NİN QONAĞI OLUB

30.11.2023

2023-cü il noyabrın 30-da Şirvan aşıq mühitinin tanınmış nümayəndəsi, ustad aşıq Cavid Əmiraslanov Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.

Qonağı qəbul edən Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarı anadan olmasının 85 illik yubileyi münasibəti ilə təbrik edib, ona aşıq sənətinin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Bu il Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşrə hazırlanaraq çap olunmuş “Könüllər oxşayar sözü aşığın” adlı kitabı ustada təqdim olunub, ona yeni yaradıcılıq uğurları arzulanıb.

Aşıq sənətinin dünəni, bu günü və sabahı ilə bağlı maraqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda ustad sənətkarla xatirə şəkli çəkdirilib.

Görüşdə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da iştirak edib.

IMG 20231130 WA0022

IMG 20231130 WA0023

 IMG 20231130 WA0024

 

 

USTAD SƏNƏTKAR HÜSEYN BOZALQANLININ  160 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

USTAD SƏNƏTKAR HÜSEYN BOZALQANLININ 160 İLLİK YUBİLEYİ QEYD OLUNUB

15.11.2023

2023-cü il noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub, mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Kiçik yaşlarından saza-sözə bağlanıb, 12 yaşından həm də şeir yazmağa başlayıb. Azərbaycan aşıqlarının I və II Qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbatycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Məşhur aşıqlar – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və digərləri onun şəyirdi olublar. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır. Hüseyn Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib.

83bbf59e-8bc8-46eb-b2e7-d1f48c6a8249.jpgSonra aşıqlar müxtəlif saz havaları üstündə Hüseyn Bozalqanlının şeirlərini ifa ediblər. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (“Mirzəcanı”), Nəbi Nağıyev və Nazim Quliyev (“Cəlili”), Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu (Şirvan müxəmməsi), Elbrus Hüseynov (“Təcnis”), Şahniyar Əliyev və Azər Ələkbərov (“Hüseyni”), Roman Azaflı (“Aran gözəlləməsi”), Elməddin Məmmədli (“Ovşarı”), Vüqar Qurbanov (“Yüngül şərili”), “İmran Göyçəli (“Qəhrəmanı”), Təşəkkül Laçınlı (“Gəraylı”), Elməddin Bayramlı  (“Orta sarıtel”), Şəhriyar Kərimov (“Dərvişi”), Gəncəli Babayev  (“İrəvan çuxuru”), Şahin Süleymanov (“Ağır şərili”), Nəcəf Uğurlu (“Naxçıvanı”)  və İmran Fikrətoğlunun (“Kərəm gözəlləməsi”) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əli Quliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

 

Mqasimli2023.jpg

ff9ae61e-b247-4573-8c5c-3dfa2f9f83ab.jpg

9 -dən səhifə 36

  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ