AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“O DAĞLARIN SAZ-SÖZ ƏTRİ”
Featured

“O DAĞLARIN SAZ-SÖZ ƏTRİ”

12.06.2023

Ustad aşıq Şahniyar Mikayıloğlunun şeirlər kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan “O dağların saz-söz ətri” adlı kitabda aşığın qoşma, gəraylı, müxəmməs və deyişmələri ilə yanaşı, “Aşıq Şahniyarın Ukrayna səfəri” və “Aşıq Şahniyarın yaylaq səfəri” adlı dastan-hekayətləri, “Həyatımın və gözümün önündən keçənlər” adlı qeydləri də yer alıb.

Oxucular həmçinin kitabda saz-söz adamlarının Şahniyar Mikayıloğluna həsr etdikləri məqalə və şeirlərlə də tanış ola bilərlər.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba “Saz nəfəsli misraların işığı” adlı ön söz yazıb.

Kitabınn redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Featured

ƏFSANƏVİ KEÇMİŞİMİZİ QÜRURLA GƏLƏCƏYƏ DAŞIYAN HEYRƏTAMİZ OĞUZNAMƏÇİ ŞAİR – AZƏR BUZOVNALI

24.05.2023

Azər Buzovnalının adını çox erkəndən eşitmişəm. Yadıma gəlir ki, 9-cu sinifdə Əliağa Vahidin kitabını mütaliə edəndə orada qarşıma bir misra çıxmışdı. Vahid özünə xitab edərək, deyirdi ki, filan müşkülü ustadımız Azər yenə varmı, ondan soruşaq? O zaman ustad Azərin kim olduğunu bilmək məqsədi ilə ədəbiyyat müəllimimə müraciət etdim.

Unudulmaz ədəbiyyat müəllimim Məmməd Mehralı oğlu mənə bu şəxsin Azər Buzovnalı olduğunu söylədi. O, bildirdi ki, Azər Buzovnalı ustad bir şair-qəzəlxan olubdur və Vahid də yəqin ki, ustadlığına, dərin ədəbi-tarixi biliyinə görə öz beytində Azər Buzovnalını böyük ehtiram və nisgillə xatırlamışdır. Mən daha sonra iyirmi yaşlarımda Universitetdə təhsil aldığım zaman Azər Buzovnalı və onun yaradıcılığı ilə maraqlandım, lakin çox az məlumat əldə edə bildim. Universitet illərində, yəni 70-ci illərdə təəssüf ki, onu yalnız bir qəzəl şairi kimi tanıya bilmişdik. Xeyli sonra sonra Elmlər Akademiyasında işlədiyim zamanlarda onun yaxın qohumu olan Rəhimağa müəllim ilə tanış oldum və o, bu sənətkar haqqında ətraflı danışdı və mənim Azər Buzovnalı yaradıcılığına, şəxsiyyətinə xüsusi maraq göstərdiyimi görüb, onun çap olunmayan xeyli əsərinin olduğunu söylədi. Rəhimağa İmaməliyev ensiklopediya idarəsində işləyirdi, əlinə imkan düşən kimi Azər Buzovnalının seçilmiş əsərlərini çevrələyən bir toplunu nəşr etməyə çalışacağını, mənə də həmin kitabdan bir nüsxə təqdim edəcəyini bildirdi. Bir müddət sonra (deyəsən 90-cı illərin əvvəllərində) mən həmin kitabı gördüm və orada əldə etdiyim bilgilərdən bir çox məsələləri öyrənə bildim. Azər Buzovnalı haqqında olan bu ilkin materiallar onu mənim gözümdə əfsanələşmiş bir şairə çevirdi. Sonrakı dönəmlərdə ən çox diqqətimi çəkən təkcə Vahidin onun haqqında söylədiyi sözlər yox, həm də bu böyük söz və fikir ustadının yaratdığı “Oğuznamələr” oldu. Bu məsnəvi təkçə böyük bir şairdən deyil, böyük bir fikir, əqidə, məslək mücahidinin yenilməz mücadiləsindən soraq gətirir.

“Oğuznamə” ənənəsi tarixən türk-oğuz dastançılığının, tarixi, salnaməçiliyin ana axarı, mərkəzi damarıdır. “Dədə Qorqud” boyları Oğuznamə ənənəsinin bir qoludur. “Oğuz Kağan” və bu sıradan olan xeyli sayda başqa oğuznamə qaynaqları da vardır.

Məlum olduğu kimi orta çağlarda Rəşidəddin, Əbülqazı Bahadırxan və başqa bilim adamları da bu yöndə çox dəyərli bilgilər daşıyıb bizə ötürmüşlər. Uzun qərinələrdən bəri bir çox sənətkarlar bu mövzuya müraciət etmişlər və onların sayəsində Oğuznamələr, Oğuz xaqanla bağlı bir çox dastan-rəvayətlər, kitablar ərsəyə gəlibdir. Azər Buzovnalının yüksək ustalıqla qələmə aldığı bu məsnəvidə həmin tarixi qaynaqların izi görünür. Əsərin ayrı-ayrı məqamlarında bəzi beytlərin mütaliəsi zamanı sanki Dədə Qorqudun dili və üslubu ilə qarşılaşırıq:

Xaqan üçün verərdilər canların,

Tökərdilər düşmənlərin qanların...

Əvvəlinci oğlu idi Qara xan,

Dəvasına cürət etməzdi arslan.

Orxan idi ikincinin də adı,

Mum edərdi dəva günü poladı.

Üçüncüsü, Gur xan – arslan gövdəli,

Sevərdi can kibi onu Türk eli.

Dördüncüsü, Göz xan – igitlər xanı,

Sanardı toy-düyün qanlı ğavğanı.

Dav gələrdi dördü dörd bin əsgərə,

Etsəydilər hücum əgər bir kərə.

Qılıncları qızıl qanlar aqdırar,

Qavqalarda ildırımlar çaqdırar...

Əlbəttə, bu mənbə və qaynaqların hər birini tarixi istinad mənbəyi kimi qiymətləndiririk. Ustadın onlardan bəhrələnə bilməsi mümkün ola bilən bir tarixi gerçəklikdir. Bununla belə, Azər Buzovnalının təqdimatındakı “Oğuznamə” əsəri öz tarixi missiyasına görə mənim diqqətimi heyrətləndirici səviyyədə özünə çəkə bildi. Çünki Azər Buzovnalı bu əsəri iyirminci yüzilliyin 20-ci illərində – Sovet hakimiyyətinin qurulduğu və siyasi-ideoloji baxımdan tüğyan etdiyi bir zamanda yazmışdır. Hər yanda leninizm, sosializm, bolşevizm ideoloji-siyasi təbliğatının getdiyi bir zamanda Azər Buzovnalı kökümüzə, tariximizə boylanır və “Oğuznamə” qələmə alır. Qeyd etməliyik ki, həmin dövrlərdə siyasi-ideoloji basqıdan, təqib və təzyiqlərdən qorxaraq böyük şairlərimizin heç birisi bu mövzuya toxunmayıb. Türklük, türkçülük, oğuz və oğuznamələr ən böyük təhlükə sayılaraq yasaqlandığı bir illərdə ən böyük şairlərin yaradıcılığını diqqətlə izləsək görərik ki, onlar Oğuz, Oğuznamələr, Oğuz xaqan kimi milli və tarixi mövzulardan ildırım sürətilə qaçıb uzaqlaşıblar. Qələm əhlinin böyük əksəriyyəti bu qəbildən olan mövzuları görməməzliyə qoyublar. Mən düşünürəm ki, ustad Azər Buzovnalı dərin elmi biliyi olan, dərin tarixi düşüncəsi olan bir ziyalı mücahid kimi Buzovna bağlarında öz ədəbi-tarixi missiyasını yerinə yetirmək qərarında olubdur. 1925-ci ildə çox çətin şəraitdə, hətta aclıq və səfalət içərisində o, öz kökünə, tarixi kimliyinə boylanaraq gələcəyin əsərini – Azər Buzovnalı “Oğuznamə”sini qələmə alır. Bu zaman içərisində hərdən də belə düşünürəm ki, onun Əmin Abidlə də müəyyən əlaqələri olubdur. Çünki Oğuznamə məsələsini həmin illərdə Azər Buzovnalı səviyyəsində dərindən ortaya qoyan bir mütəxəssis də Əmin Abid idi. Əmin Abid Türkiyədə oxumuşdu, İstanbulda yaxşı təhsil görmüşdü və oradan, xüsusən də nəhəng alim Fuad Köprülüdən əldə etdiyi bilikləri gəlib Bakıda Oğuznamələrin, o cümlədən Dədə Qorqud Oğuznamələrinin tədqiqatında ortaya qoymuşdu. Bu iki şəxsin köklü bakılı olması və əqidə baxımdan türkçülüyə-oğuz düşüncəsinə bağlılığı səbəbindən yəqin ki, bir-birilərinə müəyyən bilgilər ötürmüş və mənbələr təqdim etmişlər. Hadisələrin eyni dövrdə baş verməsi Əmin Abidin də 20-ci illərin ortalarında müxtəlif mətbuat orqanlarında Oğuznamələrə, Dədə Qorquda müraciəti və Azər Buzovnalının da bu poemanı, məsnəvini həmin illərdə qələmə alması – yəni 1925-ci ilin yayında Buzovna bağlarında başlayıb və yayın sonlarında bu məsnəvini başa çatdırması eyni dövrə təsadüf edir.

Bütün hallarda ustad Azər Buzovnalının “Oğuznamə” əsəri çox mükəmməl tarixi bilgi və məzmun içərisindədir. Münkündür ki, Azər Buzovnalının əsərində Rəşidəddinin “Oğuznamə”sindən gələn keyfiyyətlər daha çox hiss olunur, əlbəttə ki, burada bizim xəbərimiz olmayan qaynaqlar, bilmədiyimiz məsələlər də ola bilər. Amma bütün hallarda buradakı Oğuznamə, oğuzların tarixi-genetik şəcərəsi, salnaməsi çox ustalıqla və şərəflə, qürurla yazılıb ortaya qoyulmuşdur. Nuh peyğəmbərdən, dünya tufanından başlayan hadisələrin Yafəs, Qara xan, Oğuz xan və uzunmüddətli tarixi xronoloji ardıcıllığı nəhəng miqyas genişliyi ilə epik müstəvi boyu irəliyə – gələcəyə aparılır. Bütün bu dönəmin içərisində türk oğuz milli-mənəvi varlığının kimliyi, qohum-qardaş türk tayfaları, bu tayfaların tarix içərisindəki yerləri birmənalı şəkildə ustalıqla, həm elmi, həm də bədii səviyyədə ortaya çıxarılmasını təmin edə bilmişdir.

Onu da qeyd edim ki, Azər Buzovnalıdan əvvəl bir çox böyük məsnəvi yazanlar bu istiqamətin sözün əsil ustadları olmuşdur. İstər Nizami, istər digər böyük sənətkarlar olmuş olsun, amma belə bir məsnəvini – “Oğuznamə”ni Azər Buzovnalıdan başqa Azərbaycan türkcəsində, Azərbaycan ədəbiyyatı tarixində ortaya qoyan bir qələm sahibini mən görməmişəm. O mənada Azər Buzovnalının bu ədəbi-tarixi işi və onun içərisində yer alan türkçülük-oğuzçuluq düşüncəsi Azərbaycanda sovet ideologiyasının tüğyan etdiyi bir dönəmdə – iyirminci əsrin 20-ci illərində ərsəyə gəlməsi, yenə də qeyd edirəm ki, heyrətamiz bir məsələdir.

Mən indiyə qədər az da olsa bu işə diqqət ayıranların hamısına böyük qədirşünaslıqla razılıq edirəm. Amma Könül xanım Sabirqızına ayrıca təşəkkür etmək istəyirəm ki, aramızda olan bir söhbətdən sonra o mənim istəyimi gerçəkləşdirmək üçün qolunu çırmaladı, tez bir zamanda işə başlayaraq, əlyazmanı ilk varianta uyğun şəkildə bərpa edə bildi. İndi qarşınızda gördüyünüz bu dəyərli kitab həmin orijinal əlyazmanın əsasında hazırlanmış bir mətndir. Orada hətta yerli ləhcədən – Bakı, Abşeron-Buzovna danışıq tərzindən gələn cizgilər, əlamətlər, arxaizimlər də vardır. Onların hamısı qorunub saxlanılmışdır və Könül xanım çox böyük səriştə ilə onların sözlüyünü, elmi şərhlərini hazırlamışdır. Belə ki, bu aydınlaşdırmalar da oxuculara əsəri mənimsəmək, onun tarixi əhəmiyyətini dərk etmək imkanı verəcəkdir. Diqqət edin, Oğuzların və oğuznamələrin tarixi köklərinin haralardan gəlib haralara qədər uzanması, yəni Nuh tufanından Bozqurd düşüncəsinə qədər uzanıb gələn yoldakı mifoloji-xronoloji, yəni tarix içərisində Oğuz qövmünün Bozoklar, Üçoklar və digər tayfa-ulus qanadlarının necə yaranması, Ox və Yay məsələlərinin tarixi-əfsanəvi izahı böyük bir dastan-məsnəvinin – “Oğuznamə”nin yaranması üçün bədii-poetik təfəkkürə təkan vermək imkanındadır. Böyük söz və fikir ustadı Azər Buzovnalı bunu duymuş və mənalandırmağı bacarmışdır. Ustad özü də bir neçə yerdə yazdığının əfsanəyə bənzər bir tarix olduğunu söyləyir, amma onun qənaətinə görə bu, gerçəkliyə bağlı bir əfsanədir. Bizim qənaətimizə görə, türkün, oğuzun tarixi bütün hallarda əfsanələşmiş bir gerçəklikdir. O anlamda belə düşüncəni gerçəkləşdirən, öz qələminin tarixi missiyası kimi ortaya qoyan Azər Buzovnalının bu günkü müstəqil Azərbaycan dövlətinin milli-tarixi köklərə bağlı, strateji məqsədi də nəhəng söz ustadına diqqət və qayğımızı artırır.

Gözəl və həssas əlyazmaçı alim, fəlsəfə doktoru Könül Sabirqızına da ürəkdən minnətdarıq. Həqiqətən onun gözlərinin, ürəyinin işığı ilə bu əsər ərsəyə gəlmişdir. Çox şükürlər olsun ki, “Oğuznamə” adı altında Azərbaycan ədəbiyyatı tarixinə belə bir mükəmməl əsər daxil olur. Mən çox istəyərdim ki, bizim ədəbiyyat tariximizdə Azər Buzovnalının “Oğuznamə” əsəri xüsusi yer alsın və dəyərləndirilsin. Ümidvaram və inanıram ki, gec-tez bu əsər öz ədəbi-tarixi dəyərini alacaq. Ozan-qopuz və oğuz mədəniyyəti tariximizin öyrənilməsi baxımından bu əsərin misilsiz tarixi missiyası vardır. Onu daim diqqətdə saxlamalıyıq.

Nə yaxşı ki, Könül xanım kimi səriştəli və yüksək səviyyəli əlyazmaşünas mütəxəssis var, əsəri qiymətləndirə bilib. Bir insanın ki, ürəyində türk ruhunun, oğuz ruhunun yenilməz enerjisi olsun, onun yolları daim açıq olmuş olar. Qoy Azər Buzovnalının da nisgilli, nigaran ruhu bundan sonra şad olsun ki, onun “Oğuznamə” əsəri yenidən işıq üzü görür. Qoy sözə-sənətə yüksək dəyər verən Könül Sabir qızının qələmi, ürəyi var olsun. Həmişə elmimizə, mədəniyyətimizə bu cür dəyərli işlər təqdim eləsin.

Məhərrəm QASIMLI

Əməkdar elm xadimi, professor.

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MURAD NİYAZLIYA HƏSR OLUNACAQ
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MURAD NİYAZLIYA HƏSR OLUNACAQ

15.05.2023

Bu il XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olmuş ustad sənətkar Murad Niyazlının anadan olmasının 90 illik yubileyi tamam olur. Yaradıcı aşıq kimi yaddaşlarda yaşayan Murad Niyazlının şeirləri və havaları bu gün aşıqlarımızın repertuarını bəzəyir. Bu böyük sənətkarının yubileyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu silsilədən növbəti tədbir kimi “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütünlüklə Murad Niyazlıya həsr olunacaqdır. 2023-cü il may ayının 20-də efirə gedəcək verilişdə ustad aşığın şəyirdi Oqtay Şəmkirli ilə yanaşı aşıqlardan Vüqar Şəmkirli, Elməddin Məmmədli, Firəddin Mehdiyev, eləcə də Nərmin Salahovanın ifasında ustadın şeirləri və yaratdığı havalar tamaşaçılara  təqdim olunacaq.

Featured

USTAD SƏNƏTKARLARIN XATİRƏSİ YAD OLUNUR

07.06.2023

2023-cü il aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən, bənzərsiz ifa tərzləri ilə bu gün də yaddaşlarda yaşayan və hər biri sənətdə özünəməxsus iz qoyan ustad sənətkarlar Əkbər Cəfərov və Əlixan Niftalıyevin yubiley ilidir – Əkbər Cəfərovun anadan olmasının 90, Əlixan Niftalıyevin isə 80 illik yubileyi tamam olur. Ustad sənətkarlara daim böyük diqqət göstərən AAB bu iki böyük sənətkarı da yaddan çıxarmayıb. Hər iki sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu iki böyük saz-söz ustadına həsr olunması da elə bu diqqətin təzahürüdür. Yaxın günlərdə ötən əsrin 80-ci illərində Əkbər Cəfərov və Əlixan Niftalıyevin ifasında AZTV-də lentə alınmış “Novruz və Qəndab” dastanı professor M.Qasımlının elmi şərhləri ilə yenidən tamaşaçılara çatdırılcaqdır. Həmin verilişdə eyni zamanda ustad sənətkarların sənət yolunun davamçıları olan Nəbi Nağıyev, Nazim Quliyev, Altay Məmmədli, Şöhrət Kərimov və Bakir Ağayev də iştirak edəcəklər.

ARİF BUZOVNALININ “OĞUZNAMƏ” ƏSƏRİ NƏŞR OLUNUB
Featured

ARİF BUZOVNALININ “OĞUZNAMƏ” ƏSƏRİ NƏŞR OLUNUB

24.05.2023

Azərbaycan Aşıqlar Birliyinin xətti ilə nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Azər Buzovnalının “Oğuznamə” adlı bu kitabında müəllifin 1925-ci ildə geniş süjetli tarixi mövzuda qələmə aldığı soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranış və quruluş tarixindən bəhs edən böyük elmi-tarixi əhəmiyyətə malik “Oğuznamə” əsəri yer alıb. Əsər əlyazma halında olduğundan, o, ərəb əlifbasından transfoneliterasiya edilərək təqdim olunur. Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın ərəb əlifbasından transfonoliterasiya edərək nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Könül Sabir, məsləhətçisi, elmi redaktoru və ön sözün müəllifi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçisi filologiya elmləri doktoru Nailə Səmədovadır.

 

AAB SƏDRİ YUBİLYARI VƏ TÜRKİYƏLİ QONAQLARI QƏBUL EDİB
Featured

AAB SƏDRİ YUBİLYARI VƏ TÜRKİYƏLİ QONAQLARI QƏBUL EDİB

12.05.2023

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin Türkiyə üzrə koordinatoru,  ölkəmizdəki qadın aşıqlar arasında özünəməxsus yeri olan Sevil Xıdırovanın anadan olmasının 50 illik yubileyi tamam olub. Bu münasibətlə keçirilən tədbirdə xanım aşığın ölkəmizdəki sənət dostları ilə yanaşı Türkiyədən gəlmiş qonaqlar da iştirak edib.

Yubilyar Sevil Xıdırova və Türkiyəli qonaqlar – Sivas Fasıl Heyəti Aşıqlar və Xalq Oyunları Dərnəyinin başkanı Ahmet Ayık və dərnəyin idarə heyətinin üzvləri Gülser Vacid və Əbubəkir Güney Azərbaycan Aşıqlar Birliyini də ziyarət ediblər. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qonaqları salamlayaraq onlara Birliyin fəaliyyəti və son illərdə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib, Azərbaycan və Türkiyə aşıqlarının qarşılıqlı yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı o həmçinin AAB sədri professor M.Qasımlı və qonaqlar aşıq Sevil Xıdırovanın həm aşıq, həm də bu sənətin yeniyetmə və gənclərə öyrədilməsində yorulmaz fəaliyyəti olan bir sənətçi kimi xidmətlərini qeyd etməklə yanaşı, onun Azərbaycan və Türkiyə aşıqları arasında əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini də yüksək dəyərləndiriblər.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor M.Qasımlı Sevil Xıdırovanı 50 illik yubileyi münasibəti ilə Birliyin Fəxri diplomu ilə təltif edərək ona yaradıcılığında uğurlar arzulayıb, qonaqlara isə AAB-nin son illərdə nəşr etdirdiyi aşıq sənətinə dair çox qiymətli kitabları hədiyyə edib.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.

WhatsApp Image 2023 05 12 at 11.41.0q0

WhatsApp Image 2023-05-12 at 11.40.59.jpg

WhatsApp Image 2023-05-12 at 11.411.59.jpg

WhatsApp Image 2023-05-12 at 11.41.00.jpg

WhatsApp Image 2023-05-12 at 11.41.101.jpg

WhatsApp Image 2023-05-12 at 11.41.0222.jpg

WhatsApp Image 2023-05-12 at 11.411.03.jpg

WhatsApp Image 2023-05-12 at 11.2141.03.jpg

 

Featured

QƏRBİ AZƏRBAYCAN AŞIQLARINA DAİM DİQQƏT GÖSTƏRİLİR

07.06.2023

Son illərdə Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən Azərbaycan Aşıqlar Birliyi bütün aşıq mühitlərinə böyük diqqət göstərir, ayrı-ayrı mühitlər arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün lazımi tədbirlər görür. Aşıq sənətinin beşiklərindən olan Göyçə aşıq mühitinə, bütövlükdə Qərbi Azərbaycan aşıqlarına qayığı və diqqət isə təşkilatın fəaliyyətində ayrıca yer tutur.

Bu qədim Azərbaycan torpağında yaşayıb fəaliyyət göstərmiş yüzlərlə aşıq vardır ki, onların hər birinin sənətə xidmətləri elmi araşdırmalara cəlb olunaraq hər zaman təqdir olunur, geniş ictimaiyyətə çatdırılır. Daim diri və duru olan Göyçə aşıq mühitinin nümayəndələri – böyük sənətkarların davamçıları bu gün də var və onlar ustadlardan qalma sənət ənənəsini layiqincə yaşadırlar.

AAB-də hazırlanmış geniş tədbirlər planı əsasında Qərbi Azərbaycan aşıqları ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bu sıradan növbəti tədbir kimi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə Qərbi Azərbaycandan olan aşıqlara həsr olunacaq. Aşıqlardan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, Ələddin Göyçəli, Xanlar Xəlilov, İmran Göyçəli, Rəfiqə Göyçəli, İxtiyar Qocayev, Familə Göyçəli və Əfsanə Zəngəzurlunun ifasında əsasən Göyçə aşıq mühitinə xas olan havalar tamaşaçılara təqdim olunacaq.

MÜSABİQƏ QALİBLƏRİ MÜKAFATLANDIRILIB
Featured

MÜSABİQƏ QALİBLƏRİ MÜKAFATLANDIRILIB

24.05.2023

Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar-Göyçə filialının təşkilatçılığı ilə 2023-cü il fevral ayının 2-dən mart ayının 28-dək Gəncə şəhərində gənc ifaçılar arasında müsabiqə keçirilib. Müsabiqənin yekun nəticələrinə görə Vüqar Xəyyam oğlu Qurbanov, Firəddin Şəmşəddin oğlu Mehdiyev və Nəcəf Uğurlu oğlu Mamedov 1-ci, İbrahim Rövşən oğlu Hüseynov və İbadət Afiq oğlu Mehdiyev 2-ci, Fatimə Bəhlul qızı Məmmədova və İsgəndər Adəm oğlu Əzizov isə 3-cü yerə layiq görülüblər.

2023-cü il may ayının 24-də Azərbaycan Aşıqlar Birliyində qaliblərə mükafatlar təqdim olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı onlara diplom və pul mükafatını təqdim edib, Birliyin nəşri olan kitab və jurnal hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.

IMG 20230524 133545

IMG 20230524 133521

IMG 20230524 133456

IMG 20230524 133419

IMG 20230524 WA0005

 IMG 20230524 133344

 

 

Featured

GƏNCLƏRİN DASTAN İFAÇILIĞINA XÜSUSİ DİQQƏT YETİRİLİR

27.04.2023

Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində aşıqların dastan ifaçılığına böyük önəm verilir, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Gənc aşıqların repertuarında dastanların mühüm yer tutmasına isə xüsusi önəm verilir. Bu, bir tərəfdən dastan söyləmə ənənəsinin qorunub saxlanılması üçün vacibdirsə, digər tərəfdən də sənətə gələn gənclərin bir aşıq kimi püxtələşməlirində, sənətin incəliklərinə bələd olaraq kamil sənətkar kimi yetişmələrində mühüm əhəmiyyətə malikdir. Bu səbəbdəndir ki, AAB-nin gənc aşıqlarla bağlı növbəti layihəsi məhz onların dastan ifaçılığına həsr olunub. Yaxın günlərdə  gənc aşıqlardan Afil Bəxtiyar  və Amil Bəxtiyarın ifasında “Məsum və Diləfruz”, Elçinn Rəşidoğlu və Elçin Məmmədovun ifasında “Abdulla Cahan” dastanları, Nəcəf Məmmədov və İmralı Fikrətoğlunun ifasında isə “Abbas və Gülgəz” dastanından bir parça sənətsevərlərə təqdim olunacaq.

Featured

“BƏHMƏN VƏ HUMAY XANIM”

07.06.2023

Azərbaycan Aşıqlar Birliyində vaxtilə Qərbi Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş aşıqların həyat və yaradıcılıqlarının öyrənilməsinə, təbliğ olunmasına daim böyük diqqət yetirilir. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olmuş bu sənətkarların hər birinin yubileyləri qeyd olunur, onlarla bağlı toplular nəşr olunur, müxtəlif tədbirlər həyata keçirilir.

Bu silsilədən növbəti tədbir görkəmli sənətkar, ustad aşıq Bəhmən Göyçəliyə həsr olunub. Belə ki, ustadın yaratdığı “Bəhmən və Humay xanım” dastanı səhnələşdirilərək efir üçün hazırlanıb və yaxın günlərdə ustad aşıq Afiq Sönməz və Elnur İbrahimovun ifasında hər həftənin şənbə günü “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində tamaşaçılara təqdim olunacaq.

Xaqtırldaq ki, dastanda əsasən ustad aşıq Bəhmən Göyçəlinin Qarabağa səfəri, buradakı tanınmış sənətkarlarla görüşləri və s. yer alır.

“QƏRBİ AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Featured

“QƏRBİ AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

23.05.2023

2023-cü il may ayının 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qərbi Azərbaycanda aşıq sənəti” mövzusunda elmi-nəzəri disput keçirilib. Tədbiri giriş sözü ilə ADPU-nun prorektoru, professor Mahirə Hüseynova açaraq bu tədbirin keçirilməsinin vacibliyindən və mövzunun aktuallığından danışıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Qərbi Azərbaycan aşıq mühitləri – İrəvan, Göyçə və Çıldır-Ağbaba aşıq ocaqları haqqında tədbir iştirakçılarına elmi dəlillərə əsaslanan əhatəli bilgi verib, bu mühitlərin tanınmış ustad aşıqları olan Çıldırlı Aşıq Şenlik, Göyçəli Aşıq Alı və Aşıq Ələsgər, Dərələyəzli Aşıq Cəlil, Dərəçiçəkli Aşıq Alı və digərlərinin həyat və yaradıcılıqlarından söz açıb. Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının əhatəli məruzəsi də Qərbi Azərbaycanda aşıq sənətinin təşəkkül tarixi və bölgənin ustad aşıqlarına həsr olunub. ADPU-nun dosenti, folklorşünas alim Qüdrət Umudov öz çıxışında Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin rolundan danışıb.

Çıxışlardan sonra tədbir iştirakçıları onları maraqlandıran suallarla çıxışçılara müraciət ediblər. Sualları ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlı cavablandırıblar.

Sonda AAB sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyində son illərdə hazırlanıb ərsəyə gətirilmiş qiymətli nəşrləri – aşıq sənətinə dair müxtəlif kitabları tədbir iştirakçılarına hədiyyə edib.

WhatsApp Image 2023-05-23 at 16.03.49.jpg

WhatsApp Image 2023-05-23 at 16.03.50.jpg

WhatsApp Image 2023-05-23 at 16.03.51.jpg

WhatsApp Image 2023-05-23 at 16.03.52.jpg

WhatsApp Image 2023-05-23 at 16.03.53.jpg

WhatsApp Image 2023-05-23 at 16.qa03.53.jpg

WhatsApp Image 2023-05-23 at 16.03.54.jpg

WhatsApp Image 2023-05-23 at 16a.03.54.jpg

Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI ULU ÖNDƏRƏ HƏSR OLUNACAQ

06.04.2023

Bu il ölkəmizdə Heydər Əliyev ilidir və Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə respublikamızın hər yerində tədbirlər keçirilir. Bu dahi şəxsiyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Azərbaycan Aşıqlar Birliyində də geniş tədbirlər planı hazırlanıb. Bu silsilədən bir tədbir kimi, “Mədəniyyət” kanalında hət həftə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təqdimatında efirə çıxan “Saz-söz axşamı” verilişinin bir buraxılışının Ulu öndərə həsr olunması planlaşdırılıb. Yaxın günlərdə yayımlanacaq verilişdə Heydər Əliyevin Azərbaycan aşıq sənətinə daim diqqət və qayğı göstərməsindən söhbət açılacaq, respublikamızın tanınmış aşıqları – Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Ağamurad Şirvanlı, eləcə də Qələndər Zeynalov, Roman Azaflı, Məhsəti Cabbarlı, Əli Pənahoğlu, Babək Şakirli kimi tanınmış sənətkarlar və “Çeşmə” folklor qrupu saz-söz adamlarının Ulu Öndərə həsr etdikləri şeirləri müxtəlif aşıq havaları üstündə tamaşaçılara təqdim edəcəklər.

12 -dən səhifə 36

  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ