AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“OZAN-AŞIQ SƏNƏTİ VƏ ƏDƏBİYYATI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN-AŞIQ SƏNƏTİ VƏ ƏDƏBİYYATI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

03.04.2023

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının yeni kitabı işıq üzü görüb. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da görkəmli folklorşünas alim kimi tanınan, xüsusilə də aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı olan M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir. “Ozan-aşıq sənəti və ədəbiyyatı” adlanan və əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən bu kitab 34 çap vərəqi həcmindədir və aşağıdakı bölmələrdən ibarətdir: “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri” və “Aşıq ədəbiyyatı”.

Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan Türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur. Yeri gəlmişkən, professor M.Qasımlının da qeyd etdiyi kimi, Sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməmsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovetlər Birliyindəki “Azərbaycan aşıq sənəti”ni öyrənmişlər. Bu sənətin genetyik qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan professor M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edərək ortaya çox samballı bir elmi əsər qoymuşdur.

Bu əsər, M.Qasımlının kitaba yazdığı ön sözdə də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.

Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.

Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Featured

“AZ İFA OLUNAN AŞIQ HAVALARI”

13.03.2023

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişndə yeni layihəyə start verib. “Az ifa olunan aşıq havaları” adlanan layihənin həyata keçirilməsində məqsəd son zamanlar aşıqların az müraciət etdiyi, bu səbəbdən də az qala unudulmaqda olan aşıq havalarına yeni həyat vermək, efir vasitəsi ilə sənətsevərlərə çatdırmaqdır. Bu silsilədən olan ilk verilişdə aşıqlardan Yaşar Məhərrəmov “Dərbəndgülü”, “Təbriz gözəlləməsi”, “Zəncangülü”, “Qədimxanı”, “Gülşəni”, “Abbası”, “Şəmkir sarayı”, “Sumayi”, “Yerişi Koroğlu”, “Şirinqala Koroğlusu” və “Süsənbər gözəlləməsi”, Vüqar Şəmkirli “Mirzə dübeyti”, “Arazbarı”, “Oğuzoğlu” və “Təxmis”, Rza Məmmədov “Yayma”, “Sallama gərayı”, “Qara qafiyə” və “Nəbati gəraylısı”, Qorqud Məhərrəmov isə “Ərzincan Koroğlusu” havalarını ifa edəcəklər.

“SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Featured

“SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

20.02.2023

Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb – “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Novrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

“FOLKLOR VƏ ETNOQRAFİYA” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“FOLKLOR VƏ ETNOQRAFİYA” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

03.04.2023

Redaksiya heyətində Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin nüfuzlu alimlərinin təmsil olunduğu “Folklor və etnoqrafiya” jurnalının 2023-cü ildə ilk sayı işıq üzü görüb.

Oxucular jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli ilkin və arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Aşıq deyişmələri: poetik səciyyəsi və mərhələləri”, professorlar Tofiq Babayevin “Folklor yaddaşımızda yol”, Fəzail Vəli İmranoğlunun “Azərbaycanda karvan səfərləri: adətlər, inanışlar və etnoqrafik cizgilər”, Salidə Şərifovanın “Ələvi şairi Səyat Nəva (Sayat Nova) ilə bağlı tarixi gerçəklik və onun saxta yolla erməniləşdirilməsi”, Şirin Bünyadovanın “Nizami yaradıcılığında alqışlar, qarğışlar və andlar”, tarix elmləri doktoru İlhamə Məmmədovanın “Qacarlar dövründə Təbriz şəhər əhalisinin xalq oyun və əyləncələri”, dosentlər İsmayıl Umudlunun “Azərbaycan çobanının etno-mədəni obrazı” və Tahir Şahbazovun “XIX-XX əsrin əvvəllərində Şuşada xalçaçılıq sənəti və ermənilərin Şuşa xalçalarına əsassız iddialar” adlı məqalələri, eləcə də, “Qurbani dastanı”nın 2022-ci ildə ustad aşıq Arif Əsgərovun dilindən yazıya alınmış varinatı ilə tanış ola biləcəklər.

Xatırladaq ki, jurnalın qurucusu və baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

AŞIQ YAŞAR MƏHƏRRƏMOV TƏLTİF OLUNUB
Featured

AŞIQ YAŞAR MƏHƏRRƏMOV TƏLTİF OLUNUB

10.03.2023

Aşıq Yaşar Məhərrəmov bu gün fəaliyyət göstərən aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilən sənətkardır. 200-ə yaxın saz havasını ifa edir ki, bunlar arasında bu gün az qala unudulmaqda olan, tez-tez ifa olunmayan havalar da az deyil. Buna görədir ki, Aşıq Yaşar gənc olmasına baxmayaraq artıq ustad aşıq kimi tanınır. O, həm də öz sənətini gənclərə böyük həvəslə öyrədir. Sənətin sirlərini öyrətdiyi Qorqud Məhərrəmov ondan çox şeylər öyrənib və gələcəkdə onun da ustad aşqı kimi tanınacağına böyük ümidlər var.

Yaşar Məhərrəmovun yaradıcılığına daim böyük diqqət və qayğı göstərən Azərbaycan Aşıqlar Birliyi bu günlərdə onu aşıq sənətindəki xidmətlərinə və 200-ə yaxın saz havasını repertuarında qoruyub yaşatdığına görə Fəxri diplomla təltif edib. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Fəxri diplomu ona təqdim edərək təbrik edib, yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulayıb.

334940164 185810280855997 5490759402385827823 n

ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Featured

ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

16.02.2023

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Urfanın (Quliyev) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi kitabın məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

Kitabda ustad aşığın yaradcılıq nümunələri olan divani, təcnis, gəraylı və qoşmaları, deyişmələri ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamlarının Aşıq Əli Urfan haqqında müxtəlif vaxtlarda söylədikləri dəyərli fikirlər və ona ithaf olunmuş şeirlər də yer alıb.

Xatırladaq ki, Əli Urfan çağdaş Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan, sənətdə öz dəst-xətti ilə seçilən sənətkardır. Xalq şairi Zəlimxan Yaqubun da vaxtilə dediyi kimi, “onun saz ifaçılığı artıq sənətdə öz möhürünü vurub, öz yerini tutub”.  Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə deyir ki, Əli Urfan “söz-sənət sərrafı, musiqi və poeziya xiridarıdır”.

Ustad aşığı yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  

Featured

HÜSEYN BOZALQANLININ 160 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

27.03.2023

Bu il Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus rolu olan ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubiley ilidir. 1863-cü ildə Tovuzda anadan olmuş və XIX əsrin sonları, XX əsrin birinci yarısında ustad aşıq kimi təkcə Gəncə-Tovuz bölgəsində deyil, Azərbaycanın hər yerində, eləcə də Göyçədə və Borçalıda da məşhur olan Hüseyn Bozalqanlının 160 illik yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyinin ayrıca tədbirlər planı var. Bu sıradan ilk tədbir kimi “Mədəniyyət” televiziya kanalında həftəlik yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə ustada həsr olunacaqdır.  Müxtəlif bölgələrdən ustad aşıqların dəvət olunduğu həmin verilişdə Hüseyn Bozalqanlının şeirləri ifa olunacaq, dastan və rəvayətlərindən parçalar söyləniləcəkdir.

Eyni zamanda bu böyük sənətkarın 160 illik yubileyi münasibəti ilə Tovuzda, Gəncədə və Bakıda tədbirlər keçirilməsi nəzərdə tutulur.  

AŞIQ FİKRƏT CƏFƏROĞLU (BORÇALI) TƏLTİF OLUNDU
Featured

AŞIQ FİKRƏT CƏFƏROĞLU (BORÇALI) TƏLTİF OLUNDU

24.02.2023

Borçalı aşıq mühitinin yetirməsi, hazırda Bakıda yaşayıb fəaliyyət göstərən aşıq Fikrət Cəfəroğlu (Borçalı) həm də aşıq sənətinin tədrisi və təbliği ilə məşğul olur, gənclərdə bu sənətə meyil və marağın artırılması üçün səylərini əsirgəmir. Aşıq Fikrətdən sənət dərsi alan yeniyetmə və gənclərin sorağı bu gün müxtəlif yarışlardan və rəsmi tədbirlərdən gəlir.

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyi aşıq Fikrət Cəfəroğlunun yeniyetmə və gənlər arasında aşıq sənətinin təbliği və tədrisi sahəsindəki xidmətlərini yüksək dəyərləndirərək onu “Fəxri diplom”la təltif edib. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı diplomu təqdim edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

IMG 20230224 155036

Mehriban Əliyevanın Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında bəşəri ideallara sadiqlik dayanır
Featured

Mehriban Əliyevanın Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında bəşəri ideallara sadiqlik dayanır

11.02.2023

Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti öz dəstəyini və həmrəyliyini göstərdi. Bu proses hazırda da davam etməkdədir. Hər zaman öz xeyirxahlığı, dara düşənlərə göstərdiyi dəstəyi, humanizm prinsiplərinə sədaqəti ilə seçilən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu prosesdə ön sıradadır. Mehriban xanım Əliyevanın fəaliyyəti müasir tariximizdə Azərbaycan qadınının daha fərqli, daha mükəmməl obrazını gələcək nəsillərə ötürür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

“Təsadüfi deyil ki, Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edən Mehriban xanım eyni zamanda onlara yardım göndərilməsi üçün müvafiq tapşırıqlar verib. Artıq həmin yardımlar qardaş ölkəyə çatdırılıb. Mehriban xanım Əliyevanın bu humanist addımının əsasında onun xalq sevgisi, vətənpərvərliyi, bəşəri ideallara sadiqliyi, zərif humanizmi durur. Bu gün Mehriban xanım özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə tarixə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini yazır. Həmçinin biz onun simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını görürük. Mehriban Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım təşəbbüsünün əsasında həm də, bəşəri ideallara sadiqliyik dayanır”, - deyə Məhərrəm Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidentinin Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımı bir daha onu göstərir ki, Mehriban xanım qardaş ölkədə baş verənləri çox böyük ürək yanğısı ilə izləyir və hər bir kəsin əməyini dəyərləndiməklə yanaşı, onları bu işə ciddi-səylə yanaşmağa çağırır. Mehriban xanım müraciətində insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir. Bütün bunlar bir daha sübut edir ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq, mərhəmətli, xeyirxah, humanist olan Azərbaycan qadınının yeni simasıdır.

Sonda Əməkdar elm xadimi zəlzələ zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib, yararlıların isə tezliklə sağalmasını arzu edib.

Əziz həmvətənlər! Hörmətli bacı və qardaşlar!
Featured

Əziz həmvətənlər! Hörmətli bacı və qardaşlar!

17.03.2023

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun və sağlıqlı ömür, səadət dolu günlər arzulayırıq.

Təbiətin əbədi nizamına əcdadlarımızın ehtiramını ifadə edən bu müqəddəs bayram bizə ulularımızdan yadigardır. Bu bayram xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü kimi mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Kökü tarixin dərin qatlarına gedib çıxan Novruz ənənələrini xalqımız minilliklər boyu yad təsirlərdən qoruyaraq yaşadıb. Novruz bayramı, Novruz ənənələri eyni zamanda xalqımızın bəşər mədəniyyətinə töhfəsidir.

Bu gün Azərbaycanda hər kəs böyük qürur hissi ilə qeyd edir bu bayramı. Çünki 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsi və bu müharibədə qazanılan şanlı Zəfər Azərbaycana əbədi bahar gətiribdir.

Əziz həmvətənlər! Əziz soydaşlar! Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirik! Qoy bu bayram evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Bayramınız mübarək!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olunub
Featured

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olunub

22.02.2023

Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz-layihə birinci yeri tutub

Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş heykəltəraşlıq müsabiqəsinə yekun vurulub.

Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən işlər dəyərləndirilərək ilk üç yerin qalibləri müəyyən edilib.

1-ci yer – Natiq Əliyev

2-ci yer – Xanlar Əhmədov

3-cü yer – Kamran Əsədov

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün açıq müsabiqə 23 dekabr 2021-ci ildə elan edilmişdi.

Müsabiqənin şərtlərinə əsasən, 1-ci yeri qazanan müəllifin əl işi (abidə) ucaldılacaq, 2-ci və 3-cü yeri tutan müəlliflərə isə müvafiq məbləğdə pul mükafatı veriləcək.

Featured

AŞIQLARIN REPERTUARINDA DASTANLARA MÜHÜM YER VERİLİR

03.02.2023

Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən mühüm layihələrdən biri də dastanlarla bağlıdır. Burada dastanların yeni təkmil variantda nəşri və aşıqların ifasında sənətsevərlərə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparılır. Klassik dastanların ustad aşıqların ifasında yenidən təqdim olunması ilə yanaşı, gənc aşıqların repertuarında yer almasına da ciddi önəm verilir, bunun üçün onlara mümkün olan şərait və imkan yaradılır.

Bu istiqamətdə görülən işlər çərçivəsində ustad aşıq Arif Əsgərov “Aşıq Qərib” dastanını, Məmməd Bozalqanlı və Şəmşəd Elmanoğlu isə “Alı xan və Pəri” dastanını hazırlayıblar. Aşıqların ifasına Aşıqlar Birliyində ilkin baxış olub və hər iki dastan yaxın vaxtlarda “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində sənətsevərlərə təqdim olunacaq.

Gənc aşıqlardan İmralı Fikrətoğlu və Nəcəf Kəlbəcərli “Abbas və Gülgəz”, Afil və Amil Bəxtiyar qardaşları isə “Novruz və Qəndab” dastanından bir parçanı təqdim edəcəklər.

13 -dən səhifə 36

  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ