AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQ QƏRİB CAMAL OĞLU DÜNYASINI DƏYİŞİB
Featured

AŞIQ QƏRİB CAMAL OĞLU DÜNYASINI DƏYİŞİB

03.07.2017

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Borçalı aşıq mühitinin görkəmli nümayəndələrindən olan ustad Aşıq Qərub Camal oğlu Məmmədov 2017-ci il iyunun 30-da 80 yaşında dünyasını dəyişib...

Aşıq Qərib Camal oğlu Məmmədov 1937-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistanın) Ağbaba bölgəsinin Çaybasar (İlanlı) kəndində anadan olub. XX əsrin otuzuncu illərininin repressiyasının qurbanı olan atası Camal kişi ailəsini böyük çətinliklərlə Borçalının Məscidli Görarxı kəndinə pənah gətirib. Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Qərib burada ustad aşıq Almaza şəyirdlik edib. Ötən əsrin altımışıncı illərindən artıq özü müstəqil şəkildə toy məclisləri və el şənliklərini  idarə edib, dövlət tədbirlərində çıxışları olub. Onlarla şeirin və iki dastanın müəlifi olan Aşıq Qərib 50-yə yaxın dastan bilirdi.   
Allah rəhmət eləsin!  
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

"Aşıq Ədalət ağır xəstə olsa da özünü əsl ustad kimi aparır”
Featured

"Aşıq Ədalət ağır xəstə olsa da özünü əsl ustad kimi aparır”

21.06.2017

Boğazında yaranmış ciddi narahatlığa görə səhhəti pisləşən ustad aşıq Ədalət Nəsibovun müayinə üçün Türkiyəyə getməsi ilə bağlı bir neçə gün öncə xəbər vermişdik.
Moderator.az xəbər verir ki, Aşıq Ədalət artıq Türkiyədən qayıdıb və müalicəsini burada davam etdirəcək.
Bu barədə Moderator.az-a Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı geniş məlumat verib:

“Aşıq Ədalət Türkiyədən müayinə olunub və vətənə qayıdıb, indi evindədir. Orada həkimlər də buradakı həkimlərimiz kimi müalicə yazıblar, indi müalicəsi burada davam edir. Bu gün Aşıqlar Birliyinin rəhbərliyi olaraq təşkilat katibi Altay Məmmədli, gənclər şurasının sədri Əli Tapdıqoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva ilə birlikdə Aşıq Ədalətlə görüşdük. Aşıq Ədalət xəstədir, xəstəliyi də xeyli dərəcədə ciddidir. Allahdan ustad aşığımızın tezliklə şəfa tapmasını arzu edirik. Xəstə olsa da, zəif, halsız olsa da, əhval-ruhiyyəsi, sənət eşqi yerindədir. Bizimlə xeyli məntiqli söhbətlər etdi, özünü əsl ustad kimi aparır. Bacardığımız qədər ürək-dirək verdik, özü də müdrik, qürurlu adamdır, ona görə də inamımız böyükdür ki, Allahın köməyi ilə bu xəstəliyi yenəcək.
Ədalət Nəsibov Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin diqqətindədir və davamlı olaraq diqqət mərkəzində də saxlayacağıq. Ümidvarıq ki, tezliklə şəfa tapsın və biz həmişəki kimi ustadımızla qürur duyaq”.

Məhərrəm Qasımlı sonra bunları deyib: “Dövlətimizdən, Aşıqlar Birliyindən heç bir istəyi yoxdur, hər kəsdən razılıq edir. Aşıq Ədalət Əməkdar incəsənət xadimidir, Prezident təqaüdçüsüdür, Aşıqlar Birliyi İdarə Heyətinin, Aşsaqqallar Şurasının üzvüdür. Bu müddət ərzində bizə çox köməyi dəyən ustad sənətkardır, aşıqlıq sənətində kifayət qədər xidmətləri olub və dövlət tərəfindən də xidmətlərinə dəyər verilib, bu gün də verilməkdədir. Bu yaxınlarda Aşıq Ədalət haqqında “Sazın ədaləti” adlı kitab buraxdırdıq. Kitabı özünə təqdim etmişik, çox razı qalıb, təşəkkür edib. Bundan sonra da zaman-zaman onun fəaliyyətinə qiymət veriləcək. Bir neçə həftə bundan öncə onu AzTV-də apardığım saz-söz verilişinə Aşıq Ədaləti dəvət etmişdim. Aşıq ustad olaraq xeyli söhbətlər etdi, ifa elədi, dastan danışdı. Yaxşı ki, onun haqqında saat yarımlıq belə bir verilişimiz oldu, həmin verilişi özü də qiymətli bir inci kimi dəyərləndirdi. Onun hər sözü, nəfəsi bizim üçün çox dəyərlidir, barmaqlarından qopan istənilən səda sazın başını ucaldan, bizim başımızı ucaldan sənət ərməğanıdır. Allah qorusun Ədalət Nəsibovu!"

Moderator.az kollektivi adından biz də Aşıq Ədalət Nəsibova Allahdan şəfa diləyirik, tezliklə sağlamlığına qovuşmasını arzu edirik!


Rumiyyə

“Dalğa” qrupu Bakıda “Qarabağ dərdi”ni səsləndirib
Featured

“Dalğa” qrupu Bakıda “Qarabağ dərdi”ni səsləndirib

25.05.2017

Mayın 24-də Heydər Əliyev Sarayında Çingiz Mehdipurun rəhbərliyi ilə “Dalğa” aşıqlar qrupunun “Qarabağ dərdi” adlı konserti olub.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə təşkil edilib.

AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, 1990-cı ildə yaranan məşhur “Dalğa” qrupunun 30 ilə yaxındır səsi-sorağı dünyanın hər yerindən gəlir.


Bu qrup bütün Avropa ölkələrini, Yaponiyanı, Çini, türk dövlətlərini gəzib dolaşıb və hər zaman Azərbaycan sazını, sözünü uca tutub. “Dalğa” qrupunun yarandığı gündən dəfələrlə konsertlər verdiyini söyləyən M.Qasımlı vurğulayıb ki, bugünkü konsert qrupun Heydər Əliyev Sarayında ikinci çıxışıdır. Bildirib ki, təqribən 9 il əvvəl də qrupun bu sarayda çox möhtəşəm konserti olub.

Məhərrəm Qasımlı deyib ki, bu gün “Dalğa” qrupu Bakıda yeni konsertini təqdim edəcək : “Konsertin səciyyəvi cəhəti ondan ibarətdir ki, ilk dəfə olaraq qoşa qanad şəklində Təbriz və Bakı aşıqları “Dalğa”nın nəfəsini, səsini tamaşaçılara çatdıracaq. Belə bir konsert olmayıb. Bu ilk addımdır. Mənəvi mədəniyyətimizin təbliğində bu bir örnək olacaq”.

Bu gün Azərbaycanla ilə İran İslam Respublikası arasında çox xoş mədəni münasibətlərin, əlaqələrin olduğunu vurğulayan M.Qasımlı bildirib ki, bu konsert bir daha xalqlarımız arasında mövcud körpüləri gücləndirməyə, sazımızın, sözümüzün səsini daha aydın şəkildə çatdırmağa imkan verir.

Azərbaycan Aşıqlar Birliyinin sədri deyib: “Çingiz Mehdipur “Dalğa” qrupu ilə məşhur olub və nəfəs alır. O, bu qrupun daim zənginləşməsi, yeni repertuara sahib olması üçün əlindən gələni əsirgəmir. Bu gün onlarla Təbriz aşıqları göstərmək olar ki, onlar məhz “Dalğa” qrupunun sayəsində tanınıb. “Dalğa” qrupu Azərbaycan aşıq sənətini, saz sənətini yeni keyfiyyətdə və məzmunda tanıdıb”.

[bt_slider uid="1495702278-59269b0652224" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/1495644000607059160_1000x669.jpg" title="1495644000607059160_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956440002237644135_1000x669.jpg" title="14956440002237644135_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956420376450751277_1000x669.jpg" title="14956420376450751277_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1495644000561293252_1000x669.jpg" title="1495644000561293252_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956420375188030538_1000x669.jpg" title="14956420375188030538_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956420376235718203_1000x669.jpg" title="14956420376235718203_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1495642037349348341_1000x669.jpg" title="1495642037349348341_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1495641526803310689_1000x669.jpg" title="1495641526803310689_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956415264834752015_1000x669.jpg" title="14956415264834752015_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/14956415264039032619_1000x669.jpg" title="14956415264039032619_1000x669.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyi neçə aydır ki, bu layihənin gerçəkləşməsi üçün Çingiz Mehdipura hər cür şərait yaratdığını söyləyib. Bildirib ki, konsertin məqsədi Qarabağ yaramızın bir daha diqqət önündə saxlanılması, Azərbaycan aşığının Qarabağ nəfəsi, havası ilə köklü olduğunu göstərməkdir.

Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərov çıxış edərək konsertin mühüm cəhətlərini vurğulayıb. Bildirib ki, konsertin bir mühüm cəhəti odur ki, qrup Azərbaycanın bütöv aşıq sənətini bütün mükəmməlliyi ilə nümayiş etdirir. Digər mühüm cəhəti isə Qarabağ dərdimizə həsr olunmasıdır.

N.Cəfərov qeyd edib ki, aşıq məktəblərimizin saz havalarını qarşılıqlı müqayisə metodu ilə incələyən Çingiz Mehdipur “Saz məktəbi” adlı kitabın müəllifidir və bu kitab Azərbaycan Milli Konservatoriyasında tədris olunur.

Sonra səhnəyə dəvət olunun “Dalğa” qrupunun üzvləri geniş konsert proqramı ilə çıxış ediblər. Konsertdə qrupun üzvləri ilə yanaşı, Azərbaycan aşıqları və müğənnilərinin çıxışı da gecəyə xüsusi rəng qatıb.

Featured

“GÜNÜMÜZÜN USTAD AŞIQLARI” SERİYASINDAN NƏŞR OLUNMUŞ KİTABLAR TƏQDİM OLUNACAQ

03.07.2017

2017-ci il iyulun 5-də saat 15:00-da  M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından işıq üzü görmüş kitabların təqdimatı olacaq. Xatırladaq ki, ötən ilin sonlarından başlyaraq “Günümüzün ustad aşıqları” seriyasından hazırda yaşayıb-yaradan doqquz ustad aşıq haqqında kitab buraxılıb.

Əməkdar İncəsənət Xadimi və Əməkdar Mədəniyyət İşçisi kimi fəxri adlara layiq görülmüş (onlardan dörd nəfəri həm də Prezident təqaüdçüsüdür) Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Sönməz, Yanvar Bədəlov, Xanmusa Musayev, Haşım Qubalı, Fətulla Göyçəli və Əli Quliyevə həsr olunmuş kitablarda bu ustad aşıqların keçdikləri ömür və sənət yolundan bəhs olunur, onlar haqqında tanınmış elm və sənət adamlarının ürək sözləri və özlərinin poetik yaradıcılıqlarından seçmələr verilir.
Arzu edənlər tədbirdə iştirak edə bilərlər.

AŞIQLAR BİRLİYİNİN RƏHBƏRLİYİ ƏDALƏT NƏSİBOVA BAŞ ÇƏKİB
Featured

AŞIQLAR BİRLİYİNİN RƏHBƏRLİYİ ƏDALƏT NƏSİBOVA BAŞ ÇƏKİB

21.06.2017

Əməkdar İncəsənət Xadimi, ustad sənətkar Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin cağdaş dövrümüzdə yaşayan canlı klassikidir. Təsadüfi deyildir ki, ona hələ gənclik illərindən bütün sənətsevərlər Dədə Ədalət deyə müraciət edirlər. Son dövrdə onun səhhətində yaranmış problemlər sənət dostları və pərəstişkarları ilə yanaşı ölkəmizin bütün ictimaiyyətini narahat etməkdədir. Bu günlərdə Türkiyədə müayinə olunduqdan sonra Vətənə qayıdan ustad sənətkarın müalicəsi hazırda öz evində davam etdirilir.

Bu böyük sənətkara hər zaman əlahiddə qayğı və diqqət göstərən Azərbaycan Aşıqlar Birliyi yenə də Dədə Ədalətə öz həssas münasibətini göstərib.  Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, iyunun 20-də AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, təşkilati işlər üzrə katib Altay Məmmədli, Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva və AAB gənclər şurasının sədri Əli Tapdıqoğlu Ədalət Nəsibova baş çəkib, onun səhhəti və müalicəsinin gedişi ilə maraqlanıblar.
Görüşdən sonra M.Qasımlı deyib: Ə.Nəsibovun səhhətində yaranmış problem ciddi olsa da, Allah böyükdür və ondan ümidi kəsmək olmaz, müalicəsi davam etdirilir və biz arzu edirik ki, o, tezliklə sağalıb yenidən sənət aləminə qayıdaraq bənzərsiz ifaları ilə pərəstişkarlarını sevindirsin.

Aşıqlar Birliyi Vaqifin 300 illiyini “Könüldən könülə yollar görünür” adlı konsert proqramı ilə qeyd etdi
Featured

Aşıqlar Birliyi Vaqifin 300 illiyini “Könüldən könülə yollar görünür” adlı konsert proqramı ilə qeyd etdi

17.05.2017

Mayın 15-də Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Aşıqlar Birliyinin hazırladığı konsert proqramı təqdim edildi.

"Könüldən könülə yollar görünür” adı ilə konsert proqramında Azərbaycanın müxtəlif aşıq mühitlərinin görkəmli və istedadlı təmsilçiləri Molla Pənah Vaqifin sözləri üstündə saz havaları ifa etdilər.

Dahi şairin yubiley tədbirini “Çeşmə” Folklor qrupu “Ovşarı” havası ilə açdı. Onların ardınca səhnəyə Urfan Əli dəvət edildi. Ustad aşıq “Aran gözəlləməsi” havasını təqdim etdi. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Kərəm gözəlləməsi”,  aşıq Altay Məmmədli və aşıq Qələndər Zeynalov “Göyçəgülü”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz “Qaraçı”, aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçın “Dubeyti”, aşıq Nemət Qasımlı, aşıq Elməddin Məmmədli, aşıq Şəhriyar Qaraxanlı, aşıq Roman Azaflı “ Göyçə gözəlləməsi”, aşıq Əli Zeynalabdinova, aşıq Gözəl Kəlbəcərli “Naxçıvani”, aşıq Ramin Qarayev “Hüseyni”, aşıq Əhliman Şirvanlı “Şəşəngi”, Təbriz Gədəbəyli, aşıq Nəbi Nağıyev “İrəvan çuxuru”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva,  aşıq Azər Fərmayıloğlu “Səyyadı”, aşıq Cahangir Quliyev, aşıq Avdı Musayev “Qaytarma”, aşıq Bəhmən Göyçəli,  aşıq Rəfiqə Göyçəli “Ağır şərili”, Kəmalə Qubadlı, aşıq Şaiq İncəli “Mirzəcanı”, Dəmir Vəliyev, Vəli Şınıxlı “Oğuzoğlu”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ağamurad Şirvanlı, Cavanşir Quliyev, Toğrul Ayrumeli (balabanda Mehman Seyidov) “Bağarası”, aşıq Vüqar Mahmudoğlu, Rza Məmmədov “Ayaq şəşəngi”, Məharət Habioğlu, Sahib Qaçayev, Xavər Zəngilanlı, Rza İslamoğlu, “Orta şəşəngi” havalarını ifa etdilər.

ir-15-2.jpg

Gecə “Çeşmə” Folklor qrupunun ifasında “Müxəmməs” havası ilə başa çatdı. Qeyd edək ki, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilən tədbiri tanınmış gənc folklorşünas alim İlhamə Qəsəbova aparırdı.

ir-15-1.jpgMəlum olduğu kimi 2017-ci ildə böyük Azərbaycan şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yubileyinin Azərbaycan Aşıqlar Birliyi tərəfindən də qeyd edilməsi əlamətdar hadisələrdən biri oldu.

İradə SARIYEVA
www.baki-xeber.com

AŞIQ HAVALARININ SAZ VƏ ROK MUSİQİSİ İLƏ SİNTEZDƏN İBARƏT “SƏS EKSPERİMENTLƏRİ” ADLI KONSERT KEÇİRİLİB
Featured

AŞIQ HAVALARININ SAZ VƏ ROK MUSİQİSİ İLƏ SİNTEZDƏN İBARƏT “SƏS EKSPERİMENTLƏRİ” ADLI KONSERT KEÇİRİLİB

01.07.2017

İyun ayının 30-da “Yarat” Muasir  İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. Adından da göründüyü kimi,  ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Daha doğrusu, bir sıra klassik aşıq havaları caz və rokla sintez halında tamaşaçılara təqdim olunub.

Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir “ArazOzara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib. Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin səıdri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.
Araz Ozara və Elvin Mehmanlı ilə yanaşı, gənc sənətçilərdən aşıq Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev və  Ramin Sadıqovun da iştirak etdiyi konsertdə “Dədə Qorqud” kompozisiyası, “Qarabağ şikəstəsi”, eləcə də “Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı gəraylı”, “Koroğlu cəngisi” və digər aşıq havaları caz və rokla sintezdə tamaşaçılara təqdim olunub. “Yarat” Muasir İncəsənət Mərkəzində uğurla gerçəkləşdirilən bu konsert  tamaşaçı auditoriyasının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Konsertin təşkilatçıları bu gün ilk eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə də davam etdirəcəklərini bildiriblər.

[bt_slider uid="1498909576-59578b88ce1ab" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/td-01-07-2017-6.jpg" title="td-01-07-2017-6.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/td-01-07-2017-5.jpg" title="td-01-07-2017-5.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/td-01-07-2017-3.jpg" title="td-01-07-2017-3.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/td-01-07-2017-2.jpg" title="td-01-07-2017-2.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/td-01-07-2017-1.jpg" title="td-01-07-2017-1.jpg" link="" parent_tag="slider"][/bt_slider]

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ ÇİNLİ ALİMLƏ GÖRÜŞ
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ ÇİNLİ ALİMLƏ GÖRÜŞ

15.06.2017

Respublikamızda qonaq olan Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Bu haqda məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaq olub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, günümüzün ustad aşıqlarından və Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı eyni zamanda çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.

Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.

Görüşdə AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, BDU-nun professoru Vaqif Sultanlı və Çin Konfusli Mərkəzinin Bakıdakı təmsilçiliyinin nümayəndələri də iştirak ediblər.

[bt_slider uid="1497624480-5943efa0b9964" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/IMG-20170616-WA0030.jpg" title="IMG-20170616-WA0030.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20170616-WA0037.jpg" title="IMG-20170616-WA0037.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20170616-WA0035.jpg" title="IMG-20170616-WA0035.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20170616-WA0000.jpg" title="IMG-20170616-WA0000.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Aşıqlar Birliyinin sədri HİDDƏTLƏNDİ: “Kişi qalstukda, qadın cins şalvarda saz çalır
Featured

Aşıqlar Birliyinin sədri HİDDƏTLƏNDİ: “Kişi qalstukda, qadın cins şalvarda saz çalır

14.05.2017

Məhərəm Qasımlı: “Üzdəniraq “müsabiqələr”lə necə mübarizə aparaq, bilmirəm”

Modern.az Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas alim, professor Məhərrəm Qasımlı ilə müsahibəni təqdim edir.

Müsahibəyə başlamazdan əvvəl Aşıqlar Birliyinin yeni çapdan çıxardığı kitabını Məhərrəm müəllimə təqdim edirlər. Söhbətə də elə oradan başlayır:

-Ayağınız sayalı oldu. Elə indicə bizim Aşıqlar Birliyinin layihəsi olan “Günümüzün ustad aşıqları” silsiləsindən çap olunan yeddinci kitab masama gəldi. 9 kitab nəzərdə tutmuşuq, yaya qədər digər ikisini də tamamlayacağıq. Hazırda əlimdə olan kitab Əməkdar Mədəniyyət işçisi Aşıq Yanvar Bədəlov haqqındadır.

Birliyin bundan başqa layihələri də var. Mən sədr təyin olunandan sonra əvvəlki sədrlər, mərhum Xalq şairləri Hüseyn Arif və Zəlimxan Yaqubun qoyduğu istiqaməti davam etdirmək, bir folklorşünas kimi öz düşüncələrimi də bu xəttə əlavə etmək istədim. Bir neçə istiqamətdə işə başladıq. Birincisi, qocaman aşıq sənətkarlarımızı mütəmadi olaraq yoluxur, onların problemləri ilə maraqlanırıq. Məsələn, hazırda ən qocaman aşığımız Qobustanda yaşayan Aşıq Xanmusadı, 97 yaşı var. Şəxsən mən özüm tez-tez ona baş çəkirəm, problemlərindən xəbər tuturam. Elə bu silsilədən ona həsr etdiyimiz kitabı görəndə sevincinin həddi-hüdudu yox idi.  Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov  kimi qocaman aşıqlarımız da bu qəbildəndir. Birlik tez-tez onlarda baş çəkir.

Bu gün aşıq sənətinin ağırlığını öz çiyinlərində daşıyan sənətkarlar əsasən, 35-65 yaş arasında olanlardı. Biz mütəmadi olaraq, həmin aşıqları da unutmamağa çalışırq.  Məsələn, Ürfan Əli dediyimiz Aşıq Əli Quliyev sənətin yükünü çəkən aşıqlardandır. Belə aşıqlar haqqında televiziya proqramları hazırlanmalı, yaradıcılıq gecələri keçirilməlidir. Bu sıraya Əhliman Şirvanlı, Abbas Musaxanoğlu, Ağamurad Şirvanlı, Kəlbəcərdən Əhliman Kəlbəcərli, Laçından Aşıq Umbay, Aşıq Cabbar, həmçinin, onların çevrəsində olan aşıqları da əlavə etməliyik. Bunlar daim diqqətdə olmalıdılar. Əli Tapdıqoğlu, Samirə Əliyeva, Ramin Qarayev, Aşıq Zülfiyyə, Aşıq Elbrus kimi gənclər də hazırda sənət üçün çox dəyərli işlər görürlər. Ədalər Dəlidağlı, Nemət Qasımlı yüksək ifaçılıq məharəti ilə seçilirlər. Göyçəli Fətullanın davamçıları olan  Bəhmən Göyçəli, Rəfiqə Göyçəlini də unutmamalıyıq.

Tədbirlərimizin bütün ağırlığı onların üzərinə düşür. Amma onlar da estafeti özlərindən sonra gələcək gənc nəslə  təhvil verməlidirlər. Bunun üçün gəncləri də unutmuruq. Təşəbbüsümlə gənclərdən ibarət “Misri”,  “Çeşmə”, “Laçın” kimi folklor, saz qruplarını yaratdıq. Bu qruplar ənənəvi ifa ilə yanaşı, Qərb musiqisi ilə sazın sintezini həyata keçirməyə can atır. Buna şəxsən özüm də imkan yaradıram. Araz adlı istedadlı bir cazmen var. O, bizim birliyin üzvləri olan gənc aşıqlarla- Əli Tapdıqoğlu, Samirə Əliyeva, Elvin Mehmanlı ilə cazla sazın sintezindən yaranan yeni musiqi ifa etdi. Aşıq Əli Dədə Qorqudun “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” sözləri ilə başlayan kəlamlarını sazda ifa etdi, o, isə cazda buna əlavə rəng qatdı. Sizə deyim ki, ortaya çox gözəl, orijinal iş qoya bildilər. Hələ hədəflərimiz çoxdur. Gələcəkdə sazla rokun da bizgə ifasını yaratmağı düşünürük.

-Aşıqlıq sənətində nəzəriyyənin tədrisi, peşəkar nəzəri və praktiki məsələlərin öyrənilməsinə bu gün nə dərəcədə ehtiyac var?

-Bizi narahat edən məsələlərdən biri də elə budur. Bu gənc aşıqların sazın mahiyyətini bilməsi  üçün müəyyən bölgələrdə tədris ocaqları , mərkəzləri yaranmalıdır.Birlik də bunun üçün çalışır. Orada sazın düzgün səsləndirilməsi, not sisteminin öyrədilməsindən tutmuş, nəzəri məsələlərin aşılanmasına da xüsusi yer ayıracağıq. Çünki bu gün bizim müasir aşıq sənətində ustad-şagird münasibətləri zəifləyib. Gənc aşıqlar demək olar, ustad yanına getmir. Səsyazma üsulu ilə 3-5 aşıq havası öyrənir və bununla da özünü hazır sayır. Amma ustad yanına mütləq gedilməlidir. Hərdən birliyə üzv seçilmək istəyən gənc aşıqlara sual verirəm ki, aşıqlığın qapısı haradır, bacası hara? Qalıb gözünü döyür, bir cavab vermir. Halbuki, ustad yanına getsə idi, o başa salacaqdı ki, aşıqlığın qapısı müxəmməs, bacası divanidir. Elə gənc olur, deyir, mən yaxşı saz çala bilirəm. Deyirəm, yaxşı, ustad əl hansıdı? Gözlərini döyür. Amma o bilməli idi ki, sağ əl ustad əldi, çünki pərdələrin üstündə gəzir, o ustaddır, nizamlayır. Sol əl isə şagirddir. O simlərə vurur, icra edir.  Bu cür məsələlərin təşkil edəcəyimiz tədris ocaqlarında öyrədilməsi çox vacibdir. Həmçinin, oxuduğu sözlərdən, sazın mahiyyətindən xəbərsizlik də ustadsızlıqdan yaranır.

Ən böyük problemlərdən biri də saz ifaçılarının notu bilməməyidir. Harmoniya ilə bağlı bəzi məsələlər var ki, onlar pozulur. Ritmdən çıxırlar, harmoniyanı gözləyə bilmirlər. Not sistemi bilsələr, qulaqları hər şeyi duyacaq.

-Aşıqlıq sənəti, saz həm də irfani sistemdir. Təsəvvüfdən gələn rəmzlər sazı dilləndirməlidir. Sizcə, indiki aşıqlar bunun- ali missiyanın  fərqindədirlər?

-Bəli, saz sənəti irfani sistemdir. Bəzən, gənc bir aşıqdan soruşuram ki, haradan gəlib, hara gedirsən? Deyir, məsələn, Qazaxdan gəlmişəm, Aşıqlar Birliyinə gedəcəm. Səhv cavabdı. Aşıq belə cavab verməz. O deməli idi ki, “kandan gəlib məkana gedirəm”. Bu cavabı verirsə, deməli, aşıqlıq elminə bələddir. “Kan”  vəhdəti-vücud məsələsidir. Yəni, İlahi aləmdən qopan,  yenidən ora gedir. Amma siz gənc aşığın cavabına baxın. Təsəvvüf simvolikasını, sənəti bilməmək budur. “Əlif qəddim “dal”  yazıldı” sözləri başdan-başa  təsəvvüfdü. Vücudun Tanrı qarşısında ibadət şəklidir. Bunların hamısı ibtidai şəkildə də olsa, öyrənilməlidir.  Aşıqlığı irfani elm şəklində bilmədən bu sənəti dərk etmək olmaz. Bu zaman heç sənətə hörmət eləmək də mümkün deyil. Sənətə hörmət etməyənlər də o adamları ki, onlar ancaq telləri dınqıldatmaqdan başqa heç nə bilmir, kor-koranə ifa edirlər. Əgər mahiyyəti bilsə, aşıqlığın Haqqa bağlılığını duysa sazla akrobatik hərəkət etməz. Aşıq bunu o vaxt edir ki, o artıq nadan bir adamdı, dünyagörüşü yox səviyyəsindədir. Ona görə də sazı qoltuğunun da, ayaqlarının da arasından keçirir. Bir də görürsən ki, turnikdən sallanıb başı üstündən saz çalır. Belə ifa edən aşıq  bilməlidir ki, saz İlahi aləmlə bağlıdır, onun yeri ancaq aşığın köksü ola bilər. Burada da rəmzilik var. Sazı heç vaxt küncə qoymazlar. Saz divarda xalçanın üstündən asılmalıdır. Bütün bu naqisliklər onların nadanlığından irəli gəlir.

-Belə aşıqlar üçün nə kimi tövsiyyədə bulunursunuz?

-Orta və yaşlı nəsil aşıqlarında problem yoxdu. Onlar bu sənəti şoulaşdırmırlar. Gənc aşıqlarda buna meyillilik var ki, biz tərəfdən də dəfələrlə onlara bildirilib. Aşıq Ələsgərin;-

“Aşıq olub tərki-vətən olanın,

Əzəl başdan pür -kamalı gərəkdir.

Oturub durmaqda ədəbin bilə,

 mərifət elmində dolu gərəkdir” -

sözləri bütün aşıqlar üçün yol göstəricisi olmalıdır. Aşıqlıq dərin elmdir, irfani xətdi. O sənəti təmsil edənlər də bu məsuliyyəti hiss etməlidirlər. Aşığın geyimi səliqəli olmalı, ifası, çıxışı ilə uyuşmalıdı. Ən böyük problem, bütün bunların yaranmasının əsas  səbəbi mütaliəsizlikdir. Aşıqlar dərin irfan elmini-saz sənətininin mahiyyətindən xəbərdar olmaq üçün çox kitab oxumalıdırlar. Bu mənada onların mütaliəsi azdır. Doğrudur, çox oxuyan, mütaliəsi geniş olan aşıqlarımız da var. Məsələn, ustad Aşıq Ədalət Nəsibovun evində bəlkə, minlərlə kitab var. Haradan da deyirsən, cavabını verir. Ədalət Dəlidağlı da onun kimi... Tonlarla ktab oxuyub. Ona görə də danışıqları səlis, gözəl, ifaları da mükəmməldir. Çünki sənətin mahiyyətindən xəbərdardılar. Aşıq var ki “Şikəstə” çala-çala oynayır.  “Dilqəmi”ni çalır, yanına da ritm aləti də qoyur. “Dilqəmi” ifası zamanı ritm aləti olmaz.

Allah can sağlığı versin, 97 yaşlı Aşıq Xanmusa Qurbanidən elə sözlər deyir ki, onların açımı üçün gərək, Quranı əzbər biləsən. Hamısı irfani rəmzlər... Soruşanda ki, filan misradakı məna nədir, başladı, nə başladı. Elə şeylərdən danışdı ki... Təəssüf , aşıqların hamısı elə deyil.

Ramin Qarayev adlı gənc aşığımız var. Moskvada səfirliyin xətti iə konsert verdi. Məni də dəvət etmişdilər. Getdim və gördüm ki, həqiqətən,  bu gənc aşıqlığın sirlərinə vaqif olmaq yolunu tutub. Divanidən başlayıb təcnisə keçir. Sonra dastanı öz üsul-qaydası ilə ifa edir. Bu elmin nəzəriyyəsinə də vaqifdir. Bu cür nümunələr çoxdur. Biz də birlik olaraq bunun uğrunda çalışırıq.

-Bu gün aşıqlıq sənətinin nüfuzuna mənfi təsir edən amillər hansılardı? Sovet quruluşu kifayət qədər bu sənəti nüfuzdan salmağa çalışdı. Bəs indiki durum sizi nə dərəcədə qane edir?

-Biz bu tərəfdən başlayırıq, o tərəfdən hansısa kanal əgər adına müsabiqə demək mümkündürsə, üzdəniraq yarışma keçirir. “Lider” TV-də “Köklə sazı” adlı üzdəniraq bir yarışma var. Südəmər uşaqları çağırıb “müsabiqə” keçirirlər. Özü də dünyanın heç yerində elə şey yoxdu: müsabiqə bitən kimi, bir həftədən sonra yenisinə başlayırlar. Mənə yüzlərlə irad məktubu gəlir. Bilmirəm, nə cavab yazım. Bir dəfə Milli Teleradio Şurasına bununla bağlı məktubla müraciət də etmişəm. Deyiblər ki, “bu yaradıcılıq məsələsidir, telekanalın öz səlahiyyətindədir. Biz yaradıcılıq məsələlərinə qarışa bilmərik”. Amma dərk etmirlər ki, bu yaradıcılıq işi yox, milli-mənəvi dəyərlərə vurulan zərbədir. Onsuz da sazın daşı ağırdı. Onu sevməvəyənlər, saza ikrahla baxanlar az deyil. Belə vəziyyətdə sazı çıxarıb gözdən salmaq nə deməkdir?! Sazla biznes qurmaq olar? Allahdan qorxmurlar? Sazın üzərində İlahi aləmin nəzəri var. İlahi aləm tərəfindən də o adamlar cəzalandırılacaq. Mən buradan hazırlaşıram ki, ciddi bir iş görüm, o yandan da ara televiziyalardan biri yenidən bədnam müsabiqə keçirir. Bəzən, onlarda olan biabırçılqları sizin saytlar da yazıb. Guya birinci yeri on min manata verirlər, filan... Bütün bunların qabağında aşıq sənətinin nüfuzunu  qorumaq üçün nə cür canfəşanlıq edək?!  Dövlət istəyir ki, aşıq sənətinin nüfuzu qorunsun, bizi də bura ondan ötrü oturdub. Aşıq sənəti Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sayəsində UNESCO-nun siyahısına düşüb. Dəfələrlə ciddi aşıq festivalları keçirilib. Amma bunlarla bərabər, bu işə kölgə salan hadisələr də olur. Nə etsən də, qarşısını almaq mümkün deyil. Biri sazın götürüb idbar işlə məşğul olur, itə saz çalır, sənəti təhqir edir. Aşıqlar Birliyinin də elə bir səlahiyyəti yoxdur ki, həmin şəxslərə ciddi cəza versin. Bu işlərdə ictimai qınaqdan o tərəfə getmək olmur. Biz ancaq ictimai qınaqda fəal iştirak edə bilərək.

Siz bilirsizmi ki, ustad aşıqlardan - Ələsgərdən tutmuş Mikayıl Azaflıya qədər-hamısı məhrumiyyətlərə, aclığa dözürdülər, amma yenə sazı aşağılayan yerlərə getmirdirlər. Ucuz məclislərə ayaq basmırdılar. Qaçaq - quldur səviyyəsində məclislər də olub ki, pul qazanmaq üçün əlverişli yer sayılıb, böyük ustad aşıqları da ora çağırıblar. Amma getməyiblər. Burada ancaq aşığın öz vicdanı aparıcı rol oynamalıdır. Adam var mənə deyib ki, sizin tədbirinizə də gələcəyəm, bayaq dediyim üzdəniraq “saz –söz məclisi”nə də gedəcəm. Aşıqlara dəfələrlə demişəm ki, o məclislərə gedib, sənəti aşağılamaq olmaz. Deyirəm, elə şey ola bilməz, əgər bura gəlirsənsə, ora getməməlisən. Ora gedən də bura gəlməməlidir.

-Yuxarıda da aşıqların geyim tərzinə toxundunuz. Aşıqların vahid forması haqqında danışaq. Aşıq üçün sovet dövründə məşhurlaşan və gözümüzün öyrəşdiyi formada ifa etmək mütləqdirmi?

-Aşıqların geydiyi vahid formanın sovet hökuməti ilə heç bir əlaqəsi yoxdu. Dədə-babadan elə geyiniblər: uzunboğaz çəkmə, enli şalvar, kəmər, hündür buxara papaq, bir sözlə, hərbi formanı xatırladan geyim tərzi. Bu tərz lap qədimdən-Səfəvilər zamanından qalıb. Səfəvilər vaxtındakı ordu geyimi olub. Aşıqlar da ordunun içərisində olub, döyüşdən sonra da həmin formanı çıxarmayıblar. Beləliklə, həm Şah İsmayıla həm də dövlətə sadiqliyini bununla göstəriblər.

-Bəzi mənbələrdə Stalinin şərəfinə o cür geyindikləri deyilir...

-Yanlışdır. Aşıq Ələsgər Stalinmi görmüşdü? Onun da bir neçə qoşmasında geyimindən söz açılır. Özünə çəkmə tikdirmək istəyir, amma ona ucuzundan hazırlayırlar. Koroğlu dastanına diqqətlə baxsanız, orada da Koroğlunun xüsusi aşıq geyimində paşa məclisinə çıxdığını görərsiz. Deməli, ta qədimdən bizim aşıqları fərqləndirən xüsusi geyim tərzi olub. Bunun da müəyyən səbəbləri var. Şəxsən həmin gördüyümüz ənənəvi forma-hərbi geyimə bənzər aşıq geyimi bizə o qədər də uyğun deyil. O geyimdəki uzun çəkməni ona görə geyərdilər ki, o zaman aşıq 6-8 saat dayanmadan ayaq üstə dastan deyərdi, söz söylərdi. Çəkmə ayağını şişməkdən qoruyardı. Həmçinin, bu müddətdə başı da tərlədiyi üçün ona hündür aşıq papağı lazım idi. O papaq başı yayda sərin, qışda isti saxlayır. Beyin damarlarını genəlib-sıxılmadan qoruyur. Əks halda aşığın başı ağrıya, əhvalı korlana bilərdi. Şalvarın da öz funksiyası olub. Qədimdə aşıqlar daha çox atla bir yerdən başıqa yerə gedərmişlər. Ona görə də at belində rahat olmaq üçün onlara o cür şalvar uyğun imiş.

-Bəs müasir dövr aşıqları üçün hər hansı geyim forması təklif etmisiniz?

-Bizim Aşqlar Birliyi yeni aşıq geyimlərinin modelini hazırlayıb. Mən son vaxtlar aşıqları tədbirlərə, televiziyaya o forma ilə çıxarıram. Demək, papaqdan başlayaq: yeni geyim tərzindəki papaqlar nə ənənəvi aşıq papağı kimi çox böyük, nə də xanəndə papağı kimi çox alçaqdan deyil, orta səviyyəli olmalıdır.  Yaxalı düyməli, boynu örtülü və bədənə kip oturan köynək geyim tərzinin əsas atributudur. Həmin köynəyin üstündən milli adətlərimizin göstəricisi olan çuxa  geyilməlidir. Çuxanın üstündən köynəyi kip saxlamaq üçün kəmərdən də istifadə etmək olar. Şalvar və ayaqqabı isə adi qara qara şalvar və ayaqqabılar olacaq.  Bir də görürsən ki, aşıq toya qalstukla gəlir. Qalstukla da saz çalmaq olar?! Bu sazın milli koloritini azaldır. Aşıq hər zaman papaqla çıxış etməlidir.

-Bəs aşıq qadınlarda forma məsələsi haqqında nə düşünürsünüz? Televiziyada fərqli-fərqli geyimlərlə saz ifa edirlər...

-Qadın aşıqlarda isə ənənəvi milli geyim elə ən yaxşı seçimdir. Həmin geyim sazla da yaxşı tutuşur. Biz qadınlardan ibarət “Çeşmə” saz qrupu üçün yeddi dəst milli geyim tikdirmişik. İstər qadın olsun, istərsə də kişi ifaçının geyimi onun sənəti ilə uyuşmalıdır. Bir də görürsən ki, saz ifaşısı olan qadın cins şalvarda oturub ifa edir. Bu nəinki qadına, heç kişiyə də yaraşmaz.

-Məhərrəm müəllim, ümumiyyətlə, aşıq sənətində yaradıcı qadın aşıqlarların yoxluğu barəsində danışırlar. Bu barədə fikirləriniz necədir?

-Bu işi araşdıranlardan biri də mən olmuşam. Azərbaycan aşıq sənəti tarixində sazla deyişən, yaradıcı qadın aşıqlar çox olub. Məsələn, Abdal-Gülablıdan Aşıq Valehin evləndiyi Zərnigar Dərbəndli aşıq olub. Onlar toyda bir həftə deyişirlər. Axırda Aşıq Valeh qalib gəlir. Zərnigar deyir ki, “demişdim, məni kim bağlasa, ona ərə gedəcəm”. Beləcə, evlənirlər. Uşaqları da məşhur aşıqlar olur. Hər ikisinin məzarı Gülablı qəbiristanlığındadı.

“Valeh və Zərnigar” dastanı da onların şərəfinə yazılıb. Diləfruz adlı digər dərbəndi qadın aşığı da deyə bilərik.

Maralyanlı Aşıq Pəri, SSRİ Yazıçılar ittifaqının üzvü olan Aşıq Nabat Cavadova, Aşıq Sona və s.. bu siyahını çox uzada bilərik. Yadıma gəlir, mən uşaq olanda  Aşıq Əskinaz adlı bir qadın kişilər kimi çəkmə geyər, zil səslə oxuyardı.  

-Kişi ifaçılara “Aşıq”, “Dədə” deyə müraciət edilib. Bəs, qadınlara bu adla müraciət olunubmu?

-Xeyr. Tarixən elə qadınlara da “aşıq filankəs” deyə müraciət edilib. Qadın olduğu üçün aşıq heç bir fərqli adla çağırılmayıb.

-Amma tutaq ki, Aşıq Pəri, yaxud, Aşıq Nabata “El anası” deyə müraciət edilsə, necə olar?

“Aşıq el anasıdır” ifadəsi var. Amma bu zamanda da kişi aşıqları –Aşıq Ələsgərə, Aşıq Abbasa “el atası” deyə müraciət edilib.


Elmin Nuri

TƏBRİK EDİRİK!
Featured

TƏBRİK EDİRİK!

22.06.2017

2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycan aşıq sənəti bu gün özünün yeni inkişaf mərhələsindədir. Bu sənətlə bağlı respublika və beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir, ustad aşıqların yubileyləri qeyd olunur, sənətə və bu sənətin daşıyıcıları olan aşıqlara qayğı və diqqət gündən-günə artır. Aşıqlarımız fəxri adlara, Prezident təqaüdünə və digər dövlət mükafatlarına layiq görülürlər.

Təkcə 2016-cı ildə yeddi nəfər aşığa “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib, bir nəfər isə Prezident təqaüdünə layiq görülüb. Bu günlərdə isə Azərbaycan aşıq sənətinin inkişafında xidmətləri olan daha beş nəfər aşıq mükafatlandırılıb. Belə ki, Azərbaycan Aşıqlar Birliyinin təqdimatı ilə aşıqlardan Oqtay Yunis oğlu Hüseynov, Hüseyn Əziz oğlu Hüseynov, Soqət Əli oğlu İsmayılov, Şahniyar Hümbət oğlu Quliyev və Qaracan İsa oğlu Kərimli Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri mədəniyyət işçisi”  adına  layiq görülüblər. Mükafatları iyunun 14-də Gənc Tamaşaçılar  Teatrında   aşıqlara təqdim edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev onları təbrik edib, mədəniyyətimizin qədim və ayrılmaz tərkib hissəsi olan aşıq sənətinin inkaşıfında bundan sonra da  onlara uğurlar diləyib.

Azərbaycan  Aşıqlar  Birliyi  mükafat  alan  ustad  aşıqları  ürəkdən  təbrik  eləyir  və  onlara  can  sağlığı,  yaradıcılıq  uğurları  arzulayır!

Kulis.az saytının baş redaktoru Şərif Ağayara
Featured

Kulis.az saytının baş redaktoru Şərif Ağayara

12.06.2017

Hörmətli baş redaktor!
Bu günlərdə sizin məsləhətinizlə kulis.az saytının əməkdaşı Ayxan Ayvaz Aşıqlar Birliyinin fəaliyyəti, son dövrlərdə birliyin gördüyü işlər, aşıq sənətinin bu günü və sabahı ilə bağlı yazı yazmaq üçün Birliyə gəlmək istədiyini bildirdikdə böyük məmnuniyyətlə razılıq verdik.  Düşündük ki, bəzi televiziya kanalları və xəbər saytlarında mədəniyyət adına ancaq şou xəbərlərin geniş yer aldığı indiki dövrdə xalqımızın qədim və ölməz mədəni sərvəti olan aşıq sənətinə dair ciddi bir yazı yazılacaq. 

Amma təssüf ki, gümanımız özünü doğrultmadı. Belə ki, jurnalist bizimlə söhbətə başladığı ilk andan onun aşıq sənətinə dair məlumatının dayaz olması özünü göstərsə də, hər halda, bu sənətlə bağlı xeyli ətraflı bilgilər verdiyimizdən, dediklərimizin onda maraq doğuracağını və bunun da hazırlayacağı yazıda əksini tapacağını düşünürdük. Amma jurnalistin hazırladığı yazıda bunun əksi ilə qarşılaşdıq. Elə ilk cümlələrdən hiss olunur ki, jurnalist Aşıqlar Birliyinə aşıq sənəti ilə bağlı ciddi bir yazı hazırlamağa yox, sadəcə redaksiyanın növbəti yazı yazmaq tapşırığını yerinə yetirmək üçün gəlibmiş. Bunu yazının dili və üslubu da aydınca göstərir. Başdan-ayağa ironiya və qeyri-müəyyənliyə söykənən ifadələrlə yazılan yazıda sanki müəllif aşıq sənətini aşağılamağı qarşısına məqsəd qoyubmuş. Belə olmasaydı 2009-cu UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin son illərdəki inkişafından, bu sənətin beynəlxalq miqyasda təbliği istiqamətində görülən məqsədyönlü işlərdən də söhbət açar, aşıqlarımızın müxtəlif beynəlxalq folklor festivallarındakı uğurlu çıxışlarından yazardı.  
Dediklərimizin sübutu kimi yazıdan bir-iki nümunə gətirmək yerinə düşər:  “Darvazanın qabağında durub zəngi basıram, çıxan, qarşılayan yoxdu. Elə bil yas düşüb. Bir səs, hənirti gəlmir, eləcə arada bir əsən küləyin bekara səsidir. Bu dəm qapı açıla, bizim fotoqrafımızı görməyəmmi? Lap mat-məəttəl qaldım. Bu aşıqların qapısında duran bir qolu qüvvətli oğlan yoxdumu?”
Əvvəla, müəllifə xatırlatmaq yerinə düşər ki, əgər Birlikdə onun dediyi kimi, kimsə yox idisə, onun fotoqrafı bəs ora necə daxil olmuşdu? İkincisi, görəsən jurnalist hara gəldiyinin fərqində deyildimi ki, qapıda “bir qoluqüvvətli” oğlan görmək istəyir? Yoxsa hansısa idman federasiyasına, yaxud mühafizə xidmətinəmi gəldiyini düşünürmüş? Görəsən, aşıqlar kimdən özünü qorumaq üçün “qoluqüvvətli oğlan”ların xidmətinə sığınmalıymış. Jurnalistin öz məntiqiylə yanaşsaq, bu cılız bədənli oğlandan aşıqlar niyə qorxmalıymış ki, dediyi kimi, “Qolu qüvvətli” oğlanlar Birliyi mühafizə etsin. Bu necə məntiqdir?
Əgər müəllif doğrudan da sağlam niyyətlə qərəzzsiz bir yazı yazmaq istəyirdisə, o zaman Aşıqlar Birliyinin katibinin ünvanına ironiya ilə “kitab-zad” buraxır deyib, görülən işlərə kölgə salmaq əvəzinə, elə o kitablar haqqında soruşub son bir neçə ayda Aşıqlar Birliyinin xətti ilə “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş  doqquz kitab və kitabların həsr olunduğu ustad aşıqlar haqqında yazısında  qeyd eləsə, oxucusuna daha çox məlumat vermiş olmazdımı? Axı, bu ustad aşıqların hər biri təkcə respublikamızda deyil, Türkiyə, İran, Gürcüstan və digər ölkələrdə də tanınan və sevilən, dövlətimizin başçısı tərəfindən fəxri adlara və Prezident təqaüdünə layiq görülən sənətkarlardır.
Müəllif yazısında heç olmasa aşıq sənətinin bu günkü vəziyyəti, həyata keçirilən tədbirlər və s. barədə bircə ciddi sual (söhbət artıq yazıdakı suallardan gedir) qoymur, jurunalist  peşəkarlığı və etikasını unudraq sanki qəsdən lağlağı və ironiya yolunu seçir, bir növ aşıq sənətini, bu sənətlə bağlı hətta dövlət səviyyəsində həyata keçirilən tədbirlərə belə gölgə salmağa çalışır.  
Xahiş edirik, iradlarımızı nəzərə alasınız.

Azərbaycan Aşıqlar Birliyinin sədri
Məhərrəm Qasımlı Əməkdar Elm Xadimi, professor

Türk Dünyası Âşıklık Geleneği Çalıştayı ve Âşıklar Şöleni Muhteşemdi
Featured

Türk Dünyası Âşıklık Geleneği Çalıştayı ve Âşıklar Şöleni Muhteşemdi

08.05.2017

Bişkek (Golden Bridge News) 3 Mayıs 2017’de Bişkek’te iki ayrı mekânda Kırgızistan-Türkiye Manas Üniversitesi Rektörlüğü tarafından TİKA, Türksoy, K.C. Kültür Enformasyon ve Turizm Bakanlığı, Kırgızistan Halklar Meclisi ve Kırgızistan Milli Aytış Vakfı’nın destekleriyle Türk Dünyası Âşıklık Geleneği Çalıştayı ve Âşıklar Şöleni düzenlendi. Önce KTMÜ Kasım Tınıstanov Konferans Salonunda yapılan üç oturumluk çalıştayda “Türk Dünyasında Âşıklık Geleneği” tartışıldı.

Türklerin yaşadığı bütün coğrafyalarda çok derin kökleri, izleri ve etkileri olan Âşıklık geleneğinin 2009 Yılında UNESCO’nun İnsanlığın Somut Olmayan Kültürel Mirası Listesi’ne girmiş olan ve dünya kültürünün önemli bir parçası olan âşıklık geleneği KTMÜ’de yapılan çalıştay ve şölende geniş bir şekilde ele alındı.
Prof.Dr. Ali Osman Solak’ın önerisi ile projelendirilen Türk Dünyası Âşıklık Geleneği Çalıştayı ve Âşıklar Şöleni dört aylık yoğun çalışmalar neticesinde Porf. Dr. Mehmet Aydın’ın Başkanlığında ve Prof.Dr. Orhan Kemâl Tavukçu ile Türkoloji Bölümü ve YDYO Müdürlüğünde görevli çok sayıda öğretim elemanının katkılarıyla Kırgızistan’da ilk defa gerçekleştirilmesi bakımından iz bırakan önemli bir etkinlik olarak dikkat çekmiştir.
Bu etkinliklerin ikincisi Abdılda Maldıbayev Kırgız Opera ve Bale Tiyatrosu Salonunda yapıldı. Burada ‘Türk dünyasının cümle âşıkları’ bir şölen çerçevesinde geleneğin en seçkin örneklerini sergilemek için bir araya geldiler. Türkiye’den Âşık Nuri Çıraği (Erzurum), Âşık Gülçınar (Sivas), Âşık Süphani (Bayburt), Azerbaycan’dan Âşık Saiq İnceli, Âşık Kemale Qubadlı, Kazakistan’dan Tökmö Akın Böribay Orazımbetov (Çimkent), Kırgızistan’dan genç Manasçı Tökmö Akın Azamat Bolgonbayev, Amantay Kutmanaliyev şölene katıldılar. Âşıklar ve tökme/tökmö akınlar Bişkeklilerin gönül tellerini titretmek için söyleştiler, zihinlerdeki sınırları ortadan kaldıracak güzel sözlerle gönülleri mest ettiler.
Programda ayrıca sahneye çıkan Kırgızistan-Türkiye Manas Üniversitesi Güzel Sanatlar Fakültesi öğretim elemanlarının ve öğrencilerinin görsel ve sanatsal etkinlikleri dikkat çekici güzellikteydi.
Manas Radyosu sunucusu Cıldızbek Tursunbayev’in takdimi ve kendine has güzel üslubuyla gerçekleştirilen etkinliğe çok sayıda izleyici katıldı. TİKA koordinatörü, TC Bişkek Büyükelçiliği Eğitim Müşaviri, Kültür ve Turizm Müşaviri ile Azerbaycan Bişkek Halk Asamblesi ve Türkel Yayın Grubunun temsilcileri katıldılar.
Etkinliğin sonunda KTMÜ Rektörü ve Rektör Vekili birer teşekkür konuşması yaptıktan sonra seyircilerin alkışlarıyla âşıklar sahneye veda ettiler.

[bt_youtube url="https://youtu.be/k5yiS_zoHkE" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

[bt_slider uid="1494255010-591085a2dc310" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/IMG_4682-e1493868636903.jpg" title="IMG_4682-e1493868636903.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4775-e1493869206612.jpg" title="IMG_4775-e1493869206612.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4686-e1493869151872.jpg" title="IMG_4686-e1493869151872.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4748-e1493872549725.jpg" title="IMG_4748-e1493872549725.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4696-e1493872022392.jpg" title="IMG_4696-e1493872022392.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4709-e1493872495624.jpg" title="IMG_4709-e1493872495624.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4658-e1493872323667.jpg" title="IMG_4658-e1493872323667.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4638-e1493872400655.jpg" title="IMG_4638-e1493872400655.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_4633-e1493872471304.jpg" title="IMG_4633-e1493872471304.jpg" link="" parent_tag="slider"][/bt_slider]

35 -dən səhifə 36

  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ