AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Muhammet Savaş Kafkasyalı Azərbaycan Aşıqlar Birliyinin qonağı oldu - FOTO
Featured

Muhammet Savaş Kafkasyalı Azərbaycan Aşıqlar Birliyinin qonağı oldu - FOTO

14.04.2018

Türkiyədə fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun başkanı dösent-doktor Muhammet Savaş Kafkasyalı aprel ayının 13-də Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.

Birliyin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən M.S.Kafkasyalı rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri və indiyədək gördükləri işlər barədə məlumat verib, Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti ilə daha yaxından tanış olub.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə hər iki ölkədə folklor ənənələrinin və aşıq sənətinin yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb və gələcəkdə həm Azərbaycanda, həm də Türkiyədə bu yöndə müxtəlif birgə tədbirlərin keçirilməsi qərara alınıb. Bununla bağlı tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanlb.

Görüşün sonunda professor M.Qasımlı türkiyəli qonağa yenicə çapdan çıxmış üçcildlik “Azərbaycan Aşıq ədəbiyyatı” antologiyasını hədiyyə edib.

Featured

AŞIQ ŞƏMŞİRİN 125 İLLİK YUBİLEYİ QEYD OLUNDU

18.03.2018

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, ustad aşıq, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları foyedə təşkil olunmuş aşığın həyat və yaradıcılığına dair sərgidə görkəmli aşığın kitabları, ona həsr edilmiş elmi-publisistik kitablar və ömrünün müxtəlif anlarını əks etdirən foto-şəkillərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Dədə Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub. Sənətdə ilk dərsini də öz dövrünün tanınmış şairlərindən olan atası Ağdabanlı Qurbandan alıb. Hələ yeniyetməlik illərindən böyük Aşıq Ələsgərin sazının-sözünün hikmətini mükəmməl şəkildə mənimsəyib.

Bir sənətkar kimi saz-söz aləmində böyük ad-san qazanan Aşıq Şəmşir hələ gənclik illərindən dədəlik mərtəbəsinə ucalıb, hər yerdə ona Dədə Şəmşir deyə müraciət ediblər.

Aşıq Şəmşir Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən II və 1961-ci ildə keçirilən III qurultaylarının iştirakçısı olub, hələ o dövrlərdən şeirləri ilə dövri mətbuatda çıxış edib. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun ilk şeirlər kitabı 1959-cu ildə xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub. Səməd Vurğunla görüşü və dostluğu isə bu gün də dillərdə dastandır.

Aşıq Şəmşirin sənətdəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib – “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb, o dövrün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub.

AAB-nin sədri Ulu öndərimiz Heydər Əliyevin də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirdiyini vurğulayaraq, ümummilli lideimizin ustad haqqında dediklərindən sitat gətirib: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Qeyd olunub ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

M.Qasımlı Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb.

Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə bşalayan bədii hissədə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar Mədəniyyət İşçiləri Ədalət Dəlidağlı, Samirə Əliyava və Sərdar Məmmədli, eləcə də aşıqlardan Qələndər Zeynalov, Altay Məmmədli, Kəmalə Qubadlı, Şaiq İncəli, Avdı Musayev, Qabil Abduyev, Ramin Qarayev, Gözəl Kəlbəcərli, Əli Pənahoğlu, Əli Tapdıqoğlu, Mehdi Məsimov, Yaşar Kəlbəcərli, Roman Azaflı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Dağıstandan gəlmiş aşıq Şəmşir, Əməkdar artistlər Babək Niftəliyev və Sevinc Sarıyeva ustadın sözlərini aşıq havaları və muğam üstündə oxumuş, aktyorlar şeirlərini səsləndirmişlər.

Tədbirin sonunda Dədə Şəmşirin nəvəsi, Millət vəkili Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyinin belə böyük təntənə ilə qeyd olunmasını ölkəmizdə mədəniyyətin inkişafına, aşıq sənətinə göstərilən böyük diqqətin təcəssümü kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Hey­dər Əliyevin ləyaqətli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin iqtisadi və sosial-mənəvi həyatının inkişafındakı genişmiqyaslı fəaliyyəti öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda gedən iqtisadi və mədəni quru­culuq işləri müqayisəolunmaz dərəcədə sürətlə gedir. Mədəniyyətimizin digər sahələri kimi, musiqi mədəniyyətimizə, xüsusən də muğam və aşıq sənətlərinin inkişafına göstərilən qayğı və diqqətin bəhrəsini hər birimiz görürük. Muğam sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasından sonra 2009-cu ildə əvəzsiz milli sərvətimiz olan aşıq sənətinin də həmin siyahıya daxil edilməsi milli-mənəvi varlığımıza ən yüksək səviyyədə böyük diqqət və qayğıdan xəbər verir.

Tədbirdə dövlət və hökümət nümayəndələri, nazirlər, millət vəkilləri, respublikamızın tanınmış elm və sənət adamları iştirak edib.

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
Featured

Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir

19.02.2018

Bakı Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyi “Aşıq musiqisi axşamları”nı keçirir.  Layihənin ilk axşamı Koroğlu eposu əsasında qurulmuş konsert-tamaşa idi.

Fevralın 16-da Muğam Mərkəzində layihənin ikinci axşamı keçirildi. “Aşıq Ələsgərin saz-söz dünyası” adlı bu axşam yenə də konsert-tamaşa formasını daşıyırdı. Hər iki axşamın ssenarisi müəllifi və tamaşaya qoyanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova idi.  Tamaşanın süjeti Aşıq Ələsgərin şer və dastanları əsasında qurulmuşdur.

27972401-1767416310043129-1480459524402957700-n.jpgTamaşa giriş, altı səhnə və epiloqdan ibarət idi. Giriş hissəsini aparan Sənubər Bağırova  axşamın məramını belə izah etdi: “Aşıq Ələsgərin şer və dastanları , elə bil ki, onun  ürək dəftəridi; bu dəftər onun ömrünün sevinc və kədərli anlarından, ürəyindən keçən hisslərdən, aşığın mənəvi dünyasından bizə xəbər verir. Gəlin bu axşam bu dəftəri vərəqləyib aşığ Ələsgərin ömrünün bəzi səhifələrini canlandıraq və onun sözünü eşidək”.

Bu səhifələr Aşıq Ələgərin gənc illərindəki uğursuz ilk məhəbbəti, orta yaşlarına təsadüf etmiş dövrünün böyük sənətkarı Aşıq Hüseyn Şəmkirli ilə görüşü, və aşığın qocalığından bəhs etdi. Tamaşada bütün rolları aşıqlar icra edirdi; onlar ənənəvi aşıq havalarını ifa etməklə bərabər səhnədə məharətlə dialoqlar da aparırdılar. Gənc Ələsgərin rolunu aşıq Əli Zeynalabdinov, orta yaşlı Ələsgərin rolunu aşıq Sərdar Məmmədov, qoca Ələsgəri aşıq Təbriz Vəliyev, Aşıq Hüseyn Şəmkirli rolunu isə aşıq Nazim Quliyev oynamışdı. Qadın rollarında aşıq Solmaz Kosayeva, gənc aşıqlar Fidan Qurbanova və Əfsanə Kərimova idi. Tamaşada həmçinin aşıqlardan Nəbi Nağıyev, Azər Əliyev, Kərəm Vəliyev, Vəli Paşayev, Toğrul İbrahimov iştirak etmişlər. Tamaşanın əsas iştirakçısı, səhnədə baş verən hadisələri gah izah, gah da şərh edən söyləyici idi. Bu rolu aşıq Bəhmən Kazımov məharətlə aparırdı. Axşamın sonunda Aşıq Ələsgərin ailəsi adından aşığın nəticəsi çıxış etmiş və aşıqlara öz təşəkkürünü bildirmişdi.

[bt_slider uid="1519041893-5a8abd65963f3" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/as3.jpg" title="as3.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/as5.jpg" title="as5.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/as8.jpg" title="as8.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/as7.jpg" title="as7.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Yazıçı-jurnalist Məti Osmanoğlu Azərbaycan Aşıqlar Birliyinin üzvlüyünə qəbul olunub
Featured

Yazıçı-jurnalist Məti Osmanoğlu Azərbaycan Aşıqlar Birliyinin üzvlüyünə qəbul olunub

14.04.2018

Yazıçı-jurnalist Məti Osmanoğlu Azərbaycan Aşıqlar Birliyinin üzvlüyünə qəbul olunub. Aprelin 13-də Aşıqlar Birliyində Birliyin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı Məti Osmanoğluna üzvlük vəsiqəsini təqdim edib.

Featured

“Ulduz Sönməz: Mən belə yaşadım” kitabının təqdimatı olub

07.03.2018

Martın 6-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ustad aşıq, pedaqoq, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü Ulduz Sönməzə həsr olunmuş “Ulduz Sönməz: mən belə yaşadım...” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq ustad aşığın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Aşıqlar Birliyi və Milli Kitabxananın birgə reallaşdırdığı layihələr milli-mənəvi dəyərlərin, aşıq sənətinin təbliğinə müəyyən töhfə verir.

“Ulduz Sönməz ölkəmizin aşıq xanımlarının yetişməsində mühüm işlər görüb, həm də aşıq şeirimizin gözəl nümunələrini yaradıb. Onun yetirmələri bu gün sənətdə öz sözünü deyən aşıqlardır”, – deyə K.Tahirov qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək kitabın məziyyətlərindən bəhs edib. Bildirib ki, aşıq Ulduz bugünkü qadın aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkardır: “Son illər dövlət tərəfindən aşıq sənətinin inkişafına böyük diqqət yetirilir. Bu sahədə böyük canlanmanın şahidiyik. Aşıq sənətinin ağbirçəyi sayılan aşıq Ulduzun bu sənətin inkişafında rolu xüsusi vurğulanmalıdır. Onun yaradıcılıq axtarışlarına hələ çox şahidlik edəcəyik”.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı sənətkarın aşıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, sənət aləmində 50 ildir fəaliyyətdə olan aşıq Ulduz bütün mənalarda öz obrazını yaradıb.
“Aşıq Ulduz gözəl sənətkar olmaqla yanaşı, həm də “Ulduz” Birliyinin yaradıcısı və rəhbəri, “Qopuz” jurnalının təsisçisi və baş redaktoru, ustad aşıq, pedaqoq, dəyərli ziyalıdır”, – deyə M.Qasımlı söyləyib.
Professor Qəzənfər Paşayev, Xalq artisti, professor Ramiz Quliyev, tibb elmləri namizədi Rəşid Mahmudov, iraqlı şair Fərrux Körpülü, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflı, şairə Fəridə Hacıyeva və digərləri də aşıq Ulduz Sönməzin bir sənətkar kimi özünəməxsusluğundan söz açıb, keçdiyi sənət yoluna işıq tutan bu kitabı yüksək dəyərləndiriblər.
Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, kitabda aşığın sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələri, son illərdə yazdığı şeirləri, yazışmaları ilə yanaşı, respublikamızın tanınmış dövlət, elm və sənət xadimlərinin onunla bağlı söylədikləri dəyərli fikirlər, habelə barəsində yazılmış məqalələr, Ulduz Sönməzin mətbuata müsahibələri, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, teleqramlar, təbriklər, dövlət təltifləri barədə məlumatlar və “Ulduz” Birliyi haqqında rəylər yer alıb.
Kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla bərabər, çağdaş dövrümüzdə aşıq sənətini araşdıran tədqiqatçılar və sənətə yeni gələn gənclər üçün qiymətli vəsaitdir. “Ulduz Sönməz: Mən belə yaşadım...” kitabının nəşrə hazırlayanı və redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
Tədbirdə eyni zamanda aşıqlardan İlham Aslanbəyli, Qələndər Zeynalov, Şaiq İncəli və Könül Bayramovanın ifasında  saz havaları dinlənilib.
Sonda aşıq Ulduz tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

M.NƏBİOĞLU

İSFƏNDİYAR RÜSTƏMOV
Featured

İSFƏNDİYAR RÜSTƏMOV

13.02.2018

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, ustad aşıq İsfəndiyar Rüstəmov 2018-ci il fevralın 9-da  vəfat edib.
İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra həyatını bütövlükdə aşıq sənətinə bağlayıb. 1958-ci ildə Bakıda keçirilən festivalda birinci dərəcəli diplom və döş nişanı ilə təltif olunub. Aşıq Ələsgərin 150 illik yubileyi münasibəti ilə Bakıda və 1972-ci ildə Moskvada keçirilən tədbirlərdəki çıxışları isə onu bir sənətkar kimi daha da məşhurlaşdırıb.

1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivalındakı uğurlu çıxışlarına görə İ.Rüstəmov  Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
Ömrünün 60 ildən çoxunu aşıq sənətinin inkişafına və təbliğinə həsr edən ustad  aşıq hələ 1964-cü ildə Gədəbəydə gənc aşıqları ətrafına toplayaraq aşıq ansamblı yaradıb və uzun illər bu kollektivə və Aşıqlar Birliyinin  Gədəbəy rayon şöbəsinə başçılıq edib.  Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı aşıq sənətinin inkişafı və təbliği sahəsində böyük uğurlara imza atıb.
Aşıq İsfəndiyar Rüstəmov sənətdə fəaliyyətə başladığı gündən respublikamızda və onun hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsaqbiqələrdə Azərbaycan mədəniyyətini, aşıq musiqisini layiqincə təmsil edib, müxtəlif diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub, tamaşaçıların rəğbətini qazanıb.
Dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olub. Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin açılış mərasimi, Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə keçirilən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivalları bu qəbildəndəir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan İsfəndiyar Rüstəmov ölkəmizin ictimai həyatında da yaxından iştirak edib. YAP-ın I Qurultayının nümayəndəsi olub.
Aşıq İsfəndiyar Rüstəmov 2002 və 2004-cü illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən gənc aşıqların I və II respublika müsabiqələrinin münsiflər heyətinin sədri, 2003 və 2005-ci illərdə keçirilən milli musiqi alətləri ifaçılarının I və II respublika müsabiqələrinin münsiflər heyətinin üzvü olub.
Aşıq İsfəndiyar Rüstəmovun sənətə xidmətləri layiqincə qiymətləndirlib. O, “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, Mədəniyyət və Turizm Nazirliyinin Fəxri diplomu ilə təltif olunub.  
Ustad aşıq İsfəndiyar Rüstəmovun əziz xatirəsi yaxınlarının və doğmalarının, onu tanıyanların və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

AŞIQ ŞƏHADƏT GÜLMƏMMƏDOV DÜNYASINI DƏYİŞİB
Featured

AŞIQ ŞƏHADƏT GÜLMƏMMƏDOV DÜNYASINI DƏYİŞİB

27.03.2018

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. XX əsrin ortalarından günmüzədək bütün ömrünü aşıq sənətinin inkişafına və təbliğinə həsr etmiş Aşıq Şəhadət 2018-ci il martın 25-də vəfat edib.

Şəhadət Nəsib oğlu Gülməmmədov 1929-cu ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. Atası yaxşı saz çaldığından uşaqlıqdan onda da saza meyil yaranıb. Bu sənətin sirləinə dərindən yiyələnmək üçün 1943-cü ildə aşıq Ədhəmin yanında şəyirdliyə başlayıb. Yeddi il onun yanında sənətin sirlərinə yiyələndikdən sonra 1950-ci ildən müstəqil olaraq aşıqlığa başlayıb.

Aşıq Şəhadət mahir solo-saz ifaçısı olmaqla yanaşı, klassik aşıq havalarının ən gözəl ifaçısı və dastanlarımızın bilicilərindən idi. İyirmidən artıq dastan bilirdi. Bir çox dastanlarımız onun dilindən yazıya alınıb.
Aşıq Şəhadət Azərbaycan aşıqlarının III və IV qurultaylarında iştirak edib, 1990-cı ildə Muğam Teatrı ilə birlikdə Türkiyədə qastrol səfərində olub.
Aşıq Şəhadətin 50-dən çox şəyirdi olub ki, bu gün onların hər biri tanınmış aşıqlardır.
Aşıq Şadət həm də bədii yaradıcılıqla məşğul olub. 2012-ci ildə “Gördüyümü danışıram” adlı şeirlər kitabı işıq üzü görüb.
Aşıq Şəhadət Gülməmmədovun əziz xatirəsi yaxınlarının, doğmalarının, sənət dostlarının və bütün sənətsevərlərin xatirəsində daim yaşayacaq.
Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

AŞIQ ƏDƏBİYYATI ANTOLOGİYASI” ÜÇCİLDLİYİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB
Featured

AŞIQ ƏDƏBİYYATI ANTOLOGİYASI” ÜÇCİLDLİYİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

26.02.2018

Fevralın 23-də “Xalq Bank”ın əsas binasında yerləşən bədii qalereyada ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə “Xalq əmanəti” layihəsi çərçivəsində hazırlanmış növbəti fundamental nəşrin –  üçcildlik “Aşıq ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirilib.

Toplantını giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bankın xalqımıza yeni hədiyyəsi barədə məlumat verərək bildirib ki, tarixən, nənə-babalarımızın arzu və istəklərinin yüksək bədii söz və musiqi havaları ilə ifadəsini tapdığı aşıq ədəbiyyatımız dünənimizin bugünümüzə ən qiymətli əmanətlərindəndir. “Xalq Bank” bu əmanətə sahib çıxıb, onu sabahımız üçün də qorumaq missiyasını gerçəkləşdirib.
Akademik qeyd edib ki, sazın-sözün əzəli və əbədi missiyası da xalqın dilini, ruhunu yaşatmaq, arıdıb-durultmaq, onun tarixi-mənəvi kimliyini, yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehirli bir ecazkarlıqla sabahlara daşımaq olmuşdur. Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.
Nəhayət,  “Xalq Bank”ın nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üçcildlik “Aşıq ədəbiyyatı” antologiyası da əlavə olundu. Qədim və zəngin mədəni irsimizdə layiqli yeri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildliyin birinci kitabı ən yaxşı poetik nümunələri, ikincisi cild qəhrəmanlıq və üçüncü toplu məhəbbət dastanlarını əhatə edir.
Antologiyanı tərtib edənlər Azərbaycan Aşıqlar birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı (o həm də nəşrin elmi redaktorudur) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktoru Şəhla Tahirqızı, illüstrasiyaların müəllifi xalq rəssamı Arif Hüseynov, layihənin redaktoru Səlim Babullaoğlu, rəhbəri isə Rafiq Həşimovdur.
Nizami Cəfərov “Xalq Bank”ın mənəvi saxlancına bu dəfə aşıq ədəbiyyatımızın seçmə nümunələrindən ibarət üçcildlik möhtəşəm bir antologiyanı əlavə etməsinin vətəndaşlıq və yurdsevərlik işi olduğunu vurğulayıb, bu dəyərli layihəni ərsəyə gətirən yaradıcı heyətə və bankın rəhbərliyinə ölkə ziyalılarının və geniş oxucu auditoriyasının minnətdarlığını ifadə edib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çıxışında bildirib ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb.
Ədəbiyyatşünas professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov, Əməkdar Mədəniyyət İşçiləri Aşıq Ulduz Sönməz və Aşıq Əhliman Rəhimov, nəşri illüstrasiyalarla bəzəmiş Xalq rəssamı Arif Hüseynov ədəbiyyat və incəsənətimizin klassikləşmiş nümayəndələrinin ən yaxşı əsərlərindən ibarət topluların, tarix və mədəniyyətimizə işıq salan fundamental nəşrlərin çağdaş nəsillərə çatdırılmasında “Xalq əmanəti” layihəsinin müstəsna rol oynadığını qeyd edərək bildiriblər ki, “Xalq Bank”ın son 8 ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarlığının bariz nümunəsidir.
Çıxışlarda vurğulanıb ki, layihənin əvvəlki nəşrlər kimi, aşıq ədəbiyyatı antologiyasının da hazırlanıb çap olunması və yüksək səviyyədə təqdimatının təşkili ədəbi-mədəni həyatımızın məmnunluq doğuran hadisəsidir. Bununla da “Xalq Bank” təkcə xalqın maliyyə əmanətlərinin deyil, mənəvi dəyərlər əmanətinin də ən yaxşı saxlancı və hamisi olduğunu təkrar-təkrar sübut edir.
Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, mərhum Xalq şairi Zəlimxan Yaqubun antologiyanın nəşrə hazırlığı gedişində aşıq sənəti ilə bağlı yazdığı “Dahilik, müdriklik və sadəlik” məqaləsi üçcildliyin “Aşıq poeziyası” cildinə daxil edilib. Aşıq sənətinin mahir bilicisinin aşağıdakı sözləri antologiyanın missiyasına gur işıq salır: “Aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin, suyun-bulağın, çayın-çeşmənin, yerin-göyün, buludun-şimşəyin, gözəlliyin, sevginin-məhəbbətin, çərşənbə gününün dilində danışır, bizi də bu ruhda danışdırır, bu ruha kökləyir.”
 “Xalq əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi “Aşıq ədəbiyyatı” antologiyası şanlı dünənimizin şərəfinə yaradılmış mənəvi bir abidədir. Böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərmağandır, əsl Xalq əmanətidir!

[bt_slider uid="1519588988-5a93167c50607" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/15194820615179853923_1000x669.jpg" title="15194820615179853923_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15194820613347343202_1000x669.jpg" title="15194820613347343202_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15194820614632240036_1000x669.jpg" title="15194820614632240036_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15194820613961554300_1000x669.jpg" title="15194820613961554300_1000x669.jpg" link="" parent_tag="slider"][/bt_slider]

GƏNC AŞIQLARIN KONSERTİ KEÇİRİLİB
Featured

GƏNC AŞIQLARIN KONSERTİ KEÇİRİLİB

02.02.2018

Fevralın 1-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirlib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı qeyd edib ki, ölkəmizdə bütün  gənc yaradıcı qüvvələrin, o cümlədən də  gənc aşıqların yaradıcılığına həmişə xüsusi diqqət yetirilir. Arıq 20 ildən çoxdur ki, hər il fevralın 2-si ölkəmizdə Gənclər günü kimi qeyd olunur. Bunun əsası həmişə gəncilyə böyük diqqət və qayğı göstərən ümummilli lideimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün də uğurla davam etdirilir.
Qeyd olunub ki, bu gün ölkəmizin, demək olar ki, əksər musiqi məktəblərində sz sinifləri fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənclərimiz aşıq sənəti üzrə bakalavr və magistr pillərində təhsil alırlar. Bir neçə il bundan əvvəl Gədəbəy rayonunda Aşıq Musiqisi Məktəbinin açılması da yeniyetmə və gənclərin aşıq sənətinə marağını daha artırıb.

20180201_194035.jpg
M.Qasımlı həmçinin onu da vurğulayıb ki, gənclərə qayğı göstərilməsi, yaradıcılıq imkanlarını üzə çıxartmaları üçün onlara şərait yaradılması Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətində həmişə mühüm yer tutub. İndiyədək ayrıca gənclərlə bağlı müxtəlif tədbirlər keçirilib. Gənc aşıqların səs incilərindən ibarət “Sarıtel” və “Misri” adlı audiodisklər buraxılıb.
Bu tədbirin də gənc aşıqlara qayğının bir nümunəsi olduğunu vurğulayan AAB sədri deyib ki, gənc aşıqların bu axşamkı çıxışı həm də bir növ onların yaradıcılıq hesabatıdır.
Sonra tədbirin bədii hissəsi başlayıb. Səhnəyə ilk olaraq Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu çıxıb. Qrupun ifasında “Ayaq şəşəngi” havası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İstedadlı solo saz ifaçıları Roman Azaflı, Xətayi Kərimov, Bəxtiyar Qurbanov və Sahib İsmiyev “Ruhani”, Sahib Hacılı və Fidan Qurbanova “Şirvan müxəmməsi”, Şəhriyar Laçın “Dilqəmi”, Qabil Faxralı “Dərvişi”, amerikalı gənc Marta Lauri “Ovşarı”, Məharət Habiloğlu, Asif Xasanoğlu, Haqverdi Babaoğlu və Yusif Niftəliyev “Pənah gözəlləməsi”, Kərəm Vəliyev və Toğrul Gədəbəyli “Kərəm gözəlləməsi”, Murad Məmmədli, Əli Dərələyəzli, Şəmşəd Məmmədov və Nəsib Nüsrətoğlu “Hüseyni” və Xəyalə Göyçəli “Cəlili” havası ilə tamaşaçıların könlünü oxşayıblar.
“Şirvanşah”, “Misri” və “Laçın” sazçı folklor qruplarının və digər gənclərin  çıxışları da alqışlarla qarşılanıb.

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
Featured

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

20.03.2018

Hörmətli  həmvətənlər, əziz soydaşlar! Sizi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunan, müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və şəxsən öz adımdan təbrik edirəm. Bu bayramın milli adət ənənələrimizdə özünəməxsus yeri var. Xalqımızın milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi, tarixin müəyyən məqamlarında  qadağalarla üzləşib, 70 illik sovet rejimi, imperiyanın repressiya qorxusu da onu yaddaşlardan silə bilməyib.

Xalq öz adət-ənənsinə hər zaman sadiq qalıb, milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Qəhrəmanlıqlarla dolu tarixi keçmişə, zəngin dəyərlərə malik olan xalqımız Novruz bayramı və bu bayramla bağlı mərasimləri yaşadaraq, zəngin mənəvi irsimizi yad təsirlərdən qoruyub. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasından sonra isə xalqımız özünün milli-mənəvi dəyərlərinin əsl sahibinə çevrildi, mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ yarandı. Ümummilli liderimiz Heydər Əliyevin adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan həssas münasibəti, qayğı və diqqəti  Novruz bayramının da xalqın ruhuna uyğun geniş təmtəraqla keçirilməsinə imkan yaratdı. Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının ildən-ilə daha yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə olan böyük ehtiramın sübutudur.  Ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, BMT-nin Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunması isə bu bayramı regional müstəvidən çıxararaq beynəlxalq səviyyəli tədbirə çevirmişdir. Bu, eyni zamanda, xalqımızın həmrəyliyinin və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.
Əziz həmvətənlər, əziz soydaşlar, sizləri bir daha bu bayram münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, səadət, bahar təravətli günlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıram.
Novruz bayramınız mübarək!

Hörmətlə, Məhərrəm Qasımlı,
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor.

“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti konsert-tamaşa təqdim edilib
Featured

“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti konsert-tamaşa təqdim edilib

19.02.2018

Aşıq sənətini bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq oradan yenə Ələsgər zirvəsi görünür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihəsinin növbəti konsert-tamaşanın təqdimatında səsləndirilib.

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından olan Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş “Ələsgərin saz-söz dünyası” adlı tədbirdə əvvəlcə azman sənətkarın poeziyasının nümunələrindən ibarət videoçarx nümayiş olunub.

Daha sonra Aşıq Ələsgərin şeir və dastanları əsasında hazırlanmış səhnələr təqdim edilib. Səhnələrin müəllifi və ssenari müəllifi Aşıqlar Birliyinin katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.

Konsert-tamaşa poeziyasevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, may ayınadək davam edəcək layihənin əsas məqsədi qədim Azərbaycan musiqi irsinin ictimaiyyətə geniş təbliğ etməkdir.

[bt_slider uid="1519042168-5a8abe78aacca" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/15188004603602812136_1000x669.jpg" title="15188004603602812136_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15188004592293265036_1000x669.jpg" title="15188004592293265036_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1518800459118446230_1000x669.jpg" title="1518800459118446230_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1518800459290753325_1000x669.jpg" title="1518800459290753325_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/15188004593932536558_1000x669.jpg" title="15188004593932536558_1000x669.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Featured

Gənclər günü münasibəti ilə gənc aşıqların konserti keciriləcək!

31.01.2018

01.02.2018-ci il tarixdə saat 19-00-da Rəşid Behbudov adına Mahnı teatrında Mıdəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin gənclər günü münasibəti ilə təşkill etdiyi gənc aşıqların konserti keciriləcəkdir!
Giriş sərbəstdir.
Hörmetlə, təşkilat katibliyi!

31 -dən səhifə 36

  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ