Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi - “Aşıq, bağrına bas sədəfli sazı”

Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” kitabı işıq üzü görüb. Bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

Gürcüstanın Bolnisi şəhərində ənənəvi "Bolniskalakoba" bayramı (Bolnisi şəhər günü) keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin qədim və böyük küçələrindən birində açıq hava altında təşkil olunmuş bayram tədbirində Bolnsi şəhəri ilə yanaşı, bələdiyyənin bütün kəndləri üçün ayrılıqda guşələr ayrılıb. Gürcü xalqı ilə yanaşı burada Azərbaycan xalqına məxsus qədim milli-mədəniyyət nümunələri və milli mətbəximiz də nümayiş olunub.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi olan ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü  il sentyabrın 13-də vəfat edib.

Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli  kəndində sənətkar ailəsində dünyaya gəlib – onun atası Musaxan öz dövrünün ustad aşıqlarından olub.

1972-ci ildə orta məktəbi bitirən Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub.

Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, eyni zamanda muğam sənətinin də bilicisi olan A. Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızn mahir bilicilərindən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq  2010 və  2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə,  müxtəlif yubiley tədbirlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Rusiyada, Qazaxıstanda, İranda və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

Abbas Musaxanoğlu Güləliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Dəyərli sənətkar, ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi respublikamızın ozan-aşıq mədəniyyəti ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb

Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.

“SAZ-SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR

Neçə illərdir ki, “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin yaradıcı heyəti yeni mövsümə hazırlıq işlərini başa çatdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən verilişn ilk buraxılışı Qərbi Azərbaycan aşıq mühitlərinə, bu bölgənin aşıqlarına həsr olunub. Qərbi Azərbaycan aşıqlarına həsr olunmuş əvvəlki verilişlərdən fərqli olaraq bu dəfə əsasən gənc aşıqlara yer ayrılıb. Tamaşaçılar veriliş boyu İmralı Fikrətoğlu (“Baş sarıtel”, “Qəhrəmanı”), Nərmin Salahova (“Cəlili”, “Orta müxəmməs”), Elməddin Bayramlı (“Baş dübeyti”, “Ağır şərili”), Ayaz Əzizoğlu (“Göyçəgülü”, “Ovşarı”), Urfan Qurbanov (“Ruhani”) və Ləman Mirzəyevanın ifasında (“Hüseyni”, “Gəraylı”) müxtəlif aşıq havalarını dinləyə biləcəklər.

Verlişin növbəti buraxılışları isə dastanlarımıza həsr olunub. Ustad aşıq Elman Talıstanlı və Elçin İsmayıllı “Seyfəlmülk”, Ələddin Göyçəli və İxtiyar Qocayev isə “Aşıq Musa və Mələknisə xanım” dastanlarını təqdim edəcəklər. Hazırda hər iki dastanın teatral təqdimatı üzərində son hazırlıq işləri görülür.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə

Müstəqillik dövründə ölkəmizdə milli mətbuatın, demokratik cəmiyyətin və vətəndaş cəmiyyətinin inkişafında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir mətbuatımızın öncüllərindən olan  “Bakı-Xəbər” qəzetinin  xidmətləri danılmazdır. Fəaliyyət göstərdiyiniz 20 il ərzində “Bakı-Xəbər” qəzeti şərəfli bir yol keçərək daim Azərbaycan dövlətçiliyinə xidmət edərək müstəqilliyimizi və bu yoldakı uğurlarımızı tərənnüm etmiş, xalqımızın milli mənlik şüurunun formalaşmasında mühüm rol oynamışdır. Qəzetin fəaliyyətində mədəniyyətimizin, xüsusilə də onun mühüm tərkib hissəsi olan ozan-aşıq mədəniyyətinin təbliğinə də böyük yer verilməsini isə ayrıca minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm.

Hörmətli Aydın müəllim! “Bakı-Xəbər” qəzetinin 20 illik yubileyi münasibətilə Sizi və başçılıq etdiyiniz kollektivin bütün əməkdaşlarını Azərbaycan Aşıqlar Birliyi və çoxsaylı ozan-aşıq ictimaiyyətinin adından təbrik edir, milli jurnalistikamızın zəngin ənənələrini davam etdirmək yolundakı fəaliyyətinizdə bundan sonra da böyük uğurlar əldə etməyinizi arzulayıram!

Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar elm xadimi, professor.

4 -dən səhifə 39