AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Məhərrəm Qasımlı (Orxan Paşa) - 65
Featured

Məhərrəm Qasımlı (Orxan Paşa) - 65

01.08.2023

Orxan Paşanın şeiri, qoşa qanadın sehri...

 (Elm və sənət adamının poeportretindən cizgilər)

   Qarşımda bir neçə kitab var, poeziyadır – şeirlərdir. Onlardan birinin adı belədir: “Əllərini uzat mənə”, elə bil, suya batan, imdad istəyən bir nəfərdir, kiməsə yalvarır ki, “əllərini uzat mənə, bu dəryada boğuluram, batıram, ölürəm, əllərini mənə uzat, məni xilas elə!!” Belə olmasaydı, kitabın müəllifi belə yazmazdı:

Mən Orxan Paşayam, çox yaxındayam,
Yanıram oduna, bax, yaxındayam.
Getdiyin yolların ayağındayam,
Gəldiyin yolların başında, hər gün!

    Bu onun birinci kitabı deyil, heç sonuncu kitabı da deyil, son çap etdirdiyi uğurlu kitabdır (Bakı, “Uğur”, 2021). İndiyə qədər xeyli poetik kitabları var. Əslində, o, alimdir, özü də elə-belə alim deyil, ustad alimlərin bulağından diz yerə qoyub içən ustad alimdir. Bir dəfə demişəm, yenə də yada salıram, “Məhərrəm Qasımlı Azərbaycan ədəbiyyatşünaslığında “Aşıq sənətinin nəzəriyyəsini yaradan” folklorşünas-alimdir!!”, hələlik sonuncu kitabı da budur: “Ozan-aşıq sənəti və ədəbiyyatı.”, Bakı, 2023.)

    Amma o, alim olmamışdan qabaq şairimiş... İçində bir paşa-şair, qucağında saz, ürəyində söz, bardaş qurub oturubmuş. Sonra ayağa qalxıb bir üzü aşıqlığa (aşıq poeziya nəzəriyyəçisi – Məhərrəm Qasımlı oldu), bir üzü şairliyə (Orxan Paşa oldu) doğru, bəlkə də bu qoşa qanad birləşərək üzü aşiqliyə doğru inamla-ilhamla addımladı...

   Həm Məhərrəm Qasımlı, həm Orxan Paşa ikisi bir canda, bir qəlbdə yaşayan bir adamdır – rəsmi bir adda – Məhərrəm Paşa oğlu Qasımlı adında pasportlaşıblar...   Özünün yazdığına görə, “saz başına döndüyüm” – deyə-deyə bir ömürdə üç ömür yaşayıbdır:  "İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keçməsi şərtdir.
      Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin dərgahına bağlıdır.
     İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevrələyir. Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirr bilinməyən tərəfləri çoxdur.
    Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü-sonuncu mərhələsi gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya - Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi duyğularını məhz uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır.
    Mən indi üçüncü sevginin sehri və cazibəsi içindəyəm". Bu məntiqlə yanaşanda (elə onun bütün şəxsiyyəti və yaradıcılığı da bunu göstərir), Məhərrəm Qasımlı – Orxan Paşa sevgi və məhəbbətlə mayalanmış bir ömür yaşamaqdadır... Amma, nə qədər, ikisi bir canda, bir təndə olsalar da, Bakılılar demiş, Məhərrəm Qasımlı bir alay, Orxan Paşa bir alayıdır, qoşa qanadla pərvaz etsələr də, alayı-alayı ruhda olan şəxsiyyətlərdir... Onu cani-könüldən sevən, ruh şairi Barat Vüsal qələm dostunu  “Sözün Məhərrəmi - Sazın Orxan Paşası” adlandırıbdır və düz də eləyibdir...

   Əvvəl, “Sözün Məhərrəmini” –  Məhərrəm Qasımlını qısa tanıtımda təqdim edək, sonra keçək Orxan Paşaya. Çünki, bu gün bizim əsas adamımız, poeportret janrında  ədəbi qəhrəmanımız - Orxan Paşa ləqəbli Məhərrəm Qasımlıdır...

     "Azərbaycan Respublikasının əməkdar elm xadimi" (2015), Azərbaycan Respublikasının Dövlət Mükafatı  laueratı (2010), "Şöhrət" ordenli  (2018), filologiya elmlər doktoru, professor, ədəbiyyatşünas, folklorşünas, Beynalxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi, “Milli Folklor” (Türkiyə) dərgisinin Azərbaycan təmsilçisi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, “Folklor və Etnoqrafiya” beynəlxalq  jurnalının baş redaktoru,  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinin müdiri  Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə, avqustun 5-də ozanlı-aşıqlı, sazlı-sözlü, nağıllı-dastanlı Tovuz rayonunun Alakol kəndində tanınmış ziyalı ailəsində anadan olub, 1975-ci ildə Tovuz rayonu Alakol kənd orta məktəbini bitirib, mükəmməl orta və ali təhsil alıbdır.

     Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib,  bir müddət sonra AMEA Nizami adına Ədəbiyyat institutunun əyani aspiranturasına qəbul olunub, burada “Şah İsmayıl Xətayinin poeziyası” namizədlik və “Aşıq sənətinin qaynaqları, yaranışı və mühitləri” mövzularında doktorluq dissertasiyalarını müdafiə edibdir.

 O, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Firudin Hüseynov, Tofiq Hacıyev, Fərhad Zeynalov, Şamil Qurbanov, Qulu Xəlilov, Təhsin Mütəllibov kimi şəxsiyyətlərdən dərs almış, onların hərəsindən bir kişilik əlaməti, mərdlik, elm, düşüncə tərzi, mütərəqqi-milli dünyagörüş, həyat tərzi  əxz etmiş, öz şəxsiyyətində cəmləyərək sabitləşdirmişdir. Bu onun Universitetdəki tələbəllik illərinə xasdır.

  Sonrakı dövrdə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı aspirantura dövrü, namizədlik, doktorluq mövzularında dissertasiya müdafiələri, şöbə müdiri, direktor müavini kimi məsul vəzifələrdəki fəaliyyəti dövründə Azərbaycanın görkəmli alimlərindən Mirzə İbrahimov, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Kamran Məmmədov, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qasım Qasımzadə, Teymur Əhmədov, Yaşar Qarayev, Qəzənfər Paşayev, Şamil Salmanov, İsa Həbibbəyli, Şirindil Alışanlı, Kamran Əliyev, Muxtar İmanov, Teymur Kərimli və s. bu kimi görkəmli alimlərlə, qələm dostları, həmyaşları ilə təmasları, ünsiyyəti Məhərrəm Qasımlı şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmiş, elmimizə, mədəniyyətimizə, müasir milli təfəkkürümüzə belə bir ziyalı bəxş etmişdir... Və bunu da qeyd edim ki, mənim gözümün qabağında, bu azman elm adamlarının sırsında yer tutmaq, elmdə, idarəetmədə məqam sahibi olmaq da, hər oğulun, hər alimin, hər ziyalının hünəri deyil...

    Məhərrəm Qasımlı  "Aşıq sənəti" (1996), “Şah İsmayıl Xətainin poeziyası” (2002),  "Sənə sözüm var" (2004), "Ozan-aşık sanatı" (2010, Türkiyə),  “Ozan-aşıq sənəti” (2011, 304 s.), “Şirvan aşıqlarının saz havaları” (2011), “Dərbənd folkloru” (2014), ”Ozan sənəti” (Təbriz, 2015), “Folklor və ədəbiyyat araşdırmaları” (2017, 627 s.), “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” (2018) təkin  xeyli monumental monoqrafoyalar,  “Ozan-aşıq keçidi” ("Qobustan" jurnalı., 1991, №3), "Manas" dastanının anlatılış özəllikləri” (Ankara, "Turk dünyası" dərgisi, 1995, №4), “Azərbaycan türklərində ad anlayışı”    ( Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11), “Aşıq sənətində informatik yük və repertuar problemləri” ( Bakı, 2001, Elmi əsərlər, №3–4), “Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq” (“Ədəbiyyat qəzeti”- 2015.- 5 sentyabr.- S.20–21.) qəbildən 500-dən çox elmi-nəzəri məqalələrin müəllifidir.

ABŞ, Rusiya, Türkiyə, Fransa, İran, Gürcüstan, İraq, Orta Asiya və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən tanınmış araşdırmaçının aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilatı fəaliyyəti barədə 2006-cı ildə Türkiyənin Atatürk Universitetində dissertasiya işi müdafiə olunmuşdur. Çoxsaylı kitab, monoqrafiya və məqalələrin müəllifi olan professor Məhərrəm Qasımlının rəhbərliyi altında otuzdan çox fəlsəfə doktoru yetişmişdir.

  Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor materiallarının toplanması və antoloji nəşrlərinin hazırlanmasında da onun mühüm xidmətləri vardır. Təkcə 2018-ci ildə nəşr olunan üç cildlik “Azərbaycan aşıq ədəbiyyatı” antologiyası bunun əyani örnəyidir...

     2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin birinci katibi olan Məhərrəm Qasımlı 2016-cı ildən həmin təşkilatın sədri kimi səmərəli fəaliyyət göstərir. O, 2014-cü ildən nəşr edilən “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktoru, Türkiyədə çap olunan “Milli folklor” və “Atatürk” beynəlxalq elmi jurnallarının Azərbaycan təmsilçisi, UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə “Aşıq sənəti” layihəsinin elmi məsləhətçisi, “Ozan” elm və sənət toplusunun baş redaktorudur.

   O, həm də bacarıqlı elm təşkilatçısıdır.  1992-2017-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 2003-cü ildən “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinə rəhbərlik edir. 1992-2003-cü illər arasında Ədəbiyyat institutunda Elmi Şuranın sədr müavini, 1993-cü ildən 2003-cü ilə qədər, daha sonra isə 2007-2016-cı illər arasında İnstitutun Elmi Seminarının rəhbəri olmuş, 1998-ci ildən indiyə kimi İnstitutun nəzdindəki Dissertasiya Şurasının üzvüdür.

    Məhərrəm Qasımlı  təxminən, 30 illik uzun bir müddətdə Azərbaycan Radiosu və Televiziyası ilə sıx əməkdaşlıq edib. Azərbaycan Radiosunda efirə gedən “Bulaq” verilişləri, Azərbaycan Televiziyasında aparıcısı və müəllifi olduğu “Bizim ellər yerindəmi”, “Qala”, “Musiqi xəzinəsi”, “Saz-söz axşamı” və başqa verilişlər Məhərrəm Qasımlının sanballı, özünəməxsus, səriştəli teleradio yaradıcılığından, xalqla ardıcıl ekran-efir ünsiyyətindən xəbər verir... Bu qismidən verilişlərin ömürdən və yaradıcılıqdan nələr apardığını, hansı zəhmət, axtarışlar hesabına (“Ədəbiyyatşünaslıq və zaman” verilişinin 12 illik aparıcı-müəllifi kimi) başa gəldiyini öz təcrübəmdən yaxşı bilirəm...

 Bu ekran-efir yaradıcılığı, ünsiyyəti Məhərrəm Qasımlını Azərbaycanın hər evində, hər hücrəsində tanıdıb... Təkcə Qüzey Azərbaycanında deyil, Bütöv Azərbaycanda – Cənubdan tutmuş Dəmir qapı Dərbənd, Gürcüstan tayında Borçalı ellərində, Avropada, Şərqdə, imanımız-gümanımız, səsimiz haralara çatırsa oraların hamısında professor, folklorşünas, tele-aparıcı, aşıq sənətinin kamil bilicisi Məhərrəm Qasımlını yeddidən yetmişə hamı tanıyır, rəğbətlə qarşılayır, sevir, yolunu gözləyirlər...

  Orxan Paşa isə  şairdir, onun "Sənə sözüm var" (2004) adlı ilk şeirlər kitabı ilə

  "Yağmur qoxusu" (2015)  arasında  11 illik bir zaman məsafəsi dayanır. Məhərrəm Qaımlı elə bu kitabından başlayaraq Orxan Paşa imzasını qəbul edir.  Orxan Paşanın yeddi şeir kitabı işıq üzü görüb.  Bunlardan Məhərrəm Qasımlı - Orxan Paşanın birgə imzası ilə çap olunan "Taleyimdən və ürəyimdən keçənlər" (2017),  nəsrlə filosofanə yazılmış esselərdir, şairanə düşüncələrdir, sənət adamının estetik düşüncələridir...  Məhərrəm Qasımlı və Orxan Paşanın  yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb.  Burada müəllifin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb. Onu da deyim ki, Məhərrəm Qasımlının yaradıcılığında elmi təfəkkürlə bədii təfəkkür qəribə bir tərzdə inteqrasiya edir, ya bir-birinə keçid edir, ya da paralel hərəkət edir, yaxud da qovuşur, birgəlik yaradır...

   "Taleyimdən və ürəyimdən keçənlər" kitabının əvvəlində müəllif  bu yazıları toplamaq ehtiyacından "Bir neçə söz" başlığı altında yazır: "İllər boyu ürəyimdən və taleyimdən keçənlərin bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində yazıya almışam. Burada həyati müşahidədən gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və daha nələr, nələr... yer alır. Açığı, qələmə aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdə çətinlik çəkirəm. Dünya ədəbiyyatında çeşidli örnəkləri ola biləcək bu yazı manerasının ən çox bəyəndiyim təqdimatını Jül Renarın məşhur gündəliyində görmüşəm".

  "Saz başına döndüyüm" (2017)  kitabına isə konkret janr nümunələri, daha dəqiq desək, “Durna telli”  qoşma və gəraylılar daxil edilib. Bu şeirlər toplusu çeşidli saz havalarında səsləndirilə biləcək poetik mətnlərdir.     

    Burada lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin tərənnüm olunduğu, milli dövlətçilik düşüncəsinin və dünyanın fəlsəfi dərkinə yönəlmiş dəyərləndirmələr öz əksini tapıb. Şair saz, saz havaları və saz şairi haqqında düşüncələrini bu cür ifadə edir: "Mən uzun müşahidə və təcrübələrdən sonra bu qənaətə gəldim ki, poeziyada ən çətin iş saz şairi ola bilməkdir. Saz, daha doğrusu, saz havaları heç də hər şeiri öz bağrında yuvalandırmır. Saz havası və aşığın oxu biçimi qoşma və gəraylıdakı uyğunsuzluğu həmin andaca üzə çıxarıb geri itələyir. Abbas Tufarqanlının, Qurbaninin, Xəstə Qasımın, Dədə Ələsgərin şeirləri saz havalarının boyuna biçilib. Vaqif, Səməd Vurğun, Hüseyn Arif, Məstan Günər, Zəlimxan Yaqub, Məmməd Aslan kimi qələm ustaları da məhz saz şeirləri ilə ürəklərə yol açıblar. Əsl saz şairi ola bilmək hər kəsə qismət deyildir".

    Kitabın "Durnatelli qoşmalar" adlanan birinci hissəsində şairin "Hər gün", "Səndən küsmüşəm", "Təbriz meydanında", "Ordumuz", "Ay qoca dünya", "Göyçəgülü", "Gəldim, ay Bənövşəm", "Arxada qalan günlər", "Hayıf ki, sağ qaldım", "İtirdim dostları" kimi müxtəlif məzmunlu şeirləri daxil edilib.

    "Gəraylı ərmağanı" adlı ikinci hissədə isə "Bayrağım", "Ana yurdum", "Sazım", "Söykən", "Gedək Təbrizə-Təbrizə", "Ürək pıçıltısı", "Şuşanın "Xarı bülbül"ü", "Qürbətin yolları", "Özümlə könül söhbəti", "Dünya", "Tanrım" kimi nümunələr toplanıb.

     "Əllərini uzat mənə" (Bakı, 2021. 272 səh.) şeirlər kitabı isə onun, oxuculara təqdim edilən hələlik sonuncu şeirlər kitabıdır. Ərazi bütövlüyümüzün bərpa edildiyi, işğalçı üzərində şanlı qələbə qazandığımız Vətən müharibəsinə həsr olunan kitabda müəllifin “Qırx dörd günün gerçək nağılı”, “Gəlmişəm, Şuşam, gəlmişəm”, “Kasıbın oğlu” adlı şeirləri, həmçinin “Şərqdə şər oyunu” adlı fəlsəfi-siyasi poeması, eləcə də “Taleyimdən və ürəyimdən keçənlər” adlı ömür və könül etüdləri yer alıb.

    Orxan Paşanın Bakıda yeddi, Təbrizdə iki, Tiflisdə isə bir şeir kitabı işıq üzü görübdür.  Bədii əsərləri Azərbaycanla yanaşı Türkiyə, İran, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində yayılmışdır.  

   Göründüyü kimi, elm və sənət Məhərrəm Qasımlı (Orxan Paşa) yaradıcılığının Qoşa qanadıdır.  Amma birinci qanadı şeirlə tumurcuqlayıb. 1973-cü ildə Tovuzun “Həqiqət” qəzetində çap olunan, İmadəddin Nəsimiyə həsr edilən “Dedi” adlı şeiriylə ədəbiyyata gələn Məhərrəm Qasımlı (hələ onda Orxan Paşa deyildi) illər ötdükcə həm yüksək intellektual səviyyəli ciddi alim, həm istedadı haqdan gələn görkəmli şair kimi məşhurlaşıb; hər iki sahədə sanballı uğurlar qazanıb, Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən dəyərli əsərlər yaradıb, çoxsaylı kitablar çap etdirib. Alim Məhərrəm Qasımlı və şair Orxan Paşanın eyni şəxsiyyətdə birləşən bütövlük vəhdəti müasir elmi-ədəbi dünyamızın ən unikal faktlarından biridir. Unikallığı budur ki, sözü özünə çıraq edib daha gur işıq axtarıb, poeziya ilə işıq axtarışına çıxıb, bir şeirində dediyi kimi:

Təzədən başlayaq hər şeyə, quzum,

Yağış yağa-yağa, qar döyə-döyə.

Qanadı qan gördü uğurumuzun,

Təzədən başlayaq yollar getməyə.

 

...İşığı axtaraq sonsuz gecədə,

Yorğun gözümüzü zülmət boğsa da.

İşığı axtaraq ümid içində,

İşığı axtaraq, işıq yoxsa da...

 Orxan Paşa aşıq babaları kimi könül şairi, ürək şairidir, təbiidir, səmimidir, dastan qəhrəmanları kimi poeziyaya qarasevdalıdır... Yaşı olan budur ki, ozan-aşıq ədəbiyyatından qaynaqlanan bu poeziya müasir poeziyaya xas olan modern təfəkkür, duyğu və üslubu da özündə ehtiva edir.

   Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyətlə, inandıraraq ictimailəşdirməyi bacarır və bu onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq məziyyətidir...

   Məhərrəm Qasımlı (Orxan Paşa) “hər elmdən hali olan” Aşıq Ələsgərdən, “bayatılarımızın heyrət heykəli” adlandırdığı  Sarı Açıqdan, “ismi pünhan aşiqi” Molla Cümədən, Azaflıdan, Şəmşirdən, həmçinin Təbriz-Qaradağ aşıq mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Qaşqay aşıq mühitindən, başqa sözlə “Ata Qorquddan, Dədə Qorquda” qədər süzülüb gələn ruha yiyələnmiş, bunları ən ustadcasına təbliğ edən, ilhamında cəmləyən şair-ruh adamıdır. Buna görə də, onun istər elmi, istərsə də poetik, istərsə də, “Taleyimdən, ürəyimdən keçənlər” nəsranə fəlsəfi etüdlərində ruhumuzun və dilimizin sərrafı rolunda özünü tamlıqla göstərir.

    Şuşaya gedişini “Müqədəs səfər” adlandıran Məhərrəm Qasımlı (Orxan Paşa) “Şuşanın fəthi qürurunu yaşamaq adamın ruhunu səmada – Şuşanın göylərində qanadlandırır və kövrəldir. ...Şuşaya gəldiyim gün, uzun illər niyət etdiyim bir ibadəti yerinə yetirdim, diz çöküb igidlərin qanına bələnmş Şuşanın daş-divarını öpdüm, tutiya kimi gözlərimə çəkdim. Və bir şeir gəldi ruhuma – “Gəlmişəm, Şuşam, gəlmişəm” şeiri elə oradaca ürəyimdən dodaqlarıma, oradan da varağa süzüldü... Bəlkə də, bu yeni, azad olunmuş Şuşada ilk yazılan şeir idi...”

  Digər şeirlərinin əksəriyyəti təkin bu şeir də Orxan Paşanın (Məhərrəm Qasımlının) ömürlüyünün bələdçisidir... Şeir şəxsiyyətin – müəllifin güzgüsüdür və bu güzgü parobolik güzgü deyil, onun iç dünyası, dış dünyası bu güzgüdə yüzə-yüz əks olunur. Bu şeir güzgüsüdür,  bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu poeziya güzgüsü...

    Və bu güzgüdə görürük ki, şair Orxan Paşa (Məhərrəm Qasımlı) bütün varlığı ilə bu Vətənə, bu torpağa, bu elə bağlı olan bir ürək sahibidir... Onun bir ziyalı kimi bütün taleyi Azərbaycan adlanan Vətənin taleyinə bağlıdır və onun öz poeportretinə “Sənin taleyindir bu vətən!!” – xitabını da təsadüf, gəlişigözəl söz, ifadə saymırıq və bu həqiqətən də belədir... Belə olmasaydı 30 ildən sonra Xarı bülbülə dönüb, Zəfər yolunu keçərək “Gəlmişəm, Şuşam, gəlmişəm!” sevincini, fəxarətini, qürurunu çətin ki, yaşayardı, ümidləri Cıdır düzündə beləcə çiçək açıb gerçəyə, azad ruha, nurlu çöhrəyə çevrilməzdi...

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şüşüm, gəlmşəm.

... Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim,

Gerçək oldu ümidlərim-

Gəlmişəm, Şuşam, gəlmişəm.

  Şuşanın qayasını, torpağını diz çöküb öpən lirik qəhrəman Azərbaycan qəhrəmanına çevrilir, bir müsəlman inancı ilə “Allahu Əkbər!” nidası ilə sarp qayalara dırmaşan, “Can, Qarabağ!” nidası ilə hayqıran, Koroğlu cəngisi ilə düşmən üzərinə şığıyan cəngavər olur:

“Allah əkbər” sədasıyla,

“Can Qarabağ” nidasıyla,

Koroğlunun havasıyla,

Gəlmişəm, Şuşam , gəlmişəm.

 “Qırx dörd günün nağılı”  Ali Baş Komandanın hökmü, dəmir yumruğu ilə gerçək olur və “Qırx dörd günün gerçək nağılı”  şeirinə çevrilir, şeir dönür VƏTƏN olur:

Bir az sonra

Şəhid qanı,

Qazi qanı

Qarışıb can verəcəkdi torpağa...

44 günlük alov içində

Ürəklənib

Təzədən Vətən olacaqdı..

“Torpağa su qarışanda palçıq olur, qan qarışanda Vətən olur!” müdrik və müqəddəs deyimin nağılı Şuşada bitir və göydən fərqli rənglərlə üç alma düşərək şəhidlərimizin, qazilərimizin, şahidlərimizin əlində üçrəngli Vətən bayrağına dönərək “Gövhər ağa” məscidinin minarəsində ucalardan uca məqama çatır, “Zəfər soraqlı o mübarək gün, o hava gün, o işıq gün, o ürək gün” bütün Azərbaycan boyu qələbə, zəfər üfüqündən Vətənləşən Qarabağ Günəşi doğur və:

…Bütünləşdi Qarabağ.

Şuşa-Kəlbəcər,

Ağdam-Laçın da

Kökləndi Bakı vaxtına;

Can oldu,

Azərbaycan oldu-

Vətənləşdi Qarabağ!

  Orxan Paşanın 44 günlük qələbə ərəfəsində və qələbədən sonrakı ovqatla qələmə aldığı “Azərbaycan əsgərinə”, “Bayrağım”, “Ordumuz”, “Kasıbın oğlu”, “Bir ayrıydı o kənd”, “Yolum gedir Zəngilana”, “Şəhid köynəyi lalələr” qəbildən və başqa onlarca şeirlərində şairin qələbə əzmindən yaranan könül çırpıntılarını, qələbədən vəcdə gələn vətəndaşlıq  qürurunun əzəmi ifadəsini görürük… 

   Məhərrəm Qasıml  lap ilk gənclik illərindən yovşan ətirli  şeirlər yazsa da, 2015-ci ildən şeirlərini  Orxan Paşa təxəllüsü ilə  dərc etdirməyə başladı.

    Məhərrəm Qasımlı mahir folklorşünasdır və ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alimdir. Xalq yaradıcılığını, aşıq şeir formalarının kamil bilicilərindən olsa da, onun poeziyasında müasir şeirin formalarından –heca vəznindən, sərbəst şeir, ağ şeir formalarından bacarıqla istifadə etdiyi görsənir. Folklorizmlərin isə onun poeziyasında üstün olması təbiidir...    

    Xüsusən, müəllifin ritmik-melodik ton yarada bilən səslərin alliterasiyasından, təcnisdən süzülüb gələn qafiyələnmə sisteminə xas səs uyarlığından,  aşıq şeir ahənginin səslənmə effektindən ustalıqla istifadə edə bilməsi  əksər şeir formatlarında düşərli, ahəngdar, harmonik  poetik  intonasiyaya yaratmasına səbəb olur...

    Orxan Paşanın “Qarabağın qara baxtı” gəraylısı buna bariz misaldır. “Qara baxt” obazı klassik obrazlardandır. Bu ifadənin ən bariz nümunəsi XVI əsr Füzuli babamızın şeirindədir – “Oyatdı xəlqi əfqanım, qara baxtım oyanmazmı?” Sonralar bu obraz yeni çalarlarla bayatıdan-bayatıya, gəraylılara, mahnı mətnlərinə ( “Könül verməzlər şər vaxtı, Arxamca bir qərib baxdı, Qarabağın qara baxtı, Qalmaz belə, qalmaz, dünya!”) keçmiş, müəyyən silsilə yaratmışdır...       

    Hətta folklor janrlarından olan qarğışlarda  – “Səni görüm qarabaxt olasan!” şəklində, atalar məsəli – “Qara qızın qar bəxti oyandı!” təkin işlənir.

    Görünür müəyyən çağlarda, vaxtaşırı bizim milli taleyimizin bir payı da bu obrazın yükünə çevrilmişdir...

   Orxan Paşa klassikadan üzübəri gələn bu obraza yeni çalar verib, bu obrazı “Qarabağ” ifadəsi ilə həmahəng  olmasını, bir də məna-mahiyyət uyarlığını nəzərə alaraq, “a”, “ə” və “l” səslərinin sıx işləndiyi sözlərin yaratdığı alleterasiyadan istifadə edərək bu obraza tamamilə yeni assosiativ və ictimai məna verərək oxucusuna belə təqdim edir:

İllər illərə qalandı,

Yalan yalana calandı.

Əlli yerə haçalandı

Qarabağın qara baxtı.

 Nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən,  daim ümid işığı parlayan bu məzmunlu şeirlər, əslində alt qatda igidləri qələbəyə səsləyirdi...  Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının milli qürurunu özünə qaytardı. Artıq hər kəs Qarabağın qara bəxtinin kəsilib atıldığı sevinci yaşamaqdadır...

  Orxan Paşa şeirlərində, tarixi yaddaş elementlərindən, folklorizmlərdən, neologizmlərdən, epitetlərdən, təşbehlərdən, dialektizmlərdən, arxaizmlərdən, vulqarizmlərdən, metonimiyalardan, metaforalardan, anaforalardan, bədii suallardan, xitablardan, təzadlardan, təkrirlərdən və inversiyalardan –  ədəbi dilin bu qəbildən olan funksoniallığından ustadcasına istifadə edir, beləliklə, şeirin emosionallığını, intonasiya zənginliyini və təsirliliyini artırmağa nail olur, özünəməxsus poetik leksikon yaradır – Orxan Paşa poetik leksikonu!! Sazın-sözün,  sənətin, mənəvi sərvətlərimizin qeyrətini çəkən, qeyrətkeşi olan Məhərrəm Qasımlı – Orxan Paşa leksikonu!!

Məsələn, təkcə bir nümunə:

Cilvələnib gətirdiyin baharmı, yazmı?

Dəli könlüm dönüb bir də havalanmazmı?!

 Aman tanrım, divanələr, dəlilər azmı?

 – Məcnun kimi, Kərəm kimi görk olan da var...

    Təkcə bu bənddəki “cilvələnib”, “dəli könül”, “havalanmaq”, “aman tanrım”, “divanələr”, “Məcnun, Kərəm”, “görk” sözlərinin yaratdığı assosiativ ruh, ovqat, qədimilikdən süzülüb gələn sözlərin məna şəhdi, hüsnü bu poetik leksikonu şərtləndirən amillərdəndir...

  Orxan Paşanın “Türklüyümüz yenikməz”, “Xəzər qalxır, “Ürəyimin səcdəgahı“,

 “Yol verin”, “Gedək Təbrizə-Təbrizə”, “Xudafərin körpüsü”, “Azərbaycanım”, “Getdim, gördüm”, “Bir daha enməz”, “Şuşanın xarı bülbülü”, “Türklər Krıma qayıdır”, “Laçınım”, “Göyçə dedim, yaralarım göynədi” qəbildən əksər şeirləri, sözün yaxşı mənasında yeni baxış bucağı ilə, poetik dəsgahın tamlığı ilə oxucunu içdən-içə göynədir, həyacanlandırır, ruhu havalandırır, təzələyir... Onun şeiriyyəti sadə, kövrək, ülvi, doğma, müqəddəs hislərlə, məqamlarla dop-doludur... Və qətiyyətlə deyirəm, Orxan Paşanın (Məhərrəm Qasımlının) poetik prototipi VƏTƏNDİR!! Orxan Paşa üçün  Vətən anlayışı daha geniş arealı əhatə edir: Altay dağlarından, qıpçaq çöllərindən Xəzər, Qara dənizə qədər, Aralıq dənizindəndə oyana bütün Turanı!...  

 

Belə qərar qoyub Tanrım əzəldən,

Xəzər yüksəlirsə Türkün yazıdı;

Bu qalxış, oyanış indi təzədən

Oğuz ruhlarının qabarmasıdı.

 

Artıb dalğasının səsində kəsər -

Dikəlir dənizim ötən gücüylə.

Yenilməz ərən tək hayqırır Xəzər

Atilla gücüylə, Mete gücüylə.

 

Yağıya qənimdir nərəsi Türkün,

Qənimdi boz atı, al çadırları.

Tufanlı Xəzərdən şığıyar bir gün

Oğuz dünyasının bahadırları...

     Belə düşünürəm ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlı (Orxan Paşa) 65 yaşında 165 yaşın işini görüb... Tanrımız qələm dostumuzu, həmkarımızı, əsrdaşımızı, gündaşımızı elm, poeziya və televiziya məkanında həmişə fəxarətli, qürurlu, görümlü eləsin...

qurban bayramovQurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.

30.07.2023.

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
Featured

“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

07.07.2023

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü görüb. Redaksiya heyətinə Azərbaycanın görkəmli elm və sənət adamları ilə yanaşı, ABŞ, Türkiyə və Gürcüstandan da nüfuzlu elm adamlarının daxil olduğu toplunun bu sayı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Xalq şairi Zəlimxan Yaqubun  “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.   

Oxucular buraxılışın bu sayında bu il yubileyləri qeyd olunan görkəmli saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməkarı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Əkbər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.

Topluda həmçinin Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Əfsanəvi keçmişimizi qürurla gələcəyə daşıyan heyrətamiz Oğuznaməçi şair –  Azər Buzovnalı”, professor İradə Köçərlinin Qurban Səid/Məhəmməd Əsəd/Lev Nissimbaumun qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı/şikəstə oxuyur???”, araşdırmaçı Nailə Səmədovanın “Azər Buzovnalı “Oğuznamə”si”, Şəbnəm Haqverdiyevanın ““Aşıq deyişmələri” toplusu haqda düşüncələr” və “Aşıq təcnislərinin ilk mükəmməl antoloji nəşrləri” kimi elmi məqalələri və “Aşıq Qərib” dastanı ilə də tanış ola bilərlər.

Həmişə olduğu kimi, toplunun bu sayında da Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xronoloji ardıcıllıqla xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqda qısa məlumatlar da yer alıb.

Featured

USTAD SƏNƏTKARLARIN XATİRƏSİ YAD OLUNUR

07.06.2023

2023-cü il aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən, bənzərsiz ifa tərzləri ilə bu gün də yaddaşlarda yaşayan və hər biri sənətdə özünəməxsus iz qoyan ustad sənətkarlar Əkbər Cəfərov və Əlixan Niftalıyevin yubiley ilidir – Əkbər Cəfərovun anadan olmasının 90, Əlixan Niftalıyevin isə 80 illik yubileyi tamam olur. Ustad sənətkarlara daim böyük diqqət göstərən AAB bu iki böyük sənətkarı da yaddan çıxarmayıb. Hər iki sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu iki böyük saz-söz ustadına həsr olunması da elə bu diqqətin təzahürüdür. Yaxın günlərdə ötən əsrin 80-ci illərində Əkbər Cəfərov və Əlixan Niftalıyevin ifasında AZTV-də lentə alınmış “Novruz və Qəndab” dastanı professor M.Qasımlının elmi şərhləri ilə yenidən tamaşaçılara çatdırılcaqdır. Həmin verilişdə eyni zamanda ustad sənətkarların sənət yolunun davamçıları olan Nəbi Nağıyev, Nazim Quliyev, Altay Məmmədli, Şöhrət Kərimov və Bakir Ağayev də iştirak edəcəklər.

Featured

AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİB

11.07.2023

Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan  Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə  “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük müharibə nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının  daha geniş miqyasda yayılmasına nail olmaqdır: “Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifafaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.

M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – Dəmir yumruq sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək  ifa seçilərək audiodiskə daxil ediləcəkdir.

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MƏMMƏDAĞA BABAYEVƏ HƏSR OLUNUB
Featured

“SAZ-SÖZ AXŞAMI”NIN NÖVBƏTİ BURAXILIŞI USTAD AŞIQ MƏMMƏDAĞA BABAYEVƏ HƏSR OLUNUB

24.06.2023

Bu il Şirvan aşıq mühitinin görkəmli nümayəndələrindən olan ustad aşıq Məmmədağğa Babayevin anadan olmasının 90 illik yubiley ilidir. Ustad aşıqların yaradıcılığına və onların yubileylərinin yüksək səviyyədə qeyd edilməsinə hər zaman böyük önəm verən və bunun üçün əlindən gələni əsrigəməyən Azərbaycan Aşıqlar Birliyi  Azəbaycan aşıq sənətinin, o cümlədən də Şirvan aşıq  ifaçılıq məktəbinin görkəmli simalarından biri olan Məmmədağa Babayevi də unutmayıb, onun 90 illik yubileyinin layiqincə qeyd olunması üçün ayrıca tədbirlər planı hazırlayıb.

AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışının bu böyük ustada həsr olunması da sənətkara verilən qiymət kimi təqdirəlayiqdir və ustad sənətkarın saz-söz irsini, ifaçılıq məharətini, dastan ifaçılığını xatırlamaq məqsədi daşıyır.

M.Qasımlı qeyd edib ki, Məmmədağa Babayev 1933-cü ildə  Şirvanda – Şamaxıda dünyaya göz açsa da, o özünün saz-söz qüdrətini bütün Azərbaycan boyu dalğalandırmağı bacarıb, Şirvanda məclislər bəzəyi olan bənzərsiz sənətkar kimi ad çıxarıb. Onun səsindən, çal-çağırından pərvazlanan aşıq mahnıları, düzüb-qoşduğu nəğmələr aşıqların və xanəndələrin repertuarında bu gün də yaşamaqdadır.

Verilişdə iştirak edən aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı  (“Orta müxəmməs”), Babək Şirvanlı (“Şirvan şikəstəsi”), Elman Talıstanlı (“Orta şəşəngi”), “Qəlbinr İbrahimli (“Zil müxəmməs”), Amil Ağsulu (“Ayaq şəşəngi”), Rza Məmmədov (“Qobustanı”), Elçin İsmayıllı (“Şirvan müxəmməsi”), “Elnur Babayev (“Ordubadı”) və Vidadi Axundov (“Zil şəşəngi”) ustad aşıq Məmmədağa Babayevin  sözlərini, yaratdığı bəstələri və mahnıları yüksək peşəkarlıqla tamaşaçılara təqdim ediblər.  

Featured

QƏRBİ AZƏRBAYCAN AŞIQLARINA DAİM DİQQƏT GÖSTƏRİLİR

07.06.2023

Son illərdə Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən Azərbaycan Aşıqlar Birliyi bütün aşıq mühitlərinə böyük diqqət göstərir, ayrı-ayrı mühitlər arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün lazımi tədbirlər görür. Aşıq sənətinin beşiklərindən olan Göyçə aşıq mühitinə, bütövlükdə Qərbi Azərbaycan aşıqlarına qayığı və diqqət isə təşkilatın fəaliyyətində ayrıca yer tutur.

Bu qədim Azərbaycan torpağında yaşayıb fəaliyyət göstərmiş yüzlərlə aşıq vardır ki, onların hər birinin sənətə xidmətləri elmi araşdırmalara cəlb olunaraq hər zaman təqdir olunur, geniş ictimaiyyətə çatdırılır. Daim diri və duru olan Göyçə aşıq mühitinin nümayəndələri – böyük sənətkarların davamçıları bu gün də var və onlar ustadlardan qalma sənət ənənəsini layiqincə yaşadırlar.

AAB-də hazırlanmış geniş tədbirlər planı əsasında Qərbi Azərbaycan aşıqları ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Bu sıradan növbəti tədbir kimi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə Qərbi Azərbaycandan olan aşıqlara həsr olunacaq. Aşıqlardan Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, Ələddin Göyçəli, Xanlar Xəlilov, İmran Göyçəli, Rəfiqə Göyçəli, İxtiyar Qocayev, Familə Göyçəli və Əfsanə Zəngəzurlunun ifasında əsasən Göyçə aşıq mühitinə xas olan havalar tamaşaçılara təqdim olunacaq.

Featured

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

11.07.2023

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır. Belə ki:

  • 01.07.2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 17.06.1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdiyi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
  • 03.07.2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 12.04.1977-ci il təvəllüdlü Grigoryan Vrezhin idarə etdiyi (pasport: AU040291) UAZ markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş  115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
  • 05.07.2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 26.04.1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılmışdır. 
  • 05.07.2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 04.12.1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdiyi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılmışdır. 

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd  əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdır. 

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır. 

Yuxarıda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılmışdır. 

Bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilmişdir. 

[bt_youtube url="https://youtu.be/Az-7WkhAypQ" width="600" height="400" responsive="yes" autoplay="no"][/bt_youtube]

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

MİLLİ MƏCLİSDƏ QƏRBİ AZƏRBAYCANLA  BAĞLI İCTİMAİ DİNLƏMƏ KEÇİRİLİB
Featured

MİLLİ MƏCLİSDƏ QƏRBİ AZƏRBAYCANLA BAĞLI İCTİMAİ DİNLƏMƏ KEÇİRİLİB

13.06.2023

2023-cü il iyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbiri açan Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dövlət və ictimai qurumların geniş tərkibdə təmsilçiliyi ilə Qərbi Azərbaycanla bağlı ictimai dinləmənin Milli Məclisdə keçirilməsini mövzuya yüksək münasibətin ifadəsi kimi dəyərləndirib, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna necə həssas yanaşmasından söz açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını irəli sürməsi cəmiyyətimizdə bu mövzuya konseptual baxış, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.

Q.Paşayeva həmçinin diqqətə çatdırıb ki, tarixi-mədəni hüdudlarımız respublikamızın sərhədləri ilə bitmir, Ermənistan Respublikası indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə qarşı törətdiyi soyqırımının bədəlini ödəyəcək, tarix, insanlıq və hüquq qarşısında cavab verəcək.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələyə – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, bu tarixi torpaqlarımızdakı maddi və mənəvi irsimiz uğrunda mübarizə mərhələsinə start verilib.

Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, toponimlərimizin, coğrafi adlarımızın, xalqımızın folklor nümunələrinin öyrənilməsi və təbliğinin hər bir azərbaycanlının borcu olduğunu deyən Ə.Ələkbərov bu istiqamətdə görüləcək işlərlə bağlı fikirlərini bölüşüb, dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqalları Şurasının sədri Əhliman Əmiraslanov qədim türk yurdu Qərbi Azərbaycan və həmin regionda əsarətdə olan mədəni-tarixi abidələrimiz haqqında fikirlərini bölüşüb, Qərbi Azərbaycana qayıdış və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmağın və onun tanıdılmasının vacibliyini vurğulayıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Qərbi Azərbaycan həqiqətlərinin daxildə, xaricdə və beynəlxalq təşkilatlarda tanıdılması, Qərbi Azərbaycanla bağlı məlumatların dərsliklərdə, yeni nəşr olunan kitablarda öz əksini tapması və digər görüləcək işlərlə bağlı fikirlərini səsləndirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ermənistandakı Azərbaycan mədəni irsinin planlı şəkildə məhv edilməsindən və mənimsənilməsindən söz açaraq Qərbi Azərbaycan irsinin araşdırılması və dünyaya tanıdılması fəaliyyətinin istiqamətləri barədə danışıb.

Tədbirdə iştirak edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Qərbi Azərbaycanda aşıq sənətinin tarixi mənzərəsi və onu bu gün yaşadanlar haqqında ətraflı məlumat verib, onlara qayğı və diqqətin daha da artırılmasının vacibliyindən, tədqiq və təbliğ olunası ilə bağlı AAB-nin gördüyü və görəcəyi işlərdən danışıb, tövsiyələrini çatdırıb.

Dinləmədə deputatlar Fazil Mustafa, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Məlahət İbrahimqızı, həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Real TV-nin baş direktoru Mir Şahin Ağayev, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Şadlinski, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, “Azəri-Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırımına məruz qalması, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.

Tədbirdə Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva, Naqif Həmzəyev, Ramil Həsən, Səbinə Xasayeva, Şahin İsmayılov, Emin Hacıyev, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Featured

“BƏHMƏN VƏ HUMAY XANIM”

07.06.2023

Azərbaycan Aşıqlar Birliyində vaxtilə Qərbi Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş aşıqların həyat və yaradıcılıqlarının öyrənilməsinə, təbliğ olunmasına daim böyük diqqət yetirilir. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olmuş bu sənətkarların hər birinin yubileyləri qeyd olunur, onlarla bağlı toplular nəşr olunur, müxtəlif tədbirlər həyata keçirilir.

Bu silsilədən növbəti tədbir görkəmli sənətkar, ustad aşıq Bəhmən Göyçəliyə həsr olunub. Belə ki, ustadın yaratdığı “Bəhmən və Humay xanım” dastanı səhnələşdirilərək efir üçün hazırlanıb və yaxın günlərdə ustad aşıq Afiq Sönməz və Elnur İbrahimovun ifasında hər həftənin şənbə günü “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində tamaşaçılara təqdim olunacaq.

Xaqtırldaq ki, dastanda əsasən ustad aşıq Bəhmən Göyçəlinin Qarabağa səfəri, buradakı tanınmış sənətkarlarla görüşləri və s. yer alır.

Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏ

07.07.2023

Azərbaycan Aşıqlar Birliyində yeni bir uğurlu layihə başa çatdırılıb. Belə ki, son illərdə ozan-aşıq sənəti ilə bağlı bir sıra dəyərli kitablar, şeir antologiyaları nəşr etdirən AAB-də xalqımızın bu ölməz sənəti ilə bağlı yeni bir kitab – “Aşıq, bağrına bas sədəfli sazı” adlı şeir antologiyası hazırlanaraq çap olunması üçün nəşriyyata təqdim olunub. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bir neçə bölümdən ibarət olan bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

Toplu  qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzübəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, Haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanmışdır. Birinci bölümdə aşıqların saz və ümumiyyətlə, aşıq sənətinə dair şeirləri, ikinci bölümdə şairlərin eyni məzmunlu şeirləri, üçüncü bölümdə aşıqların və şairlərin saz havalarına həsr etdikləri poetik nümunələr, dördüncü bölümdə ustad aşıqlara, beşinci bölümdə isə sazbəndlərə ithaf olunmuş şeirlər yer alıb.

Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların yaradıcılığında saza və aşığa həsr olunmuş şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər topluda geniş yer alıb.

Saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın  şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçalarına da antoloji nəşrin müvafiq bölümündə yer ayrılıb. Bu sıradan M.Müşfiqin “Sındırılan saz”, Şəhriyarın “Heydərbabaya salam”, H.Arifin “Sazın tellərindədir”, “Dilqəm”, İ.Səfərlinin “Aşıq Ələsgər”, Z.Yaqubun “Saz” və s. əsərlərinin uyğun bölmələri seçilərək oxuculara çatdırılır.

“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işidir. Bu toplu qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir.

Geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulan nəşri hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent  Altay Məmmədli, elmi məsləhətçi AAB-nin sədri, Dövlət Mükafat laureatı Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

                                   

“O DAĞLARIN SAZ-SÖZ ƏTRİ”
Featured

“O DAĞLARIN SAZ-SÖZ ƏTRİ”

12.06.2023

Ustad aşıq Şahniyar Mikayıloğlunun şeirlər kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan “O dağların saz-söz ətri” adlı kitabda aşığın qoşma, gəraylı, müxəmməs və deyişmələri ilə yanaşı, “Aşıq Şahniyarın Ukrayna səfəri” və “Aşıq Şahniyarın yaylaq səfəri” adlı dastan-hekayətləri, “Həyatımın və gözümün önündən keçənlər” adlı qeydləri də yer alıb.

Oxucular həmçinin kitabda saz-söz adamlarının Şahniyar Mikayıloğluna həsr etdikləri məqalə və şeirlərlə də tanış ola bilərlər.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba “Saz nəfəsli misraların işığı” adlı ön söz yazıb.

Kitabınn redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Featured

ƏFSANƏVİ KEÇMİŞİMİZİ QÜRURLA GƏLƏCƏYƏ DAŞIYAN HEYRƏTAMİZ OĞUZNAMƏÇİ ŞAİR – AZƏR BUZOVNALI

24.05.2023

Azər Buzovnalının adını çox erkəndən eşitmişəm. Yadıma gəlir ki, 9-cu sinifdə Əliağa Vahidin kitabını mütaliə edəndə orada qarşıma bir misra çıxmışdı. Vahid özünə xitab edərək, deyirdi ki, filan müşkülü ustadımız Azər yenə varmı, ondan soruşaq? O zaman ustad Azərin kim olduğunu bilmək məqsədi ilə ədəbiyyat müəllimimə müraciət etdim.

Unudulmaz ədəbiyyat müəllimim Məmməd Mehralı oğlu mənə bu şəxsin Azər Buzovnalı olduğunu söylədi. O, bildirdi ki, Azər Buzovnalı ustad bir şair-qəzəlxan olubdur və Vahid də yəqin ki, ustadlığına, dərin ədəbi-tarixi biliyinə görə öz beytində Azər Buzovnalını böyük ehtiram və nisgillə xatırlamışdır. Mən daha sonra iyirmi yaşlarımda Universitetdə təhsil aldığım zaman Azər Buzovnalı və onun yaradıcılığı ilə maraqlandım, lakin çox az məlumat əldə edə bildim. Universitet illərində, yəni 70-ci illərdə təəssüf ki, onu yalnız bir qəzəl şairi kimi tanıya bilmişdik. Xeyli sonra sonra Elmlər Akademiyasında işlədiyim zamanlarda onun yaxın qohumu olan Rəhimağa müəllim ilə tanış oldum və o, bu sənətkar haqqında ətraflı danışdı və mənim Azər Buzovnalı yaradıcılığına, şəxsiyyətinə xüsusi maraq göstərdiyimi görüb, onun çap olunmayan xeyli əsərinin olduğunu söylədi. Rəhimağa İmaməliyev ensiklopediya idarəsində işləyirdi, əlinə imkan düşən kimi Azər Buzovnalının seçilmiş əsərlərini çevrələyən bir toplunu nəşr etməyə çalışacağını, mənə də həmin kitabdan bir nüsxə təqdim edəcəyini bildirdi. Bir müddət sonra (deyəsən 90-cı illərin əvvəllərində) mən həmin kitabı gördüm və orada əldə etdiyim bilgilərdən bir çox məsələləri öyrənə bildim. Azər Buzovnalı haqqında olan bu ilkin materiallar onu mənim gözümdə əfsanələşmiş bir şairə çevirdi. Sonrakı dönəmlərdə ən çox diqqətimi çəkən təkcə Vahidin onun haqqında söylədiyi sözlər yox, həm də bu böyük söz və fikir ustadının yaratdığı “Oğuznamələr” oldu. Bu məsnəvi təkçə böyük bir şairdən deyil, böyük bir fikir, əqidə, məslək mücahidinin yenilməz mücadiləsindən soraq gətirir.

“Oğuznamə” ənənəsi tarixən türk-oğuz dastançılığının, tarixi, salnaməçiliyin ana axarı, mərkəzi damarıdır. “Dədə Qorqud” boyları Oğuznamə ənənəsinin bir qoludur. “Oğuz Kağan” və bu sıradan olan xeyli sayda başqa oğuznamə qaynaqları da vardır.

Məlum olduğu kimi orta çağlarda Rəşidəddin, Əbülqazı Bahadırxan və başqa bilim adamları da bu yöndə çox dəyərli bilgilər daşıyıb bizə ötürmüşlər. Uzun qərinələrdən bəri bir çox sənətkarlar bu mövzuya müraciət etmişlər və onların sayəsində Oğuznamələr, Oğuz xaqanla bağlı bir çox dastan-rəvayətlər, kitablar ərsəyə gəlibdir. Azər Buzovnalının yüksək ustalıqla qələmə aldığı bu məsnəvidə həmin tarixi qaynaqların izi görünür. Əsərin ayrı-ayrı məqamlarında bəzi beytlərin mütaliəsi zamanı sanki Dədə Qorqudun dili və üslubu ilə qarşılaşırıq:

Xaqan üçün verərdilər canların,

Tökərdilər düşmənlərin qanların...

Əvvəlinci oğlu idi Qara xan,

Dəvasına cürət etməzdi arslan.

Orxan idi ikincinin də adı,

Mum edərdi dəva günü poladı.

Üçüncüsü, Gur xan – arslan gövdəli,

Sevərdi can kibi onu Türk eli.

Dördüncüsü, Göz xan – igitlər xanı,

Sanardı toy-düyün qanlı ğavğanı.

Dav gələrdi dördü dörd bin əsgərə,

Etsəydilər hücum əgər bir kərə.

Qılıncları qızıl qanlar aqdırar,

Qavqalarda ildırımlar çaqdırar...

Əlbəttə, bu mənbə və qaynaqların hər birini tarixi istinad mənbəyi kimi qiymətləndiririk. Ustadın onlardan bəhrələnə bilməsi mümkün ola bilən bir tarixi gerçəklikdir. Bununla belə, Azər Buzovnalının təqdimatındakı “Oğuznamə” əsəri öz tarixi missiyasına görə mənim diqqətimi heyrətləndirici səviyyədə özünə çəkə bildi. Çünki Azər Buzovnalı bu əsəri iyirminci yüzilliyin 20-ci illərində – Sovet hakimiyyətinin qurulduğu və siyasi-ideoloji baxımdan tüğyan etdiyi bir zamanda yazmışdır. Hər yanda leninizm, sosializm, bolşevizm ideoloji-siyasi təbliğatının getdiyi bir zamanda Azər Buzovnalı kökümüzə, tariximizə boylanır və “Oğuznamə” qələmə alır. Qeyd etməliyik ki, həmin dövrlərdə siyasi-ideoloji basqıdan, təqib və təzyiqlərdən qorxaraq böyük şairlərimizin heç birisi bu mövzuya toxunmayıb. Türklük, türkçülük, oğuz və oğuznamələr ən böyük təhlükə sayılaraq yasaqlandığı bir illərdə ən böyük şairlərin yaradıcılığını diqqətlə izləsək görərik ki, onlar Oğuz, Oğuznamələr, Oğuz xaqan kimi milli və tarixi mövzulardan ildırım sürətilə qaçıb uzaqlaşıblar. Qələm əhlinin böyük əksəriyyəti bu qəbildən olan mövzuları görməməzliyə qoyublar. Mən düşünürəm ki, ustad Azər Buzovnalı dərin elmi biliyi olan, dərin tarixi düşüncəsi olan bir ziyalı mücahid kimi Buzovna bağlarında öz ədəbi-tarixi missiyasını yerinə yetirmək qərarında olubdur. 1925-ci ildə çox çətin şəraitdə, hətta aclıq və səfalət içərisində o, öz kökünə, tarixi kimliyinə boylanaraq gələcəyin əsərini – Azər Buzovnalı “Oğuznamə”sini qələmə alır. Bu zaman içərisində hərdən də belə düşünürəm ki, onun Əmin Abidlə də müəyyən əlaqələri olubdur. Çünki Oğuznamə məsələsini həmin illərdə Azər Buzovnalı səviyyəsində dərindən ortaya qoyan bir mütəxəssis də Əmin Abid idi. Əmin Abid Türkiyədə oxumuşdu, İstanbulda yaxşı təhsil görmüşdü və oradan, xüsusən də nəhəng alim Fuad Köprülüdən əldə etdiyi bilikləri gəlib Bakıda Oğuznamələrin, o cümlədən Dədə Qorqud Oğuznamələrinin tədqiqatında ortaya qoymuşdu. Bu iki şəxsin köklü bakılı olması və əqidə baxımdan türkçülüyə-oğuz düşüncəsinə bağlılığı səbəbindən yəqin ki, bir-birilərinə müəyyən bilgilər ötürmüş və mənbələr təqdim etmişlər. Hadisələrin eyni dövrdə baş verməsi Əmin Abidin də 20-ci illərin ortalarında müxtəlif mətbuat orqanlarında Oğuznamələrə, Dədə Qorquda müraciəti və Azər Buzovnalının da bu poemanı, məsnəvini həmin illərdə qələmə alması – yəni 1925-ci ilin yayında Buzovna bağlarında başlayıb və yayın sonlarında bu məsnəvini başa çatdırması eyni dövrə təsadüf edir.

Bütün hallarda ustad Azər Buzovnalının “Oğuznamə” əsəri çox mükəmməl tarixi bilgi və məzmun içərisindədir. Münkündür ki, Azər Buzovnalının əsərində Rəşidəddinin “Oğuznamə”sindən gələn keyfiyyətlər daha çox hiss olunur, əlbəttə ki, burada bizim xəbərimiz olmayan qaynaqlar, bilmədiyimiz məsələlər də ola bilər. Amma bütün hallarda buradakı Oğuznamə, oğuzların tarixi-genetik şəcərəsi, salnaməsi çox ustalıqla və şərəflə, qürurla yazılıb ortaya qoyulmuşdur. Nuh peyğəmbərdən, dünya tufanından başlayan hadisələrin Yafəs, Qara xan, Oğuz xan və uzunmüddətli tarixi xronoloji ardıcıllığı nəhəng miqyas genişliyi ilə epik müstəvi boyu irəliyə – gələcəyə aparılır. Bütün bu dönəmin içərisində türk oğuz milli-mənəvi varlığının kimliyi, qohum-qardaş türk tayfaları, bu tayfaların tarix içərisindəki yerləri birmənalı şəkildə ustalıqla, həm elmi, həm də bədii səviyyədə ortaya çıxarılmasını təmin edə bilmişdir.

Onu da qeyd edim ki, Azər Buzovnalıdan əvvəl bir çox böyük məsnəvi yazanlar bu istiqamətin sözün əsil ustadları olmuşdur. İstər Nizami, istər digər böyük sənətkarlar olmuş olsun, amma belə bir məsnəvini – “Oğuznamə”ni Azər Buzovnalıdan başqa Azərbaycan türkcəsində, Azərbaycan ədəbiyyatı tarixində ortaya qoyan bir qələm sahibini mən görməmişəm. O mənada Azər Buzovnalının bu ədəbi-tarixi işi və onun içərisində yer alan türkçülük-oğuzçuluq düşüncəsi Azərbaycanda sovet ideologiyasının tüğyan etdiyi bir dönəmdə – iyirminci əsrin 20-ci illərində ərsəyə gəlməsi, yenə də qeyd edirəm ki, heyrətamiz bir məsələdir.

Mən indiyə qədər az da olsa bu işə diqqət ayıranların hamısına böyük qədirşünaslıqla razılıq edirəm. Amma Könül xanım Sabirqızına ayrıca təşəkkür etmək istəyirəm ki, aramızda olan bir söhbətdən sonra o mənim istəyimi gerçəkləşdirmək üçün qolunu çırmaladı, tez bir zamanda işə başlayaraq, əlyazmanı ilk varianta uyğun şəkildə bərpa edə bildi. İndi qarşınızda gördüyünüz bu dəyərli kitab həmin orijinal əlyazmanın əsasında hazırlanmış bir mətndir. Orada hətta yerli ləhcədən – Bakı, Abşeron-Buzovna danışıq tərzindən gələn cizgilər, əlamətlər, arxaizimlər də vardır. Onların hamısı qorunub saxlanılmışdır və Könül xanım çox böyük səriştə ilə onların sözlüyünü, elmi şərhlərini hazırlamışdır. Belə ki, bu aydınlaşdırmalar da oxuculara əsəri mənimsəmək, onun tarixi əhəmiyyətini dərk etmək imkanı verəcəkdir. Diqqət edin, Oğuzların və oğuznamələrin tarixi köklərinin haralardan gəlib haralara qədər uzanması, yəni Nuh tufanından Bozqurd düşüncəsinə qədər uzanıb gələn yoldakı mifoloji-xronoloji, yəni tarix içərisində Oğuz qövmünün Bozoklar, Üçoklar və digər tayfa-ulus qanadlarının necə yaranması, Ox və Yay məsələlərinin tarixi-əfsanəvi izahı böyük bir dastan-məsnəvinin – “Oğuznamə”nin yaranması üçün bədii-poetik təfəkkürə təkan vermək imkanındadır. Böyük söz və fikir ustadı Azər Buzovnalı bunu duymuş və mənalandırmağı bacarmışdır. Ustad özü də bir neçə yerdə yazdığının əfsanəyə bənzər bir tarix olduğunu söyləyir, amma onun qənaətinə görə bu, gerçəkliyə bağlı bir əfsanədir. Bizim qənaətimizə görə, türkün, oğuzun tarixi bütün hallarda əfsanələşmiş bir gerçəklikdir. O anlamda belə düşüncəni gerçəkləşdirən, öz qələminin tarixi missiyası kimi ortaya qoyan Azər Buzovnalının bu günkü müstəqil Azərbaycan dövlətinin milli-tarixi köklərə bağlı, strateji məqsədi də nəhəng söz ustadına diqqət və qayğımızı artırır.

Gözəl və həssas əlyazmaçı alim, fəlsəfə doktoru Könül Sabirqızına da ürəkdən minnətdarıq. Həqiqətən onun gözlərinin, ürəyinin işığı ilə bu əsər ərsəyə gəlmişdir. Çox şükürlər olsun ki, “Oğuznamə” adı altında Azərbaycan ədəbiyyatı tarixinə belə bir mükəmməl əsər daxil olur. Mən çox istəyərdim ki, bizim ədəbiyyat tariximizdə Azər Buzovnalının “Oğuznamə” əsəri xüsusi yer alsın və dəyərləndirilsin. Ümidvaram və inanıram ki, gec-tez bu əsər öz ədəbi-tarixi dəyərini alacaq. Ozan-qopuz və oğuz mədəniyyəti tariximizin öyrənilməsi baxımından bu əsərin misilsiz tarixi missiyası vardır. Onu daim diqqətdə saxlamalıyıq.

Nə yaxşı ki, Könül xanım kimi səriştəli və yüksək səviyyəli əlyazmaşünas mütəxəssis var, əsəri qiymətləndirə bilib. Bir insanın ki, ürəyində türk ruhunun, oğuz ruhunun yenilməz enerjisi olsun, onun yolları daim açıq olmuş olar. Qoy Azər Buzovnalının da nisgilli, nigaran ruhu bundan sonra şad olsun ki, onun “Oğuznamə” əsəri yenidən işıq üzü görür. Qoy sözə-sənətə yüksək dəyər verən Könül Sabir qızının qələmi, ürəyi var olsun. Həmişə elmimizə, mədəniyyətimizə bu cür dəyərli işlər təqdim eləsin.

Məhərrəm QASIMLI

Əməkdar elm xadimi, professor.

11 -dən səhifə 36

  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ