AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyn tədbiri keçirilib
Featured

Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyn tədbiri keçirilib

17.11.2022

2022-ci il noyabrın 16-da Kürdəmir rayonundakı  Heydər Əliyev Mərkəzində  Azərbaycan Aşıqlar Birliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmir rayon Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi,  professor,  Məhərrəm Qasımlı çıxışında bildirib ki, Aşıq Şakir dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olmuşdur. Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir neçə  buraxılışı bütünlüklə Aşıq Şakir Hacıyevə həsr olunub.

M.Qasımlı respublikanın ən mötəbər tədbirlərinin,  səhnələrinin bəzəyi olan sənətkarın el şənliklərinin, toy-mağarların ən əziz, ən arzulanan qonağı sayıldığını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşdığını, istər lirik sevgi qoşmaları, istər ibrətamiz qoşmaları, istərsə də, əmək qəhrəmanlarından bəhs edən mahnılarının eyni həvəslə dinlənilməsini, söylədiyi dastanların, nağılların şirinliyi ilə də dinləyicisinin yaddaşına əbədi həkk olunmasını vurğulayıb.

 Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin ən böyük nümayəndəsi Aşıq Bilalın layiqli davamçısı Aşıq Şakir Hacıyevin isminin bu gün də dillər əzbəri olmasından, sənətinə olan sonsuz məhəbbətdən   danışıb.  Qeyd edib ki,  Aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafi məkanı nəinki bütün Azərbaycan, hətta Qafqaz, Dağıstan, Orta Asiya, İranı əhatə edir. O,  məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalara    möhürünü  vurub.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı  bu möhtəşəm  saz-söz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Aşıq Şakir xanəndə kimi də çox sevilmiş, onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş və  xanəndələrimiz, müğənnilərimiz onun repertuarından çox şey öyrənmişlər.

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli öz çıxışında Aşıq Şakir sənətinin davamçılarına uğurlar arzulayıb və vurğulayıb ki, XXI əsrin əvvəlində ulu öndərimiz H.Əliyev milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz və aşıq sənəti haqqında belə  demişdi: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.” Ulu öndərin bu dahi kəlamı onun layiqli varisi İlham Əliyevin, mədəni, mənəvi, humanist layihələrin layiqli təmsilçisi, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin devizinə çevrilmişdir. Saz-söz sənətçiləri, aşıqlarımız da mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, bayrağımızı daha uca zirvələrdə dalğalandıranlar sırasındadır”.

Jurnalist Tofiq Abdullayev çıxış edərək uzun müddətdən bəri Aşıq Şakir haqqında görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından ustad sənətkar haqqında topladığı xatirələrdən ibaqrət 3 kitab ərsəyə gətirməsindən bəhs edib.  

Məclisin sonunda Aşıq Şakirin nəvəsi, Nəsimi adına Dilçilik institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirdirib,  babasının xatirəsinə həsr etdiyi “Yolun düşsə, bu dünyaya  bir də gəl!” adlı kitabını tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə-aşıq Əvəzxan Xankişiyev, Səfalı Əliyev, aşıq Elman Talıstanlı, gənc aşıqlar  Qəlbinur İbrahimli, Elçin Rəşidoğlu aşıq Şakirin repertuarından aşıq havalarını ifa ediblər. Tədbirə Aşıq Şakirin nəvəsi, aşıq Babək Şakirlinin ifasında  ustad sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda kök salan “Şirvan şikəstəsi” ilə yekun vurulub.

[bt_slider uid="1668684064-63761920ba59d" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/DSC_0001.JPG" title="DSC_0001.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0010.JPG" title="DSC_0010.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0019.JPG" title="DSC_0019.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0015.JPG" title="DSC_0015.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0034.JPG" title="DSC_0034.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/DSC_0073.JPG" title="DSC_0073.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG-20221116-WA0017.jpg" title="IMG-20221116-WA0017.jpg" link="" parent_tag="slider"][/bt_slider]

 

 

“Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib
Featured

“Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib

27.10.2022

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib. Təqdimatda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın müxtəlif institutlarının direktorları və bir çox ziyalılar iştirak ediblər.

Təqdimatı giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin konkret layihələr üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu vaxta qədər çap olunmuş kitablar, keçirilmiş konfranslar, əməkdaşlıq müqavilələri, müxtəlif tədbirlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, “Pakistan nümayəndə heyətini Gəncəyə, Nizami Gəncəvinin vətəninə aparmışıq. Müəyyən səbəblərdən hələ də Pakistanda Nizami Gəncəvini həm Azərbaycan, həm fars şairi kimi tanıyırlar. Biz bunun səbəbini başa düşürük. Sovet ittifaqı ilə Pakistan arasında “dəmir pərdələr” olub. Azərbaycan Nizami Gəncəvi haqqında həqiqətləri Pakistana çatdıra bilməyib. Nizami Gəncəvi haqqında məlumatlar bütün dünyaya, o cümlədən Pakistana İran vasitəsilə daxil olub. Siz də bilirsiniz ki, qədim və orta əsrlərdə fars dilində yazmaq ənənə idi. Hindistanda Əmir Xosrov Dəhləvi də farsca yazıb.

Biz artıq sizinlə “Kitabi-Dədə Qorqud” layihəsini başa çatdırdıq. Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. İstərdim ki, ikinci layihəmiz Nizami Gəncəvi olsun. Biz əminik ki, qardaş Pakistan xalqı Nizami Gəncəvinin hansı xalqa mənsub olduğunu dünyaya göstərməkdə tərəddüd etməyəcək. Yayda “Kitabi-Dədə Qorqud”un urdu dilində çap ilə bağlı təklif etdik. Professor Yusif Xuşkun böyük səyləri ilə “Kitabi-Dədə Qorqud” ilk dəfə urdu dilində çap olunub. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli kimliyidir. Pakistan xalqı “Kitabi-Dədə Qorqud”u urdu dilində oxumaqla Azərbaycanı incəliklərinə qədər tanıyacaq. Bu iş Pakistan-Azərbaycan əlaqələrinə misilsiz töhfədir.

Akademiyanın prezidenti kimi ilk tədbiri “Kitabi-Dədə Qorqud”a həsr etdik. Həm də ilk tədbirimizdə Azərbaycanı dövlət kimi ilk tanıyan Türkiyənin və Pakistanın nümayəndələri iştirak edir. İlk tədbiri Ədəbiyyat İnstitutunda keçirməyimiz də bir tarixdir”.

 Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Xuşk eposun urdu dilində nəşri haqqında ətraflı məlumat verib: “Hazırda Azərbaycan Respublikasının Pakistandakı səfiri bizə çox kömək edir, əlaqələrimizin inkişafına səy göstərir. Azərbaycan yazıçıları üçün Pakistan yazıçıları yad deyillər və ya əksinə. Pakistan Ədəbiyyat Akademiyası Pakistanda yenidən Azərbaycan ədəbiyyatının seçilmiş əsərlərini urdu dilində çap etdirmişdir. Bununla belə bu kitab Azərbaycan ədəbiyyatının urdu dilinə tərcüməsi baxımından çox böyük inkişafdır. Ən vacib məqam odur ki, kitab Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı ərəfəsində çap olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın ən qədim dastanıdır və ilk dəfədir ki, urdu dilinə tərcümə edilmişdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında bildirib ki, “İsa müəllimin ədəbiyyat tariximizə tamamilə yeni baxışdan yanaşması və bunu əməli işdə göstərməsi, “Kitabi-Dədə Qorqud”la ədəbiyyat tariximizin başlaması dönüş nöqtəsidir və bu da İsa müəllimin xidmətidir”.

Təqdimatda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Fəlsəfə İnstitutunun icraçı direktoru Eynulla Mədətli və professorlar Qəzənfər Paşayev və Əsədulla Qurbanov da çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Featured

GƏNC AŞIQLARA QAYĞI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

29.09.2022

Azərbaycan Aşıqlar Birliyində gənc aşıqlara daim qayğı göstərilir. Aşıq sənətinin tarixi ənənələrini daha dərindən mənimsəmələri üçün tez-tez ustad aşıqlarla görüşlər və ustad dərsləri təşkil olunur, sənət yollarında püxtələşmələri üçün onlara hər cür dəstək göstərilir.

Sənətdə ilk addımlarını atan gənclərlə bağlı həyata keçirilən layihələrdən biri də yeni istedadların – yeni səslərin üzə çıxarılması ilə bağlıdır. Belə uğurlu addımlardan biri də Azərbaycan Aşıqlar Birliyinin AzTV ilə birgə həyata keçirdiyi layihədir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, respublikamızın bütün bölgələrində yaşayan gənc aşıqları əhatə edən layihə çərçivəsində ən istedadlılar seçilərək ifaları hər həftə “Mədəniyyət” kanalı vasitəsi ilə yayımlanan “Saz-söz axşamı” verilişində sənətsevərlərə təqdim olunur. Artıq bu qəbildən olan dördüncü veriliş də hazırlanıb və yaxın günlərdə efirdə yayımlanacaqdır. Bu dəfə tamaşaçılar gənc aşıqlardan Polad Mansurov, Murad Babaşov, Murad Dadaşəliyev, Ləman və Əli Məhərrəmzadələr və Vidadi Axundovun ifasında “Cəngi Koroğlu”, “Aran gözəlləməsi”, “Şirvan şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Yayma” və “Şahsevəni” aşıq havalarını dinləyə biləcəklər.
İl ərzində həyata keçirilən layihənin yekunu kimi isə bu il oktyabr ayının sonlarında paytaxtın böyük mədəniyyət ocaqlarının birində gənc aşıqların konsertinin keçirilməsi nəzərdə tutulur.

ALLAH RƏHMƏT ELƏSİN!
Featured

ALLAH RƏHMƏT ELƏSİN!

14.11.2022

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Əlixan Abbasqulu oğlu Niftəliyev 2022-ci il noyabrın 13-də vəfat edib.

Əlixan Abbasqulu oğlu Niftəliyev 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbi bitirib və sonra ordu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra həyatını bütünlüklə aşıq sənətinə həsr etmək qərarına gəlib.  Şirin səsi və sənətə böyük marağı onu dövrünün tanınmış ustad sənətkarı Mikayıl Azaflının yanına gətirib. Bu böyük sənətkarın yanında şəyird olaraq aşıq sənətinin incəliklərini mənimsəyib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən Aşıq Əlixan 1968-1990-cı illərdə ustad sənətkar Əkbər Cəfərovla sənət yoldaşı kimi birgə məclislər aparıb.

 Ustad yanında püxtəlişdikdən sonra müstəqil aşıq kimi el şənliklərində, rəsmi dövlət tədbirlərində, respublikamızda keçirilən folklor festivallarında çıxış edib, Azərbaycan mədəniyyətini bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında ləyaqətlə təmsil edərək qızıl medal, fəxri fərmanlar və müxtəlif qiymətli hədiyyələrlə təltif olunub.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Özünəməxsus ifa tərzi ilə seçilən Aşıq Əlixan eyni zamanda güclü natiqlik qabiliyyəti və dastanlarımızın mahir bilicisi kimi də aşıqsevərlərin rəğbətini qazanıb. Onun ifa etdiyi bir çox aşıq mahnıları və dastanlar Az.TV-nin “qızıl fondunda” qorunub saxlanılır. Bu sıradan “Novruz və Qəndab” dastanını xüsusilə qeyd etmək lazımdır. İfaları UNESCO səviyyəsində lentə alınaraq qorunur.

Azərbaycan aşıq sənətinin inkişafında, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın gücləndirilməsində böyük xidmətləri olan Aşıq Əlixan Niftəliyev Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştitrak edib.

Hər zaman bənzərsiz ifası ilə seçilən ustad sənətkar Əlixan Abbasqulu oğlu Niftəliyevin əziz xatirəsi yaxınlarını, doğmalarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

“AŞIQ DEYİŞMƏLƏRİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Featured

“AŞIQ DEYİŞMƏLƏRİ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

26.10.2022

Azərbaycan Aşıqlar Birliyində ərsəyə gətirilmiş daha bir kitab işıq üzü görüb. “Aşıq deyişmələri” adlanan bu antologiya Azərbaycan aşıq ədəbiyyatının tarixində ən fəal və işlək bir sənət axarını – aşıq deyişmələrinin xronoloji mənzərəsini ortaya qoyan ilk mükəmməl və sistemli nəşr işidir. Topluda orta çağların Yetim Aydın, Aşıq Qərib, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Abdalgülablı Valeh kimi nəhəng ustadları və onlardan sonrakı dönəmlərdə yaşayıb fəaliyyət göstərmiş Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Aşıq Şenlik, Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Növrəs İman, Mikayıl Azaflı və digər saz-söz ustadlarının yaradıcılıq nümunələri yer alıb.


Dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və onların cavabları, duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər də antologiyanın müvafiq bölmələrində geniş yer alıb.
Geniş saz-söz ictimaiyyəti, aşıq sənəti ilə məşğul olan mütəxəssislər, doktorant, magistr və tələbələr, eləcə də, saz-söz aləminə qədəm qoymaq istəyən yeniyetmə və gənclər üçün nəzərdə tutulan topluda dastanlarda, dastan-rəvayətlərdə, eləcə də dastandankənar əhvalatlarda yer alan aşıq deyişmələri və onun poetik strukturu (qarşılaşmaya gətirən səbəb, məktub-dəvət, hərbə-zorba, müəmma və qıfılbəndlərlə bir-birini sınağa çəkmək və s.), eləcə də aşıqlarla şairlərin deyişmələri, məktublaşma şəklində olan şeirləşmə-deyişmələr, bayatı üstündə qurulan bağlamalar və duet-deyişmələr sırasından olan çoxsaylı örnəklər yer almışdır.
Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükfatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.

Featured

AAB-nin LAÇIN BÖLMƏSİNDƏ TOPLANTI KEÇIRİLİB

23.06.2022

Azərbaycan Aşıqlar Birliyi təşkilatın qarşısında duran vəzifələrin həyata keçirilməsinin səmərəliyini artırmaq, aşıqların fəaliyyətini stimullaşdırmaq üçün bölgələrdə Birliyin filial və bölmələrinin işinin təkmilləşdirilməsi, yeni təmsilçiliklər yaradılması istiqamətində işləri davam etdirir. Bölgələrdə aşıqların və müvafiq qurumların təmsilçilərinin iştirakı ilə toplantılar keçirilir, bölmələrə yeni rəhbər heyət seçilir.

Növbəti belə tədbir 2022-ci il  iyun ayının 21-də Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilib. Ağcabədi Regional Mədəniyyət idarəsinin dəstəyi ilə keçirilən tədbirdə Laçın, Qubadlı və Zəngilan rayonlarından olan aşıqlar, mədəniyyət müəssisələrinin təmsilçiləri və saz-söz  ictimaiyyətini təmsil edən ziyalılar iştirak ediblər.

Toplantıda təşkilati məsələlər müzakirə olunub. Əməkdar mədəniyyət işçisi, ustad aşıq Umbay Axundov “Fəxri mədəniyyət işçisi” Nizami Şirinovun ustad aşıq olmaqla yanaşı həm də təşkilatçılıq qabiliyyətinə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və təklif edib ki, N.Şirinov  Azərbaycan Aşıqlar Birliyinin Laçın-Qubadlı-Zəngilan bölgəsi üzrə bölmənin rəhbəri seçilsin.

Ustad aşığın təklifi yekdilliklə dəstəklənib və aşıq Nizami Şirinov AAB-nin Laçın-Qubadlı-Zəngilan bölməsinin sədri, aşıq Təbriz  Sadıqov isə sədrin müavini seçiliblər.

USTAD ASŞIQ HÜSEYN QOŞQARLININ XATİRƏSİ ANILIB
Featured

USTAD ASŞIQ HÜSEYN QOŞQARLININ XATİRƏSİ ANILIB

02.11.2022

Azərbaycan Aşıqlar Birliyi və Daşkəsən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabr ayının 1-də ustad aşıq Hüseyn Qoşqarlıya həsr olunmuş xatirə gecəsi keçirilib. Daşkəsən rayon Mədəniyyət evində keçirilən tədbiri rayon İH başçısı Əhəd Abıyev açaraq ölkəmizdə mədəniyyətin digər sahələri kimi, aşıq sənətinin inkişafına da son illərdə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu gün Daşkəsəndə çoxsaylı aşıqların fəaliyyət göstərməsini vurğulayıb, ustad aşıq Hüseyn Qoşqarlının xatirə gecəsinə toplaşanları salamlayaraq, ustad aşığn xidmətlərini vurğulayıb və onun hər zaman qəlblərdə yaşayacaq bir sənətkar kimi bundan sonra da daim diqqət mərkəzində olacağını bildirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verərək qeyd edib ki, Hüseyn Qoşqarlı özünəməxsus ifası ilə seçilən ustad aşıq olmaqla yanaşı, eyni zamanda dastanlarımızın bilicisi idi, bədii yardıcılıqla da məşğul olurdu. Xəstə Qasım və Növrəs İmanla bağlı dastanlar məhz onun dilindən qələmə alınaraq ayrıca kitab kimi nəşr olunub. M.Qasımlı eyni zamanda Daşkəsəndə fəaliyyət göstərən aşıqlardan söz açıb, bu rayonda AAB-nin bölməsinin yardılmasının böyük əhəmiyyəti olduğunu vurğulayıb.

ABB-nin Daşkəsən bölməsinin rəhbəri aşıq Saleh Qoşqarlı öz çıxışında keçirilən tədbiri ustad aşıq Hüseyn Qoşqarlının xatirəsinə böyük ehtiram olmaqla yanaşı, həm də rayonda yaşayıb fəaliyyət göstərən aşıqlara diqqət və bütövlükdə aşıq sənətinə verilən dəyər kimi qiymətləndirib.

Hüseyn Qoşqarlınnı oğlu Sahib Qoşqarlı atasının xatirəsinə həsr olunmuş tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına ustadın ailəsi adından minnətdarlıq edib.

Tədbirin bədii hissəsində rayonda yaşayıb fəaliyyət göstərən aşıqlar çıxış edərək H.Qoşqarlınnı şeirlərini müxtəlif aşıq havaları üstündə tamaşaçılara təqdim ediblər.

Tədbir iştirakçılarına son illərdə AAB tərəfindən nəşr edilmiş kitablar hədiyyə olunub.

WhatsApp Image 2022-11-03 at 11.03.05.jpg

WhatsApp Image 2022-11-03 at 11.03.055.jpg

WhatsApp Image 2022-11-03 at 11.03.067.jpg

WhatsApp Image 2022-11-03 at 11.03.0688.jpg

WhatsApp Image 2022-11-03 at 11.03.069.jpg

WhatsApp Image 2022-11-03 at 11.03.0711.jpg

 

WhatsApp Image 2022-11-02 at 14.31.377.jpg

WhatsApp Image 2022-11-02 at 14.31.379.jpg

WhatsApp Image 2022-11-02 at 14.31.378.jpg

 

USTAD AŞIQ FƏXRİ DİPLOMA LAYİQ GÖRÜLÜB
Featured

USTAD AŞIQ FƏXRİ DİPLOMA LAYİQ GÖRÜLÜB

06.10.2022

Azərbaycan Aşıqlar Birliyində ustad aşıqlara – aşıq sənətinin inkişafında mühüm xidmətləri olmuş sənətkarlara daim diqqət və qayğı göstərilir, onlarla tez-tez görüşlər keçirilir, yaradıcılıqları təbliğ olunur, fəaliyyətləri müxtəlif formada stimullaşdırılır.

Bu günlərdə AAB-də növbəti belə bir görüş Göyçə aşıq mühitinin layiqli davamçılarından olan ustad aşıq Ələddin Göyçəli (Süleymanov) ilə baş tutub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad aşıqla sənətlə bağlı fikir mübadiləsi aparıb, yeniyetmə və gənclərdə sənətə marağın artırılmasının vacibliyini vurğulayıb. 

Sonda AAB sədri ustad sənətkarı aşıq sənətinin inkişafındakı xidmətlərinə görə “Fəxri diplom”la təltif edib.

IMG 20221006 145710

IMG 20221006 WA0009 copy 774x580

 

AAB-nin SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ MƏHƏRRƏM QASIMLIYA MÜKAFAT TƏQDİM OLUNUB
Featured

AAB-nin SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ MƏHƏRRƏM QASIMLIYA MÜKAFAT TƏQDİM OLUNUB

21.06.2022

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı uzunillik elmi fəaliyyəti zamanı apardığı tədqiqatları və nüfuzlu elmi jurnallarda nəşr olunmuş məqalələri ilə Türk mədəniyyətinə və dilinə göstərdiyi xidmətlərə görə Türkiyənin  Hacı Bektaş Vəli  Kültür Dərnəyi, Qırğızıstandakı K.Tınıstanov adına İssık-Göl Dövlət Universiteti və Türk Dünyası Söz Akademiyasının birgə təsis etdiyi “Manasın mirasçıları:  Türk dünyası kültürünə hizmet ödülü”nə layiq görülüb.  

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində qonaq olan “Dünya Söz Akademiyası” Dərnəyinin başqanı, professor Hayrettin İvgin Hacı Bektaş Vəli  Kültür Dərnəyinin başkanı Mustafa Özcivan,  K.Tınıstanov adına İssık-Göl Dövlət Universitetinin rektoru professor Kurmanbek Abdıldayev və  və Türk Dünyası Söz Akademiyasının başkanı Hayrettin İvginin imzaladığı mükafatı və medalı Məhərrəm Qasımlıya təqdim edib.

 “Dünya Söz Akademiyası” Dərnəyinin (Türkiyə) başqanı, professor Hayrettin İvgin Azərbaycan elmi ictimaiyyətinə yaxşı tanışdır. Dəfələrlə respublikamızda olan H.İvgin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qardaş Türkiyədə yorulmaz təbliğatçılarındandır.

Görüş zamanı həmçinin Azərbaycan və Türkiyə ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə AAB-nın  əməkdaşları ilə yanaşı şair Vüqar Əhməd və gənc, istedadlı xanəndə Almaxanım Əhmədli də iştirak ediblər.

WhatsApp Image 2022-06-21 at 14.08.57.jpeg

WhatsApp Image 2022-06-21 at 14.08.56.jpeg

img022.jpg

 

 

                                                                                                                                                                                                                                                                                                       

GƏNC AŞIQ AAB-yə ÜZV QƏBUL OLUNDU
Featured

GƏNC AŞIQ AAB-yə ÜZV QƏBUL OLUNDU

31.10.2022

Gənclər və yeniyetmələr arasında aşıq sənətinə maraq gündən-günə artmaqdadır. Azərbaycan Aşıqlar Birliyinin qayğısı sayəsində aşıq sənətinin tarixi ənənələrini yaşadan yeni səslər, yeni istedadlar üzə çıxır. Belə gənclərdən biri də İmralı Fikrət oğlu Fikrətlidir. Fikrət ustad oğludur – atası Fikrət Körpülü tanınmış aşıqlardan olub. 

İmralı Fikrətli bu günlərdə Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul olunub, AAB-nin sərdi, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ona üzvlük vəsiqəsini təqdim edib, sənətin çətin, lakin şərəfli yollarında uğurlar arzulayıb.

IMG 20221031 WA0006 copy 600x800

“SAZIN ƏDALƏTİ” ADLI DİSK İŞIQ ÜZÜ GÖRÜB
Featured

“SAZIN ƏDALƏTİ” ADLI DİSK İŞIQ ÜZÜ GÖRÜB

29.09.2022

Sənətə yeni gələn aşıqlara daim diqqət və qayğı göstərən Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlar da diqqətdən kənarda qalmır. Necə deyərlər, heç nə unudulmur, heç kəs yaddan çıxmır.

Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunləri nəşr olunur, ifalarından ibarət audio və video disklər buraxılır.
AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. belə İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dubeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dubeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasını 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb.
Diski aşıq Altay Məmmədli hazırlayıb.

AŞIQLAR  BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB
Featured

AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

20.06.2022

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

Kitabda 120-dən çox saz-söz ustadının otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Onu da qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və mübaliğəsiz demək olar ki, ilk uğurlu addımdır.

Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq ən ümdə məsələlərdən biri kimi uzun illər aşıqşünasların qarşısında durmuşdur.

Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırmışdır: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir.

...Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyildir. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözü gedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.

Yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri ən etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.

Nəfis tərtibatla və 1000 tirajla nəşr olunmuş “Aşıq təcnisləri” antologiyasının elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar professorlar Məhərrəm Qasımlı və Mahymud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

15 -dən səhifə 36

  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ