AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Featured

“CAĞDAŞ AZƏRBAYCAN AŞIQLARININ ŞEİR ANTOLOGİYASI” KİTABI TƏQDIM OLUNDU

30.09.2019

2019-cu il sentyabrın 26-da R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Xatırladaq ki, bu ilin yazında Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev digər yaradıcılıq təşkilatları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinə də maliyyə yardımı ayırmışdı və təqdim olunan kitab da məhz bu yardım sayəsində işıq üzaü görüb. “Gənclik” nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və ADMİU-nun dosenti, fəlsəfə doktoru Altay Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Toplu ölkəmizin müxtəlif bölgələrində hazırda yaşayıb yaradan və müxtəlif yaş qruplarını təmsil edən 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin bu gün də davam etdiyini təsdiq edir.
Topluya daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.
Tədbirin aparıcısı AAB-nin sədri, Əməkdar elm xadimi, professor M.Qasımlının kitabla bağlı geniş çıxışından sonra aşıqların çıxışı olub. Şeirləri kitabda yer alan aşıqlardan Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı, Umbay Axundov, Əhliman Şirvanlı, Solmaz Kosayeva və Haşım Qubalı, eləcə də Cahangir Qulyev, Cabbar Laçınlı, Məhərrəm Hüseynli, Qələndər Zeynalov, Bəhmən Göyçəli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Yaşar Məhərrəmov və digərləri ilə yanaşı, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və “Laçın” qrupunun çıxışları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Faiq QİSMƏTOĞLU: HƏR SAZ ÇALAN AŞIQDIRMI?!
Featured

Faiq QİSMƏTOĞLU: HƏR SAZ ÇALAN AŞIQDIRMI?!

27.09.2019

... İndi kimə selbə atırsan ya gedir "aşığa” dəyir, ya gedir "müğənniyə” dəyir, ya da gedir "jurnalistə” dəyir. Bu sözləri dırnaq arasına ona görə alırıq ki, hər yerindən duran, hər əlinə saz alan, hər əli qələm tutan, hər mikrafon götürən özünü aşıq, müğənni, jurnalist adlandırır. Hansı ki, bu üç sənətin hər biri çox müqəddəs, çox da tarixi bir peşədir. Yəni hər üçü uzun illərin sınağından, süzgəcindən keçib bu günümüzə gəlib çatıb...

Deyirlər ki, biz Koroğlunun, Qaçaq Nəbinin, Cavanşirin, Sultan bəyin, Pənahəli xanın nəvələriyik. Amma dərinə gedəndə məlum olur ki, biz öz fərsiz və bacarıqsız əməllərimizlə o böyük şəxslərin adına ləkə gətiririk. Yəni o böyük şəxslər bu vətənin, bu torpağın, bu millətin yolunda canlarını, qanlarını fəda eləyiblər. Bəs biz nə eləmişik? Bizsə o kişilərlə qürrələnərək zaman-zaman torpaqlarımızı, ormanalrımızı, dağlarımızı yadellilərə peşkəş eləmişik. Və indi də deyirik bu böyük kişilərin nəvələriyik. Biz ən yaxşı halda torpağı itirdiyimizə və o yurdu, o eli yaddan çıxardığımıza görə, Keçəl Həmzənin nəvəsi ola bilərik. Bu heç kəsin xətrinə dəyməsin. Xətrinə dəysə də, su içsin...
... Hansı televiziya kanalını açırsan vur-çatlasın, çal- oynasındı! Elə bil televiziya kanalları bu xalqın, bu millətin düşmənidi. Yəni kanallar ona çalışır ki, millət, xalq o itirilən torpaqları yada salmasın, unutsun və birdəfəlik əlini çəksin. Onsuz da biz unutqan millətik. Bu təbliğatı da aparanda oluruq lap yekə bir unutqan. Biz kef eləyirik, adını çəkdiyim o qəhrəmanların isə goru çatlayır...
İndi qayıdaq sazın, sözün və musiqinin üstünə. Koroğlunun sazı milləti cəngiyə, döyüşə, vuruşa səsləyir. İndikilərin isə çaldığı havalar bu millətin, bu xalqın başının altına yastıq qoyur və şirin yuxuya aparır. Axı bizim millətin də yatmaqdan çox xoşu gəlir. Yumuşaq yastıq ola və bir də gözəl hava! Yat ki, yatasan! Və bu yuxudan kimdi oyanan? Oyananda görəcək ki, nə vardısa, onu da əlindən alıblar, salıblar çöllərə...
"Dədə Qorqud” dastanında saza müqəddəs varlıq kimi dəyər verilir. Bir səhnə var və həmin səhnə Anarın ssenarisi ilə çəkilmiş "Dədə Qorqud” filmində də canlanır. Qazan xanla Oğuz savaşa başlamaq istəyir. Dədə Qorqud əlində Qopuz onun qarşısına qaçır, bunun qarşısına qaçır. Qopuzu onlara göstərib deyir ki, sizi and verirəm bu müqəddəs Qopuza, qardaş qırğınını saxlayın! Onlar da qardaş qırğınını saxlamır, bir-birinı qılınc çəkir və axırda məhv olurlar. Və bizim qılıncımız çox vaxt düşməni kəsmək əvəzinə, özümüzü kəsib doğrayır. Böyük Bəxtiyar Vahabzadə də "Özümüzü kəsən qılınc” adlı bir pyes də yazmışdı. Və bu qılınc bu gün də özümüzü kəsməkdə davam eləyir.
Saz bizim ən qədim alətimizdi. Və saz həm də Azərbaycan xalqının ruhu, qəlbi, ürəyi deməkdi. Birindən soruşursan ki, nə təhərsən? O da deyir ki, saz kimiyəm. Yəni sağ-salamatam. Tay demir ey tar kimiyəm, gitara kimiyəm, nə bilim qarmon kimiyəm. Amma biz bu gün sazın başına elə bir oyun açırıq ki, o sazın dədəsinin toyu yadına düşür.
Aşıq ayrı şeydi, müğənni ayrı şeydi, ifaçı da ayrı şeydi. Bir çox əlinə saz götürənlər bu qədim sənəti və ustad aşıqları nüfuzdan və gözdən salıblar. Hansı ki, onlar elə də istedadsız adam deyillər. Məsələn, Aşıq Telli, Aşıq Mübariz, Aşıq Zülfiyyə gözəl saz çalırlar. Amma onlara heç cürə aşıq demək olmaz. Ən azından ona görə ki, hər üç şəxs saz ifaçısıdır və müğənnilik eləyirlər. Mübariz virtuoz saz ifaçısıdı. Sazı çox qəşəng çalır. Hətta bəziləri deyirlər ki, niyə o, sazı boyununda çalır, atıb-tutur və sazla akrobatik hərəkətlər eləyir. Qoy eləsin! Bu kişi də sazı belə çalır da. Qoy Aşıq Telli də nə qədər istəyir oxusun, qoy Aşıq Zülfiyyə də bütün kanallarda saz çalsın. Öz işləridir. Amma vallah, onlar aşıq deyillər. Bayaq dedik axı, hər üçü saz ifaçısıdır və müğənnilik eləyir. Allah işlərini avand eləsin. Özünə hörmət eləyən aşıq bir gündə iki-üç dəfə televiziya kanallarına getməz.
Aşığa yalvararlar, yaxararlar, bundan sonra hansısa kanala gedər. Amma camaatın bu hər üç aşığı, hər üç saz ifaçısını televizorda görməkdən gözləri mazol olub. Onu yaxşı bilirik, onlar toy üçün bu addımı atırlar. Çünki zarafat deyil, heç bir özəl kanal kiminsə qara qaşına, qara gözünə aşıq deyil. Ora para ödəməsən, o kanal səni heç vaxt efirə dəvət eləməz. İstedadlı xanəndələr, müğənnilər var ki, heç ildə bir-iki dəfə efirə çağırılmır. Amma səsi və istedadı olmayan "müğənnilər” və "aşıqlar” o kanal sənin, bu kanal mənim deyib gündə birində görünürlər.
Bayaq dedik axı, aşıq sənəti çox müqəddəs, çox ulu bir sənətdi. Aşıq dastan bilməlidi, nağıl danışmalıdı, bayatı, qoşma, təcnis, dodaqdəyməz, dildönməz şeirlər deməlidir. Və bir də aşığın öz geyimi (yəni klassik geyim nəzərdə tutulur) olmalıdır. Üstəlik də o aşıqdırsa, meydanda (istər toyxana olsun, istərsə də səhnə) orda deyişməyi, tərəf müqabilini sözlə bağlamağı bacarmalıdır. Biz bu gün belə aşıqları görmürük. Biz o aşıqları görürük ki, "toy tutmaq” üçün efirlərdə dəridən-qabıqdan çıxırlar.
Aşıq deyəndə yadımıza Aşıq Alı düşür, Aşıq Ələsgər düşür, Aşıq Abbas Tufarqanlı düşür, Aşıq Şəmşir düşür, Sarı Aşıq düşür, Aşıq Şakir düşür, Aşıq Pənah düşür, Aşıq Ədalət düşür və ən nəhayət Aşıq Əhliman düşür. Bu böyük kişilər böyük aşıq məktəbi yaradıblar. Ancaq bu böyük aşıq məktəbini bu gün televiziyalar və "aşıqlar” elə günə qoyub ki, adam bilmir keçmişə boylansın, yoxsa bu günkü vəziyyətə görə dəsmal götürüb ağlasın.
Bu gün elə çox işimiz dəsmal götürüb ağlamalıdı. Dəsmal götürüb ağlamalıdı ki, istedadlı adamlar qalıb həyatın dibində, istedadsızlar və savadsızlar meydan sulayır... Dəsmal götürüb ağlamalıdır ki, aparıb dəvəni eşşəyin quyruğuna bağlayırlar... Dəsmal götürüb ağlamalıdır ki, üç dəfə həccə gedib, qayıdıb yenə onun-bunun haqqını basıb yeyir... Çox şey yazaram, amma tay yazmıram...
Bax, belə! Bu şənbə də ürəyimi belə boşaltdım. Sözüm odur ki, xalqın min illərdən bəri qoruyub saxladığı saza, sözə, musiqiyə və müğənniliyə belə ucuz yanaşmaq olmaz! Saz və söz heç kimin dədəsindən qalmayıb. Saz və söz bu millətin min illik tarixidi. Onu da qorumaq hamının işidi. Kimsə pul qazanmaq istəyirsə, halal xoşu olsun, qazansın!
Sazı qalxan kimi qabağa verib "aşığam” deyərək sazın və millətin ruhunu ləkələməsin. Saz və bu millət əbədidir. Saz varsa, millət də var, millət varsa, saz da var. Və hər yerindən durub saz çalan da aşıq deyil. Bəlkə aşıqdı, siz deyin?!

 

Featured

Təbrik edirik!

04.09.2019

Yubiley-MEdali.jpg

Aərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamnı ilə Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı "Azərbaycan Xalq Cumhuriyyəti-100" medalı ilə təltif edilmişdir.Təbrik edirik!

“NÖVRƏS İMANIN DASTAN-HEKAYƏTİ”
Featured

“NÖVRƏS İMANIN DASTAN-HEKAYƏTİ”

30.09.2019

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri işıq üzü görüb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Növrəs İmanın dastan-hekayəti” adlı bu kitab XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Növrəs İmanın (1901-1953) bəzən rəvayətlərə çevrilmiş ömür və sənət yolu barədə el arasında, eləcə də, Göyçə, Kəlbəcər, Şəmkir, Tovuz, Gəncə, Qazax, Borçalı və Tiflis bölgələrindəki aşıq çevrələrində mövcud olan epik və poetik mətnləri özündə cəmləşdirir və bir çox yeni faktları və təqdimatları ortaya çıxarmağa imkan verir.

Növrəs İmanın qeyb olmasından sonra (1943) başına gələn əhvalatların İran və Türkiyə ilə bağlı nağıla bənzər mənzərəsi də düşündürücü və diqqətçəkicidir və onunla bağlı indiyədək qaranlıq qalan bir çox məsələlərin aydınlaşdırılmasına kömək edə bilər.
Dastan hekayəti təqdim edənlər ustad aşıq Hüseyn Qoşqarlı və Seyid İsrafil ağa, mətni nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru, ADMİU-nun baş müəllimi Altay Məmmədli, redaktoru isə professor Mahmud Allahmanlıdır.

MAHNI TEATRINDA NÖVBƏTİ TƏDBİR KEÇİRİLƏCƏK
Featured

MAHNI TEATRINDA NÖVBƏTİ TƏDBİR KEÇİRİLƏCƏK

23.09.2019

2019-cu il sentyabrın 26-da R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı növbəti tədbir keçiriləcək. Tədbir bu ilin yazında Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanaraq nəşr olunmuş “Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunur.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirb ki, “Gənclik” nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və ADMİU-nun dosenti, fəlsəfə doktoru Altay Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Toplu hazırda yaşayıb yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin bu gün də davam etdiyini təsdiq edir.
Topluya daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.
Tədbirdə şeirləri topluda yer almış aşıqlardan Əməkdar mədəniyyət işçiləri Ulduz Quluyeva, Solmaz Kosayeva, Əhliman Şirvanlı, Ağamurad Şirvanlı, Haşım Qubalı ilə yanaşı digər ustad aşıqlardan Cabbar Laçınlı, Cahangir Quliyev, Qələndər Zeynalov, Qaracan Borçalı, Bəhmən Göyçəli və digərləri, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu çıxış edəcəkdir.
Xatırladaq ki, tədbir axşam saat 19-da başlayacaq və giriş sərbəstdir. Arzu edənlər iştirak edə bilərlər.

Aşıqlar Birliyi – 35
Featured

Aşıqlar Birliyi – 35

02.09.2019

Ozan-aşıq mədəniyyəti milli varlığımızın ən mötəbər qaynağıdır

Mədəniyyət ruhumuzun varlığı, onun ərazisidir, maddi dünyada nə ilə üzləşiriksə-üzləşək insan bu ərazidə özü ilə üz-üzə dayanır. Bir sənət əsərinin: rəsmin, sözün, sehirli səsin... yaratdığı ruhani bir sükutun içində düşünmək məqamında: “Mən kiməm, haradan gəlmişəm, yolum hayanadır?” – sualına cavab arayır.

Hər bir musiqi əsəri incəsənət nümunəsi, incəsənət isə bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan incəsənətinin ən qədim növlərindən olan aşıq sənətinin xalqımızın mənəvi dünyasında özünəməxsus rolu vardır. Sevindirici haldır ki, bu gün məzmununda türk təfəkkürünü, türk dünyagörüşünü, ruh fəlsəfəsini əks etdirən bu sinkretik sənət növünə insanların meyli də, marağı da, sevgisi də artır. Ən başlıcası isə o, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor “Şöhrət” ordenli Məhərrəm Qasımlı ilə söhbətimizdə aşıq sənətinin son dövrdəki inkişaf mərhələlərindən, bu sənətin təbliği, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərdən, qarşıda duran məsələlərdən söz açacaq, saz-söz sənətinin böyük ustadlarının xidmətlərindən danışacağıq.

Onu deyək ki, 2016-cı il ildə ölkə başçısının sərəncamı ilə Aşıqlar Birliyinin sədri seçilən Məhərrəm Qasımlı Azərbaycan filologiyası qarşısında böyük xidmətləri olan, folklorşünaslıq elminə yeniliklər gətirən görkəmli alimdir. Folklorşünas kimi Ozan sənətimizin ilk nəhəngi olan Dədə Qorquddan Dədə Şəmşirə qədər bu qədim el sənətinin bütün incəliklərini öyrənməyə həsr etdiyi tədqiqat əsərləri böyük dəyərə malikdir. Onun yaradıcılığının əsasında dayanan “Ozan-aşıq sənəti” monoqrafiyası müstəqillik dövrü Azərbaycan filologiyasının şah əsərlərindəndir. Ümumiyyətlə, ozan-aşıq yaradıcılığının ən müxtəlif, ən mühüm problemləri alimin çoxşaxəli elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, ictimai bir xadim kimi də, elmimizin, mədəniyyətimizin xidmətindədir. “Sirli sazın sirdaşı”, onu belə adlandıranlar isə yanılmırlar.

--İncəsənət ta qədimdən bu günə kimi həmişə insanların əxlaqi keyfiyyətlərini əks etdirib, onların estetik ideallarının, zövqlərinin, gözəllik və ülvilik haqqında təsəvvürlərinin formalaşmasında böyük rol oynayıb. Bu baxımdan, aşıq sənətinin də incəsənətin bir qolu kimi xalqımızın mənəvi dünyasında öz yeri var. Bu sənətin mahiyyətində nə dayanır, onu bu səviyyəyə ucaldan nədir?

-- Aşıq Azərbaycanda hər şeydən əvvəl, el şairi, çalğıçı, bəstəkar, müğənnidir. Aşıq yaradıcılığı çoxsahəli sənətdir və özündə ədəbiyyat, musiqi, ifaçılq, rəqs və teatr elementlərini birləşdirir. XV əsrdən Azərbaycanda “aşıq” termini işlənilməyə başlanmış və aşıqlar xalqın, zəhmət adamlarının arzu və istəklərini, mübarizəsini, məhəbbət duyğularını, yüksək keyfiyyətlərini tərənnüm etmişlər.

Milli sərvətimiz olan ozan-aşıq mədəniyyəti ruhumuzun, dilimizin, ədəbiyyatımızın və musiqimizin daşınıb qorunmasında, inkişaf etdirilməsində təkrarsız rol oynamışdır. Ulu öndər Heydər Əliyevin “milli varlığımızın ən mötəbər qaynağı” kimi dəyərləndirdiyi “Dədə Qorqud” eposu və yenilməzlik, cəngavərlik, qəhrəmanlıq simvolu olan “Koroğlu” dastanı və obrazı möhtəşəm ozan-aşıq mədəniyyətinin bizlərə bəxş etdiyi nəhəng söz-sənət abidələridir. Yəni ruhumuzun, dilimizin, musiqimizin, ədəbiyyatımızın, dövlətçiliyimizin tarixi köklərini axtarırıqsa, onun ən mötəbər qaynağı ozan-aşıq mədəniyyətidir. Biz ulu öndərin “Dədə Qorqud” eposunun 1300 illiyinə həsr edilmiş beynəlxalq əhəmiyyətli tədbirdəki çıxışında yüksək dəyər verdiyi aşıq mədəniyyətinin bu gününü və sabahını düşünməliyik.

Ozan-aşıq mədəniyyətinin ən gözəl nümunələri olan “Dədə Qorqud” və “Koroğlu” dastanları vətənçilik, milli dövlətçilik, qəhrəmanlıq duyğu və düşüncəsi, ana yurdun—vətən coğrafiyasının birliyi, bütünlüyü, toxunulmazlığı olan qopuzundan və aşıq sazından boy göstərən milli-tarixi kimliyimizin əyani təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev məhz bu cəhətləri nəzərə alaraq demişdir: “Aşıq sənəti bizim milli sənətimizdir, milli sərvətimizdir”. Qurbaninin “Bənövşə” şeirini yəqin ki, hamı bilir:

Tanrı səni xoş camala yetirmiş,

Səni görən aşıq ağlın itirmiş,

Mələklərmi dərmiş, göydən gətirmiş,

Hayıf ki, dəriblər az bənövşəni.

Bu misralar Azərbaycan dilinin, Azərbaycan poetik düşüncəsinin bütün mahiyyətini ifadə edir. Yəni klassik ədəbiyyatda heç kim Azərbaycan poetik düşüncəsini bu səviyyədə, Qurbaninin “Bənövşə” şeirində olduğu kimi təqdim edə bilməyib. Bu mənada Azərbaycan poeziyasının, ədəbiyyatının mərkəzində ozan-aşıq mədəniyyəti dayanır. Bunları bilməli və yeni nəsillərə də mənimsətməliyik. Ozan-aşıq sənəti tarixi-milli kimliyimizi ifadə edir.  Bugünkü mənzərəsi ilə də, sabahkı gerçəklikləri ilə də bizə milli, müstəqil Azərbaycan dövlətçiliyini təqdim edən bir sənət sahəsi kimi diqqət mərkəzindədir.

--Aşıqlar Birliyinin yaranma tarixi, türk dünyası və dünya aşıqları ilə əlaqələrin qurulması, onun perspektivləri barədə nə deyə bilərsiniz? Birliyin bundan sonrakı fəaliyyəti istiqamətində nə kimi işlər görülməlidir?

-- Bilirsiniz ki, aşıq sənəti 1984-cü ildə dövlət səviyyəsində daha çox diqqət önünə gətirildi. Doğrudur, ondan qabaq 1928, 1938, 1961-ci illərdə -- I, II, III Aşıqlar qurultayı keçirilmiş və böyük işlər görülmüşdü. Dahi Üzeyir bəyin, Bülbülün gördüyü işlərin nəticəsi kimi sənətə istiqamətlənmiş bir çox məsələlər ortaya gəldi. Bir çox aşıqlar Yazıçılar İttifaqının üzvü oldu, müxtəlif səviyyələrdə, beynəlxalq festivallarda təmsil olundular və s. Bunlar uğurlar idi, amma 1984-cü ildə Aşıqlar Birliyi yaradıldı. Bu da təsadüfi deyildi. Belə ki, artıq ötən əsrin 70-80-ci illərindən etibarən Azərbaycanda milli oyanış düşüncəsi, milli-kimlik, milli müstəqilliyə doğru gedən, folklora, ozan-aşıq mədəniyyətinə qayıdış düşüncəsi var idi ki, bu da Azərbaycan Aşıqlar Birliyi anlayışının ortaya gəlməsi ilə nəticələndi. Xalq şairi Hüseyn Arif bu işin önündə getdi, dövlətin bir çox dəyərli adamları ona dəstək verdilər və Aşıqlar Birliyi fəaliyyətə başladı. Onun yaranmasından 35 il keçir. Bu illərdə Aşıqlar Birliyi müxtəlif istiqamətlərdə bir çox dəyərli işlər görüb. Aşıqlar Birliyinin mədəni-təşkilati fəaliyyəti milli dövlətçilik ideyologiyasının tələbləri səviyyəsində həyata keçirilir. Saz-söz sənətinin qorunması, təbliğ edilməsi və yeni nəsillərə ötürülməsi sahəsində əvvəldən mövcud olan təcrübə daha geniş miqyasda davam etdirilməkdədir. Birliyə uzun zaman rəhbərlik etmiş unudulmaz xalq şairlərimiz Hüseyn Arif və Zəlimxan Yaqubun bizlərə örnək qoyduqları sənət və təşkilati fəaliyyət yolu ehtiramla qorunur.

Ötən illərdə ən böyük ozanların repertuarı yazıya alınıb, Ədalət Nəsibov, Hüseyn Saraclı, Əkbər Cəfərov, Kamandar Əfəndiyev və s. bu kimi dəyərli aşıqların ifaları lentə yazılıb və sənət irsi kimi gələcəyə daşınmaqdadır. Yeni nəslin formalaşmasında, tutalım ki, Gəncəbasardan, Şirvandan, Naxçıvandan, Borçalıya qədər, Güney Azərbaycanda, hər yerdə aşıqlığın yayılmasında Aşıqlar Birliyi çox böyük işlər görüb və görməkdədir.

Bir vaxtlar, yəni məlum hadisələrlə bağlı, 90-cı illərin əvvəllərində mədəniyyətimizdə baş verən böhran halları muğam sənətində olduğu kimi, aşıq sənətində də müəyyən çöküş yaratdı.

Sonrakı dönəmlərdə, artıq ulu öndərimizin hakimiyyətə gəlməsindən sonra milli- mənəvi dəyərlərə xüsusi diqqət var idi və bu diqqət muğam sənətinin, aşıq sənətinin və digər mədəniyyət sahələrinin önə çıxarılmasına təkan verdi. 2000-ci illərdən etibarən bu istiqamətdə fəaliyyət də gücləndi, amma düşünürəm ki, ilk təkan 1997-ci ildə ulu öndərimizin sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un – yəni ozan-aşıq mədəniyyətinin 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi oldu. Məhz bu təkandan sonra işlər canlandı və Aşıq Ələsgərin 105 illiyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirildi.

Mən son illərdə gerçəkləşən bir neçə sənət qədirşünaslığı barədə də danışmaq istərdim. Belə ki, ustad Ədalət Nəsibovun Qazaxda ucaldılan qəbirüstü abidəsi, Xaçmaz şəhərindəki “Şəxsiyyətlər” muzey-parkında Dədə Ələsgər, Dədə Şəmşir və Ədalət Nəsibovun büstləri xalqın bu qüdrətli sənətkarlara olan məhəbbət dolu abidəsidir.

Bu gün Aşıqlar Birliyi aşıq sənəti ilə bağlı mədəni-təşkilati fəaliyyətini üç istiqamətdə gerçəkləşdirir:

  1. 1. Yaşlı ustad aşıqlara xüsusi qayğı və ehtiram göstərmək;
  2. 2. Orta nəslin sənət fəaliyyətinə dəstək və təkan vermək;
  3. 3. Yeni gənc nəslin sənətə gəlişinə münbit zəminə malik imkanlar açmaq.

Aşıqlar Birliyinin 2017-ci ildə “Günümüzün ustad aşıqları” seriyasından nəşr etdirdiyi doqquz kitabda Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Xanmusa Musayev, Əli Quliyev, Ulduz Quliyeva, Yanvar Bədəlov və Haşım Qubalı kimi dəyərli sənətkarlara verdiyimiz qiymət öz əksini tapmışdır. Bundan əlavə, onların ustad dərsləri, sənət söhbətləri lentə alınaraq Aşıqlar Birliyinin saytında və arxivimizdə qorunmaqdadır. Bu gün Mayis Gəncəli, Umbay Axundov, Fətulla Göyçəli, Abbas Musaxanoğlu, Cabbar Laçınlı, Ürfan Əli, Hacı Çaylı, Hüseyn Qoşqarlı, Əlixan Niftəliyev, Sayad Pənahov, Ulduz Sönməz, Haşım Qubalı, Əhliman  Kəlbəcərli, Hüseyn Kəsəmənli, Cahangir Quliyev, Əhliman Şirvanlı, Məhəmməd Şirvanlı, Tərmeyxan Qurbanov, Ədalət Dəlidağlı, Camoy Qurbanov, Məhərrəm Hüseynli, Qələndər Zeynalov, Solmaz Kosayeva, Gülarə Azaflı və başqaları öz  zəngin musiqi və söz repertuarları ilə əsl sənət məktəbi ola biləcək ustadlardır.

Aşıqlığın orta nəsil kimi üz ağardan və sənətin ağır yükünü ləyaqətlə daşıyan Ağamurad Şirvanlı, Bəhmən Göyçəli, Samirə Əliyeva, Altay Məmmədli, Ramin Qarayev, Əli Tapdıqoğlu, Şöhrət Kərimli, Elbrus Hüseynov, Aytəkin Qəmbərqızı, Gözəl Kəlbəcərli, Nemət Qasımlı, Roman Azaflı, Zahid Ərəboğlu, Əli Pənahoğlu, Kəmalə Qubatlı, Yaşar Məhərrəmov, Dəmir Vəliyev, Təbriz Vəliyev, Avdı Musayev, İlham Aslanbəyli, Babək Şakirli, Elxan Cəbrayıloğlu, Elməddin Məmmədov, Şaiq İncəli, Şəhriyar Qaraxanlı, Rza Məmmədov, Anar Abdullayev və başqa istedadlı saz-söz ifaçıları təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da tanınırlar.

Orta nəsil içərisində xanım aşıqlar və saz şairləri də öz fəallıqları ilə seçilirlər. Bu sırada Pərvanə Zəngəzurlunun rəhbərlik etdiyi “Aşıq Pəri” məclisini dəyərləndirmək lazımdır. Bu məclisin üzvləri kimi tanınan Səadət Buta, Zöhrə Xəlili, Telli Borçalı, Lətifə Çeşməli, Familə Göyçəli, Rəfiqə Göyçəli, Xavər Zəngilanlı, Göyçə Ömürlü kimi istedadlar da diqqət çəkir.

Ən mühüm məsələ yeni aşıq nəslinin yetişməsidir. Bu istiqamətdə tarixən mövcud olan ustad-şagird ənənəsi, demək olar ki, yoxdur. Əvəzində təhsil yolu ilə gerçəkləşən aşıq-saz müəllimi və şagird xətti davam etdirilir. Musiqi məktəblərində, xüsusən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti ixtisası daxilində bu yol get-gedə daha geniş vüsət alır və müəyyən nəticələr də verir. Bakıda, Gədəbəydə, Qazax-Ağstafada, Tovuzda, Şamaxıda, Sumqayıtda, Gəncədə, Laçın, Kəlbəcər və Göygöldəki musiqi məktəbləri bu yöndə diqqətçəkici sənət və təhsil uğurları ortaya qoymaqdadırlar. Məhz musiqi təhsili alan gənc aşıqların yaratdıqları “Çeşmə”, “Misri”, “Laçın” və “Şirvanşah” sazçı qrupları yeni keyfiyyətlər yarada bilirlər. Düşünürəm ki,  2-3 ildən bir keçiriləcək müsabiqələrin də gənc aşıqların yetişməsində əhəmiyyətli rolu olacaqdır. 2007-ci ildə keçirilən I Aşıq müsabiqəsi yaxşı bir örnək ola bilər. Bu sahədəki fəaliyyəti də yenidən qurmaq lazımdır.

--Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının, musiqisinin inkişafında aşıqların xidmətləri böyükdür. Aşıq sənətinin bir qolu olan aşıq ədəbiyyatının, onun əsas janrlarından biri olan dastanlarımızın yaranması, inkişafı və bugünkü durumu barədə nə deyə bilərsiniz? Sizcə, özündə həm də teatr elementlərini birləşdirən dastan ifaçılığını yaşatmaq məqsədilə bir dastan taetrı yaratmaq mümkündürmü?

--Aşıq sənətinin mühüm bir qolu olan dastan ifaçılığına diqqətin artırılması istiqamətində də köklü işlər getməlidir. Bu yöndə ustad aşıqların repertuarından və dastan söyləmək məharətindən bir an gecikmədən istifadə olunmalıdır. “Kitabi-Dədə Qorqud” “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” və s. məhz dastan ifaçılığının gözəl nümunələridir. Zənnimizcə, uyğun şərait və məkanı təşkil etməklə “Dastan teatrı” adlı ayrıca bir mədəni-təşkilati qurum yaratmağın da vaxtı çatmışdır. “Dastan teatrı”nda həm aşıqların, həm də aktyorların birgə uğurlu fəaliyyətini ortaya qoymaq mümkündür. Milli-tarixi dəyərlərimizin ölkəmizə gələn turistlərə tanıdılmasında və gənc nəslə mənimsədilməsində “Dastan teatrı”nın əvəzsiz rolu ola bilər.

Bütün zamanlarda aşıq sənəti milli dövlətçilik, hərbi vətənpərvərlik düşüncəsi, mərdlik, döyüşkənlik, qəhrəmanlıq keyfiyyətləri aşılayan böyük tarixi güc və enerji mənbəyi olmuşdur. Tarixən olduğu kimi, indi də aşıqlarımız döyüş bölgələrində, hərbi hissələrdə çalıb-çağıraraq bu ruhu aşılamaqdadırlar. Qarabağda, Gəncəbasarda, Qazax, Tovuz və Gədəbəydə tez-tez ordu hissələri qarşısına gedən aşıqlarımız əsgərlərin ruhunu yüksəldən mahnılar oxuyub onları bahadırlığa səsləyirlər.

Aşıq sənətinə maraq və meyil, diqqət hər gün artmaqdadır. Tarixən olduğu kimi, yenə də Şirvan, Gəncəbasar, Naxçıvan və Borçalı aşıqlığın  ana ocaqları olaraq qalmaqdadır. Digər, hətta aşıqlığın az yayıldığı bölgələrdə də saza-sözə məhəbbət get-gedə artır. Son on illiklərdə istedadlı gənc aşıqların meydana gəlməsi sənətə olan dövlət qayğısının təzahürüdür.

--2009-cu il sentyabrın 30-da aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Həmin vaxtdan 10 il ötür. Sizcə, bu, qədim mədəniyyətimizin daha bir təntənəsi deyilmi? Bu həm də dövlətimizin aşıq sənətinin inkişafı ilə bağlı gördüyü tədbirlərin uğurlu bir yekunudur...

--Müstəqil Azərbaycan respublikasının yeritdiyi humanitar mədəniyyət strategiyasında milli-mənəvi dəyərlərə, o cümlədən də ozan-aşıq sənəti və muğam mədəniyyətinə ayrıca qayğı və diqqət yetirilməkdədir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanim Əliyevanın yorulmaz səyi və fədakar mücadiləsi sayəsində bir çox mənəvi sərvətlərimiz kimi, Azərbaycan aşıq sənəti də 2009-cu ildə bəşəriyyətin sənət şedevrləri sırasında YUNESKO-nun qeyri-maddi mədəni irs siyasına daxil edilmişdir. Bu yöndəki dövlət siyasəti geniş miqyas və hüdudlarda hər gün davam etməkdədir. 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Gədəbəy Aşıq Musiqi Məktəbinin açılışında iştirakı və orada söylədiyi dərin məzmunlu nitq  aşıq sənətinin uğurlu gələcəyinə inam oyadır. Son beş ildə 15-ə yaxın istedadlı aşığa fəxri adlar verilmişdir. Təkcə 2016-cı ildə 7 aşıq “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə dəyərləndirilmiş, ustad aşıq Ulduz Quliyeva Prezident təqaüdünə, fəlsəfə doktoru, istedadlı aşıq Samirə Əliyeva Prezident mükafatına layiq görülmüşdür.

Azərbaycan aşıqlarının V qurultayından sonrakı 10 il ərzində saz-söz sənəti sahəsində xeyli uğurlu işlər ortaya çıxmış, ifaçılıq, yaradıcılıq sahəsində çoxsaylı uğurlar qazanılmışdır. Bakıda keçirilən I və II Beynəlxalq aşıq festivallarında, Fransa, Türkiyə, Rusiya, İran, Latviya, Xorvatiya, Türkmənistan və başqa ölkələrdə təşkil olunan folklor tədbirlərində aşıqlarımızın qazandığı sənət uğurları unudulmazdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi aşıq sənətinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ olunmasına dəyərli dəstək göstərir. Ustad aşıqların yubileylərinə, gənc aşıqların yaradıcılıq axtarışlarına, aşıq kitablarının nəşrinə, aşıqların xarici ölkələrə qastrol səfərlərinə böyük diqqət göstərilir. Bu sahədəki fəaliyyətin işıqlandırılmasına Azərbaycan Televeziyasının qayğısını da unutmaq olmaz. AzTV-nin Aşıqlar Birliyi ilə birgə  2010-cu ildən gerçəkləşdirdiyi “Saz-söz axşamı” verilişləri artıq neçə illərdi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmaqdadır. Radionun indi gəlib 50 yaşına çatmış “Bulaq” verilişində də sazın-sözün ləyaqəti şərəflə qorunur.

Son bir neçə ildə Aşıqlar Birliyi tərəfindən onlarla kitab nəşr edilmişdir. Bunlar aşıq poeziyası antologiyaları, ustad aşıqların kitabları, yubiley nəşrləri və elm-sənət toplularıdır. “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi də onların ən sanballılarındandır.

“Dədə Qorqud”dan üzü bəri məhəbbət və qəhrəmanlıq dastanlarımız yeni təqdimatda ortaya qoyulub, gənc aşıqların ifasında disklər yazılıb. Türk dünyası aşıqları ilə əlaqələrin nəticəsi kimi Güney aşıqları da daxil olmaqla ən yaxşı ifalar “Qarabağ dərdi” adlı diskə yığılıb. Onu da deyim ki, aşıqlıqda sənətkarlıq səviyyəsinin yüksəldilməsində Qarabağ-Təbriz, Urmiya, Zəncan aşıqları ilə Gəncəbasar, Şirvan və Borçalı aşıqlarının qarşılıqlı yaradıcılıq və ifaçılıq ənənələrinin güclənməsi də mühüm rol oynayır. Türkiyə, İran və digər ölkələrdən gələn aşıqlar özləri ilə o bölgələrin nəfəsini gətirirlər, bir-birlərindən öyrənir, faydalanırlar.

2010-2013-cü illərdə keçirilən beynəlxalq aşıq festivallarının mərkəzi yenə də Azərbaycan olmuşdur. “Aşıq sənəti-baxış sənəti” adı altında keçirilən bu festivallar aşıq sənətinin təkcə Azərbaycanda deyil, Avropa və ABŞ-da, digər dünya ölkələrində Azərbaycan xalqına məxsus olan bu sənətin təbliği mənasında işin gerçəkləşdirilməsinə meydan açdı. Təbii ki, bu işlərin arxasında Azərbaycan dövləti dayanır.

Bu günlərdə Azərbaycan aşıqlarının bu gün yaradan 60-a yaxın aşığının şeirlərindən ibarət kitabı nəşrə hazırlamışıq. Bu, böyük bir antologiyadır. Bu, o deməkdir ki, klassik aşıq sənəti ənənələri qorunur. Əgər çalğı varsa, söz də olmalıdır, saz və söz qoşa qanad, vəhdətdir. Sazla bərabər, söz də qorunmalıdır.

--Aşıqların VI Qurultayının qarşınıza qoyduğu məsələlərin həlli yolları barədə nə deyə bilərsiniz?

--2018-ci ildə Azərbaycan aşıqlarının I qurultayından 90, II qurultayından isə 80 il ötdü. 2018-ci ilin sentyabrında aşıqların VI qurultayı oldu və qarşıya bir çox məsələlər qoyuldu. Bəzi məsələlər artıq öz həllini tapmışdır. Ancaq görüləsi işlər çoxdur. Bunlardan biri Azərbaycan aşıq yaradıcılığının əsas sütunlarından olan Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsidir. Bu tədbir təntənəli şəkildə, özü də beynəlxalq səviyyədə keçirilməlidir. O, təkcə sənət, musiqi hadisəsi deyil, siyasi məsələdir, çünki bu böyük ozanın vətəni, onun uyuduğu torpaq indi işğal altındadır: Göyçə torpağı... Qoy görsünlər, bilsinlər ki, Azərbaycan aşıq sənətinin şahı olan bir sənətkar işğal altında olan bu torpaqdandır və o yerlər bizə məxsusdur. Düşünürəm ki, bu tədbirin BMT və YUNESKO səviyyəsində keçirilməsi üçün Azərbaycan dövləti böyük dəstək göstərəcəkdir. Yubileyə dünyanın bir çox yerlərindən sənətkarlar, folklorçular dəvət olunmalıdır.

Hələ 50 il əvvəl sovetlər dönəmində ulu öndərimiz Heydər Əliyev Göyçədə Aşıq Ələsgərin büstünü qoydurmuşdu. Aşığın 150 illik yubileyi Bakıda və Moskvada təntənəli şəkildə qeyd edilmişdi. O, bunu təsadüfi etməmişdi. Uzaqgörən siyasətçi demək istəyirdi ki, bu böyük ozanın vətəni-Göyçə Azərbaycan torpağı, qədim yurd yerimizdir. Bu gün də münasib bir məkanda aşığın heykəlinin, yaxud büstünün qoyulması yaxşı olardı. Sənədli filmlərin çəkilməsi də nəzərdə tutulmalıdır. Bir sözlə, elə etməliyik ki, bu hadisə böyük sənət bayramına çevrilsin. Ozan-aşıq sənətinin böyüklüyü bir daha göstərilməli bu sənətin tarixi ərmağanlarının bizə nə verdiyini bir daha düşünməliyik. “Dədə Qorqud” un dili, ruhu, “Koroğlu” bizə  nələri təlqin edir? Onlar bizə milli-kimlik qüruru, milli-mənlik dövlətçilik düşüncəsi verir. “Dədə Qorqud”dakı milli dövlətçilik, yəni  Oğuz dövlətçiliyi anlamı, “Koroğlu” dastanında gördüyümüz qəhrəmanlıqla birləşərək bizə bir yol göstərir. O da Azərbaycanın milli varlığının tarixi mənzərəsinin bu gün bizə daşınmasıdır. Onun gələcək nəsillərə ötürülməsi missiyası bizim üzərimizdədir. Aşıqlarımız tarixən olduğu kimi, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin, vətən torpaqlarının birlik və bütövlüyünün tərənnümçüsü və mənəvi keşikçiləridir. Biz ulu öndərimiz Heydər Əliyev ideyalarını bundan sonra da sazımız və sözümüzlə dünyaya yayacaq, Koroğlu sazı öz müqəddəs tarixi missiyasını şərəflə davam etdirəcəkdir. Ümidvarıq ki, Dədə Qorqud yadigarı olan bu qədim sənətin qorunması, inkişafı və təbliği daim diqqət mərkəzində olacaqdır.

--Biz də sizə bu yolda uğurlar arzulayırıq. Qoy, Azərbaycan aşığının sazı heç zaman susmasın, sözü heç vaxt tükənməsin!..

Müsahibəni hazırladı:

Zümrüd QURBANQIZI,

“Respublika”.

“Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabı təqdım olunub
Featured

“Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabı təqdım olunub

30.09.2019

Bakı, 27 sentyabr, AZƏRTAC

Rəşid Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib. Xatırladaq ki, bu ilin yazında Azərbaycan Prezidenti İlham Əliyev digər yaradıcılıq təşkilatları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinə də maliyyə yardımı ayırıb və təqdim olunan kitab da məhz bu yardım sayəsində işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, “Gənclik” nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, fəlsəfə doktoru Altay Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Toplu ölkəmizin müxtəlif bölgələrində hazırda yaşayıb-yaradan və müxtəlif yaş qruplarını təmsil edən 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin hazırda da davam etdiyini təsdiqləyir.

Topluya daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.

Sonra tədbirin aparıcısı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor M.Qasımlı və aşıqlar çıxış edərək kitabla bağlı fikirlərini bildiriblər.

Aşıq sənətinə dəyərli töhfə
Featured

Aşıq sənətinə dəyərli töhfə

19.09.2019

Azərbaycan Aşıqlar Birliyi zaman-zaman ustad sənətkarlara həsr olunmuş xatirə-yubiley gecələri, eləcə də əlamətdar günlərdə müəyyən konsert proqramları təşkil etməklə bərabər, bir-birindən dəyərli kitablar, sanballı əsərlər nəşr etdirməyi də öz çoxşaxəli fəaliyyətinə daxil etmişdir. Həmin kitablardan biri də oxucuların ixtiyarına verilən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı toplama-çap işidir. Əvvəlcə onu deyim ki, bu kitabı ilk dəfə ələ alanda qeyri-ixtiyari olaraq “Azərbaycan aşıqları və el şairləri” adlı ikicildlik antologiyanı xatırladım. Çünki hazırkı antologiya da əvvəlki ikicildliyin davamı kimi aşıq sənətində poetik ənənənin xronoloji ardıcıllığını izləməyə imkan verir. Necə ki, bu gün hər hansı klassik sənətkarın şeir yaradıcılığı ilə əlaqədar “Azərbaycan aşıqları və el şairləri” antologiyasına istinad ediriksə, bir zaman da bizim dövrdə yaşayan aşıqların poetik irsi ilə bağlı gələcək nəsillər məhz “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”ndan bəhrələnəcəklər. Bu mənada haqqında danışdığımız toplama işi əvəzsiz dərəcədə qiymətlidir və bu tipli nəşrlər gələcəkdə də davam etməlidir.

Bilindiyi kimi aşıq sənəti sinkretik mahiyyətə malik olub, özündə şairlik, qiraətçilik, poeziya, musiqi, rəqs, teatr və s. sənət və sənət sahələrini birləşdirir. Söz repertuarı, şeir yükü aşıq sənətinin ən mühüm yaradıcılıq istiqamətlərindən biri, bəlkə də birincisidir. Bu gün də hər hansı bir sənətkar nə qədər güclü saz ifaçısı olursa olsun, əgər oxumursa, şeir deyib söz qoşmursa, o əsl aşıq hesab olunmur. Əvvəlki dönəmlərdə texniki vasitələr mövcud olmadığından, klassiklərimiz məhz öz poetik irsinin zənginliyi hesabına əsrlər boyu yaşaya bilmişlər. Dastan-rəvayətlərdə keçən cüzi məlumatlar istisna olmaqla, onların oxu-çalğı sənətkarlığı, ifaçılıq məharəti ilə əlaqədar əlimizdə dəqiq faktlar yoxdur. Hətta bəzi tədqiqatçılar Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və b. kimi ustadların aşıqlığına şübhə ilə yanaşmış, onları şair kimi xarakterizə etməyə çalışmışlar. Beləliklə, əgər bu gün ustad aşıqlarımız barədə zəngin məlumata sahibiksə, sənətin klassikasından danışa biliriksə, biz bunu aşıqlığın dastançılıq və poetik ənənəsinə borcluyuq.

İndi isə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”na ötəri də olsa ekskursiya edərək müəyyən məsələləri vurğulamaq istərdik. Çağdaş aşıqların şeir yaradıcılığına nəzər saldıqda görürük ki, aşıqlığın ədəb-ərkanına, qayda-qanununa uyğun olaraq əvvəlki ustadların ruhuna ehtiram, onların adlarının yad edilməsi kimi ustad-şagird münasibətləri hələ də davam edir və bunlar əslində vacib nüanslardır. Bu dediklərimizə Mahmud Məmmədovun Dədə Qorquda, Valeh Həsənov və Nəriman Aslanoğlunun Aşıq Ələsgərə, Umbay Axundov və Cahangir Sənanoğlunun Aşıq Alıya, Əlixan Niftəliyev və Məhərrəm Hüseynlinin Aşıq Əkbərə, Oqtay Şəmkirlinin Aşıq Murad Niyazlıya, Elxan Astaralının Aşıq Pənaha, Gülarə Azaflının Aşıq Mikayıl Azaflıya, Elman Talıstanlının Aşıq Yanvara, Dəmir Vəliyevin Aşıq İmrana, Ramin Oğuzun Aşıq Kamandara ünvanlanan şeirləri əyani sübutdur. Sözügedən antologiyada həmçinin bir sıra ənənəvi rədiflər, qafiyələr, frazeoloji vahidlər və s. geniş yer tutur. Məsələn, aşağıdakı şeir bəndlərini müqayisə edək:

Təmkinli babalar, aqil atalar,

Müqəddəs telli saz puç oldu getdi.

Qızıldan qiymətli, hikmətli sözlər,

Nadanlar yanında heç oldu getdi.  (Mahmud Məmmədov)

Neçə qəhrəmanlar gəldi dünyaya,

Köç vaxtı yetişdi, tez oldu getdi.

Rüstəmin zərbindən titrədi dağlar,

Düşdü dastanlara söz oldu getdi.  (Xəstə Qasım)

Eləcə də Valeh Həsənov və Urfan Əlinin “Salam olsun” (Yunus Əmrə), Hüseyn Qoşqarlının “Dedim-dedim” (Qurbani), Əhliman Şirvanlının “Xəbərin varmı” (Aşıq Ələsgər), Ziyəddin Borçalının “Çata-çat” (Aşıq Ələsgər), “Ay hayıf” (Xəstə Qasım) və s. şeirləri klassikadan gələn təsir kimi diqqəti cəlb edir. Bununla yanaşı, nisbətən gənc aşıqların yaradıcılığında “Sevirəm səni”, “Sən hə desən”, “Beləmi yaxşıdır, eləmi yaxşı”, “Həyatdır da yaşayırıq”, “Kim yatmış, kim oyaq” kimi müasir rədiflər, deyim tərzi və ifadələrlə də qarşılaşmaq mümkündür.

Çağdaş Azərbaycan aşıqları aşıq şeirinin ən müxtəlif növlərində və çeşidlərində qələm çalmış və bir-birindən gözəl bədii örnəklər yaratmışlar: bayatı, gəraylı, qoşma, divani, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdəyməz təcnis, dodaqdəyməz gəraylı, dodaqdəyməz müxəmməs, cinas gəraylı, qoşayarpaq, təxmis, təsnif və s. Aşıqlarımızın şeir dünyası mövzu rəngarəngliyi etibarı ilə də olduqca zəngindir. Antologiyada yer alan poetik nümunələrdə insanın mənəvi ucalığı və kamilliyi; dini-ürfani dəyərlərin müqəddəsliyi; el-oba, yurd-yuva, vətən, millət, torpaq, bayraq sevgisi; azadlıq və milli dövlətçilik ideyaları; mərdlik, mübarizlik, təmiz eşq, pak məhəbbət kimi ülvi və ali hisslərin tərənnümü üstünlük təşkil edir.

Bu gün sənətkarlarımızın qələminə ağrılı-acılı, qəmli-nisgilli bir mövzu da hakim kəsilib ki, onların könül sızıltılarını bəzən heç telli sazın özü də ovundura bilmir. Təbii ki, bu, günümüzün ən aktual mövzusu olan Qarabağ mövzusudur. Bu baxımdan Umbay Axundov, Cabbar Laçınlı, Aybəniz Laçınlı, Famil Mikayılov, Yaşar Məhərrəmov, Qızqayıt İsayeva, Pərviz Axund kimi sənətkarların yaradıcılığında Qarabağ həsrəti, vətən dərdi, yurd-yuva göynərtisi daha qabarıqdır:

Həsrətdən sinəmə dağlar çəkilib,

Qəmə tabe olub, qəddim bükülüb,

Ürəyimdə dərd toxumu əkilib,

Sağalmağa var dərmanım – Laçındır.

Umbayam, demişəm mən dönə-dönə,

Qurbanlar kəsilə həmin o günə.

Bircə qəbir boyda yer versin mənə,

Axirətim, son məkanım Laçındır.  (Umbay Axundov)

Sözügedən antologiyada bir çox məsələlərlə bağlı fəlsəfi ümumiləşdirmədən doğan didaktik-nəsihətamiz məzmunlu ustadnamələr də az deyil. O ustadnamələr ki, müəyyən bir sənət və həyat təcrübəsinə malik ustad aşıqların yaradıcılığında daha təsirli alınır:

Qaracan, od ola ürəkdə, canda,

Eşqi yaşadasan ilikdə, qanda.

Düşmənin qılıncı kəskin olanda,

Paltarı poladdan geyəsən gərək.  (Qaracan Borçalı)

yaxud

Kamil bir sənətkar olmaq istəsən,

Meylini sənətə salanlardan ol.

Alimlik adını ala bilməsən,

İnsanlıq adını alanlardan ol.  (Urfan Əli)

Klassik aşıqlarla indiki aşıqların şeirləri arasında olan əsas fərqlərdən biri, həmin poetik örnəklərin “yaranma mexanizmi” ilə bağlıdır. Belə ki, üzü Qurbanidən Ələsgərə qədər klassik sənətkarların yaradıcılığında az qala hər bir şeirin öz “yeri-yurdu”, öz “yatağı” var. Onlar haqq aşıqları olduğu üçün həyatları boyunca qarşılaşdıqları ən müxtəlif məqamlarda situasiyaya uyğun şəkildə sinədən söz söyləyər, bədahətən şeir qoşardılar. Buna görə də klassiklərin elə şeirləri var ki, onların yaranma səbəbini bilmədən mənasını anlamaqda çətinlik çəkirsən. Çağdaş aşıqların yaradıcılığında isə əksər örnəklərin müəyyən bir götür-qoy nəticəsində, yəni düşünülmüş və planlı şəkildə yazıldığı açıq-aydın hiss olunur. Bununla belə, aşıqlarımız sənətin klassikasına və ənənəvi poetik ruha yaxşı bələd olduğundan, hər hansı şeir yazma üsulu onların yaradıcılığındakı təbiiliyə və halallığa qətiyyən xələl gətirmir. Doğrudan da, haqqında danışdığımız poetik nümunələrdə sazdan, aşıqlıqdan, sənətdən gələn böyük bir təsir gücü özünü qabarıq şəkildə büruzə verməklə maraq doğurur. Məsələn, ustad aşıq və sazbənd Kövrək Muradın “Saz üstündə” adlı beşbəndlik şeirində sazın növləri, sim və pərdələri, çanağı və qabırğaları, köklənməsi, ümumiyyətlə alətlə bağlı geniş məlumatlar yer alır. Yaxud, ifaçılığında ağır və qəmli havalara daha çox yer verən ustad Cahangir Sənanoğlunun şeir yaradıcılığı da qəmli-nisgilli bir ovqata köklənib. Bunun əksinə, toy-düyün şənliklərində çox olub həmişə oynaq-şux havalara üstünlük verən Zülfiyyə İbadovanın şeirləri də mahnıvari xarakter daşıyır. Bundan başqa, orta nəsil sənətkarlar arasında Koroğlu aşıq havalarının ən mahir ifaçılarından biri də Altay Məmmədlidir. Aşıq Altayın qəhrəmanlıq motivli şeirləri də birbaşa Koroğludan gəlir:

Bu gün qovğalar günüdü,                   

Hərə bir yandan yerisin.                     

Düşmənə verməsin aman,                  

Eşidən andan yerisin.                         

yaxud

Yenə dəli ruhum çağlasın, əssin

Əsir olan torpaqlara tələssin,

Düşmənin nə həddi qabağmı kəssin,

Leşi leş üstünə qalayım gedim.

Altayam, yurd üçün qıyaram canı,

Kəsərəm başları, tökərəm qanı,

Adil padişahım versin fərmanı,

Arxamda min ordum, alayım gedim.

Göründüyü kimi, Koroğlu şeirləri ilə ruh əkizi olan bu mərdlik-mübarizlik nümunələrini ancaq və ancaq “Koroğlu” dastanını dərindən duyan, dəfələrlə qəhrəmanlıq obrazını canlandıra-canlandıra özü də dönüb Koroğlulaşan “Koroğluxan” aşığı yaza bilərdi.

Prof. M.Qasımlı yazır ki, “Saz və saz havaları elə bir sirli aləmdir ki, bu sehirli aləmə hər söz, hər misra, hər bənd və ya şeir daxil olmağı bacarmır. Sazın elə ölçü və meyarları vardır ki, havanın yaratdığı melodik dalğalanma ona doğru gələn sözü çəkib bağrı başında yerləşdirdiyi kimi, bəyənmədiyi təqdirdə geri itələyib uzaqlaşdıra da bilər”. Saz aşığın yol yoldaşı, can sirdaşı, qan qardaşı olduğuna görə, aşıq sazın dilini yaxşı bildiyinə görə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabında yer alan şeirlərin böyük əksəriyyəti fəlsəfi tutumundan, məna-məzmun dərinliyindən asılı olmayaraq, dil-üslub və intonasiya cəhətdən axıcıdır, melodikdir, bədii baxımdan diləyatımlı və könül oxşayandır. Nə qədər ki aşığın sinəsində saz var, söz var, bundan sonra da yeni-yeni poetik incilər yaranacaq və sazın-sözün vəhdətindən yaranan əsrarəngiz gözəlliklər bütün dünyanı milli ədəbiyyatımıza heyran qoyacaqdır. Sonda “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabında adıkeçən gənc müəlliflərdən biri kimi, başda hörmətli müəllimim, professor Məhərrəm Qasımlı olmaqla Aşıqlar Birliyinin bütün əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hafiz KƏRİMOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Çağdaş aşıq sənətini əks etdirən uğurlu nəşr işi
Featured

Çağdaş aşıq sənətini əks etdirən uğurlu nəşr işi

17.07.2019

Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyi tərəfindən tərtib olunmuş "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" işıq üzü gördü. Kitab həcmcə böyük olsa da (səhifəsi: 512, formatı: 70x100), tezliklə oxuyub bitirdim. Marağıma səbəb olan şeirləri təkrar-təkrar oxuyurdum, müəyyən qeydlər aparırdım. Sonda qərara gəldim ki, kitab barədə, eləcə də aşıq sənətinə dair digər məsələlərlə bağlı öz fikirlərimi yazım.

Kitabda hazırda yaşayıb-yaradan aşıqların qısa tərcümeyi-halı və şeirləri yer alıb. Qocaman aşıq Mahmud Məmmədovdan, dastan yaratmış Aşıq Umbaydan ("Laçın həsrəti"), Valeh Həsənovdan ("Aşıq Valeh və Afət"), irfan ədəbiyyatının bilicisi Urfan Əlidən tutmuş Cahangir Sənanoğluya, Bəhmən Göyçəliyə, Əhliman Şirvanlıya; Dəmir Gədəbəylidən, Altay Məmmədlidən tutmuş Hafiz Veysoğluna, qədər 60-a yaxınşair-aşığın yaradıcılığını əhatə edən bu kitab bəzi cəhətlərinə görə aşıq sənətinə dair digər antologiyalardan fərqlənir. Birincisi, ona görə ki, aşıqlıqla bərabər şeir yaradıcılığı ilə məşğul olan və hazırda da yaradıcılığını davam etdirən sənətkarlardan ibarət belə bir toplu ilk dəfədir dərc olunur. Başqa bir özəlliyi ondan ibarətdir ki, bu kitab daha geniş coğrafi ərazini əhatə edir. Burada Azərbaycanın indiki ərazisində yaşayıb-yaradan aşıqlarla bərabər, qədim torpaqlarımız olan Borçalıdan, Cənubi Azərbaycandan olan aşıqların da şeirləri yer alıb.

Qeyd etdiyim kimi, antologiyada yer alanların arasında ustadların yolunu layiqincə davam etdirən qocaman və gənc şair-aşıqlar çoxdur. Görürsən, aşıq şeirində yeni nəfəslər ərsəyə gəlir. Sevindirici hal odur ki, aralarında qadın aşıqlar da az deyil və bir-birindən gözəl sənət nümunələri ortaya qoymuşlar. Belə bir uydurma söz var: aşıqlıq kişi peşəsidir, qadın baş çıxara bilməz. Amma zaman-zaman gördük ki, bunu deyənlər yanılmışlar. Elə Azaflı Mikayıl ocağının yetirmələri Minayə Azaflının və Gülarə Azaflının, eləcə də Sevinc Malikqızının (Goranboy), Ruhiyyə Zəngilanlının şeirlərini nümunə gətirmək olar ki, heç də kişi aşıqlardan geri qalmırlar, hətta etiraf edim, bəzilərini üstələməyi də bacarırlar. Səhnədə çalıb-oxuyarkən də bunu müşahidə edirik.

Azərbaycan aşıq sənəti son dövürlərdə beynəlxalq mədəniyyət mühitinə qədəm basmağı müvəffəqiyyətlə bacarmış, qədəmlərini sabitləşdirməyə nail olmuşdur. Bu nailiyyətə görə biz orta çağ Azərbaycan aşıqlığına, irfan ədəbiyyatına, onun öncəsində oğuznamələrdən süzülüb gəlmiş, Qorqud Dədənin səsində, nəfəsində biçimlənmiş, cilalanmış ozan ənənənəsinə, o ənənədən törəyən el bayatılarına, el nəğmələrinə, yəni bu sənətin təməllərinə minnətdar olmalıyıq. Təməl nə qədər sarsılmaz olarsa, üzərində inşa edilmiş bina bir o qədər hündür, bir o qədər göydələn olar.

Aşıq nəğməkar olmaqla yanaşı həm də dilin daşıyıcısıdır; eldən-elə, oymaqdan-oymağa dolaşıb, dilimizin dumduruluğunu, şipşirinliyini sazıyla, sözüylə, avazıyla təbliğ edir. Vaxt varmış, aşıq hər axşam camaata dastanlar söyləyər, çalıb-çağırarmış; aşığı dinləməyə tələsərmişlər; atasının yanına düşüb gələn uşaq, aşığın layla şirinliyində nəğmələrini dinləyib, ordaca yuxuya dalarmış - dastanın təsirinə düşüb yuxusunda özünü Koroğlu cüssəsində, Qurbani yaraşığında görərmiş; Abbas zəhər quyusuna atılanda özünü Abbas zənn edərmiş, Əslinin düymələri açılmayanda Kərəmdən əvvəl od tutub yanarmış...

Təbii ki, bunlar məsələnin duyğusal tərəfidir. Dövran dəyişib, insanlar artıq nağıllara, dastanlara inanmır. Romantizm öz yerini çoxdan realizmə qapdırıb. Hamı hər şeyin o an, ordaca baş verməsini istəyir, sözün məcaziliyinə, simvolikasına, sirrinə, sehrinə məhəl qoyan yoxdur. Bunlar zəmanədən narazılıq kimi anlaşılmasın. Mən özüm də bu zamanın adamıyam və yeniləşən düşüncə tərzinin bir çox cəhətlərini sevirəm. İndi sözün ifadəliliyi daha lakonik, daha çevikdir. Böyük bir mətləbi adi işarəylə də başa salmaq olur. Elə ustadların da çabası, düşünürəm, bu məqsədə xidmət eləyirdi. Çox uzağa getmədən bütün dövrlərin ən böyük sənətkarı Dədə Ələsgərin bir misrasını xatırlayırıq - "Arif odur işarədən söz qana" - və bu nəticəyə gəlirik ki, texnologiya əsrinin insanı sələflərinə baxanda daha da arifdir, tezanlayandır.

Aşıq hər şeydən öncə alçaqkönüllü olmalıdır. Çünki o, bir müəllimdir - danışdığı əhvalatların, rəvayətlərin, oxuduğu şeirlərin vasitəsilə dinləyicilərinə elmlə, dinlə, insanlıqla, kamilliyə aparan yolla bağlı informasiyalar ötürür, məlumatlandırır. Əgər lovğalanıb özünü öysə, saymazyana rəftar eləsə, onun sözü heç bir halda əhəmiyyət kəsb eləməz.

Sözügedən bu antologiyada şeirlərini oxuduğumuz el sənətkarları gənc nəslin ədəbiyyat, birbaşa desək, şeiriyyat bilgilərinin artmasında əvəzsiz rol oynamaqla bərabər həm də gənclərə düzlüyü, mərdliyi, qoçaqlığı təlqin edir. Aşıq sənətinə maraq günbəgün çoxalır. İndi hər evdə, demək olar, bir aşıq və ya saz çalmağı az-çox bacaran bir həvəskar, ən azından divardan asılmış bir saz var. Bunun özü çox sevindirici haldır. Demək, bu sənət öz sələfləri olan ozan, baxşı, yanşaq, varsaq və s. sənətlər kimi tarixin arxivində tozlanmayacaq, əksinə, daha da parlayacaq. Amma bunun üçün yeni-yeni proqramlara, layihələrə zərurət var. 2018-ci ildə keçirilən Aşıqların VI Qurultayında çıxışçlar təqdirəlayiq təkliflər irəli sürmüşdülər. Məsələn, dastan teatrının yaradılması. Bu fikir səsləndikdə mən özlüyümdə bu teatr barədə bir təsəvvür formalaşdırmağa çalışdım. Əgər belə bir teatr yaradılacaqsa, aşıqların diksiyasına (xüsusən aksentinə), səhnə davranışına nəzarət etmək üçün ən başda rejissora ehtiyac var. Dastanın mövzusuna müvafiq səhnə dekorasiyaları hazırlamaq üçün orada quruluşçu rəssamlar, dekorçular mütləq olmalıdır. Sadəcə əvvəldən-axıra dastan söyləmək, oxuyub-çalmaq şəklində yox, dastanı ssenariləşdirmək, oxunacaq havaları/deyişmələri ya canlı olaraq, ya da əvvəlcədən studiyada hazırlanmış fanaqramlarla verərək, teatr tamaşası şəklinə gətirmək olar.

Aşıq sənətinə diqqət və qayğının çoxalması, bu məqsədlə bir çox təbliğat tədbirlərinin görülməsi, təbii ki, danılmazdır. Bundan sonra da nəsə eləmək lazımdır. Aşıq öz qiymətini alanda daha da qiymətli işlər görür. Aşıq sıravi musiqiçi deyil, həm də el ağsaqqalıdır. Professor Məhərrəm Qasımlının araşdırmalarından oxuduğumuz kimi, aşığın ən ulu sələfiləri Qamlar, Şamanlar, Kağanlardır. Onlar el-obanın xeyir işində, şər işində öncül, ağsaqqal rolunu icra etmiş, yolgöstərən, müşkül işi həll edən olmuşlar. Dədə Qorqudun isə təqdimata ehtiyacı yoxdur. Aşıq sənəti formalaşıb vüsət aldığı zamanlardan bu günə qədər tarixə nəzər yetirsək, Dədə adını almış neçə-neçə sənətkarlar qarşımıza çıxar. Məsələn, Dədə Kərəm, Dədə Ələsgər, Dədə Şəmşir və ən yaxın çağdaşımız Dədə Ədalət və s. Bunlar onu göstərir ki, dədəlik, ağsaqqallıq, yolgöstərənlik ənənəsi gönümüzə qədər davam edir. Yəqin ki, bundan sonra da aşığın ağıryanalığı, sanbalı, el içində xətir-hörməti öz axarıyla irəliləyəcəkdir.

Aşıqlığın qabaqcıl bir sənət olduğunu tarix qarşısında dönə-dönə isbat etmək zorundayıq. Bu yöndə dövlətin, Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin üzərinə nə qədər məsuliyyət düşürsə, aşıqlar da bu məsuliyyətə o dərəcədə şərikdirlər. Hər aşıq öz üzərində işləməli, mütaliəsini, tələffüzünü, yazmaq qabiliyyətini (buraya dilin qrammatikasını düzgün bilmək də daxildir) inkişaf etdirməlidir. Şivələrin, dialektlərin özünəməxsus gözəlliyi vardır, amma sənətkarsansa, səhnədə, efirdə bilərəkdən, yaxud bilməyərəkdən danışdığın ləhcəyə diqqət eləməlisən. Sən özünü o cür barbar göstərdikcə gülüş hədəfinə çevrilirsən, sənə güldükcə, timsalında bütün aşıqlara, aşıq sənətinə gülürlər və ciddiyə almırlar.

Bütün hallarda bu qədimi sənəti havacat və söz irsi ilə birgə məsuliyyətlə yaşatmalı, gələcək nəsillərə mükəmməl sənət yaradıcılığı şəklində təqdim etməliyik. Bu mənada aşıq şeirlərinin zaman-zaman toplu şəkildə dərc edilməsi inanılmaz dərəcədə əhəmiyyət kəsb eləyir.

Yekun: Bu antologiyanın çıxması münasibətilə öncə zəhməti keçən insanlara minnətdarlığımı bildirir, müəllifləri və saz-söz həvəskarlarını təbrik edirəm. Yeri gəlmişkən, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlını son dövrlərdə çapdan çıxan "Folklor və ədəbiyyat araşdırmaları" (2017), "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (2018) və sözügedən antologiyanın - "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" (2019) kitablarının çıxması münasibətilə ayrıca təbrik edirəm. Adlarından da bəlli olduğu kimi bu kitablar aşıq sənətinin genetik qaynaqlarını, aşıq mühitlərini, aşıq repertuarını öyrənib mənimsəmək, aşıq şeir şəkillərinə dərindən bələd olmaq, çağdaş Azərbaycan aşıqlarının fəaliyyəti və söz yaradıcılığı barədə məlumatlanmaq baxımından ələdüşməz mənbələrdir. Könül istər, bu kitablar əl-əl gəzsin, aşıqlar, şairlər, alimlər oxuyub, müvafiq şəkildə bəhrələnsinlər.

 

PƏRVİZ AXUND
AAB-nin və AYB-nin üzvü,
prezident mükafatçısı

Türkiyəli aşıqşünaslar Aşıqlar Birliyinin qonağı olmuşlar
Featured

Türkiyəli aşıqşünaslar Aşıqlar Birliyinin qonağı olmuşlar

27.09.2019

Azərbaycan aşıq sənətinə dair dəyərli araşdırmaları olan prof. dr. Eyub Akman (Kastamonu universiteti), eləcə də dr. Əziz Gökcə və dr. Hülya Gökcə (Ankara, Bəyazid Universiteti) 27 sentyabrda Aşıqlar Birliyində qonaq olmuşlar.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı son illər ərzində Aşıqlar Birliyində görülmüş işlər barədə bilgi vermiş və yeni nəşr işlərini onlara hədiyyə etmişdir.
Onlar Aşıq Şəmşir, Azərbaycanın xanım aşıqları ilə bağlı araşdırmalar aparmaq istədiklərini söyləmiş və birgə fəaliyyət üçün məramlarını açıqlamışlar.

“Elə bil o kresloda təkcə mən yox, həm Hüseyn Arif, həm də Zəlimxan Yaqub oturub...”
Featured

“Elə bil o kresloda təkcə mən yox, həm Hüseyn Arif, həm də Zəlimxan Yaqub oturub...”

13.09.2019
Moderator.az Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıyla müsahibəni təqdim edir. 

- Məhərrəm müəllim, “Ozan Aşıq Ensiklopediyası”nı çapa hazırladığınızı deyirsiniz. Bu nə vaxta hazır olar?
 
- Təxminən oktyabr və noyabr aylarında ərsəyə gəlməsi planlaşdırılır. “Ozan Aşıq Ensiklopediyası” iki cilddən ibarət min beş yüz səhifəlik bir kitab olacaq. Bizdə ilk dəfədir ki, belə bir ensiklopediya hazırlanır. Hazırda böyük iş gedir. Baş redaktor özüməm, müavinim Mahmud Abdurrahmanlıdır. İşçi qrupunun üzvləri isə İradə Köçərli, Kamilə Dadaşzadə, Elxan Məmmədov və digər yoldaşlardır.
 
- Vəsait ayrılandan sonra bu işlərə başlanıldı, düzdümü?
- Əvvəl ensiklopediyanı hazırlamaq planda var idi, amma vəsait ayrılandan sonra bunu həyata keçirə bildik. Bizim çox kitablarımız çapdan çıxıb. Vəsait ayrılandan sonra üç ay ərzində “Çağdaş Azərbaycan Aşıqlarının Şeir Antologiyası” çapdan çıxdı və sentyabrın 26-da Rəşhid Behbudov Adına Mahnı Teatrında bunun təqdimatı olacaq. Bu kitabda olanlar bu gün yaşayıb-yaradan aşıqlardır. Kitabda 61 aşığa yer verilib. Kitabda ən yaşlı aşıq 85, ən gənc aşıq isə 32 yaşındadır. Kitab bütün bölgələrimizi əhatə edir. İndiyə kimi heç bir zaman yaşayan aşıqların ensiklopediyası çapdan çıxmayıb. Bunu ilk dəfədir ki, biz etdik. Kitabı da həmin aşıqlara hədiyyə edirik, amma imzalatdırıb veririk ki, sonra deməsinlər ki, bizə kitab verilməyib. Kitabın tirajı iki mindir. Təqdimata da kitabda yer alan aşıqları dəvət edəcəyik və onlar öz şeirlərini səsləndirəcək. Yaşlı aşıqlarımızın buna imkanı olmazsa, şagirdləri onların şeirlərini oxuyacaq. 
 
- Bəs “Ozan Aşıq Ensiklopediyası”ında hansı məlumatlar var?
 
- Bu ensiklopediyada aşıq sənətiylə bağlı bütün məlumatlar yer alıb. Saz, aşıq havaları, klassik dastanlar, ustad aşıqlarla və bu gün yaşayan aşıqlarla bağlı məlumatlar var. Məsələn, burda Təbrizdən olan aşıqlarımız haqda da məlumatlar olacaq. Fotoları olan aşıqlarımızı fotolarla, olmayanları isə fotosuz yerləşdirəcəyik. Bu kitaba çağdaş aşıqlarımızdan Samirə Əliyeva, Əli Tapdıqoğlu kimi aşıqlarımız da salınıb. Ən böyük işimiz bu ensiklopediyanın hazırlanmasıdır. Bizim ilk dəfə Növrəs İmanla bağlı olan “Dastan-Hekayəti”miz nəşr olunur. Onu təqdim edən aşığın biri dünyasını dəyişib, amma digəri yaşayır və onun da səksəndən çox yaşı var. O, Daşkəsəndə yaşayır və bunu bizə təqdim etdi və biz də çapa göndərdik. İndiyə kimi heç kim bilmirdi ki, 1943-cü ildən sonra Növrəs İmanın sonu necə olur. Bunun izinə düşdülər və məlum oldu ki, o, İrana keçib, Ərdəbildə yaşayıb və 1953-cü ildə də ölüb. Bizim daha bir kitabımız Mahmud Abdurrahmalıyla birlikdə hazırladığımız “Azərbaycan Aşıq Ədəbiyyatının Sözlüyü” kitabıdır. Burda da qoşma, təcnis və dastanlarımız haqqında izahlar vermişik. Bu kitab da yaxın bir ayda çap olunacaq. 
- Sizin özünüzün müəllifi olduğunuz kitabınızın çapda çıxdığını demişdiniz...
 
- Bəli. Bu “Azərbaycan Aşıq Ədəbiyyatı” kitabıdır. Kitabı Mədəniyyət Nazirliyin vəsaiti hesabına çap etmişik. 
 
- Yəni onun Aşıqlar Birliyi üçün ayrılan vəsaitə aidiyyatı yoxdur?
 
- Xeyir. Nazirlik çap edib. Öz kitabımı bu vəsaitlə çap etdirə bilmərəm, bunun sözü-söhbəti aləmə yayılar. (Gülür) Kitabda Qurbanidən, Şəmşirə qədər aşıqlar haqda məlumatlar var. Bizim daha bir kitabımız üç cilddən ibarət olan və ötən il çapdan çıxan “Aşıq Ədəbiyyatı Antologiyası”dır. 
 
- Bu gün regionlardakı fəaliyyətinizdə irəliləyişlər varmı? 
 
- Çox böyük irəliləyişlər var. Bizim ciddi şəkildə iş gördüyümüz regionlar var. Gəncə-Basar, Şirvan, Borçalı aşıqlarıyla işlər görürük. Gəncə-Basarda Kəlbəcər aşıqları, Ağcabədidə Taxta körpüdə yerləşən Laçın aşıqlarına ciddi diqqət edirik. Onu da qeyd edim ki, mən Aşıqlar Birliyinə sədr gələndən sonra bir ildə yeddi aşığa prezidentin sərəncamıyla “Əməkdar mədəniyyət işçisi” fəxri adı almışam. Onlar bu bölgələrin hamısını təmsil edir. İndiki halda Laçından, Kəlbəcərdən olan aşıqlarımız Sumqayıtda birləşiblər və onları Sumqayıt Aşıqlar Birliyində bir yerdə cəmləşdirmişik. Gəncədə, Qazaxda, Tovuzda filiallarımız var. Ən fəal işləyən aşıqlarımız isə Kəlbəcər və Laçın filiallarımızdakı aşıqlarımızdır. Onlar torpaqlarını itirsələr də, sənətə çox yönəliblər. Bəlkə də torpaqların işğalından əvvəl Laçında çox az aşıq var idi, amma indi yetmişə yaxın aşıq var. Onların bir neçə ayrıca tədbirlərini keçirmişəm. Əvvəllər bizdə heç aşıq olmayan bölgələrimiz var idi. Bizim apardığımız təbliğatın nəticəsində cənub bölgəsindən də açıqlarımız yetişməyə başladı. Məsələn, Astaradan aşıqlarımız var. Keçən dəfə Aşıq Elxan Astaralının altmış illik yubileyində iştirak elədim. Hazırda Astarada 10-dan çox, Lerikdə 5-gənc aşıq var. Tarixən Cəlilabadda və Biləsuvarda da çox böyük aşıqlar olub. İndi mən şair Bilal Alarlıdan xahiş etmişəm ki, orda bu işlərlə bağlı araşdırma aparıb işləri gücləndirsin. İndi müəyyən ansabllarda saz ifa edən cəlilabadlı gənclər ortaya çıxıb. Bizim Salyanda da gənc aşıqlarımız var. Mərhum Həsənağa Sadıqov bu işdə mənə çox kömək edirdi. Salyanda Gənc Aşıqlar Qrupu yaratmışıq və istəyirik ki, onlar böyüsün və aşıq sənətinə gəlsinlər. İmişli, Sabirabad zonasından da aşıqlarımız var və hətta onları televizyaya da çıxarmışam. Bununla yanaşı, aşıq sənətinin güclü olduğu Gədəbəy, Şamaxı, Tovuz kimi rayonlarımızda da işlər gedir. 
- Bəs beynəlxalq əlaqələriniz hansı səviyyədədir?
 
- Açığını deyim ki, əvvəllər bu istiqamətdə çətinliklərimiz var idi, amma aşıq sənəti 2009-cu ildə UNESKO-nun siyahısına salındıqdan sonra artıq Mədəniyyət Nazirliyi və dövlət xəttiylə bir çox tədbirlərimiz həyata keçirilir və bizim aşıqlarımız Fransada, İngiltərədə, Pribaltika ölkələrində kosnertlərdə iştirak edirlər. Məsələn, ötən il Samir Əliyeva və Əli Tapdıqoğlu Daşkənddə keçirilən Beynəlxalq Aşıq Festivalında ikinci yerə layiq görüldülər. Bu çox böyük hadisə idi. Bundan əvvəl də bir çox festivallarda bizim aşıqlar dəfələrlə yer tutublar. Ən fəal ilimiz 2018-ci il oldu. Ötən il çox işlər görüldü və bu il də işlərimiz davam edir. Bizim bir neçə qadın aşıqlarımız Amerikada kosnertlər veriblər. 
 
- Məhərrəm müəllim, Muğam Musabiqəsindən sonra Aşıq Müsabiqəsinin keçiriləcəyini demişdiniz. Müsabiqənin keçirilməsi bu il müknüdürmü?
 
- Aşıq Müsabiqəsi olacaq, arrtıq işlər başlayıb. Məhərrəmlikdən sonra ilkin seçimlərimiz başlayacaq. Qazaxda, Şamaxıda, Gəncədə və Bakıda seçimlərimiz olacaq. Müsabiqədə on səkkiz yaşından, otuz iki yaşına qədər gənclərimiz iştirak edəcək. Bununla bağlı televiziya kanalında elan veriləcək. Düşünürəm ki, bu il müsabiqənin keçirilməsi mümkün olacaq. 
 
- Aşıq Ələsgərin Bakıda heykəlinin qoyulması məsələsi gündəmə gəlmişdi. Bu nə vaxt mümkün olacaq? 
- Qarşıdan ustadın iki yüz illik yubileyi gəlir və bununla bağlı Nazirlər Kabinetinə, Mədəniyyət Nazirliyinə müraciətlər etmişik. Aşıq Ələsgərin yubileyi onun heykəlinin qoyulmasıyla səciyyələnəcək. Çünki iki yüz illik yubileyi olan heç bir aşığın tədbiri olmayıb və bu da ilk dəfə olacaq. 2021-ci ildə yubiley olacaq. 
 
- Ötən dəfə müsahibənizdən sonra İrandan olan aşıqlar sizin əleyhinizə açıqlamalar vermişdi...
 
- Onlar sənətə ləkə olan adamlardı, heç birinin də adını çəkmək istəmirəm. Onların heç birini nə tədbirlərimə, nə də efirə çıxarmıram. Onlar ara qarışdırmaqla məşğul olan adamlardır. İrandan kifayət qədər çox istedadlı aşıqlar var mən onları çağırıb tədbirlərə dəvət edirəm. O birilərini heç bu qapıdan içəri buraxmaram. 
 
- Yerinizə göz dikən adamlar varmı?
 
- Aşıqlar Birliyinin sədri vəsifəsi qurultayla təyin olunur. Mən Zəlimxan müəllimdən sonra gəlmişəm. Onda mən birinci müavin idim, Zəlimxan müəllimdən sonra onu əvəz etdim və qurultayda seçildim. Yeddinci qurultayda kimi istəyəcəklər, onu da seçəcəklər. Bu yer heç kimin boynuna biçilməyib. Allah rəhmət eləsin Zəlimxan müəllim sağ olsaydı, qurultayda yenə onun seçilməsini istəyəcəkdim. Amma o, dünyasını dəyişdi və bu gün öz fəaliyyətimdə Hüseyn Arifin və Zilmxan Yaqubun bütün dəsti-xəttini qoruyuram. Elə bil o kresloda təkcə mən yox, həm Hüseyn Arif, həm də Zəlimxan Yaqub oturub. Məndən sonra isə necə olacaq onu deyə bilmərəm. 
 
- Məhərrəm müəllim, efirlərimizdə tez-tez aşıqlarla saz ifaçıları arasında mübahisə yaranır. Sizcə saz ifaçısıyla aşıq olmaq fərqli sənət deyilmi?
 
- Əlbəttə saz ifaçısı başqa, aşıq başqadır. Bu gün Azərbaycanda xeyli sayda saz ifaçısı var. Mən bildiyim qədəriylə onların sayı beş yüzdən çoxdur. Amma aşıqların ümumi sayı iki yüzdən çox deyil. Saz ifaçısı aşıq deyil, aşığın öz şərtləri var. Aşıq həm saz çalmalıdı, dastan deməlidir, aktyorluq etməlidir və s. Bu mürəkkəb və ağır yükdür. Saz ifaçılarını aşıq saymaq düzgün deyil, amma onların da içində çox istedadlı adamlar var. Aşıq Ədalət aşıq idi və onun repertuarında dörd mindən çox hava var idi. İndi Aşıq Ədalət Kəlbəcərlinin də repertuarı zəngindir. Elə adam var ki, saz ifa etməkdən başqa heç nə bilmir və bir az da dərinə getsən, görərsən ki, ifa etdiyi havaların sayı 10-dan çox deyil, amma özünə aşıq deyir. 
- Bir şeyi də etiraf edək ki, elə aşıqlarımız var ki, onlar da dastan danışa bilmirlər...
 
- Haqlısınız. Dastan aşıqları demək olur ki, olduqca çox azalıb. Amma mən bu gün gənc aşıqlarımıza tövsiyə edirəm ki, onlar dastanlarımızı bilsinlər. Mən bunu verilişimdə də hər dəfə qeyd edirəm. Samirə Əliyeva, Əli Tapdıqoğlu və s. aşıqlarımız parçalar təqdim ediblər. İndi istəyirəm ki, gənc aşıqlarımız bunu öyrənsinlər və biz dastan gecələri keçirək. Xalqı bu mədəniyyətdən qoparmaq olmaz. Xalqı bundan qoparsaq, boşluğa düşər. İnsanın ailə həyatı da, mənəvi həyatı da puç olar. İnsan “Koroğlu” dastanını bilmirsə, onu öz həyatında nə tədbiq edə biləcək, nə də torpağını qoruya biləcək. Bu mənada “Koroğlu” dastanını insanlarımız bilməlidir. 
 
- Saz həm də bir ruzi-bərəkət rəmzidi deyilər...
 
- Ümumiyyətlə, saz tarixən ilahi aləmə bağlı olan bir alətdir. Onu heç vaxt yerə qoymaq olmaz. Özünüz də otağımda görürsünüz ki, sazı stolun üstündə saxlayıram. O biri otaqda sazları divardan asmışıq. Onu da deyim ki, ayrılan vəsait hesabına yeni sazlar almışıq. On beşə yaxın saz almışıq. Bizim gənc aşıqlarımız burda sazı götürüb məşq edirlər və evə də gedəndə yerinə asıb gedirlər. Ölkə başçımız var olsun ki, bizə o vəsaiti ayırdı və biz bu işləri ərsəyə gətirdik. İndi istəyirik ki, filiallarımıza kompüterlər alaq. Müəyyən texnoloji avadanlıqlar verək ki, onlar inkişaf etsinlər. Onlar həmçinin yeni sazlar da verəcəyik. 
“Bu illər ərzində heç vaxt binamız olmayıb...”
 
-Aşıqlar Birliyinin bir problemi var və o da bizim yerimizin olmamasıdır. Bizim binamız yoxdur. Hazırda gəldiyiniz yeri biz icarəyə götürmüşük. Aşıqlar Birliyi 1984-cü ildə yaradılıb və bu il 35 illiyimiz olacaq. Bu illər ərzində heç vaxt binamız olmayıb və bu il Prezident Aparatına və Mədəniyyət Nazirliyinə müraciət etmişəm ki, bizə bir bina tiksinlər. Ümid edirəm ki, bu da gerçəkləşər. Çünki bizim dövlətimiz aşıq sənətinə qarşı çox həssasdı. Düşünürəm ki, Muğam Mərkəzi kimi bir Ozan Aşıq Mərkəzi də açılacaq və biz də orda fəaliyyətimizi davam etdirəcəyik.
 
Vasif Əlihüseyn
Türkiyənin ünlü ozanı ustad Şərəf Taşlova Aşıqlar Birliyində anıldı
Featured

Türkiyənin ünlü ozanı ustad Şərəf Taşlova Aşıqlar Birliyində anıldı

17.07.2019

İyul ayının 17-də Aşıqlar Birliyində əslən Azərbaycandan-Borçalıdan olan ustad aşıq Şərəf Taşlovanın (1938-2014) sənəti və xatirəsi anıldı. Aşıqlar Birliyinə Türkiyədən qonaq gələn ustadın qızı, yazar Ülkü Taşlova və onun həyat yoldaşı prof. doktor İshak Özkanı salamlayan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı böyük sənətkar Şərəf Taşlovanın ömür və sənət yolu barədə geniş söhbət açmışdır. Şərəf Taşlova Anadolu və Azərbaycan aşıqlığını həm Türkiyədə, həm də dünyada ləyaqətlə təmsil etmişdir.

O, UNESKO-nun “Xəzinə insanlar” fəxri siyahısında yer almış nadir sənət adamlarından biridir. Haqqında çoxsaylı kitablar yazılmış, filmlər çəkilmişdir.
Ustad sənətkarın qızı yazıçı Ülkü Taşlova atası ilə bağlı xoş sözləri, xatirələri duyğusallıqla qarşılayıb minnətdarlığını bildirmişdir.
Görüşdə Əməkdar İncəsənət Xadimi şair Vaqif Bəhmənli, jurnalist Rəhilə Gülgün və aşıq, fəlsəfə doktoru Altay Məmmədli ustad sənətkarla bağlı ürək sözlərini söyləmişlər.
Xatirə gününün sonunda Altay Məmmədlinin ifasında aşıq mahnıları səslənmişdir.

66831937_349182182646403_6984475314244026368_n.jpg

66462128_349215775978374_296670081377632256_n.jpg

67410305_1308281479337034_218814152641085440_n.jpg

 

25 -dən səhifə 36

  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ