AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Featured

AŞIQ ƏLƏSGƏRLƏ BAĞLI YENİ KİTAB HAZIRLANIR

12.04.2021

Zəngin tarixi ənənəyə malik olan aşıq sənətinə  yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının bu il 200 illik yubileyi ilidir. Bu böyük ustadın yubileyinin respublikamızda geniş qeyd olunması üçün ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu ilin fevral ayında sərəncam imzalayıb. Artıq sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlanılıb, aidiyyəti təşkilatlar bu böyük saz və söz ustadına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirirlər.

Yubileylə bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, yubiley tədbirlərinə hələ ötən ilin sonlarından start verən Aşıqlar Birlyində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab nəşrə hazırlanır. Burada ustad sənətkar haqqında yaradılmış 10-dan yuxarı dastan-rəvayət yer alacaqdır. Dastan-rəvayətlər zamanında Talıb Ələsgəroğlu, Hüseyn Saraçlı, İmran Həsənov, Mahmud Məmmədov, Fətulla Göyçəli və Hacı Bayramov kimi ustad aşıqlardan toplanmışdır.

Kitabın tərtibçiləri Əməkdar elm xadimi, AAB-nin sədri, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır. Kitab yaxın günlərdə geniş oxucu kütkləsinə və elmi ictimaiyyətə təqdim olunacaqdır.

“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”
Featured

“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”

19.02.2021

“Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildiririk”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib. Qurum sədri Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi münasibətilə görüləcək işlərdən danışıb:

1613729439 meherrem qasimli 768x403

“Bu günlərdə Azərbaycan Respublikasının prezidenti, möhrətəm İlham Əliyev cənabları Ozan Aşıq Məktəbinin nəhəng bir nümayəndəsinin, ustadlar-ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi barədə mübarək bir sərəncam imzalayıb. Bu böyük qiymətə və qədirşunaslıq dəyərləndirməsinə görə Aşıq Birliyi və geniş saz-söz ictimaiyyəti adından cənab prezidentə təşəkkürümüzü bildirirk. Bildiyiniz kimi Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ilk böyük sərəncam ulu öndər Heydər Əliyev tərəfindən 1972-cı ildə imzalanıb. O zaman Bakıda, Moskvada və aşığın doğma yurdu Göyçə mahalında 150 illik yubileyi keçirilib və xalq tərəfindən yüksək bir məhəbbətlə qarşılanıb. 
Bundan sonrakı dönəmlərdə yenə də Aşıq Ələsgərin 175, 180, 190 illiyi yubileyləri Azərbaycanda keçirilib və onun ilk sərəncamları ulu öndərimiz tərəfindən, 190 illik yubileyi ilə bağlı sərəncam isə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən gerçəkləşdirilib. İndi isə 200 illik yubiley gəlir. Bu isə qarşıda çox böyük məsələlər qoyur. Yəqin ki, qarşımızdakı ildə genişmiqyaslı işlər gerçəkləşdiriləcək, burda düşünürəm ki, Aşıq Ələsgərin heykəlinin qoyulması, onunla bağlı kitabların hazırlanması, silsilə tədbirlərin, elmi sessiyaların keçirilməsi və onun yaradıcılığının işıqlandırılması həyata keçiriləcək. Düşünürəm və arzu edirəm ki, Aşıq Ələsgərin məzarının Göyçə mahalından Bakıya  köçürülüb Fəxri Xiyabanda dəfn edilməsi məsələsinə də baxıla bilər və o da gerçəkləşmiş olar. Qarşıda həqiqətən ulu bir ozanın 200 illik yubileyi təkcə Bakıda, Azərbaycanda deyil, Avropada, Türkiyədə və dünyanın müxtəlif yerlərində yüksək səviyyədə qeyd olunacaq. Bu da bizim üçün böyük saz-söz bayramı olacaq. Ona görə bir daha hamımız möhtərəm prezidentimizə təşəkkür edirik və bu yubileyə hamımız bütün varlığımızla hazırlaşmağa başlamışıq. Aşıqlar Birliyi bir çox silsilə işlər hazırlayıb. Məsələn, Aşıq Ələsgərin lirika kitabı nəşr olundu, ardınca onun dastan rəvayətləri gerçəkləşdiriləcək. Aşıqlar Birliyi və Elmlər Akademiyasının birgə nəşri kimi Aşıq Ələsgərə həsr olunmuş “Poeziya Antologiyası”, yəni onun haqqında yazılan şeir və məqalələr antologiya halında çapdan çıxacaq. Bir də uzun illərdir ki, Aşıq Ələsgərlə bağlı aparılan araşdırmalar Elmlər Akademiyası və Aşıqlar Birliyinin birgə nəşri kimi çapdan çıxacaq”. 

Qeyd edək ki, Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Vasif Əlihüseyn

AŞIQ ƏLƏSGƏRİN LİRİK ŞEİRLƏRİNDƏN İBARƏT YENİ KİTAB NƏŞR OLUNUB
Featured

AŞIQ ƏLƏSGƏRİN LİRİK ŞEİRLƏRİNDƏN İBARƏT YENİ KİTAB NƏŞR OLUNUB

29.01.2021

2021-ci  il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Azərbaycan Aşıqlar Birliyi yubiley münasibəti ilə bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addım da atılıb – ustadın lirik şeirlərindən ibarət kitab oxucuların ixtiyarına verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, hələ ötən ilin sonlarından bu yubileylə bağlı hazırlıq işlərinə başlanılıb. İlk olaraq Aşıq Ələsgərin daha çox dillər əzbəri olan lirik şeirlərindən ibarət kitab nəşrə hazırlanıb. Kitabın Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da bilgi təqdim olunur.Aşıq Ələsgər şeirlərində işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də kitabın sonuna əlavə olunmuşdur.

Aşıq Ələsgər irsinin toplanması və nəşrində əvəzsiz xidmətləri olan H.Əlizadə, M.H.Təhmasib  və İ.Ələsgərin indiyədək hazırladıqları kitablar və eləcə də ustad aşıqların repertuarları əsasında hazırlanmış kitab saz-söz ictimaiyyəti və aşıq sənətinin tədrisi ilə məşğul olan ixtisas məktəbləri üçün nəzərdə tutlur. Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosünt Altay Məmmədlidir.  

USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB
Featured

USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB

05.03.2021

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin – Urfan Əlinin yeni kitabı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, bu sənətdə dünənlə sabah arasında etibarlı körpü olan,  özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur.

 İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın anadan olmasının yetmiş illik yubileyi ərəfəsində çap olunmuş bu kitabında onun aşıq şeirinin müxtəlif formalarında qələmə aldığı yaradıcılıq nümunələri – ifa etdiyi aşıq havaları qədər könüloxşayan və şirin olan gəraylı, qoşma, divani, təcnis, müxəmməs və s. şeirləri yer alıb. Kitabda həmçinin Aşıq Əliyə həsr olunmuş  məqalə və şeirlərə də yer verilib ki, bu da ustad aşığın həyat və yaradıcılığı haqda oxucuda daha geniş təsəvvür yaratmağa kömək edir.

Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş “Eşqsiz insanın qəlbi boş olar” adlı bu kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb
Featured

Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb

10.02.2021

Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, son dövrdə bir sıra aşıqların ifalarından ibarət audiodisklər buraxdıran birlik bu dəfə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Umbay Axundovun yaradıcılığına müraciət edib. Anadan olmasının 80 illik yubileyinə töhfə kimi hazırlanan diskdə ustadın ifasında müxtəlif aşıq havaları yer alıb.

Xatırladaq ki, Umbay Axundov 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. Sənətin sirlərini Dədə Şəmşir və Mais Gəncəli kimi ustad aşıqlardan alıb. Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. 1987-ci ildə Aşıq Ədalət Axundovla birlikdə söylədiyi “Şah İsmayıl və Gülzar” dastanı videolentə alınaraq Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib. 1989-cu ildə Moskvada “Melodiya” firması tərəfindən onun iki qrammofon valı buraxılıb. Bədii yaradıcılıqla da məşğul olan Umbay Axundovun indiyədək “Laçında dillənən saz” (1989) və “Mən hələ yaşadım” (2012) adlı iki şeir kitabı nəşr olunub.

“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN İLK DİSK İŞIQ ÜZÜ GÖRÜB
Featured

“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN İLK DİSK İŞIQ ÜZÜ GÖRÜB

30.11.2020

Azərbaycan Aşıqlar Birliyində “Aşıq dərsləri” adlı yeni layihəyə start verilib. İlk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürək-kəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərə-findən bütün xırdalıqlar incələnməklə təqdim olunacaq.

Eyni zamanda həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.
Artıq işıq üzü görmüş ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayevə və İsfəndiyar Rüstəmovun ifasında yazıya alınmış lent yazılarının da yer alıb.

Featured

DASTANLAR YENİ TƏQDİMATDA

02.03.2021

Son dövrlərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində yeni bir layihəyə start verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş bu layihə çərçivəsində dastanların çağdaş aşıqlarımızın ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. O, qeyd edib ki, repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaqdır. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.

Dastanlarla bağlı repertuar seçimində diqqət yetirilən bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.

Bu il ustad aşıq Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün bu günlərdə ölkə başçısının ayrıca sərəncamı da olub. Azərbaycan Aşıqlar Birliyində də yubileylə bağlı bir sıra tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Elə haqqında danışdığımız layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan  Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib.

Layihə çərçivəsində teatral səviyyədə hazırlanaraq tamaşaçılara təqdim olunması nəzərdə tutulan dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır ki, hazırda onun da üzərində iş gedir. Eyni zamanda fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının aşıqların ifasında təqdim olunması da görüləcək işlər sırasındadır.

Layihə çərçivəsində hazırlanacaq bütün dastanlar “Mədəniyyət” kanalı vasitəsi ilə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Gələcəkdə bu dastan-tamaşaların həm də paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması da nəzərdə tutulur.

Ustad aşıq Əkbər Cəfərovun ifalarından ibarət disk buraxılıb
Featured

Ustad aşıq Əkbər Cəfərovun ifalarından ibarət disk buraxılıb

04.02.2021

Son zamanlar fəaliyyətində ustad aşıqların yaradıcılığına, onların ifalarının lentə alınaraq daha geniş miqyasda yayılmasına və gənc sənətkarlar arasında təbliğinə böyük yer verən Azərbaycan Aşıqlar Birliyi tərəfindən növbəti audiodisk buraxılıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, bu audiodiskdə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbərov Cəfərovun 30 ifası yer alıb. Diskin buraxılmasında əsas məqsəd ustadın irsinin qorunması olmaqla yanaşı, həm də aşıq sənətinin tədrisi ilə məşğul olan təhsil müəssisələrinə, sənətə gəlmək istəyən gənclərə və yeniyetmələrə kömək etməkdir ki, onlar özlərindən əvvəlki ustadların ifa tərzləri ilə daha yaxından tanış ola bilsinlər.

Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərov 1934-cü ildə anadan olub, 1990-cı ildə dünyasını dəyişib.

“AZƏRBAYCAN AŞIQ POEZİYASI”
Featured

“AZƏRBAYCAN AŞIQ POEZİYASI”

30.11.2020

2020-ci ildə Azərbaycan Aşıqlar Birliyinin daha bir nəşri işıq üzü görüb. “Azərbaycan aşıq poeziyası” adlanan antologiyanı tərtib edənlər Əmədar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Mahmud Allahmanlıdır. M.Qasımlı eyni zamanda antologiyanın elmi redaktorudur. Kitabda mü müxtəlif dövrlərdə yaşayıb yaratmış ustad sənətkarların yaradıcılığından seçmələr əsasında tərtib olunmuşdur. El şairlərinin, yaradıcı aşıqların zəngin bədii irsindən nümunələri zündə ehtiva edən bu antologiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

734 səhifədən ibarət kitab “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla nəşr olunub.

Featured

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

19.02.2021

Möhtərəm cənab Prezident!

       Bu il Azərbaycan aşıq sənətinin görkəmli siması, yüksək səviyyəli poetik əsərlərində xalqımızın milli-mənəvi varlığını böyük ustalıqla canlandıran, aşıq sənəti və ədəbiyyatının inkşafında unudulmaz xidmətlərə malik olan möhtəşəm saz-söz ustadı Aşıq Ələsgərin 200 illik  yubileyi tamam olur. Oncədən böyük minnətdarlıq  hissi ilə orasını   qeyd edim ki, görkəmli sənətkarın 150 illik yubileyi Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsu ilə 1972-ci ildə Bakıda, Moskvada və aşığın  doğma yurdu Göyçə mahalında yüksək səviyyədə keçirilmişdir. Daha sonra onun 175, 180 və 190 illik yubileyləri də Ulu öndərin və Sizin sərəncanılarınızla böyük təntənə ilə qeyd olunmuşdur.

      Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sizin imzaladığınız hazırkı Sərəncam hər birimizin ürəyindən vəbər verdi.Bu böyük qiymətə və qədirşünas dəyərləndirməyə görə Azərbaycan Aşıqlar Birliyi və geniş saz-söz içtimaiyyəti adından cənab Prezident-Sizə  dərin təşəkkürümüzü çatdırırıq. Sərəncamdan irəli gələn vəzifələrin gerçəkləşdirilməsində əlimizdən gələn hər şeyi edəcəyik.

      Görkəmli saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi bağlı verdiyiniz tarixi Sərəncama görə, möhtərəm Cənab Prezident, Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.

Məhərrəm Qasımlı

Azərbaycan Aşıqlar Birliyinin sədri,
Dövlət Mükafatı Laureatı,
Əməkdar elm xadimi, professor

“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
Featured

“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb

01.02.2021

Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə - torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda, həmçinin bizə bu qələbə sevincini yaşadanlara minnətdarlıq ifadə olunur.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, topluda Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyinə geniş yer verilib. Yubiley münasibəti ilə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Lirik poeziyanın epik ləngəri”, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “İliyinə qədər şair” sərlövhəli məqalələri, Xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın yubilyara ithaf olunmuş şeirləri dərc olunub.

Oxucular, eyni zamanda, professorlar Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, İradə Köçərli, Xatirə Bəşirli və digər elm adamlarının aşıq sənətinə dair elmi məqalələri ilə tanış ola biləcəklər.

Toplunun “Ustad yubileyləri” bölümündə isə Oruc Əhmədov, Əhməd Rüstəmov, Ulduz Quliyeva, Umbay Axundov, Xanlar Məhərrəmov, Gülabı Xındı Məmməd oğlu və Cabbar Cabbarov kimi ustad sənətkarların həyat və yaradıcılıqlarından bəhs edən məqalələr yer alıb.

Topluda, həmçinin AAB-nin 2020-ci ildəki fəaliyyətini əks etdirən xəbər xronikası və həmin ərəfədə dünyasını dəyişmiş ustad sənətkarlarla bağlı nekroloqlar da verilib.

Featured

ORDUMUZUN QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ YENİ LAYİHƏ

30.11.2020

Şanlı Azərbaycan Ordusunun II Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm qələbə – toraqlarımızın işğaldan azad olunması xalqımızın hər bir nümayəndəsi kimi, çoxsaylı aşıqla­rımız tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Müharibənin başlandığı ilk gündən ordumuza mənəvi və maddi dəstək olan Azərbaycan Aşıqlar Birliyi bu böyük qələbəyə öz töhfəsini vermək niyyətindədir. AAB sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, bu münasibətlə “Qarabağ Azərbaycandır” devizi altında “Qarabağ meydanı – Koroğlu meydanı” adlı videoalbom buraxmaq qərara alınıb.

Azərbaycan Aşıqlar Birliyi ilə AzTV-nin birgə layihəsi kimi ərsəyə gətiriləcək bu albomda cəbhədə döyüşlərin getdiyi vaxtda əsgərlərimizin döyüş ruhunu daha da artırmağa xidmət edən və həftədə bir dəfə “Mədəniyyət” kanalında yayımlanan verilişdə səsləndirilən aşıq ahavaları yer alacaqdır.  Layihənin yaxın zamanlarda reallaşdırılması üçün hazırlıq işləri görülür.

22 -dən səhifə 36

  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ