AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN İLK DİSK İŞIQ ÜZÜ GÖRÜB
Featured

“AŞIQ DƏRSLƏRİ” SERİYASINDAN İLK DİSK İŞIQ ÜZÜ GÖRÜB

30.11.2020

Azərbaycan Aşıqlar Birliyində “Aşıq dərsləri” adlı yeni layihəyə start verilib. İlk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürək-kəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərə-findən bütün xırdalıqlar incələnməklə təqdim olunacaq.

Eyni zamanda həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.
Artıq işıq üzü görmüş ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayevə və İsfəndiyar Rüstəmovun ifasında yazıya alınmış lent yazılarının da yer alıb.

AŞIQ SOLMAZ KOSAYEVANIN  YENİ  DİSKİ  İŞIQ ÜZÜ GÖRÜB
Featured

AŞIQ SOLMAZ KOSAYEVANIN YENİ DİSKİ İŞIQ ÜZÜ GÖRÜB

05.11.2020

Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Aşıqlar Birliyinin inkişafına dəstək məqsədi ilə ayırdığı vəsait hesabına hazırlanaraq  “Nurlu sabah” MMC tərəfindən ərsəyə gətirilən bu audioalbomda Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevanın ifaları yer alıb.

Çağdaş qadın aşıqlar arasında özünəməxsus yeri və bənzərsiz ifa tərzi ilə seçilən Solmaz Kosayevanın anadan olmasının 65 illik yubileyi ərəfəsində buraxılan bu audioalbomda sənətkarın 60-dan çox ifası yer alıb ki, bunların da arasında aşıq havaları ilə yanaşı, xanəndə kimi ifa etdiyi muğamlar və bəstəkar mahnıları da var.

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HAZIRLIQ GÖRÜLÜR
Featured

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HAZIRLIQ GÖRÜLÜR

06.10.2020

2021-ci ildə görkəmli saz-söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi tamam olur. Azərbaycandan Aşıqlar Birliyində indidən bu yubileyə hazırlıq işləri görülür, müxtəlif layihələr həyata keçirilir.

Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyət işçisi Musa Nəbioğlu bildirib ki, hazırda Aşıqlar Birliyində, ustad aşıq olmaqla yanaşı, həm də böyük şair kimi məşhur olan Aşıq Ələsgərin lirik şeirlərindən ibarət kitab üzərində iş gedir. Kitaba ustadın lirik səciyyə daşıyan gəraylı, qoşma, təcnis və müxəmməsləri daxil ediləcək və hər şeirin əsasən hansı aşıq havası üstündə oxunması da qeyd olunacaq ki, bu da sənətə yeni gələn gənclər üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. 

Kitabın bu ilin sonunadək nəşr olunması nəzərdə tutulub.

“AZƏRBAYCAN AŞIQ POEZİYASI”
Featured

“AZƏRBAYCAN AŞIQ POEZİYASI”

30.11.2020

2020-ci ildə Azərbaycan Aşıqlar Birliyinin daha bir nəşri işıq üzü görüb. “Azərbaycan aşıq poeziyası” adlanan antologiyanı tərtib edənlər Əmədar elm xadimi, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Mahmud Allahmanlıdır. M.Qasımlı eyni zamanda antologiyanın elmi redaktorudur. Kitabda mü müxtəlif dövrlərdə yaşayıb yaratmış ustad sənətkarların yaradıcılığından seçmələr əsasında tərtib olunmuşdur. El şairlərinin, yaradıcı aşıqların zəngin bədii irsindən nümunələri zündə ehtiva edən bu antologiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

734 səhifədən ibarət kitab “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatla nəşr olunub.

Featured

“Ustad nəfəsli saz-söz ərməğanı” adlı kitab çapdan çıxıb

27.10.2020

16037112022721534884_1000x669.jpg

Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb.

AZƏRTAC-a bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Ustad nəfəsli saz-söz ərməğanı” adlanan bu antologiyada aşıq ədəbiyyatının janr tərkibində mühüm yer tutan ustadnamə ənənəsinin qaynaqları – ozan soylamaları, eləcə də ötən yüzilliklərdə yaşamış saz-söz sənətkarlarının yaratdıqları öyüdləmə örnəkləri yer alıb.

Dədə Qorqud zamanından başlamış XX yüzilliyin Dədə Şəmşir dönəminəcən uzanan nəhəng xronoloji məkanda yer alan, ustad məclislərində, el yığnaqlarında dillər əzbərinə çevrilən dərin məzmunlu, fəlsəfi yüklü qoşmalar, gəraylılar, təcnislər, divanilər əsrlərin sərt sınağından keçə-keçə bu günümüzə gəlib çataraq əvəzsiz söz sərvətimizə çevrilib.

Antologiyada yüzə yaxın ustad saz-söz sənətkarının yaradıcılıq nümunələri toplanıb. Antologiyanın hazırlanmasında məqsəd klassik saz-söz ustadlarının yaratdıqları ustadnamə-öyüdləmə sərvətini qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, həm də saz-söz sənətinə yeni gələn yeniyetmə və gənclərin repertuar imkanlarını genişləndirməkdir.

Kitabı nəşrə Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı (M.Qasımlı eyni zamanda elmi məsləhətçidir) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

“SAZ-SÖZ AXŞAMI” YENİDƏN EFİR MƏKANINDA
Featured

“SAZ-SÖZ AXŞAMI” YENİDƏN EFİR MƏKANINDA

25.09.2020

Uzun illər Azərbaycan Dövlət televiziyasının efirində yayımlanan “Saz-söz axşamı” adlı veriliş yenidən efirə çıxır. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bildirib ki, 2010-cu ildən “Musiqi xəzinəsi” adı ilə efirə çıxan bu veriliş 2014-cü ildən “Saz-söz axşamı” adıyla tamaşaçıların görüşünə gəlib və indiyədək 500-dən çox buraxılışı yayımlanıb. Çoxsaylı tamaşaçıların xahişi nəzərə alınaraq yenidən efir məkanına qayıdan “Saz-söz axşamı”nın bu mövsümdə artıq ilk çəkilişi də baş tutub. Oktyabrın əvvəllərində efirə gedəcək veriliş gənc aşıqlara həsr olunub.

Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə yayımlanan verilişin efir məkanı və vaxtı da dəyişməzdir – aşıq sənətinin həvəskarları “Saz-söz axşamı”na həmişə olduğu kimi, hər şənbə günü saat 1900-dan 2030-dək “Mədəniyyət” kanalında baxa biləcəklər.  

Featured

ORDUMUZUN QƏLƏBƏSİNƏ HƏSR OLUNMUŞ YENİ LAYİHƏ

30.11.2020

Şanlı Azərbaycan Ordusunun II Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm qələbə – toraqlarımızın işğaldan azad olunması xalqımızın hər bir nümayəndəsi kimi, çoxsaylı aşıqla­rımız tərəfindən də böyük sevinc hissi ilə qarşılanıb. Müharibənin başlandığı ilk gündən ordumuza mənəvi və maddi dəstək olan Azərbaycan Aşıqlar Birliyi bu böyük qələbəyə öz töhfəsini vermək niyyətindədir. AAB sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib ki, bu münasibətlə “Qarabağ Azərbaycandır” devizi altında “Qarabağ meydanı – Koroğlu meydanı” adlı videoalbom buraxmaq qərara alınıb.

Azərbaycan Aşıqlar Birliyi ilə AzTV-nin birgə layihəsi kimi ərsəyə gətiriləcək bu albomda cəbhədə döyüşlərin getdiyi vaxtda əsgərlərimizin döyüş ruhunu daha da artırmağa xidmət edən və həftədə bir dəfə “Mədəniyyət” kanalında yayımlanan verilişdə səsləndirilən aşıq ahavaları yer alacaqdır.  Layihənin yaxın zamanlarda reallaşdırılması üçün hazırlıq işləri görülür.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA VƏSAİT KÖÇÜRÜB
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA VƏSAİT KÖÇÜRÜB

06.10.2020

Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsi, torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb. Biz, erməni işğalı altında olan bütün torpaqlarımızın cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inanırıq.

Ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə dəstək olaraq Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat vəsait köçürüb.

Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİB

23.09.2020

Azərbaycan Aşıqlar Birliyində “Aşıqlar dərsləri” adlı yeni layihəyə start verilib. Bu barədə məlumat verən Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun sözlərinə görə ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim olunacaq. Eyni zamanda həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.

Bu yaxınlarda işıq üzü görəcək ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə  eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayevə və İsfəndiyar Rüstəmovun ifasında yazıya alınmış lent yazılarının da verilməsi nəzərdə tutulur.   

GÖZÜN AYDIN, AZƏRBAYCAN!
Featured

GÖZÜN AYDIN, AZƏRBAYCAN!

10.11.2020

Bu gün Azərbaycan başdan-başa qələbə ovqatı içindədir! Nəhayət, 30 illik həsrətə son qoyuldu, bu gün hər bir azərbaycanlı böyük qürur və fəxarət hissi ilə deyir: Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Bu Böyük Qələbə bayramını bizlərə Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin təmkinli və müdrik siyasəti nəsib etdi!
Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazanan yenilməz Azərbaycan Ordusuna eşq olsun !!!
Bu möhtəşəm Qələbə münasibəti ilə xalqımızı çoxsaylı aşıqlar ordusu adından təbrik edirəm!
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın qüdrətli Azərbaycan Ordusu!
Gözün aydın, Azərbaycan!!!

Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri,
Əməkdar elm xadimi, professor

Featured

“TALISTAN” AŞIQLAR ANSAMBLI YARADILIB

06.10.2020

Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda ustad aşıq Yanvar Bədəlov adına “Talıstan” aşıqlar ansamblı yaradılıb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, ansamblın yaradılmasında əsas məqsəd İsmayıllı və ətraf bölgələrdə aşıq sənəti ilə məşğul olanları bir yerə cəmləmək, onların fəaliyyətini stimullaşdırmaq, eləcə də, yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın artırılmasına nail olmaqdır.

Aşıq Elman Mehdiyevin rəhbərliyi altında yeni yaradılmış ansamblın üzvləri Ustad aşıq Cavid Əmiraslanov, Sahibə Abdullayeva, Qalib Güləliyev, Elçin Məmmədov, Mətləb Məmmədov, solo saz ifaçısı Rövşən Baxşəliev, balabançılar Əlicavad Cavadov və Aqil Xudaverdiyevdir. Artıq ansambl İsmayıllı rayon Mədəniyyət evində məşqlərə başlayıb. Yaxın zamanlarda ansamblın ilk çıxışının təqdimatı olacaq.

M.Nəbioğlu həmçinin onu da əlavə edib ki, aşıq sənətinin daha çox yayıldığı digər rayonlarda da belə ansamblların yaradılması nəzərdə tutulur.

USTAD AŞIQ MAHMUD MƏMMƏDOV     (1935– 2020)
Featured

USTAD AŞIQ MAHMUD MƏMMƏDOV (1935– 2020)

28.07.2020

Azərbaycan aşıq sənətinə ağır itki üz vermişdir. Ustad aşıq,  prezident təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Mahmud Qasım oğlu Məmmədov  vəfat etmişdir.  Mahmud Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olmuşdur. O, 1948-ci ildə ailəsi ilə birgə Tovuz rayonuna köçmüşdür.  Ustad Aşıq İmran Həsənov 1950-ci ildə onun zil səsini, saza  həvəsini nəzərə alıb yanına şagird götürmüşdür. Tovuzda aşıq sənətinin sirlərini ustadın yanında mənimsəmiş, bir sənətkar kimi formalaşmışdır. Ayrı-ayrı bölgələrdə məclislər aparmış, istedadlı aşıq kimi tanınmışdır. Rayon və respublika səviyyəli tədbirlərdə iştirak etmiş, müxtəlif müsabiqə və festivalların qalibi olmuşdur. Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975).

Aşıqların III, IV, V və VI Qurultaylarının iştirakçısı olmuşdur. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan televiziyasının "Qızıl fondu"nda saxlanılır. Anadan olmasının 70  75 və 80 illiyi təntənəli şəkildə qeyd edilmişdir. 2007-ci ildən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olmuşdur. Beş şeir kitabı nəşr olunmuşdur. Söylədiyi on bir dastan AMEA Folklor İnstitutunun nəşr etdiyi folklor antologiyalarında yer almışdır. Yeddi şagird yetişdirmişdir. Zəngin musiqi və söz repertuarı ilə seçilmişdir. Koroğlu havalarının ustad bilicisi və mahir ifaçısı  sayılırdı. Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının  laureatı olmuşdur (1959, 1978, 2010, 2014). Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olmuş və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil etmişdir. Mahmud Məmmədov 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü idi.

Görkəmli sənətkar, ustad aşıq Mahmud Məmmədovun əziz xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

 AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

22 -dən səhifə 36

  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ