PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ ÇİNLİ ALİMLƏ GÖRÜŞ

Respublikamızda qonaq olan Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində olub. Bu haqda məlumat verən AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanış olmaq olub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, günümüzün ustad aşıqlarından və Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı eyni zamanda çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.

Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.

Görüşdə AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, BDU-nun professoru Vaqif Sultanlı və Çin Konfusli Mərkəzinin Bakıdakı təmsilçiliyinin nümayəndələri də iştirak ediblər.