PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Kulis.az saytının baş redaktoru Şərif Ağayara

Hörmətli baş redaktor!
Bu günlərdə sizin məsləhətinizlə kulis.az saytının əməkdaşı Ayxan Ayvaz Aşıqlar Birliyinin fəaliyyəti, son dövrlərdə birliyin gördüyü işlər, aşıq sənətinin bu günü və sabahı ilə bağlı yazı yazmaq üçün Birliyə gəlmək istədiyini bildirdikdə böyük məmnuniyyətlə razılıq verdik.  Düşündük ki, bəzi televiziya kanalları və xəbər saytlarında mədəniyyət adına ancaq şou xəbərlərin geniş yer aldığı indiki dövrdə xalqımızın qədim və ölməz mədəni sərvəti olan aşıq sənətinə dair ciddi bir yazı yazılacaq. 

Amma təssüf ki, gümanımız özünü doğrultmadı. Belə ki, jurnalist bizimlə söhbətə başladığı ilk andan onun aşıq sənətinə dair məlumatının dayaz olması özünü göstərsə də, hər halda, bu sənətlə bağlı xeyli ətraflı bilgilər verdiyimizdən, dediklərimizin onda maraq doğuracağını və bunun da hazırlayacağı yazıda əksini tapacağını düşünürdük. Amma jurnalistin hazırladığı yazıda bunun əksi ilə qarşılaşdıq. Elə ilk cümlələrdən hiss olunur ki, jurnalist Aşıqlar Birliyinə aşıq sənəti ilə bağlı ciddi bir yazı hazırlamağa yox, sadəcə redaksiyanın növbəti yazı yazmaq tapşırığını yerinə yetirmək üçün gəlibmiş. Bunu yazının dili və üslubu da aydınca göstərir. Başdan-ayağa ironiya və qeyri-müəyyənliyə söykənən ifadələrlə yazılan yazıda sanki müəllif aşıq sənətini aşağılamağı qarşısına məqsəd qoyubmuş. Belə olmasaydı 2009-cu UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin son illərdəki inkişafından, bu sənətin beynəlxalq miqyasda təbliği istiqamətində görülən məqsədyönlü işlərdən də söhbət açar, aşıqlarımızın müxtəlif beynəlxalq folklor festivallarındakı uğurlu çıxışlarından yazardı.  
Dediklərimizin sübutu kimi yazıdan bir-iki nümunə gətirmək yerinə düşər:  “Darvazanın qabağında durub zəngi basıram, çıxan, qarşılayan yoxdu. Elə bil yas düşüb. Bir səs, hənirti gəlmir, eləcə arada bir əsən küləyin bekara səsidir. Bu dəm qapı açıla, bizim fotoqrafımızı görməyəmmi? Lap mat-məəttəl qaldım. Bu aşıqların qapısında duran bir qolu qüvvətli oğlan yoxdumu?”
Əvvəla, müəllifə xatırlatmaq yerinə düşər ki, əgər Birlikdə onun dediyi kimi, kimsə yox idisə, onun fotoqrafı bəs ora necə daxil olmuşdu? İkincisi, görəsən jurnalist hara gəldiyinin fərqində deyildimi ki, qapıda “bir qoluqüvvətli” oğlan görmək istəyir? Yoxsa hansısa idman federasiyasına, yaxud mühafizə xidmətinəmi gəldiyini düşünürmüş? Görəsən, aşıqlar kimdən özünü qorumaq üçün “qoluqüvvətli oğlan”ların xidmətinə sığınmalıymış. Jurnalistin öz məntiqiylə yanaşsaq, bu cılız bədənli oğlandan aşıqlar niyə qorxmalıymış ki, dediyi kimi, “Qolu qüvvətli” oğlanlar Birliyi mühafizə etsin. Bu necə məntiqdir?
Əgər müəllif doğrudan da sağlam niyyətlə qərəzzsiz bir yazı yazmaq istəyirdisə, o zaman Aşıqlar Birliyinin katibinin ünvanına ironiya ilə “kitab-zad” buraxır deyib, görülən işlərə kölgə salmaq əvəzinə, elə o kitablar haqqında soruşub son bir neçə ayda Aşıqlar Birliyinin xətti ilə “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş  doqquz kitab və kitabların həsr olunduğu ustad aşıqlar haqqında yazısında  qeyd eləsə, oxucusuna daha çox məlumat vermiş olmazdımı? Axı, bu ustad aşıqların hər biri təkcə respublikamızda deyil, Türkiyə, İran, Gürcüstan və digər ölkələrdə də tanınan və sevilən, dövlətimizin başçısı tərəfindən fəxri adlara və Prezident təqaüdünə layiq görülən sənətkarlardır.
Müəllif yazısında heç olmasa aşıq sənətinin bu günkü vəziyyəti, həyata keçirilən tədbirlər və s. barədə bircə ciddi sual (söhbət artıq yazıdakı suallardan gedir) qoymur, jurunalist  peşəkarlığı və etikasını unudraq sanki qəsdən lağlağı və ironiya yolunu seçir, bir növ aşıq sənətini, bu sənətlə bağlı hətta dövlət səviyyəsində həyata keçirilən tədbirlərə belə gölgə salmağa çalışır.  
Xahiş edirik, iradlarımızı nəzərə alasınız.

Azərbaycan Aşıqlar Birliyinin sədri
Məhərrəm Qasımlı Əməkdar Elm Xadimi, professor