PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin – Urfan Əlinin yeni kitabı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, bu sənətdə dünənlə sabah arasında etibarlı körpü olan,  özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur.

 İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın anadan olmasının yetmiş illik yubileyi ərəfəsində çap olunmuş bu kitabında onun aşıq şeirinin müxtəlif formalarında qələmə aldığı yaradıcılıq nümunələri – ifa etdiyi aşıq havaları qədər könüloxşayan və şirin olan gəraylı, qoşma, divani, təcnis, müxəmməs və s. şeirləri yer alıb. Kitabda həmçinin Aşıq Əliyə həsr olunmuş  məqalə və şeirlərə də yer verilib ki, bu da ustad aşığın həyat və yaradıcılığı haqda oxucuda daha geniş təsəvvür yaratmağa kömək edir.

Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş “Eşqsiz insanın qəlbi boş olar” adlı bu kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.