PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏLƏSGƏRLƏ BAĞLI YENİ KİTAB HAZIRLANIR

Zəngin tarixi ənənəyə malik olan aşıq sənətinə  yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının bu il 200 illik yubileyi ilidir. Bu böyük ustadın yubileyinin respublikamızda geniş qeyd olunması üçün ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu ilin fevral ayında sərəncam imzalayıb. Artıq sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlanılıb, aidiyyəti təşkilatlar bu böyük saz və söz ustadına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirirlər.

Yubileylə bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, yubiley tədbirlərinə hələ ötən ilin sonlarından start verən Aşıqlar Birlyində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab nəşrə hazırlanır. Burada ustad sənətkar haqqında yaradılmış 10-dan yuxarı dastan-rəvayət yer alacaqdır. Dastan-rəvayətlər zamanında Talıb Ələsgəroğlu, Hüseyn Saraçlı, İmran Həsənov, Mahmud Məmmədov, Fətulla Göyçəli və Hacı Bayramov kimi ustad aşıqlardan toplanmışdır.

Kitabın tərtibçiləri Əməkdar elm xadimi, AAB-nin sədri, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır. Kitab yaxın günlərdə geniş oxucu kütkləsinə və elmi ictimaiyyətə təqdim olunacaqdır.