PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq Şəmşir - Xalq ruhunun tərcümanı

Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Ölkəmizdə Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 12-də Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə səslənib.

Mədəniyyət Nazirliyinin dəstəyi Azərbaycan Aşıqlar Birliyi və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri və incəsənət adamları iştirak ediblər.

Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin rəhbəri Menderes Dəmir bəy Aşıq Şəmşirin həyatından və yaradıcılığından söz açıblar.

Bildirilib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır.

Vurğulanıb ki, sənətkarın anadan olmasının 125 illiyi münasibətilə bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilir və bu mərasimlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.

Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Bu onun yaradıcılığının bir hissəsidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb.

Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb. O, bu diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.

Tədbirdə iştirakçılara Azərbaycan Aşıqlar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ustad aşığın anadan olmasının 125 illiyi münasibətilə çap etdirdiyi “Dədə Şəmşir ərməğanı” kitabı və sənətkarın səs yazılarından ibarət disk təqdim edilib.

Sonda Azərbaycan Aşıqlar Birliyinin və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin diplomları təqdim edilib.