PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ŞƏMŞİRİN ANADAN OLMASININ 125 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TƏDBİR KEÇİRİLİB

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə bu böyük söz ustadının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. İndiyədək yubilyarla bağlı bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilib və bu tədbirlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.

Oktyabrın 12-də Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında daha bir təntənəli tədbir keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri və incəsənət adamları iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin rəhbəri Menderes Dəmir Aşıq Şəmşirin həyatından və yaradıcılığından söz açıblar.
Vurğulanıb ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib.
Bildirilib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır.
Aşıq Şəmşirin toxunduğu bütün mövzular – dostluq və xəyanət, həqiqət və yalan, xeyirxahlıq və zülm – əsl həyat ensiklopediyasıdır, həyat təcrübəsidir və məhz bu xüsusiyyətlər ilə insanları özünə cəlb edir. Aşıq sənətinə xidmət edən, söz sənətinə ucalıq gətirən el sənətkarı Aşıq Şəmşir, xalqın daim böyük sevgi, hörmət bəslədiyi Azərbaycan aşıq sənətinin sözün əsl mənasında zirvələrə qaldırıb.
Tədbirdə iştirak edən Azərbaycanını müxtəlif bölgələrini təmsil edən aşıqlarla yanaşı, Türkiyə və Qazaxıstandan gəlmiş sənət adamlarının da çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb. Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb, bu diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə iştirakçılara Azərbaycan Aşıqlar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ustad aşığın anadan olmasının 125 illiyi münasibətilə çap etdirdiyi “Dədə Şəmşir ərməğanı” kitabı və sənətkarın səs yazılarından ibarət disk təqdim edilib.
Sonda Azərbaycan Aşıqlar Birliyinin və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin diplomları təqdim edilib.