AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
Featured

AŞIQ ORUC ƏHMƏDOV - 100

04.03.2020

Aşıq Oruc.jpgQÜDRƏTDƏN KAMAL PAYI ALAN SƏNƏTKAR

            Aşıq Oruc haqqında hələ ötən əsrin 80-ci  illərində eşitmişdim. Ancaq onu da səmimi deyim ki, Aşıq Orucun  İsmayıl Məmmədlinin atası olduğunu bu günlərdə “Bütöv Azərbaycan” (13.02.2020) qəzetində dərc olunmuş yazıdan  öyrəndim. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin qələmə aldığı “Ustad oğlu şagird olmaz” sərlövhəli yazıda  Aşıq Orucun  şəklini gördüm. Həmin məqalədə müəllifin də imza yerində fotosu verilmişdir. Ulu Dədə Qorquda  müdrikliyinə görə bir daha dönə-dönə  Göy Tanrıdan rəhmət dilədim.

Bu dünyanın gəliş-gedişini, hər nəsnəsini incəliyinə qədər duyub- bilən  ulu Dədə Qorqud necə də  müdrikcəsinə buyurmuşdur: “Oğul atanın yetiridir, iki gözünün biridir”.  Ata ilə oğul-Aşıq Orucla İsmayıl Məmmədli necə də oxşar idilər. Bu məqamda onu da qeyd edim ki, İsmayıl Məmmədlinin öz dilindən atasının  aşıq olduğunu eşitmişdim. Ancaq Azərbaycan aşıq ədəbiyyatının tanınmış nümayəndələrindən sayılan  Aşıq Orucun barəsində heç nə demir, söz düşmədiyindən heç doğma atası olduğunu dilə gətirmirdi. İndi bildim ki,  bunun səbəbi  sadə və səmimi bir insan kimi tanıdığımız dəyərli dilçi alimimiz İsmayıl Məmmədlinin son dərəcə təvazökar olması imiş. Əslində, Aşıq Oruc Aşıq Vəli oğlu sıradan bir aşıq olmayıb. Onun həyat və yaradıcılığına diqqət yetirdikdə  görürük ki, aşıq  ədəbiyyatının sərrafı və bu dəyərli xəzinəni öz  töhfələri ilə zənginləşdirən sənətkarlardan olmuşdur. Aşıq Oruc 72 saz havasının mahir  ifaçısı, söz deyib, söz qoşan yaradıcı bir aşıq olub. Sadə bir həqiqət var: istedadı olmayan heç bir vaxt şeir yaza bilməz. Aşıq Oruc sinədəftər bir aşıq olub. Bu  istedad ona kökündən-şəcərəsindən gəlirdi. Atası Aşıq Vəli də öz dövründə Göyçə  aşıq məktəbinin sayılıb-seçilən nümayəndələrindən olub. Aşıq Vəli ruhoxşayan avazı, zil səsi, gur, şaqraq zəngulələri ilə  zamanının tanınmış sənətkarı olmuşdur. Deyirlər ki, öz dəst-xətti ilə seçilən Aşıq Vəli  Göyçə mahalının sevimli aşıqlarından imiş. Bu məqamda məlum  həqiqəti  bir daha vurğulamaq istərdim. İnsan genotipdən sonra fenotipin- təbii coğrafi mühitin yetişdirməsidir. İnsanın bioloji nüvəsində və mənəvi  mahiyyətində  genotipi və dünyaya göz açdığı fenotipi- coğrafi mühiti dayanır. Bu  mahiyyət insanı ömrü boyu tərk etmir, harada yaşamasından asılı olmayaraq canında-qanında daşıyır. İstedad və mənəvi enerji  gendən, həmçinin mənəvi və təbii coğrafi mühitdən qidalanır. Aşıq Oruc əsrlərlə saz-söz məkanı  kimi ad çıxarmış Göyçə mahalının Yarpızlı kəndində dünyaya gəlmişdir. Bu kəndin özündən  onlarla aşıq yetişmişdir. Aşıq Oruc belə bir məkanda- Aşıq Vəlinin ocağında və saz-sözlə nəfəs alan Yarpızlıda doğulub böyümüşdür. Mənəvi mühitin zənginliyinə baxın. Bütöv  bir kənd, bütün Göyçə saz-sözlə nəfəs alır, qoşma-gəraylı ilə danışır. Xain və məkrli ermənilər  min illərlə  bu  böyük mənəvi mühiti yaratmış xalqı min bir hiylə ilə öz doğma yurd-yuvalarından keçmiş SSRİ hökumətinin ermənipərəst başbilənlərinin əli ilə köçürməyə nail olurlar. Aşıq Oruc ata-babalarının min illərlə yaşayıb-yaratdığı Göyçənin yaxınlığında yerləşən Gədəbəyi yurd yeri seçir. Gədəbəylə  Göyçəni təkcə eyni  təbii coğrafi mühit yox,  həm də  eyni mənəvi  mühit  birləşdirirdi. Min illərlə  Azərbaycan  dövlət və dövlətçiliyinin idarəetməsində yaşamış Göyçə və Gədəbəy mahalı eyni adət və ənənənin daşıyıcısı olmuşlar. Min illər ərzində Göyçə və Gədəbəydə  fəaliyyət göstərmiş aşıq sənəti eyni bir məktəbin tərkib hissəsi idi. Aşıq Oruc ruhən Göyçədən ayrıla bilmədi. O,  Gədəbəyin üzü Göyçəyə baxan, havası eyni olan, yal-yamacı, otu-suyu  Yarpızlıdan seçilməyən bir kəndində-Zəhmət kəndində  yurd saldı. Bu işıqlı dünya ilə  də 56 yaşında  elə orada vidalaşdı. Aşiq Oruc Gədəbəyi  təsadüfən yurd yeri  seçməmişdi. Dedik ki, Göyçə ilə Gədəbəyi eyni bir dəyər- saz-söz mənəvi mühiti birləşdirirdi. Bu  gün  Azərbaycan aşıq sənətində Gədəbəy aşıq məktəbi ayrıca bir məktəb kimi dəyərləndirilir və tədqiq olunur. Bu yanaşma  Azərbaycanın coğrafi sərhədlərinin daralması sayəsində məcburən meydana çıxmışdır. Əslində, həmin coğrafiyada  aşıq sənəti Göyçənin adı ilə bağlıdır. Vaxtilə eyni bir dövlətin sərhədləri daxilində olmuş Kəlbəcər-Göyçə və Gədəbəy eyni bir saz-söz və sənət məktəbində qovuşmuşlar.

           Aşıq Oruc Gədəbəyə köçdüyü dövrdə bir insan kimi ən qaynar və coşqun, yaradıcılığının ən ilhamlı  vaxtı idi. 1950-ci ildə Gədəbəy aşıq mühitinə qədəm basan Aşıq Orucun  sözü-səsi, nəfəsi çoxluğa qarışıb itmədi. Əksinə,  o. gəlişi ilə Gədəbəy aşıq sənətinə yeni ab-hava gətirdi, təzə nəfəs qatdı. Bu fikrimi bu gün Gədəbəy aşıq sənətinin tədqiqatçıları və çağdaş davamçıları da təsdiqləyərlər ki, Aşıq Oruc həmin dövrdə təşkilatçılıq işləri ilə yaxından məşğul olmuş, onun təşəbbüsü ilə rayonda aşıqlar dəstəsi yaradılmışdır. Həmin aşıqlar dəstəsi ansambl halında  birləşərək təkcə respublikamızın  möhtəşəm səhnələrində yox, keçmiş SSRİ-nin səhnələrində yüksək mədəniyyət  nümayiş etdirdilər.

 Bütün mənəvi enerjisini aşıqlıq sənətinin inkişafına sərf edən Aşıq Oruc Gədəbəy aşıqları , ümumən el-oba camaatı tərəfindən  hər  zaman hörmət-ehtiramla qarşılandı, uşaqdan-böyüyə  hamı ədəb-ərkan göstərdi. Yeri gəlmişkən,  onu  da qeyd edək ki, qədirbilən və yaxşını pisdən asanlıqla  fərqləndirən xalqımız əsl sənətkarı .”qəlp”dən  seçib ayırmağı məharətlə bacarıb, aşıq sənətinə  “çörək ağacı” kimi yanaşanlara nəinki  hörmət-izzət qoyub, əksinə, belələrini məclis-mərəkəyə  belə dəvət etməyiblər. Həmişə belə olub, qədirbilən xalqımız yaradıcı aşıqları peşəkarlardan urvatlı tutub, onların arasında yerlə göy qədər fərq qoyub. Xalqımızın əsl sənətkarlara ehtiram bəsləməsi, urvatlı tutması onların araya-ərsəyə gətirdikləri “mənəvi yükləri”nin sanballı olması ilə bağlıdır. Xalq öz sənətkarlarına qarşı bu cəhətdən “təmənnalı” olub. Bu “təmənna”, bu umacaq  sənətkarın ortaya qoyduğu , xalqa ərməğan etdiyi “pay-püşü” ilə ölçülüb. Axı zaman-zaman aşıq elin içində olub, o, xalqın ruhu olub, içindən çıxdığı xalqın ruhunu ifadə edib. Nahaq yerə deyilməyib ki, elin gözü tərəzidir. Xalqı aldatmaq mümkün deyildir.

 Xalqın içindən çıxmış, onun milli-mənəvi ruhunun mükəmməl ifadəçisi olan  Aşıq Orucu zamanında xalq  urvatlı tutmuş , sənət qarşısında xidmətləri isə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Tanınmış el sənətkarı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

          Aşıq Oruc Göyçə-Gədəbəy aşıq məktəbinin müqtədir və kamil sənətkarlarından biridir. O. yaradıcı aşıqdır. Ona qarşı süslənmiş xalq məhəbbətinin mayasında onun sənəti-  mahir ifası,  coşqun ilhamı, müdrik şairliyi dayanırdı. Onun əlçatan şeirlərini  maraqla oxudum. Ona görə əlçatan şeirləri dedim ki, Aşıq Orucun külliyyatı ilə tanış deyiləm, yalnız oğlu, tanınmış dilçi-alim, professor İsmayıl Məmmədlinin təqdimatında “Bütöv Azərbaycan” qəzetində dərc  edilmiş  şeirləri ilə tanış oldum. Ancaq yaxşı deyilib ki, dəryanın dadını  damladan da bilmək olur. Tam məsuliyyətlə demək olar ki, adıçəkilən qəzetdə işıq üzü görən gəraylı və qoşmalar müəllifin- Aşıq Orucun coşqun təbli və ilhamlı bir şəxs olduğundan xəbər verir. Şeirlər ədəbi-bədii cəhətdən yüksək   sənətkarlıqla qələmə alınıb, bu da  müəllifin istedad və peşəkarlığının gerçək təsdiqidir.

          Aşıq  Orucun qəzetdə dərc olunmuş şeirləri ilə tanış olduqda  aşıqlıq sənətinin bir ürfan, bir məslək olduğunu görürük. Gəraylı və qoşmaların dadı, tamı və mənəvi ruhu eynilə Göyçə aşıq məktəbinin , onun  azman yaradıcıları  Aşıq Alı, Aşıq Ələsgər ruhunun  bəlli ölçü-biçidə davamıdır. Aşıq olan kəs bu ruhu müqəddəs bilib, sazı-sözü uca tutub. Ustad sənətkarın “Neyləsin” gəraylısı, “Var”, “Danışaq”, “Sənin” qoşmaları əsl sənət nümunələri olub, sələflərinin əsərlərindən heç də geridə qalmır. Bu şeirlər poetik ritmi, axıcılığı ilə əsl ədəbi nümunələrdir. “Danışaq” və “Sənin” qoşmalarının  məzmun və mündəricəsində epoxanın  çalarları azacıq  duyulsa da, sənətkarlıq cəhətdən təqdirəlayiqdir. Qəzetdə dərc olunmuş azsaylı şeirlər  arasında Aşıq Oruc Əhmədovun  yüksək məzmun və mündəricəsinə görə seçilən iki poetik nümunəsi ilə də tanış olduq.  Bu iki ədəbi nümunə Aşıq  Orucun “Qıfılbənd” və “Sinə-sinə” adlanan təcnisidir. Qıfılbənd və təcnis yazmaq hər aşığa müyəssər olmur. Bu ədəbi janrlar aşığın yüksək istedadından, geniş təfəkküründən, dərin müşahidəsindən xəbər verir. Bəllidir ki.  əlinə hər saz  alan, qoşma-gəraylı düzüb-qoşan aşıq qıfılbənd və təcnisin” imtahanından”  keçə bilməyib, bu ədəbi növlərdə yaza bilməyiblər. Yazmaq demişkən, aşıq sənətində yazmaq bir peşə  kimi sonradan meydana çıxıb. Aşıq sənətində poeziya nümunələri bədahətən yaranıb.

Çox vaxt belə bir fikrə rast gəlirik ki, böyük söz ustadları, o cümlədən aşıq ədəbiyyatının nəhəng nümayəndəsi Aşıq Ələsgər yazıb-oxumaq bilməyib. Bu fikrin heç bir məntiqi əsası yoxdur, kökündən yanlışdır. Külli kainatın, ərşlə fərşin, cümlə-cahanın sirlərinə əl aparan  , “Ələst aləmi”ndən xəbərdar olan Aşıq Ələsgər savadsız olub, kitab-dəftər oxumayıb?! Ağıla sığan, məntiqə yaraşan fikir deyil. Haqqında söhbət açdığımız Aşıq Oruc da bu gün bizlərin oxuduğu məktəbi oxumayıb. Amma onlar bizlərdən çox-çox dərin  elmlərə baş vurub, bizim qavradığımız bilgilərdən daha zəruri məlumatları mənimsəyiblər. Onların bu gün bizlərin zərrə qədər məlumatımız olmadığı ürfan, nücum ( astronomiya), bir sözlə, insan, təbiət və həyat haqqında daha təbii və dəqiq bilgilər verən elmləri oxuyub öyrəniblər. Aşıq Oruc Azərbaycanda yenicə  təşkil olunmuş  sovet məktəbində vur-tut 4 il oxuyub. Amma “Qıfılbənd”ində  söz açdığı  məsələlərin heç biri barədə heç sovetin ali məktəblərində belə söhbət açmaq mümkün deyildir. Dördcə sinif oxumuş Aşıq Oruc bir el məclisində qarşılaşdığı (deyişdiyi)  Aşıq Teymurdan bədahətən  soruşur:

                                                   Səndən xəbər alım, ay aşıq Teymur,

                                                   Necə daşdır hər nişanı kölgəsiz.?

                                                   O nədir ki, nə dincəlib, dayanmaz,

                                                   Nə dolanır bu dünyanı kölgəsiz?

                                                  

                                                   O nədir ki, nəfəsi yox, qanı var?

                                                   O nədir ki, hər bir  rəngdən donu var?

                                                   O nədir ki, nə yurdu,  məkanı var?

                                                   Geşt eyləyər hər bir yanı kölgəsiz.

                                                   

                                                   Oruc deyər  nədir yerin pərgarı?

                                                   O nədir ki, gah qız olur, gah qarı?

                                                   O nədir ki, yerin-göyün ləngəri?

                                                   Əgər bilsən, hər nişanı kölgəsiz. 

Bu məqamda sərt bir məntiqi sual ortaya çıxır: yer (təbiət) və kainat (kosmik) elmlərindən xəbərdar olmayan,  ürfan  elmlərindən hali olmayan şəxs bədahətən  bu  cür dərin şeirlər söyləyə bilərmi? Yəqin ki, hər kəs daxilən razılaşar və  suala birmənalı cavab verər.  Ürfan  elmindən xəbərdar olmayan, ustad dərsi keçməyənlər “sirri-xuda”şeirləri yaza bilməzdi (söyləyə bilməzdi). Belə fövqəl düşüncə sahiblərinə, bu cür geniş təfəkkürə malik olan seçilmişlərə , yenilməz qüdrət sahibi tərəfindən kamalla mükafatlandırılmış şəxslərə necə savadsız demək olar?! Bir də ki, bu fikirlərin müəllifi olan arif şəxslərə savadsız deyənlərin ən azı özləri “piyadadırlar”. Belə “piyadaların” xoşbəxtliyi ondadır ki, onlar “piyada” olduqlarını bilmirlər.

 İndi isə  ustadın təcnisinə diqqət yetirək:

                                  

                                               O hilal qaşını görəndə gözüm,

                                               Müştaq oldum  onun yar sinəsinə.

                                               Laçın hərəkətli, tovuz cilvəli,

                                               Qaldım qulluğunda yar sinə-sinə.

                                                     

                                                Gəzib bu dağları, lalə üzəsən,

                                                İnsaf eylə, gəl dərdimi üzəsən.

                                                Busə nədir , qıymayırsan üzə, sən,

                                                Al xəncəri, bağrım yar sinə-sinə.

                                                Oruc deyir sən gələndə, Yasəmən,

                                                Gah şad olub, gah batıram yasa mən.

                                                Nitqi- nəfəsimdən qopur yasəmən,

                                                O nədir  köksündə yar sinə-sinə? 

Qoşmada “sinə” və  “yasəmən” sözləri cinas  kimi işlədilib .Birinci bəndin ikinci misrasında  (Müştaq oldum  onun yar sinəsinə)  sinə döş mənasında , həmin bəndin dördüncü misrasında sinə-sinə sözü sınmaq, əyilmək mənasındadır.

Qoşmanın ikinci bəndində yeni qafiyə açılıb və “uzəsən” sözü cinaslaşdırılıb. İkinci bəndin birinci  misrasında (Gəzib bu dağları, lalə üzəsən) üzəsən (üzmək, dərmək) feildir. İkinci misrada (İnsaf eylə, gəl dərdimi üzəsən) üzəsən qoparmaq, üzmək mənasındadır. Üçüncü misrada (Busə nədir , qıymayırsan üzə, sən) üz- sifət, yanaq mənasında işlənilmişdir. Dördüncü misrada (Al xəncəri, bağrım yar sinə-sinə.) əyilə-əyilə, sınmaq mənasındadır.

          Qoşmanın möhür bəndində “yasəmən” sözü də məharətlə  cinaslaşdırılıb. Sonuncu bəndin birinci misrasında (Oruc deyir sən gələndə, Yasəmən) “yasəmən” sözü  qadın adı kimi işlənilib. İkinci misrada (Gah şad olub, gah batıram yasa mən) “yasa” matəm mənasındadır. Üçüncü misrada (Nitqi- nəfəsimdən qopur yasəmən)  “qopur yasəmən” söyləyən ustad sənətkar yasəmən ətrini, yasəmən qoxusunu nəzərdə tutmuşdur.

Aşıq ədəbiyyatının bütün dövrlərində bu məzmun və mündəricəli şeirlər adi şeirlər kimi qəbul olunmayıb.Qıfılbənd və təcnislər  dünyanın dərin sirlərinin açarını özündə saxlayıb. Bu səbəbdən qıfılbənd və təcnis yazmaq (əslində, bədahətən söylənilib) sənətkardan  fövqəl istedad və xüsusi bacarıq tələb edib.

 Aşıq Orucun yaradıcılığından örnək gətirdiyimiz hər iki ədəbi nümunənin mənəvi  enerjisi Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən gəlmirmi?! Deyim və duyum, forma və mündəricə eyni deyilmi?!

  Ustad sənətkarlar sözün bütün mənalarında  xalqın övladlarıdır., özü də əziz-xələf və sevimli övladları. Aşıq Oruc da sənətində mənəvi enerji və ruhunu yaşatdığı sələfləri Abbas Tufarqanlı, Xəstə Qasım , Aşıq Alı, Aşıq Ələsgər kimi xalqın yaddaşında əbədi yaşayacaqdır.

             XEYBƏR GÖYYALLI

Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd olunub
Featured

Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd olunub

25.10.2017

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın qədim sənət nümunəsi olan aşıq yaradıcılığından danışıb:

"Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi saz-söz sənətimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”.

Nazir vurğulayıb ki, Azərbaycanda aşıq sənətinin inkişafında və gənc nəslə ötürülməsində ustad sənətkar İsfəndiyar Rüstəmovun da xüsusi xidmətləri var. O, sovet dövründə də aşıq sənətinin təbliği və inkişaf etdirilməsi işinə böyük əmək sərf edib. Ömrünün 60 ilini aşıq yaradıcılığının inkişafına, təbliğinə, bu sənətin gənc nəslə aşılanmasına həsr etmiş İsfəndiyar Rüstəmov 1964-cü ildə Gədəbəydə ilk aşıq ansamblını yaradıb, respublikada və xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərin iştirakçısı olub.

1508915763686026810_1000x669.jpgAzərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxış edərək İsfəndiyar Rüstəmovun həyat və sənət yolundan, ölkəmizdə aşıq sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb. Bildirib ki, İsfəndiyar Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunda anadan olub. Ustad aşıq müxtəlif vaxtlarda Moskvada “Göy qurşağı” festivalında, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Dərbənddə “Narınqala” aşıq musiqisi festivalında, Türkiyə, İran və digər ölkələrdə keçirilən mədəni tədbirlərdə respublikamızı uğurla təmsil edib. Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü olan, aşıq sənətinin inkişafı istiqamətində bu gün də yorulmadan çalışır, eyni zamanda, birliyin Gədəbəy rayon şöbəsinə rəhbərlik edir.

Tədbirdə çıxış edən İsfəndiyar Rüstəmov ona göstərilən diqqət və qayğıya, eyni zamanda yubiley gecəsinin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Daha sonra aşıqların ifasında konsert proqramı təqdim olunub.

Məhərrəm Qasımlı: “Tarixdə od, su, külək, torpaq çərşənbələri olmayıb”
Featured

Məhərrəm Qasımlı: “Tarixdə od, su, külək, torpaq çərşənbələri olmayıb”

28.02.2017

“Qapıya atılan papağa pul qoyulması düzgün deyil”

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlının "Report"a müsahibəsi.

- Bəzən belə fikirlər səslənir ki, Novruz adət-ənənələri təhriflərə uğrayıb. Bununla razısınızmı?

- Novruz bayramına aid olan adətlərin böyük əksəriyyəti ilk yarandığı dövrlərdə olduğu kimi qalır. Əsas təhriflər çərşənbələrlə bağlıdır. Tarixdə od, su, külək, torpaq adlı çərşənbələr olmayıb.

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə mətbuatda - televiziya, radio və qəzetlərdə Novruz çərşənbələrinin “yeni” - qurama adları yayılmağa başladı, hətta “su çərşənbəsi”, “od çərşənbəsi”, “külək çərşənbəsi”, “torpaq çərşənbəsi” kimi adlar orta məktəb dərsliklərinə də salındı. Bundan əvvəl bu adların mövcudluğunu əks etdirən hər hansı bir mənbə yoxdur. Xalqımızın folklor və etnoqrafiya mədəniyyətində də tarixən bu adların heç birinə təsadüf olunmur.

Hazırda adət-ənənələrimizin daha saf şəkildə qorunduğu Cənubi Azərbaycanda – Təbrizdə, Urmiyada, Zəncanda heç kəsin qeyd etdiyim uydurma çərşənbə adları barədə təsəvvürü yoxdur. Bununla bağlı hər hansı bir tarixi qaynaqda da söz açılmır.

- Bəs tarixən necə olub?

- Novruz çərşənbələri tarixən “Oğru çərşənbələr” və “Doğru çərşənbələr” adı ilə iki hissəyə ayrılıb. Çərşənbələrin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Çərşənbələrin ümumi sayının, yəni oğru və doğru çərşənbələrin birgə sayının yeddi olması təbii və qanunauyğundur. Türk folklor düşüncəsində evolyusion-irəliləyiş rəqəmləri təklik sistemi üzərində qurulduğundan çərşənbələr də təbii olaraq bu qanunauyğunluq içərisində sıralanmalıdır.

Sadəcə olaraq onların sonuncu dördü əsas çərşənbələr sayılır. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. El inamına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hopub onları oyadır.

e7889364-5b71-4b00-abe7-c0c8ae45403a.jpg

- Doğru çərşənbələrə qurama adlar verilibsə, əvvəllər onlar necə adlanıb?

- Doğru çərşənbələrin el arasında fərqli adları var. Birinci çərşənbə “Əzəl çərşənbə”dir, ona Azərbaycanın müxtəlif bölgələrində “Sular novruzu” və “Yalan çərşənbə” də deyilir. İkinci çərşənbə “Müjdəverən”, “Muştuluqçu”, “Külə”, “Kul”, “Xəbərçi” adları ilə tanınır. Üçüncü “Gül çərşənbə”dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən ona “Ölü çərşənbəsi” və ya “Ata-baba günü” də deyilir. Sonuncusu ən təmtəraqlı, təntənəli şəkildə qeyd olunan “Axır çərşənbə”dir.

- Bəs çərşənbələrə sonradan verilən adlar haradan götürülüb?

- Dünyanın və insanın yaranmasını şərtləndirən məşhur “abi-atəş-xaki-bad” dördlük sistemi farscadan tərcümə edilərək buradakı hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı düzəldilib. Yəni, ab - su, atəş - od, xak - torpaq, bad - külək...

- Bu mərasimlərin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilib?

- El inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Bu səbəbdən həmin gün nəsə bir işin təməlini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-nişan etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək məqsədilə məhz bu gün seçilib.

- Çərşənbələrdə hansı adətlər yerinə yetirilir?

- Çərşənbələrdə, daha dəqiq desək, çərşənbə axşamlarında tonqal qalanması, göyə yanar fişənglər, əvvəllər isə üsgü-lopa atılması, bayram süfrəsi düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı bir məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od - Günəşin rəmzi kimi düşünülürdü. Çillədən – qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin – yazın çağırılması mərasimidir.

Bir sıra araşdırmaçılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Onlar Allah, ilahi qüvvə saydıqları oda-atəşə o dərəcədə müqəddəs bir şey kimi baxırdılar ki, hətta oda öz nəfəslərinin belə toxunmasını istəmirdilər. Zərdüştlüyə görə, insanın nəfəsi təmiz deyil və onun müqəddəs oda-atəşə toxunması günahdır.

Göründüyü kimi, oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları “ağrım-acım tökülsün, bu odda yansın” mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü “Avesta” - atəşpərəstliklə bağlı deyil. Bu, odu, atəşi, işığı, günəşi xilaskar sayan əski türk mifoloji inancıdır.

fc6497ff-b076-40fc-846a-bfb4f5227f3d.jpg

- Qapı dinşəmə (pusma), vəsbi-hal gecələri, tonqal yandırma və üstündən hoppanmanın mənası nədir? Bəzi mifoloji elementlərin qorunub saxlanması doğrudurmu?

- Onlar xalqın adət-ənənələridir. Xalq onlarla özünün mifoloji, tarixi görüşlərini əks etdirib, hamısının da mənası var. Bu bayramın fəlsəfəsi keçmişin, köhnə ilin, qışın çətinliklərindən, dərd-bəlasından qurtarmaq, saf ruh, saf bədənlə yeni günə, yeni həyata başlamaqdır.

Qapı dinşəmənin mənasına gəlincə, insanlar düşünürdülər ki, ilin tamam olduğu məqam mübarək məqamdır, o zaman ruhlar gəlib nəyisə deyə bilir. Bu səbəbdən də içəridən gələn səsi mənalandırırdırdılar ki, o səs xoş fikri ifadə edirsə, onun ürəyində tutduğu arzu reallaşacaq. Bunlar hamısı mifoloji anlamlardır.

Vəsbi-hal gecələrində də eyni prosesdir.

- Papağın boş qaytarılması və ya içinə pul qoyulması düzgündürmü?

- Papağın boş qaytarılması doğru deyil. Mütləq nəsə qoymaq lazımdır. Qapıya atılan böyük papağı olmur ki, uşaq papağı olur, uşağı isə əliboş qaytarmazlar. Papağa daha çox bəzənmiş yumurta, şirniyyat və s. qoymaq məqsədəuyğundur. Pul qoymaq düzgün deyil.

- Novruz bayramına hazırlıq nə vaxtdan başlayır? Çərşənbələr, çillələr Novruz mərasimlərinə daxildirmi? Böyük çillənin çıxmasının bayrama hazırlığın başlanması üçün bir işarə olduğu deyilir…

- Novruzaqədərki mərasimlər var, bir də Novruz mərasimləri. Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Uzun sürən qışın çətinlik və məşəqqətlərindən qurtulub yaşayışa müsbət təsir edən işıq, istilik, qida imkanları açan yaz dönəminə başlamaq arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin mərasim kompleksini yaratmağa təşviq edib.

Qədim azərbaycanlılar da ilkin – ibtidai sivilizasiyanın digər üzvləri kimi öz ətraflarında baş verən kosmoloji prosesləri, xüsusilə də təbiət hadisələrini yaşayışa, güzərana necə təsir etməsinə görə çeşidli bölümlərə ayırır və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olmuş olsa da, obrazlaşdırmağa çalışırdı. Həyatı çətinliyə salan, sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar ortaya çıxmışdı. Xalq arasında “çillə çəkmək”, “çillə tökmək” deyimləri də var ki, həmin ifadələr əslində əzab-əziyyət çəkmək, dərd-bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü yox etmək anlamları daşıyır.

Deməli, ulularımız qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən onu iki yerə bölərək “Böyük çillə” və “Kiçik çillə” adlandırıblar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə, məsələn, qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s. “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.

Novruzaqədərki mərasimlərə böyük çillənin, kiçik çillənin daxil olması çıxması, Xıdır Nəbi bayramı daxildir. Novruz mərasimləri boz ayın əvvəlindən başlayır: Boz ayın ilk dörd çərşənbəsi və bayramın özü. Novruza hazırlıq isə bayramdan bir həftə əvvəldən başlayır.

[bt_slider uid="1488576393-58b9df89317e0" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/fc6497ff-b076-40fc-846a-bfb4f5227f3d.jpg" title="fc6497ff-b076-40fc-846a-bfb4f5227f3d.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/e7889364-5b71-4b00-abe7-c0c8ae45403a.jpg" title="e7889364-5b71-4b00-abe7-c0c8ae45403a.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/Meherem_Qasimli.jpg" title="Meherem_Qasimli.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/d14a8553-d290-4ce5-9bd7-6e621d3c122a.jpg" title="d14a8553-d290-4ce5-9bd7-6e621d3c122a.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/7022be54-a4d9-4a92-81e3-5407fcb139e3.jpg" title="7022be54-a4d9-4a92-81e3-5407fcb139e3.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/172f5a8d-75f5-4ed3-92ef-b00ebe6bfef6.jpg" title="172f5a8d-75f5-4ed3-92ef-b00ebe6bfef6.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/66c04b98-793b-4e18-a5a5-a94ca8538b0c.jpg" title="66c04b98-793b-4e18-a5a5-a94ca8538b0c.jpg" link="" parent_tag="slider"][/bt_slider]

 

"Onları heç vaxt efirə buraxmayacağam"
Featured

"Onları heç vaxt efirə buraxmayacağam"

20.11.2018
Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.


- Məhərrəm müəllim, necəsiniz? Əgər belə demək mümkünsə, bugünkü əhval-ruhiyyəniz hansı aşıq havası üstündə köklənib?
- Təkcə bu gün deyil, əslində hər gün ovqatımızdan asılı olaraq ruhumuz bütün aşıq havaları üzərində köklənir. Təbii ki, burada qəhrəmanlıq da var, gözəllik də, müdrik düşüncələr də... Yəni bütün bu keyfiyyətlər hər gün bizim həyatımızdadır.

- İşləriniz necədir, Azərbaycan Aşıqlar Birliyində nə kimi yeniliklər var?
- Son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür.
Bildiyiniz kimi, bu il sentyabrın 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı keçirildi. Əlbəttə, bu, əlamətdar bir hadisə idi. Qurultaya Azərbaycanın bütün regionlarından, o cümlədən xaricdən çoxlu qonaqlarımız gəlmişdi. Onlar şahid oldular ki, Azərbaycan dövlətinin aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir.
2016-cı ildə mən Azərbaycan Aşıqlar Birliyinə sədr seçiləndən sonra ilk işim aşıqların yenidən qeydiyyatı və gənc nəslin birliyə qəbulu məsələsini gündəliyə gətirmək oldu. Birliyin tərkibində yenilənmə işləri aparıldı. Üzvlüyə xeyli sayda gənc və istedadlı aşıqlar qəbul olundu. Sonrakı ildə də yenilənmə prosesi davam etdirildi. Artıq bu gün Azərbaycan Aşıqlar Birliyinin sıralarında ustad aşıqlarla yanaşı, gənc, yəni yeni nəsil aşıqları da yer alıblar. Onu da deyim ki, digər sahələrə olduğu kimi, aşıq sənətinə də gənc nəslin böyük marağı və axını var. Bunun da bir neçə səbəbi var. Birinci səbəb dövlətin bu sahəyə diqqət və qayğısıdır.
Bildiyiniz kimi, 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu da təbii ki, Birinci-vitse prezident, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verib. Bu gün Azərbaycan Dövlət Televiziyası hər həftə saat yarım aşıq sənətinə yer verib. Bütün bunlar onu deməyə əsas verir ki, heç vaxt indiki qədər dövlət tərəfindən bu sənətin daşıyıcılarına belə bir diqqət və qayğı göstərilməyib. Bu gün sizdən bir az əvvəl bura bir neçə gənc və orta yaşlı aşıq gəlmişdi. Mən onları birinci dəfədir görürdüm. Gəlişlərinin səbəbini soruşdum. Məlum oldu ki, son vaxtlar dövlətin bu sənətə göstərdiyi diqqət və qayğı onları bura gətirməyə həvəsləndirib.
Həqiqətən də dövlətin bu sahəyə qayğısı aşıqlarımızın ovqatını yüksəldib, onlara qol-qanad verib. Yeri gəlmişkən, bir neçə fakt göstərmək istərdim. 2016-cı ildən bəri çox vaxt keçməyib. Bu müddət ərzində ilk növbədə, yeni və geniş bina ilə təmin olunmuşuq. Eyni zamanda, 15 aşıq fəxri ad alıb. İnanın, əvvəlki dönəmlərdə heç beş ildə bir aşıq fəxri ad alırdı, ya almırdı. Ancaq 2016-cı ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə yeddi aşığa fəxri ad verildi.
Hazırda birliyin üzvü olan aşıqlardan bir neçəsi Prezident təqaüdçüsü, onlarla aşığımız isə Əməkdar mədəniyyət işçisidir. Bütün bunlar Azərbaycan dövlətinin, ictimaiyyətinin aşıq sənətinə olan məhəbbətinin və diqqətinin göstəricisidir. Baxın, mən birliyə gələndən sonra gördüm ki, dövrə, zamana görə aşıqların geyimində bir dəyişiklik olmalıdır. Fkirləşdim ki, hərbi formanı xatırladan geyim tərzi ilə, yaxud uzun çəkmə və hündür papaqlarla irəli getmək olmaz. Tədricən vəziyyəti qaydaya saldıq. Artıq birliyin aşıqları tədbirlərə, televiziyaya yeni, milli və daha müasir geyim modelində, yəni yaxası düyməli, boynu örtülü və bədənə kip oturan köynəklə çıxırlar. Çünki bu geyimdə sazı ifa etmək daha rahatdır. Gördüyünüz kimi, yeni geyim tərzindəki papaqlar da nə ənənəvi aşıq papağı kimi çox hündür, nə də çox qısa deyil, orta səviyyədədir. Papaq milli qeyrətimizin, köynəyin üstündən geyilən çuxa isə milli adətlərimizin göstəricisidir. Eləcə də, xanım aşıqların geyimində müəyyən yeniliklər etmişik. Bu gün “Çeşmə” folklor qrupu məhz həmin geyimdən istifadə edir.

"Onları heç vaxt efirə buraxmayacağam"
Demək olar ki, hal-hazırda Aşıqlar Birliyinin birmənalı olaraq özünəməxsus geyimləri var və tədbirlərdə bu libasda iştirak edirlər. Eləcə də, az müddət ərzində “Çeşmə” folklor qrupu, “Şirvanşah”, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları yaratmışıq. Həmçinin, Xalq Bankın “Xalq əmanəti” layihəsi çərçivəsində üç cildlik “Aşıq Ədəbiyyatı Antologiyası” nəşr edilib. Aşıq yaradıcılığı incilərinin toplandığı üç cildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. Onu da xüsusi olaraq vurğulayım ki, “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb. Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdir. İlk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də Dədə Qorquddan üzü bəri böyük ustad sənətkarlarımız nəşrdə bir toplu halında cəmlənib. Eyni zamanda, bu il aşıqlarla bağlı on kitab nəşr olunub. Bu kitablarda hətta bəzi dastanlar yeni variantda təqdim olunub. Bundan əlavə, aşıqların ifasından ibarət disklər yazılıb. Keçirilən tədbirlərin isə sayı-hesabı yoxdur. Bura aşıqların yubileyləri, kitab təqdimatları, sənətlə bağlı müzakirələr və s. daxildir. Bir məsələni də deyim ki, Azərbaycan Aşıqlar Birliyinin VI qurultayının stenoqramını çapa hazırlayırıq. Həmin stenoqramı Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun xüsusi buraxılışında təqdim edəcəyik. Gələcəkdə isə, Azərbaycan Aşıqlar Birliyinin əvvəlki qurultaylarının əlimizdə olan stenoqramlarını toplu halında ictimaiyyətə təqdim etməyi nəzərdə tuturuq.
Ancaq bu məqamda bir gileyimi cəmiyyətə çatdırmaq istərdim. Bu gün Azərbaycan aşıq sənətinin qorunmasının əsas dayağı dövlətdir, xalq deyil. Xalq aşıq sənətinə əvvəlki kimi maraq göstərmir və qorumur.

- Niyə? Səbəb nədir?
- Səbəd odur ki, artıq el şənlikləri, toylar şəklini dəyişib. Bu dəyişiklik aşıq sənətinə də öz təsirini göstərib. Toylarda aşığa meydan verilmir. Artıq o gördüyünüz üç günlük toylar yoxdur. Halbuki toy xalqımızın çox gözəl adətlərindən biridir. Bugünkü toylarda çalınan yad, yüngül musiqilər, insanların belə musiqilərə saatlarla oynaması bizi çox narahat edir. Tarixən toylar 3, 7 və daha artıq, bəzən hətta 40 gün davam edərdi. Bu uzun çəkən toylara aşıq dəstələri dəvət olunardı, dastanlar danışılardı. İndi aşıqlardan soruşuram ki, hansısa toyda dastan danışanı olubmu? “Yox” cavabı verirlər.

- Qeyd etdiyiniz kimi, aşıq sənətinin yaşaması və inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür. Bəlkə aşıq sənətinin əvvəlki şöhrətini bərpa etmək üçün də dövlətin dəstəyindən yaralanmaq lazımdır, nəinki, toylara ümid bəsləmək...
- Tamamilə doğrudur, yol buna qalır. Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayındakı məruzəmdə elə bu məsələyə toxundum. Hətta qurultayın qətnaməsinə də salındı ki, respublikada ayrıca Dastan Teatrı yaradılsın. Bu gün Azərbaycan aşıq sənətində dastançılıq ənənəsinin qorunması çox vacibdir və bunun üçün də Azərbaycan Aşıqlar Birliyinin nəzdində Dastan Teatrı yaradılmalıdır. Xüsusilə də, Bakıda yaradılan Dastan Teatrında istedadlı aşıqlarla aktyorlar dastanlarımızı teatrlaşdıracaqlar. Bununla bağlı bir sıra örnəklərimiz var, məşqlər də edilib.
Hesab edirəm ki, bu istiqamətdə dövlət səviyyəsində iş aparılarsa, çox gözəl effekt verə bilər. Və sizin dediyiniz kimi, burada sənət qazana da bilər, eyni zamanda dastanlarımızın yaşamasında, nəsildən-nəslə ötürülməsində mühüm rol oynayar. Ona görə buna gedilməlidir və gediləcək, inşallah.

“Camaat artıq şoudan bezib”

- Məhərrəm müəllim, təbii ki, bu işlərin həyata keçirilməsi maddiyat tələb edir...
- Şübhəsiz. Bunu nəzərə alan Mədəniyyət Nazirliyi qurultaydan sonra var gücü ilə dastan teatrını yaratmağa çalışır. Bu teatrın yaradılması insanlarımıza gözəl bir ərməğan ola bilər. Çünki, inanın, camaat artıq şoudan bezib. Siz özünüz də bu cəmiyyətin içərisindəsiniz, yəqin müşahidə edirsiniz, toylara gələn insanların 90 faizindən çoxu yüngül musiqilərdən, şoulardan narazıdırlar. Hamı istəyir ki, əvvəlki milli adət-ənələrimizə qayıdılsın, el şənliklərimizi, toylarımızı xalq musiqilərimiz, saz havalarımız bəzəsin. Əminəm ki, gec-tez buna qayıdılacaq.

- Ancaq buna baxmayaraq, televiziyalarımızı zəbt edən yüngül musiqi ifaçılarına, onların kliplərinə, seriallara, səviyyəsiz şoulara, qalmaqallara ölkənin tanınmış şirkətləri, nəhəg ticarət şəbəkələri “sponsor” adi ilə külli miqdarda pul xərcləyir...
- Bəli, dərd də elə bundadır. Kapitalizmin belə çirkin tərəfləri də var. Kapitalizm həmişə milli-mənəvi dəyərlərin, mədəniyyətin tapdanmasına yol aça bilir. Amma onun qarşısını almaq məsuliyyəti dövlətin, biz ziyalıların üzərinə düşür. Biz bu cür neqativ hallara qarşı müqavimət göstərərək onu aradan qaldırmalıyıq. Yoxsa, meydanı onlara buraxsaq, xalq mənəviyyatını, xalq mədəniyyətini, xalq musiqisini məhv edərlər.
Təqribən 2000-ci ildən bəri keçən dövrə nəzər salsaq, görərik ki, Azərbaycan dövləti bütün gücü ilə milli-mənəvi dəyərlərin qorunmasına çalışıb. Xalq bu istiqamətdə fəallıq göstərsəydi, dövlətin müdaxiləyə ehtiyacı qalmazdı. Lakin dövlət görür ki, məsələyə dövlət səviyyəsində müdaxiləyə zərurət var. Ona görə də dövlət milli mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə böyük həssaslıqla yanaşır və qayğı göstərir.

- Məhərrəm müəllim, yola salmaqda olduğumuz 2018-ci il Azərbaycan Aşıqlar Birliyi üçün hansı əlamətdar hadisələrlə yadda qalacaq?
- Bu il Aşıqlar Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Heydər Əliyev Sarayında, Filarmoniyada, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ədəbi-bədii konsert proqramları ilə çıxış etdi. Bu tədbirlərin davamı, Gəncədə, Qazaxda, hərbi hissələrimizdə təşkil olundu.

- Bu il həm də Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayında sizin bu quruma növbəti müddətə sədr seçilməyiniz və “Şöhrət” ordeni ilə təltif edilməyinizlə müşayiət edildi. Bu münasibətlə sizi gec də olsa, təbrik edir, sizə cansağlığı və iş fəaliyyətinizdə uğurlar arzulayıram.
- Çöx sağ olun, minnətdaram. Ölkə başçısına təşəkkür edirəm ki, aşıq sənəti ilə bağlı xidmətlərimi yüksək qiymətləndirib. Bu, mənim simamda aşıq sənətinə və Azərbaycan aşıqlarına verilən qiymətin ən bariz nümunəsidir. Deyərdim ki, Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti daim diqqətdədir. Gördüyümüz işlərlə əlaqədar etdiyimiz müraciətlərə dövlət tərəfindən müsbət cavablar verilir. İnşallah, bundan sonra daha böyük işlər görməyi planlaşdırırıq.

“Bu gün bazarlarda, çayxanalarda oxuyan aşıqlar da var”

- Bu işlər hansı istiqamətdə aparılacaq?
- İndiki halda üç istiqamət var. Birinci istiqamət dünyasını dəyişən və hal-hazırda yaşayan ustad aşıqlara xüsusi ehtiramla yanaşaraq onların yubileylərini keçirmək, kitablarını nəşr etdirməkdir. İkinci istiqamət orta nəsil aşıqlarla bağlıdır. Təqribən 60-25 yaş arasında olan aşıqlardır ki, onlara diqqət və qayğını əsirgəməməliyik. Çünki aşıq sənətinin bugünkü məsuliyyətini, yükünü məhz onlar öz çiyinlərinə götürüblər. İstər dövlət tədbirlərinə, istərsə də digər qeyri-rəsmi tədbirlərə həmin aşıqlar cəlb olunurlar. Bunu nəzərə alaraq əxlaqi normalara da xüsusi önəm veririk. Nə gizlədim, bu gün bazarlarda, çayxanalarda oxuyan aşıqlar da var. Əlbəttə, bu, ürək ağrıdıcı məqamdır. Biz mümkün qədər bunun qarşısını almağa çalışırıq.
Üçüncü istiqamət isə yeni nəsil aşıqlara aiddir. Bəlkə də aşıq sənəti ilə əlaqədar uğurlarına ən çox ümid bəslədiyim bu nəsildir. Bunlar 15-20 yaş arası olan aşıqlardır. Ona görə də bu gün gənc aşıqlara dayaq durur, onların mükəmməl yetişməsinə çalışırıq.

“Güney Azərbaycanda aşıqlıq özü də güclüdür”

- Məhərrəm müəllim, bəs Aşıqlar Birliyinin regionlarda fəaliyyəti necə təşkil olunur?
- Aşıqlar Birliyinin regionlarda da fəaliyyətləri var. Ən ucqar bölgələrimizdə aşıq sənətinin inkişaf etdirilməsi çərçivəsində səfərlər təşkil edirik. Bu istiqamətdə Şamaxıda, Gəncədə, eləcə də Gədəbəydə, Tovuzda, Ağstafada, Qazaxda müəyyən işlər gedir. Regionlarda filialların, musiqi məktəblərində saz şöbələrinin açılması istiqamətində səylə çalışırıq. Mən istəyirəm ki, aşıq məktəbləri Gədəbəydə, Tovuzda olan kimi, Azərbaycanın çox yerində olsun. İndi Şamaxıda aşıq musiqi məktəbi yaratmaq istəyirik və bu istiqamətdə işlər gedir. Ağstafada əvvəlki musiqi məktəbi bərpa olunacaq.
Bir vacib xəbəri də xalqımıza çatdırmaq istərdim. Belə ki, üzümüzə gələn Novruz bayramı ərəfsində dövlət səviyyəsində aşıq müsabiqəsi keçirilməsinin vacibliyini düşünürük. Bununla bağlı ilk olaraq müsabiqənin canlı yayımı üçün Azərbaycan Dövlət Televiziyasından razılıq almışıq. Bu müsabiqə baş tutandan sonra regionlarda da gənc aşıqların müsabiqəsini keçirməyi planlaşdırırıq. Bununla bağlı Mədəniyyət Nazirliyi də razılıq verib. Ümid edirəm ki, bu planlarımızı gələn il gerçəkləşdirəcəyik.

- Birliyin beynəlxalq əlaqələri nə vəziyyətdədir?
- Hazırda beynəlxalq əlaqələrimiz çox yaxşıdır. Türkiyə, Gürcüstan, Dağıstan aşıqları ilə sıx əlaqələrimiz var. Bu yaxınlarda yanıma Dərbənd şəhərindən qonaqlar gəlmişdi və onlar Azərbaycan sazına, aşıq sənətinə çox böyük maraq göstərirdilər. Mən də öz növbəmdə, diqqət göstərərək, onlara Azərbaycan aşıq sənəti ilə bağlı kitablar verdim. Çox məmnun oldular. Hətta onlar gedəndən sonra Dərbəndin bir kitabxanasından mənə təşəkkürnamə gəldi.
Güney Azərbaycan da daim diqqətimizdədir. Şübhəsiz ki, Güney Azərbaycanda aşıqlıq özü də güclüdür.

“Müsabiqəyə qatılan uşaqlardan kütləvi şəkildə pul yığıblar”

- Ancaq bütün bunlara rəğmən, siz Azərbaycan Aşıqlar Birliyinə sədr seçiləndən sonra aşıqlar arasında ixtilaflar yaşanması, bunun da əsas səbəbinin aşıqlar arasında ayrı-seçkilik etməyinizlə bağlı mətbuatda yazılar dərc edilir. Bəzi aşıqlara şərait yaradılmamasından gileylənirlər. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Əslində iddiaların bəziləri əsaslıdır. Bəli, o kəslər ki, meydanı ələ keçirmək istəyirlər, mən onlara imkan vermirəm. O adamların ki, istedadı yoxdur və vaxtilə aşıq sənətini gözdən salmağa çalışıblar, mən onların qarşısını almışam. Təbii ki, onlar da tərəfimdən müqavimətlə qarşılaşır və etirazlarını bildirirlər. Ancaq mən onlara əhəmiyyət vermirəm. İstedadı olan, sənətə şərəflə, ləyaqətlə xidmət edən insanlara yol həmişə açıqdır. Ancaq o adamın ki, niyyətində məkr var, müəyyən qədər istedadı olsa belə, ona meydan vermək olmaz. Belələri, televeziyalara yol taparaq hətta aşıq müsabiqələri keçirməyə başlayır. Sonra da məlum olur ki, müsabiqəyə qatılan uşaqlardan kütləvi şəkildə pul yığıblar. Sənəti bu dərəcədə gözdən salmaq olmaz. Ona görə də mən o adamlara qarşı qəti mübarizə aparmışam, bundan sonra da yolumdan dönməyəcəyəm.
Sənətin gerçək mənzərəsini ortaya gətirmək üçün istedadlı insanlara yollar açılmalıdır. Amma mən dələduzluq yolu ilə camaatın qanını sormağın, müxtəlif vədlərlə baş aldadıb onlardan pul qoparmağın əleyhinəyəm. Əgər özünə aşıq deyən şəxs bu sənəti uçuruma aparırsa, mən niyə onların efirə çıxmasına imkan verməliyəm? Elə aşıqlar var ki, gücüm çatdığı qədər mən onları heç vaxt efirə buraxmayacağam.
Onlar da bunun əvəzini çıxmaq üçün mənim və Aşıqlar Birliyinin ünvanına müxtəlif şayiələr, böhtanlar yağdırırlar. Qeyd etdiyim kimi, mən onlara əhəmiyyət vermirəm. Çünki Mirzə Ələkbər Sabir demişkən, “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”.

“Onların istəyi budur ki, Məhərrəm Qasımlı getsin, yerinə gəlsinlər”

- Məhərrəm müəllim, ümumiyyətlə, bu cür məlumatların ictimailəşdirilməsində maraqlıların kim olduğunu bilirsiniz?
- Bəli, kimlikləri mənə bəllidir. O adamları bu sahədən uzaqlaşdırmışam ki, sənətə zərərləri olmasın. Onların istəyi budur ki, Məhərrəm Qasımlı getsin, yerinə gəlsinlər. Əgər özlərini bu sahəyə layiq bilirdilərsə, gəlib qurultayda namizədliklərini irəli sürərdilər. Qurultayda hami birmənalı olaraq namizədliyimi irəli sürdü və yekdilliklə də səslərini mənə verdilər. Ona görə də mənə qarşı qaryaxmalar Azərbaycan Aşıqlar Birliyindəki fəaliyyətimin üzərinə kölgə sala bilməyəcək.

- Cənublu aşıqlarla əlaqələriniz necədir? Yenə də mətbuatdakı yazılara istinad etsək, münasibətlərin bir qədər sərin olduğu, hətta müəyyən problemlər yaşandığı qənaətinə də gəlmək mümkündür. Bununla bağlı nə deyə bilərsiniz?
- Qətiyyən elə bir şey yoxdur. Güney aşıqları ilə münasibətlərimiz çox yaxşıdır. Noyabrın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun anadan olmasının 90 illiyi qeyd edildi.

"Onları heç vaxt efirə buraxmayacağam"
Tədbirdə tanınmış və gənc aşıqlar, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və Anar Abdullayevin başçılığı ilə “Koroğlu” aşıqlar qrupunun üzvləri ilə yanaşı, aşıq Cəfər Xakipur da daxil olmaqla, Təbrizdən gəlmiş üç sənətkar öz ifaları ilə ölməz sənətkarın ruhuna ehtiramlarını bildirdilər. Televiziya verilişimə tez-tez istedadlı Güney aşıqları gəlir, yaxud tədbirlərə dəvət edirik. Bizdə olduğu kimi, Güneydə də aşıqların arasında xeyli təfriqəçilik, bölücülük var. Bunun da nəticəsi olaraq oradakı bəzi işbazlar Aşıqlar Birliyi yaratdığını elan edərək meydanı öz əllərinə almaq istəyirlər. Mən də dəfələrlə demişəm ki, İran dövlətinin içərisində Aşıqlar Birliyi yaratmaq qeyri-mümkündür, elə bir birlik yoxdur, ola da bilməz. Çünki İran dövləti buna yol verməz. Ancaq hansısa bir musiqi dərnəyi, yaxud musiqi evi yaradaraq onu İran Aşıqlar Birliyi kimi təqdim etmək, sadəcə, gülüncdür. Yenə də deyirəm, belə bir birlik yoxdur, ola da bilməz. Bir təşkilatın ki, möhürünü hazırlayıb ortasına Azərbaycan dilində latın qrafikası ilə yazasan İran Aşıqlar Birliyi, bu, uydurma, saxta bir şeydir.

“Onların bizim işimizə müdaxilə etməsi yolverilməzdir”

- Söhbət İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazidən gedirsə, o da deyir ki, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bizim aşıqların içərisinə ixtilaf salır, hər gün bu ixtilafların güclənməsinə muxtəlif yollarla dayanmadan çalışır. Hətta Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığı məktubunda bildirib ki, Məhərrəm Qasımlı öz şəxsi mənafeyinə görə iki dövlətin münasibətini pozur. Aranızdakı bu problem nədən qaynaqlanır?
- Gördüyünüz kimi, mən o iddialara cavab vermirəm, münasibət də bildirmirəm. Sənətkar adamdır, öz iş-gücü ilə məşğuldur. Mənim İranda tanıdığım çox istedadlı aşıqlar var. Onlar Güney aşıq ənənəsinin əsasını təşkil edirlər. Onların o adamla heç bir əlaqəsi yoxdur. Onun mənim barəmdə irəli sürdüyü iddialar, söylədiyi fikirlər böhtandır. Ancaq o, bunu etməməlidir. Çünki mən onun haqqında heç vaxt artıq-əskik danışmamışam, danışmaram da. Onun Azərbaycan Aşıqlar Birliyinə müdaxiləsinə gəlincə, bu, mümkün deyil, ola da bilməz. Azərbaycan müstəqil dövlətdir, Azərbaycan Aşıqlar Birliyi də Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinə xidmət edən bir təşkilatdır.
Biz həmişə Güney Azərbaycandan qonaq gələn aşıqlara mehri-məhəbbətlə qollarımızı açırıq, ancaq onların bizim işimizə müdaxilə etməsi yolverilməzdir.

- Məhərrəm müəllim, sizin qəbul etmədiyiniz İran Aşıqlar Birliyi 2015-ci ilin oktyabr ayının 9-da rəsmi olaraq yarandığını elan edən vaxtdan bəri bir sıra beynəlxalq aşıq festivalları keçirib, eyni zamanda xalq şairi Zəlimxan Yaqubun anım gecəsini, “Dədə Şəmşir”, “Aşıq Abbas Tufarqanlı”, “Aşıq Ələsgər” festivallarını. Eləcə də 2017-ci il dekabrın 10-11-də Tehranda “Aşıq Qərib”, yaxud 2018-ci il iyulun 29-30-da “Dədə Qurbani” festivallarını qeyd etmək olar. Hətta son iki tədbirdə qəzetimizin baş redaktoru Asif Mərzili də iştirak edib. Ancaq bu tədbirlərdə Azərbaycan Aşıqlar Birliyindən nümayəndə iştirak etməyib. Bunun səbəbi nədir? Halbuki İranın vitse-prezidentinin iştirakı ilə Tehranda Azərbaycan dilində keçirilən həmin tədbirlərdə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb, ölkəmizin şəninə şüarlar səsləndirilib...
- Allah işlərini uğurlu eləsin. Amma bu tədbirlərdə Azərbaycan Aşıqlar Birliyi təmsil olunmayıb, elə bir fikrimiz də yoxdur.

- Məhərrəm müəllim, yeri gəlmişkən, soruşmaq istəyirəm. Saz çala bilirsinizmi?
- Elə-belə də... Amma orta ixtisas musiqi məktəbində təhsil almışam. Musiqini duya bilirəm, dəyərləndirməyi bacarıram, onun ritmi, intonasiyası barədə anlayışım var. Ancaq aşıqlarımız səviyyəsində sazda ifa edə bilmərəm. Görünür, istedadım olmayıb. Xatırlayıram ki, uşaq olanda Əkbər Cəfərov, İmran Həsənov gəlib bizim kənddə çalıb oxuyardılar. Onlar gedəndən sonra mən də qarğıdalı şaxından saz kimi düzəldib uşaqlarla birlikdə o aşıqları yamsılayardıq. Elə bilirdik ki, biz də böyüyəndə onlar kimi aşıq olacağıq. Halbuki aşıqlıq Allah vergisidir. Amma mən aşıq musiqisinin mahiyyətini bilən bir adamam. Hətta onun mahiyyəti ilə bağlı dissertasiya yazmışam. Şübhəsiz ki, bu sənətin ustadlarına həmişə qibtə etmişəm.

“Aşıq ola bilmədim, amma...”

- Onda belə bir sual vermək istəyirəm, ən çox hansı aşıq mahnısını kimin ifasında dinləmək istəyərdiniz?
- İfasına görə, şübhəsiz ki, Ədalət Nəsibovu. Çünki o, bu sənətin şahıdır. Mən onun ifasında “Yanıq Kərəmi”ni yüz dəfədən çox dinləmişəm. Amma bu “Yanıq Kərəmi”nin heç biri digərinə bənzəməyib, hər ifası fərqli olub. Elə bil hər dəfə yenidən yaradır bu havanı. Bu mənada, Ədalət Nəsibovun ifası təkrarsızdır. Bu gün aramızda olan aşıqlardan Əli Quliyevin adını çəkmək istərdim. O, Ədalət Nəsibovun yolunu davam etdirən ustad aşıqdır. Oxumağa gəlincə, bir nəfərin yox, bir neçə aşığın adını çəkəcəyəm: özümün ən çox ruhən bağlı olduğum Əkbər Cəfərov, Aşıq Şakir Hacıyev, Kamandar Əfəndiyev. Mənim aşıq sənətinə gəlişim elə Əkbər Cəfərovun sənətinə olan bağlılığım səbəb olub. Doğrudur, aşıq ola bilmədim, amma gəlib elm aləminə çıxdım. Yeni nəsildən də ümid bəslədiyim istedadlı aşıqlar var. Güneydə də istedadlı aşıqlar az deyil, məsələn, aşıq Cavad Məhərrəmi, yaxud aşıq Cəfər Xakipur. Bu aşıqların ifasını çox bəyənirəm və demək olar ki, onları tez-tez dinləyirəm.
Mən səmimi olaraq bir gerçəyi sizə demək istərdim. Bu il 60 yaşım tamam oldu. Az yaş deyil. Mən ömrüm boyu bütün ruhumla çalışmışam ki, saza, sözə, qələmə, ümumilikdə, bu sənətə namusla, qeyrətlə xidmət edim. Yolum bu olub. Hesab edirəm ki, bu yolumdan çox da azmamışam, heç azmamışam.

Elbar ŞİRİNOV
Aşıqlar sovetə xidmət etdikləri kimi müstəqil Azərbaycanı tərənnüm edə bilirmi?
Featured

Aşıqlar sovetə xidmət etdikləri kimi müstəqil Azərbaycanı tərənnüm edə bilirmi?

14.09.2017

“Sovetlərlə bağlı ifalar 1-2 faizdirsə, 90 faizdən artıq əsl aşıq sənəti yaşayıb”
Məhərrəm Qasımlı: “Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır”
Minillərin ağır sınaqlarından, çarpışmalarından, təlatümlərindən adlayıb günümüzə gəlib çıxan müqəddəs aşıq sənəti biz türklərin ruhunu ifadə edir. Azərbaycan aşıq sənətinin əvvəlki yüzillikləri haqqında tədqiqatçı alimlər, aşıqşünaslar kifayət qədər araşdırmalar, tədqiqat işləri aparıb, kitablar nəşr etdirib, gənc alimlər bu sahədə elmi işlər müdafiə edib alimlik dərəcəsi alıblar.


Bizim aşıq sənətinin tamam başqa bir tərəfini müasir aspektdə araşdırdım. Bilirik ki, aşıq sənətinin ən yüksək tərəqqi tapdığı dövrlərdən biri XX əsrdir. Bu əsrdə aşıq sənəti, sözün əsl mənasında, özünü tam olaraq təsdiqləyib, bu çağda olduqca görkəmli aşıqlar ordusu yetişib və meydana çıxıb. Bu gün həmin qüdrətli aşıqların hər biri bir məktəb kimi tanınır. Ustad aşıqların yaratdığı möhtəşəm yaradıcılıq yolunu davam etdirənlər çoxdur. Uzun illər aşıq sənətini yaxından izləyən, bu barədə saysız yazılar yazan bir jurnalist kimi XX əsrin müxtəlif illərində, xüsusən də keçən əsrin 30, 40, 50, 60, 70-ci illərində çox populyar olan ustad aşıqların bəlli lent yazılarını təkrar-təkrar dinlədim. Əlbəttə, uca ustadların nəfəsindən, barmağından qopan hər bir hava özünəməxsus şəkildə insana təsir edir.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra uzun illər toz basmış arxivlərdə qalmış ustad aşıqların bir sıra lent yazıları aşkarlanıb internet resurslarında yayımlandı. Bu olduqca qiymətli bir işdir və bu gün dəyərli istinad yeridir. Sovet dövründə yaşayıb yaradan, müxtəlif incəsənət ongünlüklərində, dekadalarında, festivallarda çıxış edib sazımızı təbliğ edən ustad aşıqların bir çoxunun repertuarını dinləyərkən burada incə bir məqam sezdim. Nədir bu məqam? Aşıqların böyük əksəriyyəti o illərdə sovet hökumətini, kolxoz quruculuğunu, kommunizmi, dövrün siyasi liderləri olan Lenin, Stalini, onların həyata keçirdiyi siyasəti tərənnüm edən şeirlər ifa ediblər. Bu amil Azərbaycanın dahi aşıqlarının repertuarında birmənalı yer tutub. Ruhunu sayğı ilə andığımız aşıq Əsəd Rzayev, aşıq Mirzə Bayramov, Qaraçıoğlu İbrahim, eləcə də onlardan sonra yetişən aşıqlar sovet ideologiyasını saz vasitəsilə təbliğ ediblər. Unikal saz havaları üstündə sovet ideologiyasının tərənnümü bu gün həqiqətən də qəribə görünür və bu ifalara əsasən tənqidi yanaşılır. Bu gün hətta bəzən belə sualla qarşılaşırsan ki, aşığın sazı hansı səbəbdən bolşevizm ideologiyasını və bolşevik liderlərini tərənnüm etməliydi ki? Aşıq siyasətüstü mövqeyini qoruya bildiyi halda, onu niyə qorumayıb? Hətta onu da deyirlər ki, xanəndələr, müğənnilər aşıqlar qədər bolşevizm ideologiyasına xidmət etməyib. Bu kimi sual qarışıq fikirlər müasir cəmiyyətimizdə tez-tez səsləndirilir.
Sovet illərində bolşevizm ideologiyasını geniş şəkildə tərənnüm edən ustad aşıqların müasir varisləri müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyimizə xidmət edirmi? Bugünkü mənzərəni və keçmişdəki aşıqlarla çağdaş aşıqların dövlət məsələsinə yanaşmasının oxşar və fərqli cəhətlərini Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, görkəmli aşıq araşdırıcısı, folklorşünas, professor Məhərrəm Qasımlı ilə birgə çözdük.
M.Qasımlı bizimlə söhbətində bildirdi ki, Azərbaycan ozanları, aşıqları keçən çağlardan bəri həmişə dövlətin yanında olub. Aşığın tarixən dövlət maraqlarından çıxış etdiyini qeyd edən M.Qasımlının sözlərinə görə, aşıqların öz qopuzu, sazı ilə bütün çağlarda dövlətin yanında olması faktı əski mənbələrdə də əksini tapıb: “Azərbaycan aşıqları tarixən dövlətin yanında olub və dövlətçiliyə xidmət edib. Ozan bu xalqın qan yaddaşını, tarixini, mənəvi dünyasının yaşadıb, təbliğ edib. Qədim çağlarda ozanın eldə, toplumda, müasir dillə desək, cəmiyyətdə nüfuzu çox böyük olub və sözü keçərli idi. Uzağa getməyək, götürək elə Dədə Qorqudu. Dədə Qorqud bir ozan idi. Biz Dədə Qorqudu dövlətin yanında görürük. O bir ozan kimi dövlətə bağlı idi. Dövlətlə xalq arasında canlı bir körpü idi. Bu da onu göstərir ki, tarixən dövlətin ozana, ozanın da dövlətə, dövlətçiliyə bağlılğı olub. Dədə Qorqud dövlətin işinə xeyir-dua verirdi. “Kitabi-Dədə Qorqud” eposunda qeyd etdiklərimin hamısı ətraflı şəkildə göstərilib. Bu faktın özü onu göstərir ki, aşığın könlü xalqına, dövlətinə bağlıdır. Səfəvilər dövlətində də, həmçinin, aşığa böyük önəm verilirdi. O dövrdə yaşayan ünlü aşıqların əksəriyyəti Şah İsmayıl Xətainin yanında idi. Qurbani, Miskin Abdal buna əyani nümunədir. Yəni aşıq sənətinə dövlətin hər zaman müsbət münasibəti olub. Aşıq dövlətçiliyin tərənnümçüsü olub həmişə. Sonrakı mərhələlərdə də aşıq- dövlət münasibətləri yüksək səviyyədə olub. Saz bu xalqın mənəvi pasportudur, aşıq sənəti xalqımızın, dövlətimizin dəstək verdiyi ulu bir sənətdir”.
Sovet dövründə fəaliyyət göstərən bir sıra aşıqların bolşevizm ideologiyasını təbliğ etməsinə və bu ideologiyaya sadiq olmasına gəlincə, M.Qasımlı bildirdi ki, burada hansısa bir neqativ hal axtarmaq lazım deyil. AAB sədrinin sözlərinə görə, bu, aşığın xalqın arzu və istəyini, eləcə də aşıqların öz dövlətinə bağlı olmasının təzahürü idi: “Bəzi neqativ fikirlər səsləndirilir ki, niyə aşıqlar sovet quruluşunu tərənnüm edən mahnılar oxuyub, şeirlər yazıb. Hansı sahədə bu quruluş təbliğ olunmayıb ki? Elə bir sahə varmı ki, orada sovet hökuməti tərənnüm edilməsin? Aşıqlara gəlincə, onlar SSRİ-yə öz dövlətləri kimi yanaşırdı və dövlət quruculuğunda iştirak etməyə çalışırdılar. Bu dövrün, zamanın tələbi idi. Buna pis baxmaq lazım deyil. Aşıqlar bolşevizm ideologiyasına deyil, dövlətə xidmət edib. Əgər onlar kommunizmi, Lenini, Stalini tərənnüm etməsəydilər, bu sənəti tam olaraq yaşada bilməzdilər. Sovetlərlə bağlı ifalar 1-2 faizdirsə, 90 faizdən artıq əsl aşıq sənəti yaşayıb. Ustadlar fəaliyyət göstəriblər, şəyirdlər yetişdiriblər, böyük məktəblər yaradıblar. Sovet dövründə çox böyük aşıqlar ordusu yetişib. Siz sovet dövründə yaşayıb mövcud dövlətə xidmət edən aşıqlarla müasir aşıqların müstəqil Azərbaycana yanaşmasını müqayisə edirsiniz. Bu gün Azərbaycan aşıqları öz müstəqil dövlətinə bağlı aşıqlardır. Unutmamalıyıq ki, aşıq sənəti bir dövlətçilik atributu kimi diqqətdə olmalıdır. Çünki bizim milli-mənəvi sərvətlərimizin hamısı gözəldir, amma aşıq sənəti qədər dövlətçiliyə bağlı olan ikinci sənət yoxdur. Aşıq bütün ruhu ilə Azərbaycan milli kimliyinin, dövlətçiliyinin arxasındadır. Dədə Qorqud zamanında da belə olub, Şah İsmayıl zamanında da belə idi, bu gün də belədir. Baxın, Dədə Qorqud ensiklopediyası buraxıldı və onun “Ön söz”ünü ulu öndərimiz Heydər Əliyev yazdı. O bu sənətə çox böyük qiymət verib. Bu gün də ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Mən saza meyl göstərən yeni sazpərvər uşaqlara, gənclərə üzümü tutub deyirəm ki, Azərbaycanın sazı, sözü sizlərdən asılıdır. Azərbaycan dövləti də sizin sinənizə götürdüyünüz o sazı himayə etmək gücündədir. Bu, gənclər üçün çətin deyil. Dövlətə, dövlətçiliyə, sənətə ürəkdən bağlı olmaq lazımdır, ürəkdən xidmət etmək lazımdır. Bu gün Azərbaycan aşıqlarının yaradıcılığnda dövlət müstəqilliyimizi tərənnüm edən nümunələr çoxdur. Müasir Azərbaycan aşıqları dövlət siyasətinə bağlı, dövlətçiliyə xidmət edən sənətkarlardır. Biz indi müstəqil dövlətə sahibik və bunu aşıqlar mütəmadi olaraq öz yaradıcılıqlarında ehtiva edirlər. Yenə də deyirəm, tarixən aşıqlar dövlətin yanında olub və dövlət maraqlarını müdafiə ediblər. Aşıq xalqın içində olur həmişə, o, xalqın dövlətimizə, dövlətçiliyimizə daha sıx bağlı olması üçün təbliğat da aparır”.
İradə SARIYEVA

CANLI FOLKLOR XƏZİNƏSİ
Featured

CANLI FOLKLOR XƏZİNƏSİ

10.02.2017

"Azərbaycan mədəniyyətinin inkişafını, onun qədimliyini sübut edən kifayət sayda nümunələr var. Bunların arasında qədim məbədgahların, abidələrin yeri xüsusilə diqqətçəkəndir”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti


Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü ustad aşıq İsfəndiyar Rüstəmov dövrümüzdə aşıq sənətinin ən görkəmli nümayəndələrindəndir. Bu il ustadın anadan olmasının 80 illik yubiley ilidir. Çox maraqlı sənətkar taleyi yaşayan İsfəndiyar Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. Sənətin sirlərini əvvəlcə atası Ədil kişidən öyrənib, sonra isə ustadı Dərələyəz mahalından olan aşıq Məhəmməd olub.

Toylara getməyə o qədər də meyilli olmayan aşıq İsfəndiyar gənc yaşlarından sənətin incəliklərini mükəmməl öyrənməyə çalışıb, rayon və respublika səviyyəli müxtəlif tədbirlərdə, müsabiqə və festivallarda iştirak edib. 1958-ci ildə iştirak etdiyi festivalda diplom və döş nişanı ilə təltif olunub. Bu uğuru onu daha böyük işlərə ruhlandırıb, "tək əldən səs çıxmaz" prinsipi ilə Gədəbəy rayonundakı aşıqlarla birgə fəaliyyətini bir qədər də genişləndirib, gənc aşıqları öz ətrafına toplayıb. Nəhayət, 1964-cü ildə Gədəbəy rayon Mədəniyyət evinin nəzdində 9 nəfərdən ibarət aşıqlar ansamblı yaradıb. 1975-1977-ci illərdə keçirilən 3 turdan ibarət ümumittifaq festivalında həmin o 9 nəfərlə hər üç turda uğurla iştirak edərək qızıl medala layiq görülüb. O illərdə bu ansambla rəhbərliyinə, yaxşı təşkilatçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. Aşıq İsfəndiyar çox maraqlı həmsöhbətdir. Aşıq sənətinin dünənindən, bugünündən, gördüyü ustadlardan, sənətin sabahını necə görməsindən elə maraqla, tutarlı mənbələrə və faktlara söykənərək danışır ki, adam onu dinləməkdən doymur. 40-a yaxın dastan bilən ustad sözün həqiqi mənasında canlı folklor xəzinəsidir.
Azərbaycan aşıq sənətinin inkişafında Göyçənin müstəsna yeri və rolu olduğunu hər zaman vurğulayan ustad deyir ki, özü də Göyçə aşıqlarından çox bəhrələnib. Göyçənin Aşıq Yunus, Oruc Əhmədov, Cilli Müseyib, Aşıq Ağayar və digərləri kimi böyük sənətkarları ilə yaxından ünsiyyəti olub, atası ilə dost olan Balamərzəli Aşıq Hüseynlə isə daha tez-tez görüşüb, dəyərli məsləhətlərini dinləyib. İstər havacat, istərsə də şeir seçimi ilə bağlı onlardan çox şey öyrənib. Deyir ki, Cilli aşıq Müseyib çox havacatlı aşıq idi: "Mən aşıq Müseyibin oxuduğu "Qaragöz"ü çox gözəl oxuyurdum. Bir dəfə aşıq Müseyib mənim bu ifamı eşidəndə ağladı. Soruşdum ki, ay Müseyib dayı, niyə ağlayırsan? Cavab verdi ki, ay bala, mən şəyird yetirməmişdim, ancaq indi sənin bu ifanı eşidəndən sonra hesab edirəm ki, mən yaşayacam".
Ustad-şəyird ənənəsinin son zamanlar yavaş-yavaş unudulması ustadı çox narahat edir. Deyir, bu gün beş-üç hava və elə bir o qədər də şeir bilən əlinə bir saz və mikrofon da götürüb meydana atılır ki, mən də aşığam. Unudurlar ki, ustad görməyən aşıq ola bilməz.
Aşıq sənətinin böyük gücə malik olduğunu, onun bütün imkanlarından istifadə etməyin vacibliyini vurğulayan Aşıq İsfəndiyar deyir ki, atam mənə Qurbaninin, Aşıq Ələsgərin, yaxud digər bir klassik aşığın şeirini öyrədəndə onu təhlil edir, hər misrada nə dediyini bütün incəliklərinə qədər başa salırdı. Bu gün ustad-şəyird münasibətləri demək olar ki, yox dərəcəsindədir, ustaddan dərs almağa meyil göstərilmir. Doğrudur, burada zəmanənin yaratdığı problemlər də az deyil. Amma bu sənətə gələnlər çalışmalıdır ki, ustadların sinəsində olanları öyrənsinlər.
Bu gün çoxlu sayda saz dərnəkləri və musiqi məktəblərində saz siniflərinin fəaliyyət göstərsə də, burada əsasən saz çalmağı öyrədirlər. Bir anlığa diqqət yetirək, tar çalan xanəndə deyil ki? Bu da onun kimi bir şeydir. Aşıq olmaq üçün də təkcə saz çalmaq kifayət deyildır. Aşıq klassik aşıqların sözlərini öyrənib oxumalı, qıfılbənd, təcnis, müxəmməs, ayaqlı təcnisi, qaravəlli və s. bilməlidir. Eyni zamanda aşığın səhnə və geyim mədəniyyəti də yerində olmalıdır. Aşıq daim öyrənməlidir. Yəni sazda çalmağı bacarmaq hələ aşıq olmaq demək deyildir. Bu sənətə meyli olanlara sazda çalmağı öyrətməklə yanaşı, səsi olanlara oxumağı, aşıqlığın bütün incəliklərini öyrətmək lazımdır.
Ustadın da qənaəti budur ki, musiqi məktəbində təhsil almaqla yanaşı, mütləq kamil ustaddan da dərs almaq lazımdır. Deyir, aşığın birincisi, ustad-şəyird münasibətindən yaranan, qidalanan tərbiyəsi olmalı, özündən böyüyün yolunu gözləməyi bacarmalıdır. İkincisi, daim öz biliyini artırmalı, məclisə çıxanda hazır olmalıdır. Üçüncüsü, aşıq yekəxana, ədəbaz olmamalı, xalq arasın-da ədəb-ərkanı, ağır təbiəti ilə fərqlənməli, böyüklərə qarşı hörmət göstərməli, özündən yaşlı aşıqlara hər zaman sayğılı olmalıdır. Yəni, birinci, aşığın tərbiyəsi, ikinci, biliyi və üçüncü, ustada qulluq etməsi vacib şərtdir.
Ustadın bir narahatlığı da aşıq sənətinin bu gün bəzi televiziya kanallarında təbliğinin düzgün qurulmaması ilə bağlıdır. Təbii ki, bu məsələdə ustad haqlıdır. Aşıq sənəti ilə bağlı verilişləri bu sahədə daha çox təcrübəsi və zəngin biliyi olanlar aparmalıdır. Belə verilişlərə başdansovdu yanaşmaq olmaz. Havaların düzgün çalınması, dastanların öyrənilməsi məsələlərinə geniş yer verilməlidir. Belə verilişlərə kamil ustadlar dəvət olunmalıdır.
1969-cu ildə ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra mədəniyyətə, ədəbiyyata, incəsənətə, eləcə də aşıq sənətinə qayğının artdığı göz qabağındadır və ustad deyir ki, o vaxtdan respublika səviyyəli möhtəşəm tədbirlərdə digər incəsənət ustaları ilə yanaşı, biz aşıqlar da çıxış edərdik və tədbirdən sonra Heydər Əliyev səhnə arxasında sənət adamları ilə görüşüb səmimi söhbət edər, dəyərli tövsiyələrini verərdi. Belə görüşlərin birindən sonra məhz ulu öndərin göstərişi ilə Gədəbəydə İsfəndiyar Rüstəmovun yaratdığı aşıqlar ansamblına "Xalq aşıqları" ansamblı statusu verilib, bununla da kollektivin dövlət tərəfindən maliyyə təminatı yaxşılaşıb. Ustadın rəhbərliyi ilə bu ansambl bir çox rəsmi tədbirlərdə iştirak edib, xarici ölkələrə - Türkiyədə, Qazaxıstanda, Özbəkistanda, İranda və s. ölkələrdə qastrol səfərlərində olub və hər yerdən də mükafatla qayıdıb.
Ulu öndər Heydər Əliyevin davamçısı, hörmətli prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın da aşıq sənətinə böyük önəm verməsini, məhz onların böyük səyi nəticəsində Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini də ustad minnətdarlıq hissi ilə qeyd edir. 2013-cü ildə Gədəbəydə Aşıq Musiqisi Məktəbinin tikilib istifadəyə verilməsi, məktəbin açılışında şəxsən Prezident İlham Əliyevin iştirakı da bu qayğı və diqqətin təcəssümüdür.
Gədəbəydə aşıq sənətinə maraq həmişə güclü olub, son illərdə isə bu maraq daha da artıb. Burada, arxada qoyduğu səksən illik ömrünün 60 ildən çoxunu aşıq sənətinə həsr etmiş, respublikamızda bu sənətin inkişafı və təbliği üçün böyük işlər görmüş ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun xidmətləri danılmazdır.

Musa NƏBIOĞLU
Əməkdar Mədəniyyət İşçisi,
Azərbaycan Aşıqlar Birliyinin katibi

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Aşıqlar Birliyinin sədrindən Prezident İlham Əliyevə MİNNƏTDARLIQ...
Featured

Aşıqlar Birliyinin sədrindən Prezident İlham Əliyevə MİNNƏTDARLIQ...

06.04.2018

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

XX əsr Azərbaycan aşıq sənətinin inkişafında, çoxəsrlik şifahi sənət ənənələrinin yaşadılmasında və milli folklor xəzinəmizin daha da zənginləşdirilməsində böyük xidmətləri olmuş Əməkdar İnsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin qeyd edilməsi haqqında 2018-ci il aprelin 2-də imzaladığınız Sərəncam çoxsaylı aşıqlar və sənətsevərlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandı. Son illərdə mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinin də inkişafına göstərdiyiniz daimi diqqət və qayğının əyani təzahürü olan bu sərəncam görkəmli ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə böyük ehtiram olmaqla yanaşı, eyni zamanda, Sizin bütövlükdə ozan-aşıq mədəniyyətinə verdiyiniz yüksək qiymətdir.

Cənab Prezident! Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün imzaladığınız Sərəncama və bütövlükdə hər zaman aşıq sənətinə və aşıqlara verdiyiniz dəyərə görə Sizə bütün aşıqlar və saz-söz ictimaiyytəti adından dərin minnətdarlığımızı bildirirəm.

Azərbaycan Aşıqlar Birliyi Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin yeritdiyiniz daxili və xarici siyasəti hər zaman dəstəkləyir və qarşıdan gələn Prezident seçkilərində də bu dəstəyi bir daha ifadə edəcəklər!

Məhərrəm Qasımlı
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor.

“DƏDƏ ŞƏMŞİR UCALIĞI”
Featured

“DƏDƏ ŞƏMŞİR UCALIĞI”

30.03.2017

Martın 28-də Herydər Əliyev Sarayında Mədəniyyyət və Turizm Nazirliyi, AzTv və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında utad sənətkar, Əməkdar İncəsənət xadimi Dədə Şəmşirin xatirəsinə həsr olunmuş “Dədə Şəmşir ucalığı” adlı konsert keçirilib.
Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu "Təzadlar"a bildirib ki, tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı açaraq ustad aşığın həyat və yaradıcılığından söz açıb, onun şifahi xalq ədəbiyyatımızın inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb.

Qeyd olunub ki, 1893-cü ildə Kəlbəcərdə məşhur şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açan Aşıq Şəmşir Aşıq Ələsgərdən sənət dərsi alıb, 1938-ci ildə Azərbaycan Aşıqlarının II Qurultayında iştirak edib. Onun 1955-ci ildə Xalq şairi Səməd Vurğunla görüşü şirin bir xaqtirə kimi bu gün də dillərdə dolaşmaqdadır. Aşıq Şəmşir Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, ilk şeirlər kitabı 1959-cu ildə xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub. sonralar bir neçə kitabı işıq üzü görüb. Aşıq sənətində özünəməxsus yeri olan Aşıq Şəmşir eldə-obada böyük hörmət və nüfuz sahibi olub, dədəlik mərtəbəsinə ucalıb, Azərbaycanın hər yerində ona Dədə Şəmşir deyə müraciət ediblər. Yetmişdən artıq saz havası və 20-dən çox dastanı yüksək peşəkarlıqla ifa edib, ifalarının əksəriyyəti lentə alınıb. Dədə Şəmşirin zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.
Tədbirdə həmçinin o da vurğulanıb ki, iki gün öncə - martın 26-da Xaçmazda açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə Dədə Şəmşirin büstü ucaldılıb.
Sonra Dədə Şəmşirin həyat və yaradıcılıq yolundan bəhs edən film nümayiş etdirtilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə keçən tədbirdə aşıqlardan Prezident təqaüdçüsü Mahmud Məmmədov, Əməkdar Mədəniyyət İşçiləri Əhliman Rəhimov, Ağamurad İsrafilov, Ədalət Dəlidağlı, Samirə Əliyeva, Nemət Qasımlı, eləcə də Altay Məmmədov, Qələndər Zeynalov, Vüqar Mahmudoğlu, Nəbi Nağıyev, Nazim Hüseynov, Mehdi Məsimov, Şöhrət Kərimov, Elbrus Hüseynov, Zülfiyyə İbadova, Xatirə Gülməmmədli, Könül Bayramova, Roman Azaflı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Ramin Qarayev, Familə Göyçəli, Əli Tapdıqoğlu, Gözəl Kəlbəcərli, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu və xanəndə Babək Niftəliev Dədə Şəmşirin sözlərini müxtəlif aşıq havaları üstündə səsləndirmiş, ona ithaf olunan mahnıları oxumuşlar.
Aktyorların ifasında Dədə Şəmşirin şeirləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


EU2A2058.jpg

“Koroğluya qayıdaq” başlayır
Featured

“Koroğluya qayıdaq” başlayır

15.01.2018

Məhərrəm Qasımlı: “Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik”
Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Layihənin icrası zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunulacaq. Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.
 
"Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. "Koroğluya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq.

Layihə çərçivəsində "Ələsgərin saz-söz dünyası”, "Zərif əllər, incə tellər”, "Aşıq Şəmşir şeiri”, "Yada salaq Aşıq Ədaləti” və "Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq. Qeyd edək ki, bu layihədən əvvəl, yəni ötən il Beynəlxalq Muğam Mərkəzi "Muğam axşamları” adlı möhtəşəm layihəni muğamsevərlərə təqdim edib.
 
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "Şərq”ə açıqlamasında yeni layihə barədə danışıb: 
 
"Aşıqlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları” adlı layihəyə start veriləcək. Çox maraqlı bir layihə hazırladığımıza əminik. Bu layihədə bir çox aşıqların səhnədə yer alacağı nəzərdə tutulub. Layihə 5 mərhələdən ibarət olacaq. Aşıq Qələndər Zeynalov, Altay Məmmədli, Kəmalə Qubadlı kimi aşıqlarımız səhnədə olacaq. Misal üçün, Kəmalə Qubadlı Nigar obrazında səhnədə olacaq.
 
Layihə çərçivəsində səhnələşdirilmiş aşıq musiqiləri, dastanlar təqdim ediləcək. Klassik aşıq sənətinin davamçıları bu layihəyə dəvət olunublar. Bir neçə dastanlarımız teatral şəkildə səhnələşdirilərək tamaşaçılara təqdim ediləcək. 5 mərhələdən ibarət olan layihə may ayında bitəcək. Layihəyə "Koroğluya qayıdaq” adlı sənədləşdirilmiş gecə ilə start veriləcək. Layihə "Yada salaq Ədaləti” layihəsi ilə yekunlaşacaq”. 
 
Məhərrəm Qasımlı layihənin məqsədindən danışaraq bunları deyib: 
 
"Azərbaycan aşıq sənətinin ən unikal nümunələrini professional şəkildə təqdim edərək canlandırmaq, ustadları xatırlamaq, aşıq musiqisinin dəyərini təbliğ etmək və bu sənətə sevgi yaratmaq istiqamətində addım atmaqdır. Cəmiyyətimizə yeni nəfəsdə yeni aşıqların ifasında aşıq yaradıcılığını təqdim etməkdir. Ötən əsrin tanınmış aşıqlarını tanıyırıq. Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik. Bizim üçün də maraqlıdır ki, yeni nəslin aşıqları Koroğlu, Nigar kimi obrazları aşıq musiqisinin dili ilə necə təqdim edə bilirlər. Bunu görmək istəyirik. Bu layihə, həqiqətən ciddi bir əmək tələb edir. Beynəlxalq muğam müsabiqəsi kimi beynəlxalq aşıq müsabiqəsinin də keçirilməsi istiqamətində işlər gedir. Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin. Növbə ilə bir il muğam müsabiqəsinin, növbəti il aşıq müsabiqəsinin keçirilməsi məsələsi gündəmdədir. Bununla bağlı müzakirələr davam edir”.
 
Aşıqlar Birliyinin sədri bəzi telekanallarda qeyri-professional aşıqlar tərəfindən qondarma aşıq müsabiqəsinin keçirilməsindən narahat olduğunu da dilə gətirdi: 
 
"Təəssüf ki, bəzi telekanallarda aşıq müsabiqələri keçirilir. Konkret ad çəkərək bir daha bu məsələnin gündəmə gəlməsinin marağındayam ki, aşıq Namiq kimi dırnaqarası aşıqların telekanallarda aşıq müsabiqəsi keçirməsinin qəti əleyhinəyəm. Aşıqlar Birliyinin rəhbəri olaraq sizin qəzet vasitəsilə bir daha rəsmi şəkildə qeyd edirəm ki, aşıq Namiq Aşıqlar Birliyinin üzvü deyil. Mən onu aşıq hesab etmirəm. Onun efirdən özünü ustad adlandıraraq aşıq müsabiqəsi keçirmək kimi səlahiyyəti yoxdur. Axı sən hansı ixtiyarla aşıq müsabiqəsi keçirmək kimi səlahiyyətə sahibsən? Mən bununla bağlı Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmliyə rəsmi məktubla müraciət edərək telekanala bu barədə xəbərdarlıq edilməsini tələb etmişəm. Amma mənə bildirilib ki, bu, yaradıcılıq işi olduğu üçün telekanala bununla bağlı qadağa qoya bilmərik. 
 
Mən başa düşə bilmirəm ki, Namiqə o səlahiyyəti kim verib ki, bu insan telekanalda aşıq müsabiqəsi keçirərək, münsiflər küsüsündə oturur? Aşıqlar Birliyinin üzvü olmayan bu insana kim o ixtiyarı verib ki, özünü münsif kimi təqdim etsin. Bu, aşıq sənətinin adına böyük bir ləkədir. Aşıq Namiq kimi insanın bu gün maddi gəlir müqabilində rəhbərlik etdiyi layihə aşıq sənətinə vurulan zərbədir. Biz lazımi orqanlara bununla bağlı rəsmi məlumatlar da vermişik. Bu müsabiqədə olan biabırçılıqlar, iştirakçılardan pul alınması faktları barədə məlumatlarımız var. Hər gün pul alaraq birini münsif kürsüsünə təqdim edir, iştirakçılar verilən pul hesabına müsabiqənin iştirakçısına və qalibinə çevrilir. İnanın, bu, acınacaqlı bir mənzərədir. Mən bu biabırçılıqla bağlı rəsmi məktublar ünvanlamışam. Bundan artıq nə etməliyəm ki? Namiq kimi bazar adamları aşıq sənətini efirdə alverə çeviriblər. 
 
Elə ona görə də rəsmi şəkildə, dövlət səviyyəsində aşıq müsabiqəsinin keçirilməsinə ehtiyac var. Sənəti, istedadı olanlar rəsmi, dövlət səviyyəsində təşkil edilən müsabiqəyə qatılsınlar deyə, inşallah, beynəlxalq aşıq müsabiqəsinin keçirilməsi istiqamətində müzakirələr davam edir. Yaxın müddətdə dövlət səviyyəsində aşıq müsabiqəsi keçirilməsi nəzərdə tutulub. Bu müsabiqədə münsif kürsüsündə olanlar aşıq sənətindən danışmaq, aşıq sənətinə qiymət vermək səlahiyyətində olan sənətkarlar olacaq. Namiq kimi dırnaqarası saz çalanlar münsif olaraq aşıq sənətindən danışa bilməzlər. Bu biabırçılığa bir son verilməlidir”.
 
Tahirə
BAYRAMINIZ MÜBARƏK!
Featured

BAYRAMINIZ MÜBARƏK!

19.03.2017

Hörmətli  həmvətənlər, əziz soydaşlar! Sizi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində ümumxalq bayramı kimi böyük təntənə ilə qeyd olunan, müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və şəxsən öz adımdan təbrik edirəm. Bu bayramın milli adət ənənələrimizdə özünəməxsus yeri var. Xalqımızın milli-mənəvi dəyərlərində xüsusi yeri ilə seçilən Novruz bayramı digər mənəvi sərvətlərimiz kimi, tarixin müəyyən məqamlarında  qadağalarla üzləşib, 70 illik sovet rejimi, imperiyanın repressiya qorxusu da onu yaddaşlardan silə bilməyib.

Xalq öz adət-ənənsinə hər zaman sadiq qalıb, milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Qəhrəmanlıqlarla dolu tarixi keçmişə, zəngin dəyərlərə malik olan xalqımız Novruz bayramı və bu bayramla bağlı mərasimləri yaşadaraq, zəngin mənəvi irsimizi yad təsirlərdən qoruyub. Ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyimizin bərpasından sonra isə xalqımız özünün milli-mənəvi dəyərlərinin əsl sahibinə çevrildi, mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələ yarandı. Ümummilli liderimiz Heydər Əliyevin adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan həssas münasibəti, qayğı və diqqəti  Novruz bayramının da xalqın ruhuna uyğun geniş təmtəraqla keçirilməsinə imkan yaratdı. Ulu Öndərin siyasətini layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan Novruz bayramının ildən-ilə daha yüksək səviyyədə qeyd olunması xalqın mədəni keçmişinə olan böyük ehtiramın sübutudur.  Ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, BMT-nin Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunması isə bu bayramı regional müstəvidən çıxararaq beynəlxalq səviyyəli tədbirə çevirmişdir. Bu, eyni zamanda, xalqımızın həmrəyliyinin və milli birliyinin güclənməsinə dövlət səviyyəsində verilən dəstəyin əyani sübutudur.
Əziz həmvətənlər, əziz soydaşlar, sizləri bir daha bu bayram münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, səadət, bahar təravətli günlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulayıram.
Novruz bayramınız mübarək!

Hörmətlə, Məhərrəm Qasımlı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor.

3 -dən səhifə 4

  • 1
  • 2
  • 3
  • 4
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ