AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“Azərbaycan əsgərinin çəkməsi hansı nöqtəyə dəyirsə, orda dövlətçiliyimizin əzəməti var…”
Featured

“Azərbaycan əsgərinin çəkməsi hansı nöqtəyə dəyirsə, orda dövlətçiliyimizin əzəməti var…”

26.06.2021

“Azərbaycan Ordusu, xalqı mətanətlə bu çətinlikləri arxada qoydu və bizə böyük, ağır bir problem olan Qarabağ probleminin həllini Azərbaycan ordusu, Azərbaycan dövləti, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyini altında gerçəkləşdirə bildi”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib. M.Qasımlı ordu günümüz münasibətilə xalqımızı və hərbçilərimizi təbrik edib:

“Azərbaycan Ordusunun yaranmasından 103 il keçir. Bu 103 ilin ilk dönəmi də çox ağır olub. Xalq Cümhuriyyəti dönəmində Qarabağ və Azərbaycanın bütövlüyü uğrunda savaşlar gedib. Bizim böyük generallarımız olub ki, onlar da orduyala bərabər, bu mücadiləni aparıblar. Sonra təəssüf ki, uzun bir zaman Sovet hökumətinin tərkibində olmuşuq. Sovet dönəmindən sonra Milli Azərbaycan Ordusu yenidən bərpa olunub və Milli Azərbaycan Ordusunun da bütün hədəfləri Azərbaycan milli-mənəvi varlığını, tarixi coğrafiyasını, dövlət üstünlüyünü qorumaq olub. Bunu biz illər boyu öz gözümüzlə gördük. Ordumuzun yenicə qurulması, ordumuzla bağlı problemlərin hamısı gözümüzün önündə oldu. Amma Azərbaycan Ordusu, xalqı mətanətlə bu çətinlikləri arxada qoydu və bizə böyük, ağır bir problem olan Qarabağ probleminin həllini Azərbaycan Ordusu, Azərbaycan dövləti, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyini altında gerçəkləşdirə bildi. Qarabağımızı, Şuşamızı azad etdik. 

 

İstər Bakıda, Qazaxda, Ağdamda və bir sözlə, torpağından asılı olmayaraq Azərbaycan əsgərinin çəkməsi hansı nöqtəyə dəyirsə, o nöqtədə bizim milli qürurumuz, dövlətçiliyimizin möhtəşəmliyi, əzəməti var. Bu mənada mən ordumuzla fəxr edirəm. Ordumuzun başında duran generallarından tutmuş əsgərlərinə kimi hər biri bizim qürurumuzdu və bu qüruru bizə yaşadan da Azərbaycan bayrağına onların hörmətidir. Torpaqlarımızın azad edildiyi hər yerdə bayrağımızı sancır və əsgərlərimiz bayrağımıza xüsusi bir zəfər hesabatı verirlər. Bu zəfər hesabatlarının hamısı bizdə böyük qürur, ürək yaratdı. Bu gün də Azərbaycan Ordusu harda varsa, Azərbaycan bayrağıyla irəliləyir, Azərbaycanın iqtisadi, hərbi, dövlətçilik qüdrətini hər yerdə, məqamda sübut edir və bundan sonra da belə olacaq. Çünki bizim ətrafımız dostlarımızla bərabər, həm də düşmənlərimizlə sarılıdır. O düşmənlərə qolumuzun qüdrətini, hərbi gücümüzü göstərməliyik. Bunun üçün ordumuz da var olsun ki, bizə həmişə qürur yaşadır”. 

Vasif Əlihüseyn

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Featured

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.02.2021

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2021-ci il.

Məhərrəm Qasımlı: Bu günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm
Featured

Məhərrəm Qasımlı: Bu günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm

10.11.2020

Bu gün Azərbaycan xalqı böyük qələbəni hamılıqla bayram edir. Düşünürəm ki, 10 noyabr Azərbaycan xalqının tarixində hər zaman qələbə günü kimi qeyd ediləcək. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı. Qısa zaman çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin axşam xalqa müraciətini dinlədikcə istər-istəməz kövrəldim. Bu günləri bizə yaşadan rəşadətli Azərbaycan ordusuna və Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm. Bu Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, nəyə qadir olduğunu bir daha dünyaya bəyan etdi.

Məhərrəm Qasımlı deyib: “Bir məqamı deməyi özümə borc bilirəm. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yorulmaz fəaliyyəti və Azərbaycan xalqının milli maraqlarının ən böyük müdafiəçisi və təbliğatçısı kimi dünyanın tanınmış, geniş auditoriyaya malik televiziya kanallarına verdiyi müsahibələr dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduqca mühüm və əhəmiyyətlidir. Xüsusilə bu işdə qardaş Türkiyənin kütləvi informasiya vasitələrinin ölkəmizə dəstəyi və Qarabağ həqiqətlərinin dünyaya tanıdılması, Azərbaycanın tarixi torpaqları uğurundakı haqlı savaşına xüsusi diqqət ayırması yüksək təqdirəlayiqdir.

Azərbaycan güclü və özünü qoruya bilən bir dövlətdir. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifəmizdir. Bu vəzifənin sona qədər davam etdirilməsi və bayrağımızın bütün işğal altındakı torpaqlarımızda qürurla dalğalandırılması üçün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız əsl birlik, həmrəylik nümayiş etdirdi.

Bir daha xalqımızı bu möhtəşəm qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Ermənistan bu savaşdan öz dərsini aldı. Bu, qələbə onlara əbədi dərs olacaq. Qarabağ Azərbaycanındı və Azərbaycanın olaraq qalacaq. Qarabağ Azərbaycandır!

Azərbaycançılıq ideologiyasının təbliği aşıqlarımızın yaradıcılığında da özünəməxsus yer tutur
Featured

Azərbaycançılıq ideologiyasının təbliği aşıqlarımızın yaradıcılığında da özünəməxsus yer tutur

09.06.2021

Azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarların yaratdıqları əsərlərdə xalqın vətənpərvərliyi, əqidə və inamı əks etdirilir
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasıb milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.

Əksər ekspertlərin də vurğuladıqları kimi, azərbaycançılıq ideologiyasının təbliği hər zaman diqqət mərkəzində olmalıdır. Və bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, həmçinin şair, yazıçı, dramaturq, rejissor və rəsssamların da üzərinə mühüm vəzifə düşür. Biz ötən yazılarımızda ədəbiyyat və mədəniyyətin bir sıra sahələrində azərbaycançılıq ideologiyasının təbliği istiqamətində görülən işlərdən bəhs etmişdik. Bu dəfə isə aşıq sənətində azərbaycançılığın təbliği məsələsinə işıq salmağa çalışacağıq.
Bu məqamda qeyd edək ki, istər əvvəllər, istərsə də, müstəqillik illərində azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edən milli, hərbi vətənpərvərliyin, Vətəninə, eləcə də soy-kökünə bağlılıq ideyalarının təbliğində Azərbaycan aşıqları da ön sıradadırlar. Eyni zamanda, hazırda da azərbaycançılıq ideologiyasının mahiyyətinin, prinsiplərinin, xalqa, xüsusilə də gənc nəslə çatdırlmasında aşıq sənətinin nümayəndələri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Aşıq sənəti xalqımızın ənənəvi musiqisi olmaqla yanaşı, həm də bəşəri mahiyyət daşıyır. Sözsüz ki, aşıq musiqisində millilik, Azərbaycan ruhu hər zaman qabarıq şəkildə özünü göstərib. Aşıqlar hər zaman xalq kütlələrinin ən sıx yerlərində yaşayıb, xalqın həyat və mübarizəsi, vətənpərvərliyi onların yaradıcılığı üçün bir mənbə olub. Bu el sənətkarları əsrlərboyu xalqın kədəri ilə kədərlənib, sevinci ilə seviniblər. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməyib. Folklorşünas alimlərin fikrincə, aşıqlar xalqımızın qəhrəman övladlarının həyat tərzini, mənəvi dünyasını, vətənpərvərliyini dastanlaşdıraraq indiki nəslə çatdırıblar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Məhərrəm Qasımlı qəzetimizə açıqlamasında bildirib ki, hər birimizin əsas vəzifəsi, azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır: “Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız şanlı qələbə onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası öz müsbət nəticələrini verməkdədir.

Ümumiyyətlə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan sevgisi ilə yaşamalı, dövlətin mənafelərini qorumalı, azərbaycançılıq ideologiyasının prinsiplərini hər zaman üstün tutmalıdır”.
Məhərrəm Qasımlı deyib ki, ozan-aşıq sənəti yarandığı gündən etibarən milli dövlətçilik ənənəsini əsas istiqamət olaraq götürüb. Ümumiyyətlə, aşıqlıq sənəti bədii varlığımızda milli ruhu - azərbaycançılığı yaşadan sağlam köklərdən sayılır. Vurğulandığı kimi, azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan el sənətkarlarının, o cümlədən aşıqların son illər ərsəyə gətirdiyi əsərlərin leytmotivini azərbaycançılıq, dövlətçilik, Azərbaycanın müstəqilliyinin tərənnümü, Qarabağ ağrısı, milli faciələrimizlə bağlı mövzular təşkil edir. Bir sözlə, azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarlar böyük əsərlər yaradır və bu əsərlərdə xalqın vətənpərvərliyi, taleyi, düşüncəsi, əqidə və inamı əks etdirilir.
O da qeyd olunub ki, azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu Öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, Onun layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev də bu sənəti yüksək dəyərləndirir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə bağlı elmi və mədəni təşkilati fəaliyyətin canlanmasına səbəb oldu: “Həmin dövrdən etibarən memarlıq, xalçaçılıq, xalq musiqisi, folklor və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi əlahiddə bir qayğı və diqqətlə əhatələnməyə başladı. Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan verdi. Sözügedən illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərə çarpacaq bir dalğalanma yaratdı”.
Qeyd edilib ki, yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəli onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları elmi toplantılarda, ədəbi mədəni yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi. Sazı-sözü, muğam sənətini, xalq mahnıları və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların fəaliyyəti nəticəsində “Azərbaycan Aşıqlar Birliyi”, “Aşıq Pəri məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, həmçinin muğam teatrı, dastan teatrı, ozan-aşıq muzeyi yaradıldı. Kütləvi folklor nəşrlərində folklorun geniş miqyasda təbliği (folklor festivalları, saz bayramları, “Bulaq” və “Ozan” verilişləri, qəzet və jurnallarda folklor səhifəsi) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi.
Qeyd olunub ki, Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük əksəriyyətində Heydər Əliyev Özü şəxsən iştirak edib, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən ürək sözlərini söyləyib, xeyir-duasını verib: “Şübhəsiz ki, respublikanın rəhbərinin belə bir mövqe nümayiş etdirməsi xalqı ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı daha da gücləndirib. O illərdə respublika rəhbəri tərəfindən “Xalqın istedadı, onun yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm tapmışdır”- fikrinin söylənilməsi heç də təsadüfi deyil. Ulu Öndərin söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi”.
O da qeyd olunub ki, həmin illər Qorqudşünaslıq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltəraşlar, kinematoqraflar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu “Dədə Qorqud” filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan bu gözəl kino əsəri Dədə Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.
“Ulu Öndərin “Milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Kitabi-Dədə Qorqud” eposuna böyük ehtiram və məhəbbətlə yanaşması təbii bir qanunauyğunluqdan doğurdu. Bu möhtəşəm folklor abidəsində öz inikasını tapmış milli-mənəvi dəyərlər xalqımızın tarixi kimliyini qürurverici bir görüntü ilə əks etdirdiyindən müstəqil Azərbaycan dövlətçiliyi baxımından dünəni, bu günü və sabahı çevrələyən bütün zamanlar üçün böyük siyasi ideoloji əhəmiyyətə malikdir”, - deyən sədr bildirib. Vurğulanıb ki, Ulu Öndərin tarixi keçmişimizə, əsrlərin daş sınağından keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara həqiqi qədirbilənliklə yanaşdığındandır ki, Onun təşəbbüsü və Sərəncamı ilə böyük ozanlarımız Aşıq Ələsgərin 150 illik, Aşıq Alının 180 illik yubileyləri böyük təntənə ilə ümumxalq bayramı səviyyəsində qeyd olundu.
M.Qasımlı onu da xatırladıb ki, 1972-ci ildə Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. Yubiley tədbirlərinin keçmiş Ittifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu: “Belə ki, Ermənistan SSR ərazində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. Göründüyü kimi, milli-mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü. Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma və milli dövlətçiliyin möhkəmləndirilməsi işinə xidmət edirdi”.
O, həmçinin Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də Sərəncam imzalandığını, həmin sənəddə ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyini vurğulayıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Sədaqət, Vətənə məhəbbət, təbiətə vurğunluq onun yaradıcılığının məğzini təşkil edir”.
M.Qasımlı sonda onu da vurğulayıb ki, 44 günlük müharibə dövründə aşıqlar tərəfindən onlarla mahnı yazılıb. Zəfər münasibətilə konsertlər təşkil edilib. Qürurlandıran məqam isə həmin konsertlərdə ikinci Vətən müharibəsində qazi olmuş aşıq Sabir Novruzlunun da ifaçı qismində yer alması idi. Sanki Dədə Qorqud bahadırları kimi, Koroğlu dəliləri kimi sazı ilə birlikdə döyüş meydanından gəlmişdi. Bu onu göstərir ki, aşıqlarımız, o cümlədən Azərbaycan Aşıqlar Birliyi milli dövlətçiliyin qorunmasına və bu konteksdə azərbaycançılıq ideologiyasının təbliğinə hər zaman olduğu kimi, hazırda da xüsusi fikir verir: “Bu istiqamətdə işlər daha da genişləndiriləcək. Vətənpərvərliyin, milli dövlətçiliyin, qəhrəmanlığın, bahadırlığın, ümumilikdə azərbaycançılığın təbliğ edilməsində öz töhfəmizi verməkdə davam edəcəyik”.
Müşfiqə BAYRAMLI

http://yeniazerbaycan.com/SonXeber_e84505_az.html

 

“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”
Featured

“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”

14.01.2021
Xəbər verdiyimiz kimi Vətən müharibəsində iştirak edən oğullarımızın əksəriyyəti Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazıldıqlarını bildiriblər. Məlum olur ki, onların hər birinin içində şəhid generalımız Polad Həşimov sevgisi olub. 
 
Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Tovuz döyüşlərinin Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsi olduğunu bildirib:
 
“Bizim bu böyük zəfərimizin şübhəsiz ki, uzun müddət hazırlığı gedib. 20-25 il bu istiqamətdə damcı-damcı iş gedib və xalq da, ordu da bu əhval-ruhiyyəyə köklənib. Amma bütövlükdə bu hadisələrin baş verməsində Tovuz hadisələri müstəsna rol oynadı. Bundan qabaq 2016-cı il Şanlı aprel döyüşləri zamanı Lələ təpə əməliyyatını da qeyd etmək lazımdır. Aprel döyüşləri zamanı da xalqımız səfərbər olmuşdu və düşmənə qarşı bir yumruq kimi birləşməyə hazır idi. Amma Tovuz hadisələrindən sonra bir növ bıçaq sümüyə dirənmiş oldu, xalq da, dövlət də, ayağa qalxdı. Bu isə elə bilin ki, bir ürək və bir bilək olmaq məsələsinin təməlini qoydu. Prezidentdən tutmuş, ən yeniyetmə gənc Azərbaycan oğluna qədər hər kəs torpaq uğrunda qeyrətlə ayağa qalxdı. Tovuz hadisələrindən sonda insanlar gecənin birində küçələrə töküldü və səfərbər olmaq üçün minlərlə gənclərimiz könüllü olaraq ordu sıralarına yazıldılar. Bu artıq elə bilin ki, dövlətin və xalqın ayağa qalxmasına bir stimul oldu. 
 
Xalq artıq Qarabağımızın işğalda qalmasından və daha sonda düşmənin Tovuz təxribatından cana doydu və ayağa qalxdı. Tovuz caamatı, o kəndlərdə yaşayan yaşlı və gənc insanlar hamısı bir nəfər kimi prezidentin və dövlətinin arxasında durdu, bildirdi ki, erməniyə bir qarış nə torpaq verərik, nə də burdan çıxarıq, lazım gəlsə, düşmənə həddini göstərərik. Hətta düşmənə həddini göstərdilər də. Düşmənə ilk zərbələr Tovuzda vuruldu və daha sonra Qarabağda düşmənə bu zərbələrin davamı bir-birinin ardınca gəldi, bütün xalq ayağa qalxdı. Dövlətlə-xalq, ordu birliyi bu zəfərin təməli oldu. Elə bilin ki, birinci zərbə təkanı Tovuz hadisələri oldu. Bunu ölkə başçısının, hərbçilərimizin və xalqımızın da dilindən eşitdik. 
 
Düşünürəm ki, bu ruh bizim sonrakı dönəmdə Qarabağdakı zəfərimizin əssas istiqamətlərindən biri oldu. Xalq elə bütün gücüylə Qarabağa düşməni boğmağa getdi və buna da nail oldu. Böyük zəfər bu cür qazanılır. Bizim şəhidlərimizə Allah rəhmət eləsin, onların qarşısında hamımız baş əyirik. 44 günlük müharibə dövründə qoca kişi və qadınlar da özlərini ordu sıralarında görürdülər. Mənim 5-7 yaşında nəvələrim var, onlar da özlərini ordu sıralarında görürdülər. Bütün bunlar isə sadə bir şey deyil. Bu böyük bir ruhun ifadəsidir. Böyük bir ruhun ifadəsinin ortaya gəlməsində də Ali Baş Komandanımızın, dövlətimizin, ordumuzun və xalqımızın çox böyük rolu oldu. Bundan sonrakı dönəmdə də şübhəsiz ki, orduda da, xalqda da bu ruhu qorumalıyıq. Çünki Qarabağ məsələsi 4-5 gün davam edən ruh ola bilməz. Bu illər, on illər və qərinələr boyu Azərbaycan xalqının ürəyində, qəlbində olmalıdır. Ürək, bilək birliyi bizim bu zəfərimizi həmişə davam etdirəcək və qarşımızdakı düşmən də tir-tir əsib, qorxub qaçacaq. Azərbaycan xalqının  ruhu, milli-mənəvi varlığı budur”.
 
Vasif Əlihüseyn
moderator.az
Azərbaycan Aşıqlar Birliyi tərəfindən daha üç audiodisk buraxılıb - FOTO
Featured

Azərbaycan Aşıqlar Birliyi tərəfindən daha üç audiodisk buraxılıb - FOTO

07.09.2020
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Aşıq gözəlləmələri” adlı diskdə Dədə Şəmşir, Hüseyn Saraçlı, Hüseyn Cavan, Şakir Hacıyev, İmran Həsənov, Məmmədağa Babayev, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, İsfəndiyar Rüstəmov, Pənah Pənahov və Müseyib Nəsibov kimi dünyasını dəyişmiş ustad aşıqlarla yanaşı aşıq sənətinin bu günkü tanınmış nümayəndələrindən olan Qələndər Zeynalov, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nəbi Nağıyev, Nazim Quliyev, Altay Məmmədli, Roman Azaflı və digərlərinin ifaaları toplanıb.
 
 
Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq Ulduz Sönməzin ifalarının lentə alındığı audioalbom iki diskdən ibarətdir. Albomda bu tanınmış sənətkarın 50-yə yaxın ifası yer alıb.
 
Üçüncü diskdə isə gənc olmasına baxmayaraq, bənzərsiz ifası ilə respublikamızda kifayət qədər tanınan Gözəl Kəlbəcərlinin ifasında klassik aşıq havaları və sənətkarın özünün bəstələri yer alıb.
 
 
Xatırladaq ki, hər üç audiodisk Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ildə Azərbaycan Aşıqlar Birliyinin inkişafına dəstək məqsədi ilə ayırdığı vəsait hesabına hazırlanaraq “Nurlu sabah” MMC-də işıq üzü görüb.
“Dədə Ələsgər Azərbaycan aşıq irsinin sənət pasportudur”
Featured

“Dədə Ələsgər Azərbaycan aşıq irsinin sənət pasportudur”

01.06.2021

Məhərrəm Qasımlı: “İstəyirik ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın. Bu istiqamətdə işlərə başlamışıq”

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təkliflərini nəzərə almaqla Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Aşıq Ələsgərin yubiley ili, sözün geniş mənasında, çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Çünki ustad sənətkar ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətlər göstərib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə söhbətimizdə yubiley ilində nəzərdə tutulan tədbirdən danışdıq. Müsahibim ilk növbədə Aşıq Ələsgər irsinə dövlət qayğısından söz açdı:

 

[bt_slider uid="1622539616-60b5fd609d7e9" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/_1622183378.jpg" title="_1622183378.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1622183356.jpg" title="_1622183356.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1622183360.jpg" title="_1622183360.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1622183363.jpg" title="_1622183363.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1622183366.jpg" title="_1622183366.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/_1622183370.jpg" title="_1622183370.jpg" link="" parent_tag="slider"][/bt_slider]

– Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. Ötən əsrin 30-cu illərində aşıq poeziyası ilə bağlı işıq üzü görən ilk kitab da məhz Aşıq Ələsgərin kitabı olub. Ondan sonra da hər onillikdə Aşıq Ələsgərin irsi ilə bağlı kitablar nəşr olunub. Bu istiqamətdə Əhliman Axundovun, Məmmədhüseyn Təhmasibin, İslam Ələsgərin çox dəyərli işləri olub. Amma ən qiymətli iş və ümumiyyətlə, bu istiqamətdə güclü yönəldilmə 70-ci illərdən başladı. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin siyasi nüfuzunun nəticəsi olaraq Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olunub. Mən Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Ona görə ki, pandemiya dövründə mədəniyyətə xüsusi diqqətin olması, ölkəmizdə həm “Nizami ili” elan edilməsi, həm də Dədə Ələsgərin yubileyinin keçirilməsi fövqəladə hadisədir. Bu mənada sərəncam dövlətimizin yeritdiyi humanitar siyasətin nə qədər əhəmiyyətli olduğunu göstərir.

– Yubileylə bağlı nə kimi tədbirlər nəzərdə tutulur?

– Pandemiya şəraiti yubileylə bağlı kütləvi tədbirlərin təşkilinə maneçilik törədir. Bununla belə, biz Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə bu istiqamətdə işlər görürük. Sərəncama uyğun olaraq təkliflər hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişik. Təkliflərin içində Dədə Ələsgərin yubiley ilində heykəlinin hazırlanması da əksini tapmışdı. Mən qabaqcadan elm və mədəniyyət ictimaiyyətinə xoş bir müjdə vermək istəyirəm. Artıq Aşıq Ələsgərin heykəli hazırlanır, yəqin ki, payıza qədər abidə hazır olacaq.

– Heykəlin müəllifi kimdir, harada qoyulacaq?

– Abidənin müəllifi tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyevdir. İstəyirik ki, şəhərin mərkəzi bir yerində, Dədə Qorqud parkı ərazisində qoyulsun. Bu məsələ də dövlət başçımızın diqqətindədir.

Yubiley ilində eyni zamanda Dədə Ələsgərin külliyyatı, onunla bağlı olan dastan və rəvayətlər, haqqında yazılmış şeirlər, poemalar nəşr olunacaq. Artıq “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı çapa getmək üzrədir. Bundan başqa, il ərzində təqribən yeddiyə yaxın elmi nəşrin hazırlanmasını nəzərdə tutmuşuq. Bunların içində həm antoloji nəşrlər, həm külliyyat, həm də Dədə Ələsgərlə bağlı albom var. Həmin albomda həm video, həm də audiodisklər öz əksini tapacaq. Yəqin ki, iyun ayında albom hazır olacaq. Həmçinin payızda beynəlxalq elmi konfranslar gerçəkləşdirəcəyik. İlin birinci yarısında yubileylə bağlı iki böyük tədbirimiz reallaşıb. Tədbirlərdən birini Türkiyə Ədəbiyyat Vəqfi ilə, digərini Respublika Gənclər Kitabxanası ilə uğurla keçirmişik.

Onu da qeyd edim ki, Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Bu verilişlərdə ustad aşığın dastan və rəvayətləri təqdim olunub, musiqiləri səsləndirilib. Həmin dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Onlar da yaxın zamanda işıq üzü görəcək. Yubiley ili ilə bağlı klassik irsimizin gənclərə mənimsədilməsi məqsədilə Aşıq Ələsgər və gənclik mövzusuna həsr olunan işlər də görürük. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Konservatoriyasında təhsil alan və aşıq sənəti ilə məşğul olan gənclərin iştirakı ilə “Mədəniyyət” kanalında “Aşıq Ələsgər və gənclik” adlı veriliş efirə gedəcək. Verilişi Gülarə Azaflı başda olmaqla Altay Məmmədli, Samirə Əliyeva və digər aşıqlarımız hazırlayıblar.

– Aşıq Ələsgər irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində iş aparılırmı?

– Aşıq Ələsgər irsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı da işlərimiz olacaq. Əlbəttə, İranda, Türkiyədə, Gürcüstanda bu işi görmək asandır. Çünki bu ölkələrdə aşıqlarımızın əlaqələri var. Amma biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın. Bu istiqamətdə artıq işlərə başlamışıq. Pandemiya ilə bağlı vəziyyət nisbətən yumşalandan sonra ya xarici ölkələrdən mütəxəssislər ölkəmizə dəvət olunacaq, yaxud da bizlər gedib Ələsgər irsini təbliğ edəcəyik. Əgər pandemiya ilə bağlı vəziyyət yaxşı olarsa, Heydər Əliyev Sarayında oktyabr, ya noyabr aylarında beynəlxalq səviyyədə təntənəli yubiley tədbiri keçiriləcək. İlin sonuna doğru isə Aşıq Ələsgər irsinin təbliği yolunda qiymətli iş görən gənc və ustad aşıqlara mükafatlar verəcəyik. Aşıq Ələsgərin şeirlərinin gözəl ifaçısı olan gənc və ortayaşlı aşıqlara, habelə dastan ifaçısı olan aşıqlara yeddi nominasiya üzrə mükafat təqdim edəcəyik. Əgər imkan olarsa, Təbrizdən, Ankaradan, İstanbuldan, Tiflisdən olan aşıqlar da mükafatlandırılacaq.

– Qeyd etdiniz ki, Aşıq Ələsgərin əsərləri dəfələrlə nəşr olunub. Son dövrlərdə saz-söz ustadına aid yeni əsərlər aşkar edilibmi?

– Prezident Heydər Əliyevin Aşıq Ələsgərin 175 illik yubileyinin qeyd olunması ilə bağlı 1997-ci ildə imzaladığı sərəncama əsasən, “Aşıq Ələsgər: dastan, rəvayətlər və xatirələr” külliyyatını nəşr etdirdik. Ondan sonrakı dönəmdə kitab əlavələr və düzəlişlərlə yenidən nəşr edildi. 200 illik yubileylə bağlı Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli ilə külliyyatın son variantını dəqiqləşdirib Mədəniyyət Nazirliyi və Milli Kitabxana ilə birlikdə nəşrini hazırlayırıq. Yəqin ki, payız aylarında külliyyatın yeni nəşri hazır olacaq. Bundan əlavə, yubileylə bağlı “Aşıq Ələsgər. Lirika” kitabı çap olunub. Bu kitabın digər nəşrlərdən fərqi ondan ibrətdir ki, burada şeirlərin hansı havalarla oxuna biləcəyi də qeyd edilib. Həmçinin yaxın zamanlarda “Aşıq dərsləri” adlı albomumuz işıq üzü görəcək. Albomda Aşıq Şəmşirdən başlayaraq bu günə kimi Aşıq Ələsgərlə bağlı oxunan 40-a yaxın ifa yer alıb. Albom həm də tədris vəsaiti kimi nəzərdə tutulub.

Yubiley ilində imkan yaranarsa, Qazaxda, Gəncədə, Göygöl və müxtəlif bölgələrimizdə Dədə Ələsgərlə bağlı tədbirlər keçiriləcək.

Mən hər zaman deyirəm ki, Aşıq Ələsgər Azərbaycan aşıqlığının sənət pasportudur. Bu mənada həm tələbələrimizə, həm də bu sənətə yönələn gənc aşıqların hamısına Aşıq Ələsgəri bir sənət pasportu kimi sinələrində daşımağı vacib bilirəm.

Aşıq olub tərki-vətən olanın
Əzəl başda bir kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

Və yaxud bir ayrı şeirində Aşıq Ələsgər deyir:

Yaxşı hörmətlə, təmiz adla
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana, bacı bildim qızı, gəlini...

Əgər aşıq bunu özünə mənəvi yük kimi götürürsə, ona söz yoxdur. O, əxlaqlı, ədəbli, yüksək səviyyəli bir insan kimi cəmiyyət içində mövqe tutacaq...

– Aşıqlar Birliyi olaraq Mədəniyyət Nazirliyi ilə müştərək layihələriniz varmı?

– Əlbəttə. Bütün saydığım bu nəşrlərin hazırlanması müştərək layihələrdir. Hətta biz pandemiya ilə bağlı vəziyyət normallaşarsa, müsabiqə keçirməyi də nəzərdə tutmuşuq. Müsabiqə Mədəniyyət Nazirliyinin xətti ilə olacaq. Mən istərdim ki, Aşıq Ələsgərin adını daşıyan mədəniyyət ocaqları, aşıq məktəbləri, musiqi məktəbləri olsun. Müəyyən mədəniyyət və istirahət parklarına onun adı verilsin.

– Sonda bir qədər də cari fəaliyyətiniz haqqında məlumat verərdiniz.

– Keçən ilin sonunda “Qarabağ meydanı – Koroğlu meydanı” adlı albomumuz işıq üzü görüb. Albomda Vətən müharibəsində əsgərlərimizin döyüş ruhunu daha da artırmağa xidmət edən və həftədə bir dəfə “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində səsləndirilən aşıq havaları yer alıb. Bundan başqa, Fətulla Göyçəli, Ürfan Əli, Məmməd Bozalqanlı kimi ustad aşıqların ifasında dastan-rəvayətləri yenidən lentə alırıq. Gələn il XVIII əsrin görkəmli aşıqlarından olan Aşıq Valehin 300 illik yubileyidir. Bununla bağlı da müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

Nurəddin MƏMMƏDLİ

Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır
Featured

Məhərrəm Qasımlı: “Nizami Gəncəvi İli”nin elan edilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır

06.01.2021

Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Professor daha sonra deyib: “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, dünya ədəbiyyatında humanist və mütəfəkkir şair kimi şöhrət qazanmışdır. Onun əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün dünyanı dolaşır. Şairin qanadlı misraları klassik poeziyanın ən gözəl nümunələri kimi günümüzlə də səsləşir və ona görə onu bizim mənəvi müasirimiz də hesab edə bilərik. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik məharətlə ifadə edən mütəfəkkir şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissləri oyadır. İnanıram ki, “Nizami Gəncəvi İli” böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır”.

Alim bildirib ki, “Nizami Gəncəvi İli” ilə bağlı rəhbərlik etdiyi Azərbaycan Aşıqlar Birliyində də tədbirlər planı hazırlanır: “Bilirsiniz ki, “Leyli və Məcnun” “Xəmsə”nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Azərbaycan Aşıqlar Birliyi də Mədəniyyət Nazirliyinin dəstəyi ilə cari ilin yazında teatrlardan birində poema əsasında dastan-tamaşaya səhnə həyatı verməyi nəzərdə tutub”.

“Bu bir daha onu göstərir ki, Azərbaycan xalqının ruhu yenilməzdi, qırılmazdı...”
Featured

“Bu bir daha onu göstərir ki, Azərbaycan xalqının ruhu yenilməzdi, qırılmazdı...”

15.04.2021
“İnsanlarımızın, xüsusən də gənclərimizin düşmənin hansı texnikasını məhv etdiyimizi əyani şəkildə görmək üçün burdan Qarabağa getmək çətindir. Amma Bakıda Hərbi Qənimətlər Parkının yaradılması olduqca vacib idi”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı deyib. M.Qasımlı Hərbi Qənimətlər Parkının Azərbaycan xalqının tarixində xüsusi rol oynadığını bildirib:
“44 günlük Vətən müharibəsindən sonra adamlarda böyük bir zəfər coşqusu yaranıb. İnsanlarımızın, xüsusən də gənclərimizin düşmənin hansı texnikasını məhv etdiyimizi əyani şəkildə görmək üçün burdan Qarabağa getmək çətindir. Amma Bakıda Hərbi Qənimətlər Parkının yaradılması olduqca vacib idi. Bu mənada artıq bundan sonra məktəblilər, tələbələr, uşaqlar öz gözüylə görəcək ki, bizim müzəffər ordumuz, qalib əsgərimiz hansı texnikaları məhv edib. Düşmən bizə qarşı nə qədər təcavüz planları hazırlamışdı, amma Azərbaycan Ordusunun, xalqının, Ali Baş Komandanının yenilməz ruhu və döyüşkənliyi bu qələbəni gerçəkləşdirib. Bütün bunların əyani sübutu Hərbi Qənimətlər Parkında sərgilənməkdədir. Düşmənin istifadə etdiyi topdan, tankdan tutmuş artilleriya qurğularına qədər ən müxtəlif hərbi-texniki vəsaitləri bu parkda cəmləşdirilib. Bütün bunlar bu gün və gələcək üçün təbliğatdır. Həm də gələcəkdə Azərbaycan xalqı və ordusu üçün böyük bir qürur mənbəyidir ki, o hansı ordunu məhv edərək, axırına çıxıb. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqının ruhu yenilməzdi, qırılmazdı, “Qarabağ Azərbaycandır!” şüarı sıradan bir şüar deyil, bütün xalqın ifadəsidir. Hərbi Qənimətlər Parkında hər şey əyani şəkildədi və bir də o döyüş səhnələri çox ustalıqla yaradılıb. Düşmən əsgərlərinin o məzlum ifadələri çox ustalıqla hazırlanıb, bu mənim diqqətimi çəkdi. İnşallah həmişə zəfərlə bağlı söhbətlərimiz olsun, xalqımız qürur duysun və Azərbaycan xalqı Qarabağa da elə bu ruhla qayıtsın”.
 
Vasif Əlihüseyn
“Bu qələbədən sonra “Gəlirəm, Şuşam, gəlirəm!”, “Yolum gedir Zəngilana” kimi aşıq havaları yarandı...”
Featured

“Bu qələbədən sonra “Gəlirəm, Şuşam, gəlirəm!”, “Yolum gedir Zəngilana” kimi aşıq havaları yarandı...”

13.11.2020
“Bu verilişlərdə təxminən 30-a yaxın aşıq çıxış etdi. Onların ifasında Koroğlu havaları, qəhrəmlığa, Azərbaycan dövlətinin müəqəddəsliyinə yönəlmiş havalar yer aldı”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı deyib. Professor qələbəmizə həsr olunan aşıq havalarının gələcəkdə audio-diskdə də insanlara təqdim ediləcəyini bildirib:
 
“Biz müharibə günlərindən başlayaraq bu həftə sonuncu həftə olacaq ki, yeddi veriliş Azərbaycan Aşıqlar Birliyi saz-söz axşamında hər biri bir saat olmaqla veriliş hazırlayıb. Bu verilişlərdə təxminən 30-a yaxın aşıq çıxış etdi. Onların ifasında Koroğlu havaları, qəhrəmlığa, Azərbaycan dövlətinin müəqəddəsliyinə yönəlmiş havalar yer aldı. Aşıqlarımız Vətənpərvərliyi, ordumuzun şücaətini, ordumuzun hünərini tərənnüm etdilər. Sonuncu verilişimiz artıq çəkilib və sabah axşam Mədəniyyət kanalında yayımlanacaq və bu da qələbəmizə həsr olunub. Bizim ən böyük işlərimizdən biri də bu oldu. Bir çox havalar elə orda yarandı. Məsələn, Gülarə Azaflının, Salmaz Kosayevanın, Qələndər Zeynalovun, Ağamurad Şiravnlının yaratdığı qələbəylə bağlı havalar yazıldı. İşğaldan azad olunan Qubadlı, Zəngilan, Şuşa və digər rayonlarımız haqda mahnılar yarandı. Məsələn, “Gəlirəm, Şuşam, gəlirəm!”, “Yolum gedir Zəngilana”, “Qəhrəman igidlər var Qubadlıda” və sair bu səpkidə aşıq havaları yarandı və oxundu. Düşünürəm ki, bu mahnılar illər boyu davam edəcək və biz yaxın gələcəkdə onların audio-disklərini hazırlayıb yayacağıq”. 
 
Vasif Əlihüseyn

2 -dən səhifə 4

  • 1
  • 2
  • 3
  • 4
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ