PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Çağdaş aşıq sənətini əks etdirən uğurlu nəşr işi

Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyi tərəfindən tərtib olunmuş "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" işıq üzü gördü. Kitab həcmcə böyük olsa da (səhifəsi: 512, formatı: 70x100), tezliklə oxuyub bitirdim. Marağıma səbəb olan şeirləri təkrar-təkrar oxuyurdum, müəyyən qeydlər aparırdım. Sonda qərara gəldim ki, kitab barədə, eləcə də aşıq sənətinə dair digər məsələlərlə bağlı öz fikirlərimi yazım.

Kitabda hazırda yaşayıb-yaradan aşıqların qısa tərcümeyi-halı və şeirləri yer alıb. Qocaman aşıq Mahmud Məmmədovdan, dastan yaratmış Aşıq Umbaydan ("Laçın həsrəti"), Valeh Həsənovdan ("Aşıq Valeh və Afət"), irfan ədəbiyyatının bilicisi Urfan Əlidən tutmuş Cahangir Sənanoğluya, Bəhmən Göyçəliyə, Əhliman Şirvanlıya; Dəmir Gədəbəylidən, Altay Məmmədlidən tutmuş Hafiz Veysoğluna, qədər 60-a yaxınşair-aşığın yaradıcılığını əhatə edən bu kitab bəzi cəhətlərinə görə aşıq sənətinə dair digər antologiyalardan fərqlənir. Birincisi, ona görə ki, aşıqlıqla bərabər şeir yaradıcılığı ilə məşğul olan və hazırda da yaradıcılığını davam etdirən sənətkarlardan ibarət belə bir toplu ilk dəfədir dərc olunur. Başqa bir özəlliyi ondan ibarətdir ki, bu kitab daha geniş coğrafi ərazini əhatə edir. Burada Azərbaycanın indiki ərazisində yaşayıb-yaradan aşıqlarla bərabər, qədim torpaqlarımız olan Borçalıdan, Cənubi Azərbaycandan olan aşıqların da şeirləri yer alıb.

Qeyd etdiyim kimi, antologiyada yer alanların arasında ustadların yolunu layiqincə davam etdirən qocaman və gənc şair-aşıqlar çoxdur. Görürsən, aşıq şeirində yeni nəfəslər ərsəyə gəlir. Sevindirici hal odur ki, aralarında qadın aşıqlar da az deyil və bir-birindən gözəl sənət nümunələri ortaya qoymuşlar. Belə bir uydurma söz var: aşıqlıq kişi peşəsidir, qadın baş çıxara bilməz. Amma zaman-zaman gördük ki, bunu deyənlər yanılmışlar. Elə Azaflı Mikayıl ocağının yetirmələri Minayə Azaflının və Gülarə Azaflının, eləcə də Sevinc Malikqızının (Goranboy), Ruhiyyə Zəngilanlının şeirlərini nümunə gətirmək olar ki, heç də kişi aşıqlardan geri qalmırlar, hətta etiraf edim, bəzilərini üstələməyi də bacarırlar. Səhnədə çalıb-oxuyarkən də bunu müşahidə edirik.

Azərbaycan aşıq sənəti son dövürlərdə beynəlxalq mədəniyyət mühitinə qədəm basmağı müvəffəqiyyətlə bacarmış, qədəmlərini sabitləşdirməyə nail olmuşdur. Bu nailiyyətə görə biz orta çağ Azərbaycan aşıqlığına, irfan ədəbiyyatına, onun öncəsində oğuznamələrdən süzülüb gəlmiş, Qorqud Dədənin səsində, nəfəsində biçimlənmiş, cilalanmış ozan ənənənəsinə, o ənənədən törəyən el bayatılarına, el nəğmələrinə, yəni bu sənətin təməllərinə minnətdar olmalıyıq. Təməl nə qədər sarsılmaz olarsa, üzərində inşa edilmiş bina bir o qədər hündür, bir o qədər göydələn olar.

Aşıq nəğməkar olmaqla yanaşı həm də dilin daşıyıcısıdır; eldən-elə, oymaqdan-oymağa dolaşıb, dilimizin dumduruluğunu, şipşirinliyini sazıyla, sözüylə, avazıyla təbliğ edir. Vaxt varmış, aşıq hər axşam camaata dastanlar söyləyər, çalıb-çağırarmış; aşığı dinləməyə tələsərmişlər; atasının yanına düşüb gələn uşaq, aşığın layla şirinliyində nəğmələrini dinləyib, ordaca yuxuya dalarmış - dastanın təsirinə düşüb yuxusunda özünü Koroğlu cüssəsində, Qurbani yaraşığında görərmiş; Abbas zəhər quyusuna atılanda özünü Abbas zənn edərmiş, Əslinin düymələri açılmayanda Kərəmdən əvvəl od tutub yanarmış...

Təbii ki, bunlar məsələnin duyğusal tərəfidir. Dövran dəyişib, insanlar artıq nağıllara, dastanlara inanmır. Romantizm öz yerini çoxdan realizmə qapdırıb. Hamı hər şeyin o an, ordaca baş verməsini istəyir, sözün məcaziliyinə, simvolikasına, sirrinə, sehrinə məhəl qoyan yoxdur. Bunlar zəmanədən narazılıq kimi anlaşılmasın. Mən özüm də bu zamanın adamıyam və yeniləşən düşüncə tərzinin bir çox cəhətlərini sevirəm. İndi sözün ifadəliliyi daha lakonik, daha çevikdir. Böyük bir mətləbi adi işarəylə də başa salmaq olur. Elə ustadların da çabası, düşünürəm, bu məqsədə xidmət eləyirdi. Çox uzağa getmədən bütün dövrlərin ən böyük sənətkarı Dədə Ələsgərin bir misrasını xatırlayırıq - "Arif odur işarədən söz qana" - və bu nəticəyə gəlirik ki, texnologiya əsrinin insanı sələflərinə baxanda daha da arifdir, tezanlayandır.

Aşıq hər şeydən öncə alçaqkönüllü olmalıdır. Çünki o, bir müəllimdir - danışdığı əhvalatların, rəvayətlərin, oxuduğu şeirlərin vasitəsilə dinləyicilərinə elmlə, dinlə, insanlıqla, kamilliyə aparan yolla bağlı informasiyalar ötürür, məlumatlandırır. Əgər lovğalanıb özünü öysə, saymazyana rəftar eləsə, onun sözü heç bir halda əhəmiyyət kəsb eləməz.

Sözügedən bu antologiyada şeirlərini oxuduğumuz el sənətkarları gənc nəslin ədəbiyyat, birbaşa desək, şeiriyyat bilgilərinin artmasında əvəzsiz rol oynamaqla bərabər həm də gənclərə düzlüyü, mərdliyi, qoçaqlığı təlqin edir. Aşıq sənətinə maraq günbəgün çoxalır. İndi hər evdə, demək olar, bir aşıq və ya saz çalmağı az-çox bacaran bir həvəskar, ən azından divardan asılmış bir saz var. Bunun özü çox sevindirici haldır. Demək, bu sənət öz sələfləri olan ozan, baxşı, yanşaq, varsaq və s. sənətlər kimi tarixin arxivində tozlanmayacaq, əksinə, daha da parlayacaq. Amma bunun üçün yeni-yeni proqramlara, layihələrə zərurət var. 2018-ci ildə keçirilən Aşıqların VI Qurultayında çıxışçlar təqdirəlayiq təkliflər irəli sürmüşdülər. Məsələn, dastan teatrının yaradılması. Bu fikir səsləndikdə mən özlüyümdə bu teatr barədə bir təsəvvür formalaşdırmağa çalışdım. Əgər belə bir teatr yaradılacaqsa, aşıqların diksiyasına (xüsusən aksentinə), səhnə davranışına nəzarət etmək üçün ən başda rejissora ehtiyac var. Dastanın mövzusuna müvafiq səhnə dekorasiyaları hazırlamaq üçün orada quruluşçu rəssamlar, dekorçular mütləq olmalıdır. Sadəcə əvvəldən-axıra dastan söyləmək, oxuyub-çalmaq şəklində yox, dastanı ssenariləşdirmək, oxunacaq havaları/deyişmələri ya canlı olaraq, ya da əvvəlcədən studiyada hazırlanmış fanaqramlarla verərək, teatr tamaşası şəklinə gətirmək olar.

Aşıq sənətinə diqqət və qayğının çoxalması, bu məqsədlə bir çox təbliğat tədbirlərinin görülməsi, təbii ki, danılmazdır. Bundan sonra da nəsə eləmək lazımdır. Aşıq öz qiymətini alanda daha da qiymətli işlər görür. Aşıq sıravi musiqiçi deyil, həm də el ağsaqqalıdır. Professor Məhərrəm Qasımlının araşdırmalarından oxuduğumuz kimi, aşığın ən ulu sələfiləri Qamlar, Şamanlar, Kağanlardır. Onlar el-obanın xeyir işində, şər işində öncül, ağsaqqal rolunu icra etmiş, yolgöstərən, müşkül işi həll edən olmuşlar. Dədə Qorqudun isə təqdimata ehtiyacı yoxdur. Aşıq sənəti formalaşıb vüsət aldığı zamanlardan bu günə qədər tarixə nəzər yetirsək, Dədə adını almış neçə-neçə sənətkarlar qarşımıza çıxar. Məsələn, Dədə Kərəm, Dədə Ələsgər, Dədə Şəmşir və ən yaxın çağdaşımız Dədə Ədalət və s. Bunlar onu göstərir ki, dədəlik, ağsaqqallıq, yolgöstərənlik ənənəsi gönümüzə qədər davam edir. Yəqin ki, bundan sonra da aşığın ağıryanalığı, sanbalı, el içində xətir-hörməti öz axarıyla irəliləyəcəkdir.

Aşıqlığın qabaqcıl bir sənət olduğunu tarix qarşısında dönə-dönə isbat etmək zorundayıq. Bu yöndə dövlətin, Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin üzərinə nə qədər məsuliyyət düşürsə, aşıqlar da bu məsuliyyətə o dərəcədə şərikdirlər. Hər aşıq öz üzərində işləməli, mütaliəsini, tələffüzünü, yazmaq qabiliyyətini (buraya dilin qrammatikasını düzgün bilmək də daxildir) inkişaf etdirməlidir. Şivələrin, dialektlərin özünəməxsus gözəlliyi vardır, amma sənətkarsansa, səhnədə, efirdə bilərəkdən, yaxud bilməyərəkdən danışdığın ləhcəyə diqqət eləməlisən. Sən özünü o cür barbar göstərdikcə gülüş hədəfinə çevrilirsən, sənə güldükcə, timsalında bütün aşıqlara, aşıq sənətinə gülürlər və ciddiyə almırlar.

Bütün hallarda bu qədimi sənəti havacat və söz irsi ilə birgə məsuliyyətlə yaşatmalı, gələcək nəsillərə mükəmməl sənət yaradıcılığı şəklində təqdim etməliyik. Bu mənada aşıq şeirlərinin zaman-zaman toplu şəkildə dərc edilməsi inanılmaz dərəcədə əhəmiyyət kəsb eləyir.

Yekun: Bu antologiyanın çıxması münasibətilə öncə zəhməti keçən insanlara minnətdarlığımı bildirir, müəllifləri və saz-söz həvəskarlarını təbrik edirəm. Yeri gəlmişkən, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlını son dövrlərdə çapdan çıxan "Folklor və ədəbiyyat araşdırmaları" (2017), "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (2018) və sözügedən antologiyanın - "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" (2019) kitablarının çıxması münasibətilə ayrıca təbrik edirəm. Adlarından da bəlli olduğu kimi bu kitablar aşıq sənətinin genetik qaynaqlarını, aşıq mühitlərini, aşıq repertuarını öyrənib mənimsəmək, aşıq şeir şəkillərinə dərindən bələd olmaq, çağdaş Azərbaycan aşıqlarının fəaliyyəti və söz yaradıcılığı barədə məlumatlanmaq baxımından ələdüşməz mənbələrdir. Könül istər, bu kitablar əl-əl gəzsin, aşıqlar, şairlər, alimlər oxuyub, müvafiq şəkildə bəhrələnsinlər.

 

PƏRVİZ AXUND
AAB-nin və AYB-nin üzvü,
prezident mükafatçısı