PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıqlar Birliyi Vaqifin 300 illiyini “Könüldən könülə yollar görünür” adlı konsert proqramı ilə qeyd etdi

Mayın 15-də Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı Aşıqlar Birliyinin hazırladığı konsert proqramı təqdim edildi.

"Könüldən könülə yollar görünür” adı ilə konsert proqramında Azərbaycanın müxtəlif aşıq mühitlərinin görkəmli və istedadlı təmsilçiləri Molla Pənah Vaqifin sözləri üstündə saz havaları ifa etdilər.

Dahi şairin yubiley tədbirini “Çeşmə” Folklor qrupu “Ovşarı” havası ilə açdı. Onların ardınca səhnəyə Urfan Əli dəvət edildi. Ustad aşıq “Aran gözəlləməsi” havasını təqdim etdi. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Kərəm gözəlləməsi”,  aşıq Altay Məmmədli və aşıq Qələndər Zeynalov “Göyçəgülü”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz “Qaraçı”, aşıq Ədalət Dəlidağlı və şəyirdi Şəhriyar Laçın “Dubeyti”, aşıq Nemət Qasımlı, aşıq Elməddin Məmmədli, aşıq Şəhriyar Qaraxanlı, aşıq Roman Azaflı “ Göyçə gözəlləməsi”, aşıq Əli Zeynalabdinova, aşıq Gözəl Kəlbəcərli “Naxçıvani”, aşıq Ramin Qarayev “Hüseyni”, aşıq Əhliman Şirvanlı “Şəşəngi”, Təbriz Gədəbəyli, aşıq Nəbi Nağıyev “İrəvan çuxuru”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva,  aşıq Azər Fərmayıloğlu “Səyyadı”, aşıq Cahangir Quliyev, aşıq Avdı Musayev “Qaytarma”, aşıq Bəhmən Göyçəli,  aşıq Rəfiqə Göyçəli “Ağır şərili”, Kəmalə Qubadlı, aşıq Şaiq İncəli “Mirzəcanı”, Dəmir Vəliyev, Vəli Şınıxlı “Oğuzoğlu”, Əməkdar Mədəniyyət İşçisi aşıq Ağamurad Şirvanlı, Cavanşir Quliyev, Toğrul Ayrumeli (balabanda Mehman Seyidov) “Bağarası”, aşıq Vüqar Mahmudoğlu, Rza Məmmədov “Ayaq şəşəngi”, Məharət Habioğlu, Sahib Qaçayev, Xavər Zəngilanlı, Rza İslamoğlu, “Orta şəşəngi” havalarını ifa etdilər.

ir-15-2.jpg

Gecə “Çeşmə” Folklor qrupunun ifasında “Müxəmməs” havası ilə başa çatdı. Qeyd edək ki, Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilən tədbiri tanınmış gənc folklorşünas alim İlhamə Qəsəbova aparırdı.

ir-15-1.jpgMəlum olduğu kimi 2017-ci ildə böyük Azərbaycan şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adı YUNESKO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş bu böyük söz ustadının yubileyinin respublikamızda geniş qeyd olunmasıyla bağlı ölkə prezidentinin sərəncamı olub. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yubileyinin Azərbaycan Aşıqlar Birliyi tərəfindən də qeyd edilməsi əlamətdar hadisələrdən biri oldu.

İradə SARIYEVA
www.baki-xeber.com