USTAD SƏNƏTKAR HÜSEYN BOZALQANLININ 160 İLLİK YUBİLEYİ QEYD OLUNUB

2023-cü il noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub, mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Kiçik yaşlarından saza-sözə bağlanıb, 12 yaşından həm də şeir yazmağa başlayıb. Azərbaycan aşıqlarının I və II Qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbatycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Məşhur aşıqlar – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və digərləri onun şəyirdi olublar. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır. Hüseyn Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib.