AŞIQ NABATIN 100 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ
Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Nabatın anadan olmasının 100 illik yubileyi tamam olur. Xatırladaq ki, Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Parçı kəndində anadan olub. 1932-ci ildə dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. Burada Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musanın yanında şəyird olaraq sənətin sirlərini öyrənib. 1947-ci ildə həmin kənddə ailə qurub və elə həmin ildən Yevlax şəhərində yaşamağa başlayıb.