Azərbaycan Aşıqlar Birliyində aşıq sənətinin inkişafında xidmətləri olan aşıqlara daim böyük diqqət göstərilir. Ustad sənətkarların ifalarından ibarət video və audio disklər buraxılır, onların poetik yaradıcılıq nümunələrindən ibarət kitablar nəşr etdirilir. Eyni zamanda ustad aşıqlara mənəvi dəstək göstərilir, onların xidmətləri qiymətləndirlir.
Aşıq sənətinin inkişafındakı xidmətlərinə görə ustad aşıq Aybəniz Laçınlı (Vəliyeva) Azərbaycan Aşıqlar Birliyinin Fəxri diplomu ilə təltif olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Fəxri diplomu Aybəniz xanıma təqdim edərək təbrik edib, aşıq sənətinin inkişafında xidmətlərini xüsusi vurğulayaraq ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Aşıqlar Birliyində yeni bir antoloji toplu üzərində iş aparılır. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasımdan başlayaraq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı və daha sonrakı dönəmin ustad sənətkarlarına qədər yüzdən çox aşıq və el şairinin təcnislərini əhatə edəcək bu kitabda təqribən beş yüzdən artıq cinaslı şeir çeşidi yer alacaqdır.
Azərbaycan Aşıqlar Birliyinin illik nəşri olan “Ozan” elm və sənət toplusunun beşinci buraxılışı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin anadan olmasının 60 illik yubileyinə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il və “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” 30 noyabr 2021-ci il tarixli sərəncamları, aşıq sənətinin inkişafına, ustad aşıqların yubileylərinin qeyd olunmasına göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına Azərbaycan Aşıqlar Birliyi adından təşəkkür məktubu, eləcə də, 2021-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına (İbad Allahverdiyev və Bəhmən Kazımov) və digər mükafatlara layiq görülmüş ustad sənətkarlara təbriklər də yer alıb.
Ötən il Heydər Əliyev sarayında böyük uğurla gerçəkləşən “Leyli və Məcnun” dastan – tamaşasından sonra Azərbaycan Aşıqlar Birliyində yeni bir aşıq dastan – tamaşasının – “İsmi-Pünhan” əsərinin səhnələşdirilməsi işinə başlanmışdır. Böyük saz-söz ustadı Molla Cumanın həyatı, sənət və ömür yolunun dastanvarı təqdimatı əsasında hazırlanan bu səhnələşmə işinin ssenari mətnini Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və dosent, ustad aşıq Altay Məmmədli yazıb başa çatdırmşlar. Mart ayından etibarən dastan – tamaşa ssenarisinin mətni ustad aşıqlar arasında paylanılaraq ilkin məşqlərə başlanacaqdır.
Azərbaycan Aşıqlar Birliyiundə “Yeni aşıq səsləri” layihəsinin icrasına başlanmışdır. Bu səbəbdən də Aşıqlar Birliyində yeniyetmə və gənc aşıqların seçilən,diqqət çəkən səsləri,ifa tərzləri ardıcıl olaraq dinlənilir,onlara istiqamət verilir və uyğun məqamda səhnəyə çıxarılaraq saz-söz ictimaiyyətinə təqdim olunur.
Bu günlərdə Aşıqlar Briliyində 2022-ci ilin ilk nəşri işıq üzü görüb. “Aşıq divaniləri və müxəmməsləri” adlı bu kiitabı Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, Altay Məmmədli hazılayıblar.