
“Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna xidmətləri olan adamlardan biri və bəlkə də birincisi bizim Birinci vitse-prezidentimiz, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. O, doğrudan da artıq iyirmi ildən çoxdur ki, bu istiqamətə xüsusi şəkildə diqqət yetirir və muğam, aşıq, xalçaçılıq sənətinin, Novruz bayramının və bu sıradan olan bir çox dəyərlərin UNESCO-da qeydə alınmasına xüsusi diqqət yetirdi. Təkcə diqqət yetirməklə iş bitmədi, bu istiqamətin Azərbaycan mediasında və Azərbaycandan geniş arenada, beynəlxalq aləmdə, Avropada, Amerikada, Türkiyədə, Asiya ölkələrində tanıdılmasında mühüm iş məhz Mehriban xanımın xidmətləri sayəsində gerçəkləşdi. Mən aşıq sənətinin qeydə alındığı müddətdən, yəni 2009-cu ildən bu yana keçdiyi inkişaf yoluna diqqət yetirirəm və görürəm ki, aşıqların inkişafında nə qədər böyük irəliləyişlər var. Gənc nəsillər axın-axın aşıq sənətinə gəlirlər. Bunun hamısı dövlət qayğısının nəticəsidir və məhz dövlət qayğısının nəticəsi olaraq da sənətin geniş miqyasda təbliğ olunmasında, məsələn, Azərbaycan Televiziyasında hər həftə bir saat “Saz-söz axşamı” verilişi gedir, bu verilişdə hər dəfə 6-7 aşıq iştirak edir və hər dəfə yeni nəsillər gəlirlər. Bu mənada təqribən son 10 ildə demək olar ki, beş yüz saatdan çox veriliş ərsəyə gəlib və bu verilişlər vasitəsilə aşıq sənəti geniş təbliğ olunub. Xüsusi şəkildə onu da qeyd etmək istəyirəm ki, bizim son vaxtlar gördüyümüz böyük işlər sırasında Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsinə diqqət və qayğı və bunun UNESCO, Türksoy səviyyəsində tanıdılması da xüsusi bir xidmətdir və onu da unutmaq olmaz. Aşıqlarımızın özlərinin bütün uğurlarına, qazandıqları naliyyətlərinə, sənət sayəsindəki yeniliklərinə görə Mehriban xanıma minnətdardır. Biz Azərbaycan Aşıqlar Birliyi də ölkəmizdə Ali Baş Komandanımız İlham Əliyevin yeritdiyi humanitar siyasətlə bir yerdəyik və Mehriban xanımla da onun çiyin-çiyinə silahdaş olaraq bu işi uğurla yerinə yetirməsindən qürur duyuruq. Bütün saz-söz aləmi, ziyalılar adından Mehriban xanımı ürəkdən təbrik edirik, onun böyük uğurlarını həmişə qürurla izləyəcəyik. Mehriban xanım görkəmli yazıçı, ustad sənətkar, mənim unudulmaz müəllimim professor Mir Cəlal Paşayevin ailə ocağına mənsubdur. Necə deyərlər, “ot kökü üstündə bitər”. Mir Cəlal müəllim hansı milli-mənəvi dəyərlərə bağlı idisə, onun övladları və nəvələri də həmin məziyyətləri qürurla daşıyırlar. Bütün bunları hər gün, hər saat gözümüzlə görürük. Allah Mehriban xanıma can sağlığı və gözəl günlər qismət eləsin”.
