Son illərdə Azərbaycan aşıq sənətinin inkişafına böyük töhfələr bəxş edən Azərbaycan Aşıqlar Birliyi bütün aşıq mühitlərinə böyük diqqət göstərir, ayrı-ayrı mühitlər arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin möhkəmlənməsi üçün lazımi tədbirlər görür. Aşıq sənətinin beşiklərindən olan Göyçə aşıq mühitinə, bütövlükdə Qərbi Azərbaycan aşıqlarına qayığı və diqqət isə təşkilatın fəaliyyətində ayrıca yer tutur.
Azərbaycan Aşıqlar Birliyində vaxtilə Qərbi Azərbaycanda yaşayıb fəaliyyət göstərmiş aşıqların həyat və yaradıcılıqlarının öyrənilməsinə, təbliğ olunmasına daim böyük diqqət yetirilir. Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olmuş bu sənətkarların hər birinin yubileyləri qeyd olunur, onlarla bağlı toplular nəşr olunur, müxtəlif tədbirlər həyata keçirilir.
Azər Buzovnalının adını çox erkəndən eşitmişəm. Yadıma gəlir ki, 9-cu sinifdə Əliağa Vahidin kitabını mütaliə edəndə orada qarşıma bir misra çıxmışdı. Vahid özünə xitab edərək, deyirdi ki, filan müşkülü ustadımız Azər yenə varmı, ondan soruşaq? O zaman ustad Azərin kim olduğunu bilmək məqsədi ilə ədəbiyyat müəllimimə müraciət etdim.
Azərbaycan Aşıqlar Birliyinin xətti ilə nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Azər Buzovnalının “Oğuznamə” adlı bu kitabında müəllifin 1925-ci ildə geniş süjetli tarixi mövzuda qələmə aldığı soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranış və quruluş tarixindən bəhs edən böyük elmi-tarixi əhəmiyyətə malik “Oğuznamə” əsəri yer alıb. Əsər əlyazma halında olduğundan, o, ərəb əlifbasından transfoneliterasiya edilərək təqdim olunur. Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar-Göyçə filialının təşkilatçılığı ilə 2023-cü il fevral ayının 2-dən mart ayının 28-dək Gəncə şəhərində gənc ifaçılar arasında müsabiqə keçirilib. Müsabiqənin yekun nəticələrinə görə Vüqar Xəyyam oğlu Qurbanov, Firəddin Şəmşəddin oğlu Mehdiyev və Nəcəf Uğurlu oğlu Mamedov 1-ci, İbrahim Rövşən oğlu Hüseynov və İbadət Afiq oğlu Mehdiyev 2-ci, Fatimə Bəhlul qızı Məmmədova və İsgəndər Adəm oğlu Əzizov isə 3-cü yerə layiq görülüblər.
2023-cü il may ayının 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qərbi Azərbaycanda aşıq sənəti” mövzusunda elmi-nəzəri disput keçirilib. Tədbiri giriş sözü ilə ADPU-nun prorektoru, professor Mahirə Hüseynova açaraq bu tədbirin keçirilməsinin vacibliyindən və mövzunun aktuallığından danışıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Qərbi Azərbaycan aşıq mühitləri – İrəvan, Göyçə və Çıldır-Ağbaba aşıq ocaqları haqqında tədbir iştirakçılarına elmi dəlillərə əsaslanan əhatəli bilgi verib, bu mühitlərin tanınmış ustad aşıqları olan Çıldırlı Aşıq Şenlik, Göyçəli Aşıq Alı və Aşıq Ələsgər, Dərələyəzli Aşıq Cəlil, Dərəçiçəkli Aşıq Alı və digərlərinin həyat və yaradıcılıqlarından söz açıb. Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının əhatəli məruzəsi də Qərbi Azərbaycanda aşıq sənətinin təşəkkül tarixi və bölgənin ustad aşıqlarına həsr olunub. ADPU-nun dosenti, folklorşünas alim Qüdrət Umudov öz çıxışında Azərbaycan aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin rolundan danışıb.
Bu il XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus xidmətləri olmuş ustad sənətkar Murad Niyazlının anadan olmasının 90 illik yubileyi tamam olur. Yaradıcı aşıq kimi yaddaşlarda yaşayan Murad Niyazlının şeirləri və havaları bu gün aşıqlarımızın repertuarını bəzəyir. Bu böyük sənətkarının yubileyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu silsilədən növbəti tədbir kimi “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütünlüklə Murad Niyazlıya həsr olunacaqdır. 2023-cü il may ayının 20-də efirə gedəcək verilişdə ustad aşığın şəyirdi Oqtay Şəmkirli ilə yanaşı aşıqlardan Vüqar Şəmkirli, Elməddin Məmmədli, Firəddin Mehdiyev, eləcə də Nərmin Salahovanın ifasında ustadın şeirləri və yaratdığı havalar tamaşaçılara təqdim olunacaq.