Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
Hörmətli Məhərrəm müəllimi bu münasibətlə Azərbaycan Aşıqlar Birliyinin idarə heyəti və çoxsaylı aşıqlar adından təbrik edir, ona uzun və sağlıqlı ömür, Azərbaycan elminin və aşıq sənətinin inkişafındakı yorulmaz fəaliyyətində bundan sonra da daha böyük uğurlar arzulayırıq.
2024-cü il aprelin 30-da Abşeron rayon Mədəniyyət Mərkəzində “Cəngi” sazçı folklor qrupunun və Abşeron rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin saz siniflərində oxuyan şagirdlərin iştirakı ilə konsert keçirilib. Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvələində AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək son illərdə aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində yeniyetmə və gənclərdə bu sənətə meyil və marağın artmasından, bu sahədə musiqi məktəblərinin məqsədyönlü fəaliyyətindən söz açıb, Abşeron rayonundakı musiqi məktəblərinin işini təqdir edib.
Son illərdə bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə, ustad aşıqların həyat və yaradıcılıqlarına həsr olunmuş kitablar nəşr etdirən, onların ifalarının lentə alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi bu istiqamətdə həyata keçirilən işlərin miqyasını və coğrafiyasını daha da genişləndirmək üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində də uğurlu layihələrlə iştirak edir. Adıçəkilən qurumun 2024-cü il kiçik qrant müsabiqəsində də iştirak edən AAB-nin “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihəsi müsabiqənin “Qərbi Azərbaycana qayıdış prosesi” istiqaməti üzrə qalib olub.
XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq olmaqla yanaşı, həm də şair kimi məşhur olan, aşıq şeirinin müxtəlif şəkillərində gözəl poetik nümunələr yaradan Mikayıl Azaflının yeni şeirlər kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanan “Ağarmayın, ay saçlarım, amandı...” adlı bu kitabda ustad aşıq Mikayıl Azaflının bu il tamam olan 100 illik yubileyi münasibəti ilə saz-söz ictimaiyyətinə ərməğan olaraq onun 100 şeiri təqdim olunr. Burada ustadın yaradıcılığından seçmə şeirlər - əsasən aşıqların repertuarından düşməyən, dillərdə əzbər olsn poeziya nümunələri yer alıb. Sözügedən poetik örnəkləri müşayiət edə biləcək saz havaları, o cümlədən də ustadın özünün bəstələdiyi havalar şeirlərin sonunda göstərilmişdir.
Hüseyn Arif və Mikayıl Azaflının yubileyləri necə qeyd olunacaq?
Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə; 1924–1992) və ustad aşıq-şair Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924–1990) anadan olmasının 100 illik yubileyləridir.
Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetində hazırlanıb 2024-cü ilin mart ayında Almatıda nəşr olunan “Türk xalqlarının folklor poeziyası və ədəbi əlaqələr (məqalələr toplusu)” adlı mötəbər elmi topluda Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da elmi məqaləsi çap olunub. Dünyanın bir çox ölklərinin nüfuzlu alimlərinin türk xalqlarının mədəniyyətində şifahi ədəbiyyat, onun genezisi, tipologiyası və poetikasına həsr olunmuş məqalələrinin yer aldığı bu elmi nəşrin “Folklor, şifahi ənənə və yazılı ədəbiyyat” bölməsində M.Qasımlının qədim musiqi alətlərinin (zərb, nəfəs, simli) yaranma tarixi, mənşəyi və keçdiyi inkişaf yolunun türk xalqlarının şaman ənənəsinə bağlılığından, ozanın və onun müqəddəs aləti olan qopuzun tarixi-mifoloji xüsusiyyətlərindən, ozanın çoxşaxəli fəaliyyətində söz və musiqi sehrinin mühüm əhəmiyyət kəsb etməsindən bəhs edən “Ozan və qopuz ənənəsi” adlı fundamental elmi məqaləsi toplunun ilk səhifələrində mötəbər bir elmi araşdırma kimi çap olunub.
Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Nabatın anadan olmasının 100 illik yubileyi tamam olur. Xatırladaq ki, Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Parçı kəndində anadan olub. 1932-ci ildə dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. Burada Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musanın yanında şəyird olaraq sənətin sirlərini öyrənib. 1947-ci ildə həmin kənddə ailə qurub və elə həmin ildən Yevlax şəhərində yaşamağa başlayıb.