PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycan Dövlət Filarmoniyasında “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu

Oktyabrın 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə hərs olunmuş “Çiçəklənən, ana yurdum” adlı konsert proqramı təqdim olundu. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilirdi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin müstəqilliyinin çətin və şərəfli yoluna nəzər saldı. Bildirdi ki, müstəqilliyimizin daha da möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, müasirləşir.

Nazir Azərbaycan mədəniyyətinin inkişafında aşıq sənətinin xüsusi rolundan, mədəniyyət tariximizdə parlaq səhifələr yazmış görkəmli aşıqlarımızın yaradıcılığından danışdı: “Azərbaycan xalqı yaratdığı böyük mədəni mirası ilə dünya mədəniyyəti xəzinəsinə öz töhfəsini verib. Min illərdən bəri tarixin sınaqlarından keçərək daha da zənginləşən, inkişaf edən aşıq sənəti bütün dövrlərdə Azərbaycan xalqının mənəvi, mədəni zənginliyini özündə təcəssüm etdirərək onun istək və arzularını tərənnüm edib”.

Müstəqillik illərində mədəniyyət və incəsənətimizin, o cümlədən aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğıdan söz açan Əbülfəs Qarayev bu qədim sənətin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini bu qayğının nəticəsi olduğunu vurğuladı: “Artıq kəlağayı sənəti, Azərbaycanın muğam ifaçılıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti kimi, aşıq sənəti də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. İndi ölkəmizdə hər iki ildən bir Beynəlxalq aşıq festivalı keçirilir və bu festivala müxtəlif ölkələrdən qonaqlar təşrif buyururlar”.

Əbülfəs Qarayev çıxışının sonunda Müstəqillik Günü ərəfəsində aşıq sənətini yaşadanlara öz təbriklərini çatdırdı, bu ulu sənətin inkişafı üçün fəaliyyətlərində uğurlar arzuladı.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycanda aşıq sənətinin inkişaf tarixindən və milli musiqi sənətimizin hazırkı vəziyyətindən geniş söz açdı. Bildirdi ki, üzü Dədə Qorquddan bəri aşıq yaradıcılığı xalqımızın milli-mənəvi dünyagörüşünün əsas tərənnüm edici vasitələrindən birinə çevrilərək inkişaf edib. Həmçinin aşıq yaradıcılığı digər musiqi janrlarının inkişafına da öz təsirini göstərib. Qeyd olundu k, 50-dən çox aşıq Müstəqillik Gününə həsr olunmuş bugünki konsertdə iştirak edir.

Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verdikləri yüksək qiymətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə “Misri” və “Çeşmə” folklor qrupları “Ana yurdum”, “Laçın” folklor qrupu “Laçınım”, Kəlbəcər aşıqlar ansamblı “Qarabağdadır” mahnılarını ifa etdilər. Aşıqlar xorunun ifasında “Azərbaycan” mahnısı səsləndirildi. Həmçinin aşıqlardan Nəbi Nağıyev, Nazim Quliyev “Azərbaycanım”, Əli Tapdıqoğlu “Dil aç, telli sazım Şirvan elində”, Samirə Əliyeva “Bakım”, Nemət Qasımlı, Roman Azaflı, Bəxtiyar Qurbanov, Elvin Mehmanlı “Ruhani”, Əhliman Rəhimov “Əsgər balam”, Tural Bağırov “Naxçıvandadır” və başqa aşıq havaları ifa olundu. Bütün ifalar alqışlarla qarşılandı.