PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Minlərlə gənclərimizin orduya yazılmasında Tovuz hadisələrinin müstəsna rolu oldu”

Xəbər verdiyimiz kimi Vətən müharibəsində iştirak edən oğullarımızın əksəriyyəti Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazıldıqlarını bildiriblər. Məlum olur ki, onların hər birinin içində şəhid generalımız Polad Həşimov sevgisi olub. 
 
Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Tovuz döyüşlərinin Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsi olduğunu bildirib:
 
“Bizim bu böyük zəfərimizin şübhəsiz ki, uzun müddət hazırlığı gedib. 20-25 il bu istiqamətdə damcı-damcı iş gedib və xalq da, ordu da bu əhval-ruhiyyəyə köklənib. Amma bütövlükdə bu hadisələrin baş verməsində Tovuz hadisələri müstəsna rol oynadı. Bundan qabaq 2016-cı il Şanlı aprel döyüşləri zamanı Lələ təpə əməliyyatını da qeyd etmək lazımdır. Aprel döyüşləri zamanı da xalqımız səfərbər olmuşdu və düşmənə qarşı bir yumruq kimi birləşməyə hazır idi. Amma Tovuz hadisələrindən sonra bir növ bıçaq sümüyə dirənmiş oldu, xalq da, dövlət də, ayağa qalxdı. Bu isə elə bilin ki, bir ürək və bir bilək olmaq məsələsinin təməlini qoydu. Prezidentdən tutmuş, ən yeniyetmə gənc Azərbaycan oğluna qədər hər kəs torpaq uğrunda qeyrətlə ayağa qalxdı. Tovuz hadisələrindən sonda insanlar gecənin birində küçələrə töküldü və səfərbər olmaq üçün minlərlə gənclərimiz könüllü olaraq ordu sıralarına yazıldılar. Bu artıq elə bilin ki, dövlətin və xalqın ayağa qalxmasına bir stimul oldu. 
 
Xalq artıq Qarabağımızın işğalda qalmasından və daha sonda düşmənin Tovuz təxribatından cana doydu və ayağa qalxdı. Tovuz caamatı, o kəndlərdə yaşayan yaşlı və gənc insanlar hamısı bir nəfər kimi prezidentin və dövlətinin arxasında durdu, bildirdi ki, erməniyə bir qarış nə torpaq verərik, nə də burdan çıxarıq, lazım gəlsə, düşmənə həddini göstərərik. Hətta düşmənə həddini göstərdilər də. Düşmənə ilk zərbələr Tovuzda vuruldu və daha sonra Qarabağda düşmənə bu zərbələrin davamı bir-birinin ardınca gəldi, bütün xalq ayağa qalxdı. Dövlətlə-xalq, ordu birliyi bu zəfərin təməli oldu. Elə bilin ki, birinci zərbə təkanı Tovuz hadisələri oldu. Bunu ölkə başçısının, hərbçilərimizin və xalqımızın da dilindən eşitdik. 
 
Düşünürəm ki, bu ruh bizim sonrakı dönəmdə Qarabağdakı zəfərimizin əssas istiqamətlərindən biri oldu. Xalq elə bütün gücüylə Qarabağa düşməni boğmağa getdi və buna da nail oldu. Böyük zəfər bu cür qazanılır. Bizim şəhidlərimizə Allah rəhmət eləsin, onların qarşısında hamımız baş əyirik. 44 günlük müharibə dövründə qoca kişi və qadınlar da özlərini ordu sıralarında görürdülər. Mənim 5-7 yaşında nəvələrim var, onlar da özlərini ordu sıralarında görürdülər. Bütün bunlar isə sadə bir şey deyil. Bu böyük bir ruhun ifadəsidir. Böyük bir ruhun ifadəsinin ortaya gəlməsində də Ali Baş Komandanımızın, dövlətimizin, ordumuzun və xalqımızın çox böyük rolu oldu. Bundan sonrakı dönəmdə də şübhəsiz ki, orduda da, xalqda da bu ruhu qorumalıyıq. Çünki Qarabağ məsələsi 4-5 gün davam edən ruh ola bilməz. Bu illər, on illər və qərinələr boyu Azərbaycan xalqının ürəyində, qəlbində olmalıdır. Ürək, bilək birliyi bizim bu zəfərimizi həmişə davam etdirəcək və qarşımızdakı düşmən də tir-tir əsib, qorxub qaçacaq. Azərbaycan xalqının  ruhu, milli-mənəvi varlığı budur”.
 
Vasif Əlihüseyn
moderator.az