PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Koroğluya qayıdaq” başlayır

Məhərrəm Qasımlı: “Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik”
Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Aşıq musiqisi axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Layihənin icrası zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən aşıq sənətinin xalqımızın musiqi palitrasında tutduğu yerdən söhbət açılacaq, aşıq musiqiləri səslənəcək. Layihə çərçivəsində keçiriləcək tədbirlərdə aşıq sənəti ilə bağlı müxtəlif mövzulara toxunulacaq. Azərbaycanın görkəmli aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş gecələr təşkil ediləcək.
 
"Aşıq musiqisi axşamları” layihəsi 2018-ci ilin yanvar ayından may ayına qədər davam edəcək. "Koroğluya qayıdaq” adlı ilk tədbir yanvarın 12-də baş tutacaq.

Layihə çərçivəsində "Ələsgərin saz-söz dünyası”, "Zərif əllər, incə tellər”, "Aşıq Şəmşir şeiri”, "Yada salaq Aşıq Ədaləti” və "Yeni səslər, qədim havalar” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə reallaşacaq. Qeyd edək ki, bu layihədən əvvəl, yəni ötən il Beynəlxalq Muğam Mərkəzi "Muğam axşamları” adlı möhtəşəm layihəni muğamsevərlərə təqdim edib.
 
Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "Şərq”ə açıqlamasında yeni layihə barədə danışıb: 
 
"Aşıqlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları” adlı layihəyə start veriləcək. Çox maraqlı bir layihə hazırladığımıza əminik. Bu layihədə bir çox aşıqların səhnədə yer alacağı nəzərdə tutulub. Layihə 5 mərhələdən ibarət olacaq. Aşıq Qələndər Zeynalov, Altay Məmmədli, Kəmalə Qubadlı kimi aşıqlarımız səhnədə olacaq. Misal üçün, Kəmalə Qubadlı Nigar obrazında səhnədə olacaq.
 
Layihə çərçivəsində səhnələşdirilmiş aşıq musiqiləri, dastanlar təqdim ediləcək. Klassik aşıq sənətinin davamçıları bu layihəyə dəvət olunublar. Bir neçə dastanlarımız teatral şəkildə səhnələşdirilərək tamaşaçılara təqdim ediləcək. 5 mərhələdən ibarət olan layihə may ayında bitəcək. Layihəyə "Koroğluya qayıdaq” adlı sənədləşdirilmiş gecə ilə start veriləcək. Layihə "Yada salaq Ədaləti” layihəsi ilə yekunlaşacaq”. 
 
Məhərrəm Qasımlı layihənin məqsədindən danışaraq bunları deyib: 
 
"Azərbaycan aşıq sənətinin ən unikal nümunələrini professional şəkildə təqdim edərək canlandırmaq, ustadları xatırlamaq, aşıq musiqisinin dəyərini təbliğ etmək və bu sənətə sevgi yaratmaq istiqamətində addım atmaqdır. Cəmiyyətimizə yeni nəfəsdə yeni aşıqların ifasında aşıq yaradıcılığını təqdim etməkdir. Ötən əsrin tanınmış aşıqlarını tanıyırıq. Yeni nəslin aşıqlarını tanımaq, onlara dəstək olmaq niyyətindəyik. Bizim üçün də maraqlıdır ki, yeni nəslin aşıqları Koroğlu, Nigar kimi obrazları aşıq musiqisinin dili ilə necə təqdim edə bilirlər. Bunu görmək istəyirik. Bu layihə, həqiqətən ciddi bir əmək tələb edir. Beynəlxalq muğam müsabiqəsi kimi beynəlxalq aşıq müsabiqəsinin də keçirilməsi istiqamətində işlər gedir. Nəzərdə tutulub ki, iki ildən bir beynəlxalq aşıq müsabiqəsi keçirilsin. Növbə ilə bir il muğam müsabiqəsinin, növbəti il aşıq müsabiqəsinin keçirilməsi məsələsi gündəmdədir. Bununla bağlı müzakirələr davam edir”.
 
Aşıqlar Birliyinin sədri bəzi telekanallarda qeyri-professional aşıqlar tərəfindən qondarma aşıq müsabiqəsinin keçirilməsindən narahat olduğunu da dilə gətirdi: 
 
"Təəssüf ki, bəzi telekanallarda aşıq müsabiqələri keçirilir. Konkret ad çəkərək bir daha bu məsələnin gündəmə gəlməsinin marağındayam ki, aşıq Namiq kimi dırnaqarası aşıqların telekanallarda aşıq müsabiqəsi keçirməsinin qəti əleyhinəyəm. Aşıqlar Birliyinin rəhbəri olaraq sizin qəzet vasitəsilə bir daha rəsmi şəkildə qeyd edirəm ki, aşıq Namiq Aşıqlar Birliyinin üzvü deyil. Mən onu aşıq hesab etmirəm. Onun efirdən özünü ustad adlandıraraq aşıq müsabiqəsi keçirmək kimi səlahiyyəti yoxdur. Axı sən hansı ixtiyarla aşıq müsabiqəsi keçirmək kimi səlahiyyətə sahibsən? Mən bununla bağlı Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmliyə rəsmi məktubla müraciət edərək telekanala bu barədə xəbərdarlıq edilməsini tələb etmişəm. Amma mənə bildirilib ki, bu, yaradıcılıq işi olduğu üçün telekanala bununla bağlı qadağa qoya bilmərik. 
 
Mən başa düşə bilmirəm ki, Namiqə o səlahiyyəti kim verib ki, bu insan telekanalda aşıq müsabiqəsi keçirərək, münsiflər küsüsündə oturur? Aşıqlar Birliyinin üzvü olmayan bu insana kim o ixtiyarı verib ki, özünü münsif kimi təqdim etsin. Bu, aşıq sənətinin adına böyük bir ləkədir. Aşıq Namiq kimi insanın bu gün maddi gəlir müqabilində rəhbərlik etdiyi layihə aşıq sənətinə vurulan zərbədir. Biz lazımi orqanlara bununla bağlı rəsmi məlumatlar da vermişik. Bu müsabiqədə olan biabırçılıqlar, iştirakçılardan pul alınması faktları barədə məlumatlarımız var. Hər gün pul alaraq birini münsif kürsüsünə təqdim edir, iştirakçılar verilən pul hesabına müsabiqənin iştirakçısına və qalibinə çevrilir. İnanın, bu, acınacaqlı bir mənzərədir. Mən bu biabırçılıqla bağlı rəsmi məktublar ünvanlamışam. Bundan artıq nə etməliyəm ki? Namiq kimi bazar adamları aşıq sənətini efirdə alverə çeviriblər. 
 
Elə ona görə də rəsmi şəkildə, dövlət səviyyəsində aşıq müsabiqəsinin keçirilməsinə ehtiyac var. Sənəti, istedadı olanlar rəsmi, dövlət səviyyəsində təşkil edilən müsabiqəyə qatılsınlar deyə, inşallah, beynəlxalq aşıq müsabiqəsinin keçirilməsi istiqamətində müzakirələr davam edir. Yaxın müddətdə dövlət səviyyəsində aşıq müsabiqəsi keçirilməsi nəzərdə tutulub. Bu müsabiqədə münsif kürsüsündə olanlar aşıq sənətindən danışmaq, aşıq sənətinə qiymət vermək səlahiyyətində olan sənətkarlar olacaq. Namiq kimi dırnaqarası saz çalanlar münsif olaraq aşıq sənətindən danışa bilməzlər. Bu biabırçılığa bir son verilməlidir”.
 
Tahirə