PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb – “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Novrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.