PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ALLAH RƏHMƏT ELƏSİN!

Seyfəddin Həmzə oğlu Qəniyev

 

Azərbaycan filoloji elminə ağır itki üz verib – folklorşünas və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Seyfəddin Həmzə oğlu Qəniyev 2023-cü il yanvar ayının 17-də vəfat edib.

Seyfəddin Həmzə oğlu Qəniyev 1952-ci il mart ayının 28-də Şamaxı rayonunun Dağ-Kolanı kəndində anadan olub. Poladlı kənd 8-illik və Nərimankənd orta məktəblərini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin institutun aspiranturasında təhsil alıb.

O, Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisası üzrə pedaqoji fəaliyyət göstərib.  İşlədiyi müddətdə "metodist müəllim", SSRİ-nin “Maarif əlaçısı” adlarına layiq görülüb,  Azərbaycan müəllimlərinin IV-VI qurultaylarının nümayəndəsi olub.

S.Qəniyev Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında kafedra müdiri, direktor müavini, daha sonra isə  Azərbaycan MEA Folklor İnstitutunda aparıcı elmi işçisi vəzifələrində çalışıb. 

 Şirvan folkloru, ədəbi, dini və pedaqoji mühiti ilə bağlı çoxsaylı tədqiqat əsərlərinin müəllifi, ermənilərin Şamaxıda törətdikləri soyqırımının ilk tədqiqatçılarından olub. Azərbaycan Yazıçılar Birliyi Şamaxı bölməsinin sədri, Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olan Seyfəddin Qəniyev 60 kitabın (monoqrafiya, toplu, metodik tövsiyə və proqram), 150-dən çox elmi məqalə və tezisin müəllifi olub.

Professor Seyfəddin Qəniyev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2009-cu ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Seyfəddin Həmzə oğlu Qəniyevin əziz xatirəsi yaxınlarının və doğmalarının, respublikamızın elmi və ədəbi ictimaiyyətinin, eləcə də sənət adamlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ