PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyn tədbiri keçirilib

2022-ci il noyabrın 16-da Kürdəmir rayonundakı  Heydər Əliyev Mərkəzində  Azərbaycan Aşıqlar Birliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmir rayon Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi,  professor,  Məhərrəm Qasımlı çıxışında bildirib ki, Aşıq Şakir dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yazıb-yaradan sənətkar olmuşdur. Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin bir neçə  buraxılışı bütünlüklə Aşıq Şakir Hacıyevə həsr olunub.

M.Qasımlı respublikanın ən mötəbər tədbirlərinin,  səhnələrinin bəzəyi olan sənətkarın el şənliklərinin, toy-mağarların ən əziz, ən arzulanan qonağı sayıldığını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşdığını, istər lirik sevgi qoşmaları, istər ibrətamiz qoşmaları, istərsə də, əmək qəhrəmanlarından bəhs edən mahnılarının eyni həvəslə dinlənilməsini, söylədiyi dastanların, nağılların şirinliyi ilə də dinləyicisinin yaddaşına əbədi həkk olunmasını vurğulayıb.

 Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Şirvan aşıq mühitinin ən böyük nümayəndəsi Aşıq Bilalın layiqli davamçısı Aşıq Şakir Hacıyevin isminin bu gün də dillər əzbəri olmasından, sənətinə olan sonsuz məhəbbətdən   danışıb.  Qeyd edib ki,  Aşıq Şakir Şirvan aşığı olsa da, onun sənətinə olan məhəbbətin coğrafi məkanı nəinki bütün Azərbaycan, hətta Qafqaz, Dağıstan, Orta Asiya, İranı əhatə edir. O,  məlahətli səsi, zənguləsi ilə ifa etdiyi aşıq havalara    möhürünü  vurub.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı  bu möhtəşəm  saz-söz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Aşıq Şakir xanəndə kimi də çox sevilmiş, onun ifa etdiyi havalarda muğam gəzişmələri, xırda boğazlar, zəngulələr aşıq havalarına yeni üslub, zənginlik, şirinlik gətirmiş və  xanəndələrimiz, müğənnilərimiz onun repertuarından çox şey öyrənmişlər.

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli öz çıxışında Aşıq Şakir sənətinin davamçılarına uğurlar arzulayıb və vurğulayıb ki, XXI əsrin əvvəlində ulu öndərimiz H.Əliyev milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan folklorumuz və aşıq sənəti haqqında belə  demişdi: “Yeni əsrə, yeni minilliyə biz Qorqud irsinin bayrağı altında, Qorqud mənəviyyatını yaşadan insanlar kimi qədəm qoyuruq.” Ulu öndərin bu dahi kəlamı onun layiqli varisi İlham Əliyevin, mədəni, mənəvi, humanist layihələrin layiqli təmsilçisi, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin devizinə çevrilmişdir. Saz-söz sənətçiləri, aşıqlarımız da mənəviyyatımızın, mədəniyyətimizin keşiyində duranlar, bayrağımızı daha uca zirvələrdə dalğalandıranlar sırasındadır”.

Jurnalist Tofiq Abdullayev çıxış edərək uzun müddətdən bəri Aşıq Şakir haqqında görkəmli şəxslərdən, ziyalılardan, sənət adamlarından ustad sənətkar haqqında topladığı xatirələrdən ibaqrət 3 kitab ərsəyə gətirməsindən bəhs edib.  

Məclisin sonunda Aşıq Şakirin nəvəsi, Nəsimi adına Dilçilik institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirdirib,  babasının xatirəsinə həsr etdiyi “Yolun düşsə, bu dünyaya  bir də gəl!” adlı kitabını tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Ağamurad Şirvanlı, tanınmış xanəndə-aşıq Əvəzxan Xankişiyev, Səfalı Əliyev, aşıq Elman Talıstanlı, gənc aşıqlar  Qəlbinur İbrahimli, Elçin Rəşidoğlu aşıq Şakirin repertuarından aşıq havalarını ifa ediblər. Tədbirə Aşıq Şakirin nəvəsi, aşıq Babək Şakirlinin ifasında  ustad sənətkarın hər zaman sevə-sevə ifa etdiyi, yaddaşlarda kök salan “Şirvan şikəstəsi” ilə yekun vurulub.

 

 


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117