PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM” ADLI VİDEO VƏ AUDİO ALBOM İŞIQ ÜZÜ GÖRÜB

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Böyük saz və söz ustadının yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması üçün  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları 18 fevral 2021-ci ildə ayrıca sərəncam imzalayıb. Sərəncamla bağlı tədbirlərin həyata keçirilməsində  Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə  yanaşı, Azərbaycan Aşıqlar Birliyinin  qarşısında da mühüm vəzifələr durur.

Görkəmli sənətkarın anadan olmasının 200 illiyi ilə bağlı geniş fəaliyyət proqramı hazırlayan Azərbaycan Aşıqlar Birliyi yubiley tədbirlərinə hələ ötən ilin sonlarından başlayıb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında ötən ilin sonlarında Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab buraxılıb. Hazırda  “Aşıq Ələsgərlə bağlı rəvayətlər” kitabı  (30 çap vərəqi həcmində) nəşr olunmaq ərəfəsindədir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi hələlik mümkün olmasa da, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə indiyədək bu böyük ustadın yubileyinə həsr olunmuş bir sıra ölkədaxili  və beynəlxalq  onlayn tədbirlər həyata keçirilib.

Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi bu böyük saz-söz ustadının adına layiq daha bir layihəni uğurla başa çatdırıb – Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifası və ustadla bağlı dastan-rəvayətlərdən ibarət “Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb. İki diskdən ibarət olan albomun birinci diskində ustadın şeirləri Dədə Şəmşir, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Kərəm İncəli, Aslan Kosalı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Bəylər Qədirov, Niftalı Süleymanov, Oruc Əhmədov, İsfəndiyar Rüstəmov, Məmmədağa Babayev kimi məşhur ustadlarla yanaşı, bu gün sənət meydanında dəyərli ifaları ilə tanınan Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Fətullah Göyçəli, Gülarə Azaflı, Solmaz Kosayeva, Samirə Əliyeva və Ağamurad İsrafilov, Türkiyəli aşıq Maqsud Fəryadi, Altay Məmmədli, təbrizli Cəfər Xakipur, Sədaqət Ulduz, Qələndər Zeynalov, Kəmalə Qubadlı, Şaiq İncəli, Ramin Qarayev, Yaşar Məhərrəmov, İsa Qaraxanlı, Vüqar Şəmkirli, Şahniyar Əliyev, Avdı Musayev və Təbriz Vəliyevin, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında təqdim olunur.

İkinci diskdə isə ustad aşıq Hüseyn Saraçlının ifasında “Aşıq Ələsgərin Gəncə səfəri”, Fətullah Göyçəli və Rəfiqə Göyçəlinin ifasında  “Aşıq Ələsgərlə Həcər xanım əhvalatı”,  Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında (balabanda müşayiət edir İbadət Allahverdiyev)  isə “Aşıq Ələsgərin Söyüdlü səfəri” dastan-rəvayətləri video formatda təqdim olunur.

img20210621 11482759

img20210621_11525111.jpg

img20210621_11545226.jpg