PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“AŞIQ PƏRİ MƏCLİSİ” NİN SAZ-SÖZ BAYRAMI

İyunun 10-da Heydər Əliyev Sarayında “Aşıq Pəri məclisi”nin sazlı-sözlü konserti keçirilib. Gecədə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu il “Aşıq Pəri məclisi” nin yaranmasının 35 ilinin tamam olduğunu bildirib. Natiq öz çıxışında diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” 1984-cü ildə Aşıqlar Birliyinin ilk sədri Xalq Şairi Hüseyn Arifin və Narınc Xatunun təşəbbüsü ilə yaradılıb. Illər boyu bu məclisə unudulmaz saz şairi Narınc Xatun rəhbərlik edib. Aşıqlar Birliyinin diqqəti daim bu məclisin üzərində olub. Məclisdən onlarla istedadlı xanım aşıqlar və el şairləri pərvazlanıb.

Qeyd edilib ki, aşıq sənətinin XIX əsrdəkigörkəmli simalarından biri əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan Aşıq Pəridir. Bundan sonra Borçalıdan, Göycədən, Gəncəbasardan da istedadlı xanım aşıqlar meydana çıxıb. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini geniş miqyasda təqdim və təbliğ edən aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Tovuzdan olan aşıq Sayad və aşıq Əskinaz, Borçalıdan olan aşıq Sona, Balakəndən aşıq Sənəm XX əsrin birinci yarısında öz sənətləri ilə yadda qaldılar 1980-ci illərdən bəri Narınc Xatunun rəhbərlik etdiyi 1980-ci illərdən bəri “Aşıq Pəri məclisi” bu sənətin inkişafına mühüm töhfə verib.
Aşıqlar Birliyinin sədri diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Bu sənətin inkişafında Narınc Xatundan sonra Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı mühüm xidmətlər göstərib. Son zamanlar məclisə rəhbərlik edən Pərvanə Zəngəzurlunun dəyərli işləri də göz qabağındadır. O, “Aşıq Pəri məclisi” nin nüfuzunu qaldırıb, Gürcüstandan Türkiyəyə qədər bu məclisi geniş təbliğ edib.
Məhərrəm Qasımlı vurğulayıb ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan qadın ifaçılar üzlərini “Aşıq Pəri məclisi” nin yetirməsi hesab edirlər.
Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, “Aşıq Pəri məclisi” nin özünə məxsus dəst-xətti, ənənəsi vardır.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Konsertdə tanınmış aşıqlar - Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Solmaz Kosayeva, Gülarə Azaflı, Samirə Əliyeva, Zülfiyyə İbadova, eləcə də aşıq Gözəl Kəlbəcərli, Nargilə Mehdiyeva, Rəfiqə Göyçəli, Kəmalə Qubadlı ,Xavər Zəngilanlı, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna və digərlərinin ifaları maraqla dinlənilib.