PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏDALƏT NƏSİBOVUN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Martın 11-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, Əməkdar İncəsənət xadimi Ədalət Nəsibovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Ədalət Nəsibovun keçdiyi ömür və sənət yolundan söz açıb, onun Azərbaycan aşıq sənətindəki xidmətlərindən, xüsusilə də solo saz ifaçlığında müstəsna xidmətlərindən danışıb.

M.Qasımlının apardığı məclisdə Xalq şairi Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ustad aşıq Ədalət Nəsibovla bağlı xatirələrini tamaşaçılarla bölüşüblər.
Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folkor qrupu, Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Əhliman Rəhimov, Nemət Qasımlı, Ədalət Dəlidağlı və Samirə Əliyeva, eləcə də aşıqlardan Şaiq İncəli, Avdı Musayev, İlham Aslanbəyli, Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, Səlim Göyçəli, Roman Azaflı, Əli Tapdıqoğlu, Şirin Şahbuzlu, Ruhiyyə Qarabağlı, Əfsanə Kərimli və digərləri bənzərsiz ifaları ilə ustadın ruhunu şad ediblər.
Sonda ustadın oğlu Hekayət Nəsibov çıxış edərək atasının xatirəsinin əziz tutulduğu üçün Mədəniyyət nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə və Qazax Xeyriyyə İctimai Birliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, Ədalət Nəsibov 1929-cu il yanvarın 27-də anadan olub, 2017-ci il sentyabrın 14-də dünyasını dəyişib.